Məhkəmə qərarları › İş №2(1-8)-631/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-631/2026

17.04.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-631/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri: mənzilə (evə) köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı Qərarı ilə JN164A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir rayonu Düyərli kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

2. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # #### 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, JN-164A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçı İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən cavabdeh X2 çıxarılması qət edilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2013-cü il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin # #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Işə kassasiya icraatında baxılarkən qətnamə dəyişdirilmədən saxlanılmışdır.

4. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia təmin edilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq Şəmkir rayonun Düyərli kəndində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarı ilə Şəmkir rayonunun Düyərli kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində ona məxsus fərdi yaşayış evi vardır. Cavabdeh onun doğma qardaşı Cavabdeh həmin torpaq sahəsindən və torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə etməyinə imkan vermir. Bu səbəbdən də məcbur olub o, məhkəməyə müraciət etmiş və Şəmkir rayonun Düyərli kəndində yerləşən, mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməyinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Iddiaçının nümayəndəsi vəkil2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Şəmkir rayon Aqrar Islahat Komissiyasının qərarı ilə Şəmkir rayon Düyərli kəndində yerləşən 12 sot həyətyanı torpaq sahəsi iddiaçıya verilmiş və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair şəhadətnamə vardır. Həmçinin, həmin torpaq sahəsi tərəflərin ata-baba torpaqları olmuş, torpaq sahəsində iki fərdi yaşayış evi mövcuddur. Həmin evlərdən biri cavabdeh tərəfdən tikilmiş və cavabdeh ailə üzvləri ilə həmin evdə yaşayır. Digər fərdi yaşayış evində isə heç kim yaşamır. Iddiaçı hal-hazırda Bakı şəhərində yaşayır. Əvvəllər cavabdehlə qardaş olaraq münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və cavabdeh ona ata evində yaşamağa imkan vermir. Ona görə də iddiaçı hal-hazırda məhkəmənin qətnaməsi əsasında evə köçmək istəyir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iş üzrə iddiaçı İddiaçı Şəmkir rayon Aqrar islahat Komissiyasının ## #### 1998-ci il tarixli ** nömrəli qərarına əsasən ona Şəmkir rayonu Düyərli kənd ərazisində 0.12 ha torpaq sahəsinin verilməsini bildirərək, həmin torpaq sahəsində ona məxsus olan fərdi yaşayış evinə köçürülmə tələbinə dair hazırkı iddia ilə çıxış edir. Iddiaçının hazırkı iddia tələbinin hüquqi əsası yoxdur ona görə ki, Şəmkir rayonu Düyərli kənd ərazisində iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hər hansı fərdi yaşayış evi mövcud deyildir. Belə ki, iddiaçının adına Düyərli kənd ərazisində qeyd olunan Şəmkir rayonu Aqrar Islahat Komissiyasının 1998-ci il ## #### tarixli, ** saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı verilmiş və həmin sənədlə yalnız 0.12 ha həyətyanı torpaq sahəsinin iddiaçının mülkiyyətə verilməsi müəyyən olunur. Yəni, qeyd olunan Dövlət Aktı, iddiaçının adına hər-hansı fərdi yaşayış evinin yox, yalnız 0.12 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsini təsdiq edən hüquqmüəyyənedici sənəddir. X1nda hər hansı tikili və ya yardımçı tikilinin cizgisinin əks olunması iddiaçının mülkiyyəti anlamına gəlmir. Ona görə ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı anından yaranır. Aqrar Islahat komissiyasının qərarı ilə verilmiş sözügedən dövlət aktı yalnız torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəddir. Həmin torpaq üzərində digər tikililərə dair hüquqlar isə, bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından sonra yarana bilir. Bu qanunvericiliyin imperativ tələbidir. Bundan əlavə, iddiaçı ona məxsus Şəmkir rayonu, Düyərli kəndində yerləşən sözügedən 0.12 ha torpaq sahəsində yerləşən və köçmək istədiyi fərdi yaşayış evinin vaxtilə məhz onun tərəfindən inşa edilmiş qanunsuz tikili hesab etmişdir. Belə ki, iddiaçı, hətta qanunsuz tikili hesab etdiyi həmin tikilinin sökülməsi tələbinə dair ##.##.2023-cü il tarixli iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bundan narazı qalan iddiaçı İddiaçı, iddia tələbində israrlı olaraq apellyasiya şikayəti, daha sonra kassasiya şikayəti ilə çıxış etsə də, qətnamə dəyişdirilmədən saxlanmışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçı İddiaçı bundan öncə məhkəmələrdə ona qarşı irəli sürdüyü qanunsuz tikilinin sökülməsi ilə bağlı istər iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində hazırda köçmək istədiyi və özünə məxsus hesab etdiyi tikilinin əslində onun tərəfindən inşa edilməsini və qanunsuz tikili olmasını israr edərək sökülməsini tələb etmişdir. Lakin, hazırda iddiaçı tikilinin ona məxsus olmasını bəyan edərək öz əmlakı kimi ora köçmək istəyir. Lakin iddiaçı ilə aralarında olan əvvəlki məhkəmə mübahisələrindən irəli gələn preyudisial məhkəmə qərarları ilə müəyyən edilmiş mübahisə olunmayan hallar odur ki, iddiaçıya məxsus Düyərli kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsi vaxtilə onların mərhum atasından qalma torpaq sahəsidir. Iddiaçı və o, qardaş olduqlarından həmin evdə böyüyüb-boya başa çatmışlar. Lakin, iddiaçı sonradan başqa yaşayış yerinə köçsə də, daimi olaraq qeyd olunan torpaq sahəsində o və ailə üzvləri bu günədək daimi yaşayırlar və qeydiyyatdadırlar. Qeyd olunan məhkəmə qərarları ilə və yerli baxış zamanı müəyyən olunan digər hal odur ki, həmin torpaq sahəsində hazırda yan-yana 2 fərdi yaşayış evi vardır. Həmin evlərdən biri mübahisəsiz olaraq onun tərəfindən 1970-ci ildə inşa edilmişdir (evin üzərində tikilmə tarixi qeyd olunmuşdur). Digər ev isə, iddiaçının hazırda köçmək istədiyi, lakin vaxtilə qanunsuz tikili saydığı və sökülməsini məhkəmə qaydasında tələb etdiyi evdir. Iddiaçının vaxtilə məhkəməyə müraciət edərək sökmək istədiyi həmin ev əslində köhnə ata-baba evi olub ki, həmin ev olduqca yararsız vəziyyətdə və qəzalı olmuşdur. Həmin evi o və övladları öz vəsaitləri və zəhmətləri hesabına bərpa edərək müasir vəziyyətə gətirmişlər. Hazırda oğlu gənc ailəsi ilə orada yaşayır. Iddiaçı isə qeyd olunan həmin evi vaxtilə qanunsuz tikili kimi məhkəmə qaydasında sökməyə çalışmış, oranı qanunsuz inşa edilmiş tikili saymış, lakin hazırda isə sökmək istədiyi həmin yaşayış evini özünün evi hesab edərək köçmək tələbi ilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, bir daha məhkəmənin diqqətinə çatdıraraq bəyan edir ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evinə dair hər-hansı hüquqmüəyyənedici sənəd yoxdur. Sözügedən torpaq sahəsinin iddiaçının olması isə heç də həmin torpaq sahəsinin üzərində olan tikilinin ona məxsus olması anlamına gəlmir. Çünki həmin torpaq sahəsində daimi yaşayış və təsərrüfat aparan, habelə kəndin təsərrüfat başı kitabında qeydiyyatda olan şəxslər o və ailə üzvləri (arvadı, oğlu qızları və nəvələri) qeydiyyatdadırlar və daimi yaşayırlar. Bu hal preyudisial məhkəmə qərarları ilə də təsdiq olunur. Sözügedən 0.12 ha torpaq sahəsində istifadəsində olan tikililər isə onun və ailə üzvlərinin uzun illər əməyi və zəhməti sayəsində, habelə ailələrinin birgə vəsaiti hesabına inşa edilmişdir. Bu səbəbdən, habelə uzun illərdir ki, istifadələrində olan həmin tikililər üzərində onun və ailəsinin müstəsna hüququ vardır. Iddiaçı İddiaçı ona qarşı yaşayış evinə köçmək tələbinə dair iddiasının tam olaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddianın rədd edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evə köçürülmə tələbinin təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarı ilə JN-164A (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir rayonu Düyərli kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində əvvəllər tərəflərin atası Namaz Ismayılov tərəfindən sahəsi 65 kv.m və 44.48 kv.m olan ayrıayrı tikililər inşa edilmişdir. Cavabdeh Cavabdeh ev inşa edilən vaxtdan mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş 65 kv.m olan köhnə tikili olan evdə yaşamış, iddiaçı İddiaçı isə ev inşa edilə vaxtdan həmin evdə yaşamış olsa da, illər öncə başqa ünvana köçərək orada yaşamışdır. Ona görə də, hazırkı mübahisəyə # ####### 2009-cu il tarixədək qüvvədə olmuş köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydaları həll edilməlidir.

11. Belə ki, # ####### 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsi şəhadətnamə əsasında iddiaçının mülkiyyətinə verilərkən belə iddiaçı həmin mübahisəli fərdi yaşayış evində yaşamamış, ümumiyyətlə mübahisəli fərdi yaşayış evinə köçmək barədə heç bir real davranış nümayiş etdirməmişdir. Iddiaçı bir daha mübahisəli evdə yaşamaq istəməmiş, əksinə daimi olaraq Bakı şəhərində özünə məxsus evdə yaşamışdır. Iddiaçının ötən müddət ərzində heç vaxt mübahisəli evə qayıtmaq fikri olmamış və o barədə məhkəməyə müraciət etməmişdir. Iddiaçının məhkəmədə cavabdehə qarşı irəli sürdüyü “Torpaq sahəsindən çıxarılma” və “Torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddiaları təmin edilmədiyindən iddiaçı sonradan “evə köçürülmə” tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamağa ehtiyacı olsaydı hazırkı iddia tələbi ilə ilkin olaraq məhkəməyə müraciət etmiş olardı.

13. Həmçinin Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı hazırda köçmək istədiyi evlərin qanunsuz tikili kimi sökülməsinə dair əvvəllər məhkəmədə iddia qaldırılmışdır.

14. Məhkəmə bildirmişdir ki, iddiaçı məhkəmə iclası zamanı mübahisəli evi daimi deyil, müvəqqəti tərk etməsi halını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməmişdir. Əksinə, məhkəmə iclasında iddiaçının mübahisəli evdən könüllü olaraq çıxması, özünə daimi başqa yaşayış sahəsi seçməsi, o səbəbdən də həmin evi könüllü olaraq tərk etməsi və daimi yaşamaq üçün başqa yaşayış sahələrinə köçməsi və uzun müddət orada yaşaması məhkəmə iclasında tərəflərin izahatları və işin müəyyən olunmuş həqiqi halları ilə öz təsdiqini tapmışdır.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olmadığı üçün o, mübahisəli evdə yaşamaq istəməmiş və həmin evi könüllü tərk edib daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Ona görə də onun mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır.

16. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ## #### 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.1999-cu il tarixli Qərarına, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.1999-cu il tarixli qərarındakı hüquqi mövqeyə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə, ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54.1, 60, 87, 123-cü, Mülki Məcəlləsinin 228.5-ci, MPM-in 82.3, 88, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Iddiaçı İddiaçı (vəkil X4) apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edib, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işin həqiqi və faktiki halları ondan ibarətdir ki, onlar doğma qardaş olmaqla, Şəmkir rayonu, Düyərli kəndində yerləşən mübahisəli ev və torpaq sahəsində doğulub böyümüşlər. X3 tərəfindən 1950-ci illərdə həmin həyətdə əvvəl 1 otaq və 1 köməkçi sahədən ibarət ev tikilmiş və ailə orada yaşamağa başlamışdır. Bundan sonra 1960-cı illərin axırlarında ataları tərəfindən qətnamədə sahəsi 65 kv.m. göstərilən kürsülü, həmin dövrün tələblərinə uyğun 2 otaq, böyük aynabənd və açıq eyvandan ibarət ikinci ev tikilmişdir. Cavabdeh Cavabdeh 1974-cü ildən 1992-ci ilədək Gəncə şəhərində “56-lar” adlanan qarajda işləmiş, eyni zamanda Cavabdeh Gəncə şəhərində daimi pasport qeydiyyatında olmuşdur. Özü isə evin kiçik oğlu olmaqla, 1977-1990-cı illərdə xidməti işi ilə əlaqədar Rusiyanın Altay vilayətinin Barnaul şəhərində Daxili Işlər Orqanlarında işləmişdir. Rusiyada işlədiyi müddət hər il məzuniyyət vaxtı Şəmkirə ata evinə gəlmiş, anası ilə birlikdə ata evində yaşamış və Rusiyaya qayıtmışdır. 1990-cı ildə o, Azərbaycan Daxili Işlər Nazirliyi strukturuna işləməyə başlamış və Gədəbəy rayon Polis Şöbəsində 4 il sahə müvəkkili kimi işləmişdir. Sonradan 2005-ci ildə Şəmkir rayonu Kür qəsəbəsində Polis Şöbəsində işləmişdir. Həmin müddətlərdə ailəsi ilə birlikdə həmin mübahisəli ata evində, sahəsi 65 kv.m. qeyd olunan kürsülü evdə yaşamışdır. Bu müddətdə cavabdeh Cavabdeh ata evinin həyətində olan köhnə 1 otaqlı evi təmir edib genişləndirərək 2 otaqlıya çevirib orada yaşamışdır. 1996-cı ildən onun iş yeri Bakı şəhərinə dəyişdirilmişdir. O, Bakı şəhərində işlədiyi müddətdə Bakıda kirayədə yaşamış, ata evi onun sahibliyində və istifadəsində olmuşdur. Şəmkir rayon Aqrar islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarı ilə Şəmkir rayonunun Düyərli kəndində, həmin evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. 2015-ci ildə o, cavabdehin xahişi ilə, onun yeni ailə qurmuş oğlunun, həmin 65 kv.m. olan evə köçüb müvəqqəti yaşamasına etiraz etməmişdir.

19. Həmin vaxtı onların münasibətləri normal olmuş, o, qardaşı oğlunun nişan-toy məclislərində əvvəldən axıra qədər iştirak etmişdir. 2019-2023-cü illərdə cavabdeh Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşadıqları həmin köhnə evi sökərək, yerində müasir üslubda olan yeni ev (villa) tikdirmişdir. Bundan sonra cavabdehin ailəsi bütövlükdə həmin yeni tikilidə yaşamağa başlamışdır. Lakin cavabdeh Cavabdeh ona aid olan ata evini tam boşaltmamış, əmlakının bir qismini həmin evdə saxlamışdır. Bundan sonra onların arasında mübahisə yaranmışdır. Cavabdeh Cavabdeh mübahisənin öz aralarında razılaşma yolu ilə həllinə razı olmadığından, o, cavabdeh Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmasına dair iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin # #### 2023-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin olunsa da, Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddiası təmin edilməmiş, Ali Məhkəmənin ##.##.2023-cü il tarixli Qərarı ilə apellyasiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmışdır. Bundan sonra o, Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq cavabdeh Cavabdeh onun torpaq sahəsində yeni tikdirdiyi evin sökülməsini tələb etmişdir. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin ##.##.2025-ci il tarixli Qərarı ilə qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh Cavabdeh onu öz mülkiyyətində olan torpaq sahəsinə və ata evinə buraxmadığına görə o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Hazırkı qətnamənin məzmunundan göründüyü kimi məhkəmə işə tərəflərin iştirakı olmadan baxdığına görə, işin hallarını və sübutları tam araşdırmamış, nəticədə qətnaməni işin həqiqi və faktiki hallarına, o cümlədən tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Nəticədə qəbul edilən məhkəmə qətnaməsi ilə onun konstitusion mülkiyyət hüququ məhdudlaşdırılmışdır. Məhkəmə gəldiyi nəticə üçün iş üzrə zəruri olan bütün faktları halları həm aydınlaşdırmamış, həm də aydınlaşdırmağa cəhd etməmişdir. Çünki tərəflərin iştirakını təmin etmədən, mübahisə predmeti olan evlərə və torpaq sahəsinə baxış keçirmədən iş üzrə mühüm əhəmiyyətli halları aydınlaşdırmaq mümkün deyildir. Ona görə də, məhkəmə qətnamədə qeyri-müəyyən şəkildə qeyd etmişdir ki, guya o, uzun illər əvvəl ata evini könüllü tərk edib, daimi yaşamaq üçün getmiş, bir daha qayıtmamış, guya susmaqla ata evində olan hüquqlarından imtina etmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev - sədrlik edən və məruzəçi, Rüfət Məcidov və Islam Həsənov) apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmışdır, iddia tələbinin təmin edilməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisənin həllində maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Çünki iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının köçürülməsini xahiş etdiyi fərdi yaşayış evi Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarı əsasında verilmiş şəhadətnaməyə görə Şəmkir rayonu Düyərli kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsində yerləşməklə həmin torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. Həmin torpaq sahəsində yerləşən tikililər mülkiyyət kimi qeydə alınmamışdır və iddiaçının həmin tikililərə gözlənilən mülkiyyət hüququ vardır.

22. Birinci instansiya məhkəməsinin iddiaçının uzun müddət mübahisəli ünvandakı evdə yaşamaması, onun oradan başqa daimi yaşayış yerinə köçüb getməsi, uzun müddət susması, mülkiyyətçinin mülkiyyətindən istifadə hüququnu məhdudlaşdıran hal kimi qanunla müəyyən olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin # ####### 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına istinad etməsi düzgün olmamışdır. Həm də qeyd olunmalıdır ki, məhkəmənin istinad etdiyi həmin normalar mülkiyyətçiyə yox, mülkiyyətçinin ailə üzvlərinə və ailə üzvü kimi köçürdüyü digər şəxslərə aiddir. Qanunla nəzərdə tutulmadığına görə qeyd olunan dəlillərlə mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

23. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, işin məhkəmə iclasında müəyyən olunmuş hallarına əsasən iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində yerləşən, həm də mərhum valideynləri tərəfindən inşa edilmiş və özünün də uzun müddət yaşadığı evə köçürülməsini xahiş edir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilərək iddiaçı mübahisəli ünvandakı evə köçürülməlidir. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13cü,24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4, 135.4, 152.1, 152.5, 157.2, 157.4-ci və Mülki Prosessual Məcəlləsinin 13.4, 14.2, 77.1, 217.2, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh Cavabdeh (vəkili nümayəndə2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin tam ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus Şəmkir rayonu, Düyərli kəndində 0.12 ha torpaq sahəsində yerləşən və köçmək istədiyi fərdi yaşayış evini vaxtilə məhz onun tərəfindən inşa edilmiş qanunsuz tikili hesab etmişdir. Belə ki, iddiaçı hətta qanunsuz tikili hesab etdiyi həmin tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bundan narazı qalan iddiaçı İddiaçı israrlı olaraq apellyasiya, daha sonra kassasiya şikayəti ilə çıxış etsə də, əvvəlki qətnamə dəyişdirilmədən saxlanmışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçı İddiaçı bundan öncə məhkəmələrdə ona qarşı irəli sürdüyü qanunsuz tikilinin sökülməsi ilə bağlı istər iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində hazırda köçmək istədiyi və özünə məxsus hesab etdiyi tikilini əslində cavabdeh tərəfindən inşa edilməsini və qanunsuz tikili olmasını israr edərək sökülməsini tələb etmişdir. Lakin hazırda iddiaçı bu ritorikasını dəyişərək tikilinin ona məxsus olmasını bəyan edərək öz əmlakı kimi ora köçmək niyyətini bildirir. Lakin, iddiaçı ilə aralarında qeyd olunan əvvəlki məhkəmə mübahisələrindən irəli gələn preyudisial məhkəmə qərarları ilə müəyyən edilmiş mübahisəsiz hal odur ki, dövlət aktı ilə iddiaçıya aid Şəmkir rayonu Düyərli kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsi vaxtilə onların mərhum atalarından qalma torpaq sahəsidir. Iddiaçı və o qardaş olduqlarından, həmin evdə böyüyüb boya-başa çatmışlar. Lakin iddiaçı sonradan daimi yaşayış yeri olaraq başqa yaşayış evinə (Bakıda) köçmüşdür.

27. Qeyd olunan məhkəmə qərarları və yerli baxış zamanı müəyyən edilmiş mübahisəsiz hal ondan ibarətdir ki, həmin torpaq sahəsində hazırda yan-yana 2 fərdi yaşayış evi mövcuddur. Həmin evlərdən biri ata evi (iddiaçının köçmək istədiyi, lakin onun tərəfindən yenidən bərpa edilən) olsa da, digər evin onun tərəfindən 1970-ci ildə inşa edildiyi təsdiq olunmuşdur (evin üzərində həmin tikilmə tarixi qeyd olunmuşdur). Hər iki ev üzrə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin apellyasiya instansiya məhkəməsi qətnaməsində bu evlərdən hansına münasibətdə iddia tələbinin təmin edilməsi məsələsinə aydınlıq gətirməmişdir. Belə ki, iddiaçının köçmək istədiyi ev də o və ailə üzvlərinin vəsaiti hesabına müasir üslubda inşa edilmiş evdir. Əvvəllər həmin yerdə qəzalı vəziyyətdə olan köhnə ata evi yerləşmiş, sonradan isə yenidən tikilmişdir. Məhz həmin ev iddiaçının vaxtilə qanunsuz tikili hesab edərək məhkəmə qaydasında sökülməsini tələb etdiyi evdir. Hazırda oğlu gənc ailəsi ilə orada yaşayır. Apellyasiya instansiya məhkəməsi qətnaməsində bu hallar lazımi qaydada araşdırılmamışdır.

28. Belə ki, apellyasiya instansiya məhkəməsində araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmiş sorğuya cavab olaraq müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi üzərində nə iddiaçının, nədəki atası Namazın adına fərdi yaşayış evi qeydə alınmışdır. Apellyasiya instansiya məhkəməsi iş üzrə qətnaməsində bu hala “hüquqi don” geyindirərək, iddiaçının köçmək istədiyi fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, gələcəkdə qeydiyyatdan keçməsi üçün “qanuni gözlənti” olması ilə əsaslandırmağa çalışmışdır.

29. Sözügedən torpaq sahəsinin iddiaçının olması isə heç də həmin torpaq sahəsinin üzərində olan tikilinin ona məxsus olması anlamına gəlmir. Çünki həmin torpaq sahəsində daimi yaşayan və təsərrüfat aparan, habelə kəndin təsərrüfat başı kitabında qeydiyyatda olan şəxslər o və ailə üzvləri (arvadı, oğlu, qızları və nəvələri ilə) qeydiyyatdadırlar və daimi yaşayırlar. Iddiaçının köçmək istədiyi (vaxtilə qanunsuz tikili saydığı) həmin evi cavabdeh ailə üzvləri öz vəsaitləri hesabına inşa etdirmişlər. Bu hal iş materiallarında tərəflər arasındakı əvvəlki preyudisial məhkəmə qərarları ilə də təsdiq olunur. Iş üzrə birinci instansiya məhkəməsi haqlı olaraq həmin məhkəmə aktlarına istinadən doğru olan hüquqi nəticəyə gələrək iddiaçının iddia tələbini rədd etmişdir.

30. Bundan əlavə nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı anından yaranır. Apellyasiya instansiya məhkəməsi nədənsə bu halı nəzərə almamışdır. Çünki, Şəmkir rayon Aqrar Islahat Komissiyasının sözügedən qərarı ilə iddiaçıya sözügedən dövlət aktı ilə yalnız torpaq sahəsi verilmişdir. X1 yalnız 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənəddir. Həmin torpaq üzərində digər tikililərə dair hüquqlar isə, bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından sonra yarana bilər. Bu qanunvericiliyin imperativ tələbidir. Odur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan və bu əsasla mövcud olması rəsmi təsdiq edilməyən daşınmaz əmlaka dair iddia tələbinin təmin edilməsi yolverilməzdir.

31. Yaşlı adam olduğundan məhkəmədə səhhəti ilə əlaqədar iştirak edə bilmədiyindən məhkəmə iclasını başqa vaxta təxirə salınmasını və məhkəmədə işin halları ilə bağlı tərəfindən lazımi sənəd və məlumatların verilməsinə şərait yaradılmasını xahiş etmişdir. Bu barədə məhkəməyə teleqram da ünvanlamışdır. Lakin apellyasiya instansiya məhkəməsi nədənsə iştirakı üçün lazımi şərait yaratmamışdır.

32. Nəzərə alınsa ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikilidir, o zaman iddiaçının hazırkı iddia tələbinin faktiki əsasının olmaması ilə yanaşı, hüquqi əsasının olmaması aşkardır. Lakin, nədənsə apellyasiya instansiya məhkəməsi bu halları nəzərə almamış işə səthi yanaşaraq doğru olmayan hüquqi nəticəyə gəlmişdir. Nəticədə, əminliklə demək olar ki, apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv qiymət verilməmiş, bundan əlavə, məhkəmənin gəldiyi hüquqi nəticə, yalnız iddiaçının maraqlarına xidmət edən, doğru əsaslandırılmayan, qeyri-obyektiv və birtərəfli yanaşma olmaqla, tərəflərin hüquq bərabərliyi prinsipinin kobud pozulması ilə müşayiət olunan yanlış mövqedir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

39. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

# ####### 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi

40. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Məhkəmə kollegiyası cavabdehin məhkəmədə səhhəti ilə əlaqədar iştirak edə bilmədiyindən məhkəmə iclasını başqa vaxta təxirə salınması və s. dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Iş materiallarından görünür ki,apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmişdir.Cavabdehin məhkəmə iclasına gəlməməsi üçün üzrlü səbəbi təsdiq edən heç bir mötəbər sübut (tibb müəssisəsindən arayış, xəstəlik vərəqəsi və s.) təqdim edilməmişdir.

54. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının köçmək istədiyi ev məhz onun mülkiyyətində olan torpaq sahəsində yerləşir və onun mülkiyyətində olan ev üzrə gözlənti hüququna malikdir. Belə olan halda isə cavabdehin dəlillərinin tam əsassız olması müəyyən olunur.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar