Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-657/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1 otağı (bundan sonra – ev) 2004cü ildən iddiaçı İddiaçı məxsusdur və onun həmin əmlak üzərində mülkiyyət hüququ 2023cü ildə dövlət reyestrində qeydə alınmışdır (cild 1, vərəq 70 və 92);
3. Cavabdeh Cavabdeh iddiaçının oğlu X2 ilə 2013-cü ildə nikaha daxil olaraq, iddiaçıya məxsus evə köçmüşdür. Sözügedən nikahdan tərəflərin 2 uşaqları - ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X3 doğulmuşdur;
4. 2024-cü ildə iddiaçının oğlu ilə cavabdeh arasındakı nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar ananın himayəsində qalmışlar.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Ilkin iddiaçı İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh evdən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onu təhqir etmiş, aralarında mübahisə və münaqişələr baş vermiş və belə vəziyyətdə eyni evdə yaşamaqları artıq mümkün olmadığından 2013-cü ilin noyabr ayında o, özünə məxsus mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Həmin vaxtdan etibarən o, öz mülkiyyətlərində olan və qeydiyyatda olduğu evdən istifadə etmək hüququndan məhrum olmuşdur. Cavabdehin sözügedən evdə yaşaması onun mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan istifadə etmək imkanını məhdudlaşdırır. Cavabdehə dəfələrlə mənzildən çıxması ilə bağlı müraciət olunmasına baxmayaraq, o, halhazırda ona məxsus mənzildə yaşayır və oradan çıxmaq niyyətində olmadığını bildirir.
7. Cavabdeh da qarşılıqlı iddia qaldıraraq, onun iki azyaşlı uşağı ilə birlikdə evdən istifadə hüqüqunun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2013-cü ildə nikaha daxil olandan bəri sözügedən evdə yaşayır. İddiaçı yaşadıqları yeri satmaq niyyətindədir. O heç vaxt keçmiş qayınanasını təhqir etməmiş və yaşadığı və qeydiyyatda olduğu evdən qovmamışdır. Yaşadığı və qeydiyyatda olduğu ünvanda onun cehizlərindən savayı İddiaçı heç bir əşyası yoxdur. Onun başqa ünvanda ayrıca və şəraitli mənzili vardır. Bundan əlavə, keçmiş qaynatasının da ayrıca mənzili var.
9. Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdehin evdən çıxarılması, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir (hakim: L.Talıbova). 10.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh mülkiyyətçinin oğlunun arvadı olmaqla Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən ondan özünün saxlanılmasını tələb etmək hüququna malik şəxs hesab edilmir. Belə olan halda, cavabdehin Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulduğu mənada iddiaçının ailə üzvü kimi evdən istifadə hüququ yaranmamışdır. Cavabdehin evdən istifadə hüququ iddiaçı ilə aralarındakı ailə münasibətlərindən yox, mülki münasibətlərdən də (məsələn, tərəflər arasında müqavilə bağlanması) yarana bilərdi. Lakin işin hallarından görünür ki, tərəflər arasında cavabdehə evdən istifadə hüququ verən hər hansı mülki hüquqi münasibətlər mövcud olmamışdır. Belə olan halda cavabdehin həmin evə dair nə ailə, nə də mülki münasibətlərdən irəli gələn heç bir istifadə hüququ yaranmamış və mövcud deyildir. Iddiaçı həmin evin mülkiyyətçisi olmaqla yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində istifadə, sahiblik və sərəncam vermək hüquqlarına malikdir. 11.Məhkəmə qarşılıqlı iddiaya ayrıca münasibət bildirməyə artıq zərurət qalmadığını qeyd etmişdir. Belə ki, artıq məhkəmə ilkin iddia üzrə cavabdehin mübahisəli mənzildən çıxarılmalı olduğu nəticəsinə gəldiyindən, onun mənzilə istifadə hüququnun tanınması halı da istisna edilir. 12.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152 və 157-ci, Mənzil Məcəlləsinin 30-cu maddələrinə, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh Cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun evdən çıxarılmasına dair nəticəyə gəlsdə də, uşaqlara dair məsələni həll etməmişdir. Uşaqları ilə birgə yaşadıqları evdən, təkcə ananın ayrılaraq çıxarılması barədə gəlinən nəticə qanunsuz və əsassız olmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: C.Musayeva - sədrlik edən və məruzəçi, F.Babayev və F.Abdıyev).
16. Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisə predmeti olan ünvan 1-da yerləşən 1 otaqlı mənzil ##.##.2004-cü il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı tərəfindən əldə edilmiş, mənzilə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdeh Cavabdeh iddiaçının oğlu X2 ilə ##.##.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan onların iki övladları - ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən X2 və X4 arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində ##.##.2013-cü il tarixdə *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və azyaşlı uşaqların anasının himayəsində qalması müəyyən edilmişdir.
17. Cavabdeh qayınanası İddiaçı məxsus olan fərdi yaşayış evinə 2013-cü ildə gəlin köçdüyü və hal-hazıradək orada yaşaması işin mübahisələndirilməyən halıdır.
18. Göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2013-cü ildə yarandığıdan və cavabdeh mübahisəli yaşayış sahəsinə köçdüyü zaman mənzil iddiaçının mülkiyyətində olduğundan işin halları qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarına əsasən dəyərləndirilməlidir.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə etmək hüququ rəsmi nikah münasibətinə daxil olması ilə yaranmış və o, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Lakin iddiaçının oğlu ilə cavabdeh arasındakı nikah münasibətlərinə xitam verilməsi ilə onların ailə münasibətlərinə xitam verilməsinə səbəb olmuşdur.
20. Məhkəmə, iddiaçının mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququnun onun rəsmi nikah münasibətlərinə girməsi ilə yarandığını və bu hüquqa həmin nikah münasibətinin pozulması ilə də xitam verildiyini, iddiaçının cavabdehin ailə üzvü artıq sayılmadığını və eyni zamanda onların arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını nəzərə alaraq hesab edir ki, cavabdeh X4 mübahisəli mənzildən istifadə etmək hüququna, hər hansı hüquqi əsası qalmadığından, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən xitam verilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (vəkil: vəkil2) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlili Konstitusiyanın 43-cü maddəsinə istinad edilməklə belə əsaslandırılmışdır ki, məhkəmələr onun 14 ildir yaşadığı mənzildən çıxmalı olmasına dair nəticəyə gələrək onu yaşadığı mənzildən qanunsuz məhrum etmişlər. Məhkəmələr bu nəticəyə gələrkən, evin kommunal xərclərinin cavabdeh tərəfindən ödənilməsini, o cümlədən, qarşı tərəfin özünün ayrıca evinin olmasını nəzərə almamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
26. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
27. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 28.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 32.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
33.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 34.Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 36.Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mənzil qanunvericiliyinə görə cavabdehin iddiaçıya məxsus olan yaşayış sahəsindən istifadə etmək hüququ aşkar edilmir. Belə olan halda cavabdehin mübahisəli sahədə yaşaması iddiaçının mülkiyyətinə qanunsuz müdaxilə təşkil edir. 37.Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 38.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Cavabdehin şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə bağlıdır ki, bu da kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.