Məhkəmə qərarları › İş №2(1-8)-682/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-682/2026

13.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-682/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz hərəkətlərə son qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq müəyyən etmişlər ki, iddiaçı Lənkəran rayonu Şıxəkəran kəndində yaşayır. Həmin kəndin ərazisindən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə 0.23 hektar torpaq sahəsi verilmişdir. 0.23 hektar torpaq sahəsi hazırda iddiaçı və onun ailə üzvlərinin, qeyd olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə iddiaçının özünün xüsusi mülkiyyətindədir. Qeyd olunan daşınmaz əmlaklara dair iddiaçı və onun ailə üzvlərinin adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Iddiaçı hazırki mübahisəli məsələ ilə bağlı ayrı-ayrı vaxtlarda müxtəlif orqanlara müraciət etmiş, həmin müddətlərdə adı çəkilən orqanlar tərəfindən mübahisəli məsələnin həllinə təşəbbüs göstərilmiş, son nəticədə isə iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı məhkəməyə müraciət edərək, yaşadığı evin həyətinə qonşu həyətdən hasarın altından çəkilmiş su ötürücü borunun cavabdehlərin hesabına çıxarılması, 2021-ci ildə Lənkəran şəhər Icra Hakimiyyəti tərəfindən qrunt və çirkab sularının axıdılması üçün qazdırılmış su ötürücü kanalın açılması, həmin kanalın su ötürücü qabiliyyətinin cavabdehlər tərəfindən bərpa edilməsi, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və 101 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonunun Şıxəkəran kəndində qeydiyyatda olmaqla orada ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev onun mülkiyyətində, evin yerləşdiyi torpaq sahəsi isə onun, X1, nümayəndə2, X2 ümumi mülkiyyətindədir. Həmin torpaq sahəsi onlara Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə həyətyanı torpaq sahəsi kimi verilmişdir. Qeyd edilən torpaq sahəsi 0.23 hektar rəsmiləşdirilsə də, faktiki olaraq 0.29 hektardan ibarət olmuş, həmin vaxtdan da 0.29 hektar torpaq sahəsi faktiki olaraq onların istifadəsindədir. Qonşuluqda yerləşən bütün torpaq sahələrinin də mülkiyyətçiləri vardır. Keçmiş dövrdən faktiki olaraq istifadədə olan, 1998-ci ildə isə rəsmiləşdirilmiş 0.06 hektar torpaq sahəsinə münasibətdə digər qonşu torpaq sahələri mülkiyyətçilərinin hazırki vaxtadək heç bir iddia və tələbləri olmamış, hazırda da yoxdur. Qeyd olunan torpaq sahəsinin və evin onların mülkiyyətində olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi Idarəsi tərəfindən ##.##.2022ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da verilmişdir. Onun 5 övladı vardır və ərinin vəfatından sonra iki otaqlı köhnə evini sökərək övladları üçün yeni ev inşa etdirmişdir. Onların evinin arxa hissəsindəki küçənin qərb tərəfində 15-16 il bundan əvvəl Mövsüm kişi adlı ağsaqqal yaşamışdır. Mövsüm kişi onlar evdə olmadığı zaman həyətyanı sahəni daşla əhatəyə aldığı zaman küçə kənarındakı xəndəyi içəri salmaqla, yerin altından öz həyətindən onların həyətinə dəmir boru çəkmiş və bu barədə sonradan ona dediyi üçün o da ağsaqqala heç bir söz deməmişdir. Təxminən 5-6 il olar ki, həmin şəxs vəfat etmişdir. Zaman keçdikcə onun həyəti yağış və çirkab sularla dolmağa başlamışdır. Onun həyətindəki boruya başqa kimlər tərəfindən əlavə boru qoşulması barədə məlumatı yoxdur. 2021-ci ilin mart ayında çirkab sularının həyətinə gəlməməsi üçün həyətdə çəkilmiş borunun çıxarılması barədə Lənkəran Şəhər Icra Hakimiyyətinə rəsmi müraciəti olmuş, ərizəsi əsasında yerində yoxlama aparılmış və müraciətinin doğru olduğu müəyyən edilmişdir. Həmin gün köhnə xəndək yenidən qazılmışdır. Güclü yağış olduğundan həyətinə salınmış borunun çıxarılması cavabdeh1 tapşırılmışdır. Həmin gündən sonra mütəmadi olaraq cavabdeh1 və cavabdeh2 tərəfindən tanımadığı adamlar və bir neçə polis əməkdaşı onun həyətinə gətirilir, çirkab sularının çaya yox, həyətinə axıdılmalı olduğu bildirilir və bu barədə fikirlərində israr edirlər. Qeyd olunan su ötürücü kanal 2021-ci ildə çəkilmiş və bir neçə ay bundan əvvələdək çirkab sularının ümumi su ötürücü kanala axıdılması təmin edilməklə, onun həyətinə axmasının qarşısı qismən alınmışdır. Lakin cavabdeh1 və cavabdeh2 həmin çirkab sularının onun həyətinə axıdılması üçün qazılmış kanalın üstünü yenidən torpaqla örtmüş və bundan sonra hasarın altından həyətə keçən boru vasitəsilə qrunt sularının onların həyətinə axıdılması davam edir. cavabdeh1 və cavabdeh2 qeyri-qanuni hərəkətlərini hazırda da davam etdirirlər. Hətta 2023cü ilin yay aylarında onu polis şöbəsinə aparmaq istəsələr də ora getməmiş, etibarnamə üzrə nümayəndəsi olan qohumu X3 onlarla göndərmişdir. Polis şöbəsində nümayəndəsinə çirkab suların həyətinə axıdılmasına razılıq verilməsi barədə ərizə yazılması tələb edilmiş, nümayəndəsi isə həmin məzmunlu razılıq ərizəsini yazmaqdan imtina etdiyindən cavabdehlər öz istəklərinə nail ola bilməmişlər. Bundan sonra cavabdehlər yenə də öz qanunsuz hərəkətlərini mütəmadi olaraq davam etdirmişlər. Cavabdehlər öz qanunsuz tələblərinin yerinə yetirilmədiyini görüb 2025-ci ilin mart ayında icra hakimiyyəti tərəfindən çəkilmiş su ötrücü kanalın su ötürücü hissəsinə boru basdırmışlar. Axar sular çaya deyil, yenə də onun həyətinə tökülməkdədir. Mövsüm kişinin oğlu hazırda Rusiya Federasiyasındadır və orada bizneslə məşğul olur, son vaxtlar məlum olmuşdur ki, o da həmin borunun çıxarılmamasında maraqlıdır. Cavabdehlərin etdikləri qanunsuz hərəkətlərinə son qoyulmasını tələb etsə də, onlar bu hərəkətlərinə son qoymadıqlarından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 məhkəməyə ərizə göndərərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad edib iddia tələbində dəqiqləşmə apararaq iddia ərizəsində cavabdeh kimi qeyd edilən cavabdeh2 qarşı iddiaçının iddia tələbinin olmadığını, iddia tələbinin qalan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh cavabdeh1 iddiaçının iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçıya qarşı hər hansı qanunsuz hərəkətə yol verməmiş və hazırki tələbdə qeyd edilən su ötürücü borunun çəkilməsi ilə heç bir əlaqəsi yoxdur. Iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan cəmi 0.29 hektar torpaq sahəsinin zəbt olunmuş hissəsinin girişində su ötürücü boru vardır və həmin borudan su ötürücü kanal keçir. Qeyd olunan boru və kanal torpaq islahatından da əvvəl mövcud olmaqla, qrunt və çirkab suların axıdılması üçün nəzərdə tutulmuşdur. Iddiaçının özünün qeyd etdiyi kimi, həmin boru onun mərhum qonşusu olmuş Mövsüm adlı şəxs tərəfindən çəkilmiş, onun vəfatından sonra iddiaçı həmin su ötürücü borunun maneə törətdiyini deyərək özü həmin borunun qarşısını bağlamış və bundan sonra yenə də aidiyyəti qrumlara şikayətlər etmişdir. Qeyd olunan boru və kanalla bağlı Lənkəran şəhər Icra Hakimiyyəti tərəfindən 2021-ci ildə və sonrakı illərdə hər hansı sərəncam verilməmişdir. Icra hakimiyyətinin nümayəndələri tərəfindən əraziyə baxış keçirilmiş və alternativ kanal qazılmış, bu kanal ümumi istifadədə olan yoldan keçdiyindən kanala plastik borular döşənmiş və yoldan istifadəyə maneə yaranmaması üçün üstü torpaqla örtülmüşdür. Lakin həmin kanal suyun təbii axarının əksi istiqamətində olduğu üçün qrunt və çirkab sularının axıdılmasını tam təmin etməmişdir. Qeyd edilən borudan qrunt və çirkab sularının axıdılması üçün nəzərdə tutulan həmin boruların qarşısı açıq olmaqla, nə onun özü, nə də başqa şəxs tərəfindən bağlanmamışdır. O, hazırki mübahisə ilə əlaqədar iddiaçının həyətinə tək getməmiş, bələdiyyənin nümayəndəsi kimi icra başçısının tapşırığına əsasən, icra hakimiyyətinin nümayəndəsi və rayon polis şöbəsinin rəis müavini, həmçinin, kənd icra nümayəndəsi cavabdeh2 ilə birlikdə getmişdir. Onlar getdiyi vaxt iddiaçı hər hansı maneə törətməmiş, lakin hava yağıntılı olduğundan borunun istiqamətinin dəyişdirilməsi başqa vaxta saxlanılmışdır. Lakin qeyd olunan tələblə bağlı onun fiziki şəxs olaraq iddiaçı ilə heç bir müahisəli məsələsi olmamış, o, hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Qeyd olunan borunun, həmçinin, su ötürücü kanalın ona hər hansı aidiyyəti yoxdur. Ona görə də iddiaçının ona qarşı olan hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Birinci instansiyası məhkəməsi tərəfindən Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşən, ##.##.2023-cü il tarixli ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı və digər şəxslərin ümumi birgə mülkiyyətində olan 0.23 hektar həyətyanı torpaq sahəsi və faktiki istifadədə olan (zəbt) 0.06 hektar torpaq sahəsinin mövcud vəziyyəti ilə bağlı mütəxəssis arayışı verilməsi üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edilmişdir. Həmin orqan tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis arayışı (rəyi) ilə müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa və ##.##.2022-ci il tarixli 802013130042-***** reyestr nömrəli Texniki Pasporta (##.##.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən iddiaçının və qeyrilərinin ümumi birgə mülkiyyətində olan, Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşən 0.23 hektar və həmin Texniki Pasporta əsasən iddiaçının və qeyrilərinin istifadəsində (zəbt torpaq sahəsi) olan, bələdiyyə mülkiyyətinə aid 0.06 hektar- ümumilikdə 0.29 hektar torpaq sahəsinin texniki pasport sənədi üzrə koordinatları ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin koordinatlarının tam həcmdə üst-üstə düşməməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir).

7. Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Kamran Süleymanov).

8. Birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və iddiaçının izahatları əsasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətə dəmir boru hazırki iş üzrə cavabdeh tərəfindən və ya onun göstərişi ilə deyil, iddiaçının keçmiş qonşusu olmuş və bir neçə il əvvəl vəfat etmiş şəxs tərəfindən çəkilmiş və o zaman iddiaçı da buna etiraz bildirməmişdir. Qeyd olunan boru və kanal torpaq islahatından əvvəl də mövcud olmaqla, qrunt və çirkab suların axıdılması üçün nəzərdə tutulmuşdur. Həmin boru uzun illər əvvəl iddiaçının qonşusu olmuş Mövsüm adlı şəxs tərəfindən çəkilmişdir. Belə olan halda, iddiaçının özünün mülkiyyətində olan və yaşadığı evin həyətinə qonşu həyətdən hasarın altından çəkilmiş su ötürücü borunun cavabdehin hesabına çıxarılmasını hansı hüquqi əsasla tələb etməsi bəlli deyildir. Eyni zamanda, Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşən, mübahisə predmetinə aid torpaq sahəsinə mütəxəssis tərəfindən yerində müayinə zamanı iddiaçının və ailə üzvlərinin sənəd üzrə istifadəsində olan 0.23 hektar və faktiki istifadəsində (zəbt torpaq sahəsi) olan, bələdiyyə mülkiyyətinə aid 0.06 hektar ümumilikdə 0.29 hektar torpaq sahəsində faktiki vəziyyətdə su ötürücü borunun mövcud olmaması, su ötürücü kanal kimi mübahisələndirilən 0,0017 hektar torpaq sahəsinin 802013130042-***** reyestr nömrəli Texniki Pasporta əsasən iddiaçının və qeyrilərinin istifadəsində (zəbt torpaq sahəsi) olan, bələdiyyə mülkiyyətindəki 0.06 hektar torpaq sahəsinə aid olması müəyyən olunmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən quraşdırılmış hər hansı su ötürücü borunun mövcud olması faktı sübuta yetirilmədiyindən, iddiaçının faktiki istifadəsində (zəbt torpaq sahəsi) olan zəbt torpaq sahəsinin girişində, ümumi istifadədə olan yolun altından çəkilmiş su ötürücü borunun iddiaçının mərhum qonşusu tərəfindən çəkilməklə, hazırki iş üzrə cavabdehə hər hansı aidiyyəti olmadığından iddia tələbinin Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyətində olan və yaşadığı evin həyətinə qonşu həyətdən hasarın altından çəkilmiş su ötürücü borunun cavabdehin hesabına çıxarılması tələbinə dair hissəsi təmin edilməməlidir.

10. Iddiaçı iddia tələbinin digər hissəsində 2021-ci ildə Lənkəran şəhər Icra Hakimiyyəti tərəfindən qrunt və çirkab sularının axıdılması üçün qazdırılmış su ötürücü kanalın açılmasını, həmin kanalın su ötürücü qabiliyyətinin cavabdeh tərəfindən bərpa edilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən hər hansı su ötürücü kanal bağlanmamışdır. Qeyd olunan kanal qrunt sularının axıdılmasının asanlaşdırılması məqsədi ilə qazılmış, ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə maneə olmaması üçün həmin kanala borular döşənmiş və üstü torpaqla örtülmüşdür. Bu kanalın qazılması və boruların döşənməsi iddiaçının hüquq və mənafelərinə toxunmamaqla yanaşı, eyni zamanda, fiziki şəxs olaraq cavabdeh tərəfindən də yerinə yetirilməmişdir. Eyni zamanda, qeyd olunan boru və kanalla bağlı Lənkəran şəhər Icra Hakimiyyəti tərəfindən 2021-ci ildə və sonrakı illərdə hər hansı sərəncam verilmiş olması müəyyən edilməmişdir.

11. Qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçı öz iddia tələbinin digər hissəsinə münasibətdə özünün mülkiyyətində və ya qanuni istifadəsində olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə bağlı, həmin torpaq sahəsində yerləşən su ötürücü kanal ilə bağlı tələb irəli sürməklə, həmin iddia, tələb hüququ olmayan şəxs tərəfindən verilmiş iddia hesab edilir. Bundan əlavə, cavabdeh tərəfindən hər hansı su ötürücü kanal bağlanmadığından həmin şəxs su ötürücü kanalın açılmasına görə də hər hansı məsuliyyət daşımır.

12. Məhkəmə araşdırdığı faktlara məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymət verərək hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbinin 2021-ci ildə Lənkəran şəhər Icra Hakimiyyəti tərəfindən qrunt və çirkab sularının axıdılması üçün qazdırılmış su ötürücü kanalın açılması, həmin kanalın su ötürücü qabiliyyətinin cavabdeh tərəfindən bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına dair hissəsi də təmin edilməməlidir.

13. Iddiaçı öz iddia tələbində cavabdeh tərəfindən qanunsuz hərəkətlərin bu gün də davam etdiyini iddia etsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verildiyi aşkar edilməmiş, iddiaçının bununla bağlı dəlilləri öz təsdiqini tapmamışdır.

14. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddia tələbinin cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına dair hissəsi də təmin edilməməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 54.1, 54.2, 77.1, 78.1, 119-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsaslandırıcı hissəsində qeyd edildiyi kimi dəmir borunun yerləşdiyi hissə bələdiyyənin mülkiyyətində olmaqla faktiki olaraq 30 ildən çox olan bir müddətdə onun istifadəsindədir. Həmin borunun yerləşdiyi yerin mütəxəsis rəyi ilə də hazırda bələdiyyə mülkiyyətində olması faktı öz əksini tapmasına baxmayaraq hazırki iddia tələbinə cavab verməli olan şəxsin bələdiyyənin olmaması qənaətinə gəlməsi tamamilə əsassızdır. Belə ki, həmin borunun kim tərəfindən və hansı şəraitdə qoyulmasının heç bir önəmi olmadan hazırki vəziyyətdə həmin borunun yerləşdiyi yer bələdiyyənin mülkiyyətində olduğundan və mülkiyyətçi kimi də həmin hissədə bələdiyyə məsuliyyət daşımasına baxmayaraq məhkəmə həmin halları nəzərə almamışdır. Eləcə də, Lənkəran şəhər icra hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş göstərişlərin həmin borunun çıxarılması və boru ilə axıdılan çirkab və qrunt sularının onun mülkiyyətində olan həyətyanı sahəyə axıdılmasının qarşısının alınması barədə rəsmi göstərişlərini də mülkiyyətində olan həyətyanı sahəyə axıdılmasının qarşısının alınması barədə rəsmi göstərişlərini də nəzərə almamışdır. Eyni zamanda, məhkəmə Lənkəran Regional Idarəsinin ona vermiş olduğu cavab məktubunda həmin mübahisəli məsələnin bələdiyyənin ##.##.2022-ci il tarixli iclasında müzakirə olunmaqla müvafiq işlərin aparılmasına başlanılması barədə qərar qəbul edilməsi və həmin vaxtdan 3 ildən artıq vaxt keçməsinə baxmayaraq hazırki vaxta kimi heç bir tədbir görülməməsi hallarının birbaşa cavabdehin qanunsuz əməli olması hallarını da nəzərə almamışdır. Halbuki, məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq araşdırmış olsaydı iddia tələbinin qanuni və əsasslı olması nəticəsinə gəlməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul etmiş olardı.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Aytən Novruzova – məruzəçi və sədrlik edən, Mahir Əsədli və Tofiq Heydərov) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmənin gəldiyi nəticənin dayağı kimi çıxış edən əsas sübut mütəxəssis rəyi apellyasiya şikayəti ilə ziddiyyət təşkil edir. Rəydə müəyyən edilir ki, iddiaçının və digər şəxslərin ümumi birgə mülkiyyətində olan 0,23 ha sənədli sahə ilə iddiaçının faktiki istifadə etdiyi (zəbt) 0,06 ha sahə daxil olmaqla ümumilikdə 0,29 ha torpaq sahəsinin faktiki vəziyyətində “su ötürücü boru”nun mövcudluğu aşkar edilməmişdir. Bundan əlavə, mübahisələndirilən borunun yerləşdiyi yer iddiaçının faktiki istifadə sərhədlərindən kənarda, yolun (küçənin) asfalt örtüyünün altında, bələdiyyə mülkiyyətinə aid sahədə müəyyən olunmuşdur. Habelə, “su ötürücü kanal” kimi təqdim edilən hissə üzrə faktiki vəziyyətdə kanalın mövcud olmaması, kanal kimi mübahisələndirilən 0,0017 ha sahənin texniki pasporta əsasən iddiaçının və qeyrilərinin istifadəsində olan (zəbt) 0,06 ha sahəyə aid olması göstərilmişdir. Bu nəticələr birbaşa onu göstərir ki, iddiaçı tərəfindən iddia predmeti kimi göstərilən obyektlər (boru və “kanal”) ya iddiaçının mülkiyyətində olan sahədə mövcud deyil, ya da iddiaçının təqdim etdiyi formada və lokasiyada deyil. Belə olan halda, iddiaçının “boru hasarın altından həyətə keçir, kanal bağlanıb, su qəsdən həyətə axıdılır” kimi iddialarının sübut bazası zəifləyir və birinci instansiya məhkəməsinin “iddiaçının dəlilləri təsdiqini tapmayıb” nəticəsi məhz obyektiv sübutla əsaslanır.

20. Iddiaçı tələblərini əsaslandırmaq üçün cavabdehin konkret hərəkətini (borunu basdırmaq, kanalı bağlamaq, suları məqsədli şəkildə yönləndirmək və s.) və həmin hərəkətin hüquqa zidliyini, həmçinin bu hərəkətlə iddiaçının hüququna müdaxilə arasında səbəb-nəticə əlaqəsini sübuta yetirməli idi. Lakin iş materiallarından göründüyü kimi iddiaçı bu elementləri sübuta yetirən etibarlı sübut təqdim edə bilməmişdir. Əksinə, iddiaçının öz izahatları belə, mübahisəli borunun ilkin olaraq cavabdeh tərəfindən deyil, Mövsüm adlı əvvəlki qonşu tərəfindən çəkildiyini, iddiaçının həmin dövrdə buna etiraz etmədiyini təsdiqləyir (apellyasiya şikayətində:” 5-16 il bundan əvvəl bizim evin arxa hissəsindəki küçənin qərb tərəfində Mövsüm kişi adlı ağsaqqal yaşayırdı. Təxminən 5-6 il olar ki, vəfat etmişdir. Biz evdə olmadığımız zaman Mövsüm kişi həyətyanı sahəsini daşla götürdüyü zaman küçə qrağındakı xəndəyi içəri salmaqla yerin altından öz həyətindən bizim həyətə dəmir boru çəkmişdir. Mən evə gələndə mənə bildirdi və mən dəağsaqqala heç bir söz demək iqtidarında olmadım”.)

21. Bu hal hüquqi baxımdan həlledici əhəmiyyət daşıyır: cavabdehin öz iradəsi ilə etmədiyi, onun göstərişi ilə icra olunmadığı və tarixi baxımdan əvvəlki dövrdə formalaşmış bir vəziyyətin nəticələrini mülki məsuliyyət qaydasında cavabdehin üzərinə qoymaq üçün cavabdehin həmin vəziyyətə sonradan müdaxiləsi, onu dəyişdirməsi və ya hüquqa zidd nəticəni davam etdirməsi də sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı belə müdaxilə faktı da aşkar edilməmişdir.

22. Mülkiyyətçi subyekt bələdiyyədirsə, bu, avtomatik olaraq fiziki şəxs olan cavabdehin həmin əraziyə dair mülkiyyətçi kimi məsuliyyət daşıması anlamına gəlmir. Məhkəmə cavabdeh qismində prosesə cəlb edilmiş subyektin hüquq və vəzifələrinə, onun konkret hərəkətinə və həmin hərəkətin hüquqi nəticələrinə qiymət verir. Bələdiyyəyə aid torpaqda yerləşən bir kommunikasiyanın mövcudluğu, onun çıxarılması, yenidən qurulması və ya istismarı ilə bağlı tələb irəli sürülürsə, bu tələbin düzgün cavabdehə yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi də məhz bunu əsas götürərək göstərmişdir ki, iddiaçı faktiki olaraq bələdiyyə mülkiyyətinə aid sahə ilə bağlı, həmin sahədə yerləşən obyektlər üzrə tələb irəli sürür, lakin tələbi fiziki şəxsə yönəldir və cavabdehin həmin obyektlərə aidiyyətini sübuta yetirmir.

23. Bu kontekstdə birinci instansiyanın MPM-in 54-cü maddələrinə istinad etməsi tam əsaslıdır. Iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmənin tərəflərin əvəz edilməsi mexanizmini tətbiq etməsi mümkün olsa da, bu mexanizm iddiaçının mövqeyi və prosesin mərhələsi nəzərə alınmaqla həyata keçirilir, iddiaçı razı olmadıqda isə məhkəmə irəli sürülmüş tələblər üzrə baxır. Bu işdə iddiaçının nümayəndəsi hətta bir cavabdehə (cavabdeh2) qarşı tələb olmadığını bildirərək iddianı dəqiqləşdirmiş, nəticədə mübahisə faktiki olaraq cavabdeh1 üzərində cəmlənmişdir. Lakin tələbin predmetinə uyğun olaraq cavabdehin düzgün seçilməsi və həmin şəxsin məsuliyyətini doğuran hüquqi əsasların göstərilməsi yenə də iddiaçı tərəfin üzərində qalmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq bu qüsuru aradan qaldıra bilməyən iddianı təmin etməmişdir.

24. Apellyasiya şikayətində Lənkəran şəhər Icra Hakimiyyəti tərəfindən “göstərişlər” verildiyi, bələdiyyənin ##.##.2022-ci il iclasında müzakirə aparıldığı və üç ildən artıq müddətdə tədbir görülmədiyi vurğulanır. Bu arqumentlər iki səbəbə görə birinci instansiya qətnaməsinin ləğvini əsaslandırmır. Birincisi, yazışmalar və müzakirə faktı mübahisənin mövcudluğunu göstərsə də, cavabdeh fiziki şəxsin hüquqa zidd hərəkətini və ya onun üzərinə düşən konkret öhdəliyin pozulmasını sübut etmir. Ikincisi, əgər söhbət bələdiyyənin mülkiyyətində olan sahədə yerləşən infrastrukturun tənzimlənməsindən gedirsə, bələdiyyənin fəaliyyətsizliyi və ya iclas qərarının icra edilməməsi iddiası, mahiyyət etibarilə, bələdiyyənin inzibati-səlahiyyət müstəvisində davranışına aiddir və bu halda iddianın predmeti və cavabdehi də uyğun seçilməlidir. Fiziki şəxsə qarşı “bələdiyyə iclasında qərar çıxarılıb, tədbir görülməyib” məzmunlu iddia ilə məsuliyyət yükləmək hüquqi konstruksiya kimi qüsurludur. Birinci instansiya məhkəməsi də bunu nəzərə alaraq iddiaçının “hüquqi maraq” və “tələb hüququ” aspektində mövqeyini əsaslı saymamışdır.

25. Şikayətdə “borunun kim tərəfindən qoyulmasının önəmi yoxdur, çünki indi bələdiyyə mülkiyyətindədir” tezisi də eyni nöqsanı daşıyır. Borunun ilkin olaraq kim tərəfindən çəkilməsi faktı, cavabdeh fiziki şəxsə məsuliyyət yüklənməsi baxımından məhz önəmlidir. Çünki iddia tələbi “cavabdehin hesabına boru çıxarılsın” formasında irəli sürülüb. Mülki hüquqi məsuliyyətin elementləri baxımından “hesabına çıxarma” tələb etmək üçün cavabdehin həmin boru ilə bağlı hərəkətinin (quraşdırma, sonradan dəyişdirmə, qanunsuz istismar, hüquqa zidd nəticəni davam etdirmə və s.) sübuta yetirilməsi zəruridir. Borunun indi bələdiyyə mülkiyyətində olan sahədə olması” sadəcə coğrafi-hüquqi rejimi göstərir, lakin cavabdehin bu obyektin mövcudluğuna görə şəxsi məsuliyyət daşımasını avtomatik yaratmır. Əgər iddiaçı bu obyektin çıxarılmasını məhz bələdiyyə mülkiyyətinə əsasən tələb edirsə, o zaman tələb birbaşa bələdiyyəyə və ya səlahiyyətli orqana yönəldilməli, mübahisənin hüquqi çərçivəsi düzgün seçilməlidir.

26. Birinci instansiya məhkəməsi su ötürücü kanal barədə də əsaslı nəticəyə gəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iddiaçının “kanalın üstünü cavabdeh torpaqla örtüb” iddiası sübuta yetmir. Hətta məhkəmə tərəfindən qeyd olunduğu kimi, həmin ərazidə qrunt sularının axıdılmasını asanlaşdırmaq məqsədilə qazılmış hissə ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə maneə yaratmamaq üçün borularla təmin edilib üstü torpaqla örtülmüşdür. Bu, öz özlüyündə “kanalın qanunsuz bağlanması” demək deyil; əksinə, yolun istifadəsini təmin edən texniki həll kimi qiymətləndirilir. Üstəlik, bu işin cavabdeh fiziki şəxs tərəfindən icra edildiyini təsdiqləyən sübut da yoxdur. Şikayətdə “2025ci ilin martında boru basdırıblar” kimi ifadələr yer alsa da, bu iddianı təsdiqləyən obyektiv sübutlar (məsələn, baxış aktı, foto-video materialın proses qaydasında təqdimatı, müvafiq qurumun yerində yoxlama aktı, ekspertiza nəticəsi və s.) iş materiallarında bu formada möhkəmləndirilməyib. Məhkəmə də haqlı olaraq ehtimala əsaslanıb məsuliyyət yükləyə bilməzdi.

27. Şikayətdə “evimizin həyətinə sular axıdılır, polis gəlir, qorxu-təhdid var” kimi iddialar geniş təsvir edilsə də, mülki prosesin predmeti üçün əsas məsələ cavabdehin konkret hüquqa zidd əməli və həmin əməl nəticəsində iddiaçının mülki hüququna müdaxilənin sübuta yetirilməsidir. Subyektiv hisslər, sosial gərginlik, qonşuluq mübahisələri və prosesdənkənar ehtimallar hüquqi əsaslandırmanı əvəz etmir. Birinci instansiya məhkəməsi də dəlillərin hüquqi əhəmiyyətini düzgün ayırd etmiş, “qanunsuz hərəkətlərə son qoyulsun” tələbini sübut olunmayan, konkretləşdirilməyən və cavabdehlə səbəb-nəticə əlaqəsi qurulmayan iddia kimi qiymətləndirməklə rədd etmişdir.

28. Iddiaçı tərəfin “faktiki istifadə müddəti 30 ildən çoxdur, deməli məsuliyyət var” kimi yanaşması da qətnamənin ləğvini şərtləndirmir. Faktiki istifadə müddəti iddiaçının torpağın bir hissəsindən faktiki istifadə etdiyini göstərə bilər, lakin bu işdə mübahisə “zəbt sahəsinin legitimliyi” deyil, “konkret borunun cavabdehin hesabına çıxarılması və kanalın açılması” tələbləridir. Məhkəmə isə müəyyən edib ki, boru iddiaçının faktiki istifadə sahəsində mövcud deyil və boru asfalt altındadır. Bu faktiki vəziyyət qarşısında “mən oradan uzun müddətdir istifadə edirəm” arqumenti predmetlə birbaşa əlaqəli hüquqi nəticə yaratmır.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.4, 157.8, 164.1, 165.1ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

30. Iddiaçı (nümayəndəsi və vəkili nümayəndə1) kasasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq işin faktiki halları təkrar göstərilməklə apellyasiya instansiyası məhkəməsi məhkəməsi tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma aparılmadığı və Mülki Məcəllənin 152.1, Mülki Prosessual Məcəlləsi 9, 76.1, 76.2, 77.1, 88-ci maddələrinin tələblərinin pozulduğu qeyd edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

33. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

34. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmələr belə nəticəyə gəlmişlər ki, cavabdehin iddiaçıya qarşı qeyri-hüquqi əməl törətmiş olması sübuta yetirilmədiyindən, onun iddiaçı qarşısında öhdəlik daşıması müəyyən edilməmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə, bələdiyyəyə aid torpaqda yerləşən bir kommunikasiyanın mövcudluğu, onun çıxarılması, yenidən qurulması və ya istismarı ilə bağlı tələb irəli sürülürsə, bu tələbin düzgün cavabdehə yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi də məhz bunu əsas götürərək göstərmişdir ki, iddiaçı faktiki olaraq bələdiyyə mülkiyyətinə aid sahə ilə bağlı, həmin sahədə yerləşən obyektlər üzrə tələb irəli sürür, lakin tələbi fiziki şəxsə yönəldir və cavabdehin həmin obyektlərə aidiyyətini sübuta yetirmir. Bundan başqa, mülki hüquqi məsuliyyətin elementləri baxımından “hesabına çıxarma” tələb etmək üçün cavabdehin həmin boru ilə bağlı hərəkətinin (quraşdırma, sonradan dəyişdirmə, qanunsuz istismar, hüquqa zidd nəticəni davam etdirmə və s.) sübuta yetirilməsi zəruridir. Borunun indi bələdiyyə mülkiyyətində olan sahədə olması” sadəcə coğrafi-hüquqi rejimi göstərir, lakin cavabdehin bu obyektin mövcudluğuna görə şəxsi məsuliyyət daşımasını avtomatik yaratmır. Əgər iddiaçı bu obyektin çıxarılmasını məhz bələdiyyə mülkiyyətinə əsasən tələb edirsə, o zaman tələb birbaşa bələdiyyəyə və ya səlahiyyətli orqana yönəldilməli, mübahisənin hüquqi çərçivəsi düzgün seçilməlidir.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

45. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar