Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2132/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı X1 cavabdehlər cavabdeh2, Şamaxı rayon Nağaraxana bələdiyyəsinin sədrinə və DƏDRX-nin ** saylı Şamaxı Ərazi Idarəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ iş № 2(1-8)-2132/2026 Açar sözlər: ötürülmüş prosessual müddətin bərpası haqqında ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Şamaxı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(105)-6/2025 nömrəli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X1 məxsus torpaq sahəsinin (ev və altındakı torpaq sahəsi istisna olmaqla) cavabdeh cavabdeh2 tərəfindən boşaldılması, iddia tələbinin evin sökülməsi hissəsində rədd edilməsi qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür.
3. Cavabdeh cavabdeh2 kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə vermişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadı ilə müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmişdir (hakimlər: S.Qafari – məruzəçi, F.Məmmədov, A.Süleymanova).
5. Məhkəmə kollegiyası mövqeyini Mülki Prosessual Məcəllənin 128.2,129.1, 133, 405.0.1-ci, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, mübahisələndirilən məhkəmə aktı cavabdeh cavabdeh2 və onun vəkili vəkil2 elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, bununla müddətin axımı ertəsi gündən başlayaraq ##.##.2026-cı il tarixədək davam etmiş və cavabdeh tərəfindən kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətin bitməsindən 2 ay 28 gün sonra, yəni ##.##.2026-cı il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuş və elə həmin şikayətdə prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilmişdir. Cavabdeh müddətin bərpası barədə ərizəsində qeyd etmişdir ki, onun vəkili vəkil2 qətnamə barədə ona məlumat verməmiş, bu səbəbdən yekun qətnamədən tamamilə xəbərsiz qalmış, "Elektron məhkəmə" sisteminə inteqrasiya olunmuş "ASAN nömrə"sini (mobil imzasını) istifadə etmək üçün müvəqqəti olaraq başqa bir şəxsə ötürdüyündən, məhkəmə bildirişləri və SMS məlumatlandırmalar onun diqqətindən kənarda qalmışdır. Göründüyü kimi, cavabdeh müddətin bərpası barədə ərizədə göstərilən hallara dair tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etmədiyindən, eləcə də göstərilən hallar müddətin bərpası üçün əsas hesab edilə bilməz.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
6. Cavabdeh cavabdeh2 kassasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi müddətin bərpası barədə vəsatəti rədd edərkən MPM-in 133-cü maddəsini düzgün tətbiq etməmiş və işin faktiki hallarını tam araşdırmamışdır. Iş üzrə icraatın 2022-ci ildən 2025-ci ilin sonunadək təxminən 3 il müddətinə dayandırılması nəticəsində cavabdehlə onu əvvəllər təmsil etmiş vəkil arasında hüquqi və faktiki əlaqə kəsilmiş, yekun məhkəmə aktı barədə cavabdeh vaxtında məlumat əldə edə bilməmişdir. Cavabdeh qətnamənin mövcudluğundan yalnız icra məmurunun dəvətindən sonra xəbər tutmuş, dərhal yeni vəkil cəlb etmiş, elektron sistemdə sənədlə tanış olduqdan sonra isə kassasiya şikayəti və müddətin bərpası barədə vəsatət təqdim etmişdir. Bu hallar onun iradəsindən asılı olmayan obyektiv səbəblərdir və MPM-in 133-cü maddəsinin mənasına görə üzrlü hesab edilməli idi.
8. Apellyasiya məhkəməsinin "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 16-cı maddəsinə istinad etməsi də əsaslı olmamışdır. Həmin norma vəkilin peşə vəzifələrini müəyyən edir, lakin uzunmüddətli dayandırılma nəticəsində faktiki olaraq başa çatmış vəkil–müvəkkil münasibətlərinə görə vətəndaşın prosessual hüquqlarının itirilməsinə əsas vermir. Yaranmış kommunikasiya boşluğu cavabdehin iradəsindən kənar baş vermiş və onun zərərinə şərh edilə bilməz.
9. Bundan əlavə, apellyasiya məhkəməsi yalnız qətnamənin elektron kabinetə yerləşdirilməsi tarixinə formal istinad etmiş, cavabdehin həmin aktdan faktiki xəbər tutma imkanını araşdırmamışdır. Belə yanaşma Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnu, habelə “Insan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə çıxış hüququnu qeyrimütənasib şəkildə məhdudlaşdırır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, prosessual normalar tətbiq edilərkən həddindən artıq formalizmə yol verilməməli, işin konkret halları və şəxsin real məlumat əldə etmək imkanı nəzərə alınmalıdır. Bu səbəbdən apellyasiya məhkəməsinin prosessual hüquq normalarını düzgün tətbiq etməməsi MPM-in 416-cı maddəsinə əsasən qərardadın ləğv edilməsi üçün əsasdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
12. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
16. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı kassasiya şikayəti əsasında tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”.
21. Hazırkı işdə apellyasiya məhkəməsi kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin keçməsinin səbəblərini araşdırmış və işdəki məlumatlar əsasında bu qənaətə gəlmişdir ki, həmin müddətin ötürülməsi üzrlü səbəblərdən baş verməmiş, ona görə də müddətin bərpa olunması üçün əsaslar mövcud deyil.
22. Apellyasiya məhkəməsi ərizəçinin dəlillərini araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisələndirilən məhkəmə aktı ##.##.2026-cı il tarixdə cavabdehin və onun vəkilinin elektron kabinetinə yerləşdirilmiş, kassasiya şikayəti vermə müddəti ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2026-cı il tarixdə başa çatmışdır. Cavabdeh isə kassasiya şikayətini yalnız ##.##.2026-cı il tarixdə, yəni qanunla müəyyən edilmiş müddət bitdikdən 2 ay 28 gün sonra təqdim etmiş və həmin şikayətlə birlikdə müddətin bərpasını xahiş etmişdir. Müddətin bərpası barədə ərizədə vəkilin qətnamə barədə məlumat vermədiyi və "Elektron məhkəmə" sisteminə inteqrasiya olunmuş ASAN nömrəsinin müvəqqəti olaraq başqa şəxs tərəfindən istifadə edilməsi səbəbindən bildirişlərin nəzərdən qaçdığı göstərilsə də, bu hallar ötürülmüş prosessual müddətin bərpası üçün əsas hesab oluna bilməz.
23. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iş materialları araşdırılmış, cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
24. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi və şikayətin qaytarılması qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
25. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.