Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-886/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi istifadə hüququ ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2014-cü il tarixdə *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. ##.##.2020-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən, X1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən ##.##.2020-ci ildə verilmiş *** saylı arayışa, ##.##.2014-cü ildə verilmiş 524 kitab, 53 vərəq, 3080**019536 yüklü edilən əmlakın reyestr nömrəli, 1614003/** qeydiyyat nömrəli çıxarışa əsasən onun icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsini daimi istifadə hüquqlarını İddiaçı 5100 manata satmış, İddiaçı, həmin hüquqları almışdır. Müqavilə bağlananadək həmin torpaq sahəsinin hüququ yüklü edilən şəxs - Abşeron rayon icra Hakimiyyəti və başqa heç bir şəxs, idarə, təşkilatlarda ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi Idarəsi İddiaçı müraciətinə cavab olaraq ##.##.2020-ci tarixli məktubunda bildirmişdir ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən X1 istifadəsində olan 0,02 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və idarənin elektron baza məlumatları araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- ****/**** nömrəli iş üzrə ## ### 2024-cü il tarixli qətnaməsi qismən (##.##.2020-ci ildə 5100 manata əldə etdikləri Abşeron rayon, Ramana südçülük Sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində 2/3 onun, 1/3 cavabdehin pay hüququnun müəyyən edilməsinə aid iddia tələbinin rədd edilməsi hissəsində) ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.02 ha torpaq sahəsi üzərində istifadə hüquqları Cavabdeh və cavabdeh İddiaçı arasında bərabər paylarda bölünməklə, hər birinin 1/2 hissədə payının müəyyən edilməsi qət edilmişdir.
5. Abonent kodu 100465571910055 olan “Azəriqaz” IB-nin abonent saldosundan görünür ki, Abşeron rayonu, Ramana Südçülük sovxozu ünvanındakı abonent İddiaçıdur.
6. Azərbaycan Respublikası “xxxx” QSC-nin Sabunçu rayonu Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması barədə **/TŞ- ******/Ş nömrəli izahat və cizgilərindən görünür ki, qaz kəmərinin quraşdırılmasının sifarişçisi İddiaçı müraciətinə əsasən “xxxx” QSC tərəfindən ##.##.2021-ci il tarixdə qeyd edilən ünvanda qaz xətti quraşdırılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sabunçu rayonu, Ramana qəsəbəsi adlanan ərazidə yerləşən dörd otaqlı yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, həmin nikah cavabdehin iddiasına əsasən Sabunçu Rayon Məhkəməsi tərəfindən pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə yaşayış şəraitlərini yaxşılaşdırmaq məqsədilə Sabunçu rayonu, Ramana qəsəbəsi adlanan ərazidə, istifadəsində olan torpaq sahəsində 4 otaqdan, mətbəxdən, sanitar qovşaqdan, həyətdən ibarət fərdi yaşayış sahəsinin inşa edilməsinə qərar vermişdir. Həmin fərdi yaşayış sahəsini özünün, qohumlarının və dostlarının köməyi ilə tikdirmiş, müəyyən xərc çəkib təmir etdirmişdir. Həmçinin, evin qaz, elektrik və su təchizatını da çəkdirmişdir. Yaşayış sahəsinin kommunal xərcləri onun adına sənədləşdirilmişdir. Bütün ödənişləri o etmişdir və bunu təsdiq edə biləcək şahidlər vardır. Daha sonra yuxarıda qeyd etdiyi kimi, cavabdeh məhkəməyə müraciət edərək nikahı pozdurmuşdur. Aralarında olan nikah pozulduqdan sonra cavabdeh onu həmin yaşayış sahəsinə buraxmamışdır. Qeyd etdiyi kimi, yaşayış sahəsinin inşasını o, özü həyata keçirmişdir. Bu məsələlərin hamısı birgə nikahda olduqları müddətdə baş vermişdir. Hazırda yaşayış sahəsi cavabdehin istifadəsindədir və bildiyinə görə, cavabdeh həmin evi satmaq istəyir. Həmin evdən istifadəsinin təmin olunması üçün o, həmin yaşayış sahəsinə köçürülməlidir. Belə ki, mübahisəli 4 otaqlı yaşayış sahəsinin hüquqmüəyyənedici sənədi, yəni çıxarışı olmadığından və eyni zamanda, qanunvericiliklə belə xarakterli mübahisələrin həlli məhkəmənin üzərinə bir vəzifə kimi qoyulduğundan, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinin tələblərinə uyğun olaraq analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət olunmalıdır. Başqa sözlə, hazırkı iddia tələbi cavabdeh Cavabdeh istifadəsi və sahibliyində olan mübahisəli Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə 4 otaqdan ibarət yaşayış sahəsinə hər hansı hüququn tanınması məqsədi ilə deyil, mübahisənin həll edilməsində oxşar münasibətləri tənzimləyən hüquq normasına istinad kimi qəbul edilməlidir. Belə olan halda, onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsaslı və haqlıdır.
9. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi adlanan ərazidə yerləşən dörd otaqlı yaşayış sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir, hətta yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin belə yeri məlum deyildir. Iddiaçı İddiaçı Sabunçu rayonu, Ramana qəsəbəsi adlanan ərazidə yerləşən dörd otaqlı yaşayış sahəsinə köçürülməsi üçün heç bir əsas yoxdur. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş dörd otaqlı fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Həqiqət Mahmudova).
11. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq, iddiaçının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Buna əks olan yanaşma, yəni iddiaçının evə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ######## 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, **9.1, 184.2, 217.3, 217.4, 227, 358, 360, 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır..
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş çıxarışa istinadən iddiaçı və cavabdehi mülkiyyətçi saysa da, iddiaçı tərəfindən təqdim edilmiş cavabdan da göründüyü kimi torpaq sahəsinin yeri müəyyən olmadığı halda hansısa özbaşına tikiliyə köçürülmə barədə qanunsuz, əsassız qətnamə qəbul etmişdir. Iddiaçı tam hüquqlu mülkiyyətçi olduğu və buna dair çıxarış təqdim etdiyi, həmin torpaq sahəsinin yerinin bilinmədiyi və iddiaçının harada, nə vaxt və neçə otaqlı ev tikdiyi barədə heç bir dəqiq məlumat vermədiyi halda məhkəmə kommunal xəttə dair cizgi plana əsaslanaraq ev özbaşına tikili olduğu qənaətinə gəlməklə həmin özbaşına tikiliyə iddiaçının köçürülməli olduğu qənaətinə gəlməsi tamamilə qərəz və ya hansısa maraqdan irəli gəlir. Halbuki mülki işin gedişi zamanı torpaq sahəsinin yerinin müəyyən edilməsi barədə vəsatət də verilmiş, məhkəmə həmin vəsatəti təmin etmədən öz qulluq mövqeyindən istifadə etməklə hansısa şəkil, cizgi plan əsasında ev olduğu və həmin evə iddiaçının köçürülməli olduğu qənaətinə gəlmişdir. Iddiaçının özünəməxsus çıxarışla olan torpağının yeri müəyyən deyil. Bununla yanaşı, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır ki, cavab məktubunda da torpağın belə yerinin müəyyən edilmədiyi aydın görünür. Iddiaçı heç torpağın yerini belə bilməmiş, heç bir yerdə özbaşına tikili belə aparmamış və ya bunu sübut etməmişdir. Bu səbəbdən hansısa tikiliyə subyektiv hüququ olduğu da təsdiq edilmədən məhkəmə qanunsuz qətnamə qəbul edərək iddianı təmin etmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş çıxarışda torpağın təyinatı belə fərdi yaşayış evi tikintisi üçün olmamış, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Lakin məhkəmə bu hallara Məcəllənin tələblərinə əhəmiyyət vermədən qərəzli qətnamə qəbul etmiş və cavabdehin atasının evinə köçürülməni təmin etmişdir. Məcəllədən də göründüyü kimi özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Iddiaçı tərəfindən məhkəməyə çıxarış, alqı-satqı müqaviləsi təqdim edilsə də torpaq sahəsinin yerinin müəyyən edilmədiyinə dair sənəd təqdim edilmiş olsa da həmin torpaq sahəsinə və ya onun üzərindəki evə köçürülmə tələbi edən iddiaçının mülkiyyət hüququ ilə ona məxsus torpağın yeri müəyyən edilməmişdir. Bununla yanaşı yeri belə müəyyən olmayan torpaq sahəsində hansısa evin mövcud olduğu düzgün araşdırılmamışdır. Cavabdehin atası tərəfindən inşa edilmiş və sayğaclarla təmin edilmiş evə dair qəbzlər də təqdim edildiyi halda sırf çıxarış və cizgilərə istinad etməklə gələcəkdə icrası mümkünsüz bir qətnamə çıxarılması tamamilə qanunsuzdur. Iddiaçı tərəfindən harada, nə vaxt, neçə otaqlı özbaşına tikili tikdiyi belə sübut edilə bilmədiyi halda məhkəmə onun əvəzinə iddianı sübut etmişdir. Halbuki iddiaçı kredit mübahisəsi üzrə mülki işdə də kredit götürüb qayınatasına verdiyini və qayınatasının həmin pulla ev və s. tikdiyini qeyd etmişdir. Həmin qətnamə iş materiallarına əlavə edilmişdir. Məhkəmə sübutlara qərəzli, qeyri-obyektiv yanaşaraq işə tam, hərtərəfli baxmamış, işin həqiqi hallarına uyğun olmayan, iclasda tədqiq edilməmiş sübutlar əsasında baxmışdır. Bu səbəbdən tədqiq edilmiş sübutlar əsasında yenidən baxılmalı və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir (hakimlər – A.Imanov (məruzəçi), S.Səlimova və İ.Şirinov).
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanunvericilik insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Cavabdeh onun ev üzərində hüquqlarının mövcudluğunu təsdiq edən sübutlar təqdim etmədiyindən, onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd edilən norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə cavabdeh bu hüququ həyata keçirə bilər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Hazırki halda da mənzildən çıxaranın mənzilə hüququ mövcud olmadığından çıxarılma qanunsuz hesab edilir.
19. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ######## 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinin yerinin müəyyən edilməsi barədə vəsatət verilmiş, məhkəmə həmin vəsatəti təmin etmədən öz qulluq mövqeyindən istifadə etməklə hansısa şəkil, cizgi plan əsasında ev olduğu və həmin evə iddiaçının köçürülməli olduğu qənaətinə gəlmişdir. Iddiaçı tərəfindən harada, nə vaxt, neçə otaqlı özbaşına tikili tikdiyi belə sübut edilə bilmədiyi halda, məhkəmə onun əvəzinə iddianı sübut etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
24. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
26. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ######## 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyndən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması və obyektiv araşdırma aparılmaması ilə bağlıdır.
39. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.