Məhkəmə qərarları › İş №2(1-8)-318/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-318/2026

29.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-318/2026 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Bakı şəhəri, 30 yanvar 2026-cı il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5681/2025 nömrəli iş üzrə 17 noyabr 2025-ci tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı işdə kassasiya şikayəti verilməsi üçün iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilmiş 100 manat dövlət rüsumunun 50 faizi məbləğində olan 50 manat ödənilməli olduğu halda cavabdeh tərəfindən 35 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və geri qaytarılması məsələsinin həlli məqsədilə mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 404-1 və 408-ci madd ələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5681/2025 nömrəli iş üzrə 17 noyabr 2025-ci tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar