Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-446/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bank “xxxx” ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2021-ci il tarixli, RH-*****- **/**A nömrəli krеdit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 16 faiz hesablanmaqla 239.086,66 manat krеdit vеrmişdir.
2. Bank “xxxx” ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2021-ci il tarixli, RHZ-*****- **/**A nömrəli zaminlik müqaviləsinə və ##.##.2022-ci il tarixli zaminlik müqaviləsinə əlavə sazişə əsasən zamin ##.##.2021-ci il tarixli, RH-*****-**/**A saylı kredit müqaviləsi üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır.
3. Bank “xxxx” ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2021-cü il tarixli, RHG-*****- **/**A nömrəli sonrakı ipoteka müqaviləsinə və ##.##.2022-ci il tarixli ipoteka müqaviləsinə əlavə sazişə əsasən ##.##.2021-cü il tarixli, RHZ-*****-**/**A nömrəli krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən ** saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir.
4. ünvan 1 ünvanında yerləşən 117.90 kv.m. sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ üzrə cavabdeh1 adına daşınmaz əmlakın reyestrində ##.##.2015-ci il tarixdə 1115036404 nömrə ilə qeydiyyata alınmışdır.
5. ünvan 1 ünvanında yerləşən 117.90 kv.m. sahəsi olan mənzil ##.##.2021-ci il tarixli, RH-*****-**/**A nömrəli kredit müqaviləsinin təminatı kimi Bank “xxxx” ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı Bank “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2021-ci il tarixli, RH-*****-**/**A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn ##.##.2023-cü il tarixinə olan 208.192.28 manat əsas borc, 34.554.53 manat faiz borcu, 1052.11 manat dəbbə borcu, ümumilikdə 243.798.92 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 533.8 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqının və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh cavabdeh1 Bank “xxxx” ASCnin xeyrinə tutulması, cavabdehlər cavabdeh1 və cavabdeh2 ilə bağlanan ##.##.2022-ci il tarixdə iddiaçıyla RHG-*****-**/**A saylı ipoteka müqaviləsi əsasında üzrə cavabdehlər cavabdeh1 və cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, ev 235 A, mənzil 19 evə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin ##.##.2023cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 208.192,28 manat, faizlərin məbləği 34.554,53 manat, dəbbə borcu 1052,11 manat təşkil edir. Beləliklə cavabdehin ##.##.2023-cü il tarixinə ümumi borcu 243798.92 manat təşkil edir.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2023-cü il tarixli */**** saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları və ## ######## 2021-ci il tarixli, RH-*****-**/**A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh cavabdeh1 ##.##.2023-cü il tarixə Bank “xxxx” ASC-yə olan borcu 239.870,9 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,28 manat; faiz borcu üzrə 31.678,62 manat. ##.##.2023-cü il tarixə cavabdeh1 Bank “xxxx” ASC-yə olan borcu 248.013,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,28 manat; faiz borcu üzrə 39.821,26 manat.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli */**** saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları və ## ######## 2021-ci il tarixli, RH-00059- **/**A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh cavabdeh1 ##.##.2023-cü il tarixə Bank “xxxx” ASC-yə olan borcu 239.870,9 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,78 manat; faiz borcu üzrə 31.678,22 manat. ##.##.2023-cü il tarixə cavabdeh1 Bank “xxxx” ASC-yə olan borcu 248.013,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,78 manat; faiz borcu üzrə 39.820,88 manat.
10. “xxxx” MMC-nin ## ##### 2023-cü il tarixli rəyindən görünür ki, ünvan 1-un real bazar dəyəri 350.000 manat, likvid dəyəri 280.000 manat müəyyən edilmişdir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli */****-**/**** saylı ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin əşyalarla təchiz olunmasına uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində və ya həmin ərazidə yerləşən analoji mənzillərə dair məlumat olmadığından həmin mənzil üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Rəna Qafarova) *(***)-**/** saylı, ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, iddiaçı Bank “xxxx” ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2021-ci il tarixli, RH-*****-**/**A saylı krеdit müqaviləsi ləğv edilmiş, krеdit müqaviləsinə əsasən 208.192,28 (iki yüz səkkiz min yüz doxsan iki manat iyirmi səkkiz qəpik) manat əsas borc, 29.670,69 (iyirmi doqquz min altı yüz yetmiş manat altmış doqquz qəpik) manat faiz borcu, 167,09 (bir yüz altmış yeddi manat doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 238.030,06 (iki yüz otuz səkkiz min otuz manat altı qəpik) manat borcun, dövlət rüsumunun 528 (beş yüz iyirmi səkkiz) manat hissəsi, 0,40 (qırx qəpik) manat bank xidməti haqqı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdeh cavabdeh1 tutularaq iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələbin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən ** saylı mənzilə -ipoteka predmetinə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən ** saylı mənzilin ilkin satış qiyməti 280.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən Bank “xxxx” ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra pulun qalan hissəsi cavabdeh1 qaytarılması, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri olan cəmi 350 (üç yüz əlli) manatın 300 (üç yüz) manat hissəsi cavabdeh cavabdeh1, 50 (əlli) manat hissəsi iddiaçı Bank “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
13. Məhkəmə bildirmişdir ki, cavabdeh1 bank qarşısındakı öhdəliklərini iddia qaldırılan günə kimi lazımınca yerinə yetirməmiş, bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə cavabdeh tərəfə yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə görə hesablanmış faiz və cərimə borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmasına baxmayaraq öhdəlik yerinə yetirilməmişdir.
14. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan ##.##.2021-ci il tarixli, RH-*****- **/**A nömrəli krеdit müqaviləsinə əsasən kredit almaqla tərəflər arasında borc kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən kredit müqaviləsinin ləğv edilməsi və yaranmış əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsi və s. hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
15. Iş materiallarında olan sonuncu - ##.##.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdeh cavabdeh1 ##.##.2023-cü il tarixə Bank “xxxx” ASC-yə olan borcu 239.870,9 manat məbləğində müəyyən edilmiş, o cümlədən: əsas borc üzrə 208.192,78 manat; faiz borcu üzrə 31.678,22 manat. ##.##.2023-cü il tarixə cavabdeh1 Bank “xxxx” ASC-yə olan borcu 248.013,54 manat məbləğində müəyyən edilmiş, o cümlədən: əsas borc üzrə 208.192,78 manat; faiz borcu üzrə 39.820,88 manat.
16. Məhkəmə əsas və faiz borcuna münasibətdə sübüt növü kimi qiymətləndirir və qeyd edir ki, ekspert rəyində müəyyən edilən əsas borc məbləği iddiada göstərilən məbləğ ilə demək olar ki, eynilik təşkil edir, faiz borcu isə bir qədər fərqlə iddiada göstərilən məbləğdən az müəyyən edilir.
17. Məhkəmə ekspert rəyi ilə müəyyən edilmiş və iddia tələbində göstərilən əsas borcun məbləğini nəzərə alaraq hesab etmişdir ki, əsas borc iddia tələbi həcmində, yəni 208.192,28 manat məbləğində cavabdeh cavabdeh1 tutulmalıdır.
18. Cavabdeh cavabdeh1 ##.##.2023-cü il tarixinə Bank “xxxx” ASC-yə olan borcu 239.870,9 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,78 manat; faiz borcu üzrə 31.678,22 manat. ##.##.2023-cü il tarixə cavabdeh1 Bank “xxxx” ASC-yə olan borcu 248.013,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,78 manat; faiz borcu üzrə 39.820,88 manat.
19. Məhkəmə faiz borcu ilə bağlı qeyd etmişdir ki, iddiaçının cavabdehə ünvanladığı ##.##.2023-cü il tarixli bildirişdən görünür ki, gecikdirilmiş borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda müqavilənin ləğv edilməsi və borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi qeyd edilmiş, həmçinin əsas borcla yanaşı 29.670,69 manat faiz borcunun və 167,09 manat dəbbə borcunun olması qeyd edilmişdir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab etmişdir ki, müqavilənin ləğvinə dair iradə ifadəsi bildirildiyinə görə bildirişdə göstərilən 29.670,69 manat məbləğində faiz borcu, 167,09 manat məbləğində cərimə borcu cavabdeh cavabdeh1 tutulmalıdır.
21. Məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən ** saylı mənzil göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır.
22. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd etmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır.
23. Məhkəmə qeyd etmişdir ki, ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən müəyyən edilməmişdir və iddiaçı hazırda əmlakın ilkin satış qiymətinin özünün təqdim etdiyi rəyə uyğun müəyyən edilməsini xahiş edir, cavabdeh tərəf isə həmin rəyi mübahisələndirməmişdir.
24. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən ** saylı mənzilin ilkin satış qiyməti 280.000 (iki yüz səksən min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.
25. Məhkəmə iddia tələbinin “ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh cavabdeh1 tutulması” hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
26. Məhkəmə, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi hissəsi üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, məhkəmə hazırki qətnamə ilə artıq borcun cavabdehdən tutulması məsələsinə hüquqi qiymət vermiş, borcun cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Qətnamənin icrası təmin edilərkən satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə ümumi qaydada icra edilməsi icra proseduru çərçivəsində təmin edilməli olduğundan bu halın əlavə olaraq müəyyən edilməsinə heç bir zərurət yoxdur.
27. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsində cavabdeh qismində həmçinin cavabdeh2 göstərilsə də, borcun ondan tutulması tələb edilməmiş, kredit və sonraki ipoteka müavilələri cavabdeh cavabdeh1 ilə bağlanmaqla, ipoteka predmetinin mülkiyyətçisi də sonuncudur
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 741, 317.1, 319.1, 319.6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli Qərarında göstərilən hüquqi mövqenin düzgün tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli vahid məhkəmə təcrübəsini formalaşdıran (üç ulduzlu) qərarında ifadə edilmiş hüquqi mövqelərə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.3-cü maddələrinə, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1., 63.1.1., 63.1.2. və 63.1.3. maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Cavabdeh cavabdeh1 (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
30. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Bank “xxxx” ASC ilə cavabdeh cavabdeh1 arasında ##.##.2021-ci il tarixli RH*****-**/**A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank “xxxx” ASC 239.086,66 məbləğində krediti illik 16 faizlə 60 ay müddətinə cavabdeh cavabdeh1 mülkiyyətinə vermiş, cavabdeh cavabdeh1 isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti ##.##.2026-cı il tarixinədək faiz ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, işdə olan müqaviləyə (iddiaçı tərəfindən təqdim edilmiş) diqqət yetirildikdə məlum olur ki, cavabdeh cavabdeh1 “xxxx” ASC ilə cavabdeh cavabdeh1 arasında ##.##.2021-ci il tarixli RH*****-**/**A saylı kredit müqaviləsi kreditin götürülməsi deyil, ##.##.2019-cu il tarixli, RH-*****-**/**A saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam bağlanması adı altında öhdəlik müqaviləsidir. Həmin müqavilənin 1.3-cü bəndində müqavilə cavabdeh2 (VÖEN 1406269852) ilə bağlandığı açıq şəkildə qeyd edilmişdir. cavabdeh2 bu kreditini sahibkarlıq məqsədilə götürmüşdür. Cavabdeh cavabdeh1 bu sahibkarlıq fəaliyyətində ortaqlığı yoxdur, bu müqavilənin mətnindən xəbərsizdir. Iddiaçıdan hər hansı bir kredit götürməyib və belə bir öhdəlik müqaviləsi barədə bankla danışıqları olmamışdır.
31. Bank cavabdeh cavabdeh1la ipoteka müqaviləsi bağlayanda cavabdehi məlumatlandırmadan kreditlərini təminatlandırmaq üçün aldadaraq belə bir müqaviləyə qol çəkdirmişlər. Yəni cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən ** saylı mənzili girov qoyduğunu düşünərək bütün sənədlərin məhz girovla bağlı olduğunu düşündüyündən həmin sənədləri imzalamışdır. Hesab edir ki, həmin müqavilə etibarsız müqavilədir. cavabdeh1 kreditor əvəzinə hər hansı bir öhdəlik götürmək barədə bankla danışıqlar aparmadığından və belə bir müqavilənin tərkibinə bilərək qol çəkmədiyindən həmin müqavilə etibarsız hesab edilməlidir. Vəsait kredit götürən şəxsdən tələb edilməlidir. Bundan başqa bu qətnaməni əldə edən cavabdeh cavabdeh1 dərhal əsl borclu cavabdeh2la əlaqə saxlamış və o bu müqavilə üzrə borclu olduğunu qəbul etmişdir. Qeyd edilən krediti məhz qanuni təmsilçisi olduğu “X1” MMC-nin Binə Bazarının yaxınlığında avtovağzal inşasının yekunlaşdırmaq üçün götürdüyünü və müəyyən səbəblərdən avtovağzalın işə başlamaması səbəbindən krediti ödəyə bilməməsini bildirmişdir. Bundan başqa cavabdeh cavabdeh2 bildirmişdir ki, onun tərəfindən küllü miqdarda borcun qaytarılması təmin edilmişdir ki, bank həmin sənədləri məhkəməyə təqdim etmədiyindən ekspertiza rəyində əks edilməmişdir. Həmin sənədləri cavabdeh1 təqdim edəcəyini bildirmişdir. Bütün ödəniş sənədləri Apellyasiya məhkəməsinə təqdim ediləcəkdir. O, bu ödənişləri gizlətdiyindən, məhkəməyə təqdim etmədiyindən cavabdeh cavabdeh1 hüquqları pozulmuşdur. Belə ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən ** saylı mənzil borca yönəldilərkən artıq qalan vəsait özünə qaytarılmalıdır. Bankın yanlış məlumatları əsasında onun evinin satışından əldə edilən bütün vəsaitlər banka ödəniləcəkdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 28/202532. ##.##.2025-ci il tarixli qətnaməsi maddi və prosessual normaların pozulması nəticəsində qəbul edilmişdir. Belə ki, Səbail Rayon Məhkəməsi tərəfindən MPM-in işlərin məhkəmə aidiyyəti ilə bağlı normaları pozulmuşdur. Məhkəmə tərəfindən MPM-in 26-cı maddəsinin normalarına əməl edilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, hazırkı iş predmetinə, subyekt tərkibinə və hüquq münasibətinin xarakterinə görə ümumi məhkəmələrdə deyil, kommersiya məhkəmələrində baxılmalıdır. Belə ki, tərəflər arasında bağlanılmış müqavilələrdə kreditin şəxsi istifadə məqsədilə götürülməsi qeyd edilsə də, cavabdehlər həmin krediti sahibkarlıq məqsədilə götürmüşlər. Iddiaçı bank özü də cavabdehlərə sahibkarlıq məqsədilə kredit vermiş, lakin buna baxmayaraq iddianı ümumi məhkəmədə qaldırmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehlərdən biri cavabdeh2 ********** saylı VÖEN vasitəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin krediti isə qanuni təmsilçisi olduğu “X1” MMCnin fəaliyyəti ilə bağlı götürdüyünü iddiaçı bank məhkəmədən gizlətmişdir. Belə ki, sözügedən MMC ##.##.2018-ci il tarixində qeydiyyata alınmış və bank tərəfindən isə cavabdeh2 həmin kredit ##.##.2018-ci il tarixli kredit müqaviləsi verilmişdir. Müqavilənin və MMC-nin dövlət qeydiyyatına alınma tarixlərinə baxdıqda bunu aydın şəkildə görmək olar. Sadəcə bank məhkəməni yanıldaraq iddianı kommersiya məhkəməsinə deyil, ümumi məhkəməyə vermiş, bununla da iddianın verilməsi üçün aiddiyət seçməsinə məhkəmə düzgün qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 31.1-ci maddəsinə əsasən Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Cavabdehlər də kredit üzrə verilmiş vəsaiti məhz sahibkarlıq məqsədləri üçün istifadə etmişdir. Məhkəmənin diqqətinə işin kommersiya xarakterli olduğunu bildirmişdir. Eyni zamanda, işin kommersiya və sahibkarlıq xarakterli olması üçün tərəflər də kommersiya mübahisəsinin subyekt dairəsinə daxil olmalıdır. Hazırkı iş üzrə cavabdeh cavabdeh2 ********** saylı VÖEN üzrə, Bank “xxxx” ASC isə ********** saylı VÖEN üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Tərəflərdən ikisi VÖEN-ə malik olduğu halda, kredit müqaviləsinin götürülməsinin əsasını da sahibkarlıq fəaliyyəti təşkil etdiyi halda iddiaçı bütün bu nüansları məhkəmədən gizlətmiş, dolayısı ilə məhkəmənin aidiyyətlə bağlı qaydaları pozmasına səbəb olmuşdur. Hesab edir ki, bu mübahisənin əsasını tərəflər arasında olan sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələr təşkil edir. Bu səbəbdən də tərəflər arasında olan mübahisə kommersiya xarakterli mübahisədir. Hazırkı iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri həmin mübahisəsinin kommersiya xarakterli mübahisə olduğunu və bu səbəbdən də işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı idi. Lakin iddiaçı tərəf bütün bunları gizlədərək məhkəməni yanıltmışdır. Bu səbəbdən də məhkəmə yanlış qərar qəbul edərək maddi və prosessual hüquq normalarının pozuntusuna səbəb olmuşdur. Məhkəmənin diqqətinə çatdırırıq ki, son baxış iclasında iddiaçı bankın nümayəndəsi olaraq X2 iştirak etmişdir. Lakin məhkəmə həmin nümayəndənin buna səlahiyyəti olub-olmadığını, yəni məhkəmə iclasında bankın adından çıxış edib-etmədiyini yoxlamamışdır. Belə ki, bankın nümayəndələrinə verilən etibarnamənin müddəti ## #### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədəkdir. Bankın digər nümayəndəsi nümayəndə2 ## ###### 2024-cü il tarixdən ## ###### 2026-cı il tarixədək yeni etibarnamə verilsə də, digər nümayəndə X2 əlavə etibarnamə verilmədiyi elektron məhkəmə sistemindən görünməkdədir. Görünür məhkəmə tərəfindən nümayəndədən yeni etibarnamə tələb edilməmiş və ya ümumiyyətlə bankın nümayəndəsinin səlahiyyətləri məhkəmə tərəfindən yoxlanılmamışdır.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), İ.Şirinov və N.Cəfərov) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bank “xxxx” ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2021-ci il tarixli, RH-*****-**/**A saylı kredit müqaviləsi kreditin götürülməsi deyil, ##.##.2019-cu il tarixli, RH-*****-**/**A saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam bağlanması adı altında öhdəlik müqaviləsi olması dəlili həqiqi olsa belə, yenə də heç nəyi dəyişmir və apellyasiya şikayətini əsaslı etmir. Çünki müqavilənin 1.3-cü bəndində verilən kreditin təyinatının cavabdeh2 ##.##.2019-cu il tarixli, RH-*****-**/**A saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam bağlanması olduğu göstərilib. Bununla yanaşı, nə hazırkı iddianın faktiki əsasını təşkil edən ##.##.2021-ci il tarixli RH-*****-**/**A saylı kredit müqaviləsi, nə də cavabdeh2 ##.##.2019-cu il tarixli, RH-*****-**/**A saylı kredit müqaviləsi üzrə krediti sahibkarlıq məqsədilə götürülməsi qeyd olunan müqavilələrin heç birində nəzərdə tutulmayıb. Əksinə ##.##.2019-cu il tarixli, RH-*****-**/**A saylı kredit müqaviləsinin 1.1-ci bəndində də kreditin şəxsi istifadə məqsədi ilə alındığı qeyd olunub.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bundan əlavə, cavabdeh1 sahibkarlıq fəaliyyətində ortaqlığının olmaması, müqavilənin mətnindən xəbərsiz olması, iddiaçıdan hər hansı bir kredit götürməməsi və belə bir öhdəlik müqaviləsi barədə bankla danışıqlarının olmaması barədə dəlillər də şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki bu dəlillər hər hansı bir sübutla təsdiq olunmur. Işdə Bank “xxxx” ASC ilə cavabdeh1 arasında ##.##.2021-cü il tarixli, RHG-*****-**/**A nömrəli zaminlik müqaviləsi də mövcud deyil. Ona görə də cavabdeh1 Bank “xxxx” ASC-dən kredit götürən deyil, kredit götürənə zamin durması barədə dəlilin də nəyə əsaslandığı bəlli deyil. Apellyasiya şikayətində bu cür ziddiyyətli dəlillərdən istifadə edilməsi isə başadüşülən olmamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, bundan başqa, bankın cavabdeh cavabdeh1la ipoteka müqaviləsi bağlayanda cavabdehi məlumatlandırmadan kreditlərini təminatlandırmaq üçün aldadaraq belə bir müqaviləyə qol çəkdirdiyi barədə dəlillər də əsassız olmuşdur. Çünki cavabdeh1 həm ## ######## 2021-ci il tarixli kredit və sonrakı ipoteka müqavilələrini, həm də ## ####### 2022-ci il tarixli ipoteka müqaviləsinə əlavə sazişi imzalamışdır. Demək ki, bank tərəfindən cavabdeh1 3 dəfə ardıcıl aldadılması da inandırıcı və ağlabatan deyildir. Sonuncu tərəfindən qeyd olunan müqavilələrin etibarlılığı da heç vaxt mübahisələndirilməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, mülki işə baxılarkən məhkəmə aidiyyəti qaydalarının pozulması da baş verməmişdir. Çünki cavabdeh cavabdeh1 krediti sahibkarlıq məqsədi ilə almayıb və onun sahibkarlıq statusu da olmayıb. cavabdeh2 əvvəllər aldığı krediti qanuni təmsilçisi olduğu “X1” MMC-nin fəaliyyəti ilə bağlı götürdüyünü iddiaçı bankın məhkəmədən gizlətməsi də heç nəyi dəyişmir. Çünki bir daha qeyd olunur ki, hazırkı iddianın faktiki əsasını ## ######## 2021-ci il tarixli kredit və sonrakı ipoteka müqavilələri, həm də ## ####### 2022-ci il tarixli ipoteka müqaviləsinə əlavə saziş təşkil edir. Ona görə də bu mübahisənin əsasını tərəflər arasında olan sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələr təşkil edə bilməz. Bu səbəbdən də tərəflər arasında olan mübahisə kommersiya xarakterli mübahisə deyildir. Buna görə də hazırkı iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri mübahisənin kommersiya xarakterli mübahisə olduğunu təsdiq etmir və bu səbəbdən də işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxıla bilməz.
38. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4, 317.1, 385.1, 427.1, 427.3, 442, 443.1, 448.1, 448.2-ci, (##.##.2023-cü ilədək qüvvədə olan versiyada) 739.1, 739.2, 740.1, 740.2, 741, 743-cü, “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1, 34.1.1, 34.1.3, 39.3, 39.3.3, 41.1, 47.4-cü maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh cavabdeh1 hüquqi varisi Hüquqi varis (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin bir sıra dəlilləri ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası işi araşdırmadan, apellyatorun hüquqi varisinin iştirakını təmin etmədən, birinci instansiya məhkəmə prosesində iştirak etməyən apellyatorun sübutlarını səsləndirməyə imkan vermədən apellyatorun şikayətçi olduğu cavabdeh2 hüquqi varis təyin etməklə, hətta yeni hüquqi varisi hüquqi varislik barədə məlumatlandırmadan, onun hüquqi varislik barədə mövqeyini öyrənmədən, onun iştirakını təmin etmədən qətnamə qəbul etmişdir. Işə əlavə etdikləri notarial təsdiqli ərizədən aydın olur ki, cavabdeh2 vərəsəlikdən imtina etmişdir. Apellyasiya məhkəməsi qeyd edilən bütün hallara və əsaslara səthi yanaşmış və işi ətraflı araşdırmamışdır. Hazırki iş üzrə isə məhkəmə kollegiyası müqavilələrə sadəcə olaraq hərfi mənaya görə qiymət vermiş, müqavilələrin əsil məzmununu, yəni müqavilələrin sahibkarlıq məqsədilə bağlanılmasını göz ardı etmişdir. Bütün bu məlumatların bank tərəfindən gizlədilməsinə isə haqq qazandırmışdır.
41. Işin faktiki hallarının obyektiv və tam araşdırılması, eləcə də obyektiv məhkəmə aktının qəbul edilməsi məqsədilə cavabdeh1 hüquq varisinin müəyyən edilərək iş üzrə məhkəmə icraatına cəlb edilənədək dayandırılması barədə vəsatət ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmə tərəfindən hüquqi varis müəyyən edilmədiyi halda məhkəmə yekun məhkəmə aktı qəbul etmişdir.
42. Digər tərəfdən apellyasiya məhkəməsi bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə cavabdeh cavabdeh2 cavabdeh1 hüquqi varisi kimi tanınanaraq əvəz edilmişdir. Lakin məhkəmənin cavabdeh2 hüquqi varisi kimi tanıması onlar üçün qeyrimüəyyən olmuşdur.
43. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual normalara əməl etməmiş, əksinə maddi və prosessual normaların kobud şəkildə pozuntularına yol vermişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Iddiaçı tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 269.4. Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
46. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
48. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
49. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
50. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
51. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
52. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
53. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
54. Maddə 739.1 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
55. Maddə 739.2 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
56. Maddə 740.1 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
57. Maddə 741 (##.##.2023-cü ilədək qüvvədə olan). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
58. Maddə 743 (##.##.2023-cü ilədək qüvvədə olan). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
59. Maddə 34.1, 34.1.1 və 34.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir.
60. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
61. Maddə 41.1. Ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
62. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
68. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
73. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə (borcun təyinatı, işin məhkəmə aidiyyatı, pulun real olaraq ona təqdim olunmaması və. s) qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
75. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.