Məhkəmə qərarları › İş №2(1-8)-729/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-729/2026

13.05.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-729/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: tələb hüququ, öhdəliyin sübuta yetirilməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. ##.##.2006-cı il tarixli, ** saylı müqavilədən görünür ki, müqavilə üzrə X X X oğlu “Icraçı”, İddiaçı “Payçı” qismində çıxış edirlər. Sumqayıt şəhəri, 10-cu mkr, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 110 kv.mdən ibarət mənzillərdən biri pay kimi verilir. Mənzilin dəyəri kimi bir kv.m sahə üçün 250 ABŞ dolları təşkil edir. Cəmi 110 kv.m üçün 27500 ABŞ dolları təşkil edir. ##.##.2006-cı il tarixdə 3000 ABŞ dolları, ##.##.2006-cı il tarixdə 1000 ABŞ dolları, ##.##.2006-cı il tarixdə 1000 ABŞ dolları, ##.##.2006-cı il tarixdə 1000 ABŞ dolları, ##.##.2007-ci il tarixdə 1000 ABŞ dolları məbləğində faktiki ödəniş edilmiş, ödəyən və ödənişi qəbul edən imzaları ilə təsdiq etmişlər;

3. Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qiyabi qətnaməsi ilə cavabdeh X X X oğlunun qanuni vərəsəsi olan cavabdeh1 7000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı verilməsi qət edilmişdir;

4. Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə X X X oğlu ilə iddiaçı İddiaçı arasında bağlanmış ** saylı, ##.##.2006-cı il tarixli payçı müqaviləsinin ləğv olunması, X X X oğlunun qanuni vərəsəsi olan cavabdeh cavabdeh1 7000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı verilməsi qət edilmişdir;

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, 2(103) ****/**** saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi “X X X oğlunun qanuni vərəsəsi olan cavabdeh1 7000 ABŞ dolları məbləğində pulun tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi” hissəsində ləğv edilmişdir;

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Sumqayıt şəhəri, 10-cu mkr, Babək küçəsi boyunca inşa edilən 8 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbənin ümumi sahəsi 110 kv.m-dən ibarət olan mənzilin 28 kv.m görə ödədiyi 7000 ABŞ dollarının hazırda mənzil satışının bazar qiymətinə nisbətdə pulun bank uçot dərəcəsi hesablanaraq 36400 manat pulun tutulması, dövlət rüsumu olaraq məhkəməyə ödədiyi 126 manatın və AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinə ödədiyi 124 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

8. Iddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mkr, Babək küçəsi boyunca inşa edilən 8 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 110 kv.metrdən ibarət mənzillərdən birini almaq üçün X Xlə ** saylı, ##.##.2006-cı il tarixli payçı müqaviləsi bağlamışdır. X X hazırda vəfat etmiş, cavabdeh cavabdeh1 isə onun oğlu və hüquqi qanuni varisidir. Həmin payçı müqaviləsinə əsasən 1 kv.m sahənin qiyməti 250 ABŞ dolları, cəmi 110 kv.m sahə üçün ümumi məbləğ 27500 ABŞ dolları olmuşdur. Müqavilədə ödəniş barədə ətraflı qeyd edilməsə də, öz aralarında ilkin ödəniş 3000 ABŞ dolları, hər üç aydan bir 1000 ABŞ dolları idi, ümumi məbləği isə ev təhvil verilənədək ödəməsi ilə bağlı aralarında şifahi razılığa gəlmişlər. Müqavilə əsasında alacağı mənzil üçün ilkin ödəniş 3000 ABŞ dolları, ##.##.2006-cı il tarixdə 1000 ABŞ dolları, ##.##.2006-cı il tarixdə 1000 ABŞ dolları, ##.##.2006-cı il tarixdə 1000 ABŞ dolları, ##.##.2007-ci il tarixdə 1000 ABŞ dolları, ümumilikdə 7000 ABŞ dolları pul vəsaitlərini cavabdehin əmisi cavabdeh2 ödəmiş, sonradan tikinti işlərinin yubandığını görüb ödəmələri dayandırmışdır. X X 2008-ci il tarixdə həbs olunmuş, payçı müqaviləsinin 1.5-ci bəndində tikintinin 2 il müddətinə təhvil verilməsi qeyd edilsə də, bina 3-cü mərtəbəsinə kimi tikilmişdir. Onun müqavilə bağlayarkən bir övladı var idi və anası gili ilə yaşamaq mümkün idi. 2010-cu il tarixdə ikinci övladının doğulacağı ilə bağlı bir yerdə yaşamağın mümkünsüzlüyü və evin də hazır olmadığından kirayəyə çıxmışdır. O, 2010-cu il tarixdən ayda 200 manat məbləğində kirayə qalır. Cavabdeh cavabdeh1 Sumqayıt şəhər 34-cü məhəllə ərazisində yerləşən bina tikintisi ilə məşğuldur. Dəfələrlə cavabdehə yeni evlə təmin edilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək cavabdeh cavabdeh2 əsassız varlanma hesabına əldə etdiyi 7000 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində vəsaitin ondan tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh cavabdeh2 dövlət rüsumu kimi ödənilmiş 126 manat məbləğində vəsaitin 63 manatının ondan tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ramin Quliyev).

10. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, ##.##.2006-cı il tarixli, ** saylı müqavilə üzrə Sumqayıt şəhəri, 10-cu mkr, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 110 kv.metrdən ibarət mənzillərdən birinin pay kimi verilməsi və mənzilin dəyəri kimi bir kv.m sahə üçün 250 ABŞ dolları, cəmi 110 kv.m üçün 27500 ABŞ dollarının ödənilməsi öhdəlik kimi müəyyənlişdirilmişdir. Iddiaçı İddiaçı müqavilə üzrə ödənişləri cavabdeh2 etməyə başlamış, lakin X X X oğlunun həbs olunması, daha sonra da vəfat etməsi səbəbindən binanın tikilişinin tamamlanması və müqavilə üzrə iddiaçıya mənzilin verilməsi baş tutmamışdır. Hazırda iddiaçı ödədiyi məbləğə müvafiq olaraq, X X X oğlunun qanuni vərəsəsi olan cavabdeh1 və ödəniş etdiyi cavabdeh2 8 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 110 kv.m-dən ibarət mənzillərdən birinin alınaraq ona verilməsini tələb edir.

11. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə istinadən, İddiaçı payçı müqaviləsi üzrə ödədiyi pul vəsaitlərini qəbul edən şəxsin onun etirafı və ekspertizanın rəyi ilə X X olmadığı müəyyənləşdirilmişdir. O cümlədən, İddiaçı müqavilənin icrası qaydasında pul vəsaitlərini alan şəxsin X X X oğlunun tapşırığı əsasında hərəkət etdiyi də sübuta yetirilməmişdir.

12. Iddiaçı İddiaçı cavabdeh qismində cavabdeh1 qarşı iddia irəli sürməkdə onun X X X oğlunun qanuni vərəsəsi olmasını əsas götürür. cavabdeh1 X X X oğlunun qanuni vərəsəsi iş üzrə mübahisələndirilməyən haldır. Lakin nəzərə alınmalıdır ki, ** saylı, ##.##.2006-cı il tarixli payçı müqaviləsi üzrə iddiaçı İddiaçı müqavilənin digər tərəfi olan X X X oğluna heç bir ödəniş etmədiyindən, yəni öz üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən vərəsə kimi cavabdeh1 da atasının yerinə yetirməli olduğu öhdəliklərin onun tərəfindən icrasını tələb etmək hüququ yoxdur.

13. Iddiaçı İddiaçı cavabdeh qismində cavabdeh2 qarşı həmin şəxsə verdiyi pul vəsaitlərini əsassız varlanma müddəalarına istinadən geri tələb olunması ilə bağlı iddia qaldırmaq hüququ vardır. Hazırki iddia üzrə Sumqayıt şəhəri, 8-ci mkr, Babək küçəsi boyunca inşa edilən 8 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 110 kv.metrdən ibarət mənzillərdən birinin cavabdeh2 alınaraq, iddiaçıya verilməsi cavabdeh cavabdeh2 üzərinə öhdəlik kimi qoyula bilməz, çünki o, müqavilə üzrə tərəf deyil, bina tikintisi üzrə işləri həyata keçirmir. Onun heç bir hüquqi əsas olmadan əldə etdikləri natura formasında deyil, pul vahidi formasında olmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən cavabdeh cavabdeh2 ona ödədiyi vəsaitin indeksasiyası tələb oluna bilər.

14. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh cavabdeh2 əsassız varlanma hesabına əldə etdiyi 7000 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində vəsait ondan tutularaq, iddiaçı İddiaçı ödənilməlidir. Məhkəmə mövqeyini Mülki Məcəllənin 385.1, 390.1, 390.5, 405.1, 1091.1, 1092.1ci maddələrinə,

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Ismayılzadənin şikayətinə dair” ##.##.2007-ci il tarixli Qərarına, Insan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” ## ####### 1999-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Iddiaçı apellyasiya şikayəti verərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən ##.##.2024 və ##.##.2024-cü il tarixli arayışlarla müəyyən edilir ki, ##.##.2006-cı il tarixli müqaviləyə əsasən İddiaçı aldığı, 10-cu mkr, Babək küçəsində X X tərəfindən inşa edilməsi nəzərdə tutulan, lakin “X MTK” tərəfindən inşası başa çatdırılmış 8 mərtəbəli binanın 3-cü blok, 3-cü mərtəbəsində 110 kv.m mənzilin ödədiyi 7000 ABŞ dolları dəyərinə uyğun olan 28 kvadratın hər kv. metrinə bazar qiyməti 1300 manat hesablamaqla, 36400 manat dəyərindədir. Məhkəmə həmin sübuta qiymət verməmiş, eyni zamanda, onun vəsatəti əsasında ekspertiza keçirilməsindən imtina edilmişdir.

18. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbil edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi, mülki qanunvericilik hər bir iddia tələbi üçün məhkəməyə müraciət edilməsi müddətini müəyyən etmişdir və hazırki iddia tələbi üzrə iddia müddəti 2 ildir. Lakin məhkəmə cavabdehin məhkəmədə iştirakını təmin etməyərək və ona lazımi qaydada məlumat verməyərək iddia müddətinin tətbiqinə dair ərizə verməsini məhdudlaşdırmışdır. Hazırki iş üzrə iddiaçı 2006-2007-ci il illər ərzində 7000 ABŞ dolları ödəniş aparıldığını iddia etmiş, daha sonra müxtəlif məhkəmə mübahisələri ilə məhkəməyə müraciət etmiş, lakin iddia tələblərini uduzmuşdur. Bu isə göstərir ki, iddiaçı hüququnun pozulduğunu uzun müddət əvvəl bilmiş, lakin əsassız varlanma tələbi ilə məhkəməyə 2024-cü il tarixində müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş edir. Həmin ərizənin birinci instansiya məhkəməsində verilə bilməməsinin səbəbi məhz məhkəmənin cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməsi istiqamətində zəruri addımlar atmamasıdır. Bu isə məhkəmənin qanunsuz əməllərində öz təsdiqini tapır. Belə ki, iş materiallarına nəzər yetirdikdə görmək olar ki, iddiaçı ilkin olaraq əmlakın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Keçirilmiş məhkəmə hazırlıq iclaslarında iddia tələbi eyni qaydada qalmış, artıq məhkəmə baxışında iddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu zaman əvvəl məhkəmə ərizəni icraata qəbul etməmiş, daha sonra müşavirəyə getmiş və sonra icraatı təzələyərək ərizənin icraata qəbul edilməsi və məhkəmə baxışının davam etdirilməsi kimi qanunsuz və birtərəfli, eyni zamanda mülki prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozan hərəkətlər etməklə sanki iddiaçının mənafelərini müdafiə edən şəxs kimi çıxış edərək məhz iddiaçı işini uduzmasın deyə prosessual hərəkətlər etmişdir.

20. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin əsas tələbi ondan ibarətdir ki, əsassız varlanan şəxs o şəxs sayılır ki, o başqa şəxsin hesabına əmlak əldə etsin. Lakin hazırki iş üzrə məhkəmə qeyd edilən maddi hüquq normasının tələblərini kobud şəkildə pozaraq yalnız iddiaçının sözlərinə istinad etməklə cavabdehin hüquqlarını kobud şəkildə pozmaqla onun məhkəmə iclasında iştirakını təmin etmədən, eyni zamanda iddia tələbində göstərilən məbləğlərin cavabdeh tərəfindən alınıb-alınmadığını araşdırmadan qətnamə qəbul etmişdir. Halbuki, bu qədər böyük məbləğ cavabdehdən tutularkən onun hansı əsasla cavabdehə verildiyi, ümumiyyətlə qəbzdə qeyd edilən şəxsin cavabdeh olub-olmadığı araşdırılmalı, bunun üçün cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməli idi. Lakin göründüyü kimi məhkəmə cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən və iş üzrə zəruri araşdırma aparmadan qətnamə qəbul etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli, qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayətinin qismən təmin edilərək, cavabdeh cavabdeh2 apellyasiya şikayətinin isə təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək cavabdeh cavabdeh2 11213,13 (on bir min iki yüz on üç manat, o üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi alınaraq iddiaçı İddiaçı ödənilməsi, dövlət rüsumunun 69 manat hissəsi iddiaçı İddiaçı özünə aid edilməsi və cavabdeh cavabdeh2 apellyasiya şikayəti üzrə ödədiyi dövlət rüsumu özünə aid edilməsi qət edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın təmin edilməyən hissəsində faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin qeyd edilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmayıb.

23. Məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə... Sumqayıt şəhəri, 10-cu mkr, Babək küçəsi boyunca inşa edilən 8 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbənin ümumi sahəsi 110 kv.m-dən ibarət olan mənzilin 28 kv.m görə ödədiyi 7000 ABŞ dollarının hazırda mənzil satışının bazar qiymətinə nisbətdə pulun bank uçot dərəcəsi hesablanaraq 36400 manatın tutularaq ona qaytarılmasının irəli sürülməsi, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmaya şərait yaratmadan iddianı yalnız 7000 ABŞ dolları hissəsində təmin etmək üçün əsas ola bilməzdi. Çünki məhkəmə özü də qeyd olunan hissədə iddia tələbinin faktiki və hüquqi əsasını, əslində iddiaçının həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. Mad.14.1 və 167.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Ancaq birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırmaya şərait yaratmadığını hansısa formada əsaslandırmayıb. Belə ki, iddianın rədd edilməsi hissəsi üzrə qənaətində göstərib ki, iddiaçı tərəfindən cavabdeh cavabdeh2 ona ödədiyi vəsaitin indeksasiyası tələb oluna bilər. Lakin birinci instansiya məhkəməsi əslində iddiaçının 2006-2007-ci illərdə cavabdehə ödədiyi 7000 ABŞ dollarının alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərərə məruz qaldığını və məhz bu zərərin əvəzini cavabdehdən tələb etməsini nəzərə almamışdır.

24. Öhdəlik yalnız hansısa razılaşma yaxud əqd bağlanması nəticəsində yaranmır. Başqa sözlə, öhdəlik əsassız varlanmadan və zərərvurmadan da yarana bilir. Bu mənada cavabdeh cavabdeh2 iddiaçı qarşısında öhdəliyi təmin edilən hissədə əsassız varlanmadan, təmin edilməyən hissədə isə zərərvurmadan yaranmışdır. Başqa sözlə, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsində müəyyən edilənlər nəzərə alındıqda cavabdeh2 iddiaçının hesabına həm qanuni və ya müqavilə əsası olmadan əsassız varlanıb, həm də məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edən inflyasiya ilə əlaqədar əmlak xarakterli öhdəliklərini icra etməməsi nəticəsində iddiaçının əmlak aktivinin faktiki azalmasına səbəb olan mülkiyyət hüququnun pozulması ilə nəticələnən hərəkətlərə yol vermişdir. Buna görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub.

25. Iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsi üzrə məhkəmə qeyd etmişdir ki, iddia müddətinin tətbiqi institutu bir hüquqi müdafiə vasitəsidir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim olunması onun hüququndan istifadə kimi qiymətləndirilə bilər. Ancaq cavabdeh cavabdeh2 həm iddianın əsassız olduğunu bəyan etməsi, həm də iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini istəməsi bir-biri ilə uzlaşmır, yəni biri digərini tamamlamır. Belə çıxır ki, bu cür ərizə ilə iddiaçının hüquqlarını pozmasını etiraf edir. Başqa sözlə, bu cür ərizə verməklə hüquqi əhəmiyyət kəsb edən iradə ifadə edir, məhkəmə isə ərizə üzrə qərar qəbul etməlidir. Yəni, iddia müddətinin keçmədiyini nəzərə alıb mahiyyəti üzrə yaxud da iddia müddətinin keçdiyini nəzərə alıb iddiadan imtina barədə qərar qəbul edə bilər. Bu müddət pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Demək ki, pozulmuş subyektiv hüququn müdafiəsi müddətinin tətbiq edilməsini istəyən şəxs avtomatik olaraq hüququn mövcudluğunu və onun tərəfindən pozulduğunu etiraf edir. Çünki o, məhz buna görə pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əks halda belə yanaşma ortaya çıxır ki, iddiaçının subyektiv hüququ yoxdursa yaxud cavabdeh onu pozmayıbsa, iddia müddətinin tətbiqinin istənilməsinə lüzum yoxdur, çünki bu cür vəziyyətdə onsuz da iddia əsassızlığına görə rədd olunacaq. Ona görə də cavabdeh2 bir-birini təkzib edən iki iradəsi eyni anda mövcud ola bilməz. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və pozulduğunu iddia edir, cavabdeh2 isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu, həmin hüququ pozduğunu, lakin bu pozuntuya görə məsuliyyət müddətinin keçdiyini etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı, pozulub-pozulmadığı və kim tərəfindən pozulduğu barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olur. Nəzərə alınmalıdır ki, araşdırma tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Ona görə də, tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir(MM.m.1095). İddiaçı 2022-cü ilin ## #######ına kimi, yəni Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarı qəbul edilənədək məhz cavabdeh2 onun hüququnu pozduğunu bilə bilməzdi. Çünki o, tələb etdiyi mənzili yaxud buna görə ödədiyi vəsaiti hansısa digər məsələ ilə bağlı deyil, məhz X Xla sözügedən müqaviləni bağlayaraq mənzil almaq məqsədilə vermişdi. Düzdü, məhkəmələr həmin məbləğin məhz müqavilə tərəfi olan icraçı X Xa verildiyini təsdiq etmədi. Ona görə də hüququnun pozulduğunun iddiaçıya məlum olduğu vaxtdan 2 il keçməmiş məhkəməyə müraciət edilib və iddia müddətini də ötürməmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh cavabdeh2 (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr cavabdeh cavabdeh2 iddiaçıdan tələb olunan pul məbləğini faktiki olaraq almasını kifayət qədər və mötəbər sübutlarla müəyyən etməmişlər. Iş materiallarında həmin vəsaitin məhz cavabdehə verilməsini təsdiq edən birbaşa sübut yoxdur. Məhkəmələr yalnız iddiaçının izahatlarına və əvvəlki işlərdə X Xla bağlı verilmiş qiymətləndirmələrə istinad etməklə cavabdehin həmin məbləği aldığı qənaətinə gəlmişlər. Halbuki, əvvəlki məhkəmə aktlarında pulun məhz cavabdeh2 tərəfindən alınması faktı təsdiq edilməmişdir. Bu səbəbdən əsassız varlanma tələbinin əsas elementi olan “başqa şəxsin hesabına əmlak əldə etmə” halı sübuta yetirilməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizənin verilməsini guya cavabdehin iddiaçının hüququnu pozduğunu etiraf etməsi kimi qiymətləndirmişdir. Halbuki iddia müddətinin tətbiqi barədə ərizə prosessual müdafiə vasitəsidir və onun verilməsi iddianın mahiyyətcə etirafı kimi qəbul edilə bilməz. Əks yanaşma həm qanunun mənasına, həm də formalaşmış məhkəmə təcrübəsinə ziddir. Iddia müddəti faktiki olaraq keçmişdir. Iddiaçı özü mübahisəli ödənişlərin 2006–2007-ci illərdə edildiyini göstərmiş, lakin əsassız varlanma tələbi ilə yalnız 2024-cü ildə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddia müddətinin keçməsi məsələsi məhkəmə tərəfindən ciddi hüquqi qiymətləndirilməli idi. Apellyasiya məhkəməsi isə bu məsələyə düzgün yanaşmamış, hüququn müdafiəsi müddəti ilə bağlı normaları səhv tətbiq etmişdir.

29. Birinci instansiya məhkəməsi tərəfindən ciddi prosessual pozuntulara yol verilmiş, iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmə baxışı mərhələsində qanunsuz qaydada icraata qəbul edilmişdir. Apellyasiya instansiyası həmin pozuntulara lazımi hüquqi qiymət verməmiş və onları aradan qaldırmamışdır.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

Kassasiya baxışının hədləri:

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

33. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Insan Hüquqlarının və X1 X2:

34. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

39. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

40. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir.

41. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Apellyasiya məhkəməsi iddianın həlli ilə bağlı belə qənaətə gəlmişdir ki, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı hüquqi əsas olmadan 7000 ABŞ dolları əldə etmiş, bu vəsaiti vaxtında qaytarmamışdır. Ona görə də cavabdeh2 əsassız varlanma qaydaları çərçivəsində İddiaçı qarşısında pulun alıcılıq qabiliyyətinin azalması da nəzərə alınmaqla 11213,13 manat öhdəlik daşıyır.

49. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

50. Belə ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əsassız varlanan (varlanmış şəxs) sayılır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 38-40).

51. Göründüyü kimi, əsassız varlanma üçün aşağıdakı şərtlər təsbit olunmalıdır: cavabdehin əmlak əldə etməsi, bunu iddiaçının əmlakı hesabına əldə edilməsi, əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn əsasın olmaması. Qeyd olunan şərtlərdən birinin aşkar edilməməsi əsassız varlanma çərçivəsində iddianın təmin olunmasını istisna edir.

52. Baxılan işdə cavabdeh cavabdeh2 iddiaçı İddiaçı hesabına əmlak əldə etməsi, başqa sözlə iddiaçının cavabdehə qarşı tələb hüququnun mövcudluğu lazımi qaydada əsaslandırılmamışdır.

53. Cavabdeh cavabdeh2 apellyasiya şikayətində bildirmişdir ki, “...bu qədər böyük məbləğ cavabdehdən tutularkən onun hansı əsasla cavabdehə verildiyi, ümumiyyətlə qəbzdə qeyd edilən şəxsin cavabdeh olub-olmadığı araşdırılmalı, bunun üçün cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməli idi”. Həmin cavabdeh eyni zamanda iddia müddətinin tətbiq edilməsi haqqında ərizə vermişdir.

54. Göründüyü kimi cavabdeh cavabdeh2, pul vəsaitinin ona verildiyini mübahisələndirmişdir. Belə olan halda, həmin mübahisəli halı sübuta yetirmək sübutetmənin ümumi qaydaları çərçivəsində iddiaçının üzərinə düşmüşdür.

55. Məlum olduğu kimi, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 43).

56. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü bir qayda olaraq iddiaçının üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 44).

57. Baxılan işdə apellyasiya məhkəməsi iddiaçının cavabdehə pul vəsaiti verməsi və bu səbəbdən ona qarşı tələb hüququnun mövcudluğu ilə bağlı lazımi araşdırma aparmamışdır. Məhkəmə bu məsələdə mövqeyini belə əsaslandırmışdır ki, “...cavabdeh2 həm iddianın əsassız olduğunu bəyan etməsi, həm də iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini istəməsi bir-biri ilə uzlaşmır, yəni biri digərini tamamlamır. Belə çıxır ki, bu cür ərizə ilə iddiaçının hüquqlarını pozmasını etiraf edir. ...pozulmuş subyektiv hüququn müdafiəsi müddətinin tətbiq edilməsini istəyən şəxs avtomatik olaraq hüququn mövcudluğunu və onun tərəfindən pozulduğunu etiraf edir. ...cavabdeh2 isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu, həmin hüququ pozduğunu, lakin bu pozuntuya görə məsuliyyət müddətinin keçdiyini etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı, pozulub-pozulmadığı və kim tərəfindən pozulduğu barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olur”.

58. Kassasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmır, ona görə ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi haqqında ərizə verməsi avtomatik olaraq onun iddiaçı qarşısında öhdəliyini etiraf etməsi kimi qəbul edilə bilməz. Çünki iddia müddəti kreditorun (iddiaçının) tələb hüquqlarına qarşı borclunun (cavabdehin) fərdi müdafiə vasitəsidir. Tələb hüququnun mövcudluğu təsbit edildiyi halda əgər cavabdeh bu vasitədən istifadə edərsə, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qalxır, yəni iddia bu əsasla rədd edilir. Tələbin mövcudluğu sübuta yetirilmədiyi halda isə iddia sözügedən müddətin keçməsinə görə deyil, iddiaçının cavabdehə qarşı tələb hüququ olmadığına görə təmin edilməməlidir. Ona görə də bu xarakterli işlərə baxılarkən məhkəmələr birinci növbədə tələb hüququnun varlığını müəyyən etməlidir. Təbii ki, həmin hal cavabdeh tərəfindən mübahisə edildikdə iddiaçı tələbinin mövcudluğunu ümumi qaydada sübuta yetirməlidir. Cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olması sübuta yetirildikdən sonra iddia müddətinin tətbiqi məsələsi müzakirə olunmalıdır.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da L.İ.Binnətovanın şikayəti üzrə ##.##.2008-ci il tarixli qərarında vurğulamışdır ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

60. Hazırkı işdə apellyasiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, iddiaçının cavabdehə qarşı tələb hüququnun mövcud olmasını, başqa sözlə cavabdehin iddiaçı qarşısında öhdəlik daşımasını lazımi şəkildə əsaslandırmadan qətnamə qəbul etmişdir.

61. Bu hal Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X1 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 33-34).

62. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

63. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə iddiaçının öz tələbinin mövcudluğunu sübuta yetirməsinə, eləcə də cavabdehin etirazına və müdafiəsinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar