Məhkəmə qərarları › İş №2(1-8)-412/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-412/2026

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-412/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması öhdəliyinin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərində İddiaçı hər dəfə 1 ay müddətində qaytarmaq şərti ilə 2500 manat məbləğində borc almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat məbləğində pulun və 120 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh onun xahişi ilə, şahidlərin yanında ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023 cü il və ##.##.2023-cü il tarixlərdə hər biri 2500 manat olmaqla, cəmi 10.000 manat borc pul vermişdir. Cavabdeh öz əl yazısı ilə eyni tarixli qəbzlər yazıb imzalayaraq həmin pulu aldığını təsdiq etmiş, eyni zamanda borcunu bir ay müddətinə qaytaracağını bildirmişdir. Lakin cavabdeh bu günədək borcundan heç bir ödəniş etməmişdir. Cavabdehə bir neçə dəfə borcun ödənilməsi ilə bağlı müraciət edilsə də, nəticəsiz qalmışdır.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçını tanımır, Rüstəm adlı şəxsdən 1500 manat sələmə pul alıb. Əsas pulu qaytarmayıb, lakin faizləri ödəyib. Qəbzlərdəki yazıları o yazmayıb, imzaları da o çəkməyib, onun imzasına oxşadılıb çəkilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş mülki işin 10-11-ci vərəqələrində Cavabdeh adından olan ##.##.2023, ##.##.2023, ##.##.2023 və ##.##.2023-cü il tarixlərdə İddiaçı 2500 manat məbləğində borc pul götürməsi və götürdüyü borcu 1 ay ərzində qaytaracağına söz verməsi barədə 4 ədəd qəbzdəki yazılar və yazının sonundakı imzalar Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Əkrəm Qəhrəmanov).

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzləri cavabdeh yazmışdır və bununla da iddiaçıya qarşı olan ümumilikdə 10.000 manat borcu etiraf etmişdir. Lakin bu günədək iddiaçıya borcu qaytarmamışdır.

8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, iddianın tam rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı tələbini cavabdeh Cavabdeh onun xahişi ilə şahidlərin yanında ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərdə hər biri 2500 manat olmaqla, cəmi 10000 manat borc pul verməsi ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün şahidləri təqdim etməmiş, eyni zamanda ##.##.2023-cü il tarixli müqavilə üzrə öhdəliyini icra etməmiş şəxsə sonrakı aylar təkrartəkrar borc verməsinə əsas olmuş halı izah edə bilməmişdir. Belə ki, onun tələbinin əsası kimi istinad etdiyi qəbzlərdə borcun bir ay müddətinə verilməsi qeyd edilmişdir. İlk dəfə aldığı borcu qaytarmayan şəxsə təkrar borcun verilməsi isə ağlabatan deyil. Eyni zamanda iddiaçı cavabdehi tanıyıb tanımadığını, borcun verilməsi üzrə danışıqların hansı qaydada aparılmasını, borcu hansı şəraitdə, hansı əskinaslarla, kimlərin yanında verildiyini, əvvəlki borcunu qaytarmayan cavabdehə sonrakı aylarda borc verməkdə davam etməsinə səbəb olmuş halları izah edə bilməmiş, bu hallara dair hər hansı sübut təqdim etməmişdir. O, sanki yoldan keçən və bir dəfə borc verdiyi tanımadığı şəxsə əvvəlki borcunu qaytarmasa da, hər təqvim ayı davamlı olaraq borc verməkdə davam etmişdir ki, bu da ağlabatan deyil. Bütün bu sadalanan hallar onu təsdiq edir ki, iddiaçını tanımadığı qəbzlərdəki yazıların onun tərəfindən yazılmadığı və imzaların da onun tərəfindən icra edilmədiyinə dair cavabdehin bildirdikləri işin hallarına uyğundur. Lakin məhkəmə ilk dəfə aldığı borcu qaytarmayan şəxsə təkrar borc verilməsini ağlabatan olmadığını nəzərə almayaraq iş üzrə təkrar ekspertiza keçirmədən yekun məhkəmə aktı çıxarmışdır. Məhkəmə, tərəflər arasında borc müqavilələrinin bağlanması halını əsaslı şübhədən kənar sübutlarla təsdiq olunmadığını nəzərə almayaraq maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Tərəflər arasında borc müqavilələrinin bağlanması halı sübut edilməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. İş üzrə alınmış ekspert rəyini şübhə altına alan əsaslar müəyyən edilməmiş, habelə cavabdeh tərəfindən pul vəsaitinin başqa şəxsdən sələmə alındığını və müəyyən məbləğdə pulun qaytarmasına dair dəlilləri sübuta yetirilməmişdir.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 76-82ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətində cavabdeh Mülki Məcəllənin 739.1, Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.3-cü maddələrinə istinadən qeyd etmişdir ki, məhkəmə kollegiyası iddiaçının tələbinin əsası kimi təqdim etdiyi halların doğruluğunu və şəffaflığını tam şəkildə yoxlamamışdır. Xüsusilə, iddiaçı, borcun təsdiqi üçün şahidlər təqdim etməmiş və bu borcun təkrarlanması məsələsində əsaslı izahat verməmişdir. Məhkəmə, iddiaçının ##.##.2023-cü il tarixli müqavilə üzrə borc öhdəliyini yerinə yetirməyən şəxsin təkrar borc almasını məntiqli hesab etməmişdir. İlk borcu qaytarmayan bir şəxsə yenidən borc verilməsi ağlabatan sayıla bilməzdi. İddiaçı, cavabdehin atasının xəstəxanada olduğunu və buna görə borc almasının lazım olduğunu izah etməyə çalışmış, lakin bu halı da sübut edə bilməmişdir. Bankdan borc götürmək imkanı olduğu halda, niyə əvvəlcə iddiaçıya müraciət etdiyi ilə bağlı heç bir açıqlama verməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçının vəkili və nümayəndəsi İsmayılov Vüsal Baxış oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində irəli sürülən məsələlərə dair həmçinin iş üzrə əldə olunmuş ekspert rəyini şübhə altına almağa cəhd göstərmiş, lakin bununla bağlı hər hansı konkret əsas təqdim etməmişdir. Həmçinin, cavabdeh tərəfindən pul vəsaitinin başqa şəxsdən sələmə alındığı və müəyyən məbləğin qaytarılması məsələsində iddia olunan hallar sübut olunmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işdəki sübutları araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında 10.000 manat icra edilməmiş öhdəliyi vardır. Buna görə də, iddiaçı həmin məbləğdə pulu cavabdehdən geri tələb etməkdə haqlıdır. Qəbzlərdəki imzanın ona məxsus olmaması barədə cavabdehin dəlili ekspertiza rəyi ilə təkzib olunmuş, eyni zamanda onun etirazında istinad etdiyi hallar iddianın rədd edilməsinə əsas verməmişdir.

30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

31. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

33. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar