Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-901/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc müqaviləsi üzrə pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, 1100 manat maddi ziyanın və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30,40 manat dövlət rüsumu pulunun alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1996-ci ilin avqust ayında Xaçmaz rayonu, Qoçaqqazma kəndi ərazisində Bələdiyyə tərəfindən ona verilmiş 0.50 ha torpaq sahəsində gilas qələmləri əkmişdir. Onin torpaq sahələri ilə yanaşı Cavabdeh torpaq sahəsi yerləşir. Cavabdeh ona məxsus olan torpaq sahəsində əkdiyi 130 ədəd gilas qələmlərini cixararaq, ona 1100 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla bağlı o, Xacmaz Rayon Polis Şöbesinə müraciət etmiş və cavabdehin ona 1100 manat məbləğində maddi ziyan vurması Xacmaz RP-nin TB-nın təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda oz təsdiqini tapmışdır.
3. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Nərmin Abıyeva) iddia ərizəsi təmin edilmiş, Cavabdeh 1100 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, Cavabdeh İddiaçı 1100 manat məbləğində maddi ziyan vurması öz təsdiqini tapmışdır.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284- 5.1, 284-5.2-ci maddələrinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxaraq iddianı təmin etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.3, 1097.5-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı onun xüsusi mülkiyyətində olan torpaq sahəsində qərəzli olaraq 130 ədəd ağac əkmişdir. İddiaçıya dəfələrlə demişdir ki, qələmləri ona məxsus olan torpaq sahəsindən çıxartsın, lakin iddiaçı ona məhəl qoymamışdır. O da qış mövsümündə qələmlərə ziyan dəyməsin deyə özünə xəbərdarlıq edərək, həmin qələmləri sağlam şəkildə çıxardaraq iddiaçıya təhvil vermiş və iddiaçı da həmin qələmləri özünə məxsus olan torpaq sahəsində əkmişdir. Baxmayaraq ki, iddiaçı ona qarşı qərəzli olmuşdur. İddiaçının ona qarşı etdiyi qərəzli hərəkətlərə görə maddi və mənəvi ziyan çəkib. Ancaq iddiaçıya qarşı mədəni davranaraq ziyan vurmamışdır. Qələmləri iddiaçıya sağlam təhvil vermişdir. Bunlara baxmayaraq ondan 1100 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə torpaq sahəsinin ona məxsus olmasını və qələmlərin iddiaçıya qış mövsümündə sağlam şəkildə təhvil verməyini nəzərə almayıb. Bundan əksinə iddiaçının ona qarşı elədiyi qərəzli hərəkətlərinin ucbatından öz torpaq sahəsində əkin işləri apara bilməməyini nəzərə almayıb.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə olan sübutlar
10. İş materiallarlnda olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, torpaq sahəsində olan 130 ədəd gilas gələmlərinin əkildiyi yerdən çıxarılması nəticəsində İddiaçı həmkəndlisi Cavabdeh tərəfindən 1100 manat maddi ziyan dəymişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən özgənin əmlakına qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 5000 manatdan yuxarı ziyan vurulmaqla törədildikdə cinayət hadisəsi hesab edilir. Hadisə zamanı isə 1100 manat zərərin dəyməsi müəyyən olunduğundan cinayət tərkibi yaranmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
12. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Apellyasiya baxışının hədləri
13. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iddiaçıya məxsus torpaq sahəsində əkilmiş gilas qələminin Cavabdeh tərəfindən çıxarılması və bunun nəticəsində ona 1100 manat maddi ziyan dəyməsi iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdeh qələmlərə ziyan dəyməsin deyə iddiaçıya xəbərdarlıq etməklə, həmin qələmləri sağlam şəkildə çıxardaraq iddiaçıya təhvil verdiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, o cümlədən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməsi üçün şikayətə iddia icraatı qaydasında baxılmasına dair vəsatəti də olmamışdır. Hərçənd ki, cavabdeh çıxarılmış qətnamənin ləğv edilərək iddianın rədd edilməsini deyil, dəyişdirilməsini xahiş etmişdir ki, bu da dolayısı ilə cavabehin iddiaçıya zərər vurduğunu təsdiq etməkdədir. Lakin, zərərin məbləğinin daha az olması ilə bağlı isə cavabdeh məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ƏT E T D İ :
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.