Məhkəmə qərarları › İş №2(125)-6631/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6631/2025

27.02.2026 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6631/2025 27.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 İsa oğlunun sədrliyi, X10 iclas katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlak barəsində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında, açıq məhkəmədə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlak barəsində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2la İddiaçı arasında ünvan 1 ünvanlı daşınmaz əmlak barəsində 1978-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1936-cı ildə Ermənistanın Vardenis rayonunda doğulmuşdur. 1978-ci ildə ailəsi ilə birlikdə Azərbaycanın Kirovabad şəhərinə köçmüşdür. Kirovabad şəhəri Çaparidze küçəsi, 8-ci dölməsində olan 14 nömrəli evi (köhnə ünvan) 1978-ci ilin noyabr ayında 7300 (yeddi min üç yüz) manata Cavabdeh1 almış, pulu da ailəsinin yanında ona vermişdir. Pulu Mariya sayıb götürüb və ərinə vermişdir. Bundan sonra evin sənədləşməsi üçün getmiş və Edik evdə olmadığından Mariya ilə müqavilə tətbiq etmişlər. Alqı-satqı müqaviləsini Cavabdeh2 ailə üzvləri və qonşular imzalamışdır. Əlavə olaraq müqavilədə “Alıcı və satıcı yoldaşlarında hansı peşman olsa iki min manat peşman pulu verməlidir” qeyd olunmuşdur. Tərəflər evin alqısatqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Daha sonra cavabdehlər evi iddiaçının adına sənədləşdirəcəklərinə söz vermiş, evi boşaldıb, iddiaçıya təhvil verib getmişlər. Bundan sonra iddiaçı onları tapa bilməmişdir. Cavabdehlər əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Həmin dövrdən hal-hazıradək qeyd olunan evdə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və evə sahiblik etmişlər. Başqa sözlə, tərəflər alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Odur ki, ünvan 1 ünvanına dair İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 1978-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştiraka cəlb edilmişdir. Məhkəmədə İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi, Nümayəndə iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun olan izahat vermişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarına gəlmədikləri üçün iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə verərək, iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmənin sonuncu iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki olduqları yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsi ilə müəyyən edilmiş qaydalara riayət etməklə, işə onların iştirakı olmadan baxmışdır. Cavabdehlər məhkəmə iclasına gəlmədiyi və iddiaçı tərəf isə buna etiraz etmədiyi üçün, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1ci maddəsinə əsaslanmaqla, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və bu barədə qərardad qəbul etmişdir. Məhkəmənin əvvəlki iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X5 iştirak etmiş, irəli sürülən iddiaya heç bir etiraz etməmiş, məhkəmənin təxirə salınmış sonuncu iclasına gəlməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılıb, iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmədə dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, İddiaçı onun dayısı oğludur. O, 1981-ci ildən Gəncəyə gəlib getmişdir və həmin vaxtdan hal-hazıradək Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi (Çaparidze), 8-ci döngə, 14 saylı evin İddiaçı adına olduğunu bilmişdir və həmin evdə İddiaçı ailəsi ilə birlikdə yaşamışdır. Məhkəmədə dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, İddiaçı ilə qonşudurlar. Onlar 1989-cu ildə Gəncəyə köçəndə İddiaçı və ailəsinin həmin evdə yaşayırlar. Məhkəmədə dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə qonşudur. O, 1989-cu ildə Gəncəyə köçəndən bəri İddiaçı və ailəsinin həmin evdə yaşadıqlarını görmüşdür. Məhkəmə, iddiaçını, onun nümayəndəsini və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı sayılmalı və qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 05 mart 2025-ci il tarixli, 3- 21-3-33/2-2698/2025 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 26 iyun 1963-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu Cavabdeh1 adına qeyd edilmiş, yerləşdiyi torpaq sahəsi 555.0 kv.m (0.0555 ha) olmuşdur. 19 aprel 2004-cü il tarixdə aparılmış inventarizasiya işləri zamanı fərdi yaşayış evi Cavabdeh1 istifadəsində göstərilmiş, tikili “A”-da ümumi sahəsi 88.2 kv.m, yaşayış sahəsi 45.8 kv.m olan iki yaşayış otağından ibarət olmuşdur. Fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 dekabr 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması və daşınmaz əmlakın qeydə alınması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 01 aprel 2009-cu il tarixli, 2(104)-344/2009 nömrəli qətnaməsi ilə iddiaçı X4 və nümayəndəsi X13 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 dekabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işin materiallarında olan, sadə əlyazma sənədindən müəyyən edilir ki, Cavabdeh2 1978-ci il tarixdə Azərbaycan SSR Kirovabad şəhəri Çaparidze 8-ci dölməsində olan 14 nömrəli xüsusi evini himayəsində olan ailə tərkibinin razılığı ilə X1. Satış qiyməti 7300 (yeddi min üç yüz) manatdır. Müqavilənin doğru olmasını Cavabdeh2 oğlanları və qonşular öz imzaları ilə təsdiq etmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüquqlarının real gözləntisi ilə Cavabdeh1 məxsus olmuşdur. Həmin evdə Cavabdeh1 ailəsi yaşamışdır. İş materiallarından belə nəticə müəyyən olunur ki, həmin evin alqı satqısı barədə əvvəlcə iddiaçı ilə Cavabdeh1 arasında şifahi razılaşma əldə edilmiş və iddiaçı razılaşdırılmış 7300 manat məbləğində pulu Cavabdeh1 vermişdir. Həmin daşınmaz əmlaka dair Cavabdeh1 ailə üzvlərinin əlyazma sənədində qeyd edilmişdir ki, həmin ev 1978-ci ildə 7300 manata iddiaçıya satılmışdır. İş materiallarında olan sadə əlyazma sənədini Cavabdeh2, onun oğlanları imzalasa da, iddiaçı evin ona məhz Cavabdeh1 tərəfindən satıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, həmin əlyazma sənədi Cavabdeh1 adına qeyd edilmiş həmin evin iddiaçıya satıldığı barədə Cavabdeh1 və onunla birlikdə həmin evdə yaşayan ailə üzvlərinin həqiqi iradəsini ifadə edir. Lakin, tərəflər evin alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan evdə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və evə faktiki mülkiyyəçi hüquqları ilə sahiblik etmişlər. Başqa sözlə, tərəflər alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, iş materiallarından belə nəticə müəyyən olunur ki, evi satmış cavabdeh tərəfin sonrakı hərərkətləri əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırması kimi qiymətləndirilməlidir. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı evin mülkiyyətçisi kimi həmin evə dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətləri 1978-ci ildə yarandığından, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. Belə ki, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanına əsasən aşağıdakılar qərara alınmışdır:

1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd edilən Fərmanla təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı aşağıdakılardan ibarətdir:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Məhkəmə qeyd edir ki, torpaq ayrıma və tikintiyə dair icazə sənədləri olmasa da, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1963-cü ildə aparılmış inventarlaşma zamanı Cavabdeh1 adına qeyd olunduğundan, həmin əmlaka mülkiyyət hüquqlarının real gözləntisi də məhz Cavabdeh1 məxsus olmuşdur ki, bu halda həmin əmlaka Cavabdeh1 əmlakı kimi baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülki işin materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 18 dekabr 2008-ci il tarixli 2(043)-1486/2008 saylı qətnaməsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət etmiş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikildiyi torpaq sahəsi barəsində Cavabdeh1 adına heç bir rəsmi sənədin olmaması səbəbi ilə iddia təmin edilməmişdir. Məhkəmə hesab edir ki, həmin qətnamənin mövcudluğu hazırki iddiaya mahiyyəti üzrə baxılması üçün maneə deyildir. Əvvəla, ona görə ki, əvvəlki iddia Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə qarşı qaldırılmışdır. Hazırki iddia isə əmlakın mülkiyyətçisinə qarşı qaldırılmış iddiadır. Bundan başqa, qətnamənin qəbul edilməsindən sonrakı ötən müddət ərzində daşınmaz əmlaklarla bağlı hüquq münasibətlərini tənzimləyən qanunvericilikdə müəyyən dəyişikliklər edilmişdir ki, həmin dəyişikliklər daşınmaz əmlaka mülkiyyət hüquqlarının real gözləntisi olan şəxslərin həmin əmlak üzərində hüquqlarının qeydiyyatına imkan yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən isə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Qeyd edilənlərə əsasən, məhkəmə hazırki iddiaya mahiyyəti üzrə baxılmasının mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun nümayəndəsinin izahatı, məhkəməyə təqdim edilmiş sübutlar iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də, göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın qismən təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 mülkiyyəti kimi qiymətləndirilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi barəsində Cavabdeh1lə İddiaçı arasında 1978-ci il tarixli alqı-satqı əqdi bağlanmış hesab edilməlidir. Həmin ev barəsində Cavabdeh2 hüquqları qeydə alınmadığından ona aid olan hissədə iddia əsassız sayılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 mülkiyyəti sayılan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi barəsində Cavabdeh1lə İddiaçı arasında 1978-ci ildə alqı-satqı əqdi bağlanmış hesab edilsin. Cavabdeh2 aid olan hissədə iddia təmin edilməsin. Cavabdeh1 qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tələbləri təmin olunmayan şəxslər tərərfindən, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar