Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-2252/2026 30.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “XXX” MMC-nin cavabdeh “YYY” Ictimai Birliyinə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, qanunvericiliklə müəyyən olunmuş məbləğdən az miqdarda rüsum ödənilmişdir. Çünki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi həcmində, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Bu baxımdan iş materialları öyrənildikdə görünür ki, iddia ərizəsində 736.963,89 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdeh kassasiya şikayəti vermək üçün 513,48 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, cəmi 202,21 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, MPM-in 407.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Göründüyü kimi, şikayətin əsaslandırılmış olması, məzmunla bağlı tələblərin tərkibinə daxildir. Qanunvericinin iradəsi ona yönəlmişdir ki, istənilən şikayət deyil, yalnız əsaslandırılmış şikayət üzrə kassasiya mümkün hesab edilməlidir. Başqa sözlə, şikayət qəbul edilmiş məhkəmə aktından ümumi formada narazılığı ifadə etməməli, apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanunsuzluğu və əsassızlığı ilə bağlı konkret dəlillərə istinadı özündə əks etdirməlidir. Bu baxımdan hazırkı iş üzrə verilmiş kassasiya şikayəti nəzərdən keçiriləndə müəyyən olunur ki, cavabdeh şikayətdə ümumən işin hallarını qeyd etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız və qanunsuz olduğunu bildirmiş, lakin apellyasiya məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının pozulmasının, düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını aydın şəkildə əsaslandırmamış, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. MPM-in 408.1 və 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdə kassasiya şikayətinə müəyyən olunmuş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi, habelə maddi və prosessual hüquq normalarının hansı şəkildə pozulduğu və ya düzgün tətbiq edilmədiyi əsaslandırılmadığı halda, apellyasiya instansiyası məhkəməsi şikayətin MPM-in 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamamış və MPM-in 409-cu maddəsinin tələblərini pozaraq onu kassasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “YYY" Ictimai Birliyi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(1-8)-2252/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-2252/2026
30.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver