Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-875/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin naturada göstərilməsi və cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Torpağın mülkiyyət hüququna dair JN-0083 kod ******** saylı Dövlət aktına əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının ## #### 1997-ci il tarixli, ** nömrəli qərarı əsasında Cavabdeh X6, X10, X11, X2 və X4 ilə birlikdə Masallı rayonu, Xanalion kəndində 0,68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat, ********** qeydiyyat, ************ reyestr nömrəli çıxarışa əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 1,2358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X12, X13, X7, İsmayılova Gülanə Balaxan qızı, X8, X15, X3 və X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin * saylı Cəlilabad İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli akta əsasən, İddiaçı adına verilmiş çıxarışa əsasən Masallı Rayonu Xanalion kəndində yerləşən 1,2358 ha torpaq sahəsinin döngə nöqtələri yerində naturada ölçülərək tanıdılarkən qonşu mülkiyyətçi ilə mübahisə yarandığından torpağı tanıtmaq mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili İslamov Nicat Qurbanəli oğlu cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Xanalion kəndində yerləşməklə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışla iddiaçının mülkiyyətlərində olan, B№****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən 1,2358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada göstərilməsinə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar Islahat Komissiyasının ## #### 1997-ci il tarixli ** saylı qərarı ilə ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətinə Masallı rayonu Xanalion kəndində 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpağa dair iddiaçı və ailə üzvlərinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə onlara Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla B№****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Sözügedən torpaq sahəsi uzun illərdir ki, iddiaçı və ailə üzvlərinin istifadələrindədir. Lakin son zamanlar torpaqdan istifadə ilə bağlı cavabdehlə aralarında narazılıqlar yaranmışdır. Bu səbəbdən də iddiaçı torpağının naturada göstərilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etməli olmuşdur. Buna görə müvafiq xidmət haqqını da ödəmişdir. Ancaq mütəxəssislər tərəfindən ərazidə torpağın naturada tanınması üçün müvafiq ölçü işləri aparılarkən cavabdeh onlara maneələr törətmiş, buna imkan verməmişdir. Bu səbəbdən də onlar işlərini tamamlaya bilməmiş və nəticədə iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, yuxarıda göstərilən torpağın naturada göstərilməsi mümkün olmamışdır.
6. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsindən qanuni əsaslarla istifadə edir. Mübahisəli torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur. Qeyd edilən torpaq sahəsini ona verilmiş dövlət aktı əsasında idarə edir. Həmin torpağı 2017-ci ildən ona vermişlər. Əvvəllər iddiaçı istifadə etsə də, hazırda onun istifadəsindədir. İddiaçı sonradan həmin yerə sənəd almışdır.
7. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi İdarəsinin ## #### 2025-ci il tarixli rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının ## ### 2025-ci il tarixli, **/**** saylı rəyində aşağıdakılar qeyd olunmuşdur: - “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” baza məlumatı materialında ************ reyestr nömrəli çıxarışın B№ ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,2358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. -Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən hava xətti ilə 329,0 metr Şimal-şərq istiqamətində 83 nömrə ilə qeydiyyata alınmış X5 və onun ailə üzvlərinə mülkiyyətə verilmiş 0,6841 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. -Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında ************ reyestr nömrəli Çıxarışın ****** saylı "Torpaq sahəsinin planı və ölçüsü sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,2358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh Cavabdeh və onun ailə üzvlərinə mülkiyyətə verilmiş JN0083 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
8. Masallı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Coşqun Abdullayev) iddia ərizəsi təmin edilərək, iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətində olan Masallı rayonu Xanalion kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla B№****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən 1,2358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada göstərilməsinə və istifadəsinə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılması qət etmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi ona məxsus 1,2358 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilərək, onun istifadə etməsinə və həmin ərazinin naturada göstərilməsinə maneələr yaradılması ilə bağlıdır. İddiaçıya məxsus 1,2358 torpaq sahəsinin cavabdehin qeyd etdiyi kimi, 0,68 ha torpaq sahəsi ilə bağlı olması (üst-üstə düşməsi) heç bir şəkildə uyğun gəlmir. Çünki əvvəla, həmin torpaq sahələrinin ölçüləri fərqlidir, yəni ölçüləri bir-birinə uyğun gəlmir, ikincisi iddiaçı 1,2358 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış almışdır, üçüncüsü isə ekspert rəyi və mütəxəssis rəyi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehə dövlət aktı ilə verilmiş torpaq sahəsi ilə heç bir bağlılığının olmadığı, ayrı-ayrı yerlərdə yerləşdiyi müəyyən edilmişdir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, bütün bunlar göstərir ki, iddiaçıya məxsus 1,2358 ha torpaq sahəsinin cavabdehə dövlət aktı ilə məxsus olan 0,68 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Həm də cavabdeh özü də məhkəmə iclasında izahat verərkən iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsindən uzun müddət, 2017-ci il tarixədək istifadə etdiyini, həmin vaxtdan sonra isə iddiaçının həmin torpaq sahəsindən istifadə etmədiyindən özünün faktiki olaraq istifadə etdiyini bildirməklə demək olar ki, iddia tələbini qəbul etmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1,152.2, 152.7, 157.1, 157.2, 170.2, 213.6, 238.1, 238.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 77.3, 78.1, 80, 88, 217.4, 119-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** nömrəli qərarı əsasında ona və ailə üzvlərinin mülkiyyətinə Masallı rayonu, Xanalion kəndində 0,68 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. İddiaçının da mülkiyyətində 1,2358 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ona aidiyyəti yoxdur. Cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsini istifadə edir və kiminsə torpağını zəbt etməmişdir. Ona verilmiş JN *** saylı dövlət aktı ilə ayrılmış torpaq sahəsinin hazırda koordinatları və yeri qanunsuz olaraq dəyişdirilmiş və başqa əraziyə işlənilmişdir. Bunun düzəldilməsi və torpaq sahəsinin dövlət aktına uyğun işlənməsi barədə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Ümumiyyətlə, Masallı rayonunda elektron xəritə işlənilərkən bir çox qanunsuzluqlar olmuş, müəyyən torpaqların yeri mülkiyyətçinin razılığı olmadan dəyişdirilmişdir. Nəticədə, islahat zamanı ayrılan torpaq sahəsi ilə hazırkı elektron xəritədə göstərilən torpaq sahələrinin yerləşməsində fərqlər yaranmışdır. Bundan başqa, İddiaçı ondan əvvəl qardaşı X18 Səfərovu məhkəməyə vermiş və həmin məhkəmədəki ekspert rəyində göstərilmişdir ki, Xumarın torpağı onların torpaqlarından 1400 metr aralıda yerləşir, lakin hazırkı vəziyyətdə onların torpaqları qonşu olmuşdur. Bu da sübut edir ki, burada saxtakarlıq olmuş, Xumarın torpağı sonradan elektron xəritə zamanı onların torpağın yanına salınmışdır. Torpaq ayrılarkən bütün qardaşlarının torpaq sahələri yan-yana olmuş və torpaq sənədlərində nömrələrə uyğun ardıcıllıqla 81, 82, 83 və 84 olaraq sıralanmışdır. Hazırda isə iddiaçının torpaq sahəsi onlara məxsus torpaq sahələrinin arasında yerləşir. TEKİUSDA baş vermiş yanlışlığın düzəldilməsi barədə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili İslamov Nicat Qurbanəli oğlu apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh birinci instansiya məhkəmə iclasında verdiyi izahatında bildirir ki, islahat getdiyi tarixdən 2017-ci ilə qədər mübahisəli torpaq sahəsindən iddiaçı istifadə edib. İddiaçı 2017-ci ildə xaricə gedib, xaricdən qayıtdıqdan sonra o, torpaq sahəsinin zəbt edildiyini görüb. Cavabdeh tərəfin təqdim etdiyi qətnamə bu iş üzrə iddiaçı və cavabdeh arasında olan mübahisə ilə bağlı deyil, başqa şəxslə İddiaçı arasında olan mübahisə barədə qəbul edilib. İddiaçı qətnamədən sonra dövlət aktı və Çıxarışa əsasən özünə məxsus torpaq sahəsinin naturada müəyyənləşdirilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsin əməkdaşları gəlib, 2017-ci il tarixinə qədər istifadəsində olan torpaq sahəsini göstərib, onun torpaq sahəsini göstərən mərz nişanları yerləşdirib. Cavabdeh həmin mərz nişanlarını çıxarıb, torpaq sahəsinin naturada göstərilməsinə maneə yaradıb. Maneə olunma barədə akt tərtib edilib. Torpaq sahəsinin naturada göstərilməsinə olan maneələrin aradan qaldırılmasını tələb edir. Həmin torpaq sahəsinin zəbt edildiyini və zəbtdən azad edilməsi barədə iddia qaldırmamışdır. İddiaçının dövlət aktı, çıxarışı var və həmin sənədlər əsasında mülkiyyətində olan torpaq sahəsinin naturada müəyyənləşdirilməsini istəyir. Cavabdeh tərəf çıxarışın ləğv edilməsi barədə iddia qaldırmamışdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının Masallı rayonu, Xanalion kəndində yerləşən 1,2358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli çıxarışla qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 140cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət orqanları tərəfindən verilmiş rəsmi sənədlər, o cümlədən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış kimi sənədlər mülkiyyət hüququnu rəsmən təsdiq edir. Bu sənədlərin hüquqi qüvvəsi prezumpsiya (qanuni düzgünlük ehtimalı) xarakteri daşıyır və yalnız məhkəmə qaydasında, əsaslı və sübuta yetirilmiş hallarda onların hüquqi qüvvəsi şübhə altına alına bilər.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsi üzrə həm dövlət aktına, həm də dövlət reyestrindən verilmiş çıxarışa malik olmaqla mülkiyyət hüququnu qanuni qaydada rəsmiləşdirmiş və hazırkı tələbi həmin sənədlərlə təsdiq edilmiş mülkiyyət hüququnun müdafiəsinə, o cümlədən mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar daxilində naturada müəyyənləşdirilməsinə yönəlmişdir.
18. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, məhkəmə “ultra vires” prinsipinə riayət etməlidir. Yəni məhkəmə öz səlahiyyət həddini aşaraq dövlət orqanlarının verdiyi hüquqi sənədlərin etibarlılığını, müvafiq qanuni əsaslar və sübutlar olmadan şübhə altına ala bilməz. Əks halda, məhkəmə səlahiyyətini aşaraq (ultra vires fəaliyyəti göstərərək) hüquqi sabitliyi, mülkiyyət hüquqlarının müdafiə prinsipini və hüquqi dövlətin əsas təməl prinsiplərini pozmuş olar. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticələrinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus 1,2358 ha torpaq sahəsi cavabdehə JN-0083 kodlu dövlət aktı ilə verilmiş 0,68 ha torpaq sahəsi ilə üst-üstə düşmür və həmin sahələr müxtəlif yerlərdə yerləşir. Bu rəy və ekspertiza nəticələri cavabdehin apellyasiya şikayətində iddia etdiyi kimi torpaqların eyni əraziyə aid olması barədə arqumentləri tam şəkildə təkzib edir.
19. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində torpaqların elektron kadastr xəritəsində qanunsuz dəyişikliklər edilməsi, torpaq sahəsinin yerinin dəyişdirilməsi hallarının olması barədə irəli sürdüyü iddialar ehtimal xarakteri daşıyır və həmin halları təsdiq edən hər hansı rəsmi akt, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya səlahiyyətli orqanın rəyi iş materiallarında mövcud deyildir. Əksinə, iş üzrə mövcud olan rəsmi kadastr məlumatları, yerquruluşu planları və ekspertiza rəyləri iddiaçının torpaq sahəsinin yerləşmə yerini dəqiq müəyyən etmişdir.
20. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, ona verilmiş JN *** saylı dövlət aktı ilə ayrılmış torpaq sahəsinin hazırda koordinatları və yeri qanunsuz olaraq dəyişdirilmiş və başqa əraziyə işənilmişdir. O, həmin uyğunsuzluğun aradan qaldırılması və torpaq sahəsinin dövlət aktına uyğun şəkildə işlənməsinin təmin edilməsi məqsədilə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Lakin məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən göstərilən halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən apellyasiya baxışı mərhələsində Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə istinad edilmişdir. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız o halda qəbul edilə bilər ki, həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin işdə iştirak edən şəxslərdən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılsın. Cavabdeh tərəfindən qeyd olunan məhkəmə aktının birinci instansiya mərhələsində təqdim edilməməsinin obyektiv səbəbləri əsaslandırılmadığından, həmin sübutun apellyasiya instansiyasında qəbul edilməsi üçün hüquqi əsas mövcud deyildir. Bununla yanaşı, qeyd olunan məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Həmin iş üzrə tərəflər hazırkı işin tərəfləri ilə eyni deyildir. Həmin qətnamədə İddiaçı tərəf qismində iştirak etsə də, cavabdeh Cavabdeh həmin iş üzrə tərəf olmamışdır. Mülki Prosessual Məcəllənin preyudisiya ilə bağlı müddəalarına əsasən, yalnız tərəfləri eyni olan və qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən edilmiş hallar digər işlər üzrə məhkəmə üçün məcburi hesab edilə bilər. Bu baxımdan, cavabdehin istinad etdiyi qətnamə hazırkı mübahisənin həlli üçün hüquqi əhəmiyyət daşımır.
21. Məhkəmə kollegiyası sonda qeyd etmişdir ki, cavabdehin öz izahatlarında mübahisəli ərazidən 2017-ci ildən etibarən faktiki istifadə etdiyini etiraf etməsi də birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilmişdir. Cavabdeh bu istifadənin hüquqi əsaslarını sübut edə bilməmiş, həmin torpaq sahəsinin ona məxsus olduğunu təsdiq edən dövlət qeydiyyatlı sənəd təqdim etməmişdir. Belə olan halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada göstərilməsinə və istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbi qanuni və əsaslıdır. Qüvvədə olan və ləğv edilməmiş dövlət qeydiyyatlı mülkiyyət sənədləri mövcud olduğu halda, cavabdehin həmin sənədlərin hüquqi nəticələrini dolayı yolla şübhə altına almağa yönəlmiş arqumentləri hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Cavabdeh tərəfindən yaradılmış maneələr iddiaçının daşınmaz əmlak üzərindəki mülkiyyət hüquqlarının həyata keçirilməsinə birbaşa müdaxilə təşkil edir və həmin hüququ pozur. Belə müdaxilə qanuni əsasa malik olmadığından, iddiaçının zəruri olan prosedurların (ölçmə, texniki inventarizasiya) qarşısını almaqla, onun konstitusion təminat altına alınmış mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar nə mübahisənin predmetinə, nə də hazırkı iş üzrə araşdırmanın predmetinə daxildir. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin predmeti daşınmaz əmlak üzərində zəruri olan ölçmə və texniki inventarizasiya işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasıdır. Bu baxımdan, cavabdehin istinad etdiyi digər hallar işin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir, çünki onlar iddianın mahiyyətini təşkil edən əsas tələblə – mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması öhdəliyi ilə birbaşa bağlı deyildir.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kim Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 139.1, 152.1. 152.5, 157.4. 157.8. 164.1, 165.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli, həm də cavabdehin istifadəsində olan həmin torpaq sahəsi torpağa mülkiyyət hüququna dair JN- nömrəli 80,81,82,84, ** saylı Dövlət Aktı əsasında ayrı-ayrı şəxslərə verilmiş torpaq sahələri ilə həmsərhəddir. Lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsi isə torpağa mülkiyyət hüququna dair JN-*** nömrəli Dövlət Aktı əsasında ona verilmişdir ki, həmin sahə də tamamilə kənarda yerləşir və mübahisəli sahə ilə üst-üstə düşmür.
25. Eyni zamanda, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin planı və ölçüsü sənədinin döngə nöqtələrinin koordinatları üst-üstə düşməsə də, iddia tələbinə və məhkəmə qətnaməsinə əsasən faktik olaraq üst-üstə düşmüşdür. Qeyd olunmuş fakt digər sübutla da, təsdiq olunur. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsindən görünür ki, (qətnamə məhkəmə iclasında təqdim olunmuşdur) iddiaçı 2020-ci il tarixində Torpağa mülkiyyət hüququna dair JN-** nömrəli Dövlət Aktı əsasında cavabdehə məxsus torpaq sahəsi ilə həmsərhəd olan, torpağa mülkiyyət hüququna dair JN-** nömrəli Dövlət Aktı əsasında mülkiyyətçi X1 məxsus torpaq sahəsinin alınması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddia tələbi təmin olunmamışdır. Həmin iş üzrə verilmiş ## #### 2021-ci il tarixli ekspert rəyində iddiaçının torpağa mülkiyyət hüququna dair JN-*** nömrəli Dövlət Aktı əsasında ona verilmiş torpaq sahəsinin həmin ərazidən, yəni həm də cavabdehin torpaq sahəsindən 1.300 metr kənarda olması müəyyən olunmuşdur. Göstərilən fakt təsdiq edir ki, iddiaçının mülkiyyətində olan sahə kənar yerdə yerləşmişdir. Təsadüfi deyil ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında ************ reyestr nömrəli Çıxarışın ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,2358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh, Cavabdeh və onu ailə üzvlərinə mülkiyyətə verilmiş JN0083 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən hava xətti ilə 329,0 metr Şimalşərq istiqamətində 83 nömrə ilə qeydiyyata alınmış Cavabdeh və onun ailə üzvlərinə mülkiyyətə verilmiş 0,6841 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır.
26. Cavabdehin torpaq sahəsi isə ** saylı dövlət aktında qeyd edilib. Həmin şəxsin torpaq sahəsi 82 və ** saylı dövlət aktlarında qeyd edilən torpaq sahələri ilə qonşudur. Bu da onu göstərir ki, iddiaçının torpaq sahəsi cavabdehin torpaq sahəsi ilə qonşu deyil. ** saylı dövlət aktında göstərilən torpaq sahəsinin mülkiyyətçilərindən biri X1r.
27. Təqdim edilmiş sənədlər təsdiq edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada göstərilməsi cavabdehin mülkiyyətində olan torpaq sahəsindən kənarda olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsin əməkdaşları isə torpaq sahəsinin naturada göstərilməsini cavabdehin mülkiyyətində olan torpaq sahəsində göstərir. Cavabdeh isə hal-hazırda istifadəsində olan torpaq sahəsini, 30 ildən artıq müddətdir ki, istifadə edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
28. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.
31. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
32. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
33. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
34. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
38. Maddə 5.3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
39. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
40. Maddə. 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
49. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
59. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.