Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-391/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və cavabdeh4 qarşı ilk, cavabdeh1 və cavabdeh4 İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ Açar sözlər: qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi ilə bağlı mübahisələr, mülkiyyət hüququna müdaxilənin zəruri və mütənasib olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və cavabdeh4 qarşı “mənzilə mülkiyyət hüququna xitam verilməsi, cavabdehlərin ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən çıxarılması, kompensasiya verilməsi” tələbinə dair ilk, cavabdeh3, cavabdeh2, cavabdeh1 və cavabdeh4 İddiaçı MMC-yə qarşı “zərər və kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat Idarəsinin 2002-ci il # #### tarixli Qeydiyyat vəsiqəsinə görə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 362.4 kv.m, yaşayış sahəsi 173.7 kv.m olan fərdi yaşayış evinin üzərində cavabdeh4 mülkiyyət hüququ qeydiyyata alınmışdır.
2. Sonradan həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda evin ümumi sahəsi 279.3 kv.m (yaşayış sahəsi 173.7 kv.m, yardımçı sahəsi 105.6 kv.m olmaqla) qeyd olunmuş və evin 1/6 hissəsi üzərində X1 (##.##.2011-ci ildə), 2/6 hissəsi üzərində X2 (##.##.2009-cu ildə), 2/6 hissəsi üzərində cavabdeh4 (##.##.2009-cu il tarixdə) və 1/6 hissəsi üzərində X3 (##.##.2009-cu ildə) mülkiyyət hüququ qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Icra Hakimiyyətinin Başçısının 2022-ci il # ###### tarixli *** nömrəli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ilqar ismayılov, Cəlil Məmmədquluzadə, Ibrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad Ibrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.
4. Bakı şəhəri Icra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış 2023-cü il # ###### tarixli **** nömrəli Torpaq icarə müqaviləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin İddiaçı MMC-yə ayrılmış 4,32 ha torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgilər əlavə edilmişdir.
5. Bununla əlaqədar olaraq İddiaçı MMC ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçiləri X1, X2 və X3 hər biri ilə ayrı-ayrılıqda müqavilələr bağlanmış, X1 71 kv.metr sahəyə görə 85 kv.m sahəlik tam təmirli yeni mənzil verilməsi və ona 450 manat kirayə haqqı ödənilməsi, X2 143 kv.m sahəyə görə 175 kv.m sahəli tam təmirli yeni mənzil verilməsi və ona 550 manat kirayə haqqı ödənilməsi, X3 41,7 kv.metr sahəyə görə tam təmirli 50 kv.m sahəli tam təmirli yeni mənzil verilməsi və 500 manat kirayə haqqı ödənilməsi barədə tərəflər razılığa gəliblər.
6. Lakin yaşayış evinin 2/6 hissəsi üzərində mülkiyyət hüququ olan cavabdeh4 ilə İddiaçı MMC arasında evin sökülməsi ilə bağlı razılıq əldə edilməmiş və hazırkı mübahisə yaranmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və cavabdeh4 (bundan sonra – cavabdehlər və ya ad, soyad) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh4 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə (bundan sonra mübahisəli mənzil) dair mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 mübahisəli mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad Ibrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 175,80 kv.m olan 1 ədəd yeni təmirli mənzilin cavabdeh cavabdeh4 verilməsi, mənzil təhvil verilənədək iddiaçı tərəfindən cavabdeh cavabdeh4 hər ay cəmi 700 manat məbləğində kirayəyə görə kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdehlərin vəziyyətini yaxşılaşdırması əsası ilə məhkəmə mülki işin baxış mərhələsində olmasına baxmayaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etmişdir.
9. cavabdeh3, cavabdeh2, cavabdeh1 və cavabdeh4 İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə məhkəməyə müraciət edərək, 25.000 manat zərər və 2.000.000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər (##.##.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə əsasında).
10. Iddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunmamasını xahiş etmişdir.
11. Cavabdehlər cavabdeh2 və cavabdeh1, həmçinin, cavabdeh4 vəkili və nümayəndəsi vəkil2 məhkəmə iclasında iştirak edərək, ilk iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etmişdirlər.
12. Məhkəmə araşdırması zamanı yaşayış evinin sahəsi ilə bağlı mübahisə yaranmış və məhkəmə tərəfindən fərdi yaşayış evinin sahəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024cü il # #### tarixli **/****-*/**** nömrəli ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlərin faktiki istifadəsində olan hissəsinin daxili parametrləri (içdən-içə, zirzəmi və köməkçi tikililər daxil olmaqla) üzrə sahəsi 146,2 kv.m, xarici parametrlər üzrə (çöldən-çölə) sahəsi 180 kv.m, həyətyanı sahə isə 43.4 kv.m müəyyən edilmişdir.
13. “xxxx” MMC-nin 2024-cü il ## ###### tarixli **-***/** nömrəli rəyi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 263.000 manat, 1 aylıq kirayə haqqı 600 manat müəyyən olunmuşdur.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.A.Əlizadə) 2025-ci il # ##### tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, cavabdeh cavabdeh4 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin ev tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə iddiaçı İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad Ibrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 175,80 kv.m olan 1 ədəd yeni təmirli mənzil cavabdeh cavabdeh4 verilməsi, mənzil təhvil verilənədək MMC tərəfindən cavabdeh4 hər ay cəmi 700 manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması, 100 manat məbləğində ekspertiza xərcinin 50 manat hissəsinin iddiaçı “xxxx” MMC-dən, 50 manat hissəsinin isə cavabdehlərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, müəyyən edildiyi kimi, fərdi evlərdə yaşayan sakinlərin köçürülməsi ilə bağlı onlara məxsus olan həmin ərazidə yeni tikiləcək çoxmərtəbəli binada yeni təmirli yaşayış sahələri (mənzillər) təqdim edilir. Yaşayış yerləri verilənə qədər hər bir ailəyə yaşayış otaqlarının sayına uyğun olaraq kirayə pulu ödənilməklə, qonşuluqda yerləşən fərdi evlərdən təxminən 200 ailə köçürülüb. Layihələndirilməyə düşən ərazidə əksər sakinlər öz əşyalarını götürüb yaşayış evlərini boşaldıblar və çoxunun evləri artıq sökülmüşdür. Lakin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri ilə müvəqqəti olaraq başqa bir yaşayış yerinə köçmək və yeni tikiləcək binada daha yaxşı təmir edilmiş bir mənzilə köçmək üzrə razılığa gəlmək mümkün olmamışdır. Iddiaçı, söküləcək fərdi yaşayış evlərinin sakinlərinə yeni tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillər təmin ediləcəyi barədə öhdəlik götürmüşdür. Sökülən evlər üzrə razılığa gəlmiş sakinlər alacaqları yeni mənzillərlə bağlı gözlənti hüquqları yaranmış, lakin cavabdehlə razılıq əldə edilməməsi, cavabdehlərin öz mülkiyyət hüququndan sui-istifadə etməsi onların bu gözlənti hüquqlarını məhdudlaşdırır. Iddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını pozmur, əksinə, onların mülkiyyətlərini ədalətli şəkildə qoruyur və mütənasib şəkildə kompensasiya edir. Cavabdehlərə, onların mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onların mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehlərin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir. Iddiaçı, cavabdehə məxsus, şəhərin müasir tələblərinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırılması və yaşıllaşdırılması ilə əlaqədar münasib təklif irəli sürmüşdür. Bu təklif, müasir şəhər planlaşdırması çərçivəsində mülkiyyət dəyərlərinin artırılması və yaşayış standartlarının yüksəldilməsi məqsədinə xidmət edir. Lakin cavabdehlə razılıq əldə edilə bilməməsi nəticəsində, həmin şəxsin yaşayış sahəsini tərk etməməsi yeni və standartlara uyğun yaşayış binasının tikintisini gecikdirir və bu prosesə maneə törənir. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət edir. Bu, həmçinin yaşayış şəraitinin təhlükəsiz və sağlam bir mühitə çevrilməsini təmin edir. Belə bir yanaşma, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz şəkildə məhdudlaşdırılması kimi dəyərləndirilməməlidir, çünki burada məqsəd mülkiyyət hüquqlarını pozmaq deyil, əksinə, yaşayış standartlarını qaldırmaq və mənzil şəraitini daha yaxşı, müasir və təhlükəsiz hala gətirməkdir. Bu proses, mülkiyyətçilərin mənafelərinin qorunması və ictimai maraqların təmin edilməsi prinsipləri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir.
16. Məhkəmə qeyd edib ki, qərar qəbul edilərkən şəhər sakinlərinin, subyektlərin ümumi mənafe və maraqlarını əsas götürür və nəzərə alır ki, müqavilə azadlığının tələbləri və mülkiyyətçinin öz mülkiyyəti barədə sərbəst sərəncam vermək hüququ nəzərə alınmaqla sözügedən ərazidə mütləq əksəriyyət mülkiyyətçilərlə İddiaçı MMC arasında razılıq əldə edilmiş, ərazidə kütləvi şəkildə tikinti işləri həyata keçirilir. Razılaşma əldə edilməyən sakinlərin həmin ərazidə yaşamağa davam etməsi faktiki olaraq mümkün deyildir. Məhkəmə mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət təminatını nəzərə alsa da, faktiki durumu operativ və effektiv şəkildə tənzimləməyi, razılaşma əldə edilməyən sakinlərin təhlükəsiz və sağlam yaşam şəraitlərinin təmin edilməsi zəruri hesab edir. Bu isə yalnız münasibətlərə ümumi maraqların qorunması üçün qanuni əsaslarla məhkəmə müdaxiləsi ilə mümkündür.
17. Məhkəmə hesab edib ki, cavabdeh mülkiyyət hüququndan sui-istifadə edir.
18. Müvafiq ərazi üzrə köhnə binaların tam sökülməsi, cavabdehlərin tam yararsız şəraitdə, şəhərsalma qaydalarına zidd formada həmin mənzildə yaşaması onun həyatı, sağlamlığı üçün təhlükədir. Nəzərə alınmalıdır ki, həmin ərazidə aparılan geniş tikinti işləri ilə əlaqədar bütün kommunikasiya (elektrik, qaz, su, piyada yolu, yol-nəqliyyat, kanalizasiya) xətləri məhv olmuşdur, cavabdehlərin yaşadığı ev infrastruktur baxımdan tam yaşamaq üçün yararsız vəziyyətə düşmüşdür.
19. Məhkəmə qeyd edib ki, mövcud məhkəmə təcrübəsinə əsasən mənzilin sahəsi daxili parametrlər üzrə (içdən-içə) əsas götürülür. Buna görə hesab edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi evinin çıxarış üzrə sahəsi 279.3 kv.m. təşkil edir. Fərdi yaşayış evi 2/6 hissədə, yəni 93.1 kv.m. sahə cavabdeh4 xüsusi mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehin faktiki istifadəsində olan hissəsinin daxili parametrləri (içdən-içə, zirzəmi və köməkçi tikililər daxil olmaqla) üzrə sahəsi 146,2 kv.m.dir. Deməli, 53.1 kv.m. hissə özbaşına tikilidir. Çıxarış üzrə 93.1 kv.m. sahənin 20% hissəsi 18.62. kv.m. təşkil edir. Yəni, hüquqi baxımdan cavabdehə ən azı 93.1 kv.m. + 18.62. kv.m. = 111.72 kv.m. sahəsi olan mənzil verilməlidir. Hüquqi baxımdan mülkiyyət hüququ qismindən nəzərə alınmaqla hesablanan 111.72 kv.m. sahənin üzərinə 53.1 kv.m. özbaşına tikili hissəsi toplandıqda 164.82 kv.m. sahə təşkil edir. Ilkin iddia tələbi üzrə təklif olunan 4 otaqlı 1 ədəd yeni təmirli mənzilin ümumi sahəsi isə 175,80 kv.m. təşkil edir (10.98 kv.m. artıq sahə).
20. Mənzilin ümumi sahəsinə uyğun olaraq 700 manat kirayə haqqının ödənilməsi ədalətli və proporsional hesab edilir. Nəzərə alınmalıdır ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli rəyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 263.000 manat, 1 aylıq kirayə dəyəri isə 600 manat təşkil edir.
21. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaqda davam edərək bildirib ki, mülkiyyətçi Bakı şəhəri Icra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ##.##.2002-ci il tarixli Qeydiyyat vəsiqəsinə istinad edərək bildirir ki, cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 362.4 kv.m., yaşayış sahəsi isə 173.7 kv.m. təşkil edir. Məhkəmə həmin sənəd üzrə qeyd edilən sahəni mötəbər hesab etmir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestrindəki məlumatlar üzrə çıxarış mülkiyyət hüququnun müəyyən edilməsi ilə bağlı əsas sənəddir. Həmçinin çıxarış tarix olaraq istinad edilən ##.##.2002-ci il tarixli Qeydiyyat vəsiqəsindən 7 il sonra qeydiyyata alınmışdır, yəni daha sonrakı və təkmil sənəddir. Bundan əlavə, məhkəmə cavabdehlərə məxsus fərdi yaşayış evinin sahəsini məhz faktiki sahə üzrə (hətta zirzəmi də daxil edilir) hesablayaraq nəzərə alır.
22. Məhkəmə qeyd edib ki, iddia tələbi üzrə 25.000 manat vurulan zərərlə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən həmin fərdi yaşayış evinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ev öz salamatlığını tam qorumuşdur. Analoji işlər üzrə həyata keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizaları nəticəsində həmin ərazidə yerləşən mənzillərin 1 kv.m. qiyməti təxminən 2600 manat dəyərində qiymətləndirilmişdir ki, həmin məbləğ üzrə kompensasiyanın hesablanması vətəndaşalara uyğun deyildir. Belə ki, təklif edilən təmirli mənzilin bazar qiyməti daha yüksək məbləğ təşkil edəcəkdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 560.1, 560.2, 560.3.5.1-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88, 119.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2020-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi üzrə irəli sürülən arqumentlər birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəmənin sübut kimi istinad etdiyi, əmlakın 263.000 manat dəyərində qiymətləndirilməsinə dair ekspert rəyi əsassızdır. Ekspert tərəfindən yerində baxış keçirilməmiş, rəy faktiki vəziyyət öyrənilmədən hazırlanmışdır və bu səbəbdən sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə tərəfindən təyin olunmuş ekspertiza isə ərazinin söküntü zonası olması səbəbindən rəy verməmişdir. Iddiaçı MMC mülkiyyətçinin razılığı olmadan, təminatı və layihəsi təqdim edilməyən binada, sahəsi adekvat olmayan mənzil təklif edir. Layihə sənədləri məhkəməyə təqdim olunmamış, mülkiyyətçiyə əmlakının bazar dəyərinə uyğun kompensasiya ödənilməsi məsələsi nəzərdən keçirilməmişdir. Eyni zamanda iddia olunmuşdur ki, MMC tərəfindən mülkiyyətə qanunsuz müdaxilələr edilmiş, əmlaka ziyan vurulmuş və yaşayış üçün təhlükəli vəziyyət yaradılmışdır. Evin yaxınlığında təhlükəsizlik qaydalarına riayət edilmədən aparılan qazıntı işləri qəza riski yaratmışdır. Bu hərəkətlər mülkiyyətçini əmlakından məhrum etməyə yönəlmişdir. Bundan əlavə, hüquqdan sui-istifadə edən tərəf mülkiyyətçi deyil, məhz iddiaçıdır. Evin bir hissəsi MMC tərəfindən qəsdən dağıdılmış, bu hal fotoşəkillərlə sübut olunmuşdur. Məhkəmənin yerində baxışı zamanı da həyətdə yerləşən bir tikilinin dağıdıldığı müəyyən edilsə də, bu faktlar protokolda əks etdirilməmiş və qətnamədə nəzərə alınmamışdır. Belə ki, onların fərdi yaşayış evi yaşayış üçün yararlıdır və onlar çoxmənzilli binada yaşamaq istəmirlər. Uzun müddət fərdi evdə yaşamış olduqlarını və bu həyat tərzinin onlar üçün zəruri olduğunu qeyd edirlər. Xüsusilə, 78 yaşlı mülkiyyətçinin sağlamlıq vəziyyəti nəzərə alınaraq fərdi evdə yaşaması vacib hesab olunmuşdur. Bu səbəbdən onlar yeni mənzil verilməsi əvəzinə, əmlakın bazar dəyərinə uyğun pul kompensasiyasının ödənilməsini, həmin vəsait hesabına fərdi yaşayış evi əldə edərək köçməyə hazır olduqlarını bildirirlər.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi hakim), X.A.Mərdanova və V.N.Sadıqov) 2025-ci il ## ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddia tələbinin təmin edildiyi hissədə ləğv olunmuş, həmin hissədə iddianın təmin olunmaması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması və mütəxəssis rəyinin alınmasına sərf edilmiş 300 manat məbləğində pulun iddiaçı MMC-dən tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına ödənilməsi qət edilmişdir.
27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Icra Hakimiyyəti başçısının 2022-ci il # ###### tarixli *** saylı sərəncamına istinad edərək cavabdeh cavabdeh4 məxsus fərdi yaşayış evinin sökülməsini tələb etsə də, cavabdeh iddiaya etiraz etmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin rəyinə əsasən, qeyd olunan ərazidə mənzillərin 1 kv.m-nin bazar dəyəri 3.000 manat, cavabdeh cavabdeh4 məxsus fərdi yaşayış evinin isə faktiki sahə nəzərə alınmaqla ümumi bazar dəyəri 378.800 manat təşkil edir.
28. Məhkəmə kollegiyası Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə ## ###### 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə istinad edərək qeyd etmişdir ki, özgəninkiləşdirmə tədbiri * saylı Protokolun 1-ci maddəsinə uyğun olması üçün 3 şərtə cavab verməlidir: o, “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməlidir (bu, dövlət orqanları tərəfindən hər hansı özbaşına hərəkətə yol verilməsini istisna edir), “ictimai maraqlara” cavab verməlidir və mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlıq təmin olunmalıdır.
29. Məhkəmə kollegiyası * saylı Protokolun 1-ci maddəsinə, Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsinə, Mülki Məcəllənin 157.9-cu maddəsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etməklə qeyd edib ki, qanunvericilikdə tərəfin iradəsinə zidd olaraq mülkiyyətə müdaxilənin yalnız dövlət ehtiyacları üçün olduğu halda və həm də ancaq Nazirlər Kabinetinin müvafiq qərarı əsasında mümkünlüyü nəzərdə tutulmuşdur.
30. Hazırkı halda cavabdehin mülkiyyətinin məcburi özgəninkiləşdirilməsi tələbi dövlət ehtiyacları ilə bağlı deyil. Həmçinin iddiaçı Bakı şəhəri Icra Hakimiyyətinin Başçısının 2022-ci il # ###### tarixli *** saylı sərəncamına əsaslanır, halbuki Qanunla Bakı şəhəri Icra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan əmlakı məcburi özgəninkiləşdirmək səlahiyyəti yoxdur. Həmin sərəncam cavabdehin mülkiyyətinin məcburi özgəninkiləşdirilməsi və ya onun razılığı olmadan sökülməsi üçün hüquqi əsas hesab oluna bilməz.
31. Odur ki, çoxmənzilli yaşayış binalarına münasibətdə oturuşmuş məhkəmə praktikasından fərqli olaraq, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsi yalnız onunla qarşılıqlı razılıq əldə olunduğu halda mümkündür. Hazırkı işdə isə tərəflər arasında belə bir razılaşma əldə olunmamışdır. Belə olan halda isə müəyyən olunur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
32. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29, 48-ci maddələrinə, MM-in 157.9, 246.1, 246.5-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28.1, 28.3, 28.4-cü, MPM-in 14.2, 77.1, 119.1, 217.2, 217.4, 384.0.2, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
33. Iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən mövcud vəziyyəti və ictimai maraqları nəzərə almamış, digər şəxslərin mülkiyyət gözləntilərinin həyata keçirilməsinə mane olmuşdur. MM-in 6.3-cü maddəsinə əsasən, dövlət və ictimai təhlükəsizlik, ictimai qayda, cəmiyyətin sağlamlığı və mənəviyyatı, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə mülki hüquqlar qanunla məhdudlaşdırıla bilər. Hazırkı halda, ərazidə yaşayan digər şəxslərin sökülən evlərin əvəzində yeni tikiləcək binada mənzil əldə etmək hüquqları mövcuddur. Cavabdehlərin razılıq verməməsi isə 200-dən artıq ailənin hüquqlarının həyata keçirilməsinə maneə yaradır.
35. Digər dəlilə görə, əgər çoxmənzilli yaşayış binalarına münasibətdə məhkəmə qaydasında mənzilin ədalətli kompensasiya - əvəzli mənzil verilməsi şərtilə sökülməsi mümkün hesab edilibsə, eyni qayda fərdi yaşayış evlərinə də şamil edilməlidir. Bunun əksinə dair yanaşma sərgiləyən məhkəmə kollegiyası isə bu barədə mövqeyini əsaslandırmamışdır. O da qeyd olunmalıdır ki, mübahisəli yaşayış sahəsi çıxarışda fərdi yaşayış evi kimi göstərilsə də, digər payçılarla birgə mənzil kimi istifadə olunur. Həmin paylı mülkiyyətçilərə aid digər hissələr isə razılaşdırılaraq sökülmüş və yalnız cavabdehə aid hissə qalmışdır.
36. Kassator məhkəmə təcrübəsinin vahidliyinin pozulduğunu bildirərək, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının, həmçinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qərarlarına istinad etmişdir. O, qeyd etmişdir ki, göstərilən işlərdə analoji mübahisələr hazırkı iddia tələbinin hüquqi əsaslarına uyğun həll olunduğu halda, bu iş üzrə apellyasiya instansiyası məhkəməsi fərqli mövqe tutmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazlarını onunla əsaslandırmışdırlar ki, kassasiya şikayətində cavabdehlərin hərəkətlərinin mülkiyyət hüququndan sui-istifadə kimi qiymətləndirilməsi barədə dəlil hüquqi və faktiki əsaslardan məhrumdur. Cavabdehlərin iddiaçının irəli sürdüyü şərtlərlə razılaşmaması özlüyündə mülkiyyət hüququndan sui-istifadə halı hesab edilə bilməz. Belə yanaşmanın qəbul edilməsi cavabdehlərin mülkiyyət hüquqlarına qanuni əsas olmadan müdaxilə edilməsinə səbəb ola bilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
38. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
39. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
40. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
41. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
42. Maddə 29, IV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
45. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.
46. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
47. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığına görə ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin verilmiş iddia tələbi üzrə mülkiyyətçinin yaşayış evinin alınması üçün üç şərtə - “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsi, “ictimai maraqlara” cavab verməsi və mülkiyyətçinin hüquqları ilə ictimai maraqlar arasında ədalətli tarazlığa təmin edilməli olması barədə mövqeyi ilə razılaşır.
62. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, çoxmənzilli yaşayış binalarından fərqli olaraq fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları istisna olmaqla digər hər hansı halda (cəmiyyətin ictimai maraqları və s.) mülkiyyətçinin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. Iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər.
63. Cavabdehin mülkiyyətində olan yaşayış evinə hüququnun məhdudlaşdırılmasının dövlət ehtiyacları ilə bağlı olmadığı, Bakı şəhəri Icra Hakimiyyətinin Başçısının 2022-ci il # ###### tarixli *** saylı sərəncamının bu kateqoriya qərarlara aid olmadığı barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.
64. Lakin nəzərə alınmalıdır ki, baxılan iş üzrə məhkəmənin yalnız mülkiyyət hüququn müdaxilə üçün “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun qərarın olmaması” və “hüququn məhdudlaşıdırılmasının dövlət ehtiyacları ilə bağlı olmadığı”na istinadən iddianı rədd etməsi, işin hallarının yarımçıq araşdırmasına əsaslanır.
65. Belə ki, mülkiyyətçi qarşılıqlı iddia ərizəsi verməklə 25.000 manat zərər və 2.000.000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddi-hüquqi tələbi və müdafiə vasitəsidir. 66.Qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlir, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmaqla nəticələnir. 67.Mülkiyyətçinin qarşılıqlı iddia tələbi onu ehtiva edir ki, yaşayış evinin sökülməsi üçün qanuni əsasların olmasını (mülkiyyət hüququnun məhdudlaşdırılması barədə qərarın qanuniliyi, dövlət ehtiyacları ilə bağlı olması) mübahisələndirmir və evin sökülməsi məqsədi ilə kompensasiya ödənilməklə mülkiyyət hüququnun sonlandırılmasına razılığnı ifadə edir. 68.Mülkiyyətçinin nümayəndəsi apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında da bildirmişdir ki, “Biz ümumiyyətlə ev istəmirik, cavabdeh4 78 yaşı var və indiyədək həyət evində yaşayıb. O, əmlakına mütənasib pulun verilməsini istəyir. Hesab edir ki, qarşı tərəf ağlabatan qiymət təklif edərək razılığa gəlmək olar. Lakin bunun əksi olaraq 200- 300 min manat təklif edir (2-ci cild, səh 108). 69.Qarşılıqlı iddiaçı cavabdeh1 bildirib ki, “Mən tam dəqiq qiymət deyə bilmərəm, amma bildiyim qədərilə şirkət mənzilləri katlavandan 3500-4000-ə satır. Bizim ev isə Premium mənzillər sırasına daxil edildiyi üçün podmayak 6000-7000 manata satılır. Biz evdə üç ailəyik, Elə məbləğ təklif olunmalıdır ki, hər kəs razı qalsın (2-ci cild, səh 115). 70.Göründüyü kimi mülkiyyətçi aydın şəkildə bildirmişdir ki, evə görə ağlabatan bazar dəyərinə uyğun kompensasiya ödənilmək şərti ilə evin sökülməsinə razılaşır. Işin bu halı, mülkiyyətçinin (qarşılıqlı iddiaçı cavabdeh4) "mən bazar qiyməti verilərsə evi təhvil verməyə hazıram" mövqeyində olmasına dəlalət edir. Bu halda, apellyasiya instansiyası təklif olunan konpensasiyanın adekvatlığı, onun götürülmüş əmlakın bazar dəyərinə uyğun olub olmaması üzrə araşdırma aparmalı, ədalətli kompensasiya məbləğini müəyyən etməli idi. 71.MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 72.Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 73.Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir. 74.Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 2007-ci il ## ###### tarixli qərar; Hiro Bilaninin işi üzrə 1994-cü il # ###### tarixli qərar). 75.Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə 1994-cü il ## ##### tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. 76.Avropa Məhkəməsinin Kraska Isveçrəyə qarşı iş üzrə 1993-cü il ## ##### tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. 77.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-in tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün göndərilməlidir. 78.Işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. 79.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.