Məhkəmə qərarları › İş №2(1-8)-483/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-483/2026

28.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-483/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 Ağahacı oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 Ağahacı oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2023-cü il tarixli Ilkin alğı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, birinci tərəf İddiaçı, ikinci tərəf şahid1dır. Birinci tərəf-satıcı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 ərazisində yerləşən 190 kv.m torpaq sahəsini və üzərində tikilən 3 otaqlı, 80 kv.m fərdi yaşayış evini - ikinci tərəf alıcıya satmışdır. Tərəflər satılan əmlakın ümumi dəyərini 37000 manata müəyyən etmişlər. Ikinci tərəf alıcı ilk olaraq 36800 manat məbləği notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə birinci tərəf satıcıya ödədi, qalan iki yüz manatı isə əsas alğı-satqı müqaviləsi bağlananda ödəməyi öhdəsinə götürmüşdür.

2. ##.##.2023-cü il tarixli qəbzin surətindən müəyyən olunur ki, şahid1 tərəfindən “xxxx” ASC “Qərb” Filialında olan notariat ofisinin depozit hesabına 36.800 manat təhvil verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 Ağahacı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz, sahə 2 ünvanında yerləşən evin satılmasından əldə edilmiş 37.000 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 Ağahacı oğlundan alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1 Ağahacı oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Digər cavabdeh ## #### 1989-cu il təvəllüdlü cavabdeh2 isə birgə nikahdan doğulmuşdur. Cavabdehlər faktiki ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Sovxoz sahə * saylı ərazidə yerləşən 3 otaqlı 90 kv.m sahəsi olan evini sataraq pulunu mənimsəmişlər. Həmin ev cavabdeh cavabdeh1 Ağahacı oğlu ilə birgə nikah dövründə alınmasına baxmayaraq, onun alınmasında cavabdehlər cavabdeh1 və cavabdeh2 heç bir iştirakı olmamış və vəsaiti xərclənməmişdir. Qeyd olunan yaşayış sahəsi bütövlükdə onun şəxsi vəsaiti hesabına alınmışdır. Belə ki, həmin evi almaq məqsədilə, təxminən 1982-ci ildə anası X1 tərəfindən ona hədiyyə edilmiş ümumi dəyəri təxminən beş min manat təşkil edən 3 brilyant qaşları olan qızıl komplekti 5000 manata satmışdır. Eyni zamanda iş yoldaşları ilə ayda 300 manat ödəməklə lotereya oynayıb 3600 manatı və aldığı 300-400 manat maaşdan qənaət edib topladığı 1400 manatı, cəmi 10.000 manat pulla 2013cü ilin oktyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 ərazisində yerləşən dəyəri 10.000 manat olan həmin evi almışdır. Orada yalnız özü qeydiyyatda olmuş, ondan başqa nə digər ailə üzvləri və nə də digər hər hansı bir şəxs qeydiyyatda olmamışdır. Hazırkı mülki iş üzrə cavabdeh olan oğlu cavabdeh2 özünün həyat yoldaşı və uşaqları ilə birlikdə başqa ünvanlarda kirayədə qalmamaları üçün onların müvəqqəti olaraq orada yaşamalarına razılıq vermişdir. 2013-cü ilin oktyabr ayından başlayaraq 2024-cü ilin iyul ayının 8-nə kimi 5558 manat təşkil edən bütün kommunal haqlar tərəfindən ödənilmişdir. Eləcə də ünvan 2 ünvandakı evin 255 manat kommunal haqqı da onun tərəfindən ödənilmişdir. Cavabdeh cavabdeh2 və onun ailə üzvlərinin pasport qeydiyyatları hazırkı vaxta kimi faktiki yaşadığı ünvan 1 ünvanında qeydiyyatdadırlar. ## #### 2023-cü ildə saat 17:00 radələrində cavabdeh cavabdeh2 telefonla ona zəng edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə * saylı ərazidə yerləşən ona məxsus olan evini satdığını bildirmişdir. Evi satmaq istəmədiyini deməyinə baxmayaraq, o, evi almaq istəyən şəxslə artıq razılaşdığını və bu məqsədlə 1600 manat beh aldığını bildirmişdir. Baxmayaraq ki, cavabdeh əvvəllər də həmin evi satmaq fikrində olduğunu bildirdikdə o evin satılmasına qəti etirazını bildirmişdir. ## #### 2023-cü ildə səhər saat 10:00 da cavabdeh cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlmiş, razılığı olmadan ona məxsus evinə görə artıq beh almasına haqq qazandırmaq məqsədilə müxtəlif bəhanələr gətirmişdir. Həmin evi satıb üstünə müəyyən məbləğ də əlavə etməklə ümumi sahəsi daha çox ola bilən ev almaq istədiyini və hamının orada birgə yaşayacaqlarını vəd etmişdir. Onu inandırmasına görə razılaşıb birlikdə ** saylı notariat ofisinə getmişlər. Notariat ofisinin əməkdaşları tərəfindən ondan evin satılmasına razı olub-olmamağı soruşulmadan, evin kimə və hansı məbləğə satılması bildirilmədən Notariat kontorunun əməkdaşları tərəfindən qabaqcadan tərtib edilmiş və ona təqdim olunmuş hazır sənədləri teztələsik imza etdirmişlər. Lakin evin alğı-satqısına görə banka ödənilmiş pul onun tərəfindən deyil, cavabdeh cavabdeh2 tərəfindən alınmış, həmin pul ona verilməmiş və əvvəlcədən vəd etdiyi kimi ümumi sahəsi daha geniş olan yaşayış evi alınmamışdır. ## ###### 2023-cü il tarixdə ona ** saylı Mediasiyadan digər cavabdeh olan cavabdeh1 Ağahacı oğlu tərəfindən boşanma ilə əlaqədar müraciət daxil olmuşdur. Cavabdeh cavabdeh1 müraciəti ilə əlaqədar 2023-cü ilin dekabr ayında Mediasiyaya çağırıldıqda həmçinin ona məlum olmuşdur ki, cavabdeh cavabdeh2 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz, sahə 2 ünvanında yerləşən evin satılmasından əldə edilmiş 37.000 manat pulun üzərinə ##.##.2023cü il tarixdə “Bank of Baku”-nun Əhmədli Filialından götürülmüş 25.000 manat pulu qoymaqla Bakı şəhəri ərazisində ona məlum olmayan ünvanda, cəmi 70.000 manat dəyərində ümumi sahəsi daha geniş olan ev almışlar. Həmçinin boşanma ilə bağlı cavabdeh cavabdeh1 müraciəti ilə əlaqədar Mediasiyada olduğu zaman əmlak tələbi kimi, ünvan 3 ünvanda yerləşən evin bölünməsi tələbinin qoyulmasına baxmayaraq, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə * saylı ərazidə yerləşən ona məxsus olmuş evin satılmasından əldə edilmiş pulla ona məlum olmayan ünvanda yerləşən yeni evin bölünməsi tələbi qoyulmamışdır. O bu tələbə qarşı etirazını cavabdehlərə bildirdikdə onlar, “Binədəki ev bizə qalmalıdır, Bülbülə qəsəbəsindəki ev sənə” deyib onu yayındırmağa çalışmışlar. Hər iki evin mübahisələndiməsini tələb etsə də, onlar razılaşmadıqlarını bildirmişlər. Yalnız həmin vaxt ona məlum olmuşdur ki, cavabdehlər öz aralarında razılaşmaqla onu aldadaraq daha geniş yaşayış sahəsi olan ev alacaqlarını vəd etməklə aldadaraq onu notariusa aparmış, alğı-satqı müqaviləsinə imza etdirmişlər. Bundan başqa, ## ###### 2024-cü ildə yenidən Mediasiyaya çağırıldıqda cavabdehlər müxtəlif vasitələrlə hədə-qorxu və təzyiq edərək Bakı şəhəri, Binə qəsəbəsində yerləşən evindən imtina etməyini “təklif şəklində” tələb etdilər. Onların tələbləri ilə razılaşmayacağı təqdirdə istər özlərinin satdıqları və pulunu götürdükləri həmin evin pulunun yarısını da ondan tələb edəcəklərini, Bakı şəhəri, Bülbülə qəsəbəsində yerləşən hazırda yaşadığı həmin evi də ondan alıb ona yalnız orada yaşamaq hüququ veriləcəyini bildirdilər. Əks halda yaşamaq hüququ da verilmədən onu evdən qovacaqları ilə hədələmişlər. Qeyd etdiyi məsələyə aid sübut və fakt olaraq səsyazmaları (audio) istənilən zaman təqdim edə bilər. Evin alğı-satqısına görə ödənilən 37.000 manat pulun cavabdeh cavabdeh2 tərəfindən götürülməsinin bankda olan video müşahidə kamerasında qeydə alınmasına, gələcəkdə mübahisə olunacağı təqdirdə video müşahidə kamerasında görünə biləcəyinə görə onlar gözləmə mövqeyini seçərək, Notarius və alğı-satqının rəsmiləşdirildiyi “Muğan Bank”ın bütün kamera yazılarının 3-4 aydan sonra silinəcəyini və ondan sonra öz çirkin əməllərini həyata keçirəcəklərini planlaşdırmışlar.

5. Cavabdeh cavabdeh2 nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının irəli sürdüyü iddianın heç bir əsası yoxdur və tələb sübuta yetmir. Belə ki, ona məxsus olan sənədin oğurlanması barədə cinayət işi açılmamış, polisə müraciət edilməmişdir. Tam şəffaf şəkildə notariat orqanında alğı-satqı həyata keçirilmişdir. Alğı-satqı zamanı cavabdeh2 anasının xahişi ilə orada iştirak etmişdir. Alğı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçmişdir. Məhkəmə iclasında ev satışında vasitəçi olan Mübariz (makler) də ifadə vermişdir ki, alıcı notariat orqanına bir saat gecikdiyindən, o cavabdehlə birlikdə çay içmiş, iddiaçı isə notariat orqanında gözləmişdir. Əgər cavabdeh tərəfindən iddiaçının aldadılması halı mövcud idisə, oradan çıxan kimi bu barədə məhkəməyə müraciət edə bilərdi. Yəni, bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, o ev alğı-satqısı ilə məşğuldur. cavabdeh2 zəng vuraraq evin satılmasını ona təklif etmiş, bununla bağlı ünvana gedərək evə baxmışlar və evə dair videoçəkiliş apararaq evi satışa çıxarmışlar. Bəyim adlı bir xanım onlara zəng vuraraq evə baxmaq niyyətində olduğunu bildirmişdir. Onlar evə birlikdə baxmışlar və həmin gün evdə Namiqin həyat yoldaşı və uşaqları olmuşdur. Namiqlə alıcı Bəyim arasında evin dəyəri barədə razılaşma əldə olunmuşdur. Lakin Namiq evə dair sənədlərin onun anasının adına olduğunu bildirmişdir. Daha sonra Namiq, onun anası Fərqiyə və o özü birlikdə notariat orqanına alğı-satqı müqaviləsi bağlamaq üçün getmişlər. Bəyim xanım isə alğı-satqı bağlanan gün tərəflər arasında razılaşdırılmış saatda gəlməmiş və onlar xeyli müddət notariat orqanında Bəyimi gözləmişlər. Bəyim notariat ofisinə gəldikdən sonra tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və pul vəsaiti notariat ofisinin depozit hesabına qoyulmuşdur. Daha sonra kassadan pulu götürmüşlər, lakin o uzaqda olduğundan pulun kimin götürməsini görməmişdir. Daha sonra cavabdeh2 ona vasitəçi kimi 1000 və yaxud 1200 manat pul vəsaiti vermişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh cavabdeh2 36.800 manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh cavabdeh2 201 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (hakim L.Talıbova).

8. Məhkəmə qeyd etmişdir ki, işin faktiki halından müəyyən olunur ki, vasitəçiyə evin satılması ilə bağlı xidmət haqqı kimi pul vəsaiti cavabdeh cavabdeh2 tərəfindən verilmiş və pulun yalnız az bir hissəsinin onun tərəfindən götürülməsi ağlabatan olmamaqla, inandırıcı deyildir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh2 əsassız varlanma nəticəsində aldığı 36.800 manat pul vəsaiti iddiaçı İddiaçı qaytarmalıdır.

9. Məhkəmə iddia tələbinin ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin cavabdeh1 Ağahacı oğlundan tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı tərəf pul vəsaitinin ikinci cavabdehdən tutulmasını xahiş etsə də, ikinci cavabdehin alğı-satqı müqaviləsində iştirak etməsi və pulu alması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 385, 386, 389, 646, 647 , 648, 1091 və 1092-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” ## #### 2009-cu il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanuni əsasları deyil, sadəcə şəxsi mülahizələrini əsas gətirmişdir. Belə ki, elanın Namiq tərəfindən verilməsi normal haldır, çünki elanlar indi elektron formada və internet üzərindən olduğu üçün, iddiaçı yaşlı qadındır və bunlardan anlayışı olmadığı üçün oğlu yəni cavabdeh cavabdeh2 xahiş etmişdir. Və təbii olaraq iddiaçının qadın olmasını ev alğı-satqısı ilə məşğul olan şəxslərin də kişi olmasını nəzərə alaraq oğlunun ana üçün bunu etməsindən daha normal heç nə ola bilməzdi. Daha sonra məhkəmə qeyd edir ki, cavabdeh2 satıcı ona etibarnamə vermədiyi təqdirdə notariat orqanında iştirak edib. Qeyd etmək istəyir ki, hər kəs ev alğı-satqısı zamanı notariat ofisinə gedən zaman mütləq ailə üzvləri ilə bir iştirak edir, buna isə xüsusi etibarnamə nəzərdə tutulmur. Bu şəxslər ana oğul olub. Iddiaçın öz xahişi ilə Namiq orda iştirak edib. Daha sonra məhkəmə qeyd edir ki, şahid qismində dindirilən şahid2 behin Namiq tərəfindən ona verildiyini deyir. Əlbəttə ki, beh Namiq tərəfindən ona verilməli idi, çünki elan paylaşmağı Namiq danışmışdı. Şahid qeyd etdi ki, o pulun kassadan kim tərəfindən götürüldüyünü görməmişdir. Hətta qeyd etdi ki, o və Namiq 1 saata yaxın bayırda çayxanada tək çay içiblər. Əgər ev yiyəsi evin satılmasında narazı idisə oradan uzaqlaşa bilərdi yada məcbur edildiyi ilə bağlı kömək çağıra bilərdi. Məhkəmə isə bu halları nəzərə almamışdır. Daha sonra məhkəmə qeyd edir ki, evin satılması ilə bağlı vasitəçinin tapılması, onunla razılaşma, evə baxış keçirilməsi, elan verilməsi, müştəri ilə razılaşma kimi hərəkətlərin edilməsi cavabdeh2 tərəfindən həyata keçirilmiş və cavabdeh tərəf iddiaçının bu kimi hərəkətlər edilməsi ilə bağlı ona tapşırıq verildiyini məhkəmədə sübuta yetirə bilməmişdir. Əksinə iddiaçı tərəf evin satılmasına etiraz etdiyini, evi müştəriyə təqdim etmədiyini, lakin cavabdehin bu evlə bağlı beh aldığını, satıldıqdan sonra daha münasib ev alacaqları ilə bağlı təklifinə sonradan razılaşdığını və ev satıldıqdan sonra digər cavabdehin ondan boşandığını bildirməklə aldadıldığını qeyd etmişdir. Lakin məhkəmə unudur ki, iddiaçı İddiaçıdır. Dediklərini sübutetmə vəzifəsi onundur, yəni pulun Namiq tərəfindən alındığını sübut etmə onun vəzifəsidir, Namiqin pulu almamış kimi bir vəzifəsi yoxdur. Evin müştəriyə təqdim edilməsinin bu məsələyə heç bir aidiyyatı yoxdur. Söhbət evin alğı-satqısı zamanı notariat ofisində baş vermiş hadisədən gedir, evdəki təqdimatdan yox. Daha sonra məhkəmə qeyd edir ki, işin faktiki halından müəyyən olunur ki, vasitəçiyə evin satılması ilə bağlı xidmət haqqı kimi pul vəsaiti cavabdeh cavabdeh2 tərəfindən verilmiş və pulun yalnız az bir hissəsinin onun tərəfindən götürülməsi ağlabatan olmamaqla, inandırıcı deyildir. Məhkəmə ağlabatanlığı deyil, qanunu üstün tutmalı idi. Belə ki, notariat ofisinin içində fəaliyyət göstərək bank tamam ayrı qurumdur. Həmin bankın filialında mümkün deyil ki, kiminsə pulu etibarnamə olmadan digər şəxsə verilsin. Məhkəmə həmin bankın kassasına sorğu vermədən, heç bir görüntü tələb etmədən, ağlabatan sözü ilə iddianı təmin etmişdir. Bundan əlavə qeyd edir ki, məhkəmənin qətnamənin qanunsuzluğunu sübut edən digər faktlar isə aşağıdakılardır. Belə ki, ##.##.2024-cü il tarixdə cavabdeh İddiaçı ilə iddiaçı cavabdeh1 Ağahacı oğlunun birgə nikah dövründə əldə etdikləri ünvan 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin tərəflər arasında bölünməsi, bölgü zamanı iddiaçının payının 1/2 hissə, cavabdehin payının isə, 1/2 hissə müəyyən edilməsi barədə və cavabdeh tərəfindən satılıb pulu mənimsənilən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 ərazisində yerləşən fərdi yaşayış evinin dəyəri olan 37000 manat məbləğin yarı hissəsinin cavabdeh İddiaçı tutularaq iddiaçı cavabdeh1 Ağahacı oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu dövrə qədər isə hazırki iddiaçı heç bir iddia ilə məhkəməyə müraciət etməyib. Yalnız ##.##.2024-cü il tarixdə hazırki uydurma iddia ilə məhkəməyə müraciət edib. O zamana qədər heçmi onun ağlına gəlmirdi ki, pul Namiq tərəfindən zorla əlindən alınıb. Məhkəmə iclasında iddiaçıya verilən suallardan biri də bu olub ki, siz niyə pul əlinizdən alınan kimi polisə müraciət etməmisiz. O isə cavabında bütün polis işçilərinin pulla işi ört basdır etdiyini bildirib. Həqiqət isə tam başqa olub. Tərəfindən sorğular verilib, iddiaçı əvvəllər heç yerə bu barədə müraciət etməyib. Buda bir daha iddianın qondarma olduğunu sübut edir. Əlindən külli miqdarda pulu güclə alınan şəxs mütləq hüquq mühafizə orqanlarına müraciət etməli idi. Bu işin tam qondarma olduğunun bir sübuta da budur ki, xanım dönə-dönə məhkəmədə qeyd edir ki, cavabdeh2 onun doğma övladı deyil, övladlığa götürüb. Bu da onu sübut edir ki, Namiqi şərləmək iddiaçı üçün elə də çətin deyil.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi qismən – iddianın cavabdeh cavabdeh2 münasibətdə təmin olunduğu hissədə ləğv edilməklə, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. (hakimlər: C.Musayeva (məruzəçi), F.Babayev və F.Abdıyev).

14. Işin hallarından göründüyü kimi iddiaçı cavabdehin evin satışından əldə ediləcək pul vəsaiti üzərinə müəyyən məbləğ əlavə etməklə ümumi sahəsi daha böyük olan evin alınacağı, eləcə də gələcəkdə həmin evdə birgə yaşayacaqları barədə irəli sürdüyü təklif ilə razılaşdığını qeyd etmişdir. Iddiaçı, özünə məxsus evin satılması istiqamətində müəyyən hərəkətlər etdiyini də bu əsasla izah etmişdir. Hazırda məhkəməyə müraciət etməsini isə cavabdehin verdiyi vədlərin realaşmaması ilə əsaslandırmışdır.

15. Belə olan halda da alqı-satqı müqaviləsinin bağlanması nəticəsində əldə olunmuş pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilib-verilməməsi, bu hal öz təsdiqini tapdığı təqdirdə isə həmin pul vəsaitinin cavabdeh tərəfindən razılaşdırılmış məqsəd üzrə, yəni ümumi sahəsi daha böyük olan evin alınmasına sərf edilib-edilməməsi hallarının mövcudluğu müəyyən edilməlidir.

16. Kollegiya sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməsi baxımından hesab etmişdir ki, iddiaçı tərəfindən müvafiq məbləğdə pulun cavabdehə verildiyi və daha sonra həmin pulun cavabdeh tərəfindən razılaşdırılmış şərtlərdən kənar sərf edildiyi halları öz təsdiqini tapmalıdır. Belə ki, iddiaçı iddianın faktiki əsasını təşkil edən halı - cavabdehə müvafiq məbləğdə pul verdiyini sübuta yetirdiyi təqdirdə, cavabdeh, onun tərəflər arasında əldə olunmuş razılaşmaya uyğun şəkildə davrandığını, yəni ondan gözlənilən nəticəni əldə etdiyini sübut etmək yükünü daşıyacaqdır.

17. Iş materiallarında mövcud olan sübutlar əsasında iddiaçı tərəfindən cavabdehə tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən vəd olunmuş hərəkətlərin icrası məqsədilə müvafiq məbləğdə pulun verildiyi halın öz təsdiqini tapmadığı müəyyən edilmişdir.

18. Iddiaçı iddianın əsasını təşkil edən halların sübutu kimi məhkəmədə dindirilmiş şahidin ifadəsinə istinad etsə də, həmin ifadə iddia olunan halların mövcudluğunu, xüsusilə də iddiaçının mübahisə predmetini təşkil edən pul məbləğini kassadan məxaric etdikdən sonra (iddiaçı məhkəmə iclasında pul məbləğini notariusun depozit hesabından məxaric etdiyini etiraf etmişdir) cavabdehə təhvil verdiyini etibarlı şəkildə təsdiq etmir.

19. Iddiaçı tərəfindən bir ildən artıq müddət ərzində göstərilən məbləğdə pulun qaytarılmasının tələb edilməməsi, bu məqsədlə hüquq-mühafizə orqanlarına müraciət olunmaması, habelə yalnız digər cavabdehin məhkəməyə müraciətindən sonra hazırkı iddianın qaldırılması halları ağlabatan və inandırıcı şəkildə izah edilməmişdir. Bundan əlavə, iddiaçı cavabdehin mübahisəli vəsait həcmində onun hesabına varlandığını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

20. Kollegiya tərəfindən iş üzrə müəyyən edilmiş hallardan isə görünür ki, müvafiq məbləğ ##.##.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə şahid1 tərəfindən notariusun depozit hesabına köçürülmüş, sonradan isə həmin məbləğ İddiaçı tərəfindən məxaric edilmişdir. Pul vəsaitinin müəyyən hissəsi cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin bağlanması prosesində vasitəçi qismində iştirak etmiş şəxsə verilmişdir.

21. Iş üzrə müəyyən edilmiş bu halları nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında pulun verilməsi ilə əlaqədar hər hansı öhdəlik hüquq münasibətləri yaranmamışdır və belə olan halda da iddiaçının istinad etdiyi məbləğdə pul vəsaitini cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.

22. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiada göstərilən halların öz təsdiqini tapmadığı, yəni iddiaçının cavabdehə istinad etdiyi məbləğdə pul vəsaiti verdiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədiyi təqdirdə, hazırkı iddianın təmin edilməsi barədə nəticəyə gəlmək mümkün deyildir. Birinci instansiya məhkəməsi tərəfindən baxılan iş üzrə işin faktiki halları lazımi qaydada araşdırılmamış, müvafiq maddi hüquq normalarının şərtləri tətbiq edilməklə işin faktiki halları yoxlanılmamışdır. Belə olan halda iddiaçı özünə məxsus pulun geri qaytarılmasını cavabdeh2 tələb etməkdə haqlı olmamışdır.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127ci, Mülki Məcəlləsinin 385, 386, 1091, 192-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinin dəlilləri

25. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın qismən “cavabdeh cavabdeh2 36.800 manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh cavabdeh2 201 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi” hissəsində təmin edilməsini, bu mümkün olmadıqda işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Apellyasiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, habelə qanunu səhv təfsir etmişdir.

a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh cavabdeh2 vəkili vəkil3 kassasiya şikayətinə qarşı etiraz göndərərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə qanuni və ədalətli olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə 127. II, IV, VII hissələr. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

29. Maddə 6. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

45. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

46. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarı).

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar