Məhkəmə qərarları › İş №2(1-8)-759/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-759/2026

12.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-759/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, tikilinin sökülməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı (bundan sonra – “iddiaçı”) ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra – “üçüncü şəxs”) ##.##.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahları Binəqədi Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-****/** nömrəli qətnaməsi ilə pozulmuşdur.

2. Bakı Şəhəri Icra Hakimiyyətinin başçısının ##.##.2003-cü il tarixli “Özəlləşdirilmiş torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi haqqında” sərəncamına əsasən ünvan 3 saylı ünvanda üçüncü şəxsə məxsus 4323,6 m2 torpaq sahəsində (bundan sonra – “mübahisəli torpaq sahəsi”) Cavabdeh Mənzil-Tikinti Kooperativinə (bundan sonra – “cavabdeh”xxxx“MTK”) çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir.

3. Binəqədi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı və üçüncü şəxs arasında ünvan 4 ünvanında 0,43236 ha torpaq sahəsinin bərabər paylarda bölünərək həmin əmlakın ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir.

4. Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə mübahisəli torpaq sahəsinin açıq hərracda satılması, hərracda ilkin satış qiymətinin 5 600 000 manat müəyyən edilməsi; satışdan əldə edilən məbləğin hazırkı iş üzrə iddiaçı və üçüncü şəxs arasında ½ hissədə paylarına uyğun olaraq bərabər qaydada ödənilməsi qət edilmişdir.

5. Nərimanov Rayon Icra Şöbəsinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyəxxxxdigər orqana qaytarılması barədə” ##.##.2022-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli icra sənədinin “Icra haqqında” AR Qanununun 70.4-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılması qərara alınmışdır. Belə ki, torpaq sahəsinin üzərində bina inşa edildiyi üçün əmlakın hərracdan satılması mümkün olmamışdır.

6. Nərimanov Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Nərimanov Rayon Icra Şöbəsinin icra məmuru Rafail Səfərovun “icrası mümkün olmayan icra sənədinin məhkəməxxxxdigər orqana qaytarılması” haqqında ##.##.2022-ci il tarixli qərarının ləğv edilməsi, Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.

7. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli torpaq sahəsinin ½ hissəsi iddiaçının xüsusi mülkiyyətinə, ½ hissəsi isə üçüncü şəxsin xüsusi mülkiyyətinə ##.##.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsinin pay üzrə ona məxsus ½ hissəsində MTK tərəfindən özbaşına olaraq inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının cavabdehin hesabına sökülərək cavabdeh tərəfindən zəbt edilmiş 0,43236 ha torpaq sahəsinin pay üzrə ona məxsus ½ hissəsinin cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılması, məhkəməyə müraciət üçün ödənilmiş 2 190 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, uzun müddətdir ki, MTK iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş, mülkiyyətçinin razılığı və icazəsi olmadan, şəhərsalma və tikinti normalarını və qaydaları ciddi surətdə pozmaqla zəbt etdiyi torpaq sahəsində özbaşına olaraq çoxmənzilli yaşayış binaları inşa etdirmişdir. Iddiaçı dəfələrlə cavabdehin qanunsuz sahibliyindən əmlakını geri tələb etsə də, heç bir nəticəsi olmamışdır.

10. MTK iddiaya qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı əsassız tələblərlə MTK-ya qarşı məhkəmə qaydasında qanunsuz varlanmağa çalışmış, üçüncü şəxsin məhkəməyə təqdim etdiyi etirazda da bu niyyət dolayısı ilə etiraf olunmuşdur. Mübahisəli torpaq sahəsi ilkin olaraq X1 məxsus olmuş və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə sonradan MTK-nı yaradan 4 təsisçi arasında razılıq əldə edilmişdir. ##.##.2003cü il tarixli təsis müqaviləsinə əsasən torpaq sahəsi Ilqar Əliyevin tikintiyə qoyduğu pay kimi 400 000 000 manat dəyərində qəbul edilmiş, lakin tərəflər arasında real pul ödənişi olmamışdır. Razılaşmaya uyğun olaraq torpaq sahəsi ##.##.2003-cü il tarixdə MTK sədri təyin olunmuş üçüncü şəxsin adına rəsmiləşdirilmiş, daha sonra Bakı şəhəri Icra Hakimiyyətinin ##.##.2003-cü il tarixli sərəncamı ilə həmin ərazidə yaşayış binasının tikintisinə icazə verilmişdir. Tikinti 2006-cı ildə başa çatmış, fevral ayında təsisçilər arasında pay bölgüsü aparılmış və hər kəs, o cümlədən üçüncü şəxs öz payını almışdır. Bundan sonra üçüncü şəxs sədrlikdən azad edilmiş, bir müddət sonra isə ailəsi ilə birlikdə Rusiyaya köçmüşdür. Torpaqla bağlı sonradan yaranmış mübahisələr üçüncü şəxs tərəfindən qəsdən yaradılmış, iddiaçı isə torpaq sahəsinin faktiki olaraq MTK-nın ümumi fəaliyyəti çərçivəsində istifadə edildiyini və artıq üzərində çoxmərtəbəli bina inşa olunduğunu bildiyi halda müxtəlif dolayı tələblərlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia ərizəsində adı çəkilən torpaq sahəsi məhz MTK yaratmaq və üzərində bina tikilməsi üçün birgə fəaliyyət məqsədilə 4 təsisçi arasında razılaşdırılmaqla əldə edilmiş, üçüncü şəxsin adına rəsmiləşdirilmiş, üzərində bina inşa edilməsi üçün müraciət edilmiş və müvafiq icazələr alınmaqla, üzərində bina tikilmişdir. Bu baxımdan iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur və təmin oluna bilməz.

11. Üçüncü şəxs iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin uzun illər əvvəl tikinti altına alındığını, üzərində çoxmərtəbəli yaşayış binasının inşa edildiyini və həmin vəziyyətin dəyişdirilməsinin mümkün olmadığını bildiyi halda hazırkı tələblə məhkəməyə müraciət etmişdir. MTK yaradılarkən mübahisəli torpaq sahəsi X1 məxsus olmuş, ##.##.2003-cü il tarixli təsis müqaviləsinə əsasən həmin torpaq sahəsi 400 000 000 manat məbləğində onun pay haqqı kimi qəbul edilmiş, Ilqar Əliyev tərəfindən torpaq sahəsi və üzərindəki tikililərlə bağlı sənədlər, o cümlədən həyat yoldaşının notariat qaydasında təsdiq edilmiş razılığı kooperativə təqdim edilmiş və ilkin üzvlük haqqı ödənilmişdir. Təsisçilərin qarşılıqlı razılığı ilə torpaq sahəsi sonradan üçüncü şəxsin adına rəsmiləşdirilmiş, müvafiq icazələr alındıqdan sonra ərazidə yaşayış binası tikilmiş, 2006-cı ildə tikinti başa çatdıqdan sonra isə hər bir təsisçi qazancdan öz payına düşən hissəni götürmüşdür. Iddiaçı üçüncü şəxsin keçmiş həyat yoldaşı və yaxın qohumu olmaqla torpaq sahəsinin hüquqi və faktiki vəziyyətindən tam məlumatlı olmuşdur. Sonradan maliyyə çətinlikləri ilə üzləşdiklərinə görə iddiaçı ilə üçüncü şəxs adlarında qalmış, lakin faktiki olaraq sərəncam verdikləri əmlaklarla bağlı yenidən tələblər irəli sürmək, qohumlardan pulxxxxəmlak almaq məqsədilə mübahisələr yaratmaq qərarına gəlmiş, bu məqsədlə iddiaçı Bakıya qayıdaraq məhkəmə çəkişmələrinə başlamışdır. Onların məqsədi həmin torpaq sahələrindən istifadə etmək deyil, məhkəmə yolu ilə qarşı tərəfi təzyiq altında saxlayaraq pulxxxxmənzil əldə etmək olmuş, lakin sonradan tərəflər iddiaçının daha böyük həcmdə vəsait tələb etdiyini anlayaraq bu tələbləri qəbul etməmişlər. Üçüncü şəxsin mövqeyinə görə hazırkı iddia əvvəlcədən düşünülmüş əsassız varlanma və özgə əmlakını ələ keçirmə niyyətinin davamı olmaqla vicdansız davranış xarakteri daşıyır və bu səbəbdən təmin edilməməlidir.

12. Məhkəmə tərəfindən mübahisəli ünvana yerində baxış keçirilmiş, ərazidə çoxmənzilli yaşayış binasının tikildiyi və binada yaşayışın olduğu müəyyən edilmişdir.

13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim - M.Əfəndizadə) iddia təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, mülki işin materialları, o cümlədən tərəflərin izahatları, yerli müayinə iclasının protokolu və audio-video yazısına əsasən mübahisəli torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli binada sakinlər yaşamaqdadırlar, mənzillərin üzərində xüsusi mülkiyyət barədə bir neçə çıxarış da məhkəməyə təqdim edilmişdir. Işin hallarından da göründüyü kimi inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli bina hüquqi rejiminə görə özbaşına tikili hesab edilmir.

15. Belə ki, MTK mübahisəli daşınmaz əmlakı tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa etməmiş, o cümlədən müvafiq dövlət orqanlarından lazımi qaydada alınmış icazələri əsasında ona ayrılmış torpaq sahəsində mübahisəli binanı inşa etmiş, həmin torpaq sahəsinin hündürmərtəbəli, çoxmənzilli binaya hüquqları səlahiyyətli inzibati orqanlar tərəfindən verilmiş inzibati aktlar əsasında təsdiqlənmişdir. Həmin hüquq müəyyənedici sənədlər isə qüvvədə olmaqla, inzibati qaydada mübahisələndirilməmişdir.

16. Aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir və hazırkı işdən səlahiyyətli dövlət orqanları tərəfindən mübahisəli tikilinin sökülməsi ilə bağlı müvafiq tədbirlər görüldüyü müəyyən edilməmişdir.

17. Məhkəmə hesab etmişdir ki iddiaçıya müvafiq icazələr alınmaqla tikilmiş tikililərin sökülməsi ilə bağlı hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ mövcud qanunvericiliklə verilməmişdir. Belə olan halda, nə qədər ki, MTK-nın inşa etdiyi mübahisəli hündürmərtəbəli çoxmənzilli yaşayış binasının sökülməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edilməsi faktı müəyyən edilmir, həmin mübahisəli tikilinin inşasına icazə verən inzibati orqanın qərarları qüvvədədir, ləğv edilməmişdir, həmin qərarlar mübahisələndirilmədiyindən tikilinin qanunvericiliyin tələblərinə uyğun olmadığı barədə iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır.

18. Məhkəmə hesab etmişdir ki, sözügedən hündürmərtəbəli çoxmənzilli yaşayış binası 1/2 hissədə iddiaçıya məxsus torpaq sahəsində inşa edildiyinə baxmayaraq həmin torpaq sahəsi və orada inşa olunmuş bina Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin “ədalətli balans” prinsipi, o cümlədən ədalətli tarazlığa riayət edilməsi baxımından da özbaşına tikili adı ilə sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinin qanuni və faktiki əsası mövcud deyildir.

19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1, Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 152.1, 152.2, 154.1, 159, 165.1, 180.1, 180.4, Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3, 92.4.1, 95, 95.1.1, 95.1.2, 95.2, 97.2ci maddələrinə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının ##.##.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə, Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə və Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və oxşar təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsi yaşayış binası tikintisi üçün nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinin isə sonradan təyinatı dəyişdirilməmişdir. Həmin binalar şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına olaraq inşa edilmişdir. Ikincisi, həmin torpaq sahəsində mülkiyyətçi olaraq yaşayış binasının inşa edilməsinə razılığı və icazəsi olmamışdır. Icra Hakimiyyətinin saxta sərəncamının mövcudluğu onun üçün heç bir məhdudiyyət yarada bilməz. Həmin sərəncamı tutaq ki, məhkəmələr heç bir əsas olmadan ləğv etmədi, hazırda isə məhkəmə belə mövqedədir ki, tikililər özbaşına tikili sayılmır. Sual olunur belə olan halda o, öz mülkiyyətində olan torpaq sahəsini hansı yolla geri qaytarmalıdır? Göründüyü kimi məhkəmə qanunsuz qətnaməsi ilə onu mülkiyyətindən məhrum etmişdir. Həmin özbaşına tikililərin sökülməsi tələbi barədə iddia qaldırmaq hüququ isə Mülki Məcəllənin 180.4-cü maddəsində birbaşa nəzərdə tutulmuşdur. Hazırki mübahisənin yalnız bir həlli yolu vardır ki, o da, özbaşına tikililərin sökülməsi və əmlakın açıq hərracda satılması ilə bağlı qanuni qüvvəsini almış Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin icrasının təmin edilməsidir. Məhkəmədə işə baxılarkən Mülki Məcəllənin 180.1ci, 180.4-cü maddələrinin adları çəkilsə də, həmin maddələrin tələbləri işə baxan hakim tərəfindən səhv təfsir edilmişdir. Bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə əsas məqamı diqqətdən kənarda qoymuşdur ki, onun mülkiyyətində olan torpaq sahəsinin ½ hissəsi faktiki olaraq cavabdehin qanunsuz sahibliyindədir. O, özünə məxsus torpaq sahəsini MTK-ya verməmişdir. Bu barədə heç bir hüquqi sənəd yoxdur. Yəni cavabdeh ona məxsus torpaq sahəsini özbaşına olaraq zəbt etmiş və çoxmənzilli yaşayış binaları inşa etdirmişdir. Bu səbəbdən qeyd olunan torpaq sahəsi açıq hərracdan satıla bilmir. Məhkəmə qərarları icra olunmalı, onun torpağı boşaldılaraq ona qaytarılmalıdır. Bu isə həmin özbaşına olaraq inşa edilmiş binaların sökülməsi ilə mümkündür. Sadaladığı məhkəmə mübahisələri getdiyi dövrdə artıq qeyd olunan binalar özbaşına şəkildə inşa edilmişdi. Məhkəmələr həmin özbaşına tikililərə görə onun mülkiyyət hüququnu pozan heç bir qətnamə qəbul etməmişdir. Bütün məhkəmə prosesləri onun xeyrinə qərarlar qəbul olunmaqla nəticələnmişdir. Həmçinin, ona məxsus torpaq sahəsi ünvan 1 ünvanında yerləşir. Cavabdeh tərəfin ən sonuncu məhkəmə iclasında (sübutlar hazırlıq iclasınadək məhkəməyə təqdim edilə bilərdi) məhkəməyə təqdim etdiyi X3, X4, X8, X9, X6, X7, X2, X5 adlarına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlara nəzər saldıqda görmək olar ki, həmin çıxarışların, ümumiyyətlə, ünvan 1 ünvanına heç bir aidiyyəti yoxdur. Həmin çıxarışlar ünvan 2 A,B,C ünvanlarında yerləşən başqa mənzillərə aid çıxarışlardır. Əgər ünvan 72 ünvanından 70 ünvanına dəyişdirilmişdirsə, bu saxtakarlıq nəticəsində baş vermiş, saxta formada ayrı-ayrı şəxslərə 70 ünvanı adı altında çıxarışlar verilmişdir. Məhkəmə həmin sənədlərin, həqiqətən, hansı ünvanda yerləşən mülkiyyətdir sualına mütəxəssis rəyi alacağı halda vacib lazımi rəyi almamışdır. Çünki ünvan 1 ünvanı ½ hissədə ona məxsusdur, heç bir bina sakini həmin ünvanda inşa edilən özbaşına tikiliyə sənəd əldə edə bilməz. Sübut olaraq qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli arayışlar verərək bildirmişdir ki, iddiaçının mülkiyyətində olan sözügedən torpaq sahəsinin ½ hissəsi üzərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir, MTK-nın adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həm də ona məxsus torpaq sahəsi üzərində necə ola bilər ki, başqa şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınsın, bu qanunla mümkün deyildir. Qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan sadalanan bu və digər faktiki hallar aydınlaşdırılmamışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: M.Rüstəmli – sədrlik edən və məruzəçi, G.Axundova və F.Qasımov).

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyin müvafiq normalarına əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

24. Iş materiallarında olan birinci instansiya məhkəməsinin yerində müayinə protokolundan və yerində müayinənin nəticələrini əks etdirən videoyazıdan müəyyən edilir ki, torpaq sahəsində yerləşən yaşayış binalarında yaşayış var, hətta iş materiallarında sakinlərin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatları barədə çıxarışlar mövcuddur. O da nəzərə alınmalıdır ki, sözügedən binalar özbaşına inşa edilməmiş, yuxarıda da qeyd edildiyi kimi, onların inşası Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2003-cü il tarixli, *** nömrəli sərəncamı əsasında həyata keçirilmişdir.

25. Məhkəmə kollegiyası yaşayış binalarının mənzildən kənardaxxxxmənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsub olduğunu, həmin mülkiyyətçilərin isə sözügedən əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malik olduqlarını nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi təmin edilə bilməz.

26. Kollegiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, hazırda Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən icra tədbirləri davam etdirilir. Məhkəmənin sorğusuna cavab olaraq bu barədə Nərimanov Rayon Icra Şöbəsi tərəfindən məlumat verilmişdir.

27. Sözügedən icra sənədinə əsasən torpaq sahəsi hərracdan satıldıqdan sonra satışdan əldə olunmuş məbləğin yarısı iddiaçıya təqdim edilməlidir. Beləliklə, icra sənədinin icrası təmin edildiyi təqdirdə iddiaçı torpaq sahəsinin ona düşən payına uyğun dəyərini əldə edəcəkdir. Belə olan halda isə hazırkı iddianın təmin edilməsi bu əsasla da mümkün olmur.

28. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı hazırda MTK tərəfindən yaşayış binasının tikintisinə icazə verilməsi barədə Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2003-cü il tarixli, *** nömrəli sərəncamı Bakı Inzibati Məhkəməsində mübahisələndirsə də, sərəncamın ləğv edilib-edilməməsindən asılı olmayaraq yuxarıda şərh olunanlara əsasən hazırki iş üzrə iddianın təmin edilməsi istisna edilir. Odur ki, məhkəmə kollegiyası hazırkı mülki iş üzrə icraatın dayandırılması barədə iddiaçının vəsatətini əsassız sayaraq təmin edilməməsi qənaətinə gəlmişdir.

29. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 139.1, 139.3, 140, 152.1, 227.1, 241.3, 243.1, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3 və 254.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

30. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

31. Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri üzrə - hazırkı işdə məhkəmələr tərəfindən həmin normaların mahiyyəti və hüquqi nəticələri nəzərə alınmamışdır. Belə ki, iddiaçının torpaq sahəsinin ½ hissəsi üzərində mülkiyyət hüququ ##.##.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bununla da onun həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqları tam həcmdə yaranmışdır. Buna baxmayaraq iddiaçıya məxsus pay üzrə torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsində qalmaqda davam etmiş, iddiaçı həmin torpaqdan nə istifadə edə, nə də ona dair sərəncam verə bilmişdir. Torpaq sahəsinin açıq hərracda satılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası da məhz həmin torpaq üzərində tikilmiş binaya görə mümkün olmamışdır. Beləliklə, iddiaçının dövlət qeydiyyatı ilə təsdiq edilmiş sərəncam hüququ faktiki olaraq həyata keçirilə bilməmiş, Mülki Məcəllənin 146.2-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqi nəticə reallıqda təmin olunmamışdır. Məhkəmələr isə bu ziddiyyəti aradan qaldırmaq əvəzinə, iddiaçının mülkiyyət hüququnun yalnız formal mövcudluğunu qəbul etmiş, lakin həmin hüququn effektiv icrasını təmin etməmişlər. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin ½ hissəsinin cavabdehin istifadəsinə verilməsixxxxhəmin hissə üzərində tikinti aparılması ilə bağlı iddiaçının iradəsini ifadə edən, notariat qaydasında təsdiq edilmiş hər hansı müqavilə mövcud deyildir. Deməli, iddiaçıya məxsus pay üzrə torpaq sahəsindən istifadənin hüquqi əsası Mülki Məcəllənin 146 və 146.3cü maddələrinin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməmişdir. Bu isə onu göstərir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının hüquqi qüvvəsi və mülkiyyətçinin sərəncam hüququnun mütləqliyi məhkəmələr tərəfindən lazımi qaydada nəzərə alınmamış, nəticədə iddiaçının qanunla təmin edilmiş mülkiyyət hüququ faktiki olaraq məhdudlaşdırılmışdır.

32. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 127-ci maddələri üzrə - hazırkı işdə məhkəmələr tərəfindən bu konstitusion prinsipə tam əməl edilməmişdir. Belə ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar – iddiaçının torpaq sahəsinə dair dövlət qeydiyyatından keçmiş mülkiyyət hüququnun real həyata keçirilməsinin mümkünsüzlüyü, hərracın faktiki olaraq baş tutmaması, torpaq sahəsindən istifadə və sərəncam hüququnun məhdudlaşdırılması hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmələr cavabdeh tərəfin mövqeyini əsaslandıran inzibati aktlara və formal sənədlərə üstünlük vermiş, lakin iddiaçının mülkiyyət hüququnun mahiyyətini təşkil edən istifadə və sərəncam imkanlarının faktiki olaraq aradan qalxmasını lazımi hüquqi qiymətləndirməmişdir. Bununla da tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuş, iddiaçının mülkiyyət hüququnun müdafiəsi təmin edilməmişdir. Həmçinin məhkəmə qərarlarında mülkiyyət hüququnun yalnız formal mövcudluğu qəbul edilmiş, lakin həmin hüququn real və effektiv həyata keçirilməsinin təmin edilib-edilməməsi məsələsinə hüquqi baxımdan adekvat qiymət verilməmişdir. Halbuki Konstitusiyanın 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququ yalnız nominal deyil, həm də faktiki və effektiv müdafiəni nəzərdə tutur. Beləliklə, işə baxılarkən Konstitusiyanın 127-ci maddəsində təsbit olunmuş qərəzsizlik, obyektivlik və qanunauyğunluq prinsipləri tam təmin edilməmiş, maddi hüquq normalarının tətbiqində balanslı və əsaslandırılmış yanaşma nümayiş etdirilməmişdir.

33. Mülki Məcəllənin 6-cı maddəsi üzrə - hazırkı iş üzrə məhkəmələr tərəfindən qəbul edilmiş qərarlar həmin maddədə təsbit olunmuş fundamental prinsiplərin real təminatını təmin etməmişdir. Belə ki, ilk növbədə Məcəllənin 6.1.4-cü bəndində nəzərdə tutulan mülkiyyətin toxunulmazlığı prinsipi faktiki olaraq pozulmuşdur. Iddiaçının dövlət qeydiyyatında təsdiqlənmiş mülkiyyət hüququ formal olaraq tanınsa da, həmin hüququn praktik həyata keçirilməsi – torpaq sahəsindən istifadə və sərəncam imkanları – təmin edilməmişdir. Mülkiyyətin toxunulmazlığı yalnız nominal tanınma deyil, onun real müdafiəsini və maneəsiz istifadəsini nəzərdə tutur. Eyni zamanda, 6.1.7-ci bəndə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmalıdır. Hazırkı vəziyyətdə iddiaçı öz mülkiyyət hüququnu nə naturada həyata keçirə, nə hərrac yolu ilə reallaşdıra, nə də faktiki istifadə edə bilir. Bu isə mülki hüququn maneəsiz həyata keçirilməsi prinsipinə ziddir. Bundan əlavə, 6.1.8 və 6.1.9cu bəndlər pozulmuş hüquqların bərpasının təmin edilməsini və mülki hüquqların məhkəmə müdafiəsini nəzərdə tutur. Məhkəmələr tərəfindən iddia rədd edilməklə, iddiaçının hüququnun faktiki pozuntusuna hüquqi həll mexanizmi təqdim edilməmiş, alternativ kompensasiyaxxxxdigər effektiv müdafiə vasitələri araşdırılmamışdır. Nəticədə məhkəmə müdafiəsi formal xarakter daşımış, pozulmuş hüququn real bərpası təmin edilməmişdir. Məcəllənin 6.2-ci maddəsinə əsasən isə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün azad şəkildə əldə edir və həyata keçirirlər. Hazırkı işdə iddiaçıya məxsus torpaq sahəsi üzərində onun iradəsi və razılığı olmadan inşa edilmiş tikililər nəticəsində həmin hüquqların sərbəst həyata keçirilməsi faktiki olaraq mümkünsüz hala düşmüşdür. Beləliklə, qəbul edilmiş məhkəmə qərarları mülki qanunvericiliyin əsas prinsipləri – mülkiyyətin toxunulmazlığı, hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və effektiv məhkəmə müdafiəsi prinsipləri ilə uzlaşmır və bu baxımdan Mülki Məcəllənin 6-cı maddəsinin hüquqi məzmununa zidd nəticə doğurur.

34. MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88-ci maddələri üzrə - iddiaçı hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan normaların tələbləri pozulmuşdur.

35. Iddiaçı şikayətin “digər məsələlər” bölməsində qeyd etmişdir ki, Mülki Məcəllənin 152ci maddəsi mülkiyyət hüququnu dövlət tərəfindən qorunan mütləq hüquq kimi müəyyən edir, 157.2 və 157.4-cü maddələr mülkiyyətçiyə qanunsuz sahiblikdən əmlakı geri tələb etmək və pozuntunun aradan qaldırılmasını istəmək hüququ verir, 180.1-ci maddə isə mülkiyyətçinin razılığı olmadan aparılmış tikintini özbaşına tikili hesab edir və belə tikilinin hüquqi nəticə doğurmadığını təsbit edir. Bu normalar imperativdir və məhkəmə onları tətbiq etməyə borcludur. Lakin hər iki instansiya məhkəməsi qanunu tətbiq etməkdən imtina etmiş, faktiki olaraq öz mülahizələrini qanundan üstün tutmuşdur. Torpaq Məcələsinin 70, 71 və 111-ci maddələrinə əsasən torpaqdan istifadə yalnız mülkiyyətçinin razılığı ilə mümkündür, özbaşına zəbt isə hüquq pozuntusu olmaqla torpağın geri qaytarılması və pozuntunun aradan qaldırılması ilə nəticələnməlidir. Cavabdeh tərəfindən torpaq faktiki zəbt edilmiş, lakin məhkəmələr bu zəbt faktını hüquqi qiymətləndirmədən yayındırmışlar.

36. Şəhərsalma və Tikinti Məcələsinin müvafiq normalarına görə tikinti üçün torpaq üzərində hüquqi əsas mövcud olmalıdır. Mülkiyyətçinin razılığı olmadan verilmiş hər hansı inzibati icazə hüquqi nəticə yarada bilməz. Icra hakimiyyətinin sərəncamı mülkiyyət hüququnu aradan qaldıra bilməz. Lakin məhkəmələr bu fundamental prinsipi nəzərə almamış, icra hakimiyyətinin aktını mülkiyyət hüququndan üstün tutmuşlar ki, bu da hüquqi dövlət prinsipinə açıq ziddir.

37. Prosessual baxımdan da kobud pozuntular mövcuddur. MPM-in 14, 88, 217 və 218ci maddələrinin tələblərinə baxmayaraq, məhkəmələr sübutları hərtərəfli və obyektiv araşdırmamış, mübahisənin predmeti olan əsas hüquqi faktlara – mülkiyyət hüququnun mövcudluğu, razılığın olmaması, özbaşına tikinti və torpağın zəbt edilməsi hallarına hüquqi qiymət verməmiş, qərarlar isə formal və şablon mülahizələrlə əsaslandırılmışdır. Sübutların qiymətləndirilməsi selektiv aparılmış, cavabdehin iddiaları fakt kimi qəbul edilmiş, iddiaçının sübutları isə nəzərə alınmamışdır.

38. Daha ağır hüquqi səhv ondan ibarətdir ki, məhkəmələr “iddiaçı tikintinin mövcudluğunu əvvəlcədən bilirdi” arqumentini hüquqi əsas kimi qəbul etmişlər. Mülkiyyət hüququndan imtina yalnız açıq iradə ifadəsi ilə mümkündür. Susmaxxxxbilmək faktı mülkiyyət hüququnun itirilməsi demək deyildir. Bu yanaşma mülki hüququn əsas prinsiplərinə zidd olmaqla hüquqi absurddur. Beləliklə, məhkəmələr mülkiyyət toxunulmazlığı prinsipini, özbaşına tikilinin sökülməsi barədə imperativ normaları, torpaq qanunvericiliyini və prosessual ədalət prinsiplərini sistemli şəkildə pozmuş, nəticədə açıq-aşkar qanunsuz və əsassız qətnamələr qəbul etmişlər.

39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 33-41-ci bəndlərində göstərilən mövqe xüsusilə kobud hüquqi səhvlərlə doludur və həmin bəndlərdə ifadə edilən yanaşma kassasiya müdaxiləsi üçün birbaşa əsasdır. Məhkəmə öz qərarında apellyasiya baxışının məqsədinin maddi və prosessual hüquq normalarına riayət olunmasını yoxlamaq olduğunu bəyan etsə də, faktiki olaraq belə yoxlama aparmamış, birinci instansiyanın qətnaməsini mexaniki surətdə təsdiqləmişdir. 33-cü bənddə şikayətin təmin edilməməsi barədə nəticə göstərilmiş, lakin bu nəticənin hansı hüquqi əsaslara söykəndiyi izah olunmamış, maddi hüquq normaları tətbiq edilməmiş, sübutların hüquqi təhlili aparılmamışdır. Bu isə MPM-in 217-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış məhkəmə qərarı tələbinin pozulmasıdır.

40. 34-cü bənddə məhkəmə torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olduğunu etiraf edir, eyni zamanda həmin torpaqda icra hakimiyyəti sərəncamı əsasında tikinti aparıldığını qeyd edir, lakin bu iki faktın hüquqi toqquşmasına qiymət vermir. Bu isə məhkəmənin əsas vəzifəsindən yayınmasıdır. Çünki mülkiyyətçinin razılığı olmadan inzibati akt heç bir halda mülkiyyət hüququndan üstün ola bilməz. Konstitusiyanın 29-cu maddəsi mülkiyyətin toxunulmazlığını birbaşa təmin edir. Inzibati orqan mülkiyyətçinin razılığı olmadan üçüncü şəxsə tikinti hüququ verə bilməz. Apellyasiya məhkəməsi isə bu fundamental konstitusion prinsipi tamamilə nəzərə almamış, inzibati sərəncamı mülkiyyət hüququndan üstün tutmuşdur ki, bu da hüquqi dövlət prinsipinin açıq pozuntusudur.

41. 35, 36, 37 və 38-ci bəndlərdə məhkəmə hüquqi əhəmiyyət daşımayan hallara – təsisçi münasibətlərinə, guya əvvəlki razılaşmalara, iddiaçının tikintidən xəbərdar olmasına, illərin keçməsinə – istinad etmişdir. Bu arqumentlərin heç biri mülkiyyət hüququnun məhdudlaşdırılması üçün qanuni əsas deyildir. Mülki hüquqda “bilirdi”, “susdu”, “uzun müddət keçdi” kimi mülahizələr mülkiyyət hüququnu aradan qaldırmır. Hakim faktiki olaraq hüquqda mövcud olmayan “bilmək = razılıq” formulu tətbiq etmişdir. Bu, açıq hüquqi absurddur və mülkiyyət institutunun mahiyyətini dağıdır. Mülkiyyət yalnız qanunlaxxxxaçıq iradə ifadəsi ilə məhdudlaşdırıla bilər. Hakimin belə məntiqi hüququn deyil, subyektiv yanaşmasının nəticəsidir.

42. 39 və 40-cı bəndlərdə məhkəmə əvvəlki məhkəmə aktına istinad edərək torpağın açıq hərracda satılıb pulun iddiaçıya ödənilməsi ehtimalını iddianın rəddinə əsas kimi göstərmişdir. Bu isə mülkiyyət hüququnun mahiyyətini tam təhrif edən yanaşmadır. Mülkiyyətçinin əsas hüququ naturada əmlaka sahib olmaqdır, pul kompensasiyası isə yalnız müstəsna və könüllü hallarda tətbiq oluna bilər. Məhkəmə iddiaçının torpağa faktiki sahiblik hüququnu ləğv edib onu məcburi şəkildə pula razı salmağa çalışmışdır. Bu, Konstitusiyanın 29-cu maddəsinin və Avropa Insan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin pozulmasıdır. Dövlətin və məhkəmənin borcu mülkiyyətçini torpağından məhrum etmək deyil, hüququnu bərpa etməkdir.

43. Ən kobud hüquqi səhv isə 41-ci bənddə edilmişdir. Həmin bənddə məhkəmə açıq şəkildə bildirir ki, icra hakimiyyəti sərəncamının inzibati qaydada mübahisələndirilməsinin nəticəsindən asılı olmayaraq bu iddia təmin edilə bilməz. Bu ifadə məhkəmənin hüquqi baxımdan əvvəlcədən nəticə müəyyən etdiyini göstərir. Əgər sərəncamın ləğv edilməsi də qərara təsir etməyəcəksə, deməli, məhkəmə sübutları araşdırmadan qərarını əvvəlcədən formalaşdırmışdır. Bu isə ədalətli məhkəmə araşdırmasının məntiqinə ziddir və MPM-in obyektivlik, hərtərəfli araşdırma və əsaslandırılmış qərar prinsiplərinin açıq pozuntusudur. Bundan əlavə, sərəncamın taleyi tikintinin hüquqi əsasını birbaşa müəyyən edir. Sərəncam qanunsuz olarsa, tikinti hüquqi əsasını itirir və 180-ci maddəyə görə özbaşına tikili sayılır. Məhkəmə isə bu hüquqi bağlılığı bilərəkdən inkar etmişdir. Bu, maddi hüququn tətbiq edilməməsi və yanlış tətbiqidir.

44. Beləliklə, apellyasiya instansiyası hakimləri aşağıdakı kobud pozuntulara yol vermişlər: maddi hüquq normalarını tətbiq etməmiş, imperativ normaları nəzərə almamış, mülkiyyət hüququnun üstünlüyünü inkar etmiş, inzibati aktı mülkiyyət hüququndan üstün tutmuş, sübutları selektiv qiymətləndirmiş, işin predmetindən kənar mülahizələrə əsaslanmış, nəticəni əvvəlcədən müəyyən etmiş, qərarı hüquqi əsaslandırmadan məhrum etmiş, tərəflərin bərabərliyi və obyektivlik prinsiplərini pozmuş, iddiaçını faktiki olaraq mülkiyyətindən məhrum etmişlər. Bu pozuntuların hər biri ayrıca kassasiya əsasını təşkil edir, birlikdə isə qərarın tam ləğvini zəruri edir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

47. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

48. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

49. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

50. Maddə 227.1. Yaşayış binasının mənzildən kənardaxxxxmənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

51. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.

52. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

57. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

61. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

63. Məhkəmə kollegiyası əlavə olaraq kassasiya şikayətinin mülkiyyət hüququnun pozulması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə görə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

64. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarından da göründüyü kimi çoxmənzilli bina uzun illərdir ki, istifadəyə verilib və mənzillər üçüncü şəxslərə satılmışdır. Hazırkı halda iddiaçının mülkiyyət hüququnun naturada bərpası məqsədilə çoxmərtəbəli yaşayış binasının sökülməsi çoxsaylı mənzil mülkiyyətçilərinin Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarına müdaxilə təşkil edərdi. Belə müdaxilə iddiaçının nail olmaq istədiyi məqsədlə müqayisədə qeyri-mütənasib olardı.

65. Məhkəmə kollegiyası onu da bildirir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüququ olsa da, həmin hüquq digər şəxslərin mülkiyyət hüquqlarını tamamilə aradan qaldıracaq şəkildə həyata keçirilə bilməz.

66. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsinxxxxnəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

67. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsixxxxdəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

68. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar