Məhkəmə qərarları › İş №2(1-8)-764/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-764/2026

23.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-764/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi (işə bərpa tələbi), ƏM-in 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi işburaxmaya görə əmək haqqının, çəkilmiş xərclərin və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra – cavabdeh) arasında 2020-ci il ## #### tarixli ASL*** nömrəli əmək müqaviləsi bağlanmış və iddiaçı MMCdə Istismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə 12 ay müddətinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bağlandığı andan qüvvəyə minmiş, ilk 3 ay sınaq müddəti müəyyən edilmişdir. Müqavilədə işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi halda işəgötürəni məlumatlandırmaq və xəstəlik vərəqəsini təqdim etmək öhdəliyi, habelə əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun xitam verilməsi qaydası nəzərdə tutulmuşdur.

2. Müqaviləyə edilmiş əlavə ilə iddiaçı 2023-cü il # #### tarixdən Təchizat üzrə menecer vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 3.100 manat müəyyən olunmuşdur. Vəzifə öhdəliklərinə satınalma prosesinin təşkili, müqavilələrin idarə olunması, xərclərin optimallaşdırılması və digər aidiyyəti funksiyalar daxil edilmişdir.

3. Cavabdeh MMC-nin 2024-cü il # #### tarixli ***-**/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən aparılan araşdırma yekunlaşana qədər iddiaçı əmək haqqı saxlanılmaqla işdən kənarlaşdırılmışdır.

4. 2024-cü il ## #### tarixli aktla İddiaçı və digər əməkdaşlar tərəfindən satınalma prosesində uyğunsuzluq və saxtakarlıq halları müəyyən edilmişdir. Aktda “xxxx” MMC ilə aparılmış alışlarda bazar qiymətindən artıq ödənişlərə yol verilməsi, fərqli brend məhsulların təqdim edilməsi, təchizatçılara üstünlük verilməsi və nəticədə şirkətə maddi ziyan vurulması qeyd edilmişdir. Araşdırma nəticəsində şirkətə ümumilikdə maddi ziyan vurulduğu müəyyən edilmişdir.

5. Iddiaçı 2024-cü il ## #### tarixdən işə gəlməməsi ilə bağlı xəbərdar edilmiş və səbəbləri təsdiq edən sənədlərin təqdim olunması tələb edilmişdir.

6. * saylı Poliklinika tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqəyə əsasən iddiaçı 2024-cü il ## #### tarixdən 2024-cü il ## #### tarixədək müalicədə olmuşdur.

7. “xxxx” MMC-nin 2024-cü il ## #### tarixli məktubunda bildirilmişdir ki, “Assa Abloy” markalı məhsullar üzrə təqdim edilmiş qiymət təkliflərində məhsul adı dəyişdirilərək “Omni” markası qeyd edilmiş, lakin qiymət yüksək marka üzrə göstərilmişdir. Məktubda bu əməl nəticəsində şirkətə maddi ziyan vurulduğu və “xxxx” MMC-nin qazanc əldə etdiyi etiraf edilmişdir.

8. 2024-cü il ## ##### tarixli qüsur aktına əsasən “xxxx” MMC tərəfindən təqdim edilmiş metal təkərlərin istifadəyə yararsız olduğu müəyyən edilmiş və tərəflər arasında ödəniləcək məbləğin azaldılması barədə razılıq əldə olunmuşdur.

9. Cavabdeh MMC-nin 2024-cü il ## #### tarixli T****-** nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilmişdir. Əmr ilə son haqq-hesabın ödənilməsi və əmək müqaviləsinə xitam barədə məlumatın elektron sistemə daxil edilməsi tapşırılmışdır.

10. Iş üzrə məhkəməyə sübut qismində əmək kitabçası, qaimə-fakturalar, satış çekləri, “WhatsApp” yazışmaları, fotoşəkillər və digər sənədlər təqdim edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin 2024-cü il ## #### tarixli əmrinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməsi, iddiaçının MMC-də Təchizat üzrə menecer vəzifəsinə bərpa edilməsi, iddiaçının 2024cü il ## #### tarixdən işə bərpa olunmasına dair müvafiq əmr verildiyi tarixədək məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pulun və 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsinə xitam verilməzdən əvvəl, 2024-cü il # #### tarixdə heç bir rəsmiləşdirmə aparılmadan işdən kənarlaşdırılmış, daha sonra isə xəstə olduğu dövrdə işdən azad edilməsinə cəhd edilmişdir. Xəstə olduğu müddətdə cavabdeh MMC-in əməkdaşları tərəfindən iddiaçının qeydiyyatda olduğu poliklinikaya zəng edilərək onun barəsində nüfuzdan salan məlumatlar verilmişdir. Bundan əlavə, cavabdehin əmrdə istinad etdiyi 2024-cü il ## #### tarixli akt iddiaçıya təqdim edilməmiş, onun həmin sənədlə tanış olmaq və izahat vermək hüququ təmin edilməmişdir. Iddiaçı əmrin surətində aktla tanış edilmədiyini qeyd etmişdir. O, 2024-cü il ## ##### tarixdə mediasiya təşkilatına müraciət etmiş, 2024-cü il ## ### tarixdə mediasiya prosesi nəticəsiz başa çatmış və bu barədə müvafiq arayış verilmişdir. Cavabdeh tərəfindən onun təqsirli hərəkəti, vurulmuş maddi ziyanın məbləği və həmin hərəkətlə zərər arasında səbəbli əlaqə müəyyən edilmədiyindən, əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur.

13. Cavabdeh MMC-nin nümayəndəsi X2 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, əmək müqaviləsinə və vəzifə öhdəliklərinə əsasən, iddiaçı şirkətin təhlükəsizlik və məxfilik qaydalarına riayət etməli, yalnız tələb olunan məhsulların sifarişini təsdiqləməli, xərclərin optimallaşdırılmasını təmin etməli və aidiyyəti şöbələrlə razılaşdırılmış şəkildə fəaliyyət göstərməli idi. 2024-cü ilin mart ayında aparılmış daxili araşdırma zamanı iddiaçı və digər əməkdaşın vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, tender prosedurlarını pozduğu, məhsul markalarını əsassız dəyişdirdiyi və nəticədə şirkətə maddi ziyan vurduğu müəyyən edilmişdir. Araşdırma çərçivəsində onların əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Araşdırma müddətində iddiaçı Əmək Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq əməkhaqqı saxlanılmaqla işdən kənarlaşdırılmış, sonradan yoxlama materialları ilə tanış edilmiş və izahatı alınmışdır. Iddiaçı “Kale” markalı məhsul əvəzinə daha baha qiymət göstərilməklə digər markaların alınmasına şərait yaratmış, nəticədə bazar qiymətindən xeyli baha alış həyata keçirilmiş və şirkətə ümumilikdə 35.000 manat məbləğində ziyan vurulmuşdur. Iddiaçı tender sənədlərini saxtalaşdıraraq müəyyən təchizatçının süni şəkildə qalib seçilməsinə şərait yaratmış, şirkətin daxili standartlarını pozmuş və təhlükəsizlik baxımından uyğunluğu yoxlanılmamış məhsulların alınmasına səbəb olmuşdur. Bu hərəkətlərin şirkətin nüfuzuna və təchizatçılarla münasibətlərinə mənfi təsir göstərdiyi vurğulanmışdır. Bundan əlavə, cavabdeh iddiaçının 2024-cü il 18–20 mart tarixlərində işə səbəbsiz gəlmədiyini, sonradan xəstə olduğunu bildirdiyini və təqdim edilən məlumatların yoxlanılması məqsədilə müvafiq tibb müəssisəsi ilə əlaqə saxlanıldığını qeyd etmişdir. Əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, bütün prosedurlar düzgün sənədləşdirilmiş və Əmək Məcəlləsinin tələblərinə tam əməl olunmuşdur. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

14. Iddiaçı məhkəmə iclasında bildirmişdir ki, “Bravo” marketdə 4 il istismar xidmətləri sahəsində çalışmış, son vəzifəsində isə 1 il fəaliyyət göstərmişdir. Iş fəaliyyəti dövründə hər il mükafatlandırılmışdır. O, 17 ədəd kilidlə bağlı keçirilmiş satınalma prosesinə görə işdən çıxarılmış və ona “tender qaydalarını pozduğu” bildirilmişdir. Halbuki, təqdim olunan 4 təklifdən 3-ü eyni marka, 1-i isə fərqli marka üzrə olmuşdur. Iddiaçı yalnız 5.000 manata qədər olan sənədləri təsdiqlədiyini, daha yüksək məbləğlərin isə şöbə rəhbəri tərəfindən təsdiqləndiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, şirkətdə yeni təchizatçının qeydiyyatı minimum bir ay çəkir və yazışmalar tam şəkildə araşdırılarsa, məsələnin mahiyyəti aydın görünər. Bundan əlavə, kilidlərin quraşdırılması şirkət tərəfindən həyata keçirildiyi üçün ayrıca quraşdırma xərci nəzərdə tutulmamışdır. Işdən uzaqlaşdırılması barədə ona əvvəlcə şifahi qaydada “işə gəlməməsi” bildirilib. Xəstə olduğu müddətdə isə ondan poliklinikadan arayış tələb edilmişdir. Daha sonra HR tərəfindən çağırılaraq maaş artımı ilə bağlı sənəd imzaladılmış, sonradan isə yenidən dəvət edilərək şifahi qaydada işdən kənarlaşdırıldığı bildirilmişdir. Satınalma şöbəsində çalışdığı müddətdə 3 dəfə audit yoxlamasından keçdiyini, 10 illik iş təcrübəsinə malik olduğunu və fəaliyyəti dövründə hər hansı ciddi pozuntuya yol vermədiyini qeyd etmişdir. O, həmçinin şirkət daxilində bəzi tender prosesləri ilə bağlı rəhbərliyə əvvəlcədən məlumat verdiyini bildirmişdir. Bundan əlavə, başqa bir tender keçirilib, həmin şirkətdən 800.000 manat kompensasiya alınıb, lakin heç bir şəxsi işdən çıxarılmamışdır.

15. Iddiaçının nümayəndəsi və vəkili vəkil1 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsini sifarişli hesab etmiş və bunun digər şəxsin onun yerinə gətirilməsi məqsədilə həyata keçirildiyini düşünmüşdür. Iddiaçı 2022-ci il # ######## tarixdə Təchizat üzrə qrup rəhbəri, 2023-cü il # #### tarixdə isə Təchizat üzrə menecer vəzifəsinə təyin edilmiş, ümumilikdə təxminən 18,5 ay təchizat strukturunda fəaliyyət göstərmişdir. Həmin dövrdə cavabdehin daxili nəzarət strukturu tərəfindən üç dəfə yoxlama aparılmış, lakin iddiaçının fəaliyyətində hər hansı neqativ hal və ya satınalma prosedurlarında pozuntu müəyyən edilməmişdir. Əksinə, iddiaçının fəaliyyəti nəticəsində xərclərdə təxminən 718.000 manat qənaət əldə olunmuşdur. 2024-cü il ## #### tarixli aktın əvvəlki dövrləri də əhatə etməsi audit prinsiplərinə ziddir. Hesab edilmişdir ki, cavabdeh iddiaçının fəaliyyətində başqa pozuntu müəyyən edə bilmədiyi üçün yalnız qıfıl məsələsinə istinad etmişdir. Qeyd olunmalıdır ki, “xxxx” MMC cavabdehin təchizatçılar siyahısına hələ 2016-cı ildən daxil edilmiş və iddiaçı həmin dövrdə cavabdeh MMC-də çalışmamışdır. Bundan əlavə, “xxxx” MMC ilə dövriyyənin artması mağaza sayının artması və təmir-tikinti işlərinin genişlənməsi ilə bağlı olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş məktubun mötəbər sübut hesab olunması mümkün deyildir. Həmin məktub yalnız məhkəmə baxışı zamanı təqdim edilmiş, orada iddiaçı ilə hər hansı əlbirlik göstərilməmiş, ziyanın məbləği isə dəqiq əsaslandırılmamışdır. Məktubun cavabdehin diktəsi ilə hazırlanması ehtimalı istisna olunmur. Qüsur aktı 23 aprel tarixli olduğu halda, həmin aktda təkərlərlə bağlı məsələlərin necə əks olunması aydın deyildir. Eyni zamanda, 17 qıfıl bir dəfəyə deyil, bir il ərzində mərhələli şəkildə alınmış və hər dəfə son istifadəçi tərəfindən məhz həmin qıfılların sifariş olunması tələb edilmişdir. Nicat Ismayılov tərəfindən “Assa Abloy” qıfılları tələb olunsa da, faktiki olaraq “Omni” qıfılları qəbul edilmiş və qəbul aktları imzalanmışdır. 2024-cü il # #### tarixli işdən kənarlaşdırma əmri ilə bağlı da prosedur pozuntuları mövcuddur. Əmrdə üç nəfərin adı göstərilsə də, həmin şəxslər əmrlə tanış edilməmişdir. Halbuki aktda yalnız iki nəfərin – iddiaçı və Cavidanın adı qeyd olunmuşdur. Iddiaçıya sözügedən əmrin təqdim edilmədiyi və yalnız şifahi məlumat verildiyi bildirilmişdir. Maddi ziyanın məbləği də cavabdeh tərəfindən müxtəlif sənədlərdə fərqli göstərilmiş və məhkəmə iclasında buna aydın izah verilməmişdir. Təqdim edilmiş hesablamalara əsasən, 15 qıfıl üçün ümumilikdə 6.318 manat ödənilmişdir. Cavabdehin iddia etdiyi kimi qıfılların real dəyəri 80 manat qəbul olunsa belə, mümkün fərq 5.118 manat təşkil edir, 35.000 manat deyil. Bununla yanaşı, “Assa Abloy” qıfıllarının alınması daha yüksək məbləğ tələb etdiyindən, “Omni” qıfıllarının seçilməsi nəticəsində əslində vəsaitə qənaət edilmişdir. Bundan əlavə, qıfılların sifarişçisi və qəbul edən şəxsin Nicat Ismayılov olduğu müəyyən edilir. Əgər təqdim edilən məhsullar sifarişə uyğun deyildisə, həmin malların hansı əsasla qəbul edilməsi cavabdeh tərəfindən izah edilməmişdir. Cavabdeh yalnız iddiaçını məsul şəxs kimi göstərməyə çalışmış, lakin maddi ziyanı, təqsiri və səbəbli əlaqəni hüquqi baxımdan sübut edə bilməmişdir. Nəticə etibarilə, 2024-cü il ## #### tarixli əmrin verilməsi üçün hüquqi əsasların mövcudluğu sübut olunmamış, araşdırma materialları iddiaçıya təqdim edilməmiş və prosedur qaydalarına əməl edilməmişdir. Buna görə də məhkəmədən iddianın tam təmin olunması xahiş edilmişdir.

16. Cavabdeh MMC-nin nümayəndəsi vəkil2 məhkəmə iclasında iddia tələblərini qəbul etməmiş, təqdim edilmiş etirazın dəlillərini müdafiə etmiş və izahatında bildirmişdir ki, son istifadəçi tender prosesinin nəticələri və qalib təchizatçı barədə məlumata malik olmur. Malın qəbulu zamanı istifadəçi yalnız məhsulun adını, yəni “qıfıl” məhsulunu və onun sayını görərək qəbul aktını imzalayır. Nümayəndənin sözlərinə görə, təsərrüfat şöbəsi tərəfindən “Assa Abloy” markalı məhsullar üzrə sorğu verilmiş, lakin tender nəticəsində “Omni” markalı məhsullar təklif edilmişdir. Nicat adlı əməkdaş da məhsulu qəbul edərkən, məsələn, “iki ədəd qıfıl” qəbul etdiyini görmüş və həmin qaydada təsdiq etmişdir. Bundan əlavə, nümayəndə qeyd etmişdir ki, iddiaçı tərəfindən digər xərclərin azaldılması və şirkətə iqtisadi fayda verilməsi onun vəzifə öhdəliklərinin icrası hesab olunur və bu hallar şirkətə ziyan vurulması faktını aradan qaldırmır.

17. Cavabdehin digər nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı işəgötürənə maddi ziyan vurmaqla kobud pozuntuya yol vermiş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. O, həmçinin qeyd etmişdir ki, “xxxx” şirkətinin ziyanla bağlı məktubu diktə əsasında hazırlanmışdır ki, bu hal yolverilməz hesab olunur. Nümayəndənin sözlərinə görə, araşdırmanın gedişinə maneələrin qarşısını almaq məqsədilə iddiaçı, Cavidan və Ismayılov Nicat əmək haqları saxlanılmaqla işdən kənarlaşdırılmış, bu barədə verilmiş əmrlə iddiaçı tanış olsa da, onu imzalamaqdan imtina etmişdir. Əmr sonradan rəsmi qaydada onların yaşayış ünvanına göndərilmişdir. Nümayəndə iddianın əsaslılığının hər hansı hüquq norması ilə sübuta yetirilmədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.

18. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəmənin əvvəlki iclasında bildirmişdir ki, məhsullar bazar dəyərindən xeyli yüksək qiymətə alınmış, satınalma prosesində isə daxili qaydalar və tender prosedurları pozulmuşdur. Iddiaçı təchizat şöbəsində çalışdığı dövrdə sorğuların düzgünlüyünə cavabdeh olmuş, sorğuları imzalayaraq təsdiq etmişdir. Həmçinin onun rəhbəri Salman Arslan da uyğunsuzluqlara görə işdən azad edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, digər şirkətlərə alternativ təklif verməyə imkan yaradılmadığı halda, “xxxx” şirkətinə belə imkan verilmiş, lakin bununla bağlı sənədlər tender materiallarına əlavə edilməmişdir. Bu hal iddiaçının elektron yazışmaları əsasında müəyyən edilmişdir. Bazar qiyməti təxminən 80-100 manat olan kilidlər 468 manata satın alınmış, nəticədə quraşdırma və sökülmə xərcləri də daxil olmaqla ümumilikdə 35.000 manat məbləğində zərər yaranmışdır. Bundan əlavə, şirkətin daxili qaydalarına əsasən əməkdaşlıq edilən şirkətin ən azı üç illik fəaliyyət tarixçəsi olmalı olduğu halda, “xxxx” yeni yaradılmış şirkət olmuşdur ki, bu da ayrıca prosedur pozuntusudur. Bununla yanaşı, “xxxx” MMC ilə əvvəlki əməkdaşlıq sonradan “xxxx” adı altında davam etdirilmiş, lakin yeni hüquqi şəxs kimi fəaliyyət göstərən bu şirkətin rəhbərliyi və hüquqi statusu dəyişmişdir. “xxxx” ilə əməkdaşlığın genişlənməsi nəticəsində digər məhsulların da həmin şirkət vasitəsilə alınması təmin edilmişdir.

19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim R.T.Əhmədov) 2024-cü il # ######## tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

20. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. Iddiaçı tərəfindən yol verilmiş pozuntular nəticəsində işəgötürənə maddi ziyan dəymiş, bununla əlaqədar iddiaçı əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq işdən kənarlaşdırılmış, araşdırma aparılmış, izahatlar alınmış və müvafiq akt tərtib edilmişdir. Işəgötürən işdən azad etməyə əsas olan sübutları məhkəməyə təqdim etmiş və həmin sübutlar məhkəmə iclasında araşdırılmışdır.

21. Məhkəmə hesab etmişdir ki, tərtib edilmiş aktda göstərilən və iddiaçı tərəfindən təkzib olunmayan hallar Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə uyğun olaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsas yaratmışdır. Bu səbəbdən iddia tələbi həmin hissədə əsassız hesab edilmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, digər işçilərlə bağlı görülmüş tədbirlərə dair sübutlar təqdim edilməmişdir və belə sübutlar təqdim edilsə belə, hazırkı mübahisənin həlli üçün hüquqi əhəmiyyət daşımır. Çünki tərəflər arasında bağlanmış müqavilə fərdi əmək müqaviləsidir və digər işçilərlə bağlı qərarlar hazırkı iş üzrə nəticəyə təsir göstərmir.

23. Məhkəmə belə qənaətə gəlmişdir ki, işəgötürən əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eləcə də 71, 80, 84, 187 və 189-cu maddələrinin tələblərinə riayət etmişdir. Iddiaçının vəzifə öhdəliklərini pozduğu konkret halların sənədlərlə təsdiq olunduğu nəzərə alınaraq, mübahisələndirilən əmrin ləğvi üçün əsas müəyyən edilməmişdir. Həmçinin əmrin ləğvi barədə tələb təmin edilmədiyindən, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi barədə tələblər də törəmə tələb kimi təmin oluna bilməz.

24. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, cavabdeh MMC mübahisələndirilən əmrin qanuni və əsaslı olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmiş və həmin sübutların hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 2, 9, 11, 46, 70, 72, 83, 186, 296-cı maddələrinin müvafiq hissə və bəndlərinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Iddiaçı maddi və prosessual hüquq normalarının pozulmasını, cavabdehin qəbul etdiyi əmrin ƏM-in tələblərinə cavab vermədiyini, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyinin, maddi ziyanın vurulmasının və bu ziyanın məbləğinin, hərəkət və ya hərəkətsizliklə maddi ziyan arasında səbəbli əlaqəninin olub-olmamasının nəzərə alınmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

28. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, etirazını birinci instansiya məhkəməsinə təqdim olunmuş etirazla eyni əsaslarla əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, iddiaçının törətdiyi pozuntu sübuta yetirilmiş, onun hərəkətləri nəticəsində cavabdehin mənafeyinə ziyan dəymişdir. Həmçinin qeyd edilmişdir ki, MMC-yə 35.000 manat ziyan vurulması iddiaçının tenderdə süni şəkildə qalib gəlməsinə səbəb olmuş və bu hal alışları həyata keçirən “xxxx” şirkətinin məktubu ilə də təsdiq edilmişdir. Məktubda iddiaçının və digər işçilərin iştirakı ilə həmin əməlin törədildiyi göstərilmiş, bunun cəmiyyətin işgüzar nüfuzuna və reputasiyasına mənfi təsir etdiyi vurğulanmışdır. Yekunda apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi hakim), F.V.Abdıyev və F.F.Babayev) 2025-ci il # ###### tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi müddətdə satınalma prosesində ciddi pozuntulara yol vermiş, bahalı məhsul adı ilə daha ucuz məhsullar alınmasına şərait yaratmış, “xxxx” şirkətinə üstünlük vermiş və nəticədə işəgötürənə maddi ziyan vurmuşdur. Bu hallar daxili araşdırma aktları, yazışmalar, təchizatçı məktubları və digər sübutlarla təsdiqlənmişdir. Işəgötürən tərəfindən iddiaçının izahatı alınmış, araşdırma aparılmış və ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə 72-ci maddəsinin “c” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir.

31. Məhkəmə xüsusilə vurğulamışdır ki, işdən azad edilmə qanuni və əsaslı olmuş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Iddiaçı isə öz iddialarını təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də həm işə bərpa, həm də mənəvi zərər tələbləri rədd edilmiş, apellyasiya şikayəti təmin olunmamışdır.

32. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1 və 2-ci hissələrinə, «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü, Insan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin 2-ci bəndlərinə, Iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsinə, ƏM-in 2, 10, 35, 70, 71.2, 72, 191, 192-ci, MPMin 77.1, 372.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

33. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı və MMC tərəfindən təqdim edilmiş sənədləri araşdırdığını göstərsə də, qətnamənin əsaslandırma hissəsində əsasən həmin sənədlərin mətnini və MMC-nin etirazından götürülmüş ifadələri təkrarlamaqla kifayətlənmiş, iddiaçının irəli sürdüyü əsas arqumentlərə isə hüquqi qiymət verməmişdir. MMC müxtəlif sənədlərində maddi ziyanın vurulduğunu qeyd etsə də, məhkəmə ziyanın faktiki olaraq mövcud olub-olmamasını, onun nədə ifadə edildiyini və məbləğini müəyyən etməmişdir. Halbuki bu hallar iş üzrə əhəmiyyətli məsələlərdən biri olmuşdur. Nə birinci instansiya, nə də apellyasiya məhkəməsi dəymiş ziyanın məbləğini müəyyən edə bilmişdir. Məhkəmə iddiaçının əmək funksiyalarını və həmin funksiyaların icra olunubolunmamasını ayrıca araşdırmalı idi. Iddiaçının vəzifəsi qiymət cədvəlinin tərtib edilməsi və qalibin düzgün seçilməsinə dair qiymətləndirmə aparmaqdan ibarət olmuşdur. Iddiaçı qiymət təkliflərində göstərilən məlumatların və əlavə yazışmaların yoxlanılmasına görə məsuliyyət daşımamışdır. Buna baxmayaraq, məhkəmə bu məsələyə tam hüquqi qiymət verməmiş, qiymət təklifləri ilə bağlı halları araşdırmamışdır. Həmçinin qeyd edilmişdir ki, hərəkətlə zərər arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməli olduğu halda, məhkəmə nə həmin hərəkətə, nə də iddia edilən zərərə ətraflı qiymət vermiş, səbəbli əlaqənin nədən ibarət olduğunu əsaslandırmamışdır. Qətnamədə əsasən “iddiaçı sübut edə bilmədi, cavabdeh isə sübut etdi” yanaşması ilə göstərilmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.Ə.Abbasov (məruzəçi), Ə.G.Nurməmmədov və R.M.Həsənov) 2025-ci il # #### tarixli *(***)- ****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

36. Kassasiya kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “c” bəndi əsasında, 2024cü il ## #### tarixli əmrlə xitam verilmiş, əsas kimi 2024-cü il ## #### tarixli akt göstərilmişdir.

37. Məhkəmələr yalnız 2024-cü il ## #### tarixli aktla iddiaçının maddi ziyan vurması nəticəsinə gəlmişlər. Halbuki işçinin işəgötürənə maddi ziyan vurması nəticəsinə gəlmək üçün təkcə ziyan faktının mövcudluğu yetərli deyil, bunun üçün həmçinin təqsirkarın (hazırkı halda işçi olan iddiaçının) əməli, yəni hərəkət və ya hərəkətsizliyinin qanuna zidd olması və qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə müəyyən edilməlidir. Işdən isə müəyyən edilmişdir ki, məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi işin hallarını (cavabdehin dəlilləri baxımından iddiaçının işəgötürənə maddi ziyan vurmasını) Əmək Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulan bütün şərtlər daxilində yoxlamamış, yalnız cavabdehin dəlillərinə və ## #### 2024-cü il tarixli akta əsaslanaraq maddi ziyanın vurulduğunu müəyyən etmişlər. Nəzərə alınsa ki, iddiaçı da həmin aktla razı olmadığını, aktda yazılanların həqiqəti əks etdirmədiyni bildirir, bu baxımdan, qeyd edilən hallar açıq qaldığı üçün yalnız ## #### 2024-cü il tarixli akta istinadən iddiaçının cavabdehə maddi ziyan vurulması barədə gəlinən nəticə əsaslı sayıla bilməz.

38. Bundan əlavə, iddiaçı 2024-cü il ## #### tarixli aktın ona təqdim edilməməsini, bu səbəbdən həmin aktla tanış olub ona dair öz mülahizəsini bildirmək imkanından məhrum edilməsini bildirmişdir.

39. Əmək Məcəlləsinin 203-cü maddəsinin 1 və və 2-ci hissələrinə görə iddiaçının ## #### 2024-cü il tarixli aktla tanış edilməli olması, onun araşdırma sənədləri ilə tanış olub, etiraz bildirmək hüququ təsbit edilsə də, işdən həmin aktın iddiaçıya təqdim edilməsi müəyyən edilməyib. Bu da iddiaçını onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan sənədlə tanış olub, ona dair etirazını bildirmək hüququnu pozmuşdur.

40. Həmçinin iddiaçının işəgötürənə maddi ziyan vurmasının sübutu kimi “xxxx” MMC tərəfindən MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli *** nömrəli məktuba (II cild, iş v.22) istinad edilmiş və qeyd edilmişdir ki, “xxxx” MMC əməlin cavabdeh MMC-nin adıçəkilən işçilərinin təsdiqi ilə törədildiyini bildirmişdir (bax:35-ci bənd).

41. Əvvəla, qeyd edilən məktub ## #### 2024-cü il tarixli aktdan sonra verilib. Ikincisi, cavabdehə ünvanlanan həmin məktubda “Cəmiyyətin əməkdaşları” ifadəsindən istifadə olunmaqla, cavabdehin əməkdaşlarından heç kimin, o cümlədən iddiaçının adı çəkilməyib. Buna görə də həmin məktuba istinadən maddi ziyanın məhz iddiaçı tərəfindən vurulması nəticəsinə gəlinməsi əsaslı görünmür, həm də bu hal digər sübutlarla da müəyyən edilməyib.

42. Məhkəmə öz mövqeyini ƏM-in 2, 10, 11, 70, 71, 72, 186, 191, 192-ci, MPM-in 14.2, 77.1, 88, 416.1, 416.2, 417.1.1, 418.1, 418.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərarına istinad edərək əsaslandırmışdır.Top of Form

c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

43. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.Imanov) 2025-ci il # ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, cavabdeh MMC-nin ##.##.2024-cü il tarixli, T****-** nömrəli əmri qismən, yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməsi, iddiaçının MMC-nin Təchizat üzrə menecer vəzifəsinə bərpa edilməsi, iddiaçının ##.##.2024-cü il tarixdən işə bərpa olunmasına dair müvafiq əmr verildiyi tarixədək məcburi işburaxmaya görə əmək haqqısının hesablanaraq ona verilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pulun əvəzinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

44. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək münasibətlərinin əsas prinsipləri tərəflərin hüquq bərabərliyi, onların mənafelərinin ədalətli qorunması və qanunun aliliyinin təmin olunmasıdır. Bu prinsiplərə görə işçi və işəgötürən əmək münasibətlərində bərabər hüquq və vəzifələrə malikdir. ƏM-in 72-ci maddəsinin “c” bəndinə əsasən, işçinin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində işəgötürənə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Işəgötürənin ##.##.2024-cü il tarixli əmrinə əsasən, iddiaçının cavabdehə maddi ziyan vurduğu ##.##.2024-cü il tarixli aktla əsaslandırılmışdır.

45. Halbuki işçinin işəgötürənə maddi ziyan vurması nəticəsinə gəlmək üçün təkcə ziyan faktının mövcudluğu yetərli deyil, bunun üçün ƏM-in 191-ci maddəsinə əsasən, ziyanın mövcudluğu, qanunazidd əməl və həmin əməl ilə nəticə arasında səbəbli əlaqə müəyyən edilməlidir. Sadalanan şərtlərdən hər hansı birinin olmaması maddi məsuliyyəti istisna edir.

46. Işdən isə müəyyən edilmişdir ki, rayon məhkəməsi işin hallarını (cavabdehin dəlilləri baxımından iddiaçının işəgötürənə maddi ziyan vurmasını) Əmək Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulan bütün şərtlər daxilində yoxlamamış, yalnız cavabdehin dəlillərinə və ##.##.2024-cü il tarixli akta əsaslanaraq maddi ziyanın vurulduğunu müəyyən etmişdir. Nəzərə alınsa ki, iddiaçı da həmin aktla razı olmadığını, aktda yazılanların həqiqəti əks etdirmədiyni bildirir, bu baxımdan, qeyd edilən hallar açıq qaldığı üçün yalnız ##.##.2024-cü il tarixli akta istinadən iddiaçının cavabdehə maddi ziyan vurulması barədə gəlinən nəticə əsaslı sayıla bilməz.

47. Bundan əlavə, iddiaçı ##.##.2024-cü il tarixli aktın ona təqdim edilməməsini, bu səbəbdən həmin aktla tanış olub ona dair öz mülahizəsini bildirmək imkanından məhrum edilməsini bildirmişdir.

48. Əmək Məcəlləsinin 203-cü maddəsinin 1 və 2-ci hissələrinə görə, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. Işəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

49. Əmək Məcəlləsinin qeyd edilən normasına görə iddiaçının ##.##.2024-cü il tarixli aktla tanış edilməli olması, onun araşdırma sənədləri ilə tanış olub, etiraz bildirmək hüququ təsbit edilsə də, işdən həmin aktın iddiaçıya təqdim edilməsi müəyyən edilməyib. Iddiaçının onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan sənədlə tanış olub, ona dair etirazını bildirmək hüququ pozulmuşdur.

50. Həmçinin iddiaçının işəgötürənə maddi ziyan vurmasının sübutu kimi “xxxx” MMC tərəfindən MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli, *** nömrəli məktuba (II cild, iş v.22) istinad edilmiş və qeyd edilmişdir ki, “xxxx” MMC əməlin cavabdeh MMC-nin adıçəkilən işçilərinin təsdiqi ilə törədildiyini bildirmişdir.

51. Ilk növbədə nəzərə alınmalıdır ki, qeyd edilən məktub ##.##.2024-cü il tarixli aktdan sonra verilib.

52. Ikinci növbədə nəzərə alınmalıdır ki, cavabdeh MMC-yə ünvanlanan həmin məktubda “Cəmiyyətin əməkdaşları” ifadəsindən istifadə olunmaqla, cavabdehin əməkdaşlarından heç kimin, o cümlədən iddiaçının adı çəkilməyib. Buna görə də həmin məktuba istinadən maddi ziyanın məhz iddiaçı tərəfindən vurulması nəticəsinə gəlinməsi əsaslı görünmür, həm də bu hal digər sübutlarla da müəyyən edilməyib. Bu səbəbdən, maddi ziyanın bilavasitə iddiaçı tərəfindən vurulduğu nəticəsinə gəlmək mümkün hesab edilməmişdir.

53. Iddiaçının cavabdehə maddi ziyan vurması mötəbər sübutlarla təsdiq olunmadığından, iddianın tam rədd edilməsi barədə birinci insatansiya məhkəməsinin qətnaməsi əsaslı hesab edilə bilməz. Bu səbəbdən, əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və mediasiya xərcinin ödənilməsi barədə tələblər əsaslı sayılmışdır. Bununla yanaşı, məhkəmə mənəvi ziyanın ödənilməsi barədə tələbi əsaslı hesab etməmişdir. Belə ki, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi iddiaçıya vurulmuş mənəvi ziyanın aradan qaldırılması üçün kifayət hesab edilmişdir.

54. Apellyasiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 2, 10, 11, 70, 71, 72, 186, 191, 192, 203-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

55. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin “vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun tutulması” tələbinin rədd olunması hissəsində ləğv edilməsini və iddia tələblərinin tam təmin olunmasını xahiş etmişdir.

56. Iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işçiyə vurulmuş mənəvi ziyanın əvəzi işəgötürənin maddi məsuliyyəti kimi qiymətləndirilməli və onun həcmi məhkəmə tərəfindən konkret işin hallarına uyğun müəyyən edilməlidir. Işə bərpa və əmək haqqının ödənilməsi yalnız maddi nəticələrin bərpasına xidmət edir və bu hal mənəvi ziyanın mövcudluğunu və onun ayrıca kompensasiya edilməli olduğunu istisna etmir. ƏM mənəvi ziyanın ayrıca qiymətləndirilməsini və iddiaçının ərizəsi əsasında məhkəmə tərəfindən müəyyən edilməsini nəzərdə tutur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurulmuş, onun barəsində əsassız məlumatların yayılması nəticəsində əmək bazarında nüfuzu zədələnmişdir. Bu hallar mənəvi ziyanın mövcudluğunu təsdiq edir və maddi bərpa ilə avtomatik aradan qalxmır.

57. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının aktla razı olmaması qətnamənin əsaslılığını istisna etmir, çünki iddiaçı bu aktın məzmununu təkzib edən heç bir sübut təqdim etməmişdir. Iddiaçı vəzifə öhdəliklərini pozaraq işəgötürənə maddi ziyan vurmuşdur. Daxili araşdırma nəticəsində bu hallar təsdiq edilmiş, müvafiq akt tərtib olunmuş və iddiaçının izahatı alınmışdır. Sifariş və satınalma prosesində iddiaçı tərəfindən bazar qiymətindən fərqli və uyğunsuz əməliyyatların aparılması nəticəsində maddi ziyan dəymişdir. Təchizatçı tərəfindən təqdim edilən sənədlər və ödəniş çekləri bu halları təsdiqləmişdir. “xxxx” MMC tərəfindən təqdim edilmiş yazılı sübutların yalnız ehtimal əsasında rədd edilməsi prosessual qanunvericiliyə ziddir. Yazılı sübutlar yalnız qanunla müəyyən edilmiş əsaslarla təkzib oluna bilər. Nəticədə məhkəmə iddiaçının subyektiv izahatlarını əsas götürərək, cavabdehin sübutlarını nəzərə almamışdır. Oxşar faktiki hallara malik işlər üzrə məhkəmələr əmək müqaviləsinə xitamı qanuni hesab etdiyi halda, hazırkı iş üzrə apellyasiya məhkəməsi fərqli nəticəyə gəlmişdir. Eyni hüquqi və faktiki hallara baxmayaraq, ziddiyyətli məhkəmə mövqeyinin formalaşdırılması məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına səbəb olmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı mənəvi zərərin mövcudluğunu qanunvericiliyin tələblərinə uyğun şəkildə sübuta yetirməmişdir. Qanunvericiliyə əsasən, mənəvi zərərin müəyyən olunması üçün məlumatın yayılması, həqiqətə uyğun olmaması, şəxsin şərəf və ləyaqətinə xələl gətirməsi və bu halların sübut edilməsi zəruridir. Hazırkı işdə hər hansı məlumatın üçüncü şəxslərə yayılması, iddiaçının nüfuzuna zərər vurulması və ya konkret mənfi nəticələrin yaranması barədə mötəbər sübut mövcud deyildir. Iddiaçının istinad etdiyi hallar subyektiv qiymətləndirmə xarakteri daşıyır və hüquqi məsuliyyət üçün əsas hesab edilə bilməz. Bundan əlavə, mənəvi zərər tələbi əsas tələbdən asılı törəmə tələb olduğundan, işə bərpa hissəsi kassasiya baxışının predmeti olduğu halda, həmin tələb üzrə ayrıca təminetmə üçün hüquqi əsas mövcud deyildir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

60. Maddə 2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

61. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.

62. Maddə 11 (bənd «b»). Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır.

63. Maddə 70 (bənd «ç»). Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

64. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

65. Maddə 72 (bənd “c” və “e”). Işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, habelə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

66. Maddə 186 (1-ci hissə). Işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir.

67. Maddə 191(1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

68. Maddə 191(2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

69. Maddə 192(1). Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərarı

70. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

75. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

76. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

77. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

80. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

82. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

83. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

84. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işə bərpa və məcburi işburaxma haqqının ödənilməsi hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və əsasən əvvəlki instansiyalarda araşdırılmış halların təkrarından ibarətdir.

85. Iddiaçının kassasiya şikayətinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi mənəvi zərər tələbinə hüquqi qiymət vermiş, işin konkret halları nəzərə alınmaqla işə bərpa və məcburi işburaxma haqqının ödənilməsini iddiaçının pozulmuş hüquqlarının bərpası üçün yetərli hesab etmişdir. Iddiaçı tərəfindən əlavə mənəvi ziyanın mövcudluğu, onun həcmi və cavabdehin hərəkətləri ilə səbəbli əlaqəsi barədə mötəbər sübut təqdim edilməmişdir. Buna görə də həmin hissədə də apellyasiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır.

86. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

87. Kassasiya şikayətlərinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

89. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar