Məhkəmə qərarları › İş №2(1-8)-683/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-683/2026

21.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-683/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Imişli rayonunun Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Imişli rayon AIK-nın ##.##.2001-ci il tarixli ** saylı qərarı ilə X2, İddiaçı, X6, X3 və X1 ümumi mülkiyyətinə verilmişdir.

2. ##.##.2015-ci il tarixli sadə yazılı müqavilə əsasında Imişli rayonu Qızılkənd kəndində yerləşən 2,23 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh 3000 manata satılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh iddia qaldıraraq mülkiyyətində olan Imişli rayonu Qızılkənd kəndində yerləşən A ****** nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B ****** nömrəli planda yeri göstərilmiş 1,4127 ha, A ****** nömrəli planda yeri göstərilmiş 1,0972 ha və A ****** nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən qarşı tərəfin çıxarılması və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulmasını xahiş etmişdir.

4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Imişli rayonu Qızılkənd kəndində yaşayır. Islahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə Imişli rayonu Qızılkənd kəndi ərazisində A ****** nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B ****** nömrəli planda yeri göstərilmiş 1,4127 ha, A ****** nömrəli planda yeri göstərilmiş 1,0972 ha və A ****** nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri verilmiş və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. A ****** nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 2015-ci ildə atası X4 tərəfindən 3000 manata Cavabdeh müvəqqəti istifadəsinə verilmiş və ərazisində kənd təsərrüfatı məhsulları yetişdirilərək indiyədək istifadə olunmuşdur. Cavabdeh həmin torpaq sahəsini qaytarmaqdan imtina etmiş və ona məxsus olan A ****** nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B ****** nömrəli planda yeri göstərilmiş 1,4127 ha və A ****** nömrəli planda yeri göstərilmiş 1,0972 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini də zəbt edərək özününküləşdirmişdir. Ona görə də, mülkiyyətdə olan Imişli rayonu Qızılkənd kəndində yerləşən A ****** nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B ****** nömrəli planda yeri göstərilmiş 1,4127 ha, A ****** nömrəli planda yeri göstərilmiş 1,0972 ha və A ****** nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən qarşı tərəfin çıxarılması və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması barədə iddia qaldırmışdır. A ****** nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin (reyestr nömrəsi: 907013057421) hal-hazırda real bazar dəyəri 18000 manat və illik icarə haqqı 2500 manat məbləğ təşkil edir. Cavabdeh torpağın yeddi illlik icarə haqqını və yaxud istifadə etdiyi müddətdə əldə etdiyi qazancı verəcəyi halda həmin torpaq sahəsini boşaltmağa etiraz etmir.

5. Cavabdeh İddiaçı qarşı iddia qaldıraraq A ****** nömrəli planda yeri göstərilmiş Imişli rayonu Qızılkənd kəndində yerləşən cəmi 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən 3000 manat məbləğində maddi vəsaitin hazırkı bazar qiymətləri ilə ölçülən 18000 manat dəyərində ekvivalenti və 141,61 manat dövlət rüsumu alınıb onların xeyrinə ödənilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvlərinin mülkiyyətində olan JN **** saylı Dövlət aktına əsasən *** saylı planda (A ****** nömrəli) yeri göstərilmiş Imişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini payçılar- X2, İddiaçı, X6, X3 və X1 ilə bağladığı ##.##.2015-ci il tarixli müqavilə əsasında cəmi 3000 manat ödəməklə əldə etmişdir. X2 ailə üzvlərinə məxsus olan torpaq sahəsini yaşayış yerindən uzaqda olduğuna görə satmış və həmin pula evinin yaxınlığında yerləşən başqa torpaq sahəsi almışdır. Müqavilə Qızılkənd bələdiyyəsinin möhürü ilə təsdiq olunmuş və Dövlət aktının əsli ona verilmişdir. Torpaq sahəsindən indiyədək təyinatına uyğun şəkildə istifadə etmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırmışdır. Imişli rayonu Qızılkənd kəndində yerləşən A ****** nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B ****** nömrəli planda yeri göstərilmiş 1,4127 ha, A ****** nömrəli planda yeri göstərilmiş 1,0972 ha torpaq sahələri X5 tərəfindən eyni qaydada əldə edilmiş və ona məxsus olan ərazilərlə dəyişdirilmişdir. A ****** nömrəli planda yeri göstərilmiş Imişli rayonu Qızılkənd kəndində yerləşən cəmi 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin hazırkı real bazar dəyəri 18000 manat təşkil edir.

7. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli UNI/F **-**/**** saylı Ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan A ****** nömrəli planda yeri göstərilmiş Imişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin (reyestr nömrəsi: 907013057421) ##.##.2024-cü il tarixinə bazar qiyməti 18000 manat təşkil edir.

8. Imişli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) Imişli rayonu Qızılkənd kəndində yerləşən A ****** nömrəli (reyestr nömrəsi: 907013057536) planda yeri göstərilmiş 0,3107 ha, B ****** nömrəli (reyestr nömrəsi: 907013057538) planda yeri göstərilmiş 1,4127 ha, A ****** nömrəli (reyestr nömrəsi: 907013057537) planda yeri göstərilmiş 1,0972 ha və A ****** nömrəli (reyestr nömrəsi: 907013057421) planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınıb İddiaçı təhvil verilməsi, İddiaçı 18000 manat pulun alınıb Cavabdeh ödənilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 200 manatın İddiaçı tutulub “xxxx”MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, A ****** nömrəli planda yeri göstərilmiş Imişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin (reyestr nömrəsi: 907013057421) özgəninkiləşdirilməsinə dair X2 ilə Cavabdeh arasında bağlanmış ##.##.2015-ci il tarixli müqavilə notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır və əmlak əldə edilməsi üçün əsas olmadığından həmin müqavilə üzrə alınanlar geri qaytarılmalıdır. Manatın rəsmi devalivasiya nəticəsinə nominal dəyərini itirməsi və ötən müddətdə bazar qiymətlərində müşahidə edilən əhəmiyyətli artım nəticəsində real dəyəyərinin mütənasib qaydada azalması ilə əlaqədar Cavabdeh alınan pulun eyni ilə qaytarılması mümkün olmadığından əvəzində həmin məbləğin hazırkı bazar qiymətlərinə uyğun ekvivalenti ödənilməlidir.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 14.2.4, 215.5, 337.1, 337.3, 337.4, 337.5 və 394-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Imişli rayonu Qızılkənd kəndində 4 massivdə 0,3107 ha, 1,0972 ha,1,4127 ha və 2,2259 ha torpaq sahəsi vardır. Bu barədə mülkiyyət hüququ Çıxarışla təsdiq olunur. Onun torpaq sahəsi 2015ci ildə atası X4 tərəfindən Cavabdeh müvəqqəti istifadə etmək üçün verilmişdi. Hazırda cavabdeh həmin torpaq sahəsini boşaldıb ona qaytarmır. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edir, dövlətdən subsidiya alır. O, 8 ildir ki, onun torpaq sahəsindən qeyri-qanuni istifadə edərək qazanc götürür. Həmin maddi hüquq normasına əsasən ümumi iddia müddəti 10 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Iddiaçı isə 2015-ci ildə, 8 il əvvəl ona pul verdiyini göstərməklə indiki məzənnə ilə pul tələb edir.

13. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qiymətləndirici rəyində qeyd edildiyi kimi, torpağın münbitləşdirilməsi və yaxşılaşdırılması üzrə hər hansı tədbirin aparılıb-aparılmaması müəyyən edilməmişdir. Bu qənaətə gəlmək üçün torpaq sahəsinə yerində baxış keçirilməsi, torpaq nümunələrinin götürülərək laborator şəraitdə analiz edilməsi tələb olunurdu. Lakin həmin torpaq sahəsinə bu günə qədər heç bir şəxs tərəfindən baxış keçirilməmişdir. Torpaq sahəsi 2015-ci ildən bəri istifadəsindədir və o, ötən illər ərzində torpaqdan mütəmadi qaydada istifadə etmişdir. Həmin sahədə pambıq, taxıl və arpa əkilmiş, iki ildən bir gübrələmə işləri aparılmışdır. Torpağa vaxtında və lazımi qaydada qulluq göstərildiyinə görə məhsuldarlıq sabit qalmış, hər hansı azalma müşahidə edilməmişdir. Hazırda həmin kənddə torpağın 1 hektarının faktiki bazar dəyəri təxminən 8000 manat təşkil edir.

14. Iddiaçı İddiaçı nümayəndəsi vəkil vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, keçirilmiş son iclas zamanı apellyasiya şikayəti üzrə mövqe artıq təqdim edilmişdir. Hazırkı qiymətləndirmə məsələsinə gəldikdə isə bildirilməlidir ki, qarşı tərəf tərəfindən qiymətləndirmə aparılmış və müvafiq hesabat məhkəməyə təqdim edilmişdir. Həmin hesabatda torpaq sahəsinin dəyəri təxminən 8800 8900 manat intervalında müəyyən olunmuşdur. Iddia müddətinə dair məsələ üzrə apellyasiya instansiyasına artıq müvafiq ərizə təqdim edilmişdir. Qiymətlə bağlı tərəfin prinsipial narazılığı olmasa da, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən 18000 manat məbləği mövcud bazar dəyərinə uyğun hesab edilmir və real vəziyyəti əks etdirmir. Bu baxımdan, həm tərəfin təqdim etdiyi hesabatda, həm də məhkəmə tərəfindən təyin olunan ekspertiza nəticələrində yaxın rəqəmlərin göstərilməsi həmin qiymətlərin faktiki bazar dəyərinə uyğun olduğunu təsdiq edir. 2015-ci il tarixli aktla bağlı razılaşdırılmayan məqam ondan ibarətdir ki, əgər məhkəmə müqaviləni etibarsız hesab edirsə, Mülki Məcəllənin tələbinə əsasən, tərəflər aldıqlarını qarşılıqlı şəkildə geri qaytarmalıdırlar. Bu halda qaytarılmalı əmlakın dəyəri də faktiki bazar qiyməti əsasında müəyyən edilməlidir. “xxxx” MMC tərəfindən hazırlanmış rəydə torpaq sahəsinin 9200 manat məbləğində qiymətləndirilməsi ilə razıdır.

15. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 0028/25№-li qiymətləndirmə hesabatından görünür ki, Imişli rayonu Qızılkənd kəndində yerləşən 2,2259 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırkı dövrə real bazar dəyəri 9200 (doqquz min iki yüz) manat təşkil edir. Hazırkı dövrə uyğun olaraq torpaq sahəsində yaxşılaşdırma işləri müəyyən edilməmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Ilham Əsədov və Tofiq Heydərov) apellyasiya şikayəti qismən təmin edilmiş, Imişli Rayon Məhkəməsinin # ##### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilərək İddiaçı 9200 manat məbləğdə pul vəsaitinin alınıb Cavabdeh ödənilməsi qət edilmişdir.

17. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, tərəflər arasında alğı-satqı münasibətləri və onların iradəsinin məzmunu müəyyən olunsa da, müvafiq forma tələbinə əməl olunmaması həmin müqavilənin əhəmiyyətsiz əqd olmasına dəlalət edir.

18. Belə ki, Imişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Imişli rayon AIK-nın ##.##.2001-ci il tarixli ** saylı qərarı ilə X2, İddiaçı, X6, X3 və X1 ümumi mülkiyyətinə verilmiş, ##.##.2015-ci il tarixli Müqavilə əsasında Imişli rayonu Qızılkənd kəndində yerləşən 2,23 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh 3000 manata satılmışdır. Qeyd edilməlidir ki, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 0028/25№-li qiymətləndirmə hesabatından görünür ki, Imişli rayonu Qızılkənd kəndində yerləşən 2,2259 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırkı dövrə real bazar dəyəri 9200 manat təşkil edir. Hazırkı dövrə uyğun olaraq torpaq sahəsində yaxşılaşdırma işləri müəyyən edilməmişdir. Beləliklə, mübahisəli torpaq sahəsinin hazırkı real bazar dəyəri 9200 manat məbləğdədir. İddiaçı nümayəndəsi vəkil vəkil2 məhkəmə iclasında izahatında göstərdi ki, mübahisəli torpaq sahəsinin hazırkı dəyəri təxminən 8800 – 8900 manat məbləğdə müəyyən olunur. Ancaq 18000 manat məbləğ əslində torpağın mövcud bazar dəyərinə uyğun hesab edilmir və real vəziyyəti əks etdirmir. “xxxx” MMC tərəfindən hazırlanmış rəydə torpaq sahəsinin 9200 manat məbləğində qiymətləndirilməsi ilə razıdır. Belə olan halda, məhkəmə tərkibi “xxxx” MMC-nin ##.##.2025ci il tarixli ****/** nömrəli qiymətləndirmə rəyini daha mötəbər hesab edir və şikayətçi olan tərəfin də mövqeyini nəzərə alır.

19. Hazırkı halda Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin İddiaçı geri qaytarılması qət edilmiş, qətnamə isə həmin hissədə mübahisələndirilməmişdir. Adıçəkilən torpaq sahəsinin dəyəri kimi tərəflər arasında razılaşdırılan (3000 manat) vəsaitin əvəzi qismində 9200 manat məbləğində müəyyən edilmiş onun hazırkı bazar dəyəri İddiaçı alınaraq Cavabdeh verilməlidir.

20. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydasında təsdiq olunmadığından İddiaçı Cavabdeh aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır.

21. Bununla yanaşı məhkəmə iddia müddətinin tətbiqinə dair apellyasiya instansiyasına təqdim edilmiş ərizəyə hüquqi münasibət bildirilməsini prosessual cəhətdən yolverilməz hesab etmişdir. Belə ki, birinci instansiya məhkəməsində tərəf məhkəmə iclasında iştirak etmiş, lakin bu barədə ərizə təqdim edilməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1, 16.1, 144.1, 337.5, 390, 1091 və 1092.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## #### 2022-ci il tarixli qərardadında qeyd edilən hüquqi mövqelərə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025 ci il tarixli qətnaməsinin dəyişdirilərək İddiaçı 18000 manat pulun alınaraq Cavabdeh ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə analoji məzmundan əsaslandırılmaqla qeyd edilmişdir ki, hazırda mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazilərdə 1 ha torpaq sahəsinin qiyməti torpağın münbitliyindən asılı olaraq 8000-10000 manatdır. Iddiaçının faktiki istifadəsində və sahibliyində olan torpaq sahəsi 2,2259 ha təşkil edir. Belə olan halda isə məhkəmə yalnız həmin torpaq sahəsinin 1 ha hissəsinin qiymətinə görə pulun tutulması qənaətinə gəlmişdir. Ancaq məhkəmə nəzərə almamışdır ki, Cavabdeh tərəfindən 2015-ci il tarixdə 1 ha torpaq sahəsinə görə deyil, 2,2259 ha torpaq sahəsinə görə pul ödənilmişdir. Hazırda Cavabdeh vicdanlılıq nümayiş etdirərək torpağın münbitləşdirilməsi üçün xərclər də daxil olmaqla 2,2259 ha torpaq sahəsinin real bazar qiymətini tələb edir. Əgər həm torpağın münbitləşdirilməsi, həm də torpağın real bazar qiymətini tələb etməli olsa idi, bu halda iddia tələbində göstərilən pul məbləği daha artıq olardı.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 6.1. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə 28.edilməsinə yol verilmir.

29. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

32. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli qərarı

34. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## #### 2022-ci il tarixli qərardadı

35. Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır. Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. Cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlilləri ilk iddiiaya etirazda, qarşılıqlı iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar