Məhkəmə qərarları › İş №2(1-8)-479/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-479/2026

30.04.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-479/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh X1rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa,məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. 2003-cü ildə iddiaçı İddiaçı Suraxanı rayonu * nömrəli uşaq evinə (bundan sonra – uşaq evi) tərbiyəçi-müəllimə vəzifəsinə işə qəbul edilmişdir;

3. Sonradan - 2012-ci ildə uşaq evi iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmışdır;

4. 2023-cü ildə Nazirlər Kabinetinin qərarı ilə uşaq evi və bir sıra digər müəssisələrin ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin balansına verilməsi qərara alınmışdır;

5. ##.##.2024-cü ildə xxxx ilə iddiaçı arasında bağlanmış yeni əmək müqaviləsi ilə, sonuncu * saylı Uşaq evi sosial xidmət müəssisəsinə mentor vəzifəsinə işə təyin edilmiş, əmək müqaviləsi 2 həftə sınaq müddəti olmaqla, 3 aylıq müddətə bağlanmışdır;

6. ##.##.2024-cü il tarixdə, iddiaçıya vəzifə öhdəliklərini layiqincə yetirinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir;

7. ##.##.2024-cü il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam verilmiş, əsas olaraq cavabdehin idarə heyətinin sədrinin ##.##.2024-cü il tarixli xidməti məruzəsi və işçi ilə bağlanmış əmək müqaviləsi göstərilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı məhkəməyə müraciət edərək, işdən çıxarılması barədə ##.##.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddiaçı uzun müddət uşaq evində çalışdığına görə onunla əmək müqaviləsinin ləğv edilməsinin ədalətsizlik olduğunu iddia edərək ərizəsini əsaslandırmışdır.

10. Cavabdehin iddiaya qarşı ünvanlandığı etiraz belə əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında onunla xxxx arasında tərəflərin qarşılıqlı razılığı ilə 3 ay müddətinə əmək müqaviləsi bağlanmış və iddiaçı Agentliyin tabeliyində olan * saylı Uşaq evi sosial xidmət müəssisəsində mentor vəzifəsinə təyin edilmişdir. Yəni, müqavilənin müddətli xarakter daşıması iddiaçıya məlum olmuş və o, müqaviləni imzalamışdır. Belə olduğu halda, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunsuz hərəkətə yol verilməmiş, əmək münasibətlərinə qanunla nəzərdə tutulmuş qaydada xitam verilmişdir. Əmək Məcəlləsinin 73.1ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Odur ki, müddətin bitməsi ilə bağlı iddiaçıya ##.##.2024-cü il tarixdə yazılı xəbərdarlıq edilmiş və ##.##.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. Bundan sonra işçiyə son haqq-hesab, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi və digər ödənişlər ödənilmişdir. Tərəflər arasında əvvəldən müddətsiz əmək münasibətləri olmadığından müddətli əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi qanuni hesab edilməlidir.

11. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Ərizə belə əsaslandırılmışdır ki, ##.##.2024-cü ildə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş, ##.##.2024-cü ildə isə əmək kitabçasını götürməsi ilə bağlı məktub ünvanlanmışdır. Iddiaçı ##.##.2024-cü il tarixdə əmək kitabçasını götürmüş və ona ##.##.2024-cü il tarixdə son haqq-hesab ödənilmişdir. Iddiaçı işdən azad olunduğunu əvvəlcədən bildiyindən ##.##.2024-cü il tarixdə mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. ##.##.2024-cü il tarixdə isə Bakı * saylı Mediasiya Təşkilatı tərəfindən tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı davam etdirilmişdir. Bundan sonra iddiaçı qızı ##.##.2025-ci il tarixində (yəni müvafiq arayışın təqdim edildiyi tarixdən 3 ay sonra) Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qanunda nəzərdə tutulan iddia müddəti ilə bağlı tələbləri pozmuşdur.

12. Iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ona əmək müqaviləsinin dəyişdirilərək müddətliyə keçirilməsi barədə məlumat verilməmişdir. Əmək keyfiyyətinin yoxlanılması üçün keçirilmiş imtahanda 66% nəticə göstərmişdir. Evi yanmışdır və banka borcu var. Ailənin yeganə qazanc gətirən şəxsi odur.

13. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat vermişdir.

14. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: A.Əsədzadə).

15. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə istinad edərək belə əsaslandırmışdır ki, iddiaçının heç bir səbəb olmadan öz arzusu ilə əmək müqaviləsinə xitam verilməsini xahiş edib, bir gün sonra könüllü əmək müqaviləsi bağlaması inandırıcı görünmür. Hazırda əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mübahisələndirilməsi də bütün proseslərin iddiaçının iradəsinə zidd həyata keçirildiyini göstərir. Eləcə də, mübahisələndirilən əmək müqaviləsinin hansı səbəbdən müddətli bağlanması da göstərilməmişdir. Odur ki, müqavilənin ləğv edilməsi də qanunsuz olmuşdur.

16. Iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı mediasiya sessiyasını keçdikdən sonra digər məhkəmələrə müraciət etmiş, iddia ərizəsi aidiyyat qaydalarına uyğun verilmədiyindən geri qaytarılmışdır. Bu səbəbdən Yasamal RM-ə müraciət edilməsi vaxt almışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ##.##.2024-cü il tarixində mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edildikdən sonra müddətin axımı davam etməsinə baxmayaraq, iddiaçı həmin tarixdən 43 gün sonra - ##.##.2025-ci il tarixində Suraxanı Rayon Məhkəməsinə, ##.##.2025-ci il tarixində Nərimanov Rayon Məhkəməsinə, ##.##.2025-ci il tarixdə isə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməklə, fərdi əmək mübahisələrinin həllinə dair iddia müddətini ötürmüşdür. Bununla belə, iddiaçı müddəti ötürməsinin səbəbi ilə bağlı məhkəməyə hər hansı sübut da təqdim etməmişdir.Lakin birinci instansiya məhkəməsi qeyd edilən halı nəzərə almamış, qanunsuz qətnamə çıxarmışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Fərrux Qasımov - sədrlik edən və məruzəçi, Kamran Əkbərov və Günay Axundova).

20. Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq, bunları bildirmişdir:

21. Mübahisə predmeti olan əmr ##.##.2024-cü il tarixdə verilmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizədə qeyd etmişdir ki, İddiaçı ##.##.2024-cü il tarixdə əmək kitabçasını götürmüş və ##.##.2024-cü il tarixdə ona son haqq – hesab ödənilmişdir. Odur ki, iddia müddətinin axımı ##.##.2024-cü il tarixdən başlanmalıdır, lakin qanunvericiliyin tələbinə görə mediasiyaya müraciət olunarkən müddətin axımı kəsilir. Iddiaçı tərəfindən mediasiya təklifi ##.##.2024-cü il tarixdə, yəni, iddia müddətinin axımı başlamamışdan əvvəl göndərilmiş, ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə arayış isə##.##.2024cü il tarixdə verildiyindən iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. N.İ.Ibrahimova tərəfindən məhkəməyə təqdim olunmuş poçt qəbzlərindən görünür ki, iddiaçı Bakı Inzibati Məhkəməsinə iddia müddətinin axımı başlandıqdan 16 gün sonra – ## ###### 2024-cü il tarixdə müraciət etmiş, həmin məhkəmənin ## ###### 2024-cü il tarixli qərardadına əsasən ərizənin geri qaytarılması xahiş edildiyindən iş üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixdə Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi ##.##.2025ci il tarixdə qeydə alınaraq ##.##.2025-ci il tarixdə aidiyyat qaydalarına riayət olunmadığından iddia ərizəsi geri qaytarılmış, ##.##.2025-ci il tarixdə qərardad sənədlərlə birlikdə ona təqdim olunmuşdur. Sonradan iddiaçı ##.##.2025-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi ##.##.2025-ci il tarixdə qeydə alınaraq aidiyyat qaydalarına riayət olunmadığından iddia ərizəsi geri qaytarılmış, ##.##.2025-ci il tarixdə qərardad sənədlərlə birlikdə ona təqdim olunmuşdur. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.

22. Göründüyü kimi, iddiaçı eyni tələblə yuxarıda göstərildiyi kimi 3 məhkəməyə müraciət etmiş, aidiyyat qaydalarına riayət olunmadığından həmin məhkəmələr tərəfindən iddia ərizəsi geri qaytarılmışdır. Iddiaçı tərəfindən hətta iddia müddətinin axımı başlanmadan öncə mediasiya təklifi göndərilmiş, lakin sonradan aidiyyat qaydalarına riayət olunmadan digər məhkəmələrə müraciət olunmuşdur. Mülki Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir.

23. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, iddiaçı hazırkı tələblə Yasamal Rayon Məhkəməsinə müraciət edərkən Mülki Məcəllənin 382-ci maddəsində qeyd olunduğu kimi onun şəxsiyyəti (savadsızlığı) ilə bağlı hallar müddətin ötürülməsi üçün üzrlü səbəb hesab olunmalıdır. Buna görə də cavabdehin qeyd olunan əsasları iddia müddətinin buraxılması qənaətinə gəlməyə əsas vermir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil: nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin ilkin dəlili belə əsaslandırılmışdır ki, iddiaçı fərdi əmək mübahisələrinin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürsə də, işə baxan məhkəmələr bu fakta düzgün hüquqi qiymət verməmişlər. Belə ki, iddia müddətinin axımı ##.##.2025-ci ildən başlansa da belə, iddiaçı tərəfindən məhkəməyə 51 gün sonra müraciət olunmuşdur ki, bu da Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə ziddir.

26. Digər dəlilə görə, iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmasına baxmayaraq məhkəmələr əsassız olaraq mübahisəli əmək müqaviləsinin onun iradəsinin ziddinə bağlandığı qənaətinə gəlmişlər.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

28. Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

29. Maddə 45, 5-ci hissə. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

30. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.

31. Maddə 296, 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

32. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

33. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

34. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

36. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.

37. Maddə 382. Iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, təxminən 20 il müddətdə fasiləsiz olaraq eyni işdə işləyən şəxslə əmək müqaviləsinə xitam verildikdən bir gün sonra onunla yenidən müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyə uyğun olmamışdır.

47. Əmək Məcəlləsinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir (§ 29).

48. Belə olan halda müddətsiz əmək müqaviləsi bağlamış işçinin müddətin bitməsinə görə işdən çıxarılmasının əmək qanunvericiliyinə uyğun olmaması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

49. Məhkəmə tərkibi müddətli müqavilənin işçinin öz iradəsi ilə bağlanması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziyindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

50. Bu səbəbdəndir ki, ƏM-nin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması üçün “hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur (§ 30).

51. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağalabatan səbəb olmadan qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Işçinin belə bir (qayda olaraq öz xeyrinə olmayan) addım atması ağlabatan bir səbəblə izah olunmadıqda, həmin razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanmasının daha inandırıcı görünməsi barədə apellyasiya məhkəməsinin mövqeyi əsassız deyil.

52. Iddia müddətinə gəldikdə isə iş materiallarından görünür ki, iddiaçı ərizə verərək tələbinin məhkəmələrdə qaldığı müddətin etibarlı sayıldığını bildirmiş, apellyasiya məhkəməsi də işdəki sübutları qiymətləndirərək iddia müddətinin buraxılmasını üzrlü hesab etmişdir.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar