Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-643/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı 1980-ci ildən 2012-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
2. ##.##.2012-ci il tarixdən ##.##.2013-cü il tarixədək Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsi ona müvəqqəti olaraq həvalə edilmişdir.
3. ##.##.2013-cü il tarixdən etibarən 1 il müddətinə Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsinə təyin edilmişdir.
4. AR Mərkəzi Seçki Komissiyasının Şəmkir şəhəri üzrə *** saylı seçki dairəsinin 13-cü məntəqəsinin sədri vəzifəsini 10 ildən artıq müddətdə icra etmişdir.
5. Qazax-Tovuz Regional Təhsil İdarəsinin ##.##.2023-ci il və ##.##.2024-ci il tarixli əmrləri ilə İddiaçı əmək müqaviləsi üzrə müəyyənləşdirilmiş vəzifələrinin icrasını layiqincə yerinə yetirmədiyinə görə ona AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən iki dəfə xəbərdarlıq edilmişdir.
6. ##.##.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 45-ci maddəsinin II hissəsinə əsasən Şəmkir şəhəri, Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilmiş və işəgötürənin ##.##.2025-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir.
İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh AR Elm və Təhsil Nazirliyi yaninda Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhəri, Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin direktoru olaraq onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair ##.##.2025-ci il tarixli, *-**/**/*-***k/**** saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi proqula - iş buraxmaya görə itirilmiş əmək haqqının ödənilməsi və mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırmışdır ki, işlədiyi müddət ərzində heç bir nöqsana yol verməmiş, xəbərdarlıq və töhmət almamış, dəfələrlə keçmiş Təhsil Şöbəsi tərəfindən mükafatlar və Fəxri Fərmanla təltif edilmişdir. AR Mərkəzi Seçki Komissiyasının Şəmkir şəhəri üzrə *** saylı seçki dairəsinin 13-cü məntəqəsinin sədri vəzifəsini 10 ildən çoxdur ki, icra edir. Cavabdehin Qazax Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə təhsil Sektorunun əməkdaşları tərəfindən rəhbərlik etdiyi məktəbdə ##.##.2025-ci il tarixdə aparılmış yoxlama zamanı aşkar edilmiş hesab edilən problemlər əslində əsassız olaraq problemlər kimi qeyd edilmiş və ##.##.2025-ci il tarixli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən Şəmkir şəhəri, Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin direktoru olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Belə ki, İ sinfə şagirdlərin qəbulu zamanı məktəbin direktoru olaraq o, ##.##.2024-cü ildən ##.##.2024-cü il tarixədək seçki məntəqəsindəki fəaliyyətini icra etməyinə görə məktəbdə direktor kimi fəaliyyət göstərə bilməmişdir. Cavabdehin yoxlama aparan əməkdaşları müəyyən etdiyi şagirdlər valideynlər tərəfindən elektron ərizə ilə məktəbə müraciət etmişlər. Həmin şagirdlərin dərsə davamiyyəti isə qənaətbəxş olmuşdur. Həmin yoxlamanın nəticəsində ona tutulan iradlar ondan ibarət olmuşdur ki, həmin şagirdləri, yəni İ sinif şagirdlərini məktəbdən nə üçün çıxartmamışdır. AR Konstitusiyasının 42-ci maddəsinə əsasən 9 illik təhsil sistemi icbaridir. Həmin şagirdlərin davamiyyətinə görə isə məktəbdən kənarlaşdırmaq mümkün deyildir. Cavabdehin yoxlamanı aparan əməkdaşları ondan tələb edirdilər ki, həmin şagirdləri məktəbdən çıxartmalı və həmin sinif bağlamalıdır. Sual olunur ki, o, ##.##.2025-ci il tarixdən işdən azad olunmuş, ancaq hazırda bağlamalı olmağı tələb edilən sinif isə fəaliyyət göstərir. Həmin sinifdə heç bir tədris prosesi dayandırılmamışdır. Cavabdehin yoxlama aparan əməkdaşları ilkin olaraq tələbi ondan işdən azad olunmasını tələb etmişlər. O, həmin dövrdən səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş, yüksək dərəcəli şəkər xəstəliyindən əziyyət çəkir. 10 gündən sonra əmək fəaliyyətinə davam etmişdir. Yenidən, yəni ##.##.2025-ci il tarixdə gözündə yaranmış problemlə əlaqədar Sektor müdirindən icazə almaq şərti ilə Bakı şəhərinə xəstəxanaya getmişdir. Həmin vaxtdan Azərbaycan Tibb Universiteti tədris Cərahhiyə Klinikasında ##.##.2025-ci ilədək ambulator müalicədə olmuş, gözlərinə iynə vurulmaqla müalicə almış, həmin xəstəxana xəstəlik vərəqi verə bilməməsinə görə həmin müddətdə müalicə almağına dair tibbi arayış təqdim etmişdir. Həmin arayışın surəti tərəfindən Sektor rəhbərliyinə təqdim edilmiş arayışın əslini isə məhkəməyə təqdim edəcəkdir. O, qeyd etdiyi kimi xəstəxanada olarkən cavabdehin əməkdaşları tərəfindən məktəbin direktoru olaraq onun səlahiyyətlərini həmin məktəbdə müqavilə əsasında təşkilatçı müavin vəzifəsində işləyən Zülfiyyə Əhmədovaya təhvil verilmiş, hətta təhvil-təslim və ya həvalə əmrində onun atasının adını da “Qovlar” yazmışlar. Onun 43 illik qüsursuz pedaqoji fəaliyyəti dövründə onun hazırkı əmrlə işdən çıxarılmağı onun direktor kimi fəaliyyətinə verilən əsassız qiymətdir. Onun işdən azad olunmağına dair cavabdehin istinad etdiyi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan heç bir kobud pozuntulara yol verməmişdir.
9. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində 2012-ci il tarixdən Şəmkir şəhəri, Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışdığını və bu müddət ərzində heç bir nöqsana yol vermədiyini, xəbərdarlıq almadığını bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Qazax- Tovuz Regional Təhsil İdarəsinin ##.##.2023-ci il və ##.##.2024-ci il tarixli əmrləri ilə iddiaçıya əmək müqaviləsi ilə müəyyənlənləşdirilmiş vəzifələrinin icrasını layiqincə yerinə yetirmədiyinə görə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən 2 dəfə xəbərdarlıq edilmişdir. İddiaçı iddia ərizəsində işdən qanunsuz olaraq azad edildiyini, ##.##.2025-ci il tarixdə məktəbdə aparılmış yoxlama zamanı aşkarlanmış nöqsanların əsassız olduğunu qeyd etmişdir. Məsələ ilə bağlı bildirmişdir ki, vətəndaş müraciətinin araşdırılması məqsədilə Qazax- Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə təhsil sektoru tərəfindən müəssisədə yoxlama keçirilmiş və yoxlamanın nəticəsinə uyğun olaraq əmək funksiyalarının icrası zamanı nöqsanlara yol verdiyi məlum olmuşdur. Məktəbin 1 “c” sinfində yoxlama aparılan zaman sinif jurnalında adı qeyd edilmiş Elza Namazlı, Hüseyn Əhmədov, Azər Həsənov, Emil Həsənov, Xalid Məmmədov, Məhəmməd Tanrıverdiyevin adı olsa da, şagirdlərin 2024- 2025-ci tədris ilinin başlandığı vaxtdan bugünədək dərslərdə iştirak etmədiyi aşkar edilmişdir. Sinif rəhbəri X1 və ingilis dili müəllimi İslamova Nisə Zirəddin qızı izahatlarında həmin şagirdlərin cari tədris ilində ümumiyyətlə dərslərdə olmadığını bildirmişdirlər. Sinif rəhbəri şagirdlərin dərsdə olmadığı halda, fiziki göstəricilərini izləyərək onların qiymətləndirilməsini aparmışdır. Sinif rəhbəri izahatında həmin şagirdlərin ümumiyyətlə şəxsi işlərinin olmadığını, digər şagirdlərin isə şəxsi işlərini nizama salmaq üçün evə apardığını bildirmişdir. 2024–2025-ci tədris ilinin əvvəlində 61 nəfər şagirdin iştirakı ilə İ sinif üzrə 3 sinif komplekti təşkil edilmişdir. Lakin monitorinq zamanı müəyyən edilmişdir ki, bu şagirdlərdən 6 nəfəri ümumiyyətlə tədris prosesində iştirak etməmişdir. Bu hal nəticə etibarı ilə faktiki olaraq 55 nəfərin təhsil aldığı müəyyən edilmiş, bu isə 3 sinif komplekti üçün kifayət etməmiş və şagird sıxlığının normativlərə uyğun təşkil olunmamasına səbəb olmuşdur. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na əsasən: 2-ci bənd: İbtidai təhsil səviyyəsində siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilməlidir; 5-ci bənd: Eyni sinifdə şagird sayı 30 nəfərdən çox olduqda və ya sinif otağının ölçüsü imkan vermədikdə, ikinci paralel sinif təşkil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən 6 nəfər şagirdin tədrisdə iştirak etməməsi və buna baxmayaraq sinif komplektlərinin sayının artırılması, mövcud normativ aktların pozulması ilə nəticələnmişdir. Aşağıdakı hallar göstərir ki, UTİS sistemi ilə məktəbin sinif jurnalları arasında ciddi uyğunsuzluqlar mövcuddur: X2 və İsmayılov Rəhman Mehman oğlu - UTİS-də 8b sinfində qeyd olunsalar da, sinif jurnalında adları yoxdur. X13 - UTİS və jurnal üzrə 8b sinfində göstərilsə də, dərslərdə iştirak etməmiş, hazırda Rusiyadadır. Adı jurnaldan çıxarılmayıb. X6, Hüseynova Nazpəri İman qızı - UTİS-də 8a sinfində olsalar da, jurnalda adları qeyd edilməmişdir. Sinif rəhbərinə görə Hüseynova Nazpəri 2023–2024-cü ildə sinifdə saxlanılıb və qeydiyyata alınıb. İmamquliyev Asif İlqar oğlu - UTİS də 9c sinfindədir, lakin jurnalda yoxdur. Sinif rəhbərinin izahatına əsasən şagird başqa ünvana köçərək şəxsi işini məktəbdən almışdır. X3 - UTİS-də 10c, lakin 10b sinif jurnalında qeydiyyatı aparılıb. Sinif rəhbəri bunu direktor göstərişi ilə etdiyini bildirib. X9 - UTİS-də 10c sinfində, lakin sinif jurnalında adı yoxdur. Rəhbərə görə, şagird 9-cu sinifdən sonra kollecdə təhsilə gedib. X4 - UTİS-də 11c, jurnalda isə 11a sinfində qeyd olunub. X12 - UTİS-də 11c sinfində, jurnalda adı yoxdur. Sinif rəhbərinin bildirdiyinə görə, şəxsi işi 5 gün əvvəl verilib, dərslərdə iştirak etməyib. İddiaçı iddia ərizəsində ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək seçki komissiyasının üzvü olduğu üçün işdə olmadığını bununla bağlı əmək funksiyalarını icra edə bilmədiyini qeyd etmişdir, məsələ ilə bağlı bildirilir ki, məktəbdən aşkarlanan nöqsanlar davamlı xarakterli olmuş, aradan qaldırılması üçün məktəb direktoru tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı iddia ərizəsində sektor müdirindən icazə almaqla Bakı şəhərinə xəstəxanaya getdiyini qeyd etmiş, bununla bağlı bildirmişdir ki, İddiaçı təqdim etdiyi SN 00008 seriyalı ******* nömrəli və SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinə uyğun olaraq ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək işə çıxmadığı günlər üzrlü hesab edilmiş və o, ##.##.2025-ci il tarixdən işdə hesab edilmişdir. Lakin o, 26, 27, 29 mart və 1, 2 aprel tarixlərində heç bir üzrlü səbəb olmadan işə çıxmamış, çıxmaması barədə məlumat verməmişdir. İddiaçı iddia ərizəsində Həmkarlar təşkilatından işdən azad edilməsi barədə razılığın onun əmək müqaviləsinə xitam erilməsi barədə əmrdən 3 gün sonra alındığını qeyd etmişdir. Bununla bağlı bildirilir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə dövlət Agentliyinin ##.##.2025-ci il tarixli təqdimatına cavab olaraq Şəmkir şəhəri Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin İlk Həmkarlar Təşkilatı tərəfindən ##.##.2025ci il tarixdə İddiaçın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq barədə “xxxx” verilmişdir. Bildirilir ki, Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər və müstəqil fəaliyyət göstərirlər. Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbin direktoru İddiaçı təhsil müəssisəsində qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə, təhsil müəssisəsində təhsil və təlim-tərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəydiyinə, əmək qanunvericiliyini, o cümlədən AR Elm və Təhsil Nazirliyinin əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğuna görə o, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Şəmkir şəhəri Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbin direktoru vəzifəsindən azad edilmişdir. Mübahisələndirilən əmr qanunauyğun və əsaslı olaraq verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir. Beləliklə iddiaçı İddiaçı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqı, mediasiya haqqının ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmışdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin # ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) iddiaçının cavabdehə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” iddia ərizəsində göstərmişdir ki, qanunsuz və əsassız olaraq işdən azad edilmədiyi üçün işə bərpa edilməsini iddia etmişdir.
12. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsasların mövcud olduğunu göstərərək, iddianın təmin olunmasına etiraz etmişdir.
13. Məhkəmə işin fakitiki halları ilə bağlı qeyd etmişdir ki, vətəndaş müraciətinin araşdırılması, həmçinin təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının real vəziyyətinin öyrənilməsi məqsədilə cavabdehin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə Şəmkir şəhəri, Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbində yoxlama keçirilmişdir. Aparılan yoxlama zamanı məktəb rəhbərliyi tərəfindən təlim-tərbiyə prosesinin təşkili, rəhbərlik və nəzarət işinin, habelə müəssisənin fəaliyyətini əks etdirən digər sahələrlə bağlı ciddi qanun pozuntularına yol verildiyi aşkar edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən pozuntular aşkarı çıxarılmazdan əvvəl Qazax-Tovuz Regional Təhsil İdarəsinin ##.##.2023-ci il və ##.##.2024-ci il tarixli əmrlərlə iddiaçı əmək müqaviləsi ilə müəyyənlənləşdirilmiş vəzifələrinin icrasını layiqincə yerinə yetirmədiyinə görə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən 2 dəfə xəbərdarlıq edilmişdir.
15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məktəbdə aşkarlanan nöqsanlar davamlı xarakterli olmuş, aradan qaldırılması üçün məktəb direktoru olan iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir.
16. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, sinif jurnalında adı qeyd edilmiş bəzi şagirdlərin 2024-2025-ci tədris ilinin başlandığı vaxtdan bu günədək dərslərdə iştirak etmədiyi aşkar edilmiş, sinif rəhbəri şagirdlərin dərsdə olmadığı halda, fiziki göstəricilərini izləyərək onların qiymətləndirilməsini aparmış, 2024–2025-ci tədris ilinin əvvəlində 61 nəfər şagirdin iştirakı ilə İ sinif üzrə 3 sinif komplekti təşkil edilmiş, bu şagirdlərdən 6 nəfəri ümumiyyətlə tədris prosesində iştirak etməmiş, bu hal nəticə etibarı ilə faktiki olaraq 55 nəfərin təhsil aldığı müəyyən edilmiş, bu isə 3 sinif komplekti üçün kifayət etməmiş və şagird sıxlığının AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normalarına uyğun təşkil olunmamasına səbəb olmuş, TİS sistemi ilə məktəbin sinif jurnalları arasında ciddi uyğunsuzluqlar mövcud olmuşdur.
17. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı ##.##.2024-cü ildən ##.##.2024-cü il tarixədək seçki komissiyasının üzvü olduğu üçün işdə olmamasına görə əmək funksiyalarını icra edə bilmədiyini göstərməsi onun məktəbdən aşkarlanan nöqsanlara görə cavabdehlik daşımamasına əsas verməmiş, nöqsanlar ##.##.2024-cü ildən ##.##.2024-cü il tarixədək tək olan dövr üçün deyil, ümumiyyətlə davamlı xarakterli olmuş, aradan qaldırılması üçün iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir.
18. Məhkəmə iddiaçının 2025-ci il ilin 26, 27, 29 mart və 1, 2 aprel tarixlərində heç bir üzrlü səbəb olmadan işə çıxmamasına dair tərtib edilmiş müvafiq aktlara münasibətdə qeyd etmişdir ki, ##.##.2025-ci ildən ##.##.2025-ci ilədək gözündə yaranmış problemlə əlaqədar Azərbaycan Tibb Universiteti tədris Cərahhiyə Klinikasında ambulator müalicədə olması ilə əlaqədar Sektor müdirindən icazə almasını göstərsə də, buna dair heç bir sübut təqdim edilməmiş, iş yerinə bu barədə məlumat verilməmiş, nəticədə yuxarıda qeyd edilən aktlar tərtib edilmişdir ki, bu cavabdeh tərəfindən haqlı olaraq heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi kimi qiymətləndirilmişdir.
19. İddiaçının barəsində verilmiş əmək müqaviləsinə xitam verilməsi əmrinin əsassız və qanunsuz verildiyi üçün ləğv edilməli olmasına dair tələbi ilə bağlı iddiaçının irəli sürdüyü dəlillərinə qiymət verməyə davam edən məhkəmə qeyd etmişdir ki, o cavabdeh tərəfin iddiaya etirazın əsası kimi istinad etdiyi halların əksini təsdiq və ya təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir və məhkəmə qeyd etmişdir ki, onun barəsində intizam tənbehi barədə əmrin ləğvi ilə bağlı iddiasında sadaladığı dəlillər və məhkəmə islasındakı izahatları özü-özlüyündə iddiasının bu hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi halları təkrarlanan hal olmuşdur və iddiaçı davamlı şəkildə əmək funksiyalarını yerinə yetirməmiş və ona verilən xəbərdarlıqdan nəticə çıxarmamışdır ki, onun hərəkətlərini cavabdeh haqlı olaraq təhsil müəssisəsində qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, təhsil müəssisəsində təhsil və təlim-tərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngini pozması, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsi, əmək qanunvericiliyini, o cümlədən AR Elm və Təhsil Nazirliyinin əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozması kimi düzgün qiymətləndirmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi hallar əsaslı olmuşdur. Məktəbəqədər və Ümumi Təhsil üzrə dövlət Agentliyinin ##.##.2025-ci il tarixli təqdimatına cavab olaraq Şəmkir şəhəri, Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin İlk Həmkarlar Təşkilatı tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq barədə müvafiq xxxx aldıqdan sonra cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv etmiş, əmrdə onun səbəbini qeyd etmiş, beləliklə də əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.
22. Məhkəmə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisələndirilən əmrin ləğv edilməsinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından, iddia tələbinin əmək müqaviləsinin xitam verilməsinə dair ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi hissəsi əsassızdır və təmin edilə bilməz.
23. Məhkəmə gəldiyi nəticəni AR Əmək Məcəlləsinin 10, 11.1, 12, 57, 68.1, 70, 71.2, 71.3, 72, 76.2, 80.1, 83.1, 84.1, 186, 311-ci maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 88 və 216- 220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin yoxlama aparan əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, bəzi şagirdlər valideynləri tərəfindən elektron ərizə ilə məktəbə müraciət etmişdilər. Həmin şagirdlərin dərsə davamiyyəti isə qənaətbəxş olmuşdur. Yoxlamanın nəticəsində ona irad tutulmuşdur ki, həmin şagirdləri, yəni İ sinif şagirdlərini məktəbdən nə üçün çıxartmamışdır. AR Konstitusiyasının 42-ci maddəsinə əsasən 9 illik təhsil sistemi icbaridir. Həmin şagirdlərin davamiyyət göstəricilərinə əsasən onların məktəbdən kənarlaşdırılması mümkün olmamışdır. Cavabdehin yoxlama aparan əməkdaşları ondan tələb etmişdilər ki, həmin şagirdləri məktəbdən çıxartsın və həmin sinif bağlansın. Belə olan halda sual yaranmışdır ki, hazırda bağlanması tələb olunan sinif niyə fəaliyyət göstərmişdir. Qeyd olunan sinifdə heç bir tədris prosesi dayandırılmamışdır. Cavabdehin yoxlama aparan əməkdaşları ilkin olaraq ondan ərizə əsasında işdən azad olunmasını tələb etmişdilər. Həmin dövrdə o, səhhəti ilə əlaqədar yüksək dərəcəli şəkər xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilmişdir. 10 gündən sonra əmək fəaliyyətini davam etdirmişdir. Daha sonra, ##.##.2025-ci il tarixdə gözündə yaranmış problemlə əlaqədar sektor müdirindən icazə almaq şərti ilə Bakı şəhərində yerləşən xəstəxanaya müraciət etmişdir. Həmin vaxtdan etibarən o, Azərbaycan Tibb Universiteti X26 ##.##.2025-ci il tarixinədək ambulator müalicədə olmuş və gözlərinə inyeksiya vurulmaqla müalicə almışdır. Göründüyü kimi, o, cavabdehin istinad etdiyi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan kobud pozuntulara yol verməmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Fuad Babayev sədrlik edən, məruzəçi, Cəmilə Musayeva və Fuad Abdiyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə bir sıra tələblərin işəgötürən tərəfindən gözlənilməsi vacibdir. Bu hallar iki mühüm tərkibdə özünü göstərir: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vətəndaş müraciətinin araşdırılması, həmçinin təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının real vəziyyətinin öyrənilməsi məqsədilə AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X14-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə Şəmkir şəhəri, Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbində yoxlama keçirilmişdir. Aparılan yoxlama zamanı məktəb rəhbərliyi tərəfindən təlim-tərbiyə prosesinin təşkili, rəhbərlik və nəzarət işinin, habelə müəssisənin fəaliyyətini əks etdirən digər sahələrlə bağlı ciddi qanun pozuntularına yol verildiyi aşkar edilmişdir.
29. Həmçinin məhkəmə kollegiyası işin mübahisəsiz halı ilə bağlı qeyd etmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 45-ci maddəsinin II hissəsinə əsasən Şəmkir şəhəri, Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilmiş və adıçəkilən yoxlama çərçivəsində qeyd olunan məktəb rəhbərliyi kimi məsuliyyəti məhz iddiaçı daşımışdır.
30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, daha öncələr Qazax-Tovuz Regional Təhsil İdarəsinin ##.##.2023-cü il və ##.##.2024-cü il tarixli əmrləri ilə iddiaçıya əmək müqaviləsi ilə müəyyənlənləşdirilmiş vəzifələrinin icrasını layiqincə yerinə yetirmədiyinə görə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən 2 dəfə xəbərdarlıq edilmişdir.
31. Məhkəmə kollegiyası “xəbərdarlıq” la bağlı qeyd etmişdir ki, əmək qanunvericiliyinə əsasən “xəbərdarlıq” intizam tənbehi sayılmasa da, işçinin peşəkarlığı, məsuliyyəti və şəxsi keyfiyyətləri baxımından müəyyən təsəvvür yaratmağa imkan verir və işəgötürən tərəfindən işçinin digər bir əməli ilə bağlı intizam tənbehi tətbiq edərkən müəyyən dəyərləndirmə aparması üçün meyarlardan biri kimi çıxış edir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən araşdırma nəticəsində sinif jurnalında adı qeyd edilmiş bəzi şagirdlərin 2024-2025-ci tədris ilinin başlandığı vaxtdan bu günədək dərslərdə iştirak etmədiyi aşkar edilmiş, sinif rəhbəri şagirdlərin dərsdə olmadığı halda, fiziki göstəricilərini izləyərək onların qiymətləndirilməsini aparmış, 2024–2025-ci tədris ilinin əvvəlində 61 nəfər şagirdin iştirakı ilə İ sinif üzrə 3 sinif komplekti təşkil edilmiş, bu şagirdlərdən 6 nəfəri ümumiyyətlə tədris prosesində iştirak etməmiş, bu hal nəticə etibarı ilə faktiki olaraq 55 nəfərin təhsil aldığı müəyyən edilmiş, bu isə 3 sinif komplekti üçün kifayət etməmiş və şagird sıxlığının AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na uyğun təşkil olunmamasına səbəb olmuş, TİS sistemi ilə məktəbin sinif jurnalları arasında ciddi uyğunsuzluqlar mövcud olmuşdur. İddiaçı öz mövqeyində bu halı ##.##.2024-cü ildən ##.##.2024-cü il tarixədək seçki komissiyasının üzvü olduğu üçün işdə olmaması ilə əsaslandırsa da, iddiaçının qeyd etdiyi tarix aralığı dərs ili yekunlaşdıqdan sonrakı və yeni dərs ili başlamazdan öncəki dövrü əhatə etdiyindən və adı çəkilən pozuntular bütün il boyunca mövcud olmuşdur.
33. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd etmişdir ki iddiaçının 2025-ci il ilin 26, 27, 29 mart və 1, 2 aprel tarixlərində heç bir üzrlü səbəb olmadan işə çıxmamasına dair tərtib edilmiş müvafiq aktlar mövcuddur. Buna qədər isə iddiaçı ##.##.2025-ci ildən ##.##.2025ci il tarixədək, ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixədək işə çıxmadığı günlərə dair əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etdiyi üçün işə çıxmadığı günlər üzrlü hesab edilmiş və o, ##.##.2025-ci il tarixdən işdə hesab edilmişdir.
34. Lakin sonrakı qeyd edilən tarixlərdə, yəni, ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixədək gözündə yaranmış problemlə əlaqədar Azərbaycan Tibb Universiteti tədris Cərahhiyə Klinikasında ambulator müalicədə olması ilə əlaqədar Sektor müdirindən icazə almasını və həmin tarix aralığındakı xəstəlik vərəqəsini göstərsə də, məhz iş yerinə bu barədə məlumat verilməsinə dair mötəbər dəlil mövcud olmamış, nəticədə aktlar tərtib edilmişdir ki, bu cavabdeh tərəfindən haqlı olaraq heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi kimi qiymətləndirilmişdir.
35. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olmamışdır.
36. Məhkəmə kollegiyası gəldiyi nəticəni AR Əmək Məcəlləsinin 10, 68.1, 70.ç, 71.2, 71.3, 186.2, 287, 288.a, 292.1, 300-cü, habelə MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (vəkil İskəndərov Fuad İnqlab oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm irəli sürülmüş iddia tələbində, həm də apelyasiya şikayətinin dəlillərində qeyd edildiyi kimi, iddiaçı 1980-ci ildən pedaqoji fəaliyyətlə məşğul olmuş və 2012-ci ildən Şəmkir şəhəri, Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışmışdır. O, bu müddət ərzində heç bir nöqsana yol verməmiş, xəbərdarlıq və ya töhmət almamış, dəfələrlə keçmiş Təhsil Şöbəsi tərəfindən mükafatlar və Fəxri Fərmanlarla təltif edilmişdir. Eyni zamanda, o, AR Mərkəzi Seçki Komissiyasının Şəmkir şəhəri üzrə *** saylı seçki dairəsinin 13-cü seçki məntəqəsinin sədri vəzifəsini 10 ildən artıq müddətdə icra etmişdir. Məhkəmə kollegiyası iddianı rədd edərkən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktları sübut kimi qəbul etmiş və həmin aktlara əsaslanaraq yuxarıda göstərilən nəticəyə gəlmişdir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin əvvəl də qeyd edildiyi kimi, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması faktı mövcud olmamışdır. Belə ki, İ sinfə şagirdlərin qəbulu zamanı məktəbin direktoru olan iddiaçı ##.##.2024-cü ildən ##.##.2024-cü il tarixədək seçki məntəqəsindəki fəaliyyətini icra etdiyinə görə məktəbdə direktor kimi fəaliyyət göstərə bilməmişdir. Cavabdehin yoxlama aparan əməkdaşları müəyyən etmişdilər ki, həmin şagirdlər valideynləri tərəfindən elektron ərizə vasitəsilə məktəbə müraciət etmişlər və onların dərsə davamiyyəti qənaətbəxş olmuşdur. Yoxlamanın nəticəsində iddiaçıya irad tutulmuşdur ki, o, həmin şagirdləri, yəni İ sinif şagirdlərini məktəbdən niyə çıxarmamışdır. Halbuki həmin şagirdlərin davamiyyəti qənaətbəxş olduğuna görə onların məktəbdən kənarlaşdırılması mümkün deyildi. Cavabdehin yoxlama aparan əməkdaşları iddiaçıdan tələb etmişdilər ki, həmin şagirdləri məktəbdən çıxarsın və həmin sinfi bağlasın. Bu halda sual yaranırdı ki, bağlanması tələb olunan sinif niyə fəaliyyət göstərməkdə davam etmişdir. Həmin sinifdə tədris prosesi dayandırılmamışdır. Cavabdehin yoxlama aparan əməkdaşları ilkin olaraq iddiaçıdan ərizə əsasında işdən azad olunmasını tələb etmişdilər. Həmin dövrdə iddiaçı səhhəti ilə əlaqədar, yüksək dərəcəli şəkər xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilmiş və 10 gündən sonra əmək fəaliyyətini davam etdirmişdir. Daha sonra, ##.##.2025-ci il tarixdə gözündə yaranmış problemlə əlaqədar sektor müdirindən icazə almaq şərti ilə Bakı şəhərinə xəstəxanaya getmişdir. O, həmin vaxtdan Azərbaycan Tibb Universitetinin X26 ##.##.2025-ci ilədək ambulator müalicə almış, gözlərinə iynə vurulmaqla müalicə olunmuşdur. Göründüyü kimi, iddiaçı cavabdehin istinad etdiyi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş heç bir kobud pozuntuya yol verməmişdir. Bu səbəbdən də həmin əmr ləğv edilməli idi.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
40. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
41. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
42. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
43. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
44. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
45. Maddə 186.2, “ç” bəndi. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.
46. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
47. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
57. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
58. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
59. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə bir sıra tələblərin işəgötürən tərəfindən gözlənilməsi vacibdir. Bu hallar iki mühüm tərkibdə özünü göstərir: 1) işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 2) bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması.
60. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, vətəndaş müraciətinin araşdırılması, həmçinin təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının real vəziyyətinin öyrənilməsi məqsədilə cavabdehin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçının direktor olduğu məktəbdə yoxlama keçirilmişdir. Aparılan yoxlama zamanı məktəb rəhbərliyi tərəfindən təlim-tərbiyə prosesinin təşkili, rəhbərlik və nəzarət işinin, habelə müəssisənin fəaliyyətini əks etdirən digər sahələrlə bağlı ciddi qanun pozuntularına yol verildiyi aşkar edilmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı, Şəmkir şəhəri, Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilmiş və adıçəkilən yoxlama çərçivəsində qeyd olunan məktəb rəhbərliyi kimi məsuliyyəti məhz iddiaçı daşımışdır. Belə ki, daha öncələr Qazax-Tovuz Regional Təhsil İdarəsinin ##.##.2023-cü il və ##.##.2024cü il tarixli əmrləri ilə iddiaçıya əmək müqaviləsi ilə müəyyənlənləşdirilmiş vəzifələrinin icrasını layiqincə yerinə yetirmədiyi üçün AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən 2 dəfə xəbərdarlıq edilmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi “xəbərdarlıq” la bağlı qeyd etmişdir ki, əmək qanunvericiliyinə əsasən “xəbərdarlıq” intizam tənbehi sayılmasa da, işçinin peşəkarlığı, məsuliyyəti və şəxsi keyfiyyətləri baxımından müəyyən təsəvvür yaratmağa imkan verir və işəgötürən tərəfindən işçinin digər bir əməli ilə bağlı intizam tənbehi tətbiq edərkən müəyyən dəyərləndirmə aparması üçün meyarlardan biri kimi çıxış edir.
63. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən araşdırma nəticəsində sinif jurnalında adı qeyd edilmiş bəzi şagirdlərin 2024-2025ci tədris ilinin başlandığı vaxtdan bu günədək dərslərdə iştirak etmədiyi aşkar edilmiş, sinif rəhbəri şagirdlərin dərsdə olmadığı halda, fiziki göstəricilərini izləyərək onların qiymətləndirilməsini aparmış, 2024–2025-ci tədris ilinin əvvəlində 61 nəfər şagirdin iştirakı ilə İ sinif üzrə 3 sinif komplekti təşkil edilmiş, bu şagirdlərdən 6 nəfəri ümumiyyətlə tədris prosesində iştirak etməmiş, bu hal nəticə etibarı ilə faktiki olaraq 55 nəfərin təhsil aldığı müəyyən edilmiş, bu isə 3 sinif komplekti üçün kifayət etməmiş və şagird sıxlığının AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na uyğun təşkil olunmamasına səbəb olmuş, TİS sistemi ilə məktəbin sinif jurnalları arasında ciddi uyğunsuzluqlar mövcud olmuşdur. İddiaçı öz mövqeyində bu halı ##.##.2024-cü ildən ##.##.2024-cü il tarixədək seçki komissiyasının üzvü olduğu üçün işdə olmaması ilə əsaslandırsa da, iddiaçının qeyd etdiyi tarix aralığı dərs ili yekunlaşdıqdan sonrakı və yeni dərs ili başlamazdan öncəki dövrü əhatə etdiyindən və adı çəkilən pozuntular bütün il boyunca mövcud olmuşdur.
64. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki iddiaçının 2025-ci il ilin 26, 27, 29 mart və 1, 2 aprel tarixlərində heç bir üzrlü səbəb olmadan işə çıxmamasına dair tərtib edilmiş müvafiq aktlar mövcuddur. Buna qədər isə iddiaçı ##.##.2025-ci ildən ##.##.2025ci il tarixədək, ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixədək işə çıxmadığı günlərə dair əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etdiyi üçün işə çıxmadığı günlər üzrlü hesab edilmiş və o, ##.##.2025-ci il tarixdən işdə hesab edilmişdir. Lakin sonrakı qeyd edilən tarixlərdə, yəni, ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixədək gözündə yaranmış problemlə əlaqədar Azərbaycan Tibb Universiteti tədris Cərahhiyə Klinikasında ambulator müalicədə olması ilə əlaqədar Sektor müdirindən icazə almasını və həmin tarix aralığındakı xəstəlik vərəqəsini göstərsə də, məhz iş yerinə bu barədə məlumat verilməsinə dair mötəbər dəlillər mövcud olmamış, nəticədə aktlar tərtib edilmişdir ki, bu cavabdeh tərəfindən haqlı olaraq heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi kimi qiymətləndirilmişdir.
65. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.