Məhkəmə qərarları › İş №2(1-8)-721/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-721/2026

23.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-721/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, intizam tənbehinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Iddiaçı ## ####### 2017-ci il tarixdən “xxxx” MMC-də sürücü vəzifəsində işləmişdir.

2. MMC-nin ## ###### 2024-cü il tarixli, ***/K nömrəli əmrinə görə, Nəqliyyat və Texniki Təmir Departamentinin müdirinin ## ###### 2024-cü il tarixli xidməti məlumatına və akta əsasən sürücü Iddiaçı Laçın rayonunda olarkən avtomobilə aid etibarnamənin vaxtının bitdiyini yanlış söyləmiş və bununla bağlı avtomobilin idarə edilməsini dayandırmış, işlərin gecikməsinə səbəb olmuşdur. Iddiaçı əmək funksiyasını pozması və vəzifə borcunu keyfiyyətsiz yerinə yetirdiyini nəzərə alaraq, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir.

3. Təqdim edilmiş yazışmaya əsasən sürücü Iddiaçı tyaqanın çıxması barədə ümumi sosial şəbəkədə yaradılmış qrupda məlumat vermişdir.

4. Təqdim edilmiş xidməti məlumatdan və ## ###### 2024-cü il tarixli akta əsasən Texniki və işlər üzrə direktor müavini XXX və Nəqliyyat və Texniki Təmir Departamentinin müdiri XXX tərəfindən sürücü peşəsində işləyən Iddiaçı ## ###### 2024-cü il tarixdə Laçın sahəsində olarkən SƏTƏMM şöbəsi tərəfindən yoxlanış keçirilən zaman idarəsində olan nəqliyyat vasitəsinin etibarnaməsinin müddətinin bitdiyini və üzərində olmadığını yanlış məlumat vermiş, avtomobilin bir günlük idarə edilməsində məhdudiyyət qoyulmuş, istehsalat şöbəsinin işinin gecikməsinə səbəb olduğundan tədbir görülməsi xahiş edilmişdir.

5. Təqdim edilmiş xidməti məlumatdan və ## ###### 2024-cü il tarixli akta əsasən Texniki və işlər üzrə direktor müavini XXX və Nəqliyyat və Texniki Təmir Departamentinin müdiri XXX tərəfindən sürücü peşəsində işləyən Iddiaçı ## ###### 2024-cü il tarixdə Laçın sahəsində olarkən işçi heyətinin daşınması zamanı avtomobilin üzərindən tyaqanın çıxması səbəbi ilə avtomobil təmirə dayandırılmışdır. Mexaniklərin rəyinə əsasən yaranan nasazlıq sürücü tərəfindən öncədən hər hansı bir səsin eşidilməsi və sükanda liftin yaranması ilə müşahidə edilir. Lakin adı qeyd edilən sürücü bununla bağlı heç bir müraciət etməmişdir. Bu səbəbdən tədbir görülməsi xahiş edilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi ilə Iddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı ## ###### 2024-cü il tarixli, ***/K saylı əmrin, bu əmr əsasında cavabdeh “xxxx” MMC tərəfindən verilmiş **/X nömrəli, ## ###### 2025-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrin ləğv edilməsinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia yenidən rədd edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

7.

8. Iddia onunla əsaslandırılmışdır ki, qeyd olunan əmr əsassızdır. Belə ki, əmrin məzmunundan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nəqliyyat və Texniki Təmir Departamentinin müdirinin ## ###### 2024-cü il tarixli xidməti məlumatına və Akta əsasən sürücü Iddiaçı Laçın rayonunda olarkən avtomobilə aid etibarnamənin vaxtının bitdiyini yanlış söyləmişdir və bununla bağlı avtomobilin idarə edilməsini dayandırmış, işlərin gecikməsinə səbəb olmuşdur. Iddiaçı əmək funksiyasını pozaraq və vəzifə borcunu keyfiyyətsiz yerinə yetirdiyi nəzərə alınmışdır. Iddiaçı bir saatda olsun əmək funksiyasını və işçi olaraq öhdəliklərini pozmamış, işləri keyfiyyətsiz icra etməmişdir. Belə bir hal olsa, bu töhmət verilməsi barədə əmrdə öz əksini tapmalı idi. Bundan başqa, əmrin “Əmək və icra intizamının pozulmasına görə inzibati tənbehin verilməsi” adlandırılması da doğru deyildir. Belə ki, işçiyə Əmək Məcəlləsinə əsasən tənbeh verilməsi “Inzibati tənbeh tədbiri” hesab edilə bilməz. Inzibati tənbeh tədbiri Inzibati Xətalar Məcəlləsi ilə tənzimlənən münasibətlərin pozulması nəticəsində verilən tənbeh tədbiridir. Əslində bu bir anlaşılmazlıq kimi də qiymətləndirilə bilər. Belə ki, ona təhkim edilmiş avtomobili idarə etmək üçün MMC tərəfindən verilmiş etibarnamənin “E-polis” elektron səhifəsinə girərək orada olub-olmadığına baxıb görmüşdür ki, etibarnamə elektron səhifədə görünmür. Bu səbəbdən ## ###### 2024-cü il tarixdə gün ərzində ona tapşırılmış işləri yerinə yetirib, evə gələndən sonra saat 21.17-də qarajın mexaniki XXX müəllimə votsap əlaqə vasitəsilə məlumat vermişdir. Yəni soruşmuşdur ki, “etibarnaməsi var ## ##### 2025-ci il tarixədək, ancaq e-polisdə çıxmır (adətən MMC tərəfindən verilmiş sürücülüklə bağlı etibarnamələr elektron e-polis səhifəsində görünür). Bilmək istəyir sabah işə çıxa bilər? ## ###### 2024-cü il saat 21.18-də XXX müəllim cavab yazmışdır ki, “əgər belədirsə hə sürə bilərsən”. O da ## ###### 2024-cü il tarixdə verilən tapşırıqlar üzrə vaxtında hərəkət etmişdir. Əgər onun işi ləngitməyi ilə bağlı hər hansı bir qüsur olsa belə olan halda hansısa əməkdaş bu haqda raport təqdim edərdi ki, ona təhkim olunmuş avtomobil vaxtında işləri icra etməmişdir. Belə bir hal mövcud deyil. Əmrdə göstərilən Akt onun iştirakı ilə tərtib edilməyib, məzmunu nədən ibarət olması ona bəlli deyil. Onu da qeyd etmişdir ki, əgər o, bir saat belə işdə ləngiməyə yol vermiş olsa, MMC onun aylıq əmək haqqından saat hesabı ilə həmin pulu çıxardı. Belə bir hal da yoxdur. O, etibarnamənin epolis elektron səhifəsində görünməməsilə əlaqədar iş yerindən verilmiş tapşırıqların icrasını 10 dəqiqə belə ləngitməmişdir. Etibarnamənin elektron səhifədə əks edilməməsi səbəbindən yol polisi tez-tez avtomobili saxlayaraq sənədləri tələb edir. Bu da vaxt itkisinə səbəb olur. O, elektron səhifədə etibarnamənin görünməməsini etibarnamənin olmaması kimi yox, sadəcə dəqiqləşdirmə üçün demişdir. Votsap yazışmasında da etibarnamənin olmasını yazmışdır. Ona görə də hesab etmişdir ki, ona əmək funksiyalarını keyfiyyətsiz icra etməklə bağlı töhmət verilməsi haqqında əmr tam olaraq əsassız olduğundan ləğv edilməlidir.

9. Cavabdeh “xxxx” MMC məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Həmin mediasiya təşkilatı tərəfindən ## ###### 2024-cü il tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bu tarixdən müddətin axımı başlamışdır. Iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ## ##### 2025-ci il tarixində (3 ay sonra) verilmişdir. Iş materiallarından görünür ki, iddiaçı ötürülmüş müddətin üzrlü hesab edilməsi (müddətin bərpası) barədə ərizə təqdim etməmişdir. Müddətin ötürülməsini üzrlü hesab edən hal mövcud deyildir. Bundan başqa, ilk dəfə iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia qaldırması, məhkəmənin iddianı ərazi aidiyyəti qaydalarına görə geri qaytarması barədə qərardad qəbul etməsi, bu qərardaddan apellyasiya şikayəti verilməsi halları da üzrlü hesab edilə bilməz. Üzrlü hesab edilsə belə, bu halda da müddət ötürülmüşdür. Belə ki, ## ###### 2024-cü il tarixində mediasiyanın arayışı verilmişdir. Iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ## ###### 2025-ci il tarixində daxil olmuşdur. Iddia ərizəsində imza tarixi ## ###### 2025-ci il göstərilsə də, həmin tarixdə poçta verilməsi inandırıcı deyil. Çünki iddia ərizəsi ## ###### 2025-ci il tarixində poçtda verilsə ən geci bir həftəyə məhkəməyə daxil olardı. Görünür iddia ərizəsi ## ###### 2025-ci il tarixində deyil, daha gec tarixdə poçta verilmişdir (məhkəmə bu hissəni araşdırmalıdır). Müddətin axımı ## ###### 2024-cü il tarixindən başlanıldığından iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olan tarixə (## ###### 2025) keçən müddət 1 ay 12 gün, iddia ərizəsinin imzalandığı tarixə (24 gün) keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardaddından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış və nəticə ## #### 2025-ci il tarixində sistemə vurulmuş və iddiaçıya bildiriş göndərilmişdir. Bu tarixdən 15 gün sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi elektron qaydada göndərilmişdir. “1 ay 12 gün + 15 gün” və “24 gün + 15 gün” hər iki halda iddia müddəti ötmüşdür.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim E.Vəliyeva) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsində iddiaçının verdiyi izahatından aydın olmuşdur ki, iddiaçı məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etməməsini onunla əsaslandırmışdır ki, müddəti ötürməmiş, gecikmə səbəbi məhkəmələr arasında aidiyyət mübahisəsi olmuşdur. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

12. Məhkəmə iddiaçının və cavabdehin müddətlə bağlı ərizələrində göstərilənlərlə bağlı qeyd etmişdir ki, iddiaçının fərdi əmək mübahisələri ilə bağlı ## ###### 2024-cü il tarixli əmri mübahisələndirməsi üçün iddia müddətinin axımı ## ###### 2024-cü il tarixdə yaranmış, ## ###### 2025-ci il tarixdə məhkəməyə müraciət etsə də, məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmış, qərardad xəbərnaməli poçt xidməti vasitəsi ilə iddiaçının ünvanına göndərilmiş və ## ###### 2025-ci il tarixdə rəsmi qaydada qəbul edildikdən sonra ## ###### 2025-ci il tarixdə digər məhkəməyə müraciət edilmişdir. Bununla da, iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi öz əksini tapır.

13. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmamışdır. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən istifadəsində olan nəqliyyat vasitəsinə dair etibarnamə olduğu halda elektron sistemdə etibarnaməni görməməsi əsası ilə ## ###### 2024-cü il tarixdə avtomobilin bir günlük idarə edilməsində məhdudiyyət qoyulmuş, nəticədə işin gecikməsinə səbəb olmuşdur. Bundan başqa məhkəmə iclasında iddiaçı vəzifə təlimatı ilə tanış edilmədiyini, təlimatda olan imzanın ona məxsus olmadığını bildirsə də, izahatında 45 ildir sürücü kimi işlədiyini, tyaqa daxil nəqliyyat vasitəsində olan nasazlığı əvvəlcədən görmək təcrübəsində olduğunu etiraf etməklə əslində sürücü kimi vəzifə təlimatı ilə tanış olmasa da, təcrübəli olduğunu dolayısı ilə etiraf etmişdir.

15. Məhkəmə iclasında ## ###### 2024-cü il tarixdə işdə olmasını, fəaliyyətin dayandırmasını bildirsə də, məhkəməyə təqdim edilmiş sosial şəbəkə hesabında olan hesabatdan görünür ki, sürücü ## ###### 2024-cü il tarixdə ümumiyyətlə yanacaq sərf etməmiş, ondan əvvəl və sonrakı günlərdə fəaliyyəti ilə əlaqədar yanacaq sərfiyyatı olmuşdur.

16. Beləliklə, məhkəmə iddiaçının iddia tələbi ilə bağlı qeyd etmişdir ki, məhkəməyə müraciət etmiş şəxs özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1 və 2-ci hissələrinə, 187-ci maddənin 1 və 2-ci hissələrinə, 189-cu maddənin 1 və 4-cü hissələrinə, Mülki Məcəllənin 377.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə iddiaçının hüquqlarını kobud surətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, iddiaçı istifadəsində olan nəqliyyat vasitəsinə dair etibarnamə olduğu halda elektron sistemdə etibarnaməni görməməsi əsası ilə ## ###### 2024-cü il tarixdə avtomobilin bir günlük idarə edilməsində məhdudiyyət qoyulmuş, nəticədə işin gecikməsinə səbəb olmuşdur. Bundan başqa, məhkəmə iclasında iddiaçı vəzifə təlimatı ilə tanış edilmədiyini, təlimatda olan imzanın ona məxsus olmadığını bildirsə də, izahatında 45 ildir sürücü kimi işlədiyini, tyaqa daxil nəqliyyat vasitəsində olan nasazlığı əvvəlcədən görmək təcrübəsində olduğunu etiraf etməklə əslində sürücü kimi vəzifə təlimatı ilə tanış olmasa da, təcrübəli olduğunu dolayısı ilə etiraf etmişdir. Vəzifə təlimatı ilə tanış olmasa da, təcrübəli olduğunu dolayısı ilə etiraf etmişdir. Məhkəmə iclasında ## ###### 2024-cü il tarixdə işdə olmasını, fəaliyyətin dayandırmamasını bildirsə də məhkəməyə təqdim edilmiş sosial şəbəkə hesabında olan hesabatdan görünür ki, sürücü ## ###### 2024-cü il tarixdə ümumiyyətlə yanacaq sərf etməmiş, ondan əvvəl və sonrakı günlərdə fəaliyyəti ilə əlaqədar yanacaq sərfiyyatı olmuşdur. Yuxarıda qeyd edilən 1-ci bənd üzrə bildirilmişdir ki, etibarnamənin elektron sistemdə görünməməsi ## ###### 2024-cü il tarixdə baş vermişdir. Bu haqda votsap yazışmalarını məhkəməyə təqdim etmişdir. Onun votsap yazışmalarında gündəlik hesabatlardan da görünür ki, idarə etdiyi avtomobilin qət etdiyi kilometrlə bağlı gündəlik hesabatı var. Həmin hesabatlardan görünür ki, 01 və ## ###### 2024-cü il tarixlərdə iş dayanması olmamışdır. Votsap hesabatdan görünür ki, ## ###### 2024-cü ildə saat 19.19da (“işdən sonra”) etibarnamənin şəklini mexanikə göndərmiş və saat 21.17-də mexanikə yazmışdır ki, etibarnamə var. ## ##### 2025-ci ilədək qüvvədədir. Sabah (yəni ## ###### 2024-cü il) tarixdə işə çıxa bilər? Mexanik də ona ## ###### 2024-cü il tarixdə saat 21.18-də yazıb ki, əgər belədirsə, sürə bilərsən-deyə cavab yazıb. Səhərisi gün, yəni ## ###### 2024cü il tarixdə o, Laçın rayonu ərazisində işdə olmuş və axşam saatlarında Laçın rayonu, Əsgər yolu deyilən ərazidən saat 20:45-də operatorları gətirərkən yolda məlum “tyaqa açılması” hadisəsi olmuşdur. Onun idarə etdiyi avtomaşının km. göstəricisi aşağıdakı kimi olmuşdur: - ## ####### 2024-cü il tarixə 138620 km - ## ###### 2024-cü il tarixə 138780 km (160 km. fərq) - ## ###### 2024-cü il tarixə 138920 km (140 km. fərq) - ## ###### 2024-cü il tarixə 139050 km (130 km. fərq) ## ###### 2024-cü il tarixə - ancaq tyaqa açılması məsələsinə görə ## ###### 2024-cü il tarixdə həmin maşın təmirlə bağlı dayanmış, yəni tyaqanın Bakı və ya Gəncə şəhərindən alınaraq (dəqiq haradan alınmasını bilmir) göndərilməsinə və onun həmin gün başqa avtomobillə işdə olmağına görə ## ###### 2024-cü il tarixdə gecə saat 22.50 radələrində sahə mühəndisinin iştirakı ilə ehtiyat hissə olaraq tyaqanı özü dəyişmiş və bu haqda şəkillər təqdim edilib. 22:52-də isə mexanikə tyaqanın dəyişdirilməsini məlumat vermiş, mexanik də ona “Əliniz-qolunuz ağrımasın” şəklində cavab yazmışdır. Bəli, o, məhkəmədə 40 illik sürücülük təcrübəsi olmasını demişdir. Doğrudur, bu qədər təcrübəyə malik sürücü üçün müəyyən nasazlıqların avtomaşında olması müəyyən edilə bilər. Ancaq məhkəmə nəzərə almalıdır ki, idarə olunan avtomaşın kifayət qədər istismar olunduğundan onun təkcə işlək hissələrindən deyil müxtəlif dəmir birləşmələrindən, o cümlədən avtomaşına qoyulan dəmir avadanlıqlardan çoxsaylı səslər gəlir. Həmçinin nəzərə almaq lazımdır ki, avtomaşın qaya parçaları olan, asfalt olmayan dağlıq ərazidə, nahamar yolla hərəkət edir, hamar örtüyü asfaltlı deyil. Belə yol şəraitində köhnə avtomaşın ilə hərəkət edərkən gələn səslərin çoxluğu bir-birinə qarışan səslər fonunda aydın olmur. Bundan başqa avtomaşının tyaqasının təqribən açılma hadisəsindən bir ay əvvəl dəyişməsi səbəbindən tyaqada heç bir səs-küy gəlməyib. Belə ki, tyaqa deyilən ehtiyat hissəsinin səs edə biləcək detalı yeni olmuşdur. Bu səbəbdən də yeni detalın səs etməsi mümkün deyil. Tyaqa deyilən hissə köhnə olmasından deyil, tyaqanı saxlayan vintin açılması səbəbindən nasazlıq yaranmışdır. Belə ki, tyaqanı saxlayan sancaq tyaqa qarajda çilingər tərəfindən dəyişilərkən yerləşdirilməməsi və nəticədə vintin hərəkət zamanı açılmasından baş vermişdir. Bu şəkildə tyaqanın diqqət cəlb edəcək dərəcədə səs etməsi mümkün deyildir. Tyaqanın nasaz olması və ya açılması həddində pis vəziyyətdə olması ilk növbədə sürücünün öz həyatı üçün təhlükədir. Əksinə hadisə zamanı o düşünmüşdür ki, bu ona iş yerindən edilən təxribatdı, çünki tyaqa yeni dəyişilmişdi. Ona qarşı təxribat olması isə mümkün idi. Çünki o, işlədiyi şirkətə qarşı məhkəmədə iddia qaldırdıqdan sonra onu işə bərpa etməyə məcbur olmuşlar. Məhkəmə belə qənaətə gəlmişdir ki, ## ###### 2024-cü ildə yanacaq sərfiyyatının olmamasına dair sübut onu təsdiq edir ki, həmin tarixdə onun təqsirindən iş dayanmışdır. Ancaq məhkəmənin bu qənaətə gəlməsi də tam olaraq məntiqsiz və əsassız nəticədir. Belə ki, yanacaq sərfiyyatı avtomaşının qət etdiyi məsafədən asılıdır. Bu səbəbdən də hər gün avtomaşının yanacaq çəninə yanacaq vurmaq ehtiyacı olmur. Belə ki, idarə etdiyi X1 avtomaşının yanacaq çəni 60 litr yanacaq tutur ki, bu yanacaqla da dağlıq şəraitdə 400 km.dən artıq yol qət etmək mümkündür. 60 litr yanacaqla 3 gün yanacaq vurmadan işləmək olar. Hər gün yanacaq vurmağa ehtiyac yoxdur və yanacaq vurulması olmaması avtomaşının işləməməsi kimi qəbul edilə bilməz. Avtomaşının işdə olub-olmaması kilometraj göstəricisi ilə müəyyən edilir. Məlumat üçün qeyd etmişdir ki, Laçın rayonunda və ətraf ərazilərdə işləməyinə baxmayaraq yanacaq doldurma məntəqəsi Laçın rayonu Güləbirt kəndində yerləşən iş yerindən təqribən 30 km. aralıda Ağalı kəndində (Zəngilan-Qubadlı-Laçın rayonlarına gedən yolayrıcında) yerləşir. Bu vəziyyətə görə, yəni hər dəfə yanacaq doldurmaq üçün 30 km bir istiqamətdə (gedib-qayıtmaq 60 km.) boşuna hərəkət etməmək üçün yanacaq doldurma yerinə yaxın əraziyə getdikdə və ya həmin yolayrıcından keçməklə digər rayonlara getdikdə yolüstü həm də lazım oldu-olmadı yanacaq vurmaqda maraqlı idilər. Hesab edilsə ki, yanacaq ehtiyatı bir günlük qalmışdır. O, isə sabah Zəngilan rayonuna getməlidir. Belə olan halda bu gün sabahkı iş günü üçün yanacaq doldurmaqdan ötrü Ağalı kəndinə gedib-gəlməyə ehtiyac yoxdur. Səhərisi yolüstü yanacaq doldurmağı da planlaşdırırdı. Hətta elə olurdu ki, müəyyən müddətdə Ağalı kəndi istiqamətində iş olmayacağı təqdirdə ehtiyat əl baklarında yanacaq götürürdü ki, bu da əlavə bir neçə gün yanacaq ehtiyacını ödəyirdi. Belə olan halda məhkəmənin yalnız “yanacaq doldurma” məsələsinə münasibətdə iddianı rədd etmək istiqamətində nəticəyə gəlməsi olduqca yanlış, praktik olmayan fikir və mülahizələri əsaslı hesab edilə bilməz. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılarkan bu maddənin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, əgər onun təqsirindən bir gün müddətində işi dayandırmışdısa, belə olan halda işə götürən ondan izahat tələb etməli idi. Onun izahat verməyi ilə məsələ aydınlaşa bilərdi. Ancaq ondan bu məsələ ilə bağlı iş yerindən heç bir izahat tələb edilməmiş, nə də o, izahat verməkdən imtina etməmişdir. Ancaq məhkəmə iddia ərizəsi üzrə işə baxarkən onun izahatının alınıb-alınmaması, alınmamışdırsa hansı səbəbdən alınmaması barədə araşdırma aparmamaqla bu maddənin tələblərini düzgün tətbiq etməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Cəfərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya töhmət verilməsi məhz etibarnamənin vaxtının bitdiyini yanlış söyləməsi və bununla bağlı avtomobilin idarə edilməsini dayandırması, bunun isə işlərin gecikməsinə səbəb olması ilə əlaqədar olmuşdur.

22. Iddiaçı öz apellyasiya şikayətində 01 və ## ###### 2024-cü il tarixlərdə iş dayanmasının olmamasını qeyd etsə də, bu barədə, yəni həqiqətən də işləməsi barədə hər hansı bir sübut təqdim etməmişdir.

23. Bundan başqa, iddiaçının mübahisələndirdiyi digər məqamlar, avtomobilin “tyaqasının” yox vintinin hərəkət zamanı açılması, bu səbəbdən də səs etməməsi, eləcə də avtomobilin köhnə olması səbəbindən onun “tyaqasının” nasazlığını eşidə bilməməsinin nəzərə alınmaması ilə bağlıdır. Bununla bağlı da iddiaçı MPM-in 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq hər hansı sübut təqdim etməmişdir.

24. Apellyasiya şikayətində iddiaçı qeyd etmişdir ki, rayon məhkəməsi belə qənaətə gəlmişdir ki, ## ###### 2024-cü ildə yanacaq sərfiyyatının olmamasına dair sübut onu təsdiq edir ki, həmin tarixdə onun təqsirindən iş dayanmışdır. Ancaq məhkəmənin bu qənaətə gəlməsi də tam olaraq məntiqsiz və əsassız nəticədir. Belə ki, yanacaq sərfiyyatı avtomaşının qət etdiyi məsafədən asılıdır. Bu səbəbdən də hər gün avtomaşının yanacaq çəninə yanacaq vurmaq ehtiyacı olmur.

25. Apellyasiya kollegiyası bununla bağlı qeyd etmişdir ki, mülki iş materiallarında olan “Whatsapp” sosial şəbəkəsindəki yazışmanın surətindən məlum olur ki, iddiaçı ## ###### 2024, ## ###### 2024, ## ###### 2024 və ## ###### 2024-cü il tarixlərdə ardıcıl yanacaq sərf etmişdir. Doğrudur, ## ###### 2024-cü il tarixdə yanacaq sərfiyyatının olmaması iddiaçının həmin vaxt işdə olmamasını birbaşa təsdiq edən sübut olmasa da, ondan sonra bütün günlərdə ardıcıl yanacaq sərfiyyatı olması iddiaçının ## ###### 2024-cü il tarixdə işinin dayanması ehtimalının, dayanmaması ehtimalından daha çox olması qənaətinə gəlməyə imkan verir.

26. Iddiaçının apellyasiya şikayətinin digər dəlili, ona intizam tənbehi verilməmişdən əvvəl cavabdehin ondan yazılı izahatı verilməsini tələb etməməsi barədədir. Bununla bağlı qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi, yazılı izahatın tələb edilməsi işəgötürənin səlahiyyətindədir.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 10, 186.1, 187.1, 189.1, 296, 297-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 380.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

28. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 186-ci, Mülki Prosessual Məcəllənin 77.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrin tələbləri pozulmuşdur.

30. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayəti ilə eynilik təşkil edərək əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya şikayətində göstərilən və istinad edilən sübutlar işin faktiki halları ilə müqayisə etdikdə iddianın nə dərəcədə əsaslı olması, eləcə də iddiaçı tərəfindən kifayət qədər sübutların təqdim edilməsi öz təsdiqini aşkar şəkildə tapır.

31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 186-cı maddəsinin 4-cü hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Işəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşır.

39. Əlavə olaraq qeyd olunmalıdır ki, iş materiallarına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin ## ###### 2024-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikə) xitam verilmişdir. Iddiaçı həmin əmri məhkəmədə ayrı icraatda mübahisələndirsə də, son nəticədə Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Yəni, tərəflər arasında əmək münasibətlərinə xitam verildiyindən, iddiaçının mübahisələndirildiyi intizam tənbehi əhəmiyyətini itirmişdir.

40. Kassasiya şikayətinin dəlilləri sübutların düzgün qiymətləndirilməməsi və işin həqiqi hallarının araşdırılmaması ilə bağlıdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar