Məhkəmə qərarları › İş №2(1-8)-299/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-299/2026

23.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-299/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İmamverdiyev Cavad Məhəmməd oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; mülkiyyətçinin özgənin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya iddiası); torpaq sahəsindən çıxarılma; sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), X4 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İmamverdiyev Cavad Məhəmməd oğlunun cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İmamverdiyev Cavad Məhəmməd oğlunun (bundan sonra – iddiaçı) mülkiyyətində Tovuz rayonu, Aşağı Quşçu kəndində 1,03 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi ilə qonşuluqda cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) və digərlərinin ümumi birgə mülkiyyətində olan 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yerləşir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı özünə məxsus torpaq sahəsinin 1,03 ha hissəsindən 0,20 ha hissəsinin cavabdeh tərəfindən boşaldılması və ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsinin 1,03 ha hissəsinin 0,20 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Dəfələrlə cavabdehdən xahiş etsə də, o, torpaq sahəsini xoşluqla boşaltmaq istəməmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, 30 ilə yaxındır ki, həmin torpaq sahəsindən istifadə edir. O iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

5. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin ## #### 2023-cü il tarixli, **/**** saylı rəyindən görünür ki, tərəflərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları üst-üstə düşmür.

6. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)- **/**** nömrəli iş üzrə ## ######## 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Zaur Hünbətov).

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin torpaq sahələrinin koordinatları üst-üstə düşmür. Bu da onu deməyə əsas verir ki, cavabdehin torpaq sahəsi özünə məxsus məxsus koordinatlar daxilindədir. İddiaçı cavabdehə ayrılmış torpaq sahəsinin koordinatlarının əslində başqa yerdə olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikasının torpaq islahatı haqqında” Qanununun 10-cu maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat:

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, torpaq sahəsinə baxış keçirilməmişdir. Mülkiyyətində olan torpaq sahəsinə çıxarışı vardır. Hazırda 0.20 ha torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt olunmuşdur və faktiki olaraq onun istifadəsindədir. Özü torpaq sahəsinə mütəxəssis aparmış və GPRS vasitəsi ilə torpaq ölçülmüş və torpağın 0.20 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunması müəyyən olunmuşdur. Lakin, məhkəmə zamanı heç bir ekspert əyani şəkildə torpağa baxış keçirməmiş və ölçü aparmamışdır.

11. Apellyasiya instansiyası məhkəməsində əlavə ekspertiza təyin edilmiş və təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən məlum olmuşdur ki, ************ reyestr nömrəli çıxarışla İmamverdiyev Cavad Məhəmməd oğlunun adına dövlət qeydiyyatına alınmış 1,03 ha torpaq sahəsi JN-*** nömrəli Dövlət Aktı əsasında kompleks yerquruluşu layihəsinə əsasən rəsmiləşdirilmişdir. X1 əsasında verilmiş ************ reyestr nömrəli çıxarış fərqli koordinatlarla verildiyindən torpaq sahəsi faktiki istifadə vəziyyəti ilə uyğun gəlir. Bu səbəbdən ************ nömrəli çıxarış reyestr məlumatlarında sürüşmə ilə öz əksini tapmışdır. X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-*** nömrəli Dövlət aktında olan torpaq sahəsi islahata dair kompleks yerquruluşu layihəsinə əsasən verilmişdir, faktiki istifadə vəziyyəti ilə fərqlidir və reyestr məlumatlarında sürüşmə ilə öz əksini tapmır. Hazırda pay torpaqları haqqında dürüstləşmiş məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## #### tarixli 818 nömtəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminə (AZCAD) inteqrasiya edilmişdir və baza məlumatlarında öz əksini tapır. Elektron baza məlumatlarında (AZCAD) əsasən ************ reyestr nömrəli çıxarış əsasında iddiaçı İmamverdiyev Cavad Məhəmməd oğlunun mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndindəki 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, torpağa mülkiyyət hüququna dair JN303 seriyalı KOD 50300078Dövlət aktı əsasında X2, ailə üzvləri Cavabdeh və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları üst-üstə düşmür; Elektron baza məlumatlarına (AZCAD) əsasən ************ reyestr nömrəli çıxarış əsasında iddiaçı İmamverdiyev Cavad Məhəmməd oğlunun mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndindəki 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh Cavabdeh tərəfindən faktiki istifadə edilmir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli mülki iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov).

13. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahələrindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. İddiaçı tərəf rəylə razılaşmadığı barədə arqument irəli sürsə də, lakin bu arqumentini əsaslandıra bilməmişdir.

14. Ekspert rəyində öz əksini tapan «iddiaçıya məxsus ************ nömrəli çıxarış reyestr məlumatlarında sürüşmə ilə öz əksini tapmışdır» barədə xüsusatla bağlı kollegiya vurğulayır ki, həm iddiaçıya, həm də cavabdehə ayrılmış torpaq sahəsinin yerləşmə məkanı və faktiki istifadəçilik vəziyyəti ekspertiza tədqiqatı zamanı aşkar edilmişdir. Bununla belə, iddiaçıya və cavabdehə ayrılmış torpaq sahələri üst-üstə düşmür. Cavabdehin istifadəsindəki torpaq sahəsi də iddiaçıya məxsus torpaq sahəsi deyildir. Həm də nəzərə almaq lazımdır ki, ************ reyestr nömrəli çıxarış fərqli koordinatlarla verildiyinə görə iddiaçıya məxsus çıxarış reyestr məlumatlarında sürüşmə ilə öz əksini tapmışdır. Hərçənd ki, mövcud vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsi faktiki istifadə vəziyyəti ilə uyğun gəlir.

15. Digər tərəfdən, ##.##.2012-ci il qeydiyyat tarixli ************ reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1,03 ha torpaq sahəsinin ölçüləri (koordinatları) həmin çıxarışa əsasən hazırda mövcud olan baza məlumatlarında eyni konfiqurasiyada qeydə alınmışdır. Mövcud elektron baza məlumatlarının mötəbərliyinə də hər hansı şübhə yoxdur. Bu isə, mübahisələndirilən və hazırda faktiki olaraq cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin iddiaçıya məxsus torpaq olması ehtimalını birmənalı şəkildə aradan qaldırır.

16. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı C.İmmaverdiyevə məxsus 1.03 ha torpaq sahəsi cavabdeh Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilmir.

17. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, Mülki Məcəlləsinin 152, 157.2, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin uzunluğu 265,98 metr olmaqla bir tərəfdən 8.86 metr, digər tərəfdən isə 9.14 metr enində zəbt edilmişdir, faktiki olaraq həmin torpaq sahəsi onun istifadəsində deyil. Onun tərəfindən torpaq sahəsinə baxış keçilməsi və torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün aparılan mütəxəssis rəyi ilə bu hal müəyyən edilmişdir. Hazırda mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsindən dinc istifadə etmək hüququndan məhrum olmuşdur.

20. Məhkəməyə təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət versə də, məhkəmə həmin vəsatəti qəbul etməmiş, müşavirə otağına getmədən vəsatətin təmin olunmadığını bildirmişdir. Bu isə hakimin qərəzli olduğunu göstərir.

21. Məhkəmə qanunvericiliyin tələblərini pozmuş, ekspert rəyləri arasında, həmçinin ekspert rəyinin hissələri arasında ziddiyyət olmasına baxmayaraq, qanunvericiliyin tələbinə əsasən təkrar ekspertiza keçirməli olduğu halda bunu etməmiş, onun vəsatəti ilə bağlı əsaslandırılmış qərar çıxarmamış, eskpertiza haqqında qanunvericiliyin tələblərini pozmuş, mütəxəssis rəyi əsasında tərtib edilmiş ekspert rəyini “sübut” hesab etmişdir.

22. ** saylı Tovuz Ərazi İdarəsinin ona ünvanlandığı məktubda Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadının 1-ci sualına cavab verilmədiyi aydın olur. Həmin qərar üzrə çıxarılan ##.##.2025-ci il tarixli ekspert rəyində həmin suala cavab verilməsinin mümkün olmamaması da göstərilməmişdir.

23. Belə ki, qərarda 1-ci sual iddiaçıya məxsus olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi göstərilsə də, ekspert rəyində bu sualın cavabı yoxdur.

24. Bundan başqa, iş üzrə iki dəfə - ##.##.2023-cü il tarixdə və ##.##.2025-ci il tarixdə ekspertiza keçirilmiş, hər iki ekspertiza rəyi eyni ekspert – X3 tərəfindən keçirilmiş, ekspert rəyləri bir-birinə ziddir. Üstəlik, ekspert rəylərinin hər ikisində ** saylı Tovuz Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə istinad edilməsi göstərilmişdir. Mütəxəssis rəyi sübut hesab olunmur. Ekspet rəyi isə sübutdur. Əgər ekspert yerli baxış həyata keçirmədən sübut hesab olunmayan sənədə istinad edərək otaqda rəy hazırlayarsa, bu necə sübut hesab edilə bilər. Bu sübut özlüyündə tərtib edilmə formasına görə sübhəlidir. Bundan başqa, ##.##.2023-cü il tarixli ekspert rəyində tədqiqat prosesinin təsviri hissəsində “Tədqiqat Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində yerləşən mübahisəli torpaq sahəsi üzrə aparılır” kimi göstəriş qeyd edilmişdir. ##.##.2025-ci il tarixli ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsində “mütəxəssis rəyindən görünür ki, ************ reyestr nömrəli çıxarışla İmamverdiyev Cavad Məhəmməd oğlunun adına dövlət qeydiyyatına alınmış 1.03 ha torpaq sahəsi JN-*** nömrəli Dövlət Aktı əsasında kompleks yerquruluşu layihəsinə əsasən rəsmiləşdirilmişdir. X1 əsasında verilmiş ************ reyestr nömrəli çıxarış fərqli koordinatlarla verildiyindən torpaq sahəsi faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. Bu səbəbdən ************ nömrəli çıxarış reyestr məlumatlarında sürüşmə ilə öz əksini tapmışdır”. Orada X2 verilən torpaq sahəsi ilə də bağlı eyni hallar qeyd edilmişdir. Lakin ekspert rəyinin nəticə hissəsində ************ reyestr nömrəli çıxarış fərqli koordinatlarla verildiyindən torpaq sahəsi faktiki istifadə vəziyyəti ilə uyğun gəldiyinin, həmçinin X2 məxsus torpaq sahəsinin dövlət aktı ilə faktiki istifadə vəziyyətinin fərqli olması, reyestr məlumatlarında sürüşmə ilə öz əksini tapmadığının müəyyən edildiyi nəticəsinə gəlinmişdir. Bu hallar isə təsdiq edir ki, ##.##.2023-cü və 19.08.205-ci il tarixli ekspert rəyləri bir-birinə uyğun gəlmir, üstəlik ##.##.2025-ci il tarixli ekspert rəyinin əsaslandırma və nəticə hissələri bir-birinə ziddiyyətlidir. Belə olduqda məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməli, və əvvəlki ekspetdən fərqli ekspertə iş həvalə edilməli idi. Ekspert qarşısında yerli baxış keçirilməklə, torpaq sahəsinin koordinatlarının, dönmə nöqtələrinin qeyd edilməsi, torpaq sahələrinin sənədlərdə göstərilən qaydada faktiki vəziyyətinin hansı vəziyyətdə olmasının müəyyən edilməsi vəzifəsi qoyulmalı idi.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi 26.Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır 27.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 28.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 29.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 32.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 33.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 34.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri 35.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 36.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37.Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 38.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin əsas dəlilini ekspert rəyinin əsassızlığı təşkil etsə də, iddiaçı tərəfindən ekspert rəyini təkzib edə bilən daha mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, iddia tələbi sübuta yetirilmədiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir. 39.Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. 40.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. 41.Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar