Məhkəmə qərarları › İş №2(1-8)-702/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-702/2026

28.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-702/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdehlər İsmayılzadə Şanel Kalamdar qızına, cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzildən çıxarılma, vindikasiya iddiası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakm), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər İsmayılzadə Şanel Kalamdar qızına, cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh İsmayılzadə Şanel Kalamdar qızının kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. ##.##.2022-ci il tarixdə Ağstafa rayon Notariat Ofisində bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən İsmayılzadə X2 şəhəri Azərbaycan küçəsi 28 ünvanında yerləşən ümumi sahəsi 326,3 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini (bundan sonra “mübahisəli ev”) 35000 manata İddiaçı satmışdır.

2. Mübahisəli ev Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin ##.##.2022ci il tarixli çıxarışı ilə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Satıcı İsmayılzadə Şanel Kalamdar qızı mübahisəli evdə yaşamaqda davam edir. Mübahisə bununla bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli evdən məcburi çıxarılması, ödənilmiş məhkəmə xərclərinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixdə Ağstafa rayon Notariat Ofisində alqı-satqı müqaviləsinə əsasən cavabdeh əmlakı alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2 ay müddətinə müvəqqəti yaşamaq üçün icazə almasına baxmayaraq bu günədək evi boşaltmamış və öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə iddiaçı öz mülkiyyətində olan evə faktiki sahib ola bilmədiyi üçün məhkəməyə müraciət etmişdir.

6. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, 2022-ci ildə keçmiş həyat yoldaşının maddi çətinlikləri ilə əlaqədar iddiaçıdan 40000 manat borc götürülmüş, üzərinə isə 32000 manat faiz qoyulmuşdur və bu borcun bir hissəsi qaytarılmışdır. Daha sonra borcun ödənilməsi məqsədilə mübahisəli yaşayış evini iddiaçının adına rəsmiləşdirmiş, lakin bu, borcun təminatı kimi nəzərdə tutulmuşdur. Borc tam qaytarıldıqdan sonra ev yenidən onun adına keçirilməli idi. Buna görə də evdən çıxmaq niyyətində deyil.

7. Ağstafa Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş cavabdehlər İsmayılzadə Şanel Kalamdar qızı və cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 326,3 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. (hakim Heyran Mürsəlova)

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh özünə məxsus olmuş mübahisəli evi ##.##.2022-ci il tarixdə Ağstafa rayon Notariat Ofisində bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. Qeyd edilən faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş diskə baxış keçirilən zaman həmin diskdə olan videogörüntü ilə sübut olunmuşdur. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsində cavabdeh satılmış əmlakı iddiaçının sahibliyinə verməsini öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla həmin yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsində cavabdeh satılmış əmlakı iddiaçının sahibliyinə verməsini öhdəsinə götürməsinə baxmayaraq hal-hazıradək həmin fərdi yaşayış evində yaşayır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki vəziyyətdə iddiaçı özünə məxsus əmlaka maneəsiz sahiblik edə bilmədiyi kimi, ondan sərbəst istifadə də edə bilmir. Cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus fərdi yaşayış evini tərk etmirlər. Mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İddiaçıya məxsus fərdi yaşayış evində cavabdehlərin heç bir hüquqi əsas olmadan yaşaması isə iddiaçının hüquqlarının pozulması mənasına gəlir.

10. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən könüllü olaraq çıxmaması nəticəsində iddiaçının həmin yaşayış evinə münasibətdə mülkiyyətçi kimi əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə olduğu təqdirdə, cavabdehlər hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus fərdi yaşayış evində yaşayırlar ki, bu hal da iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını qanunsuz olaraq məhdudlaşdırır. Ona görə də iddia təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 233 və 360-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş üzrə mülkiyyət hüququnu saxta sənədlərlə əldə edilib. Alğı-satqı müqaviləsinin etibarsız olmasına baxmayaraq, həmin alğı-satqı müqaviləsi əsasında iddiaçı reyestrdən çıxarış almağa müvəffəq olmuşdur. Belə ki, cavabdeh özgə sayıla bilməz, çünki həmin əmlak məhz ona bağışlanma vasitəsi ilə ötürülmüş, anası, iş üzrə cavabdeh olan cavabdeh2 həmin ev üzrə aparılmış olan alğı-satqıdan xəbərsiz olmaqla ona qarşı müəyyən iddialar irəli sürür. Mülki iş üzrə iddiaçıya məxsus olmuş olan reyestrdən çıxarışın verilməsinə səbəb olmuş olan alğı-satqı müqaviləsinin hansı əsaslarla bağlandığını, alğı-satqı müqaviləsinin qiymətinin nə qədər olması və iddiaçının hansı miqdarda ödəniş etməsi, etmiş olduğu ödənişi hansı şəkildə yenidən cavabdehdən alması halının mövcud olması nədəni ilə alğısatqı müqaviləsinin etibarsız sayılmalı olduğu halda, həmin hissələr araşdırılmamış qalmaqla, işə düzgün hüquqi qiymət verilməmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev, Tural Məmmədov)

15. Apellyasiya instansiysı məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq göstərmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı həmin hüququn əsas təminatıdır və bu qeyd etibarsız sayılmadıqca qüvvədə qalır. Bu səbəbdən, cavabdehin evdə qalmaqda davam etməsi iddiaçının mülkiyyət hüquqlarını pozur.

16. Apellyasiya instansiysı məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehin müqavilənin etibarsız olması ilə bağlı iddiası əsassızdır, çünki müqavilə tərəflərin sərbəst iradəsi ilə, qanunvericiliyin tələblərinə uyğun bağlanmış, onun etibarsızlığını təsdiq edən hər hansı sübut təqdim olunmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.3, 29.3, 29.4-cü, Mülki Məcəllənin 140, 152.1, 157.2, 337.1-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının “* saylı Protokolunun” 1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv, iddia tələbinin rədd ediməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alqı-satqı müqaviləsinin əslində borcun təminatı məqsədilə formal bağlanması ilə bağlı faktları demək olar ki, araşdırmamış, müqavilənin ## ###### 2022-ci ildə bağlanması zamanı evin dəyərindən az məbləğin göstərilməsini, iddiaçının 3 il ərzində evin boşaldılmasını tələb etməməsini və cavabdehin həmin müddətdə evdə yaşamasını nəzərə almamışdır. Belə ki, hüquqdan sui-istifadənin müəyyən edilməsi üçün tərəfin hüquqdan məqsədi xaricində istifadə edib-etmədiyi və bunun ədalətsiz nəticəyə gətirib çıxarıb-çıxarmadığı obyektiv şəkildə araşdırılmalı, hər iki tərəfin mənafelərinin qorunmasına diqqət yetirilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

22. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə əsasən qanuni nəticəyə gəlmişdir.

26. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

27. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.

29. İşin müəyyən edilən hallarına görə də iddiaçıya məxsus evdən cavabdeh heç bir hüquqi əsas olmadan istifadə edir və evdən çıxmır.

30. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.

31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – alqı-satqı müqaviləsinin etibarsız olması – əsassız sayır və eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin müqavilənin etibarsız olması ilə bağlı dəlillərinə qiymət verməsi də hazırki işin premdeti baxımından düzgün olmamışdır. Çünki hazırki iddia tələbi qeydə alınmış əşya hüququna söykənir. İddiaçının mülkiyyət hüquqları qeydə alınıb. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Buna görə də əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022№-li, ## #### 2022-ci il tarixli qərardadında da qeyd edilib ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma, Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.

34. İşdən görünür ki, cavabdeh əqdin etibarsızlığı ilə bağlı müvafiq qaydada tələb irəli sürməmiş, yalnız etirazında həmin əqdin etibarsız olmasını bildirmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əqdin etibarlılığı şərtlərinə də qiymət vermişdir, halbuki cavabdehin yazılı tələbi olmadığı halda, məhkəmənin belə qiymətləndirmə vəzifəsi yaranmamışdı.

35. Bununla belə, apellyasiya instansiyası məhkəməsi iddianı yalnız əqdin etibarlılıq şərtinə uyğun olması əsası ilə deyil, həm də əşya hüququna və Mülki Məcəllənin 157.2-ci maddəsinə istinadən təmin etdiyindən və elə bu əsasla da iddianın təmin edilməsi mümkün olduğundan məhkəmə kollegiyası gəlinən nəticə ilə razılaşır.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İsmayılzadə Şanel Kalamdar qızının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar