Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-384/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; sübutetmə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Balakən Rayon Aqrar Islahat Komissiyasının 1998-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə İddiaçı, X4, X5 və X6 ümumi birgə mülkiyyətinə Balakən rayonu Ititala kəndi ərazisindən 2.26. ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
3. Balakən Rayon Aqrar Islahat Komissiyasının 1998-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə Cavabdeh, X3, X1 və X2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Ititala kəndi ərazisindən 2.02. ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 0.74 ha hissəsindən çıxarılması, onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, cavabdehin torpaq sahəsindən istifadə edilməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsindən 0.74 ha hissəsi həmin torpaq sahəsinin qonşuluğunda yerləşən torpağın mülkiyyətçisi olan cavabdeh Cavabdeh tərəfindən istifadə olunur. Bununla bağlı ona və ailə üzvlərinə dəfələrlə şifahi müraciətlər edilmişdir.Cavabdeh isə 0.74 ha torpaq sahəsindən çıxmaq istəmir. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlara şifahi qaydada müraciət edilmiş, lakin mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur.
6. Cavabdeh izahatda bildirmişdir ki, iddiaçının deyil, özünə məxsus torpaq sahəsindən istifadə edir. Odur ki, iddia rədd olunmalıdır.
7. Mütəxəssis rəyi və onun əsasında tərtib olunmuş ekspert rəyində qeyd olunmuşdur ki, həmin ərazidə olan torpaq sahələrinin mülkiyyətçilərinin naturada istifadə etdikləri torpaq sahələri ilə sənədlərdə göstərilən cizgilər üst-üstə düşmür, hər iki tərəfə məxsus torpaq sahələrinin naturada ölçüləri hüquqmüəyyənedici sənədlərlə uyğun deyil, o cümlədən, uyğunsuzluqlara görə cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 0.74 ha hissəsindən hansı ölçüdə və hansı hissədə istifadə etdiyini müəyyən etmək mümkün olmamışdır.
8. Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tаrixli, e-2(019)-6/2025 qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: H.Səlimov).
9. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, iddiaçı onun torpaq sahəsinin bir hissəsini cavabdehin istifadə etdiyini, bununla da onun hüquqlarının pozulduğunu iddia etsə də, bunları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Iş üzrə alınmış ekspert və mütəxəssis rəyləri ilə də belə halın mövcudluğu inkar olunmuşdur.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10.Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 11.Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. 12.Iddiaçı izahatında bildirmişdir ki, X9 X15 məlumatlar təhrif edilmişdir. Belə ki, onların mülkiyyətində olan torpaq sahəsinin həcmi daha az göstərilmişdir ki, bu da həmin məlumatlara istinad edərək rəy verən mütəxəssislərin gəldiyi nəticənin doğru olmadığı qənaətinə gəlməyə əsas verir. 13.Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: E.Hüseynov - sədrlik edən və məruzəçi, Z.Sadıqov və Ə.Kərimov). 14.Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq bildirmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli ilə “Azərbaycan Respublikasında X9 X10 yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ##### tarixli sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X9 X10 yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin “Qaydalar” və “Tədbirlər planı”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadələrində olan, eyni zamanda torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə respublika ərazisində vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrində çöl-ölçmə işləri aparılması və ölçmə işlərinin nəticəsində X9 X10 (TEKUIS) yaradılması təmin edilmiş və ölkə üzrə ərazi vahidləri üzrə torpaq sahələrində elektron uçot xəritələrində dürüstləşmə işləri aparılmışdır. Yuxarıda sözü gedən “Qaydalar” və “Tədbirlər planı”na uyğun olaraq ərazi vahidləri üzrə dürüsləşmə işləri aparıldıqdan sonra vətəndaşların mülkiyyətinə verilmiş pay torpaq sahələrində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla elektron uçot xəritələrinə uyğun texniki sənədləri (plan-ölçü) tərtib olunur. Hazırkı işdən aydın olur ki, adıçəkilən “Qaydalar” və “Tədbirlər planı”na uyğun olaraq Balakən rayonu Ititala kəndi üzrə dürüstləşmə işləri aparılmış və iddiaçı və cavabdehin ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinin sərhədləri və koordinatlarına dair məlumatlar həmin torpaq sahələrində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla TEKUIS məlumat bazasına işlənmişdir.Iddiaçının və cavabdehin ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələrinin sərhədləri və koordinatlarına dair məlumatlar TEKUIS məlumat bazasında olsa da, tərəflər buna uyğun yeni sənədləri əldə etməmişlər. Yəni tərəflərin mülkiyyətində olan torpaq sahələrinə veriləcək yeni hüquqmüəyyənedici sənədlərdəki məkan göstəriciləri barədə məlumatlar TEKUIS məlumat bazasına edilmiş düzəlişlərə əsasən qeyd olunacaq.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
15.Iddiaçı (vəkil:nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 16.Kassasiya şikayətinin dəlili iddiaçının apellyasiya icraatı zamanı izahatında bildirdiyi dəlillə eyni məzmunda olmuşdur .
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17.Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 20.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 21.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 22.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 23.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
24.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 25.Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 27.Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı onun torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunu, bununla da onun hüquqlarının pozulduğunu bildirsə də, bu halı mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Iş üzrə alınmış ekspert və mütəxəssis rəyləri ilə iddiaçının istinad etdiyi hal öz təsdiqini tapmamışdır. 28.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 29.Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu dəlilə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və kassasiya kollegiyası bununla razılaşır. 30.O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 31.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 32.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 33.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.