Məhkəmə qərarları › İş №2(105)-386/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-386/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-386/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(031)-545/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi-**********44, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən Şabran Bələdiyyəsinin mülkiyyətində olan Şabran şəhəri ərazisində yerləşən 84.04 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi üzərində xx.xx.2019-cu tarixdən xx.xx.2067-ci ilədək İddiaçı icarə hüququ dövlət qeydiyyatına alınmışdır.

2. xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlarda İddiaçı icarəsində olan 84 ha əkin torpaq sahəsinə onun müraciəti əsasında baxış keçirildiyi, 84 hektarın 6 hektarında 34 baş iri buynuzlu mal-qaranın, 2 hektarında 30 baş iri buynuzlu mal-qaranın onun icarəsində olan əkin torpaq sahəsində müəyyən olunduğu və əkin sahəsinin mal-qara tərəfindən tapdalanaraq əzildiyi, yararsız hala düşdüyü göstərilmişdir. Həmin tarixlərdə tərtib edilmiş digər aktlarda baxış zamanı İddiaçı icarəsində olan 84.04 ha əkin sahəsinin 6 ha və 2 ha hissəsinə iribuynuzlu heyvanların girməsi, otlaması və oturması, əkin sahəsinin əzilməsi nəticəsində fermerin becərdiyi taxıl sahəsinin tam yararsız hala düşməsinin müəyyən olunduğu qeyd edilmişdir.

3. X6 X3 sektorunun müdiri Ramin Mürsəlovun xx.xx.2024-cü il tarixli rəyinə əsasən İddiaçı məxsus 84.04 ha əkin sahəsinin (arpa) 6 ha hissəsi tam yararsız hala düşmüşdür. Sözügedən ərazinin suvarılan torpaqlara aid olduğu, aqrotexniki xidmətlərin vaxtı-vaxtında aparıldığı və ötən il əldə olunmuş məhsuldarlığı nəzərə alınsa 2023-2024-cü ilin məhsulu üçün təxminən 31 sentner məhsul gözlənilir. Əldə olunan məhsulun (arpa) bazar qiymətinin 0,37 manat olduğu nəzərə alınsa: 6 ha x 31 sent x 0,37 man=6882 man. İddiaçı məxsus əkin sahəsinə ümumilikdə 6882 manat civarında dəymiş zərər müəyyən edilmişdir. 17 may 2024-cü il tarixli rəyinə əsasən, İddiaçı məxsus 84.04 ha əkin sahəsinin (arpa) 2 ha hissəsi tam yararsız hala düşmüşdür. Sözügedən ərazinin suvarılan torpaqlara aid olduğu, aqrotexniki xidmətlərin vaxtı-vaxtında aparıldığı və ötən il əldə olunmuş məhsuldarlığı nəzərə alınsa 2023-2024-cü ilin məhsulu üçün təxminən 31 sentner məhsul gözlənilir. Əldə olunan məhsulun (arpa) bazar qiymətinin 0,37 man olduğu nəzərə alınsa: 2 ha x 31 sent x 0,37 man=2294 man. İddiaçı məxsus əkin sahəsinə ümumilikdə 2294 manat civarında dəymiş zərər müəyyən edilmişdir.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin aparıcı aqronomu Rəşid Hacıyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 2024-cü ildə Şabran rayonunda Qarabağlı qəsəbəsinin yaxınlığında icarə hüququ ilə İddiaçı məxsus 84.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 8 hektar hissəsinə iribuynuzlu heyvanların girməsi nəticəsində zərər dəymişdir. İcarə huquqi ilə İddiaçı məxsus 84,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi suvarılan ərazidir. Bu ilin (2024-cü ilin) yaz aylarında 84,04 hektar torpaq sahəsində əkilən arpa bitmişdir. Qeyd olunmuş 8 hektar sahədən başqa qalan 76,04 hektarında məhsul biçilərkən məhsuldarlıq 30-31 sentner civarında olmuşdur. 84,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafı xəndəklərlə qazılı olduğundan və ərazidə qapı mövcud olduğundan iribuynuzlu heyvanların həmin əraziyə kənar təsir olmadan daxıl olması mümkündür. Həmçinin ərazidəki iribuynuzlu heyvanlar arpa sahəsini yeməklə yanaşı, tapdalayaraq və yataraq tam yararsız hala salmışdır.

5. Şabran Rayon Məhkəməsinin inzibati xətaya dair iş üzrə xx.xx.2024-cü il tarixli, 3(031)-153/2024 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, cavabdehdən vurulmuş ziyana görə 6882 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Şabran rayonunda Qarabağlı qəsəbəsinin yaxınlığında icarə hüquqi ilə 84.04 ha kənd təsərrüfatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində taxıl əkib becərir. Cavabdeh Şabran rayonu Qarabağlı qəsəbəsində yaşayır və onun çoxlu sayda iribuynuzlu mal-qarası vardır. Cavabdeh dəfələrlə mal-qarasını onun icarəsidə olan torpaq sahəsində əkdiyi taxıl əkin sahəsinə buraxaraq otarmış, bu barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nəticəsi olmamışdır. Sonuncu dəfə 03 may 2024-cü il tarixdə yenə mal-qarasını onun icarəsində olan torpaq sahəsində əkdiyi taxıl əkin sahəsinə buraxaraq otarmış, o, bu barədə şikayət etmiş, bələdiyyə sədri, X4 nümayəndəsi, polis şöbəsinin nümayəndəsi gəlib həmin faktı, yəni cavabdehə məxsus mal-qaranı onun taxıl əkdiyi əkin sahəsində görmüşlər, əkin sahəsinin mal-qara tərəfindən yararsız hala salındığını aşkar etmişlər və bu barədə akt da tərtib edilmişdir. O, Şabran rayon X5 Mərkəzinə dəymiş ziyanın hesablanması ilə əlaqədar müraciət etmiş, müraciəti əsasında mütəxəssislər yararsız hala düşmüş əkin sahəsinə baxmış, ona 6882 manat məbləğində ziyan dəyməsini müəyyən etmişlər və bu barədə mütəxəssis rəyi verilmişdir.

8. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə iddia ərizəsinə əlavə verərək, cavabdehdən vurulmuş ziyana görə 9176 manat məbləğində pulun alınıb ona verilməsi, cavabdehə mal-qaranı onun icarəsində olan 84.04 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə buraxmasına qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri yalandır, onun iddiasını qəbul etmir. 03 may 2024-cü il tarixdə Şabran rayonunda Qarabağlı qəsəbəsinin sakini Rəvan Cəfərov saat 11:30-da ona zəng edərək bildirdi ki, sənin malların 5 hektar torpaq sahəsindədir, dur gəl bura. O da həmin əraziyə getmiş, çatanda görmüşdür ki, ərazidə 20-yə yaxın adam, yəni, Şabran rayon İcra Hakimiyyətinin nümayəndələri, Şabran rayon İcra Hakimiyyətinin Şabran şəhəri üzrə nümayəndəsi, Şabran bələdiyyəsinin sədri və digər rəsmi şəxslər vardır. Mal-qaranın onun olduğunu onlara bildirmişdir. Onlara açıq-aşkar bildirmişdir ki, 1200 hektar torpaq sahəsi Şabran rayonu ərazisinə aid olduğu halda Quba rayonu, Buduq kənd sakinləri həmin ərazini zəbt etmişlər. Onların mal-qaralarını ora buraxırlar, onlar mallarını atla qəsdən sürüb gətirib bu əraziyə ötürürlər. İkinci yol yoxdur ki, mallar harasa getsin. Sonradan xəbər verirlər ki, Məhəmmədin mal-qarası əkin sahəsindədir. Onun izahına baxmayaraq, həmin vaxt ərazidə olan 3 polis əməkdaşından adını Rəşadət bildiyi şəxs ona camaatın içində əmr edərək dedi ki, polis şöbəsinə getməliyik və onu Şabran rayon Polis Şöbəsinə gətirdilər. Həmin gün onu Şabran Rayon Məhkəməsinə gətirmişlər. Məhkəməyə gətiriləndə başa düşmuşdur ki, onu polisə müqavimət adı ilə məhkəməyə gətiriblər. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(031)-153/2024 nömrəli qərarı ilə onu əsassız yerə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək 200 (iki yüz) manat məbləğində cərimə etdilər. Məhkəmədə öz etirazını bildirmişdir ki, o, heç kəsə müqavimət göstərməmişdir. Hal-hazırda isə İddiaçı ona qarşı hazrki iddia tələbi ilə iddia qaldıraraq ondan ziyan tələb edir. Bir daha bildirir ki, həmin 5 hektar torpaq sahəsində arpa olmamışdır. Arpanın olmamasının səbəbi isə aprel ayında yağış yağmaması və həmin ərazinin suvarılmamasıdır. 84 hektar torpaq sahəsi əslində Şabran rayon İcra Hakimiyyəti başçısınındır. İddiaçı sadəcə olaraq sənəddə adı vardır. Belə olmasa idi heç kəs 20-yə yaxın dövlət məmurunu ani şəkildə həmin əraziyə yığa bilməzdi.

10. Birinci instansiya məhkəməsində Şahid1 izahat verərək bildirmişdir ki, o, Şabran Rayon bələdiyyəsinin sədridir. Həmin torpaq sahəsi Şabran Rayon bələdiyyəsinin mülkiyyətindədir. Şabran Rayon Bələdiyyəsi həmin 84 ha əkin torpaq sahəsini İddiaçı icarəyə vermişdir. Şabran rayon İcra Nümayəndəliyi tərəfindən mübahisəli əraziyə çağırılmış, ora getdikdə çoxlu sayda mal-qaranın əkin torpaq sahəsinə girməsini görmüşdür. Heyvanların sahibi Cavabdeh da həmin əraziyə gəlmişdir. Şikayətlə əlaqədar həmin əraziyə 2-3 dəfə getmişdir. Əkin sahəsinin 8 ha hissəsi yararsız hala düşmüşdür. Bu barədə aktlar da tərtib olunmuşdur.

11. Birinci instansiya məhkəməsində Şahid3 izahatında bildirmişdir ki, həqiqətən də, Cavabdeh mal-qarasının İddiaçı sahəsinə girməsini görmüşdür. Həmin sahədə eşitdiyinə görə arpa əkilmişdir. Çoxlu sayda iri buynuzlu mal-qara girdiyinə görə həmin əkin sahəsi yararsız hala düşmüşdür.

12. Şabran Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(031)-545/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 9176 (doqquz min yüz yetmiş altı) manat məbləğində ziyan pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh mal-qarasının İddiaçı icarəsində olan 84.04 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə buraxmasına qadağa qoyulması qət edilmişdir.

13. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 03 may 2024-cü il tarixində mal-qaranı Quba rayonu, Buduq kənd sakinləri atla qəsdən sürüb gətirib həmin əraziyə salmışlar. Göründüyü kimi heç bir təqsirli, hüquqazidd hərəkəti və hərəkətsizliyi mövcud olmamış, iddia edilən ziyanla arasında hər hansı bir səbəbli əlaqə yoxdur. İddiaçının iddia etdiyi torpaq sahəsində arpa olmamışdır. Arpanın olmamasının səbəbi isə 2024-cü ilin aprel ayında yağış yağmaması və həmin ərazinin suvarılmamasıdır. Göründüyü kimi ortalıqda ziyandan söhbət belə gedə bilməz. Şabran rayon məhkəməsinin qərardadına əsasən məhkəməyə öz adından, imzası ilə ekspert rəyini təqdim etmiş aqronom Rəşid Hacıyev bundan əvvəl də torpağa baxış keçirilməsində, aktların tərtib edilməsində iştirak etmiş, həmin sənədlər qarşı tərəfdən məhkəməyə təqdim edilmişdir. Belə olan halda onun tərəfindən ekspert rəyi verilə bilməzdi. Şabran rayonunun balansında olan 1200 hektar bələdiyyənin örüş və ehtiyat fond torpaqları Şabran rayonu ərazisinə aid olduğu halda Quba rayonu, Buduq kənd sakinləri həmin ərazini zəbt etmişdirlər ki, mal-qaranın otlaması üçün başqa ərazi olmadığından Şabran rayon Qarabağlı qəsəbəsi sakinləri olaraq mal-qaranı otlaması üçün həmin əraziyə buraxırlar, onlar isə orada mal-qaranın otlamasına icazə vermirlər, malları atla qəsdən sürüb həmin ərazidən çıxardırlar və gətirib İddiaçı icarəsinə verilmiş əraziyə ötürürlər. Göründüyü kimi qəsəbə sakinləri mal-qaranı otarmağa yer tapmırlar. İddiaçı ziyan tələbinə dair iddiasını Şabran rayon məhkəməsinə vermiş, məhkəmə isə iddia ərizəsini aidiyyat qaydalarını pozaraq, icraata götürmüşdür. Belə olan halda məhkəmə işi baxılması üçün Cəbrayıl rayon məhkəməsinə göndərməli idi. Çünki ziyan tələbinin müstəsna aidiyyatla heç bir əlaqəsi yoxdur. Göründüyü kimi məhkəmədə işə baxılarkən prosesssual hüquq normaları pozulmuşdur. xx.xx.2024-cü il tarixində keçirilmiş son məhkəmə iclasından xəbərsiz olmuşlar. Sonuncu məhkəmə baxışı iclasının vaxtı və yeri barədə ümumiyyətlə məlumat verilməmişdir. Sonradan xəbər tutmuşlar ki, xx.xx.2024-cü il tarixdə onların xəbəri olmadan məhkəmə iclası keçirilmiş və qətnamə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixində ümumiyyətlə ona məxsus mal-qara iddiaçının icarəsində olan torpaq sahəsinə daxil olmamışdır. Əgər hər şey iddiaçının dediyi kimidirsə, niyə ziyanın dəyməsini özündə əks etdirən heç bir fotoşəkil yoxdur?. Yenə də saxta mütəxəssis rəyləri, saxta aktlar əsasında növbəti tələb ortaya çıxmışdır. Məhkəmə araşdırmalı idi ki, ona məxsus mal-qara hansı səbəbdən xx.xx.2024-cü il tarixində İddiaçı məxsus icarədə olan torpaq sahəsinə daxil olmuşdur? Mal-qara özbaşına dərin çalaları keçib, bağlı qapıdan İddiaçı icarəsində olan torpaq sahəsinə necə daxil ola bilərdi? xx.xx.2024-cü il tarixində o, həmin ərazidə olmamış, telefon zəngi əsasında əraziyə gəlmişdir. Quba rayonu, Buduq kənd sakinlərinin təqsirli hərəkətləri niyə araşdırılmayıb? İddiaçının ziyan vurulduğunu iddia etdiyi ərazi suvarılan ərazi olmuşdurmu, orada arpa bitmişdirmi? Arpa bitməyən ərazidə mal-qara hansı arpanı yemişdir, oturaraq hansı arpanı məhv etmişdir? Yerində baxış keçirilsə idi, həmin ərazinin suvarılmayan ərazi olduğu təsdiqini tapardı. İddia olunur ki, xx.xx.2024-cü il tarixində bir neçə saat ərzində, bir neçə mal-qara 6882 manat məbləğində arpanı yeyib, tapdalayıb məhv edib. Sual olunur görəsən 1 baş inək bir neçə saat ərzində neçə kq arpa yeyə bilər? xx.xx.2024-cü il tarixində mal-qaranın İddiaçı icarəsində olan torpaq sahəsinə daxil olması barədə ortada hər hansısa dəlil varmı? Əvvəllər təftiş aparıb akt tərtib edən adam necə sonradan ekspert rəyi verə bilər? Qəsəbə sakinlərinin yerli rəhbər orqanlara etdikləri müraciətlərə məhkəmə tərəfindən niyə heç bir reaksiya verilməmişdir? Həmin ərizələrin iş üzrə əhəmiyyətinə niyə toxunulmamışdır? Göründüyü kimi qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan sadalanan bu və digər faktiki hallar aydınlaşdırılmamışdır.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1110. Heyvanın vurduğu zərərin əvəzinin ödənilməsi Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 39. Müstəsna aidiyyət 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. İlk öncə qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

22. Hazırki tələbin qanuni əsasını Mülki Məcəllənin yuxarıda istinad edilən 1110-cu maddəsi təşkil edir. Həmin maddəyə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur.

23. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu tələb olunur. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

24. İşin mübahisəsiz hallarına əsasən, Şabran şəhəri ərazisində yerləşən 84.04 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi iddiaçının icarəsinə verilmiş, iddiaçı həmin ərazidə taxıl-arpa yetişdirilməsi ilə məşğul olmuş, 03 may 2024-cü il və 17 may 2024-cü il tarixlərdə cavabdehin iri buynuzlu mal-qarası əkin sahəsinə daxil olmuşdur.

25. İddiaçı qeyd edilən əsaslarla ona maddi ziyan vurulması səbəbindən hazırki iddianı qaldırmış, iş materiallarında olan aktlar, fotoşəkillər, şahid ifadələri və rəylərə əsasən iddiaçıya maddi ziyan vurulması təsdiqini tapdığından, iddia təmin edilmişdir.

26. Cavabdehin etirazı ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini kollegiya əsassız hesab edir.

27. Cavabdeh istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsində iddiaçının irəli sürdüyü dəlillərə və tələbinin əsaslılığını sübut etmək məqsədi ilə təqdim olunmuş sübutların mötəbərliyini şübhə altına alan, onları təkzib edən hər hansı sübut təqdim etməmiş, təqdim edilmiş sübutların alan dəlillər irəli sürməmişdir. Torpaq sahəsinin suvarılan ərazi olduğu, orada arpa yetişdirildiyi işdə olan rəylərlə təsdiqləndiyindən, həmin halların araşdırılması üçün əraziyə baxış keçirilməli olması barədə şikayətin dəlilləri əsassızdır.

28. İşə aidiyyət qaydalarının pozulması ilə baxılması barədə cavabdehin dəlili ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixdə işə Şabran Rayon Məhkəməsində baxılmalı olması barədə qərardad qəbul etmiş, cavabdeh həmin qərardaddan şikayət verməmişdir. Məhkəmə kollegiyası MPM-nin müstəsna aidiyyət qaydalarını müəyyən edən 39-cu maddəsinin tələbləri baxımından apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsaslı hesab etmir.

29. Məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmaması barədə şikayətin dəlilləri ilə bağlı isə iş materialları, habelə kollegiyanın iclasında müəyyən olunmuşdur ki, cavabdeh məhkəmə bildirişi və sms-bildirişlə məhkəmənin xx.xx.2024-cü il tarixli iclası barədə lazımi qaydada məlumatlandırılmış, bu barədə xəbərnaməli poçt qəbzini xx.xx.2024-cü il tarixdə imzalamışdır.

30. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, həmin dəlillər də kollegiyanın araşdırması ilə öz təsdiqini tapmamış (cavabdehin heyvanlarının həmin əraziyə başqası tərəfindən salınması) bir qism dəlillər isə (mal-qaranı otarmaq üçün sakinlərin örüş sahəsinin olmaması) ümumiyyətlə hazırki məhkəmə araşdırmasının predmetini təşkil etməmişlər.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(031)-545/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar