Məhkəmə qərarları › İş №2(1-8)-376/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-376/2026

17.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-376/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ##### 2026-cı il tarixdə Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhər XDS İK-nin ## #### 1977-ci il tarixli qərarı ilə ünvan 2 9/6-26 ünvanda yerləşən və dövlət mülkiyyətində olan mənzil Cavabdeh anası X1 və onun ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. X1 vəfat etmişdir.

2. ##.##.2003-cü il tarixdə Cəfərov Cavabdeh Xəyalə Tofiq qızı ilə nikaha daxil olmuş və sonuncu həmin tarixdə sözügedən mənzilə köçmüşdür.

3. ünvan 2 9/6, mənzil 26 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına ##.##.2019-cu il tarixdə qeydə alınmışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur.

5. Sumqayıt şəhər ** saylı Mənzil Kommunal Sahəsinin ##.##.2024-cü il tarixli arayışına əsasən, Cəfərova Xəyalə Tofiq qızı ## ###### 2020-ci il tarixdə ünvan 2 9/6, mənzil ** saylı ünvana qeydiyyata düşmüş və hal-hazırda həmin mənzildə yaşamır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cəfərova Xəyalə Tofiq qızı cavabdeh Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi və daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 9/6, mənzil 26 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə Cəfərova Xəyalə Tofiq qızı ilə Cavabdeh arasında ##.##.2003-cü il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra ##.##.2008ci il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü Cəfərov Ağasəlim Elxan oğlunun Cavabdeh yanında saxlanmaları və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cəfərova Xəyalə Tofiq qızı Cavabdeh ayrıldıqdan sonra onun əmlakları Sumqayıt şəhəri 3-cü mikrorayon ev 9/6, mənzil 26-da qalmışdır. Cavabdeh qərəzli olaraq onu uşaqları ilə birlikdə həmin ünvana buraxmır. Hazırda valideynlərinin yanına müvəqqəti sığınıb. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh isə Cəfərova Xəyalə Tofiq qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona məxsus ünvan 1 ünvanına dair istifadə hüququna kompensasiya verilmədən xitam verilməklə qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və hər iki uşaq onun yanında saxlanılmışdır. Daha sonra Cavabdeh aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə Cəfərova Xəyalə Tofiq qızından hər ay ümumilikdə 200 manat alimentin onun xeyrinə tutulması qət olunmuşdur. Qətnamə dərhal qüvvəyə minmiş və icraya yönəldilmişdir. 2022-ci ildən bu günə kimi uşaqlar onun öhdəsindədir və onunla birgə yaşayırlar. Cəfərova Xəyalə Tofiq qızı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cehiz əşyalarının evdən çıxarılmasını xahiş etmişdir. Cəfərova Xəyalə Tofiq qızı ilə ailə qurduqdan sonra onun bacısına məxsus evə gəlin gəlib və orada yaşamışlar. Hazırda mənzilə köçürülməsini iddia etdiyi evdə 2019-cu ilə kimi qardaşı Cəfərov İlqar Ağasəlim oğlu və anası yaşayıb. Anası vəfat etdikdən sonra ev vərəsəlik qaydasında mülkiyyətinə keçmişdir. ##.##.2019-cu il tarixli Çıxarışa əsasən ünvan 1 onun ayrıca mülkiyyətindədir. Onun tərəfindən verilmiş razılıq ərizəsi əsasında Cəfərova Xəyalə Tofiq qızı 2020-ci ildə ünvan 1 ünvanında qeydiyyata düşmüşdür. 2021-ci ildə isə ailə münasibətləri korlandığı üçün Cəfərova Xəyalə Tofiq qızı evi tərk etmiş və 3 ildən çoxdur ki, həmin ünvanda yox, atasının evində yaşayır. Cəfərova Xəyalə Tofiq qızı uzun müddətdir ki, bu ünvanda yaşamır və cehiz əşyalarının çıxarılmasını istəmələri bir daha sübut etmiş oldu ki, orada yaşamaq niyyəti olmayıb. Hansısa məqsədlə və məhkəməyə yalan informasiya (guya uşaqlarla birlikdə evə köçmək niyyətindədir) təqdim etməklə ona məxsus olan mülkiyyətə müdaxilə edir.

10. Sumqayıt Şəhər Məhkəməsinin # ###### 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh cavabdeh Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızına qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmasına dair qarşılıqlı iddia tələbi üzrə icraata iddiaçının mənzildən qeydiyyatdan çıxarılması hissəsində xitam verilmişdir.

11. Sumqayıt Şəhər Məhkəməsinin # ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddiasının rədd olunması, Cavabdeh Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızına qarşı qarşılıqlı iddianın təmin edilərək, İddiaçı qarşılıqlı iddiaçıya məxsus ünvan 2 9/6, ** saylı mənzildə yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 9/6, mənzil 26 qarşılıqlı iddiaçının anası- X1 və onun ailə üzvlərinə orderlə verilmişdir. Cəfərova Xəyalə Tofiq qızı Cavabdeh ilə ##.##.2003-cü il tarixdə nikaha daxil olmuş və həmin tarixdə sözügedən mənzilə köçmüşdür. Xəyalə Cəfərova mənzilə köçərkən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, orderli mənzil olmuşdur. Tərəflərin birgə nikahından ##.##.2008-ci il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü Cəfərov Ağasəlim Elxan oğlu adlı iki uşaqları dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahdan olan uşaqları ataları Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. ##.##.2019-cu il tarixdən mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Cavabdeh əksini iddia etsə də məhkəmə araşdırması nəticəsində Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının 2003-cü ildə ünvan 2 9/6, ** saylı mənzilə köçdüyü və 2020-ci ilədək orada yaşadığı öz təsdiqini tapmışdır. Münasibətlərin yarandığı 2003-cü ildə hazırkı iş üzrə Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olmamış, mənzil onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə ilkin iddiaçının istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına istinad edilə bilməz.

13. Belə ki, mübahisəli mənzil 2019-cu ildə mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Məhz bu andan Cavabdeh mübahisəli mənzilə sərəncam vermək hüququ yaranmış, bu fakt onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərmişdir. Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının mübahisəli mənzildən istifadə hüququ olsa da, onunla Cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, Xəyalə Cəfərovanın mənzildən istifadə hüququ saxlanmamışdır. Çünki, ilkin iddiaçı 2003-cü ildə order əsasında qaynanası Mina Cəfərovaya məxsus olan mənzilə gəlin köçmüş, orderdə ailə üzvü kimi onun adı qeyd olunmamışdır. X7 ailə üzvü kimi adı olmadığından və həmin vaxt ilkin iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmadığından, onun mənzilin özəlləşdirilməsinə razılıq verməsinə zərurət olmamışdır. Mənzil isə 2019-cu ildə cavabdehin adına özəlləşdirilmişdir.

14. AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinin tətbiqinə, yəni keçmiş ailə üzvü olan ilkin iddiaçı İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh məxsus mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanmasına zərurət yoxdur.

15. Belə ki, işin hallarından görünür ki, ilkin iddiaçı qarşılıqlı iddiaçı ilə ayrıldığı vaxtdan valideynlərinə məxsus mənzildə yaşamaqla, mənzil sahəsinə ehtiyacı olan və özünü yaşayış sahəsi ilə təmin etməyə imkanı olmayan şəxslər kateqoriyasına aid deyil.

16. Məhkəmə gəldiyi nəticəni AR Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü, qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ## ####### 2013-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailə münasibətlərinə xitam verilməsi və orderdə adının olmaması, qeydiyyatda olmamağı barədə mənzilin özəlləşdirilməsinə razılığının tələb olunmaması mənzildən istifadə hüququnun xitamına əsas ola bilməz. Məhkəmə AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ## ####### 2013-cü tarixli qərarında göstərilən şərhə zidd olaraq, Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəasını yanlış tətbiq etmişdir. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməli olmasını nəzərə almamışdır. Tərəfindən istifadə hüququnun tanınması barədə iddia ərizəsinə dəqiqləşmə ərizəsi məhkəmə iclasında qəbul edilməmiş, prosessual hüquqları pozulmuşdur.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ##### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə (sədrlik edən, məruzəçi), A.Mahmudov və S.Qafari) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ünvan 2 9/6, ** saylı mənzildən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir.

20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməli olması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Belə ki, birinci instansiya məhkəməsi “X. Məmmədovanın şikayəti üzrə AR Ali Məhkəməsi Mülki kollegiyasının ## #### 2013-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə istinad edərək, ##.##.2019-cu il tarixdə mübahisəli mənzil üzərində Cavabdeh xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını nəzərə alıb, mübahisəyə ##.##.2009-cu il tarixdən qüvvədə olan AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməklə, tərəflər arasında ailə münasibətlərinə xitam verildiyi üçün Cəfərova Xəyalə Tofiq qızının Cavabdeh mülkiyyətində olan mənzildə istifadə hüququnun saxlanılmadığı qənaətinə gəlmişdir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Hazırkı işin hallarına görə mübahisəli hüquq münasibəti Sumqayıt şəhər XDS İK-nin ## #### 1977-ci il tarixli qərarı ilə Cavabdeh anası X1 icarəsinə verilmiş mübahisəli mənzilə 2003cü il tarixdə ilk iddia üzrə iddiaçının köçməsi ilə yaranmışdır. Buna görə də birinci instansiya məhkəməsi mübahisəyə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etməli olduğu halda, ##.##.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “X. Məmmədovanın şikayəti üzrə AR Ali Məhkəməsi Mülki kollegiyasının ## #### 2013-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqe hüquq münasibətlərinin yarandığı zaman mülkiyyətçisi mövcud olmayan, faktiki sahiblikdə və istifadədə olan evlə bağlı olmuşdur. Yəni faktiki sahiblikdə və istifadədə olan ev üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur.

22. Nəzərə alınmalıdır ki, mülkiyyətçisi mövcud olmayan, faktiki sahiblikdə və istifadədə olan özbaşına tikili qismində evlərin tərkib hissəsindən istifadə hüququnun mövcudluğu da qanunvericiliklə tənzimlənməməkdədir. Buna görə də apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisəyə ##.##.2009-cu il tarixdən qüvvədə olan AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməkdə səhvə yol vermişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Xəyalə Cəfərova Cavabdehla nikaha daxil olub və Sumqayıt şəhər XDS İK-nin ## #### 1977-ci il tarixli qərarı ilə Cavabdeh anası X1 icarəsinə verilmiş mübahisəli mənzilə 2003-cü il tarixdə köçüb, icarədarla birlikdə yaşayıb, onunla ümumi təsərrüfat apararaq ailə üzvü qismində həmin vaxt qüvvədə olan AR Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələbinə əsasən mənzildən istifadə hüququ əldə etmişdir. 2019-cu il tarixdə dövlət mülkiyyətində olan mənzilin özəlləşməsi ilə əlaqədar, mənzil ilk iddia üzrə cavabdehin xüsusi mülkiyyətinə keçmişdir ki, bu hal Mülki Məcəllənin 158.3-cü maddəsinin tələbinə müvafiq olaraq Xəyalə Cəfərovanın həmin mənzildə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün olmamış, onun istifadə hüququ saxlanılmışdır.

24. Lakin işin mübahisəsiz halına əsasən tərəflər arasında ailə münasibətləri pisləşdiyindən, ilk iddia üzrə iddiaçı 2021-ci il tarixdə mübahisəli mənzildən çıxmış və həmin tarixdən etibarən öz valideynlərinə məxsus evdə daimi yaşamağa başlamışdır ki, bununla da ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87.2-ci maddəsinin tələbinə əsasən ilk iddia üzrə iddiaçı mübahisəli mənzilə olan istifadə hüququnu itirmişdir.

25. “AR Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” AR Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, AR Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, AR Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

26. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

27. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin 3 ilə yaxın olan müddətdə mənzildən çıxması, həmin müddətdə mübahisəli mənzilə köçməyə cəhd etməməsi onun həmin mənzildən müvəqqəti deyil, daimi olaraq çıxmasını və öz yaşayış yerini başqa yerdə seçməsini göstərən hal hesab olunur.

28. Bundan başqa, iş materiallarından görünür ki, Xəyalə Cəfərova 2023-cü il tarixdə Cavabdeh qarşı iddia qaldıraraq, mübahisəli mənzildə olan əmlaklarının cavabdehdən alınmasını tələb etmiş, lakin sonradan iddia ərizəsini geri götürməsi ilə iddia ərizəsi baxılmamış saxlanılmış, daha sonra isə hazırkı iddianı qaldırmışdır. Xəyalə Cəfərovanın qeyd olunan hərəkətləri onun mübahisəli evdən daimi çıxmasını təsdiq etməkdədir.

29. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh Xəyalə Cəfərovanın mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etsə də, yuxarıda qeyd olunduğu kimi cavabdehin mübahisəli mənzilə olan istifadə hüququ itirilmiş hesab olunduğundan qarşılıqlı iddiaçının hüquqi marağı, ilk iddia tələbinin təmin olunmamaqla, iddiası üzrə cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilmiş və ya itirilmiş hesab edilməsindən ibarət olmuşdur.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi mövqeyini #.##.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51, 53, 54, 60, və 87.2-ci maddələrinə, “AR Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 1999-cu il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. İddiaçı Xəyalə Cəfərova kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının 2003-cü ildə ünvan 2 9/6, ** saylı mənzilə köçdüyü və 2020-ci ilədək orada yaşaması işin mübahisəsiz halını təşkil edir və iddiaçının mübahisəli mənzilə gəlin köçdüyü zaman mənzil özəl olmamış, order isə qaynanası Mina Cəfərovanın adına qeyd edilmişdir. İddiaçı mübahisəli mənzilə pasport qeydiyyatına alınmaqla mənzildə olan digər ailə üzvləri ilə bərabər mənzil yaşayış və istifadə hüququ yaranmışdır. Mənzil 2019-cu il tarixində əri Cavabdeh adına mülkiyyət hüququ əsasında özəlləşən dövrə qədər o, mənzildə 2003-cü ildən 2020-ci ilə kimi cavabdehin anası ilə birgə təsərrüfat idarə edib yaşamışdır. İş üçün mühüm əhəmiyyət kəsb edən hal məhkəmələrin nəzərindən qaçmışdır. Mənzil əri Cavabdeh xüsusi mülkiyyətinə keçməyənə qədər iddiaçının orada artıq digər ailə üzvləri kimi bərabər mənzil yaşayış hüququ olmuş, mənzilin sonradan özəlləşməsi halında mülkiyyətçi ilə hər hansı bir razılaşmanın olması zəruri olmamışdır. 2020-ci ildə mənzildən (uşaqları əlindən allnaraq qovulmuşdur) çıxarılan zaman ona və uşaqlarına ayrı yerdən mənzil alacağına söz verildiyinə görə gözləmişdir. Bu isə məhkəmələr tərəfindən guya mənzili könüllü tərk etməyi və mənzildə olan əşyalarını da özü ilə apardığına dair yanlış fikrin formalaşmasına zəmin yaratmışdır. Halbuki o, qeydiyyatda olduğu mənzildən bir dəsmal belə götürməmişdir, paltarları belə mənzildə qalmaqdadır. Məhkəmələr yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə AR Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməli olduğu halda bunu nəzərə almamışdır. AR Konstitusiya Məhkəməsi Plenumunun “AR MPMnin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərarında da göstərilmişdir ki, apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən halları nəzərə almamış və nəticədə işə baxılma hədlərində olan maddi və prosessual hüquq normalarına qiymət verməmiş və ciddi prosessual pozuntuya yol vermişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər Ə. Nurməmmədov- sədrlik edən, məruzəçi, A.Abbasov və R. Həsənov) iddiaçı Cəfərova Xəyalə Tofiq qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə # ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

34. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçının cavabdehlə nikaha daxil olub, Sumqayıt şəhər XDS İK-nin ## #### 1977-ci il tarixli qərarı ilə Cavabdeh anası X1 icarəsinə verilmiş mübahisəli mənzilə 2003-cü il tarixdə köçməsi, icarədarla birlikdə yaşayıb, onunla ümumi təsərrüfat apararaq ailə üzvü qismində həmin vaxt qüvvədə olan AR Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələbinə əsasən mənzildən istifadə hüququ əldə etməsi, 2019-cu il tarixdə dövlət mülkiyyətində olan mənzilin özəlləşməsi ilə bağlı ilk iddia üzrə Cavabdeh xüsusi mülkiyyətinə keçməsi ilə AR Mülki Məcəllənin 158.3-cü maddəsinin tələblərinə əsasən Xəyalə Cəfərovanın həmin mənzildə yaşayış sahəsindən istifadə hüququna xitam verilməməsi, onun istifadə hüququnun saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, məhkəmə bu məsələnin həlli zamanı sübutlara AR MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Xəyalə Cəfərovanın 2021-ci il tarixdə mübahisəli mənzildən çıxması və həmin tarixdən etibarən öz valideynlərinə məxsus evdə yaşamağa başlaması kimi hərəkətlərini onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi kimi dəyərləndirməkdə səhvə yol vermiş və bu zaman ##.##.2009-cu il tarixədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 60 və 87.2-ci maddələrinin tələbləri baxımından tərəflərin təqdim etdikləri sübutları düzgün qiymətləndirməmişdir.

36. Apellyasiya məhkəməsinin qənaətinə görə Xəyalə Cəfərovanın 3 ilə yaxın olan müddətdə evdən çıxması, həmin müddətdə mübahisəli mənzilə köçməyə cəhd etməməsi, 2023-cü il tarixdə cavabdehə qarşı iddia qaldıraraq mübahisəli mənzildə olan əmlaklarının Cavabdeh alınmasını tələb etməsi (sonradan iddia ərizəsini geri götürməsi ilə iddia ərizəsi baxılmamış saxlanılması) kimi hallar onun mübahisəli mənzildən müvvəqqəti deyil, daimi olaraq çıxması və öz daimi yaşayış yerini başqa yerdə seçməsi qənaətinə gəlməyə əsas verir. Halbuki, Xəyalə Cəfərovanın daimi yaşayış yeri olan mübahisəli mənzili tərk etməsi cavabdeh əri ilə olan ər-arvad münasibətlərinin sonda nikahın pozulması ilə nəticələnməsi həddində kəskinləşməsi olmuş, o, mənzili könüllü olaraq tərk etməmiş, mənzilin mülkiyyətçisi olan əri ilə birgə yaşamanın mümkünsüz olduğuna görə valideynlərinin evinə getmişdir. Bu zaman onun daimi yaşamaq üçün Sumqayıt şəhərində, yaxud başqa yaşayış məntəqəsində daimi köçməsini təsdiq edən sübutlar, yəni başqa yerdə yaşayış sahəsinin olması, yaxud yaşayış sahəsi əldə etməyə cəhd göstərməsi, Cavabdehla birgə nikah müddətində əldə olunmuş əmlakının və ayrıca əmlakının aparıb hardasa yerləşdirməsi və sair bu kimi halları təsdiq edən sübutlar Cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Xəyalə Cəfərovanın 2023-cü il mübahisəli mənzildə olan əmlaklarının Cavabdeh alınmasını tələbi ilə məhkəmədə iddia qaldırması da onun mübahisəli mənzildən çıxmasının daimi olması anlamına gəlməyə kifayət hesab olunmamalıdır. Çünki apellyasiya instansiyası məhkəməsinin özünün də qeyd etdiyi kimi Xəyalə Cəfərova bu barədə olan iddia ərizəsini geri qaytarılmasını xahiş etmiş, həmin tələb məhkəmədə baxılmamış saxlanılmış, Xəyalə Cəfərova istifadə hüququnun olduğu mübahisəli mənzildə köçürülməsi barədə 3 ilə yaxın müddət ərzində iddia qaldırmamasının səbəbinin cavabdehin onu başqa yaşayış sahəsi ilə təmin etməyə vəd etməsi, bununla da onu aldatması ilə əsaslandırmışdır.

38. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən, iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 2 9/6, ** saylı mənzildən daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və Sumqayıt şəhərində başqa yaşayış sahəsinə köçməsini təsdiq edən kifayət qədər sübutlar olmadan, onun həmin mənzildən istifadə hüququnun itirilmiş hesab olunması barədə iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz.

39. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı qarşılıqlı iddiaçı və cavabdeh Cavabdeh ilk iddiaçı İddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və Sumqayıt şəhərində başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədlərin təqdim olunması təklif edilməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara AR MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

40. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini ##.##.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51, 53, 54, 60, 87.2-ci, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə, “AR Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” AR Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Rəhimli - sədrlik edən, məruzəçi, A.Süleymanova və F.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş yeni qətnamə çıxarılmaqla, Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının Cavabdeh qarşı ilk iddiasının təmin edilməsi, Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızının Cavabdeh məxsus olan ünvan 2 9/6 ünvanında yerləşən ** nömrəli mənzilə köçürülməsi, Cavabdeh Cəfərova (Ələkbərova) Xəyalə Tofiq qızına qarşı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Xəyalə Cəfərova order əsasında qayınanasına məxsus olan mənzilə 2003-cü ildə köçürüldüyündən, onun mübahisəli mənzilə ##.##.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə əsasən istifadə hüququ yaranmışdır.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Xəyalə Cəfərovanın 2021-ci ildə mübahisəli mənzildən çıxması və həmin tarixdən etibarən öz valideynlərinə məxsus evdə yaşamağa başlaması kimi hərəkətləri onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi, mübahisəli mənzildən daimi olaraq çıxması və istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz.

44. Belə ki, işin hallarına görə Xəyalə Cəfərovanın daimi yaşayış yeri olan mübahisəli mənzili tərk etməsi cavabdeh əri ilə olan ər-arvad münasibətlərinin sonda nikahın pozulması ilə nəticələnməsi həddində kəskinləşməsi olmuş, o, mənzili könüllü olaraq tərk etməmiş, mənzilin mülkiyyətçisi olan əri ilə birgə yaşamanın mümkünsüz olduğuna görə valideynlərinin evinə getmişdir.

45. Digər tərəfdən, məhkəmə araşdırılması zamanı Cavabdeh tərəfindən Xəyalə Cəfərovanın daimi yaşamaq üçün başqa yaşayış yerinə daimi köçməsi, başqa yerdə yaşayış sahəsinin olması kimi halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

46. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 43.1-ci, habelə ##.##.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51, 53, 54, 60, 87.2-ci, MPMin 14.2, 77.1, 217.3, 217.4, 384.0.2, 385.1.1-385.1.4, 420-ci maddələrinə, “AR Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” AR Konstitusiya Məhkəməsi Plenumunun ## #### 1999cu il tarixli qərarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

47. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı evin əvvəlki mülkiyyətçisindən (Cavabdeh anasından) AR Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən qeyd edilən evin mülkiyyətçisinin digər qohumu hesab edilmir. Odur ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, onun göstərilən evə köçürülməsinə dair iddia tələbi də təmin edilə bilməzdi. Digər tərəfdən AR Mülki Məcəllənin 228.2-ci maddəsinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən qeyd edilən evin mülkiyyətçisi ilə iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da iddiaçının qeyd edilən evdən istifadə hüququ yaranmadığından, evə köçürülməyə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı evdən getməsi öz istəyi ilə yox iddiaçının onu evdən qovması ilə bağlı olmuşdur. Ancaq iddiaçı İddiaçı 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi ray, Novxanı ərazisi *** saylı bağ ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda mübahisəli mənzilə köçməsi barədə Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırıb. İddiaçının məhkəməyə bəyan etdiklərinin bir çoxu yalandan ibarətdir. İlk olaraq Cavabdeh İddiaçı evdən qovmamış, özü çıxıb getmiş və boşanma üçün məhkəməyə ərizəni İddiaçı vermişdir. Nikahın pozulması haqqında iddia ərizəsində qeyd olunur ki, Cavabdehla xasiyyətimiz uyğun gəlmir və bu səbəbdən boşanmaq istəyir. Yəni 2023cü ilə kimi mənzil və fərdi yaşayış evinə köçürülmə barədə iddia ərizələri verənə kimi evdən öz istəyi ilə getdiyini bildirib. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin 39-cu bəndində qeyd edilir ki, iddiaçı valideynlərinə məxsus yaşayış sahəsində artıq 3 ildir yaşamaqla yaşayış sahəsinə olan ehtiyacını qarşılayır. Ancaq Sumqayıt Apellyasiya Məhkəməsi bu halı nəzərə almayıb və şəxs yaşayış sahəsini daimi yaşamaq üçün tərk etdiyi halda məhkəmə bunu əsassız olaraq nəzərə almayıb. Əgər daimi tərk etməmişdirsə və nikahın pozulması haqqında ərizədə yalnız xasiyyətlərinin uyğun gəlmədiyini bildirmişdirsə nə üçün 3 il sonra mənzilə köçürülmə haqqında iddia ilə müraciət edirdi halına məhkəmə sadəcə sözlə Xəyalə Cəfərovanın verdiyi yalan bəyanı əsas götürüb. Başqa bir sübutla bu halı araşdırmayıb. Halbuki tərəflər arasında olan bütün mübahisələr üzrə sənədlərə diqqət yetirmiş olsaydı o, zaman görərdi ki, İddiaçı məhkəməni aldadır. Çünki o məhkəməyə təqdim etdiyi ərizədə yalan bəyan edərək qeyd edir ki, övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsini istəyir. Ərizədə qeyd edir ki, cavabdeh qərəzli olaraq onu uşaqları ilə birlikdə həmin ünvana buraxmır. Halbuki uşaqlar 2022-ci il tarixli məhkəmə qərarı ilə Cavabdeh himayəsinə verilmiş və uşaqlarla birlikdə mübahisəli mənzildə yaşayır. İddiaçı qeyd edilən iddiaları qaldırmaqda məqsədi Cavabdeh qisas almaq və həmçinin ondan pul almaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsində qeyd edilir ki, İddiaçı qeyd edir ki, onun əşyalarının çoxu bağ evində qalıb. Ancaq hazırkı iddia üzrə isə qeyd edir ki, əşyaları mübahisəli mənzildə qalıb. 3 il orada yaşamadığı halda 3 il sonra kimlərinsə yönləndirilməsi ilə yalan bəyanlar etməklə məhkəməni yanıltmağa çalışıb. Məhkəmə bu halları dəqiqliklə araşdırmadan yekun nəticəyə gəlib. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsində Cavabdeh məhkəmədə bildirib ki, İddiaçı uşaqlarla birlikdə evi tərk etmişdir. Cavabdeh ailənin bərpa olunacağına ümid etdiyi üçün həmin vaxt etiraz etməyib. Daha sonra uşaqlar ata ilə qalmaq istədiklərini bildiriblər. Məhkəmə qətnaməsi ilə uşaqlar Cavabdeh himayəsinə verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi bu iddianı təmin edərkən uşaqların mənafeyini nəzərə almayıb. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsində 14 yaşlı birgə nikahdan doğulan Zəhra Cəfərova qeyd edib ki, anası ona sevgi və qayğı göstərmir. Psixoloji ekspertiza rəyində qey edilir ki, Cavabdeh tərəfindən uşaqlara hər hansı təsir edilməyib. 14 yaşlı bir uşaq anası ilə yaşamaq istəmədiyini bildirib və indi heç bir əsas olmadan 4 ildir nikahları pozulmuş şəxsin evə köçməsinə qərar verməklə uşaqların da hüquqlarını pozmuşdur. Artıq bu üç şəxsin 3 ildən çoxdur birgə yaşadığı bir evə İddiaçı gələcək və bu hal uşaqların ailə olmayan valideynləri arasında ola biləcək davalara şahid etməsinə şərait yaradacaq. İddiaçı ana kimi övladlarının qayğısına qalmamış və yalnız özünün mənafeyinə uyğun olan iddialar qaldırmışdır. Bu iddiaların bir çoxu da əsassız olduğu üçün məhkəmələr tərəfindən təyin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi qətnaməsində qeyd edir ki, iddiaçının 3 il sonra iddia qaldırmasına səbəb guya Cavabdeh onu ayrı evə köçürməsinə inanması olub. Cavabdeh usta olan bir şəxsdir və yeni ev almağa imkanı olmadığını İddiaçı bilirdi və həmçinin onun bu əsasız iddiası ilə bağlı məhkəməyə hər hansı sübut (yazışma, səs yazısı və sair) təqdim etmədiyi halda, məhkəmə hansı əsasla onun bəyananı əsas götürüb qətnamə çıxarmaqla bu hissəni öz qətnaməsində əsaslandırmayıb. Digər tərəfdən məhkəmə tərəfindən hər hansı müddət müəyyən edilməyib. Bu Cavabdeh şəxsi həyatına müdaxilədir. Belə ki, şəxs keçmiş həyat yoldaşı ilə bir evdə yaşamağa məcbur edilir və bu onun Konstitusiya və Avropa Konvensiyasında nəzərdə tutulmuş mülkiyyət və şəxsi həyata hörmət hüququnun da pozuntusudur. Məhkəmə tərəfindən ehtiyacın nə zaman ödəniləcəyi ilə bağlı müddət də müəyyən edilməyib. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin məzmunundan görünür ki, məhkəmə tərəfindən iş hərtərəfli və tam şəkildə araşdırılmayıb. Çünki məhkəmə faktiki halları araşdırmayıb və işə formal baxıb.

Kassasıya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq ##.##.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsi

50. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan Respublikasının Nazirlər Soveti təsdiq edir.

51. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

52. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

53. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

54. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

“AR Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarı

55. “AR Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir...”

AR Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

66. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

67. Cavabdeh Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

68. Belə ki, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhər XDS İK-nin ## #### 1977-ci il tarixli qərarı ilə mübahisəli mənzil Cavabdeh anası Mina Cəfərova və onun ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmiş və sonradan Mina Cəfərova ölmüşdür. ##.##.2003-cü il tarixdə Cavabdeh Xəyalə Cəfərova ilə nikaha daxil olmuş, sonuncu həmin tarixdən sözügedən mənzilə gəlin köçmüş və onların birgə nikahından həmin mənzildə iki uşaqları doğulmuşdur. ##.##.2019-cu il tarixdə mənzil mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlar cavabdeh Cavabdeh yanında saxlanılmışdır. ##.##.2020-ci il tarixdə Xəyalə Cəfərova qeyd olunan mənzilə qeydiyyata düşmüşdır və son 3 ildir ki, mənzildə yaşamır.

69. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Xəyalə Cəfərova order əsasında qayınanasına məxsus olan mənzilə 2003-cü ildə köçürüldüyündən, onun mübahisəli mənzildən istifadə hüququ ##.##.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə əsasən əmələ gəlmişdir.

70. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Xəyalə Cəfərovanın 2021-ci ildə mübahisəli mənzildən çıxması və həmin tarixdən etibarən öz valideynlərinə məxsus evdə yaşamağa başlaması kimi hərəkətləri onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi və mübahisəli mənzildən daimi olaraq çıxması və istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz.

71. Belə ki, işin hallarına görə Xəyalə Cəfərovanın daimi yaşayış yeri olan mübahisəli mənzili tərk etməsi cavabdeh əri ilə olan ər-arvad münasibətlərinin sonda nikahın pozulması ilə nəticələnməsi və həddində kəskinləşməsi olmuş, o, mənzili könüllü olaraq tərk etməmiş, mənzilin mülkiyyətçisi olan əri ilə birgə yaşamanın mümkünsüz olduğuna görə valideynlərinin evinə getmişdir.

72. Digər tərəfdən, məhkəmə araşdırılması zamanı Cavabdeh tərəfindən Xəyalə Cəfərovanın daimi yaşamaq üçün başqa yaşayış yerinə daimi köçməsi, başqa yerdə yaşayış sahəsinin olması kimi halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

73. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar