Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-410/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh4 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ##### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı və ½ hissədə cavabdeh4 adına qeydiyyata alınmışdır.
2. Hazırda həmin ünvanda Hüseynov İsrafil Rafiq oğlu, anası cavabdeh1 və oğlu cavabdeh3 İsrafil oğlu yaşayırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi və iddia tələbinin atırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh1, cavabdeh3 İsrafil oğlu və Hüseynov İsrafil Rafiq oğlunun və orada yaşayan digər şəxslərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, İddiaçı həmin evindən maneəsiz istifadəsinin və sahibliyinin təmin edilməsi və yaşayış evinin cavabdeh4 tərəfindən başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinin ona qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsi, 1-ci döngə ünvanında yerləşən *B saylı fərdi yaşayış evinin üzərində İddiaçı ½ hissədə payı müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Reyestr Xidməti tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş Çıxarışa əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı yaşamaq məqsədilə sözügedən ünvana getdiyi zaman ona məlum olmuşdur ki, ona məxsus evdə qanunsuz əsaslarla tanımadığı başqa şəxslər yaşayır. Həmin şəxslər evin onların istifadəsinə digər paylı mülkiyyətçi cavabdeh4 tərəfindən verildiyini bildirmişlər. Həmin şəxslərə ona məxsus evi tərk etməli olduqlarını bildirsə də, onlar buna etiraz etmiş və evdən çıxmamışlar. İddiaçı paylı mükiyyətində olan evin onun razılığı olmadan digər paylı mülkiyyətçi cavabdeh4 tərəfindən başqa şəxslərin istifadəsinə verilməsi İddiaçı mülkiyyət hüquqlarını pozur, çünki o, bu barədə hər hansı bir razılıq verməmişdir. Buna görə də hesab edir ki, İddiaçı evin öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsini, o cümlədən həmin evdə yaşayan şəxslərin oradan çıxarılmasını tələb etmək hüququna malikdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh Hüseynov İsrafil Rafiq oğlu bildirmişdir ki, cavabdeh4 ona etibarnamə vermiş, eləcə də iddiaçı razılıq vermişdir ki, həqiqətən sözügedən ev Vəfa xanıma məxsus deyil. Əlavə olaraq bildirmişdir ki, evin ona məxsus olması, eləcə də sözügedən fərdi yaşayış evinin Məsim və Vəfa ilə bağlılığının olmaması ilə əlaqədar məhkəməyə müraciət etmiş, lakin məhkəmə onun iddiasını təmin etməmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə bununla əlaqədar müraciət etsə də lakin məhkəmə iddianı təmin etməmişdir. Hazırda evdə o, oğlu və anası yaşayır. Eyni zamanda da evin bütün xərclərini, evin kreditini qalan hissəsini də hal-hazırda mütəmadi olaraq ödəyir. Bu səbəbdən də məhkəmədən verilmiş iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2025-ci il ## ### tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Hüseyn Hüseynli) iddia təmin edilərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iddiaçının həmin evdən maneəsiz istifadəsinin və sahibliyinin təmin edilməsi, cavabdeh tərəfindən evin başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinin ona qadağan edilməsi qət edilmişdir.
7. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, sözügedən fərdi yaşayış evi paylı mülkiyyətdə olan əmlakdır və iddiaçı bununla əlaqədar olaraq müvafiq çıxarışı məhkəməyə təqdim etmişdir. Paylı mülkiyyətdə olan əmlakdan istifadə bütün mülkiyyətçilərin razılığı əsasında həyata keçirilməlidir. Əgər bir mülkiyyətçi, digər mülkiyyətçinin razılığı olmadan əmlakı şəxsə istifadə üçün vermişdirsə, bu artıq digər mülkiyyətçinin hüquqlarının pozulması deməkdir.
8. Məhkəmə iclasında müəyyən edilmişdir ki, paylı mülkiyyyətçi olan iddiaçının hər hansı bir razılığı olmadan digər paylı mülkiyyətçi cavabdeh4 tərəfindən fərdi yaşayış evi üçüncü şəxslərin, yəni digər cavabdehlər Hüseynov İsrafil Rafiq oğlu, anası cavabdeh1 və oğlu cavabdeh3 İsrafil oğlunun istifadəsinə verilmişdir. İstifadə hüququ olmayan üçüncü şəxslər, yəni digər cavabdehlərin həmin əmlakdan istifadə etməsi, yəni həmin şəxslərin orada yaşaması qanunsuz istifadə sayılır.
9. Məhkəmə iddia tələbinin cavabdeh1, cavabdeh3 İsrafil oğlu və Hüseynov İsrafil Rafiq oğlunun və orada yaşayan digər şəxslərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən şəxslər müqavilə əsasında həmin fərdi yaşayış evində yaşamadıqları üçün, eləcə də bir paylı mülkiyyətçi, yəni cavabdeh4 icazəsi olduğu və digər paylı mülkiyyətçinin razılığı olmadığı halda həmin fərdi yaşayış evində yaşadıqları üçün həmin şəxslərin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalı və cavabdehlər cavabdeh1, cavabdeh3 İsrafil oğlu və Hüseynov İsrafil Rafiq oğlu fərdi yaşayış evindən çıxarılmalıdırlar.
10. Məhkəmə iddia tələbinin İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən maneəsiz istifadəsinin və sahibliyinin təmin edilməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3 İsrafil oğlu və Hüseynov İsrafil Rafiq oğlu tərəfindən ona fiziki olaraq maneə yaratdığı üçün, yəni paylı mülkiyyətçinin öz əmlakından sərbəst istifadəsinə maneə törədildiyi üçün təmin edilməlidir.
11. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, mülkiyyətçi bu hüququndan yalnız mülkiyyətin fiziki zədələnməsi halında deyil, eləcə də ondan istifadə hüququndan məhrum edilməsi halında belə istifadə edə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən maneəsiz istifadəsi və sahibliyi təmin edilməlidir.
12. Məhkəmə iddia tələbinin digər paylı mülkiyyətçi cavabdeh4 tərəfindən başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinin ona qadağan edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Hazırki halda bu cür razılaşma olmadığı üçün əmlakın cavabdeh cavabdeh4 tərəfindən başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsi qanunsuzdur. Bu səbəbdən əmlakın cavabdeh cavabdeh4 tərəfindən başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsi qadağan edilməlidir.
13. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, cavabdehlər cavabdeh1, cavabdeh3 İsrafil oğlu və Hüseynov İsrafil Rafiq oğlunun fərdi yaşayış evində yaşamaları iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur.
14. Məhkəmə öz hüquqi mövqeyini AR Konstitusiyasının 13, 29-cu maddəsinə, Mülki Məcəllənin 146.2, 148.2, 152.1, 152.5, 157.2, 157.4, 215.1, 215.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 29.1-ci, habelə MPM-nin 14.2, 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı paylı mülkiyyət hüququ əsasında müraciət etdiyi əmlak – ünvan 1 ünvanındakı fərdi yaşayış evi – hal-hazırda onun da paylı mülkiyyətindədir. İddiaçı evin digər yarısı üzrə istifadənin ona verilmədiyini və üçüncü şəxslərin orada yaşadığını əsas gətirərək çıxarılmalarını və istifadənin ona verilməsini tələb etmişdir. Halbuki bu şəxslər – Hüseynov İsrafil Rafiq oğlu və ailə üzvləri – cavabdeh tərəfindən razılıq əsasında həmin əmlakda yerləşdirilmiş və uzun illər orada yaşamaqla bərabər, kommunal xərcləri və kredit borcunun ödənilməsini də öz üzərlərinə götürmüşlər. Məhkəmə bu faktları nəzərə almadan iddianı tam təmin etmişdir. AR Mülki Məcəlləsinin 215.1 və 215.5ci maddələrinə görə, paylı mülkiyyətə dair sərəncam bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Qanunvericilikdə heç bir norma digər mülkiyyətçiyə öz payına düşən hissə üzərində istifadə haqqını qadağan etmir. Evin yalnız onun payına düşən hissəsindən istifadə etməyə və ya onu istifadəyə verməyə dair sərəncam hüququnu həyata keçirmişdir. Məhkəmə bu hüququ nəzərə almadan ona əmlakdan istifadəni qadağan etmişdir ki, bu da qanunsuz müdaxilədir. Bundan əlavə, evdə istifadə olunan sahənin konkret olaraq hansı hissə olduğu müəyyən edilmədən belə qərar qəbul olunması qeyri-müəyyənlik doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işdə iştirak etməyən tərəfin iştirakı olmadan işə baxılması yalnız onun lazımi qaydada xəbərdar olunması halında mümkündür. Halbuki işin materiallarında onun iştirakının təmin olunması üçün real səy göstərildiyinə dair sübutlar yoxdur. Onun iştirakı olmadan barəsində ciddi hüquqi nəticə doğuran qərar qəbul olunmuşdur. Bu, həm də Konstitusiyanın 60-cı maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququna ziddir. Məhkəmə Hüseynov İsrafil Rafiq oğlu və onun ailə üzvlərinin həmin evdə uzunmüddətli yaşayışını, istifadə hüququnun onun razılığı ilə verildiyini və evin kommunal xərclərinin onlar tərəfindən ödənildiyini nəzərə almamışdır. Bu hallar mübahisənin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edir və nəticəyə birbaşa təsir edir. İddiaçı tərəfindən evdən istifadə edə bilmədiyi, fiziki olaraq maneə ilə qarşılaşdığı, onun və ya digər şəxslərin ona qarşı hər hansı təzyiq göstərdiyi sübut edilməmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi sübutlar yalnız hüquqi qeydiyyata dair sənədlərlə məhdudlaşmış, faktiki istifadə hüququnun pozulmasına dair heç bir əsaslı sübut təqdim olunmamışdır. Məhkəmə qətnaməsində göstərilən nəticə – ona əmlakdan istifadənin və üçüncü şəxslərin yerləşdirilməsinin qadağan olunması – işin faktiki halları ilə uyğun gəlmir. O, yalnız özünə məxsus ½ paydan istifadə etmiş və bu sahənin konkret hansı hissə olduğu göstərilmədən qərar çıxarılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il ## ####### tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən, məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli əmlakın iddiaçının ümumi paylı mülkiyyətində olması, buna baxmayaraq iddiaçının həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması, əmlaka sahiblik və ondan istifadə səlahiyyətlərinin həyata keçirə bilməməsi işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə 1124130928 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehlər iddiaçıya mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki qanunvericiliyə görə, bir qayda olaraq paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Belə ki, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqlarına uyğun şəkildə paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Belə olan halda qeyd edilməlidir ki, əmlakın digər mülkiyyətçisi olan cavabdeh4 iddiaçının mülkiyyət hüququnun ünsürləri olan səlahiyyətlərdən istifadə etməsinə maneçilik törətməsi, sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Halbuki, ümumi əşyaya sahiblik və ondan isifadə qaydalarını müəyyənləşdirərkən mülkiyyətçilərin hər birinə mənsub olan bu hüququnun məhdudlaşdırılması yolverilməzdir.
20. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində istinad etdiyi dəlillərlə əlaqədar isə qeyd etməyi zəruri hesab etmişdir ki, bu dəllilər əsassızdır və mülahizə xarakter daşıyır. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 1-ci, AR Mülki Məcəlləsinin 139.1, 140, 152.1, 152.5, 157.2, 157.4, 213.1, 213.2, 215.1, 215.2, 215.4-cü, habelə MPM-nin 4.1, 14.2, 77.1, 88, 119.1, 384.0.1-ci madələrinə istinad eetməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh cavabdeh4 kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası (birinci instansiya ilə eyni) iddiaçının hansı konkret hissədən, hansı qaydada və hansı şərtlərlə istifadə etməli olduğunu müəyyən etməmiş, faktiki istifadə hüdudlarını göstərməmiş, tərəflər arasında istifadə qaydasının müəyyənləşdirilməsi (və ya bunun mümkün olmadığı hallarda kompensasiya mexanizmi) üzrə araşdırma aparmadan “maneəsiz istifadə və sahibliyin təmin edilməsi” kimi ümumi və icrası qeyri-müəyyən nəticə çıxarmışdır. Bu yanaşma AR Mülki Məcəlləsinin 215.1-215.3-cü maddələrinin məzmununa uyğun deyil və hüquqi müəyyənlik tələbinə ziddir. Apellyasiya qətnaməsində “paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir” tezisinə istinad edilsə də, iş üzrə həll yolu kimi faktiki olaraq kassatorun payına uyğun istifadə imkanları da məhdudlaşdırılmış, onun payına düşən hissədən istifadə edib-etməməsi və üçüncü şəxslərin hansı hissədə yerləşdirilməsi kimi mühüm hallar müəyyənləşdirilməmişdir. Ali Məhkəmənin mövqeyinə görə, paylı mülkiyyətçi öz payı üzərində sərəncam vermək hüququna malikdir, lakin bu səlahiyyətlərin həyata keçirilməsində qanuni məhdudiyyətlər mövcuddur və digər payçıların hüquqları ilə “bir araya sığan” dərəcə əsas meyardır. Belə olduğu halda, məhkəmələr mübahisəni həll edərkən hər iki payçının mülkiyyət hüquqlarına münasibətdə balansı təmin etməli, ən az müdaxilə ilə (məsələn, istifadə qaydasının müəyyənləşdirilməsi, alternativ kompensasiya) hüququ müdafiə etməli idi. Apellyasiya instansiyası qətnaməsində mülkiyyətin müdafiə üsullarına (vindikasiya, neqator və s.) ümumi istinadlar verilsə də, iş üzrə tərəflər arasında münasibət əsasən paylı mülkiyyət münasibətidir. Paylı mülkiyyətdə olan əmlak üzrə mübahisələrdə əsas məsələ, bir tərəfin “tam” sahibliyinin bərpası deyil, paylara uyğun sahiblik və istifadə rejiminin qurulmasıdır. Üçüncü şəxslərin “qanunsuz sahibliyi” qənaətinə gəlmək üçün onların əmlakdan istifadəsinə dair hüquqi əsasın (məsələn, payçı tərəfindən verilmiş icazə və onun hüdudları) araşdırılması, hansı hissəyə aid olduğu və iddiaçının payına necə təsir etməsi müəyyən edilməli idi. Məhkəmə isə bu araşdırmanı aparmadan, üçüncü şəxslərin yaşayışının uzunmüddətli olması, kommunal xərclər/kredit ödənişləri barədə tərəflərin izahatlarını (işin halları bölməsi) nəticəyə təsir edən fakt kimi qiymətləndirməmişdir. Nəticədə mübahisə paylı mülkiyyətin mexanizmlərindən kənar müstəvidə həll olunmuşdur ki, bu maddi hüququn düzgün tətbiq edilməməsidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçının “faktiki sahiblikdən məhrum olması” və “fiziki maneə yaradılması” kimi hallar “mübahisələndirilməyən” hal kimi təqdim olunur. Halbuki kassator apellyasiya şikayətində bu halların sübuta yetirilmədiyini, üçüncü şəxslərin onun razılığı ilə yerləşdiyini, iddiaçının faktiki olaraq maneə ilə üzləşdiyini təsdiq edən yetərli sübutların təqdim edilmədiyini göstərmişdir. Məhkəmə qərarı faktiki olaraq bir payçının istifadəsini “sıfıra yaxınlaşdırır”, digər payçının hüququnu üstün tutur və ən az müdaxilə ilə həll (istifadə qaydasının müəyyən edilməsi, bölüşdürmə, kompensasiya) variantlarını araşdırmırsa, paylı mülkiyyətin balans məntiqi pozulur. Bu iddialar konkret sübutlarla təsdiqlənmədən (və ya sübutlar qiymətləndirilmədən) iddia təmin edilirsə, sübutetmə yükü faktiki olaraq cavabdehin üzərinə keçir və AR MPM-nin 77.1 pozulur. Qətnamədə tərəflərin əsas arqumentlərinə cavab verilmədən “mülahizədir” kimi ümumi ifadələrlə keçilirsə, əks sübutların niyə rədd edildiyi göstərilmirsə- bu, AR MPM-nin 14.2 və 88-in pozuntusudur.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 139.1-ci Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
27. Maddə 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 213.1 İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
32. Maddə 213.2 Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
33. Maddə 215.1 Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
34. Maddə 215.2 Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
35. Maddə 215.4 Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh4 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
46. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdeh cavabdeh4 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. Cavabdeh cavabdeh4 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
48. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçının ümumi paylı mülkiyyətində olması, buna baxmayaraq iddiaçının həmin mənzil üzərində faktiki sahiblikdən məhrum olması, mənzildən sahiblik və ondan istifadə səlahiyyətlərini həyata keçirə bilməməsi işin mübahisələndirilməyən hallarına aiddir.
50. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər iddiaçıya mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.
51. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki qanunvericiliyə görə, bir qayda olaraq paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Çünki, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqlarına uyğun şəkildə paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Belə olan halda qeyd edilməlidir ki, əmlakın digər mülkiyyətçisi olan cavabdeh4 iddiaçının mülkiyyət hüququnun ünsürləri olan səlahiyyətlərdən istifadə etməsinə maneçilik törətməsi, sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Halbuki, ümumi əşyaya sahiblik və ondan isifadə qaydalarını müəyyənləşdirərkən mülkiyyətçilərin hər birinə mənsub olan bu hüququnun məhdudlaşdırılması yolverilməzdir.
52. Apellyasiya instansiyası məhkəməsi cavabdeh cavabdeh4 kassasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində istinad etdiyi dəlillərlə əlaqədar qeyd etmişdir ki, bu dəllilər əsassızdır və mülahizə xarakter daşıyır. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
53. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdeh cavabdeh4 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.