Məhkəmə qərarları › İş №2(1-8)-797/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-797/2026

23.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-797/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamentinin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi məqsədilə bağlanmış müqavilə, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamentinin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.

2. Sahə rəisi tərəfindən aparılan araşdırma nəticəsində mübahisəli mənzilin faktiki olaraq cavabdeh1, cavabdeh2 və cavabdeh3 istifadəsində olması müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamentinin Masazır Mənzil Kommunal Istismar Sahəsinin əməkdaşları tərəfindən Komitənin balansında olan ünvan 1 ünvanında cavabdeh cavabdeh1 və ailə üzvləri ilə birlikdə həmin mənzildə qanunsuz olaraq qeydiyyatsız yaşaması barədə 2024-cü il ## ###### və 6 dekabr tarixli aktlar tərtib olunmuş, bu fakt Abşeron rayon Mənzil-Kommunal Istismar Sahəsinin əməkdaşları tərəfindən öz imzaları ilə təsdiq edilmişdir.

4. X2 və Rəhimov Sadiq Natiq oğlu Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamentinin direktoru Səbuhi Əhmədova ünvanladıqları notarial qaydada təsdiq edilmiş 2024-cü il ## ###### tarixli ərizələrində, onların Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində müvəqqəti məskunlaşmış olduqları mübahisəli mənzili könüllü olaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə təhvil vermək istədiklərini və gələcəkdə Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı heç bir iddiaları olmayacağını bildirmişlər.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamenti (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 (bundan sonra –cavabdehlər və ya ad, soyad) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onlara məxsus əşyaların mübahisəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Iddiaçı işin yuxarıda qeyd olunan hallarına istinad edərək bildirmişdir ki, cavabdehlər 2012-ci ildən etibarən mübahisəli mənzildə yaşayırlar və onlarla kirayə müqaviləsi əsasında mübahisəli mənzildən istifadə hüququnun verildiyi şəxslər (N.Rəhimov və S.Rəhimova) arasında qohumluq münasibətləri vardır. Belə ki, cavabdehlər həmin mənzili qanunsuz olaraq zəbt etmiş, müqavilədən kənar qaydada yaşayırlar. Onlara mənzilin boşaldılıb təhvil verilməsi barədə xəbərdarlıq edilsə də, cavabdehlər mənzilin təhvil verilməsindən imtina etmişdir.

7. Cavabdeh cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ailəsi 20 ildən artıqdır Xankəndi şəhərindən məcburi köçkün kimi Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır. Həyat yoldaşı cavabdeh2 və qızı cavabdeh3 2012-ci ildən mübahisəli mənzildə yaşayırlar. Həmin mənzil cavabdeh2 atası, məcburi köçkün Vaqif Rəhimova müvafiq dövlət qurumu tərəfindən verilmişdir. Həyat yoldaşı cavabdeh1 2016-cı ildən etibarən 2-ci qrup əlil olan atasına və anasına qulluq məqsədilə həmin mənzildə yaşamışdır. X3 2020-ci ildə, X1 2023-cü ildə, Rəhimov Natiq Vaqif oğlu isə 2022-ci ildə vəfat etmişdir. Cavabdeh bildirmişdir ki, ##.##.2024-cü il tarixdə özlərini aidiyyəti dövlət qurumunun əməkdaşları kimi təqdim edən şəxslər mənzilin boşaldılmasını tələb etmiş, ##.##.2024-cü il tarixli xəbərdarlıq təqdim olunmuş və sonradan kommunal xidmətlər dayandırılmışdır. Onların müraciətindən sonra kommunal xidmətlər bərpa edilmişdir. Həmçinin cavabdeh tərəfindən müvafiq dövlət qurumunun üzərinə həmin mənzildən çıxarılma ilə bağlı hərəkətlərdən çəkinmək öhdəliyinin qoyulması tələbi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edilmişdir və hazırda iş məhkəmənin icraatındadır.

8. Cavabdeh cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, uzun müddət valideynləri ilə birlikdə həmin mənzildə yaşayıb və hazırda da orada yaşayır, qarşı tərəfin kirayə müqaviləsi əsasında mənzilə hüququ olan şəxs kimi göstərdiyi X2 həmin mənzildə yaşamamışdır. Anası sağlığında onun həmin mənzildə yaşamasına razılıq verub. Eyni zamanda, Xankəndi şəhərinə köçürülmə ilə bağlı iddiaçı quruma müraciət etsələr də, müraciətin nəticəsi barədə məlumat verilməmişdir. Bununla bağlı aidiyyəti qurumun rəhbərinə müraciət etdiklərini nəzərə alaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

9. Həmçinin cavabdehlərin nümayəndəsi və vəkili vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə dair dəqiqləşməyə Sumqayıt Inzibati Məhkəməsi tərəfindən münasibət bildirildikdən sonra məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

10. Abşeron Rayon Məhkəməsinin (hakim E.T.Məmmədov) 2025-ci il # #### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlərin onlara məxsus əşyaları ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, ** saylı binada yerləşən ** nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış sahələrindən istifadə qaydalarını və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin xüsusi təyinatlı yaşayış sahələrinə dair normalarını pozmuşlar.

12. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən bu kateqoriyadan olan yaşayış sahələri yalnız kirayə müqaviləsi əsasında müvəqqəti istifadə üçün verilir, özgəninkiləşdirilə, başqasına verilə və ya təyinatından kənar istifadə oluna bilməz. Həmçinin, kirayəçi və onun ailə üzvləri müqavilə şərtlərinə əməl etməli, yaşayış sahəsindən yalnız təyinatına uyğun istifadə etməlidirlər.

13. Bundan əlavə, müəyyən edilmişdir ki, cavabdehlər mübahisəli mənzildə müvafiq qeydiyyat olmadan yaşamış, bu hal aidiyyəti qurumun əməkdaşları tərəfindən tərtib edilmiş aktlarla təsdiq edilmişdir. Göstərilən pozuntular kirayə müqaviləsinin ləğvi və yaşayış sahəsindən çıxarılma üçün qanuni əsas kimi qiymətləndirilir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5, 91.3, 98.1, 98.2, 99.1, 99.4, 99.6, 100.3 və 102.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlər uzun illər məcburi köçkün kimi yaşamış, 2012-ci ildən etibarən mübahisəli mənzildə faktiki olaraq yaşayırlar. Həmin mənzil ilkin olaraq cavabdeh cavabdeh2 atasına verilmiş, o isə vəfatınadək orada yaşamışdır. cavabdeh2 2016-cı ildən etibarən əlil olan atasına qulluq məqsədilə həmin mənzildə yaşamışdır. 2024-cü ilin dekabr ayında aidiyyəti qurum tərəfindən mənzilin boşaldılması tələb olunmuş, kommunal xidmətlər dayandırılmış, sonradan prokurorluğa müraciəti əsasında bərpa edilmişdir. Eyni zamanda, onların həmin mənzildən çıxarılmasının qarşısının alınması ilə bağlı inzibati məhkəməyə müraciət edilmişdir və iş hazırda icraatdadır. Şikayətdə həmçinin göstərilmişdir ki, məcburi köçkünlərin yerləşdirilməsi və köçürülməsi ilə bağlı qanunvericiliyə əsasən, belə şəxslərin yaşayış hüquqları pozulduğu hallarda onlar alternativ yaşayış sahəsi ilə təmin olunmalıdır. Iddiaçı qurumun müdaxiləsi isə yalnız qanuni əsaslarla, məhkəmə qərarı əsasında və mütənasib şəkildə həyata keçirilə bilər. Bundan əlavə, qeyd olunmuşdur ki, mübahisəli mənzil üzrə kirayə müqaviləsi bağlanmış Səriyyə Rəhimovanın yaşayış hüququ faktiki olaraq mövcud deyil, həmin şəxsin başqa yaşayış imkanlarının olduğu iddia edilir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.M.Süleymanova (sədrlik edən və məruzəçi hakim), S.A.Qafari və F.Ə.Məmmədov) 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qiymətləndirərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla hesab etmişdir ki, həmin məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi mübahisəli yaşayış sahəsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamentinin balansında olmaqla, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün ailəsi Rəhimov Natiq Vaqif oğlu və ailə üzvlərinin müvəqqəti istifadəsinə ayrılmışdır. Daha sonra həmin mənzil Rəhimovlar tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə geri təhvil verilmişdir. Bundan sonra cavabdehlər heç bir qanuni əsas olmadan bu mənzildə məskunlaşaraq yaşamışlar.

19. Məhkəmə kollegiyası hesab edib ki, cavabdehlər heç bir qanuni əsas olmadan həmin mənzildə məskunlaşdıqlarından iddiaçı iddia tələbində haqlıdır və birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsinə dair düzgün nəticəyə gəlinmişdir.

20. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5, 91.3, 98.1, 98.2, 99.1, 99.4, 99.6, 100.3 və 102.1-ci, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci, MPM-in 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh cavabdeh1 (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, hal hazırda onun və ailəsinin Bakı şəhərində heç bir yerdə yaşamaları üçün hər hansı fərdi yaşayış evi və mənzili mövcud deyildir. Məcburi köçkünlərə verilən müavinətdən başqa heç bir yerdən gəliri yoxdur. Bakı şəhərində yaşayış yeri olmadığı üçün dəfələrlə dövlət orqanlarına onlara məcburi köçkün kimi yaşamaları üçün mənzil verilməsi ilə bağlı müraciəti olmuşdur, lakin həmin qurumlar tərəfindən bildirilmişdir ki, mənzil fondu yoxdur və olan kimi mənzil veriləcəkdir. Hal-hazırda məcburi köçkün kimi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin təhdidi altında yaşayırlar. Məhkəmələr iş üzrə yekun nəticəyə gələrkən, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il # #### tarixli *** nömrəli Sərəncamının tələblərini nəzərə almamışdır. Halbuki, bu sərəncam qüvvədə olan normativ xarakterli aktdır və dövlət orqanları, o cümlədən məhkəmələr üçün icrası məcburi olmaqla, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdana və ya yeni yaşayış sahələri ilə təmin edilənədək, müvəqqəti məskunlaşdıqları mənzillərdən, ictimai binalardan, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmasına yol verilməməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

24. Maddə 17.3. Istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.

25. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: ... 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri;

26. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

27. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.

28. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

29. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

30. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

31. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.

32. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.

33. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

34. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

«Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu

35. Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”

36. Maddə 1.2. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir.

37. Maddə 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.

38. Maddə 1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir.

39. Maddə 2.1. Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın * nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın * nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir.

40. Maddə 2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir.

41. Maddə 2.6. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2(iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir.

42. Maddə 2.7. Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir.

43. Maddə 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz.

44. Maddə 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

50. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

55. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

56. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri sayır ki, cavabdehlərin “məcburi köçkün olmaları”, “başqa yaşayış yerlərinin olmaması” və “sosial ehtiyac” arqumentləri həmin konkret yaşayış sahəsinə dair müstəqil mənzil hüququ yaratmır. Cavabdehin məcburi köçkün olması, başqa yaşayış yeri olmaması və bu səbəbdən mübahisəli yaşayış sahəsindən çıxarılmasının qanunsuz olması barədə dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.

57. Çünki Mənzil Məcəlləsinin 6.0.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi üzrə münasibətlər, mənzil qanunvericiliyi ilə tənzimlənir.

58. Həmin Məcəlləyə görə, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarına başqa əsaslarla yanaşı qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, habelə mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları aiddir (Məcəllənin 8.0, 8.0.1, 8.0.2-ci maddələri).

59. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar (Məcəllənin 2.1-ci maddəsi).

60. Mənzil hüquqlarının müdafiəsi üsulları baxımından mənzillə bağlı mübahisələrin həllinin xüsusiyyəti ondan ibarətdir ki, bu zaman ilk növbədə şəxsin mənzil hüququ tanınır və bundan sonra mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması qərara alınır (Məcəllənin 9.1-9.2.2-ci maddələri).

61. Bu mənada cavabdehin mübahisəli yaşayış sahəsinə hüququnun tanınması məsələsi təhlil edilərkən görünür ki, həmin sahə təyinatı üzrə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondua aid yaşayış sahəsi olduğuna görə, oradan istifadə hüququ yalnız Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə uyğun olaraq iki hüquqi əsas olduğu halda yarana bilər: 1. mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin qərarı; 2. Bu qərara əsasən bağlanan xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi.

62. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.5-ci maddəsində də göstərilir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir.

63. Baxılan işdə cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnu təsdiq edən bu cür əsaslar - səlahiyyətli dövlət orqanının qərarı və həmin qərar əsasında bağlanmış kirayə müqaviləsi yoxdur. Cavabdehlər müqavilə tərəfi deyil, onların adları müqavilədə ailə üzvü kimi göstərilməyib. Başqa sözlə, cavabdehlərin həmin mənzilə dair müstəqil hüquqi titulu mövcud deyil.

64. Cavabdehlər faktiki olaraq uzun illər həmin mənzildə yaşamalarını, valideynlərə qulluq etmələrini və ailə münasibətlərini əsas gətirirlər. Lakin xüsusi təyinatlı yaşayış fondunun hüquqi rejimi adi sosial kirayədən daha sərtdir. Mənzil Məcəlləsinin MM 99.4-cü maddəsinin göstərişinə görə xüsusi təyinatlı mənzil kirayəçi tərəfindən digər şəxslərin istifadəsinə verilə bilməz.

65. Həmçinin Qaydaların 3.6 və 3.7-ci maddələrinə görə, məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsindən istifadənin vərəsəlik və ya faktiki sahibliyə transformasiyasını istisna edir.

66. Bu səbəbdən, faktiki yaşayış, qohumluq münasibəti, valideynlərin razılığı, uzunmüddətli istifadə, öz-özlüyündə ayrıca istifadə hüququ yaratmır.

67. Cavabdehin məcburi köçkün kimi mübahisəli yaşayış sahəsindən istifadə etməsinə ehtiyacının olması, buna görə də mənzillə təmin edilməli olduğu barədə dəlilləri, özlüyündə onun mübahisəli yaşayış sahəsindən istifadə hüququnun bu məhkəmə icrtaatında tanınmasına imkan vermir. Çünki hazırkı mülki işin predmetini cavabdehlərin mənzildən qanunsuz istifadə etməsinə görə yaşayış sahəsini boşaltmasıdır.

68. Cavabdehlərin müdafiə arqumenti isə, onların dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunmaq hüququnun mövcud olmasıdır. Bu dəlillər əsasında cavabdehin hüquqi marağı, Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən mülkiyyətçinin adından çıxış edən inzibati orqanın qərarının verilməsini və onun əsasında kirayə müqaviləsi bağlanmasını ehtiva edir. Bu isə, onunla inzibati orqan olan Qaçqınların və X6 üzrə Dövlət Komitəsi arasında yaranan inzibati xarakterli münasibətlərdir və publik hüquq münasibətlərinə aid olmaqla, inzibati orqanın diskresion səlahiyyətindən, məcburi köçkünlərin yerləşdirilməsi üzrə idarəetmə fəaliyyətindən irəli gəldiyinə görə inzibati məhkəmənin səlahiyyətinə daxildir. Başqa sözlə, hazırki işə baxan məhkəmə, bu işdə yalnız mövcud hüquqi titulun olub-olmamasını yoxlayır, yeni yaşayış hüququ yarada bilməz və Komitəni mənzil verməyə məcbur edə bilməz.

69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

70. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar