Məhkəmə qərarları › İş №2(1-8)-257/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-257/2026

09.04.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-257/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı XXXoğlunun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:işə bərpa tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı XXXoğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ##### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. “xxxx” MMC ilə “xxxx” MMC arasında “Daşkəsən rayonunun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) “xxxx” QSC məxsus yataqda qazma-partlayış işlərinin aparılması” barədə ## ###### 2016-cı il tarixli, S/A-*** nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə münasibətlər ##.##.2025-ci il tarixədək davam etmiş və həmin tarixdə müqaviləyə xitam verilmişdir.

2. “xxxx” MMC ilə XXXoğlu arasında **/** saylı ##.##.2017-ci il tarixli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinə əsasən XXXoğlu “sürücü” peşəsinə qəbul edilmişdir.

3. “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli, ***/K saylı “Işçilərin növbəti məzuniyyətə buraxılması barədə” əmr ilə X1 51 təqvim gün 46 gün ödənişli məzuniyyət verilməsi, işə ##.##.2025-ci il tarixdən başlanılması əmr edilmişdir.

4. “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli, ***/K nömrəli əmri ilə ## ###### 2025-ci il tarixdən “xxxx” MMC-nin yeni ştat cədvəlinin təsdiqlənməsi, siyahıda adları qeyd olunan işçilərin, o cümlədən XXXoğlunun ştat cədvəlindən ixtisar edilməsi və qanunvericilikdə müəyyən edilmiş qaydada ixtisar olunan işçilərə hüquqları barədə məlumat verilməsi, müəssisə işçilərinin nəzərdə tutulmuş işçilərin sayının və ştatların ixtisar edilməsi barədə məlumatlandırılmaları əmr edilmişdir.

5. Ştatların ixtisarı barədə “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli **/** nömrəli xəbərdarlıq bildirişi “Zaman Ekspress” poçt xidməti vasitəsilə XXXoğlunun ünvanına göndərilmişdir.

6. XXXoğlu tərəfindən “xxxx” MMC ünvanlanmış məktubda “##.##.2025-ci tarixli məkubla əlaqədar bildirmişdir ki, o, 1985-ci ildən sürücü işləyir. Əfqanistan müharibəsi veteranıdır və 6 medalı var. “xxxx” MMC-də 2017-ci ilin oktyabr ayından sürücü işləyir. Həmişə onun istifadəsinə “Kamaz” markalı yük avtomobili verilmişdir. Onun işdən azad edilməsi barədə tərəflərindən verilmiş əmrin ləğv edilməsilə bağlı 2024-cü ildə əldə edilmiş razılığa əsasən onun öz işinə bərpa edilməsi və məhkəmədə iddia tələbinin baxılmamış saxlanmasına razılıq əldə edilmişdir. Ancaq o, işə bərpa edilsə də, ona idarə etmək üçün “Kamaz” markalı deyil, müvəqqəti olaraq “Pikap” markalı avtomobil verilmişdir. Indi isə məktubla bildirilir ki, o, işçilərinin sayının ixtisarı ilə əlaqədar işdən azad ediləcəkdir. O, “Kamaz” markalı yük avtomaşının sürücüsü kimi qalaraq işləyə bilər. Odur ki, ərizənin nəzərə alınması xahiş edilmişdir. Həmçinin ## ###### 2024-cü il tarixli, ***/K nömrəli Əmrin surətinin ona təqdim edilməsini xahiş etmişdir.

7. “xxxx” MMC tərəfindən XXXoğluna ünvanlanmış məktubdan görünür ki, ## ###### 2024-cü il tarixli, ***/K nömrəli “ştatların ixtisar olunması” haqqında əmrin surəti “xxxx” MMCnin Daşkəsən rayonunun inzibati ərazisində yerləşən sahəsinə göndərilmiş, ixtisara düşən işçilərlə tanış etdirilmiş və müvafiq olaraq əmrin tanışlıq səhifəsi adı qeyd edilən işçilər tərəfindən imzalanmışdır. “Siz, əmri imzalamaqdan imtina etmisiz”. Əmrin surətini ona təqdim edən SƏTƏMM mütəxəssisi bunu imzası ilə təsdiq etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, ixtisara düşən ştatların siyahısında yük avtomobili sürücüsü (Kamaz markalı yük avtomobili) ştatı da var. Bunu nəzərə alaraq bildirilmişdir ki, hal-hazırda şirkətin işlərinin azalması ilə əlaqədar olaraq yük avtomobili sürücüsünə (Kamaz markalı yük avtomobili) ehtiyac olmadığı üçün, ərizədə qeyd etdiyi istəyini təmin edə bilmirlər. Gələcəkdə şirkətin işlərinin artması ilə əlaqədar olaraq, işçi ehtiyacı yaranarsa, onunla yenidən əmək müqaviləsi bağlanılması üçün tərəflərindən məlumat veriləcəkdir.

8. “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli, **/X saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən XXXoğlu ilə bağlanmış **/** nömrəli, ## ####### 2017-ci il tarixli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (ştatın ixtisar olunması əsasına görə) ## ###### 2025-ci il tarixdən xitam verilməsi, mühasibatlıq şöbəsi qeyd edilmiş işçi ilə onun son iş günü, ## ###### 2025-ci il tarixdə son haqq-hesab aparılması, AR ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti və istifadə edilməmiş əmək məzuniyyəti günləri üçün 16 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

9. XXXoğlu (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli, ***/K saylı əmrinin ona münasibətdə qismən və bu əmr əsasında işəgötürən tərəfindən verilmiş **/X nömrəli, ## ###### 2025-ci il tarixli” “Əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrin ləğv edilməsi, məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ## ####### 2017-ci il tarixli, **/K nömrəli əmrlə cavabdehdə sürücü olaraq işə götürülmüşdür. Ona **-JV-*** nömrəli “Kamaz” markalı, kanteyner kuzovlu yük maşını təhkim edilmişdir. Bundan sonra ona 2024-cü ilin aprel ayından “Pikap” markalı, 99-JO740 qeydiyyat nömrəli avtomobil təhkim edilmişdir. Cavabdeh tərəfindən ## ###### 2024- cü il tarixli, ***/K nömrəli əmrlə cavabdehdə işlərin azalması nəzərə alınaraq, müəssisədə operativ səmərəli idarəetmənin təşkil edilməsi müəssisənin ştat strukturunun və işçi sayının optimallaşdırılması ilə əlaqədar verdiyi əmrdə ixtisar edilən şəxslərin adlı siyahısında 9-cu sırada onun ad və soyadı qeyd edilmişdir. Onun ixtsara düşməsi ilə bağlı hissədə əmri əsassız və qanunsuz hesab edir. Belə ki, cavabdehdə sürücü işlədiyi 8 il müddətində bir dəfə də olsun sürücülük fəaliyyəti ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməmiş, heç bir xəta törətməmiş və ya ziyan vurma hallarına yol verməmişdir. Əksinə, işlədiyi müddətdə yaxşı işçi olaraq dəfələrlə təltif edilmişdir. Bundan başqa o, Əfqanıstan Müharibəsi veteranı olmaqla, işçilərin ixtisar edildiyi halda işdə saxlanılmalı şəxs olaraq üstünlük hüququna malikdir. Ancaq cavabdeh tərəfindən onun əmək hüquqları kobud şəkildə pozulmuş və Əmək Məcəlləsinin tələblərinə əməl edilməmişdir.

11. Cavabdeh iddia ərizəsin etiraz verərək etirazını onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə cavabdeh arasında “Daşkəsən rayonunun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) “xxxx” QSC-nə məxsus yataqda qazma-partlayış işlərinin aparılması” barədə ## ###### 2016-cı il tarixli, S/A-*** nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən hazırkı iş üzrə cavabdeh icraçı qismində Daşkəsən rayonunun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) “xxxx” QSC məxsus olan yatağda qazma-partlayış işlərinin aparılmasını öhdəsinə götürmüşdür. Qeyd edilən layihənin icrasını təmin etmək məqsədilə cavabdeh müxtəlif vəzifələrə (peşələrə) yeni işçilər işə qəbul etmişdir. Layihənin icrası Daşkəsən rayonunun inzibati ərazisində yerləşdiyindən daimi yaşayış yeri həmin ərazi olan şəxslərə üstünlük verilmişdir (iddiaçının yaşayış ünvanı: ünvan 1 11.) Hazırkı iş üzrə iddiaçının daimi yaşayış yeri Daşkəsən rayonu olduğundan sözügedən layihə ilə bağlı işə qəbul edilən işçilərdən biri olmuşdur. Belə ki, ##.##.2017-ci il tarixli, **/** saylı əmək müqaviləsi ilə iddiaçı ##.##.2017-ci il tarixdə sürücü peşəsinə işə qəbul edilmişdir. “xxxx” MMC ilə iddiaçı arasında “Daşkəsən rayonun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) “xxxx” QSC məxsus yataqda qazmapartlayış işlərinin aparılması” barədə ## ###### 2016-cı il tarixli, S/A*** saylı müqavilə üzrə münasibətlər ##.##.2025-ci il tarixədək davam etmiş və həmin tarixdə müqaviləyə xitam verilmişdir. Belə ki, sözügedən xidmət müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilməsi barədə “xxxx” MMC qabaqcadan cavabdehə ##.##.2024-cü il tarixli, SMX-04/106- ** nömrəli bildiriş təqdim etmişdir. “xxxx” MMC ilə cavabdeh arasında olan sözügedən xidmət müqaviləsinə xitam verildiyindən cavabdehin iş həcmləri azalmış, ümumiyyətlə Şirkətin Daşkəsən rayonunun inzibati ərazisində fəaliyyəti bitmişdir. Bu səbəbdən də, cavabdehdə səmərəli idarəetmənin təşkil edilməsini təmin etmək üçün müəssisənin ştat strukturunun və işçi sayının optimallaşdırılmasına zərurət yaranmışdır. Işəgötürənin ##.##.2024-cü il tarixli, ***/K nömrəli əmri ilə cavabdehdə ##.##.2025-ci il tarixdən yeni ştat cədvəli təsdiq edilmiş, 1 ştat vahidi mühəndis, 2 ştat vahidi QD operatoru, 5 ştat vahidi sürücü, 5 ştat vahidi fəhlə, 1 ştat vahidi anbardar vəzifələri (peşələri) ixtisar olunmuşdur. “xxxx” MMC ilə cavabdeh arasında olan sözügedən layihənin icrası ilə bağlı yaradılmış qeyd edilən ştatların hamısı ləğv edilmişdir. Daşkəsən rayonunun inzibati ərazisində sözügedən layihənin icrasına xitam verilməsi ilə bağlı sürücü peşəsində işləyən iddiaçının da ştatı ixtisar edilmişdir. Iddiaçı, cavabdeh müəssisədə iş stajı 8 ilə yaxın olduğuna görə AR Əmək Məcəlləsinin 177-ci maddəsinin 1-hissəsinə əsasən rəsmi xəbərdar edilmişdir. Belə ki, ştatların ixtisarı barədə cavabdehin ## ###### 2025-ci il tarixli, **/** nömrəli xəbərdarlıq bildirişi “Zaman Ekspress” poçt xidməti vasitəsilə iddiaçının ünvanına göndərilmişdir. Xəbərdarlıq müddəti gözlənilməklə, işəgötürənin ##.##.2025-ci il tarixli, **/X nömrəli əmri ilə iddiaçı ilə bağlanmış ##.##.2017-ci il tarixli, **/** saylı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. AR ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verildiyinə görə iddiaçıya orta aylıq əmək haqının 1.7 misli məbləğində (1683 manat) 2025-ci ilin fevral ayında işdənçıxarma müavinəti ödənilmişdir. “xxxx” MMC ilə iddiaçı arasında olan sözügedən xidmət müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verildiyinə, bununla da cavabdehin Daşkəsən rayonunun inzibati ərazisində işləri bitdiyinə görə əmək funksiyalarını həmin ərazidə icra edən bütün işçilərin əmək müqavilələrinə xitam verildiyindən AR ƏM-nin 78-ci maddəsinin (Işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) tətbiqi istisna edilir. Bu baxımdan işəgötürənin ##.##.2024-cü ii tarixli, ***/K saylı əmri ilə ştatlar (işçilər) ixtisar olunarkən və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim X2) iddia təmin edilməmişdir.

13. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı AR Əmək Məcəlləsinin 78.2-ci maddəsinə istinad edərək (müharibə iştirakçısı olduğundan) işəgötürənin “Ştat cədvəlinin strukturunun və işçi sayının optimallaşdırılması haqqında” ## ###### 2024-cü il tarixli, ***/K saylı əmrinin ona, yəni iddiaçıya münasibətdə qismən və “Əmək müqaviləsinə xitam verilməsi haqqında” ## ###### 2025-ci il tarixli, **/X saylı əmrinin tam ləğv edilməsi, onun işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir.

14. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəfindən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən sözügedən layihənin icrası ilə bağlı yaradılmış ştatların hamısı ləğv edildiyindən, hər hansı bir işçi ilə əmək münasibətləri saxlanılmadığından üstünlük hüququnun pozulması da istisna edilir.

15. Məhkəmə işdə olan sübutları qiymətləndirib, maddi hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, həm də iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür.

16. Məhkəmə öz mövqeyini AR Əmək Məcəlləsinin 11, 46, 70(b), 71, 77, 78(1), 78(2), 292, 296-ci, MPM-nin 119.1-ci maddələrinə, “AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürənin ## ###### 2024-cü il tarixli, ***/K saylı əmrilə iddiaçıya 51 təqvim günü (46 gün ödənişli olmaqla) məzuniyyət verilmiş və işə başlama tarixi ## ###### 2025-ci il olması qeyd edilmişdir. Iş yerinin ixtisarı barədə ***/K nömrəli, ## ###### 2024-cü il tarixli əmr artıq məzuniyyətdə olduğu müddətdə verilib və əmrin surəti poçt vasitəsilə göndərilməklə çatdırılıb. Cavabdehin məhkəməyə təqdim etdiyi poçt bildirişinin surətindən görünür ki, həmin əmr ona ## ###### 2025-ci il tarixdə təqdim edilmişdir ki, bu əmrdən də təqdim edildiyi tarixdən 1 ay müddətində məhkəməyə şikayət etmək qanunvericiliklə nəzərdə tutulmuşdur. Mediasiya arayışından görünür ki, mübahisələndirilən əmrlə bağlı mediasiya təklifi iddiaçı tərəfindən cavabdehə # ###### 2025-ci il tarixdə göndərilmiş, həmin tarixdən iddia müddətinin axımı dayanmış və iddia müddətinin bitməsinə daha 10 gün qalmışdır. Mediasiya iclası ##.##.2025-ci ildə başa çatmışdır. ##.##.2025-ci il tarixdən iddia müddətinin axımı başlamış və 7 gün sonra (bir aylıq müddətin bitməsinə 3 gün qalmış) ## #### 2025-ci il tarixdə iddia ərizəsi elektron məhkəmə sistemi vasitəsilə qeydə alınmışdır. Bundan başqa, məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəfindən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, sözügedən layihənin icrası ilə bağlı yaradılmış ştatların hamısı ləğv edildiyindən, hər hansı bir işçi ilə əmək münasibətləri saxlanılmadığından üstünlük hüququnun pozulması da istisna edilir. Iddiaçı cavabdehlə əmək müqaviləsi bağlayan zaman hansısa layihənin icrasında sürücü olaraq deyil, cavabdehdə sürücü vəzifəsinə qəbul edilmişdir. Bundan başqa o, Daşkəsən rayonunda qeydiyyatda olsa da sürücü olaraq Daşkəsən rayonu ərazisində deyil, daha çox işğaldan azad edilmiş rayonlarda- Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonu ərazilərində işləmişdir. Cavabdeh təkcə qızıl mədənləri ilə bağlı deyil, işğaldan azad edilmiş torpaqlarda dağların partladılaraq yeni yollar çəkilməsi layihələrində də yaxından iştirak etmiş, bu gün də həmin işlər davam etdirilir. Bundan başqa, məhkəmədə cavadeh tərəfindən Əmək Məcəlləsinin tələblərini pozmaqla gündəlik 12 saat iş rejimi tətbiq edilməsinə dair kifayət qədər sübut və əsaslar təqdim edilməsinə baxmayaraq məhkəmə bu məsələyə münasibət bildirməmiş, aşkar edilmiş pozuntuya dair qərardad çıxarmamışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən, məruzəçi), Günay Axundova və Leyla Əliyeva) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2025-ci tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmaqla, iddiaçının cavabdehə qarşı “əmrin qismən ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddiası rədd edilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən ilkin olaraq ümumilikdə iddia müddətinin ötürülməsinə istinad etmiş, hər bir tələb üzrə qiymətləndirmə aparmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi, 1-ci- ## ###### 2024-cü il tarixli, ***/K saylı əmrə münasibətdə qeyd etmişdir ki, bu hissədə apellyasiya şikayətinin müddətin ötürülməməsi ilə bağlı dəlili əsaslıdır.

22. Belə ki, işəgötürənin ## ###### 2024-cü il tarixli, ***/K saylı əmri ilə iddiaçıya 51 təqvim günü məzuniyyət verilmiş, işə başlama tarixi kimi ## ###### 2025-ci il olması qeyd edilmişdir. Iş yerinin ixtisarı barədə əmr iddiaçının məzuniyyətdə olduğu müddətdə verilib və əmrin surəti poçt vasitəsilə göndərilməklə ## ###### 2025-ci il tarixdə çatdırılıb. Mediasiya arayışından görünür ki, mübahisələndirilən əmrlə bağlı mediasiya təklifi onun tərəfindən cavabdehə ## ###### 2025-ci il tarixdə göndərilmiş, həmin tarixdən iddia müddətinin axımı dayanmış və iddia müddətinin bitməsinə daha 10 gün qalmışdır. Mediasiya prosesi ## #### 2025-ci ildə başa çatmış, yəni, iddia müddətinin axımı davam etmişdir. Iddia ərizəsi məhkəməyə ## #### 2025ci il tarixdə verilmiş, yəni, iddia müddəti ötürülməmişdir.

23. Lakin, apellyasiya instansiyası məhkəməsi, apellyatorun əmrin əsassızlığı ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, əmrin ona münasibətdə ləğv olunması üçün əsaslar mövcud deyil, çünki, işçilərin ixtisarını həyata keçirmək işəgötürənin hüququdur, iddiaçı ilə yanaşı layihə üzrə digər işçilər də ixtisar olunmuşdur. Hər hansı bir işçinin saxlanıldığı, üstünlük hüququ tətbiq olunduğu halda iddiaçının üstünlük hüququnun olması məsələsi müzakirə oluna bilərdi ki, bu hallar mövcud deyil.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən 2-ci- ## ###### 2025-ci il tarixli, **/X saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə münasibətdə iddia müddətinin ötürülüb- ötürülməməsi məsələsinə aydınlıq gətirilməmişdir.

25. Belə ki, işin halları ilə təsdiq olunur ki, iddiaçının son haqq- hesabı ## ###### 2025-ci il tarixdə ödənilmişdir, yəni, hüquqlarının pozulması həmin vaxt ona məlum olmuşdur. Belə oluduğu təqdirdə iddiaçı tərəfindən məhkəməyə ## #### 2025-ci il tarixdə və ya bu tarixdən sonrakı ilk iş günü müraciət olunmalı idi. Lakin iddiaçı, ## ###### 2025-ci il tarixli, **/X saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və digər tələblərlə bağlı iddia tələbinin həcmin artırılması barədə ərizə ilə ## ### 2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, yəni, iddia müddətini ötürmüşdür. Iddia müddəti ötürülmədiyi halda belə əvvəlki əmr qanuni olduğundan, bu əmrin ləğv üçün əsaslar mövcud olmamışdır, lakin bu hissədə iddia müddəti ötürüldüyündən, məhkəmə kollegiyası bu əmrlə bağlı əlavə əsaslandırma aparmağa zərurət görmür.

26. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 372.1, 372.2, 375, 377.1, 379.1.6, 379.4-1-ci, Əmək Məcəlləsinin 2(1), 3(5), 3(9), 68(1), 70(b), 71(1), 71(3), 76(1), 77(1), 77(3), 77(4), 78(1), 80(1), 83(1), 83(2), 84, 300(1)-ci, habelə MPM-nin 14.2, 77.1, 384.0.2, 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. Iddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləg v edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar c ıxarılmasını xahis etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən AR Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri düzgün tətbiq edilməmişdir. Belə ki, maddənin tələblərində əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün işçinin hüququnun pozulduğu gün hesab edilir. Cavabdeh tərəfindən iddiaçıya yuxarıda qeyd edilən sənədlər təqdim edilməmiş, iddiaçıya son haqq- hesabın (pulun) ## ###### 2025-ciil tarixdə ödənilməsi iddiaçı üçün aydın olmayan bir ödənişdir, rəsmi sənəd hesab edilə bilməz. Ödənilmiş pulun sonuncu haqq-hesab pulu olubolmaması barədə iddiaçıya məlumat verilməmişdir. Iddiaçı cavabdehlə əmək müqaviləsi bağlayan zaman hansısa layihənin icrasında sürücü olaraq deyil, cavabdehə sürücü vəzifəsinə qəbul edilmişdir. Bundan başqa, iddiaçı Daşkəsən rayonunda qeydiyyatda olsa da sürücü olaraq Daşkəsən rayonu ərazisində deyil, işğaldan azad edilmiş rayonlarda Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonu ərazilərində işləmişdir. Cavabdeh təkcə qızıl mədənləri ilə bağlı fəaliyyətlə deyil, işğaldan azad edilmiş torpaqlarda dağların partladılaraq yeni yollar çəkilməsi layihələrində də iştirak etmiş, bu gün də həmin işlər davam etdirilir. Iddiaçının məhkəməyə təqdim etdiyi, işçilərin “whatsapp” qrupunda olan hesabat yazılarından da iddiaçının məhz işğaldan azad edilmiş rayonlarda işləməyi öz təsdiqini tapır. Bundan başqa cavabdehin sürücü heyətinin tam siyahısını məhkəməyə təqdim etmədiyi halda, işçilərlə bağlanmış əmək müqavilələrinin elektron qeydiyyatını araşdırmadan məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşması məntiqsizdir. Məhkəmənin hüquqi qənaətinə görə guya cavabdehin fəaliyyəti “tam dayanıb” və sürücü heyəti tam olaraq ixtisara salınıb. Ancaq belə bir halı təsdiq edən heç bir sübut işdə yoxdur, cavabdehin sürücü heyətinə dair siyahısı məhkəməyə təqdim edilməyib, müqavilələrin elektron qeydiyyatı araşdırılmayıb. Ancaq məhkəmə kollegiyası “öz mülahizəsi əsasında” məsələni cavabdehin xeyrinə şərh etməklə məsələyə “mülahizə” olaraq əsassız və sübutlara istinad etmədən qiymət verib. Halbuki cavabdehdə 20-dən artıq sürücü işləyir və sürücülərin “whatsapp” qrupunda ixtisardan sonra da günlük hesabatlar verilmiş və bu hesabatlar da məhkəməyə təqdim edilmişdir. Iddiaçını işdən çıxarsalar da “whatsapp” qrupundan çıxarmağı unutmuşlar. Məhkəmə kollegiyasına “whatsapp”dan çıxarışlar təqdim edilsə də, bu sübutlara ümumiyyətlə hüquqi qiymət verilməmiş, iş üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsində cavabdeh məhkəməyə “Akt” təqdim edərək göstərmişdir ki, guya iddiaçı əmək kitabçasını qəbul etməkdən imtina etmişdir. Bu “Akt” mötəbər sənəd hesab edilə bilməz. O səbəbdən ki, aktın heç bir qeydiyyatı olmadığından bu sənəd istənilən vaxtda, istənilən tarixə (o cümlədən geri tarixə) sonradan da tərtib edilə bilər. Akt o zaman mötəbər hesab edilə bilərdi ki, imtinada iddiaçının da imzası olardı. Həmin vaxt artıq iddiaçı iddia qaldırmışdı. Belə olan halda iddiaçının işdən azad edilmək haqda əmri, ya da əmək kitabçasını qəbul etməkdən guya imtina etməyi məntiqsiz mülahizələrdir. Qarşılıqlı münasibətlərə, işin fatiki hallarına uyğun olaraq əlaqəli şəkildə işdə olan sübutlar qiymətləndirilməmiş, obyektiv araşdırma aparılması təmin edilməmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

31. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

32. Maddə 375. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

33. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir

34. Maddə 379.1. Iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.

35. Maddə 379.4-1. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

36. Maddə 2(1) Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

37. Maddə 3(5) Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə;

38. Maddə 3(9) Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu;

39. Maddə 68(1) Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

40. Maddə 70(b) Işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

41. Maddə 71(1) Işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

42. Maddə 71(3) Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

43. Maddə 76(1) Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz Maddə 77(1) Işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70ci maddəsinin

44. “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

45. Maddə 77(3) Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

46. Maddə 77(4) Işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

47. Maddə 78(1) Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

48. Maddə 80(1) Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

49. Maddə 83(1) Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

50. Maddə 83(2) Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

51. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

52. Maddə 300(1) Işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

64. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

65. Iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

66. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən ilkin olaraq ümumilikdə iddia müddətinin ötürülməsinə istinad etmiş, hər bir tələb üzrə qiymətləndirmə aparmamışdır.

67. Apellyasiya instansiyası məhkəməsi, 1-ci- ## ###### 2024-cü il tarixli, ***/K saylı əmrə münasibətdə qeyd etmişdir ki, bu hissədə apellyasiya şikayətinin müddətin ötürülməməsi ilə bağlı dəlili əsaslıdır.

68. Belə ki, işəgötürənin ## ###### 2024-cü il tarixli, ***/K saylı əmri ilə iddiaçıya 51 təqvim günü məzuniyyət verilmiş, işə başlama tarixi kimi ## ###### 2025-ci il olması qeyd edilmişdir. Iş yerinin ixtisarı barədə əmr iddiaçının məzuniyyətdə olduğu müddətdə verilib və əmrin surəti poçt vasitəsilə göndərilməklə ## ###### 2025-ci il tarixdə çatdırılıb. Mediasiya arayışından görünür ki, mübahisələndirilən əmrlə bağlı mediasiya təklifi onun tərəfindən cavabdehə ## ###### 2025-ci il tarixdə göndərilmiş, həmin tarixdən iddia müddətinin axımı dayanmış və iddia müddətinin bitməsinə daha 10 gün qalmışdır. Mediasiya prosesi ## #### 2025-ci ildə başa çatmış, yəni, iddia müddətinin axımı davam etmişdir. Iddia ərizəsi məhkəməyə ## #### 2025ci il tarixdə verilmiş, yəni, iddia müddəti ötürülməmişdir.

69. Apellyasiya instansiyası məhkəməsi, apellyatorun kassasiya şikayəti ilə eyni məzmunlu olan əmrin əsassızlığı ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, əmrin ona münasibətdə ləğv olunması üçün əsaslar mövcud deyil, çünki, işçilərin ixtisarını həyata keçirmək işəgötürənin hüququdur, iddiaçı ilə yanaşı layihə üzrə digər işçilər də ixtisar olunmuşdur. Hər hansı bir işçinin saxlanıldığı, üstünlük hüququ tətbiq olunduğu halda iddiaçının üstünlük hüququnun olması məsələsi müzakirə oluna bilərdi ki, bu hallar mövcud deyil.

70. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ## ###### 2025-ci il tarixli, **/X saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə münasibətdə iddia müddətinin ötürülüb- ötürülməməsi məsələsinə aydınlıq gətirilməmişdir.

71. Belə ki, işin halları ilə təsdiq olunur ki, iddiaçının son haqq- hesabı ## ###### 2025-ci il tarixdə ödənilmişdir, yəni, hüquqlarının pozulması həmin vaxt ona məlum olmuşdur. Belə oluduğu təqdirdə iddiaçı tərəfindən məhkəməyə ## #### 2025-ci il tarixdə və ya bu tarixdən sonrakı ilk iş günü müraciət olunmalı idi. Lakin iddiaçı, ## ###### 2025-ci il tarixli, **/X saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və digər tələblərlə bağlı iddia tələbinin həcmin artırılması barədə ərizə ilə məhkəməyə ## ### 2025-ci il tarixdə müraciət etmiş, yəni, iddia müddətini ötürmüşdür. Iddia müddəti ötürülmədiyi halda belə əvvəlki əmr qanuni olduğundan, bu əmrin ləğv edilməsi üçün əsaslar mövcud olmamışdır, lakin bu hissədə iddia müddəti ötürüldüyündən, məhkəmə kollegiyası bu əmrlə bağlı əlavə əsaslandırma aparmağa zərurət görməmişdir.

72. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Iddiaçı XXXoğlunun kassasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar