Məhkəmə qərarları › İş №2(1-8)-380/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-380/2026

15.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-380/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr, torpaq sahəsindən çıxarılma və maneələrə son qoyulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maneələrə son qoyulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ************ reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə, ##.##.2019-cu il qeydiyyat tarixdə, ** nömrəli reyestr kitabın ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, A seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, 0,76 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir.

3. Torpağa mülkiyyət hüququna dair JN-589 KOD ******** nömrəli Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il # ###### tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Balakən rayonu Tülü kəndi ərazisində yerləşən 0,95 ha torpaq sahəsi Cavabdeh, X3, X9, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil2 İlham oğlu cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Balakən rayonu Tülü kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, Balakən rayonu Tülü kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən rayon Dövlət notariat kontoru tərəfindən rəsmiləşdirilmiş ## ###### 2006-cı il tarixli 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən, Balakən rayonu Tülü kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı tərəfindən alınmış, torpaq sahəsi naturada iddiaçıya tanıdılmış, iddiaçı həmin vaxtdan mübahisəli torpaq sahəsindən istifadə etməyə başlamışdır. 2003-cü ildə mübahisəli torpaq sahəsinin qonşu sərhədində mülkiyyətçi olan cavabdeh torpaq sahələrinin sərhəd nöqtələrində dəyişiklik etmiş, tərəflər arasında olan hasarı sökmüşdür. Bundan sonra, sərhəd nöqtələri üzərində tərəflər arasında mübahisələr yaranmış, lakin öz həllini tapmamışdır. ## #### 2019-cu il tarixdə iddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmış, adına RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilərək torpaq sahəsi naturada təkrar olaraq iddiaçıya tanıdılmış, torpaq sahəsinin naturada yerləşmə vəziyyəti A seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində öz əksini tapmışdır. Torpaq sahəsi təkrar olaraq naturada tanıdıldıqdan sonra iddiaçı tərəfindən cavabdehə müraciət edilmiş, cavabdehə məxsus torpaq sahəsinin də naturada müəyyən edilməsi sonuncuya təklif edilmiş, əks təqdirdə iddiaçıya məxsus torpaq sahəsindən çıxması təklif olunmuş, buna baxmayaraq cavabdeh bundan imtina etmiş, nəticədə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin # #### 2023-cü il tarixli №**/*** nömrəli ekspert rəyində göstərilir ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi ************ olan, ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il qeydiyyat tarixli Çıxarışla İddiaçı mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Tülü kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.6456 ha olmaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərlə qismən üst-üstə düşür. Qərardadın 2-ci sualı üzrə: JN-589 KOD ******** nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Cavabdeh, X2, X7, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndi ərazisində yerləşən 0,95 ha torpaq sahəsinin mübahisəli həmin JN-*** nömrəli Aktın 589 W cizgisində göstərilən 0,56 ha torpaq sahəsinin naturada ölçüləri 0,6744 ha olmaqla hüquqmüəyyənedici sənədlərlə qismən üst-üstə düşür. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi ************ olan, ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il qeydiyyat tarixli Çıxarışla İddiaçı mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Tülü kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN-589 KOD ******** nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il # ###### tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Cavabdeh, X2, X7, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndi ərazisində yerləşən 0,95 ha torpaq sahəsi üst-üstə düşmür. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi ************ olan, ********** qeydiyyat nömrəli, ##.##.2019cu il qeydiyyat tarixli Çıxarışla İddiaçı mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Tülü kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1144 ha hissəsi (TEKUİS) məlumat bazasına əsasən cavabdeh Cavabdeh tərəfindən istifadə edilir. Mübahisələndirilən torpaq sahələrinin naturada və elektron baza məlumatlarına əsasən yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.

7. Məhkəmə tərəfindən iş üzrə mütəxəssislər cəlb edilməklə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2024-cü il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə ##.##.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın 1-ci sualı üzrə: İddiaçı mülkiyyət hüquqları qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ************ olan, ********** qeydiyyat nömrəli ##.##.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən ##.##.2019-cu il tarixdə tərtib edilmiş AN****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarına əsasən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Cavabdeh tərəfindən 0,1248 ha hissəsi istifadə edilir. Yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir. Qərardadın 1-ci sualı üzrə: İddiaçı mülkiyyət hüquqları qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ************ olan, ********** qeydiyyat nömrəli ##.##.2019cu il qeydiyyat tarixli çıxarışa əsasən ##.##.2019-cu il tarixdə tərtib edilmiş AN****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarına əsasən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Cavabdeh tərəfindən 0,1248 ha hissəsi istifadə edilir. Yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir. Qərardadın 2-ci sualı üzrə: İddiaçı mülkiyyət hüquqları qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ************ olan,********** qeydiyyat nömrəli ##.##.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən ##.##.2019-cu il tarixdə tərtib edilmiş AN****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları (TEKUİS) elektron baza məlumatlarına uyğun deyildir. Yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir.

8. Balakən Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)- **/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin edilmiş, cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, ********** qeydiyyat, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, iddiaçının mülkiyyətinə verilmiş 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1248 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş * nömrəli yerquruluşu planı uyğun) çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, ********** qeydiyyat, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Balakən rayonu Tülü kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, iddiaçının mülkiyyətindədir. Cavabdeh sözügedən torpaq sahəsinin 0,1248 ha hissəsini qanunsuz olaraq zəbt etməklə həmin ərazidən faktiki olaraq istifadə edir. Nəticədə iddiaçı həmin 0,1248 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edə bilməmişdir. Mülkiyyət hüququ pozulduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə işin hallarını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, ********** qeydiyyat, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisələndirilən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını, cavabdehin həmin torpaq sahəsinin 0,1248 ha hissəsini heç bir hüququ olmadan zəbt etməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Tülü kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,1248 ha hissəsindən çıxarılmalıdır.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 238.1, 238.3-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli ** saylı qərarı ilə Cavabdeh və onun ailə üzvləri olan X3, X4, X9 və X6 Balakən rayonu Tülü kəndi ərazisindən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 589 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. JN 589 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsi iki müxtəlif ərazilərdən verilmişdir. İslahat nəticəsində torpaq sahələri verilərkən onların sərhədləri naturada tanıdılmış, ətraflarına mərz nişanları çəkilmiş və həmin ərazidə yerləşən hər bir şəxs bundan sonra onlara verilmiş və göstərilmiş torpaq sahəsindən bugünədək istifadə edirlər. JN 589 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 589W planşet nömrəsində göstərilən, sahəsi 5.617,56 kv.m. torpaq sahəsində Cavabdeh fındıq ağacları əkmiş və hazırda həmin ərazi intensiv bar verən fındıq bağıdır. İddiaçı İddiaçı mübahisələndirdiyi ərazi isə JN 589 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 589 W planşet nömrəsində göstərilən sahəsi 5.617,56 kv.m. torpaq sahəsinə bitişik ərazidə yerləşir. JN 589 KOD40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 589W planşet nömrəsində göstərilən sahəsi 5.617,56 kv.m. torpaq sahəsinə bitişik 588W planşet nömrəsində göstərilən ərazi X1 məxsus olmuş torpaq sahəsi yerləşir. 2003-cü ildə X1 ona məxsus olan 0,76 ha torpaq sahəsini iddiaçı İddiaçı satmışdır. 2019-cu ildə isə iddiaçı özünə məxsus olan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırkı iddia məhkəməyə verildikdən sonra cavabdeh onun mülkiyyətinə verilmiş faktiki istifadəsində olan 0,56 ha torpaq sahəsinin JN 589 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 589W planşet nömrəsində göstərilən plana-cizgiyə uyğun torpaq sahəsinin ölçü və koordinatlarında uyğunsuzluq olub-olmaması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə müraciət etmiş və həmin müraciəti əsasında cavabdehin və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş onların faktiki istifadəsində olan 0,56 ha torpaq sahəsi ilə sənəd üzrə (müvafiq JN 589 KOD40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı) olan torpaq sahəsinin ölçü və koordinatlarında uyğunsuzluq olmamışdır. Balakən Rayon Məhkəməsi tərəfindən iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, birinci ekspertiza zamanı məlum olmuşdur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ************ olan, ********** qeydiyyat nömrəli ##.##.2019-cu il qeydiyyat tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları qeydə alınmış, Balakən rayonu, Tülü kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.6556 ha olmaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərlə qismən üst-üstə düşür. 2. JN589 KOD******** nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Cavabdeh, X3, X9, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu, Tülü kəndi ərazisində yerləşən 0,95 ha torpaq sahəsinin mübahisəli həmin JN-*** nömrəli Aktın 589W cizgisində göstərilən 0,56 ha torpaq sahəsinin naturada ölçüləri 0.6744 ha olmaqla hüquq müəyyənedici sənədlərlə üst-üstə düşür. Daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ************ olan, ********** qeydiyyat nömrəli##.##.2019-cu il qeydiyyat tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu, Tülü kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN-589 KOD ******** nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Balakən Rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 07dekabr tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Cavabdeh, X3, X9, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu, Tülü kəndi ərazisində yerləşən 0,95 ha torpaq sahəsi üst-üstə düşmür. Daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ************ olan, ********** qeydiyyat nömrəli ##.##.2019-cü il tarixdə çıxarışla İddiaçı mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Tülü kəndində yerləşən, 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1144 ha hissəsi (TEKUİS) məlumat bazasına əsasən cavabdeh Cavabdeh tərəfindən istifadə edilir. Mübahisələndirilən torpaq sahələrinin naturada və elektron baza məlumatlarına əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Qeyd: Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işlərində həmin mübahisəli ərazidə yerləşən iddiaçı və cavabdehin torpaq sahələri pay normalarına uyğun olaraq dürüstləşdirilərək (TEKUİS) məlumat bazasında öz əksini tapmışdır.

14. Bundan sonra cavabdeh tərəf məhkəməyə vəsatət verərək göstərmişdir ki, mütəxəssis rəyi ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinin iddiaçının adına tərtib olunmuş Plan və ölçü sənədi ilə onun mülkiyyəti kimi göstərilən torpaq sahəsinin üst-üstə düşməsi halı müəyyən edilməmiş, çıxarışa əsasən deyil, yalnız (TEKUİS) Elektron baza məlumatlarına əsasən 0,11 ha torpaq sahəsindən cavabdehin istifadə etməsi müəyyən edilmişdir. Belə olan halda isə iddiaçıya məxsus çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının (TEKUİS) Elektron baza məlumatlarına uyğun olub-olmaması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın koordinatlarına əsasən iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilib-edilməməsinin aydınlaşdırılmasını məhkəmədən xahiş etmiş, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, # ######## 2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyət hüquqları qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ************ olan, ********** qeydiyyat nömrəli ##.##.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən ##.##.2019-cu il tarixdə tərtib edilmiş AN ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarına əsasən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Cavabdeh tərəfindən 0,1248 ha hissəsinin istifadə edilməsi,(Yerquruluşu planı-1), İddiaçı mülkiyyət hüquqları qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ************ olan ********** qeydiyyat nömrəli ##.##.2019-cu il tarixli çıxarışa əsasən ##.##.2019-cu il tarixdə tərtib edilmiş AN ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının (TEKUİS) Elektron baza məlumatlarına uyğun olmaması müəyyən edilmişdir. (Yerquruluşu Planı-2).

15. Lakin birinci ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işlərində həmin mübahisəli ərazidə yerləşən iddiaçı və cavabdehin torpaq sahələri pay normalarına uyğun olaraq dürüstləşdirilərək (TEKUİS) məlumat bazasında öz əksini tapmışdır.

16. Buradan belə nəticə hasil olur ki, iddiaçıya məxsus olan reyestr nömrəsi ************ olan ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın koordinatları mülkiyyətçinin faktiki istifadə vəziyyətinə uyğun deyildir. Belə ki, mütəxəssis rəyinə əsasən İddiaçı tərəfindən onun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın koordinatlarına uyğun iddiaçı torpaq sahəsindən istifadə etmir, həmin çıxarışın koordinatlarının bir hissəsi yol ərazisinə, bir hissəsi cavabdehin istifadəsində olan torpaq sahəsinə, bir hissəsi digər qonşunun istifadəsində olan torpaq sahəsinə düşməklə faktiki istifadəsində 0.6556 ha torpaq sahəsinin olduğu müəyyən edilir. Göründüyü kimi iddiaçının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın koordinatları torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun deyildir, iddiaçının özü də faktiki olaraq başqasına məxsus olan torpaq sahəsinin bir hissəsindən istifadə edir.

17. Hesab edir ki, iddiaçı tərəfindən onun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda göstərilən torpaq islahatı zamanı verilmiş pay torpağında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar, yəni sərhəd, yerləşmə və konfiqurasiya fərqləri aradan qaldırılmalıdır ki, bu da hazırkı məhkəmənin predmeti deyildir. Belə ki, həmin mübahisəli ərazidə yerləşən iddiaçı və cavabdehin torpaq sahələri pay normalarına uyğun olaraq dürüstləşdirilərək (TEKUİS) məlumat bazasında öz əksini tapdığına görə iddiaçı ona məxsus olan 0,76 ha torpaq sahəsinin plan ölçü sənədində cari dəyişiklik etməklə torpaq sahəsinin koordinatlarını (TEKUİS) elektron məlumat bazasında uyğunlaşdırmaqla torpaq sahəsinin yeni plan ölçü sənədi aldıqdan sonra torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəmədə iddia qaldıra bilərdi. Hazırkı halda isə bu imkan iddiaçı tərəfindən itirilmişdir.

18. Bundan əlavə birinci və ikinci ekspert rəylərində cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahələrindən qanunsuz istifadə ilə bağlı torpaq sahələrinin ölçüləri arasında fərqlər vardır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,1248 ha, TEKUİS elektron xəritələrinə əsasən isə 0,1144 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamışdır. Göründüyü kimi bir iş üzrə iki ayrı ekspert tərəfindən verilmiş ekspert rəyləri arasında kifayət qədər ziddiyyətlər vardır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə işin həlli ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, cavabdeh tərəfindən təqdim edilmiş sübutları araşdırmamış, ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığı halda, ekspert rəyini MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə digər sübutlarla yanaşı qiymətləndirməmişdir.

19. Məhkəmə kollegiyası tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən ## #### 2025-ci il tarixdə verilmiş *-**-*-**/*****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyət hüquqları qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ************ olan, ********** qeydiyyat nömrəli ##.##.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən ##.##.2019-cu il tarixdə tərtib edilmiş AN ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarına əsasən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Cavabdeh tərəfindən 0,1248 ha hissəsi istifadə edilir. (Yerquruluşu planı-1).

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elman İsayev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin # ##### 2025-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı # ###### 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin məlumatda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri apardıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır.

22. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 238.1, 238.3-cü, Torpaq Məcəlləsinin 82, 84, 111-ci və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci və ikinci ekspert rəylərində cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahələrindən qanunsuz istifadə ilə bağlı torpaq sahələrinin ölçüləri arasında fərqlər vardır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,1248 ha, TEKUİS elektron xəritələrinə əsasən isə 0,1144 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,1248 ha, TEKUİS elektron xəritələrinə əsasən isə 0,1144 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edildiyi, mübahisəli ərazidə yerləşən iddiaçı və cavabdehin torpaq sahələri pay normalarına uyğun olaraq dürüstləşdirilərək (TEKUİS) məlumat bazasında öz əksini tapdığına görə bu istiqamətdə araşdırma aparmamış, iddiaçıya məxsus hüquqmüəyyənedici sənədin onun faktiki istifadəsinə uyğun olmadığı, eyni zamanda mülkiyyət sənədini verən inzibati orqanın həmin mülkiyyət hüququnu təsdiq edən sənədin koordinatlarını düzgün müəyyən etmədiyi, Azərbaycan Respublikası Prezidentinin 0# #### 2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işlərində həmin mübahisəli ərazidə yerləşən iddiaçı və cavabdehin torpaq sahələri pay normalarına uyğun olaraq dürüstləşdirilərək (TEKUİS) məlumat bazasında öz əksini tapdığı halda, işin bu halları üzrə araşdırma aparmadan iddianı əsassız olaraq 0,1248 ha hissədə təmin etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

26. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29 (hissə IV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

29. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

33. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.

34. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

35. Maddə 68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

36. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

37. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

38. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

39. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

40. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

49. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

59. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar