Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-650/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı; Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. ünvan 1 ünvanında yerləşən mənzil ##.##.2021-ci il tarixindən tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur;
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh onun anasıdır. Anası Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsini alqı-satqı yolu ilə əldə etmiş, həmin mənzil onun mülkiyyətindədir. Mənzilə dair cavabdehin mülkiyyət hüququ isə ##.##.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu halda da iddiaçının həmin mənzildən istifadə hüququ yaranmışdır. Cavabdeh həmin mənzili aldıqdan sonra iddiaçı onunla birlikdə 2 (iki) il həmin mənzildə yaşamış, mənzildən istifadə etmişdir. Lakin Cavabdeh qanunsuz olaraq zor gücünə-polis vasitəsilə onu həmin mənzildən çıxarmış və hazırda ona həmin mənzildə yaşamağa imkan vermir. Yəni iddiaçı həmin mənzili könüllü tərk etməmişdir. Bu isə iddiaçının mənzildən istifadə hüquqlarını kobud şəkildə pozmaqdadır. Iddiaçının qalacaq başqa yeri yoxdur və maddi imkanı da zəifdir. Iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsindən istifadə hüququnun olmasını təsdiq edən hallardan biri də qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) *(***)-****/**** saylı iş üzrə ##.##.2024-cü il tarixli qətnaməsidir. Belə ki həmin qətnamə ilə Cavabdeh ona qarşı “mənzilə istifadə hüquqlarının itirilməsinə” dair iddia tələbi iddiaçının mübahisəli mənzildən istifadə hüququna malik olması əsası ilə rədd edilmişdir.
6. Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna 3000 manat məbləğində kompensasiya ödəməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı onun qızıdır. O, bir övlad kimi valideynini incidir, pis vərdişləri var. Dəfələrlə yaşadıqları mənzildə onun üstünə hücum çəkib, nəticədə aralarında baş vermiş çəkişmə və mübahisə ilə bağlı hüquq mühafizə orqanlarına rəsmi müraciəti belə olmuşdur. Onunla bir mənzildə, yeni bir evdə yaşaya bilmir. Mənzilin yeni evin mülkiyyətçisi özüdür. Mülkiyyətçi olmaqla bağlı ##.##.2021-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış mövcuddur. Iddiaçı artıq qərara və fikrə gəlmişdir ki, 3000 (üç min) manat kompensasiya ödəmək şərti ilə cavabdeh şəxs olan İddiaçı mübahisəli (mülkiyyətçisi olduğu) mənzildən istifadə hüququna xitam verilsin.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair *(***)****/**** nömrəli mülki iş ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair *(***)-****/**** nömrəli mülki iş eyni icraatda birləşdirilmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərardadına əsasən “xxxx” MMC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin aylıq kirayə haqqının 500 manat və bazar dəyərinin 100.000 manat olması müəyyən edilmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi, Cavabdeh cavabdeh İddiaçı qarşı 3000 (üç min) manat məbləğində kompensasiya ödəmək şərti ilə ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir (hakim Əminə Abbasova).
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları var. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olduğu halda cavabdeh tərəfindən iddiaçının sözügedən mənzildən istifadəsinə edilməsi maneə şəxsin konstitusion hüququ olan mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarır.
12. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli Qərarına istinadən hesab etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olduğundan ilkin iddia təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir.
13. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olduğu halda onun istifadə hüququna yalnız müvafiq kompensasiya ödəməklə xitam verilə bilər.
14. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına, “R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2007-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına istinadən məhkəmə qeyd etmişdir ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki əsas şərtdən biri də yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasıdır. Lakin hazırkı mülki iş üzrə İddiaçı mülkiyyətində hər hansı yaşayış sahəsi yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmadığından onun mübahisəli mənzildən istifadə hüququna yalnız ədalətli kompensasiya ödəməklə xitam verilməlidir. Lakin Cavabdeh tərəfindən təklif edilən kompensasiyanın məbləği qanunvericiliyin tələblərinə cavab vermir.
15. Belə ki, iş materiallarına əlavə edilmiş mütəxəssisin rəyinə görə həmin mənzilə oxşar mənzilin orta aylıq kirayə haqqı 500 manat təşkil edir. Kompensasiya məbləği müəyyən edildiyi zaman İddiaçı üç il müddət ərzində oxşar şəraiti olan mənzilin aylıq kirayə haqqı yəni 500 manat (500 manat x 36 ay = 18000 manat) əsas götürülməlidir.
16. Lakin mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh qeyd edilən kompensasiya məbləğini ödəməyə razı olmadığından məhkəmə hesab etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi də mümkün deyil. Odur ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ona qarşı tələbin rədd, özünün iddiasının isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin aylıq kirayə haqqına dair iş materiallarında olan mütəxəssis rəyi həqiqəti əks etdirmir. İddiaçı hazırda ailə quraraq başqa ünvanda yaşayır. Onun yaşamağa yeri vardır. Hazırki iddia yalnız kompensasiya almaq üçün qaldırılmışdır. Birinci instansiyası məhkəməsi tərəfindən tam və obyektiv araşdırma aparılmamışdır.
19. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qarşı tərəfə təklif etdiyi 3000 manat məbləğində kompensasiyanın məbləğini artıraraq 10.000 manat təklif etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Ikram Şirinov və Elşən Kazımov).
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2007-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, mülkiyyətçinin iddiası o halda təmin oluna bilər ki, mülkiyyətçinin təklif etdiyi kompensasiya İddiaçı davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. Birinci instansiya məhkəməsi hüquqa xitam verilməsi üçün 18.000 manat kompensasiya təklif edilməli olduğunu müəyyən edib və mövqeyini qətnamədə lazımı qaydada əsaslandırıb. Bu, düzgün mövqedir. Lakin mülkiyyətçi həmin məbləğdə kompensasiya təklif etmir, o, əvvəl 3.000 manat, daha sonra 10.000 manat kompensasiya təklif edib.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya təklif edilmiş kompensasiya həddində qarşılıqlı iddia tələbinin təmin edillməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
28. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Mülki Prosessual Məcəllə:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iş üzrə mütəxəssis rəyi əsasında oxşar mənzilin aylıq kirayəsinin 500 manat olduğu, 3 il üçün bunun 18.000 manat etdiyi məhkəmə tərəfindən müəyyən edilsə də, mülkiyyətçi Cavabdeh yalnız 10.000 manat ödəməyi təklif etdiyindən bu məbləğ yetərli hesab edilmir. Buna görə də məhkəmələr kompensasiya ilə xitam verilməsi tələbini rədd edərək İddiaçı mənzilə köçürülməli olduğu nəticəsinə gəlmişlər.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində əks olunan eyniməzmunlu dəlillərə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.