Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-803/2026 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində “X1” publik hüquqi şəxsinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində “X1” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 668325 manat əsas, 281880 manat cərimə olmaqla, cəmi 950205 manat məbləğdə pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı ilə (hakim Ə.Əsədzadə) vəsatət təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisə tərəflərindən iddiaçı dövlət orqanın tabeliyində fəaliyyət göstərən Mərkəz, cavabdeh isə publik hüquqi şəxsdir. Subyekt tərkibi üzrə yoxlama aparılarkən məlum olur ki, tərəflərdən heç biri sahibkarlıq subyekti deyil. Subyekt tərkibindən asılı olmayaraq isə tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Dövlət orqanları mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında sahibkarlıq subyektləri ilə bağlanmış mülki hüquqi əqdlərdən irəli gələn tələblər üzrə kommersiya mübahisəsinin subyekti ola bilərlər. Göründüyü kimi, mübahisənin subyekt tərkibi baxımından işin kommersiya məhkəməsində baxılması istisna olur ki, bu da müzakirə edilən vəsatətin rədd edilməsi üçün kifayətdir.
5. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1, 25.2, 26.1, 26.2, 31.1, 32.1, 32.4, 32.5, 32.6, 267.1, 269.1-269.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020ci il ## ######## tarixli ** nömrəli Qərarına istinad edərək əsaslandırılmışdır.
Şikayətin dəlilləri:
6. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində “X1” publik hüquqi şəxsi şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
7. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci, Mülki Prosessual Məcəllənin 24.2, 24.3-cü maddələrinin tələbləri pozulmuşdur.
8. Belə ki, məhkəmə tərəfindən müvafiq vəsatətə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” ## ######## 2020-ci il tarixli ** nömrəli Plenum Qərarında nəzərdə təsbit edilən hüquqi mövqe nəzərə alınmamışdır. Məhkəmə qərardadında dolayısı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin fəaliyyətinin sahibkarlıq fəaliyyəti ilə uyğunluğunu qəbul etmiş, sadəcə işin kommersiya məhkəməsində baxılması üçün mütləq qaydada mübahisənin hər iki tərəfinin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olduğu ilə bağlı mövqe bildirmişdir. Nəzərə alınmalıdır ki, hazırkı mübahisənin əsası qismində çıxış edən müqavilə Agentliyin Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq olunmuş “X1 Nizamnaməsi”ndə nəzərdə tutulan səlahiyyətlərinin icrası məqsədilə bağlanmış və ümumi məzmunu etibarilə iqtisadi məzmunludur. Tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli DMA/**/**** nömrəli müqavilə heyvanlar üçün müayinə xidmətinin göstərilməsi ilə əlaqədar olmuşdur ki, həmin heyvanlar da “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən özünüməşğulluğun təşkili üçün işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, başqa məşğulluğu olmayan şəxslərin məşğulluğunun təmin edilməsi üçün onların istifadəsinə verilir. Agentliyin müvafiq xidmətləri əldə etməsinin onun səlahiyyətlərinin icrası ilə bağlı olması, habelə müvafiq xidmətlərin dövlət vəsaiti hesabına əldə edilməsi işin mübahisəsiz halıdır. Əgər bu formalı bütün mübahisələrdə mütləq qaydada hər iki tərəfinin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması şərti tələb edilsə, bu zaman Agentliyin bütün oxşar faktiki halları olan mübahisələri ümumi məhkəmə qaydasında həll edilməli idi. Ancaq hazırkı dövrə qədər Agentliyin malların (işlərin və xidmətlərin və s.) alınması ilə əlaqədar müqavilələrdən doğan bütün mübahisələri kommersiya məhkəmələri tərəfindən baxılmış və həll edilmişdir. Mərkəzin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyində olan büdcədən maliyyəşdirilən qurum olması onun fəaliyyətinin sahibkarlıq əlamətləri daşımasını, habelə tərəflər arasında yaranmış müqavilə münasibətlərinin iqtisadi məzmununu istisna etmir. Münasibətlərin iqtisadi məzmunu isə onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 mahiyyəti üzrə Mərkəzdən müayinə xidməti satın almışdır.
9. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının:
11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
21. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir.
22. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir.
23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
13. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
14. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
15. Hazırkı işdə tərəflərdən iddiaçı dövlət orqanı, cavabdeh isə publik hüquqi şəxs olması müəyyən olunur.
16. Birinci instansiya məhkəməsi məhz bu halı əsas götürərək, tərəflərin heç birinin sahibkarlıq subyekti olmamasına istinad etməklə, işin kommersiya məhkəməsinə göndərilməsindən imtina etmişdir.
17. Lakin, bu zaman birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli qərarındakı hüquqi mövqeyi tam nəzərə almamışdır.
18. Belə ki, həmin Qərarın 21 və 22-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, “Publik hüquqi şəxslər haqqında” Qanunla publik hüquqi şəxslərin həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Publik hüquqi şəxslərin kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkündür.
19. Həmçinin Qərarın 23-cü bəndinə əsasən dövlət orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.
20. Göründüyü kimi tərəflərdən birinin publik hüquq şəxs, digərinin dövlət orqanı olması özü-özlüyündə işin kommersiya məhkəməsinə aidiyyətini istisna etmir.
21. Bu zaman, tərəflər arasında yaranmış hüquq münasibətlərin xarakteri və mübahisənin predmeti əhəmiyyət kəsb edir.
22. Qeyd olunanlarla bağlı müəyyən olunur ki, iddiaçı tələbini tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli Heyvanlar üçün müayinə xidmətinin satınalma müqaviləsi ilə əsaslandırmışdır. Həmin müqaviləyə görə Sifarişçi olan cavabdeh Agentlik heyvanlar üçün müayinə xidmətinin satın alınması üçün İcraçı olan iddiaçı Mərkəzinin bütün vergi və rüsumlar daxil 2.818.800,00 manat məbləğində təklifini qəbul etmişdir. Müqaviləyə görə icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan xidmətlərin (işlərin və malların) göstərilməsini öhdəsinə götürmüş, Sifarişçi isə müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada xidmətlərin (işlərin və malların) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında tərəflər arasında qiymətin razılaşdırılması protokolu tərtib olunmuşdur.
23. Beləliklə, müəyyən olunur ki, tərəflər publik hüquqi şəxs və dövlət orqanı olsalar da, mübahisə aralarında bağlanmış, kommersiya xarakterli müqavilədən irəli gəlmişdir.
24. Odur ki, yuxarıda qeyd olunanları və Ali Məhkəmənin Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının 21-23-cü bəndlərindəki izahı əsas götürməklə, qarışıq tərkib hesab edir ki, tərəflər dövlət orqanı və publik hüquqi şəxs olsalar da, iddiaçının tələbi mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.
25. Yuxarıda göstərilənləri nəzərə alaraq Qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iddia mahiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir.
26. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində “X1” publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində “X1” publik hüquqi şəxsinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.