Məhkəmə qərarları › İş №2(1-8)-1983/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1983/2026

06.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1983/2026 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin 2026-cı il # #### tarixli qətnaməsi 2026-cı il # ##### tarixdə elektron imza ilə imzalanmaqla həm iddiaçının, həm də onun vəkili və nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir və beləliklə məhkəmə qətnaməsi iddiaçı və vəkil-nümayəndə Nümayəndə həmin tarixdə rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 135.5 və 135.6-cı maddələrinə əsasən bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Iddiaçı (vəkili və nümayəndəsi Nümayəndə) tərəfindən apellyasiya məhkəməsinin qeyd olunan qətnaməsindən 2026-cı il # #### tarixdə kassasiya şikayəti verilmiş və kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin ötürülməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verilməmişdir. MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni müəyyən olunmuş məbləğdən az ödənilmişdir. Çünki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 2025-ci il ## ###### tarixli qərarının 9.3.4-cü maddəsinə əsasən mənəvi təzminat tələbləri şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən yaranan törəmə tələblər olduğundan, bu tələblər birlikdə qaldırıldıqda qiymətləndirilməyən iddialar üzrə nəzərdə tutulmuş dövlət rüsumundan az olmamaq şərti ilə, qiymətləndirilən iddia üzrə nəzərdə tutulmuş həddə dövlət rüsumu ödənilir. Ilkin iddia üzrə iddiaçı kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilkin iddiaya dair hissədə mübahisələndirir. Bu baxımdan iş materialları öyrənildikdə görünür ki, ilk iddia ərizəsində digər tələblərlə yanaşı 15.000 manat məbləğində mənəvi zərərin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı kassasiya şikayəti vermək üçün 67,5 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə ilkin iddia üzrə iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # #### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar