Məhkəmə qərarları › İş №2(1-8)-404/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-404/2026

15.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-404/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh1, cavabdeh6, cavabdeh5 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gözlənilən mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyəti Başçısının *** nömrəli ##.##.2008-ci il tarixli sərəncamından görünür ki, Yasamal Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***/**** saylı qətnaməsi icra edilərək İddiaçı yaşadığı N.Hikmət küçəsi, ** saylı 3 otaqlı yaşayış sahəsi 46.7 kv.m olan ** saylı mənzilə order verilməsi, orderə İddiaçı (özü), X2 (arvadı), X1 qızının (qızı) daxil edilməsi sərəncam verilmişdir;

3. Bakı Şəhəri Yasamal RIH başçısının ##.##.2022-ci il tarixli sərəncamından görünür ki, RIH-nin ##.##.2008-ci il tarixli sərəncamı ilə iddiaçıya yuxarıda qeyd edilən ünvanda yerləşən ** saylı mənzil verilməli idi. Lakin həmin sərəncama RIH-nin ##.##.2013-cü il tarixli sərəncamı ilə mənzilin nömrəsi ilə bağlı düzəliş edilmiş, mənzilin ** saylı mənzil olması müəyyən edilmişdir;

4. Cəbrayıl rayonundan məcburi köçkün olan iş üzrə cavabdehlər Cəbrayıl rayonun Hacılı kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Onlar 1997-ci ilin mart ayından iddiaçıya ayrılmış mənzildə yaşayırlar;

5. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ************ nömrəli arayışına əsasən ünvan * saylı ünvanda yerləşən ** saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması idarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı və mənzildə məcburi köçkünlərin məskunlaşdığı müəyyən edildiyindən mümkün olmamışdır;

6. İddiaçı, X2, X1 qızı ünvan * saylı ünvanda yerləşən ** saylı mənzildə qeydiyyatdadırlar.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3 Zülfüqar oğlu, cavabdeh4, cavabdeh1, cavabdeh6, cavabdeh5 və cavabdeh2 ailə üzvləri birlikdə ünvan * saylı ünvanda yerləşən ** saylı mənzildən çıxarılmaları və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia onunla əsaslandırılmışdır ki, ünvan * saylı ünvanda yerləşən ** saylı mənzil onun mülkiyyətindədir. Mübahisəli mənzil Yasamal Rayon Icra Hakimiyyəti Başçısının *** nömrəli ##.##.2008-ci il tarixli sərəncamı və ##.##.2009-cu il tarixli ****** saylı orderi əsasında onun mülkiyyətinə verilmişdir. O, ailəsi ilə birlikdə 10 ildən çoxdur ki, həmin mənzildə qeydiyyatdadır. Mənzil 1992-ci ildə Cəbrayıl rayonundan məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt edilmiş və hazırda da orada yaşayırlar. Dəfələrlə müraciət olunsa da, cavabdehlər mənzili boşaltmaqdan imtina etmişlər.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh6 izahatında bildirmişdir ki, halhazırkı vəziyyətdə iddia tələbini qəbul etmir. Belə ki, evin çıxarışının necə əldə edilməsindən məlumatı yoxdur. Onlar həmin evdə qanunsuz qalmırlar. Digər cavabdehlər atası, anası, bacıları, həyat yoldaşıdır. Dəfələrlə Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə ev verilməsi ilə bağlı müraciət etmişdir. Şirvan şəhərində ev təklif edilmiş, lakin ailə vəziyyəti ilə əlaqədar olaraq o təklifi qəbul etməmişdir. Belə ki, uşaqları burda təhsil alır, özü burda çalışır. Bakı şəhərində ona ev verilməsini xahiş etmişdir. Ancaq ata-baba yurdları- Cəbrayıl rayonunda ev ilə təmin ediləcəyi halda evdən çıxacaqlar. Lakin hal-hazırda iddia tələbini qəbul etmir. Evlə təmin edilənədək onlara möhlət verilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 iddia tələbini qəbul etməyərək, cavabdeh cavabdeh6 ilə oxşar məzmunlu izahat vermiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. Digər cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir (hakim Gülnar Babazadə).

13. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan * saylı ünvanda yerləşən ** saylı mənzil iddiaçı İddiaçı mülkiyyətindədir. Lakin sonradan Cəbrayıl rayon məcburi köçkünü cavabdeh3 Zülfüqar oğlu ailə üzvləri ilə birlikdə həmin mənzildə məskunlaşmışlar. Bununla bağlı cavabdehlər məcburi köçkün kimi həmin mənzildə yaşadıqlarını bildirmişlər. Hazırda isə cavabdehlər onlara Cəbrayıl rayonunda mənzil verilmədiyinə görə iddiaçıya məxsus mənzildən çıxmaqdan imtina edirlər. Bu səbəbdən İddiaçı öz evindən rahat istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, fərdi yaşayış evindən öz istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır.

14. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ünvan * saylı ünvanda yerləşən ** saylı mənzil iddiaçının mülkiyyətində olsa da, hazırda həmin mənzildə cavabdehlər yaşayırlar. Cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı mülkiyyətinin cavabdehlərin qanunsuz sahibliyindən geri tələb olunmasına dair iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13(1), 29, Mülki Məcəllənin 152.1, 157.2, 228.1, 228.2-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” ##.##.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 119.1-ci, “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolunun 1-ci, “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ###### tarixli *** №-li qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”nın 4-cü bəndinə, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2004-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh cavabdeh6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətində irəli sürülən dəlillər cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatın məzmunu ilə eynidir. Əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

18. Iddiaçı, apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli, qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakim Məmməd Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Fuad Talışınkı və Azad Imanov).

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cəbrayıl rayonu ##.##.1993-cü il tarixdə ermənistan ordusu tərəfindən işğal edilmişdir. Cəbrayıl rayonundan olan məcburi köçkünlər Azərbaycan Respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşmışlar. Məcburiyyət qarşısında Cəbrayıl rayonunu tərk etmiş cavabdehlər mübahisəli mənzildə məcburi köçkün kimi məskunlaşmamışlar. Onlar 3 ildən yuxarı müddət ərzində başqa yerdə yaşamışlar. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil cavabdehlərin məcburi köçkün olaraq məskunlaşdığı yer deyil, onlar həmin mənzili sonradan zəbt etmişlər. Cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamalarının heç bir hüquqi əsası yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə “Akimova Azərbaycana qarşı” iş üzrə Insan Hüquqları Üzrə Avropa Məhkəməsinin ##.##.2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh cavabdeh6 (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş əqd əsasında yaranır. Lakin cavabdehlərlə iddiaçı arasında hər hansı əqd mövcud deyildir. Əksinə, cavabdehlərə həmin mənzildən istifadə hüququ dövlət tərəfindən verilmişdir və onlar ailəvi olaraq 1992-ci ildən ünvan 1-də yerləşən ** saylı mənzildə yaşayırlar. Iddiaçı isə həmin mənzilə mülkiyyət hüququnu yalnız 2008-ci ildə əldə etmişdir.

24. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il tarixli qərarı və # #### 2004-cü il tarixli *** nömrəli sərəncamına əsasən məcburi köçkünlərin evlə təmin olunmadan uzun müddət yaşadıqları mənzildən çıxarılması yolverilməz hesab edilir. Bu normativ aktlar Konstitusiyanın mülkiyyətin sosial funksiyası və məcburi köçkünlərin sosial müdafiəsi prinsipləri ilə birlikdə onların xüsusi hüquqi müdafiəsini təmin edir.

25. Bundan əlavə, Nazirlər Kabinetinin ## ###### 1999-cu il tarixli *** nömrəli qərarına əsasən məcburi köçkünlərin məskunlaşdıqları yaşayış sahəsindən köçürülməsi yalnız müvafiq komissiyanın qərarı və Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin razılığı ilə həyata keçirilə bilər. Iş materiallarında isə bu prosedurlara əməl edildiyini təsdiq edən sübutlar mövcud deyildir.

26. Beləliklə, iddiaçının mənzildən istifadə edə bilməməsi cavabdehlərin təqsiri ilə deyil, dövlət orqanlarının müvafiq prosedurlara əməl etməməsi nəticəsində yaranmışdır. Hüquqda qəbul olunmuş prinsipə görə hüquq pozuntusundan hüquq yarana bilməz. Buna görə də məcburi köçkün ailəsinin alternativ yaşayış sahəsi ilə təmin olunmadan mənzildən çıxarılması ədalət və vicdanlılıq prinsiplərinə ziddir.

27. Bundan başqa, dövlət orqanlarının rəsmi məlumatına əsasən cavabdeh ailənin “Böyük Qayıdış” proqramı çərçivəsində mərhələli şəkildə doğma yurduna köçürülməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən onların qısa müddətdə yaşayış yerindən çıxarılması həm sosial müdafiə prinsiplərinə, həm də mövcud məhkəmə təcrübəsinə uyğun deyil.

28. Göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarı tərəflərin hüquq və mənafeləri arasında ədalətli tarazlığı təmin etmədiyindən həmin qərarın ləğv edilməsi və ya cavabdeh ailə alternativ yaşayış sahəsi ilə təmin olunanadək çıxarılmanın icrasının dayandırılması zəruridir.

29. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci, Avropa Insan Hüquqları Konvensiyası 8-ci, Mülki Prosessual Məcəllənin 217-ci maddələrinə və Azərbaycan Respublikasının Prezidentinin 1999-cu il tarixli Qərarına, Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il # #### tarixli *** nömrəli Sərəncamına istinad olunmuşdur.

Kassasiya baxışının hədləri:

30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, mübahisəli mənzil məhkəmə qərarının icrası çərçivəsində Bakı Şəhəri Yasamal Rayon Icra hakimiyyətinin başçısının ## ###### 2008-ci il tarixli *** nömrəli sərəncamına əsasən İddiaçı, arvadı X2 və qızı X1 qızına verilmiş, bu barədə ## ###### 2008-ci il tarixdə ****** nömrəli order təqdim olunmuşdur. Iddiaçı mənzilə mülkiyyət hüququnu qeydə aldırmaq istəsə də mənzil cavabdehlərin sahibliyində olduğu üçün Daşınmaz əmlakın dövlət reyestri xidmətinin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır.

41. Belə olan halda, mənzilə gözlənilən mülkiyyət hüququ olan iddiaçı hazırkı tələbi irəli sürmüşdür. Məhkəmə araşdırmaları zamanı cavabdehlərin mənzildən istifadə etmələrinə qanuni əsaslar müəyyən edilməmişdir. Belə olan halda cavabdehlərin mənzili sahibliklərində saxlamaları iddiaçının gözlənilən mülkiyyət hüququna qanunsuz müdaxilə təşkil edir.

42. Mülki Məcəllənin 157.4 və 157.8-ci maddələrinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Kassasiya şikayətinin dəlilləri cavabdehin ailə üzvləri ilə birlikdə uzun müddət ərzində mübahisəli mənzildə yaşaması və başqa yaşayış sahəsi ilə təmin edilmədən, bu mənzildən çıxarılmasının onun mənafelərinə uyğun olmamasından ibarətdir.

45. Qeyd olunmalıdır ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçının qanuni sahibliyində olan mənzili zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Həmçinin cavabdeh cavabdeh6 birinci instansiyası məhkəməsində izahatında qeyd etmişdir ki, onlara Şirvan şəhərində yaşayış sahəsinin təklif edilmiş lakin ailə vəziyyəti ilə bağlı bundan imtina etmişdir.

46. “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 17-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (Qaçqınlar və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin) vəzifəsi olduğundan, kassasiya şikayətinin qeyd olunan dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

47. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar