Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-263/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xxxx X1 cavabdeh cavabdeh2 və Hüseynzadə Günel Ələkbər qızına qarşı ilk, Hüseynzadə Günel Ələkbər qızının X1 qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi, mənzilə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Hüseynzadə Günel Ələkbər qızı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri, M.Fətəli küçəsindəki *** saylı yaşayış evi X1 mülkiyyətindədir və yaşayış sahəsində 6 nəfər daimi qeydiyyatdadır: X1, cavabdeh1, X4, cavabdeh2, X3 və X2.
2. Hal-hazırda cavabdeh1 və cavabdeh2 ünvan 1 ünvanında yaşamırlar.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. X1 (bundan sonra – “xxxx”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüseynzadə Günel Ələkbər qızı və cavabdeh2 Yasamal rayonu, M.Fətəli küçəsi, *** saylı, 14,0 m2 bir otaqlı mənzilə (bundan sonra – “mübahisəli mənzil”) istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil xxxxnın mülkiyyətindədir. Hər iki cavabdeh onun qızıdır və uzun illərdir ki, ailə həyatı qurmuş və məlum ünvandan köçmüşlər. Hazırda kiçik həcmli mənzildə oğlu, gəlini, iki nəvəsi - oğlunun övladları ilə birlikdə yaşayır. Mənzili oğluna bağışlamaq istəsə də, cavabdehlərin formal pasport qeydiyyatında qalmaları buna maneə yaratmışdır.
5. Cavabdeh Hüseynzadə Günel Ələkbər qızı qarşılıqlı iddia verərək onun mübahisəli mənzilə köçürülməyi və mülkiyyətçi də daxil olmaqla digər şəxslərin bununla bağlı maneələrinin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, G.Hüseynzadə mübahisəli mənzildə anadan olmuş və orada böyümüşdür. Bir neçə il əvvəl ailə qurmağına baxmayaraq, ara sıra həmin evdə yaşayıb. Lakin bir neçə aydır ki, anası onu həmin evə buraxmır. Halbuki, onun həmin evdə yaşamaq hüququ danılmazdır.
7. xxxxnın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzil 1994-cü ildə xxxxnın xalası tərəfindən ona bağışlanmışdır. G.Hüseynzadə evləndiyi vaxtdan təxminən 8 ildir evdən çıxmışdır. Onunla xxxx arasındakı münasibətlər kəskin şəkildə pisləşmişdir.
8. G.Hüseynzadə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, ailə qurduqdan sonra, yəni 2017-ci ildə evdən çıxmış, artıq 8 ildir orada yaşamır. Lakin hazırda kirayədə qalır və öz evi yoxdur, eləcə də ailəsi dağılmaq təhlükəsi altındadır.
9. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim – A. Sultanova-Məmmədova) hər iki iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, xxxxnın qızlarının analarının mülkiyyətində olan mənzillə bağlı hüquqları 1999-cu ilə qədər yarandığından hazırkı mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) Mənzil Məcəlləsinin müddəaları qanunun analogiyası üzrə tətbiq edilməlidir.
11. Məhkəmə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinadla qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Belə ki, onlar xxxxnın razılığı ilə həmin evdə yaşamış və bərabər hüquqlar, o cümlədən istifadə hüquqları əldə etmişlər.
12. Bununla yanaşı, xxxxnın qızları ailə həyatı qurmaqla mübahisəli mənzildən köçüb getmişlər, onların bütün bu illər ərzində mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmələri bir daha yaşayış sahəsinə ehtiyaclarının olmadığını təsdiqləyir. Buna görə də ilkin iddia üzrə cavabdehlər mübahisəli mənzildən daimi əsaslarla köçüb getdiklərindən həmin mənzilə dair istifadə hüquqlarını itirmişlər.
13. Hazırkı ilkin iddianın əsasından görünür ki, xxxx cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istədiyi üçün cavabdehin mənzildən “istifadə hüququna xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.
14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir.
15. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə dair məhkəmə qətnaməsi ilkin iddia üzrə cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır.
16. Məhkəmə öz mövqeyini ##.##.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə, eləcə də Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. G.Hüseynzadə qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, xxxxnın oğlundan başqa iki qızı da var. G.Hüseynzadənin həyat yoldaşının və onun heç yerdə evi yoxdur, kirayə pulunu da verməkdə çətinlik çəkir. Həmçinin həyat yoldaşı ondan boşanmaq istəyir. Anasının qızlarını həmin evdən qeydiyyatdan çıxarmaq istəyi isə ananın öz doğma qız övladlarına qarşı edə biləcəyi ən böyük ədalətsizlik və ayrı-seçkilikdir. Həmin evdən bir övlad kimi onun və bacısı Günayın pay almaq hüququ vardır. Odur ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: İ.Şirinov – sədrlik edən və məruzəçi, E.Kazımov və N.Cəfərov).
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, G.Hüseynzadə həmin mənzildən istifadə hüququ əldə etsə də, 2017-ci ildə daimi olaraq yaşamaq üçün köçərək başqa yerə (ər evinə) getmiş və həmin vaxtdan da davamlı olaraq ailəsi ilə birlikdə yaşayır ki, bu da onun xxxxya məxsus mənzildən istifadə hüququnun itirilməsini şərtləndirir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, rayon məhkəməsi ilkin iddia tələbi üzrə mahiyyət etibarı ilə cavabdehin mənzildə istifadə hüququnun qalmaması barədə düz qənaətə gəlmişdir. Odur ki, G.Hüseynzadənin apellyasiya şikayəti təmin edilməməlidir. Düzdür, rayon məhkəməsinin qətnaməsində ifadə tərzi olaraq istifadə hüququnun xitamı və itirilmiş hesab edilməsi ilə bağlı müəyyən uyğunsuzluqlar olsa da, bu, məsələnin mahiyyətini dəyişmir.
22. Həmçinin qarşılıqlı iddia tələbi G.Hüseynzadənin mənzilə istifadə hüququnun olması halında təmin edilə bilərdi ki, hazırkı halda sonuncunun həmin hüququnu itirdiyi müəyyən edildiyindən, onun bu tələbi təmin edilə bilməzdi və rayon məhkəməsinin qarşılıqlı iddia tələbinə münasibətdə də gəldiyi qənaət əsaslı olmuşdur.
23. Məhkəmə kollegiyası öz mövqeyini ##.##.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 87-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2 və 218.3-cü maddələrinə, eləcə də “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli Plenum Qərarına istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. G.Hüseynzadə kassasiya şikayəti verərək qətnamənin ləğv və qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir.
25. Mülki Prosessual Məcəllənin 88, 89.1 və 175.1-ci maddələri üzrə - məhkəmə çəkişmələri olan dövrdə G.Hüseynzadənin əri ilə aralarında anlaşılmazlıqlar və narazılıqlar yaranmış, onlar qeyri-rəsmi də olsa, ayrılaraq ayrı yaşamışlar. Bundan sonra G.Hüseynzadə ata evinə yaşamaq üçün getmək istəsə də, onu evə buraxmamışlar. Məhkəmə çəkişmələri olan dövrdə onlar barışmamış və nəhayət, ##.##.2025-ci il tarixdə rəsmi olaraq boşanmışlar.
26. G.Hüseynzadə yoldaşı ilə ayrıldıqdan sonra tək yaşamağa başlamış, hazırda işləmir, övladı yoxdur və kirayədə qalır. Kirayə haqqını ödəyə bilmir. Bu səbəbdən onun ata evində yaşamaq hüququ vardır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. xxxx kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, G.Hüseynzadə ikinci dəfə ailə həyatı qurmuş, Zığ şosesi yolunda torpaq almış və fərdi yaşayış evi inşa etmiş, ev əşyalarının alınmasında xxxxnın oğlu və özü yardımçı olmuşdur. Ikinci qızı iddia tələbinə anlayışlı yanaşsa da, G.Hüseynzadə xxxxdan və oğlundan pul tələb etmiş, bu isə mübahisəyə səbəb olmuşdur. Həmçinin Günelin nikahının pozulması formal xarakter daşıyır, belə ki, bu gün də o, həyat yoldaşı ilə birlikdə Zığ şosesində inşa olunmuş fərdi yaşayış evində yaşayırlar. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir.
Tətbiq edilən hüquq
##.##.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsi
28. Maddə 53. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər.
29. Maddə 60. Icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
30. Maddə 87. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
42. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə bağlı olmaqla yanaşı formal mülahizələrdən ibarətdir. Həmçinin kassasiya şikayətinə nikahın pozulması ilə bağlı əlavə edilmiş sübutlara münasibətdə məhkəmə kollegiyası bildirir ki, üçpilləli məhkəmə sistemində hər bir məhkəmə instansiyasına xas olan qaydalar müvafiq prosessual qanunvericiliklə tənzimlənmişdir. MPM-in müvafiq bölmə və fəsillərində birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində icraatın həyata keçirilməsi ilə bağlı fərqləndirilmiş xüsusi qaydaların məqsədi hər bir məhkəmə instansiyasının özünə xas funksionallığını, ədalət mühakiməsinin effektivliyini təmin etmək, eləcə də prosessual hüquqi nizam yaratmaqdır.
43. Məhkəmə kollegiyası onu da vurğulayır ki, birinci instansiya icraatı zamanı sübutlarla bağlı faktiki olaraq MPM-də imperativ qaydalar müəyyənləşdirilmişdir. Ümumiyyətlə, sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmasına hazırlıq mərhələsi başa çatanadək təqdim edilməlidir. Bununla belə qanun müəyyən hallarda sübutların birinci instansiya məhkəməsinin baxış mərhələsində, eləcə də apellyasiya instansiyası məhkəməsində təqdim olunmasına imkan verir.
44. Göründüyü kimi sübutların yalnız birinci instansiya məhkəməsində təqdim edilməsi əsas qayda olaraq müəyyənləşdirilmiş, apellyasiya instansiyasında isə sübutların təqdim olunması isə yalnız qanunla müəyyən olunmuş konkret hallarda (bax: MPM-in 372.2-ci maddəsi) mümkündür. Kassasiya instansiyası məhkəməsində yeni sübutların təqdim olunması isə yolverilməz olmaqla yanaşı üçpilləli məhkəmə sisteminin təyinatına, məqsədinə və mahiyyətinə ziddir.
45. Həmçinin yuxarıda da qeyd olunduğu kimi kassasiya instansiyası sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Yəni kassasiya instansiyasının nəinki sübutları qəbul etmək, hətta onları qiymətləndirmək səlahiyyəti də prosessual qanunvericiliklə qadağan olunmuşdur.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, kassasiya məhkəməsi hazırkı halda şikayətə əlavə olunmuş sübutları prosessual qanunvericiliyin tələbi baxımından nə qəbul edə, nə də qiymətləndirə bilər.
47. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
49. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.