Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-2289/2026 30.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 MMC, cavabdeh2 MTK və “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Göründüyü kimi, şikayətin əsaslandırılmış olması, məzmunla bağlı tələblərin tərkibinə daxildir. Qanunvericinin iradəsi ona yönəlmişdir ki, istənilən şikayət deyil, yalnız əsaslandırılmış şikayət üzrə kassasiya mümkün hesab edilməlidir. Başqa sözlə, şikayət qəbul edilmiş məhkəmə aktından ümumi formada narazılığı ifadə etməməli, apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanunsuzluğu və əsassızlığı ilə bağlı konkret dəlillərə istinadı özündə əks etdirməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, kassasiya şikayəti məhz kassasiya məhkəməsinə ünvanlanır. Belə olan halda isə kassatorun tələbinə ümumilikdə məhkəmə sistemi daxilində kassasiya məhkəməsinin rolu, kassasiya məhkəməsinin səlahiyyətləri və bu instansiyada həyata keçirilən icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla qiymət verilməlidir. Bu mənada, kassasiya şikayətinin mümkünlüyünə dair tələblərin daha sərt ola biləcəyinin yolverilənliyi nəzərə alınmalıdır. Məlumdur ki, məhkəmə sistemi daxilində ədalət mühakiməsinin həyata keçirilməsi prosesində Ali Məhkəmə hüquq məhkəməsi roluna malikdir. O, mübahisənin müəyyən olunmuş hallarına apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ona görə də, kassasiya şikayətində dəlillərin olması vacib şərt kimi çıxış edir, başqa sözlə, şikayət məhz hüququn məhkəmə tərəfindən düzgün tətbiq edilmədiyinin əsaslandırılmasına dair dəlilləri özündə əks etdirməlidir. Hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər isə ilk növbədə ümumi hüquqi prinsiplərin, eləcə də maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq edilmədiyindən ibarət ola bilər. Mübahisənin həllinə tətbiq edilməli olan qanunvericilik normalarının məhkəmə tərəfindən tətbiq edilməməsi və ya natamam tətbiq edilməsi, tətbiq edilməli olmayan normaların tətbiq edilməsi, yaxud da normaların düzgün təfsir edilməməsi hüququn düzgün tətbiq olunmadığı nəticəsini yaradır. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların müəyyənləşdirilmədiyinə, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarının sübut olunmadığına dair dəlillər də müvafiq maddi və prosessual hüquq normalarına istinadla və onların düzgün tətbiq edilmədiyi ilə əlaqələndirilməklə təqdim olunmalıdır. Beləliklə, kassasiya şikayətində məhz yol verildiyi güman olunan hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər əks etdirilməlidir. Bu qaydada əsaslandırma elə bir şikayətin verilməsini nəzərdə tutur ki, şikayətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğu işin halları ilə əlaqəli şəkildə ətraflı təsvir edilməli, normaların yalnız sadalanması (qeyd olunması) ilə kifayətlənilməməli, onların hansı mənada tətbiq edilməli olduğuna dair münasibət əks olunmalı, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin konkret hansı normalara və nəyə görə zidd olduğu, beləliklə də, hüququn düzgün tətbiq edilmədiyi lazımi qaydada əsaslandırılmalıdır. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyinə dair dəlillər həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında (qərardadlarında) əks olunmuş hüquqi mövqelərə istinadla əsaslandırıla bilər. Bu baxımdan hazırkı iş üzrə verilmiş kassasiya şikayəti nəzərdən keçiriləndə müəyyən olunur ki, iddiaçı şikayətdə ümumən işin hallarını qeyd etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız və qanunsuz olduğunu bildirmiş, lakin apellyasiya məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının pozulmasının, düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını aydın şəkildə əsaslandırmamış, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. MPM-in 408.1 və 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi şikayəti MPM-in 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan MPM-in 409-cu maddəsinin tələbinə zidd olaraq kassasiya instansiyasına göndərmişdir. MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(1-8)-2289/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-2289/2026
30.07.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver