Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-221/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Laçın rayon Imanlar kənd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. # ###### 2022-ci il tarixində Şərqi Zəngəzur Təhsil Idarəsi ilə İddiaçı arasında bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən sonuncu Laçın rayonu Imanlar kənd tam orta məktəbində müəllim vəzifəsinə işə qəbul edilmişdir.
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir (Laçın rayon Imanlar kənd tam orta məktəbinin ##.##.2025-ci il tarixli ** nömrəli əmri və ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən).
3. İddiaçı oğlu X1 ümumi xəstəlik səbəbindən ##.##.2036-cı il tarixinədək əlillik dərəcəsi verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Laçın rayon Imanlar kənd tam orta məktəbinin (bundan sonra – “cavabdeh”) işdən azad olunma barədə əmrinin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödənc verilməsi və 60 manat ödənilmiş mediasiya xərcinin tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı işlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmiş və intizam cəzası almamışdır. Lakin ## #### 2025-ci il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanında keçid balı 30 olduğu halda 29 bal toplamış, bu səbəbdən Laçın rayonu Imanlar kənd tam orta məktəbinin direktoru X7 ## #### 2025-ci il tarixli ** saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmr Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən qanunsuz və əsassızdır. Belə ki, onun himayəsində ##.##.2018-ci il təvəllüdlü, ##.##.2022-ci il tarixindən ##.##.2036-cı il tarixinədək əlil, sağlamlıq imkanları məhdud olan X1 adlı övladı vardır. Həmçinin onun digər övladının da sağlamlıq imkanları məhduddur və o da mütamadi olaraq müayinə və müalicədədir. Uşaqlarının xəstə olması səbəbindən ona üstünlük verilməli idi. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən maddənin tələbləri kobud şəkildə pozularaq işdən çıxarılmışdır.
6. Məhkəmə iclasında cavabdehin direktoru verdiyi izahatında bildirmişdir ki, iddiaçı işlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmiş, lakin ## #### 2025-ci il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanında keçid balı 30 olduğu halda 29 bal toplamış, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Qeyd edilənlərə əsasən qanunauyğun qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Laçın Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim - C.Ibrahimov).
8. Məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçı İddiaçı ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi halda iddiaçının öhdəsində əlilliyi olan uşağının olması Laçın rayon Imanlar kənd tam orta məktəbinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ilə xitam verilməsi sahəsində hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilməməlidir.
9. Məhkəmə vurğulamışdır ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinin tələblərinə əsasən iddiaçı öhdəsində əlilliyi olan uşaq olduğu halda sertifikatlaşdırmadan keçirilməyən şəxslər kateqoriyasına aid edilmədiyindən, belə olan halda isə onun müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilməsi məhdudlaşdırılmadığından və iddiaçı müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilərək qeyd edilən təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbləri nəzərə alınmadan həmin Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələblərinə istinad etməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2024-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyinə əsasən də əmək qanunvericiliyinin tələblərinə zidd hesab edilməməlidir.
10. Göründüyü kimi iddiaçı peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasına dair sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamadığı üçün təkrar sertifikatlaşdırmaya cəlb olunmuş, lakin həmin sertifikatlaşdırma prosesində də müvafiq keçid balını toplamadığından onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmiş və Əmək Məcəlləsinin bütün tələblərinə riayət edilmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2.1, 67- 2.4, 70 (“c” bəndi), 79.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2024-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan şəxslər sırasında öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş işçilərin adı təsbit edilsə də, bu kateqoriyada olan şəxslər “Təhsil haqqında”xxxx“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın (bundan sonra – “Qayda”) 1.4-cü bəndi ilə sertifikatlaşdırmadan keçməyən şəxslərin sırasına daxil edilməmişdir. “Təhsil haqqında”xxxxQaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. Işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Iddiaçının övladının xəstəliyi, əlilliyi fakt olsa da, məhkəmə bu hala qiymət verməkdən yayınmış və iddianın əsassız olması qənaətinə gəlmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Heydərov – sədrlik edən və məruzəçi, İ.Əsədov və A.Novruzova).
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, “Təhsil haqqında” Qanununun 36-2.3-cü maddəsi, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsi, həm də Qaydaya əsasən iddiaçı sertifikatlaşdırmadan keçməyən şəxslər kateqoriyasına aid deyildir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2024-ci il tarixli qərarındakı mövqedən də görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmuşdur.
16. Məhkəmə kollegiyası mövqeyini Əmək Məcəlləsinin 67-2.1, 67-2.4, 70 (“c” bəndi), 79.1-ci, “Təhsil haqqında” Qanunun 36-2-ci, “Ümumi təhsil haqqında” Qanunun 28.1, 28.2, 28.5-ci maddələrinə, Qaydanın 1.4-cü bəndinə və MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Plenum qərarındakı müddəanı görməməzlikdən gəlmişdir. Belə ki, həmin qərarda qeyd olunub: “Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. Işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır”. Bu iki müddəa bir-birindən ayrılıqda şərh və tətbiq edilə bilməz. Onlar qarşılıqlı şəkildə bir-birlərini tamamlayır və nəzarətdə saxlayır. Əks halda Əmək Məcəlləsinin 79-cu maddəsi əhəmiyyətini itirmiş olardı.
19. Hamilə qadınlardan savayı Əmək Məcəlləsinin 79-cu maddəsində sadalanan kateqoriya işçilər sosial və hüquqi müdafiədən kənarda qalmış olardılar. Əmək Məcəlləsinin 79-cu maddəsində həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndi, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi istisna hal kimi qeyd edilməmişdir. Apellyasiya məhkəməsi bu əhəmiyyətli hala diqqət yetirməmiş və hüquqi qiymətləndirməni sanki süni kolliziyaya uyğunlaşdırmağa cəhd etmiş, Plenum qərarının aydın şərhini və üstün hüquqi qüvvəsini nəzərə almadan qeyri-hüquqi mövqe nümayiş etdirmişdir. Halbuki iş materiallarında olan sənədlərlə təsdiq olunmuşdur ki, Laçın rayonu Imanlar kənd tam orta məktəbinin ingilis dili müəllimi olan iddiaçının himayəsində ##.##.2018-ci il təvəllüdlü, ##.##.2022-ci il tarixdən ##.##.2036-cı il tarixədək əlil, sağlamlıq imkanları məhdud olan övladı X1 vardır. Həmçinin digər övladının da sağlamlıq imkanları məhduddur və mütamadi olaraq müayinə və müalicədədir. Himayəsində əlilliyi olan övladı olduğu üçün ## #### 2025-ci il tarixdə keçirilmiş müəllimlərin təkrar sertifikasiya imtahanında keçid balı 30 olduğu halda 29 bal toplamasına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə onunla olan əmək müqaviləsinə xitam verilməsini qadağan edən həmin Məcəllənin 79-cu maddəsinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur.
20. Həmçinin digər analoji iş üzrə Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-***/**** nömrəli qətnaməsi ilə Ucar Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəb ilə iddiaçı X2 (himayəsində birinci qrup əlilliyi olan ##.##.2009-cu il təvəllüdlü oğlu X3 var) arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## #### 2024-cü il tarixli, ** nömrəli əmri ləğv edilmiş, iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyi Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinin üzərinə qoyulmaqla həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
22. Maddə 67-2.1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
23. Maddə 67-2.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır.
24. Maddə 70 (“c” bəndi). Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
25. Maddə 79.1. Işəgötürən tərəfindən: …öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.
34. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli, *-**- **/*-*-**F/**** nömrəli əmri ilə məktəbin ingilis dili müəllimi kimi onunla bağlanmış əmək müqaviləsi Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## #### 2025-ci il tarixində ləğv edilmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, iddiaçının himayəsində ##.##.2018-ci il təvəllüdlü, ##.##.2022-ci il tarixindən ##.##.2036-cı il tarixinədək əlil, sağlamlıq imkanları məhdud olan X1 adlı övladı vardır.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinin tələblərinə əsasən İddiaçı öhdəsində əlilliyi olan uşaq olduğu halda sertifikatlaşdırmadan keçirilməyən şəxslər kateqoriyasına aid edilmədiyindən, belə olan halda isə onun müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilməsi məhdudlaşdırılmadığından və iddiaçı müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilərək qeyd edilən təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbləri nəzərə alınmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələblərinə istinad etməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Laçın rayon Imanlar kənd tam orta məktəbinin direktoru X8 tərəfindən ləğv edilməsi, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2024-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyinə əsasən də əmək qanunvericiliyinin tələblərinə zidd hesab edilməməlidir.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
37. Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Təhsil haqqında”xxxxQaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. Işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən Əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmçinin həmin Məcəllənin 68-ci madəssinin 1-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
39. Bu mənada sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən xitam edilməsi üçün əsas yaradır.
40. Qeyd olunmalıdır ki, sertifikatlaşdırmadan keçməmək əmək müqaviləsinin dərhal xitamını deyil, yalnız xitam üçün əsas yaranmasını təmin edir və əmək müqaviləsinin xitamı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun aparılmalıdır. Yəni, sertifikatlaşdırmadan keçməyən işçi ilə əmək müqaviləsinin xitamı üçün əsas mövcuddur, lakin bu yalnız əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və məhdudiyyətlərə əməl edilməklə mümkündür.
41. Bu baxımdan işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Məhz bu mövqe də Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında öz əksini tapmışdır.
42. Həmçinin vurğulanmalıdır ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilmiş əsasın müəyyən edilməsi mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş əsas həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan övlada qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır.
43. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilmiş əsas işçiyə imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.
44. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilmiş əsasın işəgötürən tərəfindən müəyyən edilməsi vəziyyətində işəgötürənin əmək münasibətlərinə son qoymaq hüququ mövcuddur. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar (Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hallar) arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Məhkəmələr tərəfindən belə səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri nəzərə alınmaqla işçi işə bərpa edilməlidir.
45. Lakin baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının himayəsində olan, ##.##.2018-ci il təvəllüdlü və ##.##.2022-ci il tarixindən ##.##.2036-cı il tarixinədək əlilliyi müəyyən edilmiş sağlamlıq imkanları məhdud övladına qulluq etməsi, onun sosial, tibbi və digər qanunla təminat altına alınmış hüquqlarının həyata keçirilməsini təmin etməsi kimi halların iddiaçının təkrar sertifikasiya imtahanında keçid balı 30 olduğu halda, 29 bal toplamasına təsir edib-etmədiyini, yəni həmin hallar ilə imtahanın nəticəsi arasında səbəbli əlaqənin mövcudluğunu tam, hərtərəfli və obyektiv araşdırma aparmaış, bununla da Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün və ədalətli həlli məqsədilə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının himayəsində olan sağlamlıq imkanları məhdud uşağın gündəlik qayğı və nəzarətə ehtiyacının həcmini, onun müalicəsi və digər sosial təminat tədbirləri ilə bağlı iddiaçının daşıdığı faktiki yükü, eləcə də həmin halların iddiaçının əmək fəaliyyətinə və sertifikasiya imtahanına hazırlıq imkanlarına təsirini araşdırmalı və müəyyən edilmiş hallar əsasında Əmək Məcəlləsinin 79cu maddəsinin
46. tələblərinin nəzərə alınıb-alınmaması ilə bağlı yekun nəticəyə gəlməli idi.
47. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Təkrar apellyasiya baxışında yuxarı paraqraflarda göstərilmiş mövqelər nəzərə alınmaqla iş üzrə müəyyənləşdirilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış qətnamə çıxarılmalıdır.
49. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.