Məhkəmə qərarları › İş №2(1-8)-396/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-396/2026

08.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-396/2026 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə və Şəki X4 Sistemlərinin Istismarı idarəsinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən işçinin ərizəsinin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. ## ######## 2011-ci il tarixli, ** nömrəli əmək müqaviləsi ilə Iddiaçı “xxxx” ASC “xxxx” MMC-nin aparatında 5-ci dərəcə ilə Su kəmərlərinin istismarı sahəsinə dispetçer vəzifəsinə təyin edilmiş, ## ######## 2019-cu il tarixli əmr ilə Iddiaçı müddətli əmək müqaviləsi ilə Balakən sukanal sahəsinə 8-ci dərəcə ilə müştərilərlə işin təşkili üzrə mühəndis vəzifəsinə təyin edilmişdir.

2. “xxxx” publik hüquqi şəxsi * X7 idarəsinin ## ######## 2023-cü il tarixli, **-Q nömrəli əmri ilə Iddiaçı Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən ## ######## 2023-cü il tarixdən ## #### 2026-cı ilədək uşağının üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmişdir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2024-cü il tarixli Qərarı ilə “X4 Xidməti”nin və “xxxx”nin nizamnamələri təsdiq edilmişdir.

4. “X4 Xidməti” publik hüquqi şəxsinin nizamnaməsinin 2.1.4-cü bəndinə əsasən ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyəti həyata keçirmək, habelə istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, tullantı və yağış sularının axıdılması xidmətlərini göstərmək xidmətin fəaliyyət istiqamətlərinə aiddir.

5. “xxxx” publik hüquqi şəxsinin nizamnaməsinə əsasən xxxx Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətini göstərən publik hüquqi şəxsdir.

6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ## ### 2024-cü il tarixli, ***/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “xxxx” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, “xxxx” publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir.

7. “xxxx” publik hüquqi şəxsinin ## #### 2024-cü il tarixli, ** nömrəli əmri ilə “xxxx” publik hüquqi şəxsinin strukturuna daxil olan Xidmətin aparatı və tabeli qurumların ştat vahidlərinin sayı əmrə ** nömrəli əlavəyə uyğun təsdiq edilmiş, əlavədə qeyd olunan tabeli qurumların ştat cədvəllərinin hazırlanmasının və təsdiq üçün publik hüquqi şəxsin idarə heyətinin sədrinə təqdim edilməsinin təmin edilməsi əmr edilmişdir.

8. X3 Sistemlərinin Istismarı Idarəsi tərəfindən təsdiq edilmiş işə qəbul ediləcək işçilər barədə siyahıya əsasən Iddiaçı * X7 idarəsində mühəndis vəzifəsinə işə qəbul edilməlidir.

9. “xxxx” publik hüquqi şəxsinin ## ###### 2024-cü il tarixli, ***-K nömrəli əmrinə əsasən Iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ## ###### 2024cü il tarixdən ləğv edilmiş, əsas olaraq Iddiaçı ərizəsi göstərilmişdir.

10. X3 Sistemlərinin Istismarı Idarəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki-Zaqatala Regional şöbəsinə göndərilmiş ## ###### 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, * nömrəli Sukanal idarəsinin Balakən sukanal sahəsi üzrə çalışmış işçilər müvafiq olaraq işlə təmin olunmuşlar. Iddiaçı əvvəllər Abanonentlərlə iş qrupu struktur bölməsində mühəndis vəzifəsində çalışmış, həmin şöbə üzrə ştat cədvəlində hazırda mühəndis vəzifəsi olmadığı üçün onunla Abonent xidmətləri şöbəsində Fakturalama qrupunda – Su Kəməri təsərrüfatında nəzarət vəzifəsində işlə təmin olunması üçün vakant yer saxlanıldığı qeyd olunmuşdur.

11. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “X4 Xidməti” publik hüquqi şəxsinin Şəki X11 Istismarı idarəsinin ## ###### 2025-ci il tarixli məktubuna əsasən Iddiaçı ## ######## 2019-cu il tarixdən ## ###### 2024-cü il tarixədək * X7 Idarəsi Balakən Sukanal sahəsi Abonentlərlə iş qrupu üzrə mühəndis vəzifəsində çalışıb və ## ######## 2023-cü il tarixdən qismən ödənişli sosial məzuniyyətə çıxıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ## ### 2024-cü il tarixli, ***/f nömrəli əmri ilə * X7 Idarəsi ləğv olunub, * X7 Idarəsinin tərkibinə daxil olan Balakən Sukanal sahəsi isə X3 Sistemlərinin Istismarı Idarəsinin tərkibinə verilib. X3 Sistemlərinin Istismarı Idarəsinin “X4 Xidməti” publik hüquqi şəxsinə göndərdiyi ## ####### 2024-cü il tarixli siyahıda Iddiaçı iş ilə təmin olunması göstərilib.

12. ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Iddiaçı əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilməsinə baxmayaraq vətəndaş əmək müqaviləsinə xitam verilərkən qismən ödənişli sosial məzuniyyətdə olduğundan X5 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir.

13. ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar ilə X5 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə həmin maddə ilə təqsirli bilinib, barəsində şərti tətbiq edilməklə 1500 manat məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.

14. “xxxx” publik hüquqi şəxsinin məhkəmə sorğusuna ## ##### 2025-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanının icrası ilə əlaqədar aparılan struktur dəyişikliklərinə əsasən “xxxx” publik hüquqi şəxsinin tabeliyində olan * X7 Idarəsi “X4 Xidməti” publik hüquqi şəxsinin tabeliyinə verilmişdir. ... X3 Sistemlərinin Istismarı Idarəsinin “X4 Xidməti” publik hüquqi şəxsə göndərdiyi ## ####### 2024-cü il tarixli siyahıda Iddiaçı işlə təmin olunması göstərilmişdir. Bu səbəbdən Iddiaçı əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən * X7 Idarəsinin ***-K nömrəli əmri ilə xitam verilmişdir. * X7 Idarəsi “xxxx” publik hüquqi şəxsinin strukturuna daxil olmadığından Iddiaçı işlə təmin olunması Xidmətin səlahiyyətləri xaricindədir.

15. Əmək Müfəttişliyi Xidməti Bakı şəhər Idarəsi tərəfindən Iddiaçı göndərilmiş ## ### 2025-ci il tarixli məktubuna əsasən müəssisə rəhbərliyi tərəfindən əmək müqaviləsi ləğv edilərkən törədilmiş hüquq pozuntusunun aradan qaldırılmayaraq əmək müqaviləsinin ləğvi barədə əmr ləğv edilmədiyindən inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarda nəzərdə tutulan cərimə qüvvəyə minmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

16. Iddiaçı Iddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsi və Şəki X4 Sistemlərinin Istismarı idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi “xxxx”nin * X7 Idarəsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında ## ###### 2024-cü il tarixli, ***-K nömrəli əmrinin ləğv edilərək, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, məhkəmə və ilkin mediasiya sessiyasına görə ödənilmiş pulun və 5000 manat mənəvi təzminatın cavabdehdən tutularaq ona ödənilməsi, işəgötürənin qanunsuz hərəkətlərinə görə müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı X10 təhsil almış və ## #### 2011-ci ildə ona Dövlət Attestasiya Komissiyasının qərarı ilə ingilis dili ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir. ## ######## 2011-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Balakən Sukanal Idarəsinə dispetçer vəzifəsinə qəbul olunmuş, ## ### 2017-ci il tarixdə idarə rəisinin əmri ilə həmin idarənin “Müştərilərlə işin təşkili üzrə mühəndis” vəzifəsinə keçirilmişdir. ## ##### 2019cu il tarixdə regional qurum yaradıldığından * saylı Regional Sukanal Idarəsi onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam vermiş, ## ##### 2019-cu həmin idarə ilə bağlanmış əmək müqaviləsinə əsasən X8 sahəsinə 8-ci dərəcə ilə “Müştərilərlə işin təşkili üzrə mühəndis” vəzifəsinə təyin edilmiş, ## ###### 2019-cu il tarixdə həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) əmək müqaviləsinə xitam vermiş, ## ######## 2019-cu il tarixdə * X7 Idarəsinin Balakən Sukanal sahəsi ilə bağlanmış müqaviləyə əsasən “8-ci dərəcə ilə müştərilərlə işin təşkili üzrə mühəndis” vəzifəsinə qəbul edilmişdir. ## ### 2023-cü il tarixdə analıq məzuniyyətinə çıxmış, dekabr 2024cü il tarixdə iddiaçı analıq məzuniyyətin uzadılması məqsədilə X3 Sistemləri Istismarı Idarəsinə getdikdə ona bildirilmişdir ki, o, artıq işdən azad olunmuşdur. * X7 Idarəsi ilə əlaqə saxladıqda məlum olmuşdur ki, şöbə rəisi Vüsal Ismayılovun ## ###### 2024-cü il tarixli, ***-K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) onunla əmək müqaviləsinə xitam verilmiş, əsas olaraq həmçinin ərizə göstərilmişdir. Əslində isə iddiaçı tərəfindən hər hansı ərizə yazılmamışdır. Həmçinin, işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış edilməmiş və ona əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Dəfələrlə tələb etdikdən sonra işdən çıxarılmağı barədə əmr, əmək kitabçası ona göndərilmişdir. Lakin əmrdə onun tərəfindən verilən və işdən çıxarılacağı üçün əsas kimi göstərilmiş ərizə ilə tanış edilməyi barədə tələbi cavabsız qalmışdır. Qanunsuz olaraq işdən çıxarılmağı ilə bağlı ## ###### 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə şikayət etmişdir. X6 Xidməti tərəfindən şikayəti araşdırılmış, ## ###### 2025-ci il tarixli cavab məktubunda “xxxx” publik hüquqi şəxsi tərəfindən təqdim edilən sənədlərdə inzibati xəta əlamətlərinin olması səbəbindən inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı, nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. Işəgötürənin bu addımı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə ziddir. Həmin normaya əsasən, hamilə və ya üç yaşına çatmamış uşağı olan qadınların əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi qadağandır. Göstərilən xüsusatları nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya qanunsuz işdən çıxarıldığına görə işə bərpa olunmalı, işdən çıxarıldığı günün sonrakı günündən yəni ## ###### 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi (məcburi iş buraxma) orta aylıq əmək haqqını ödəməyə borcludur. Analıq məzuniyyəti dövründə əmək müqaviləsinin ləğv edilməyi ona psixoloji təsir göstərmişdir, mənəvi zərərə məruz qalmışdır.

18. Cavabdeh “xxxx” publik hüquqi şəxsinin nümayəndəsi birinci instansiya məhkəməsində bildirmişdir ki, aparılmış struktur dəyişikliyinə əsasən keçmiş “xxxx” ASC-nin tabeliyində olan * X7 idarəsi “X4 Xidməti” publik hüquqi şəxsinin tabeliyinə verilmişdir. Iddiaçı * X7 Idarəsinin Balakən Sukanal sahəsinin mühəndisi vəzifəsi üzrə çalışmışdır. Balakən Sukanal sahəsi hazırda “xxxx” publik hüquqi şəxsinin strukturuna daxil olmadığından onların iddiaçını işə bərpa etmələri imkan xaricindədir. X3 Sistemlərinin Istismarı Idarəsinin “X4 Xidməti” publik hüquqi şəxsinə göndərdiyi ## ####### 2024-cü il tarixli siyahıda Iddiaçı işlə təmin edilməsi göstərilmişdir.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Əsədzadə) iddia tələbinin qismən təmin edilməsi, “xxxx” publik hüquqi şəxsi * X7 idarəsinin ## ###### 2024-cü il tarixli, ***-K nömrəli əmrinin ləğv edilməsi, Iddiaçı “xxxx” publik hüquqi şəxsi * X7 idarəsi Balakən sukanal sahəsi üzrə Abonentlərlə iş qrupunun mühəndisi vəzifəsinə işə bərpa edilməsi, ## ###### 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının Iddiaçı ödənilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək mübahisəsinin ləğv edilmə əsaslarının faktiki olaraq mövcud olmadığı dəqiq və mübahisəsizdir. Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən birtərəfli qaydada ləğv edilməsi qaydalarını tənzimləyir, yəni bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün hər şeydən əvvəl işçinin özünün əmək müqaviləsinin ləğv edilməsi yönündə yazılı iradə ifadəsi mövcud olmalıdır. Hazırkı halda isə belə bir yazılı sənəd mövcud deyil.

21. Iddiaçı əmək müqaviləsi ləğv edilərkən sosial məzuniyyətdə olduğundan əmək müqaviləsinin ləğv edildiyindən məlumatsız olduğunu, cavabdeh quruma heç bir ərizə yazmadığını, başqa işə götürənlə əmək münasibətinə girmədiyini bildirmişdir.

22. Cavabdeh qurum isə hadisələrin bundan fərqli cərəyan etməsi, işçinin öz iradəsi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə nəinki, hər hansı sübut təqdim etmiş, bu faktı ümumiyyətlə təkzib etməmiş, məhkəmə sorğularına ümumi ifadələrlə cavab vermişdir.

23. Odur ki, mübahisələndirilən ## ###### 2025-ci il tarixli əmr anlaşılmaz, qanunsuz və əsassız olduğundan, cavabdeh qurum tərəfindən iddiaçıya münasibətdə kobud hüquq pozuntusuna yol verildiyindən, qurumun məsul şəxsi inzibati məsuliyyətə cəlb edildikdən sonra da iddiaçının hüquqlarının bərpası yönündə hər hansı addım atılmadığından ləğv edilməlidir.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təsdiq edilmiş nizamnamələrlə su təchizatı sahəsində idarəçiliyi və müvafiq xidmətləri ölkənin iri şəhərlərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində “xxxx” publik hüquqi şəxsinin, iri şəhərlər istisna olmaqla digər rayon və şəhərlərdə isə “X4 Xidməti” publik hüquqi şəxsinin həyata keçirdiyi təsdiq olunur. Lakin, * X7 idarəsi Balakən sukanal sahəsinin ləğv olunması, nə də “X4 Xidməti” publik hüquqi şəxsinin tabeliyinə keçməsi iş materialları ilə öz təsdiqini tapmır. X3 Sistemlərinin Istismarı idarəsi hazırda mövcuddur və məhkəmə sorğusuna verilmiş cavabdeh Balakən sukanal sahəsi üzrə işçilərin onlar tərəfindən işə götürüldüyü bildirilmişdir. Lakin bu idarənin hüquqi müstəvidə * X7 idarəsi Balakən sukanal sahəsinin hüquqi varisi olduğu, sahənin balansının və işçi heyətinin ona keçdiyi təsdiq olunmur. Ümumiyyətlə, bu barədə hər hansı əmr, təsdiq edilmiş struktur dəyişikliyi və s. təqdim edilməmişdir. “xxxx” publik hüquqi şəxsinin ## #### 2024-cü il tarixli, ** nömrəli əmri ilə “xxxx” publik hüquqi şəxsinin strukturuna daxil olan Xidmətin aparatı və tabeli qurumların ştat vahidlərinin sayı əmrə ** nömrəli əlavəyə uyğun təsdiq edilmiş, əlavədə qeyd olunan tabeli qurumların ştat cədvəllərinin hazırlanmasının və təsdiq üçün publik hüquqi şəxsin idarə heyətinin sədrinə təqdim edilməsinin təmin edilməsi əmr edilmişdir. Həmin əmrə ** nömrəli əlavədən görünür ki, yeni strukturda yalnız iri şəhərlərin Sukanal idarələri və bir neçə başqa idarə olmaqla struktur təsdiq edilmişdir. Lakin, struktur təsdiq edildikdən sonra, ## ###### 2025-ci il tarixdə iddiaçının əmək müqaviləsi ləğv edilərkən əmri “xxxx” publik hüquqi şəxsinin * X7 idarəsi təsdiq etmişdir ki, bu da onu göstərir ki, X9 idarəsi “xxxx” publik hüquqi şəxsinin strukturu və ştat vahidi təsdiq edildikdən sonra de fakto mövcud olmuşdur. Yəni, işdəki mövcud sübutlarla cavabdehin iddiaçının işlə təmin edilməsinin mümkünsüzlüyü – iddiaçının əvvəl işlədiyi idarənin və ştat vahidinin hazırda “X4 Xidməti” publik hüquq şəxsin nəzdində olması barədə dəlili öz təsdiqini tapmır. Lakin, bu faktın həqiqiliyi fərz olunsa belə, bu işçinin işə bərpa tələbinin təmin olunmaması ilə nəticələnə bilməz. Işçinin əmək müqaviləsini cavabdeh “xxxx” publik hüquqi şəxs ləğv etmiş, bu zaman əsas nə müəssisənin ləğvi, nə də ştatların və ya işçilərin sayının ixtisarı olmuşdur.

25. Əmək müqavilənin ləğvi barədə əmrin faktiki əsaslarının mövcud olmadığı öz təsdiqini tapdığından, həmin əmrin ləğv edilməsi mütləqdir, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi isə bunun məntiqi nəticəsidir. Bu tələblər əsaslı olduğundan qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni ## ###### 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələb də təmin edilməlidir.

26. Mənəvi zərərinin əvəzinin tutulması hissəsində isə məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətləri öz təsdiqini tapsa da, mənəvi zərərinin əvəzinin tutulması üçün zəruri olan digər faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə işəgötürənin qanunsuz hərəkətlərinə görə müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi barədə tələbə münasibətdə isə qeyd etmişdir ki, mülki mühakimə icraatı qaydasında tərəflərin yalnız mülki məsuliyyəti məsələsi həll edilə bilər ki, hazırkı işin halları baxımından cavabdehin məsuliyyət daşımalı olduğu məsələlər müzakirə edilmişdir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 68, 69, 79, 300-cü, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 119, 217.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

28. Cavabdeh “xxxx” publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli **** nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “xxxx” publik hüquqi şəxsi yaradılmışdır. Həmin Fərmanın 6.3-cü bəndinə əsasən “xxxx” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2024-cü il *** nömrəli qərarı ilə “xxxx” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə olaraq, həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X1 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “X4 Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən “X4 Xidməti” meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2024-cü il *** nömrəli qərarı ilə “X4 Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ## ### 2024-cü il tarixli ***/* nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən “xxxx” PHŞ-nin strukturu təsdiq edilmiş, publik hüquqi şəxsin ştat vahidlərinin sayı 14000-dən 7700-dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. Həmin strukturda Yevlax rayon Sukanal Idarəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi “xxxx” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi “X4 Xidməti” publik hüquqi şəxsə həvalə edilmişdir. Iddiaçını çalışmış olduğu Yevlax rayon Sukanal Idarəsi “X4 Xidməti” publik hüquqi şəxsin tərkibinə verilərək Yevlax X11 Istismarı Idarəsi yaradılmışdır. “X4 Xidməti” publik hüquqi şəxsi “xxxx” publik hüquqi şəxsin alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. Iddiaçının işlə təmin edilibedilməməsi “X4 Xidməti” publik hüquqi şəxsin daxili işidir. Cavabdehin Yevlax rayon Sukanal Idarəsi adında struktur təşkilatı mövcud deyil, həmçinin iddiaçının ştat vahidi də mövcud deyil. Bu kimi hallar olmasına və cavabdehin Yevlax rayonuna xidmət göstərməməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir. Iddianın təmin edilməsi qətnamənin icrasını mümkünsüz edir.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Imanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək mübahisəsinin ləğv edilmə əsasları faktiki olaraq mövcud deyil.

32. Apellyasiya kollegiyası hesab etmişdir ki, mübahisələndirilən ## ###### 2025-ci il tarixli əmr anlaşılmaz, qanunsuz və əsassız olduğundan, cavabdeh qurum tərəfindən iddiaçıya münasibətdə kobud hüquq pozuntusuna yol verildiyindən, qurumun məsul şəxsi inzibati məsuliyyətə cəlb edildikdən sonra da iddiaçının hüquqlarının bərpası yönündə hər hansı addım atılmadığından ləğv edilməlidir.

33. Apellyasiya məhkəməsi şikayətin “iddiaçının işlədiyi * X7 idarəsi Balakən sukanal sahəsinin hazırda “xxxx” publik hüquqi şəxsinin strukturuna daxil olmadığından onların iddiaçını işlə təmin etmələrinin mümkünsüz olması” dəlilinə münasibətdə hesab etmişdir ki, təsdiq edilmiş nizamnamələrlə su təchizatı sahəsində idarəçiliyi və müvafiq xidmətləri ölkənin iri şəhərlərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində “xxxx” publik hüquqi şəxsinin, iri şəhərlər istisna olmaqla digər rayon və şəhərlərdə isə “X4 Xidməti” publik hüquqi şəxsinin həyata keçirdiyi təsdiq olunur. Lakin, * X7 idarəsi Balakən sukanal sahəsinin ləğv olunması, nə də “X4 Xidməti” publik hüquqi şəxsinin tabeliyinə keçməsi iş materialları ilə öz təsdiqini tapmır. X3 Sistemlərinin Istismarı idarəsi hazırda mövcuddur və məhkəmə sorğusuna verilmiş cavabdeh Balakən sukanal sahəsi üzrə işçilərin onlar tərəfindən işə götürüldüyü bildirilmişdir. Lakin bu idarənin hüquqi müstəvidə * X7 idarəsi Balakən sukanal sahəsinin hüquqi varisi olduğu, sahənin balansının və işçi heyətinin ona keçdiyi təsdiq olunmur. Ümumiyyətlə, bu barədə hər hansı əmr, təsdiq edilmiş struktur dəyişikliyi və s. təqdim edilməmişdir. “xxxx” publik hüquqi şəxsinin ## #### 2024-cü il tarixli, ** nömrəli əmri ilə “xxxx” publik hüquqi şəxsinin strukturuna daxil olan Xidmətin aparatı və tabeli qurumların ştat vahidlərinin sayı əmrə ** nömrəli əlavəyə uyğun təsdiq edilmiş, əlavədə qeyd olunan tabeli qurumların ştat cədvəllərinin hazırlanmasının və təsdiq üçün publik hüquqi şəxsin idarə heyətinin sədrinə təqdim edilməsinin təmin edilməsi əmr edilmişdir. Həmin əmrə ** nömrəli əlavədən görünür ki, yeni strukturda yalnız Iri şəhərlərin Sukanal idarələri və bir neçə başqa idarə olmaqla struktur təsdiq edilmişdir. Lakin, struktur təsdiq edildikdən sonra, ## ###### 2025-ci il tarixdə iddiaçının əmək müqaviləsi ləğv edilərkən əmri “xxxx” publik hüquqi şəxsinin * X7 idarəsi təsdiq etmişdir ki, bu da onu göstərir ki, X9 idarəsi “xxxx” publik hüquqi şəxsinin strukturu və ştat vahidi təsdiq edildikdən sonra de fakto mövcud olmuşdur. Yəni, işdəki mövcud sübutlarla cavabdehin iddiaçının işlə təmin edilməsinin mümkünsüzlüyü – iddiaçının əvvəl işlədiyi idarənin və ştat vahidinin hazırda “X4 Xidməti” publik hüquq şəxsin nəzdində olması barədə dəlili öz təsdiqini tapmır. Bununla belə, bu faktın həqiqiliyi fərz olunsa belə, bu işçinin işə bərpa tələbinin təmin olunmaması ilə nəticələnə bilməzdi. Işçinin əmək müqaviləsini cavabdeh “xxxx” publik hüquqi şəxsi ləğv etmiş, bu zaman əsas nə müəssisənin ləğvi, nə də ştatların və ya işçilərin sayının ixtisarı olmuşdur.

34. Apellyasiya kollegiyası hesab etmişdir ki, əmək müqaviləsinin ləğvi barədə əmrin faktiki əsaslarının mövcud olmadığı öz təsdiqini tapdığından, həmin əmrin ləğv edilməsi mütləqdir, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi isə bunun məntiqi nəticəsidir. Bu tələblər əsaslı olduğundan qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni ## ###### 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələbi də təmin etməkdə məhkəmə düzgün nəticəyə gəlmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələrinə, 69-cu maddəsinə, 79-cu maddəsinin 1-ci hissəsinə, 300-cü maddənin 1-ci hissəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

36. Cavabdeh “xxxx” PHŞ kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Apellyasiya şikayətinin bir sıra dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli Fərmanının tələbləri pozulmuşdur. Belə ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023cü il tarixli

38. **** nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ## ### 2024-cü il tarixli ***/* nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən “xxxx” PHŞ-nin strukturu təsdiq edilmiş, publik hüquqi şəxsin ştat vahidlərinin sayı 14000-dən 7700-dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. Həmin strukturda Yevlax rayon Sukanal Idarəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi “xxxx” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi “X4 Xidməti” publik hüquqi şəxsə həvalə edilmişdir. Iddiaçını çalışmış olduğu Yevlax rayon Sukanal Idarəsi “X4 Xidməti” publik hüquqi şəxsin tərkibinə verilərək Yevlax X11 Istismarı Idarəsi yaradılmışdır. “X4 Xidməti” publik hüquqi şəxsi “xxxx” publik hüquqi şəxsin alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. Iddiaçının işlə təmin edilib-edilməməsi “X4 Xidməti” publik hüquqi şəxsin daxili işidir. Cavabdehin Yevlax rayon Sukanal Idarəsi adında struktur təşkilatı mövcud deyil, həmçinin iddiaçının ştat vahidi də mövcud deyil. Bu kimi hallar olmasına və cavabdehin Yevlax rayonuna xidmət göstərməməsinə baxmayaraq, məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir.

39. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

40. Iddiaçı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

41. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının analıq məzuniyyətində olduğu zaman işdən çıxarılması qanunsuz olmuşdur. Cavabdeh məhkəmə qərarını icra etmək əvəzinə yubatmağa çalışır. Kassasiya şikayətində iddiaçının Yevlax rayon Sukanal Idarəsində işləməyi barədə qeyd edilənlər yalandır. O, “xxxx” PHŞ-nin * X7 Idarəsinin Balakən sahəsində işləmişdir. Ona görə də, iddiada cavabdehi yanlış qeyd edilməsi barədə qeyd edilənlər əsassızdır.

Kassasiya baxışının hədləri:

42. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

43. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

44. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı şikayətin dəlillərinə oxşar apellyasiya şikayəti üzrə araşdırma aparılmış və bu dəlillərə tam, ətraflı hüquqi qiymət verilmişdir (bax bənd 31-35). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

48. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yəni işçinin öz təşəbbüsü ilə xitam verilsə də, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində işə olan sübutlara istinad etməklə müəyyən etmişlər ki, iddiaçının bununla bağlı işəgötürənə müraciəti (ərizəsi) olmamışdır.

49. Belə olan halda, cavabdeh təşkilatının verdiyi əmr qanunsuz olduğundan, qətnamənin icrasının mümkünsüzlüyü ilə bağlı kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar