Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1127/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5959/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarın surətinin ona rəsmi qaydada verməkdən imtina edilməsi, adının vəkillər kollegiyasının saytından çıxarılması kimi hərəkətlərinin qanunsuz hesab edilməsi, qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, cavabdehin qanunsuz əməlləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5959/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsinin, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir.
3. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən verilmiş şikayət rayon məhkəməsinin 18 dekabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
5. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
6. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Demək ki, hər kəsin, həm də yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsi dövlətin vəzifəsi kimi müəyyən edilmişdir.
7. Bu baxımdan da nəzərdən qaçırmaq olmaz ki, Vəkillər Kollegiyası məhz dövlətin Konstitusiyada qeyd edilən həmin öhdəliyinin icrası məqsədi ilə və xüsusi qanun əsasında yaradılmış bir təsisatdır.
8. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununda qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilir.
9. Qanun Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən edir.
10. Həmin Qanunun 1-ci maddəsinə görə: İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. İİ. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. İİİ. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi.
11. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə görə, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir.
12. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunundan göründüyü kimi, vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir (maddə 22, bənd İİ). Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər (maddə 22, bənd Vİİİ). İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir (maddə 22, bənd V).
13. Rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, qanunvericilik qeyd olunan səlahiyyətləri müvafiq orqanın diskresion səlahiyyəti kimi müəyyən etmişdir, yəni həmin səlahiyyətlə müvafiq orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla həmin orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir.
14. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının Vəkillər Kollegiyasından xaric olunması üçün Kollegiya xx.xx.2023-cü il tarixli qərarla Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və həmin iş hazırda müvafiq məhkəmənin icraatındadır.
15. Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun 23-cü maddəsinə görə: İ. Vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. İİ. Vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.
16. İddiaçı şikayətində qeyd etmişdir ki, Vəkillər Kollegiyası inzibati qurum sayılmadığından və müvafiq olaraq da onun qərarı inzibati akt olmadığından, hazırkı iddia tələbinə də ümumi məhkəmədə baxılmalıdır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, bütün ölkədə icra edilməli olan elə administrativ- inzibati xidmətlər var ki, dövlət bu xidmətləri mərkəzə bağlı inzibati orqanlar vasitəsi ilə deyil, bu xidmətləri ayrıca yaradılan və hüquqi şəxs kimi fəaliyyət göstərən orqanlara tapşırmaqla həyata keçirir. Bu cür qurumlar, əsasən müəyyən xidmətləri həyata keçirmək məqsədi ilə yaradılır. Kontinental hüquqda bu qurumlar ictimai xidməti icra edirsə, xüsusi hüquq subyekti deyil, ümumi hüquq subyekti və inzibati orqan sayılır və onların icra etdiyi fəaliyyət isə inzibati fəaliyyət hesab olunur. Onları müəyyən etmək üçün aşağıdakı meyarlardan istifadə olunur: 1) onlar mərkəzi hakimiyyət orqanların ierarxiyasına daxil deyil; 2) onlar müstəqil hüquqi şəxslərdir; 3) xüsusilə texniki təcrübə və bilik tələb olunan xidmətlər üçün bu formaya müraciət edilir. Misal olaraq: universitetlər, ictimai televiziya, Vəkillər Kollegiyası kimi qurumları göstərmək olar. Bunula belə, yerli administrasiyalar kimi, müəyyən administrativ xidmətləri icra etmək üzrə dövlət hakimiyyəti orqanları xaricində yaradılan bu qurumlar da, orqanik mənada administrasiyaya daxildir. Bunlara funksional qeyri-mərkəzi administrasiya vahidləri aiddir. Bu orqanlar da öz daxilində fərqlənir, məsələn, müstəqil administrativ instansiyalar və ictimai qurumlar. Onlar arasındakı fərq bu orqanlara mərkəzi idarəetmə orqanlarının nəzarət edib-etməməsidir.
18. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 9-cu maddəsin görə: İ. Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. İİ. Vəkillər Kollegiyası hüquqi şəxsdir.
19. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanun da Vəkillər Kollegiyasını tamamilə müstəqil qurum kimi nəzərdə tutur. Bu qurum üzərində mərkəzi administrasiyanın heç bir nəzarət səlahiyyəti yoxdur. Qurum başçısının təyinində də mərkəzi idarəetmə orqanlarının hər hansı səlahiyyəti yoxdur (Qanunun 9-11-ci maddələri). Vəkillər Kollegiyasının da dövlət hegemonluğundan istifadə edən ictimai qurum olduğuna şübhə yoxdur; o, vəkillik fəaliyyətini tənzimlədiyi kimi, sanksiya da tətbiq edə bilər. Bu müstəqil vahidlər inzibati hüquqda mübahisəyə səbəb olub. Çünki bu cür qurumların yaradılması və bunlar üzərində mərkəzi administrasiyaya heç bir nəzarət səlahiyyətinin verilməməsi idarəetmədə bütövlük prinsipinə ziddir. Üstəlik, bu qurumların normayaratma, qərarvermə, tənzimləmə, nəzarət, hətta inzibati məsuliyyətə cəlb etmə səlahiyyətləri də olur. Bununla belə, mərkəzi hökumət normativ tənzimləmə yolu ilə onların işinə təsir göstərə bilər. Müstəqil administrativ vahidlərin fəaliyyətinin hüquqa uyğunluğuna nəzarəti məhkəmələr həyata keçirir.
20. Məhkəmə kollegiyası hesab edir ki, Vəkillər Kollegiyası inzibati qurum olmasa da o, funksional qeyri-mərkəzi administrasiya vahididir və qanunla ona verilən səlahiyyətlər içərisində vəkilin Vəkillər Kollegiyasından xaric edilməsi barədə qərar verərək məhkəməyə müraciət etmək hüququ da var. Demək ki, Vəkillər Kollegiyası ayrıca yaradılan və hüquqi şəxs kimi fəaliyyət göstərən orqan olmaqla, o, Konstitusiyada dövlətin öhdəliyi kimi bəyan edilən müəyyən xidmətləri həyata keçirmək məqsədi ilə yaradılmışdır, bu qurum ictimai xidməti icra edir, odur ki, o, xüsusi hüquq subyekti deyil. Bu baxımdan, rayon məhkəməsi hazırkı iddia tələbinin yolverilməzliyinə görə onun icraata qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
22. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
23. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
26. Göründüyü kimi işə MPM-in tələblərinə görə, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, rayon məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur.
27. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
29. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
30. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5959/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.