Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-887/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş mülki üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə “xxxx” MMC arasında ## ###### 2024-cü il tarixli elektron “xxxx” bağlanmışdır. Tərəflər arasında müqavilə imzalandıqdan sonra İddiaçı tərəfindən “xxxx” MMC-nə 1.850 manat ödəniş edilmişdir.
2. Həmin “xxxx”nin 1.1-ci bəndinə əsasən sifarişçi tapşırmış, icraçı isə hazırkı müqavilədə göstərilmiş şərtlərlə Dizayn dərslərinin tədrisinin öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icraçı hazırkı müqavilənin 1.1 bəndində göstərilmiş işləri sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən icraçı tədris müddətinin sonunda, sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda diplomla təltif etməmək hüququna malik olmuşdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi hazırkı müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün ümumi olaraq 1850 manat ödəməyi öz üzərinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh “xxxx” MMC-nə qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.850 manat, əldən çıxmış faydaya görə 4.000 manat, dəbbə puluna görə 500 manat, göstərilmiş hüquqi yardıma görə 350 manat, ödənilmiş dövlət rüsumuna görə 90 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərinə əsasən, cavabdeh Dizayn dərslərinin tədrisini müqavilədə göstərilmiş şərtlərlə aparmağı öz öhdəliyinə götürmüşdür. Cavabdehin direktoru Aqşin Rəcəbovdur, o, Dizayn sahəsi üzrə Azərbaycan Respublikasında nüfuzlu mütəxəssis kimi tanınır. Dərslərin keçirilməsi bilavasitə onun tərəfindən icra olunmalı olsa da, dərslər Aqşin Rəcəbovun tələbəsi tərəfindən keçirilmişdir. Bununla bağlı tərəflər arasında bağlanmış müqavilədə müvafiq bənd və ya razılaşma mövcud deyil. Müqavilənin 2-ci maddəsinə əsasən, dərslər 1 saat olmaqla həftədə 2 dəfə, ayda 12 saat əsas dərs, 8 saat praktiki dərs keçirilməsi və tədris proqramının 4 ay davam etməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4.1-ci bəndə əsasən, xidmət haqqı 1.850 manat olaraq müəyyən edilmişdir. Həmçinin, həmin müqavilənin 3.4-cü bəndində qeyd olunmuşdur ki, “İcraçı tədris müddətinin sonunda, Sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda Diplom ilə təltif etməmək hüququna malikdir. Bu qiymətləndirmənin necə və hansı qaydada aparılması, nəyə əsasən müəyyən olunması müqavilə və ya onun əlavələrində qeyd olunmamış və tərəflər arasında razılaşdırılmamışdır. Cavabdeh, müqavilə ilə öhdəlik götürmüşdür ki, o dərslərin keyfiyyətinə tam zəmanət verir və tam, keyfiyyətli xidmət göstərməyi öz üzərinə götürür. İddiaçı, müqavilənin 4.1-ci bəndinə əsasən, öz üzərinə düşən öhdəliyi tam icra etmiş və xidmət haqqını dərslər üzrə deyil, cəm şəklində olmaqla əvvəlcədən ödəmişdir (ödəniş qəbzləri əlavə olunur). Lakin, cavabdeh işə səhlənkar yanaşmış, keçirilən online dərslərdə iştirak etməmiş, həmçinin tərəflər arasında və tədris qrupunun çatında söz verildiyi kimi mentor ilə aparılmalı olan 4 konsultasiyanı (hansıları ki, Aqşin Rəcəbov şəxsən aparmalı idi) tam və lazımınca icra etməmiş, iddiaçının sorğularını cavabsız qoymuşdur, narahatlığına etinasız yanaşmışdır. İddiaçı ilə müqavilə öhdəliklərinin tam və keyfiyyətli şəkildə icra olunması ilə əlaqədar dəfələrlə danışıqlar aparılmış, ya öhdəliyin keyfiyyətli və tam aparılması və ya ödənilmiş təlim haqqının qaytarılması tələb olunmuşdur, lakin bu danışıqlar müsbət nəticə verməmişdir. ## #### 2025ci il tarixdə cavabdehin hüquqi ünvanına pretenziya məktubu ünvanlanmış və 10 gün ərzində müqavilə üzrə ödənilmiş 1.850 manat məbləğin geri qaytarılması xahiş edilmişdir, qeyd olunmuşdur ki, əks təqdirdə tərəfimizdən məhkəməyə müraciət ediləcəkdir. (poçt qəbzi əlavə olunur) Həmçinin, əlavə olaraq, pretenziya məktubunun surəti cavabdehin elektron poçt ünvanlarına da göndərilmiş, lakin müraciətimizə heç bir cavab gəlməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə AR mülki qanunvericiliyi əsasında bağlanmışdır. Sifarişçi tərəfindən müqavilə üzrə öhdəlik icra edilmiş, icraçı tərəfindən öhdəlik icra edilməmişdir. İddiaçı 1.850 manat ödəniş etmiş, əvəzində ona keyfiyyətsiz, natamam xidmət göstərilmiş, sertifikat isə təqdim olunmamışdır.
5. Cavabdeh iddiaya etiraz edərək, müqaviləyə əsasən dərslərin keçirilməsi bilavasitə Aqşin Rəcəbov tərəfindən icra olunmalı olsa da, dərslər Aqşin Rəcəbovun tələbəsi tərəfindən keçirilməsi ilə bağlı bildirmişdir ki, tərəflər arasında qabaqcadan belə bir razılaşma olmamış və müqavilədə dərslərin Aqşin Rəcəbov tərəfindən şəxsən keçiriləcəyi qeyd olunmamışdır. Müqavilə şərtləri ilə tanış olması üçün iddiaçıya kifayət qədər vaxt verilmiş və daha sonra tərəflər arasında müqavilə imzalanmışdır. Həmçinin, tədris proqramı barədə məlumat verilərkən tədrisin kim tərəfindən aparılacağı bildirilmiş, tələbə sınaq dərsinə qoşulmuş və tələbənin Aqşin Rəcəbov tərəfindən hazırlanmış video materiallarla təmin olunacağı qeyd olunmuşdur. Həmin video materiallar 96% həcmində iddiaçı tərəfindən müntəzəm olaraq istifadə olunmuşdur (bununla bağlı sübut etiraza əlavə olunur). Bu materiallarda qeyd olunan həcmdə müntəzəm olaraq istifadə olunması onu göstərir ki, iddiaçı hərəkətləri ilə müqavilə şərtləri ilə razılaşmış və onları qəbul etmişdir. Qeyd olunmuş keçid vasitəsilə də görmək olar ki, iddiaçı bütün dərslərdə iştirak etmişdir. Müqavilənin 2-ci maddəsində göstərildiyi kimi, dərslər 1 saat olmaqla həftədə 2 dəfə, ayda 12 saat əsas dərs, 8 saat praktiki dərs olaraq 4 ay davam etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, “müqavilənin 3.4-cü bəndində qeyd olunmuşdur ki, “İcraçı tədris müddətinin sonunda, Sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda Diplom ilə təltif etməmək hüququna malikdir”. Bu qiymətləndirmənin necə və hansı qaydada aparılması, nəyə əsasən müəyyən olunması müqavilə və ya onun əlavələrində qeyd olunmamış və tərəflər arasında razılaşdırılmamışdır”. Bu səbəbdən də, onun diplomla təltif olunmamasına etirazını bildirdiyi qeyd edilmişdir. Bildirilmişdir ki, iddiaçının da bildirdiyi kimi, müqavilənin 3.4-cü bəndinə əsasən “İcraçı tədris müddətinin sonunda, Sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda Diplom ilə təltif etməmək hüququna malikdir.” Qiymətləndirmənin forması müqavilədə öz əksini tapmamış və bununla bağlı müqavilə bağlanarkən iddiaçı tərəfindən hər hansı tələb irəli sürülməmişdir. Tədris müddətinin sonunda iddiaçı qeyd olunan balı yığa bilmədiyi üçün ona kurs tərəfindən diplom verilməmişdir. Qiymətləndirmənin hesablama metodu ilə bağlı isə bildirilmişdir ki, iddiaçıya əvvəlcədən məlumat verildiyi kimi (bununla bağlı yazışmalar etiraza əlavə olunur), qiymətləndirmə tədris müddəti ərzində verilmiş tapşırıqların ortalama balı və yekunda verilən Diplom layihəsinə uyğun olaraq aparılır. İddiaçı müqavilədə qeyd olunan balı yığa bilməmiş və diplom layihəsini təhvil verməmişdir. İddiaçı iddia ərizəsində onun etirazlarına etinasız yanaşıldığını, sorğularının cavabsız qoyulduğunu bildirsə də, kursun əməkdaşları tərəfindən daima bütün sorğular cavablandırılmış və ətraflı izah olunmuşdur. Həmçinin bildirilmişdir ki, tədris müddəti boyunca iddiaçı tərəfindən hər hansı narazılıq bildirilməmiş, tədrisi həyata keçirən şəxs və digər məsələlər barədə etiraz olunmamışdır. Kurs bitdikdən sonra isə iddiaçının bildirdiyi narazlığa cavab olaraq kurs rəhbəri Aqşin Rəcəbov tədris müddətinin bitməyinə baxmayaraq onun suallarını cavablandırmağa və köməklik göstərməyə hazır olduğunu bildirmiş, lakin iddiaçı tərəfindən buna hər hansı münasibət bildirilməmişdir. Bundan əlavə, iddiaçı iddia tələbində 4.000 manat əldən çıxmış fayda məbləğinin cavabdehdən tutulmasını iddia etsə də, bu tələbini əsaslandırmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının irəli sürdüyü tələblər tamamilə əsassızdır və iddiaya dair hər hansı sübut təqdim olunmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmiş, müqavilənin şərtləri pozulmamış və buna dair sübutlar mövcuddur.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddiaçının cavabdehdən 1.850 manat, əldən çıxmış faydaya görə 4.000 manat, dəbbə puluna görə 500 manat, göstərilmiş hüquqi yardıma görə 350 manat, ödənilmiş dövlət rüsumuna görə 90 manat pul tələbinə dair iddiası təmin edilməmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında ## ###### 2024-cü il tarixli “xxxx” hazırlanmışdır. Müqavilə imzalandıqdan sonra iddiaçı tərəfindən MMC-nə 1.850 manat ödəniş edilmişdir. Hazırda iddiaçı qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və bu səbəbdən də cavabdehə ödənilmiş məbləğ və iddiaçı tərəfindən çəkilmiş digər xərclər cavabdehdən tutulmalıdır.
8. İddiaçı iddia ərizəsində 2 əsasa istinad edərək qeyd etmişdir ki, cavabdeh öhdəliyini yerinə yetirməmişdir: dərslər bilavasitə Aqşin Rəcəbov tərəfindən tədris edilmədiyini və tədris müddətinin sonunda diplomla təltif edilmədiyini.
9. Məhkəmə ilk öncə iddiaçının ərizəsində “dərslərin bilavasitə Aqşin Rəcəbov tərəfindən tədris edilmədiyinə” dair göstərdiklərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı əsas kimi onu göstərmişdir ki, müqaviləyə əsasən dərslərin keçirilməsi bilavasitə Aqşin Rəcəbov tərəfindən icra olunmalı idi, lakin icraçı bu öhdəliyini yerinə yetirməmiş, dərslər Aqşin Rəcəbov tərəfindən icra olunmamışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının bildirdiyinin əksinə olaraq, tərəflər arasında bağlanmış əqddə dərslərin Aqşin Rəcəbov tərəfindən tədris ediləcəyi ilə bağlı heç bir şərt yoxdur.
11. Belə ki, tərəflər arasında bağlanmış əqddə MMC iddiaçıya müqavilədə göstərilmiş şərtlərlə Dizayn dərslərinin tədris ediləcəyini razılaşdırmış və bununla bağlı öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş keçidlərdən görünür ki, cavabdeh dərsləri təşkil etmiş və iddiaçıya müqavilə ilə razılaşdırılmış dizayn dərslərinin tədrisini həyata keçirmişdir.
12. Bundan başqa, məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı dərslərin bilavasitə Aqşin Rəcəbov tərəfindən keçirilmədiyinə istinad etməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim olunmuş keçidlərdən görünür ki, iddiaçı dərslərdə davamlı olaraq iştirak etmişdir. Əgər iddiaçı qeyd etdiyi kimi dərslərin Aqşin Rəcəbov tərəfindən keçirilmədiyinə görə cavabdehin hərəkətlərindən narazı qalsa idi, o zaman ilk bir neçə dərsdən sonra bu barədə cavabdehə öz etirazını bildirmiş və qalan dərslərdə iştirak etməkdən imtina etmiş olardı. Halbuki, iddiaçı dərslərdə ardıcıl olaraq iştirak edərək, İcraçının müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirdiyini qəbul etmiş sayılmışdır.
13. Məhkəmə “tədris müddətinin sonunda diplom ilə təltif edilmədiyinə” dair münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əqdə əsasən onlar razılaşdırımışlar ki, icraçı tədris müddətinin sonunda, sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda Sifarişçinin Diplom ilə təltif etməmək hüququna malikdir.
14. Göründüyü kimi, müqavilə ilə İcraçının Sifarişçini bütün hallarda tədris müddətinin sonunda diplom ilə təltif etməli olduğu barədə əqddə heç bir şərt mövcud deyil. Bunun əksinə olaraq, tərəflər razılaşdırmışlar ki, iddiaçı tədrisin sonunda keçiriləcək qiymətləndirmədə 80 balın altında qiymət alacağı təqdirdə diplom ilə təltif edilməyəcəkdir. Tədrisin sonunda keçirilən qiymətləndirmədə isə iddiaçı 80 balın altında qiymət aldığından cavabdeh tərəfindən diplom ilə təltif edilməmişdir.
15. Məhkəmə iddia tələbinin “4.000 manat əldən çıxmış faydanın, 500 manat dəbbə pulunun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin bu hissəsi “1.850 manat pulun cavabdehdən tutulması” hissəsindən yarandığından, iddia həmin hissədə də əsassız sayıldığından təmin edilməməlidir.
16. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 324.1, 331.1, 405.1, 407.2, 417.2, 421.1, 421.2, 424.2, 424.3, 424.5-ci, habelə MPM-nin 14.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialarına əlavə edilmiş sübutlarda, tərəflər arasında aparılan yazışmalarda cavabdeh 4 aylıq tədris proqramında mentor ilə (Aqşin Rəcəbovla şəxsən) 4 dəfə (ayda 1 dəfə olmaqla) konsultasiyanın aparılması öhdəliyini götürmüşdür. Belə ki, tələbələr video görüntülərə baxdıqdan sonra, ayda 1 dəfə tədris proqramı ilə əlaqədar yaranan suallarının, tapşırıqlarla bağlı çətinliklərinin həll edilməsi, izah edilməsi məqsədilə Aqşin Rəcəbov tərəfindən konsultasiya edilməli idilər. Lakin, konsultasiyalar baş tutmamışdır. Tədris proqramı portfolio və final işi olmaqla 2 hissədən ibarət olmuşdur. İddiaçı video görüntülərə keçid etməklə izləmiş, lakin portfolio işini, tapşırıqlarını yerinə yetirmək üçün izahla, yəni, konsultasiya ilə təmin edilməmişdir. Bu da öz növbəsində tədris proqramının mənimsənilməsini çətinləşdirmiş, iddiaçı yarımçıq biliklərlə final işinin (diplom işi) təhvil verilməsinin mümkün olmayacağını dərk etmişdir. Cavabdehin öz etirazında qeyd etdiyi "qiymətləndirmə tədris müddəti ərzində verilmiş tapşırıqların ortalama balı və yekunda verilən diplom layihəsinə uyğun olaraq aparılır" nəzərə alınsa, iddiaçının tədris müddəti ərzində natamam xidmət alması onun yüksək nəticə göstərməsini istisna etmiş, zəruri dəstək göstərilmədiyindən cavabdehə müraciət olunmuş, cavabdehin hərəkətsizliyinin nəticəsi olaraq diplom işi təqdim edilməmiş və iddiaçı sertifikatla təmin olunmamışdır. Belə ki, cavabdeh tərəfindən diplom işinin təqdim edilməsi üçün keçid tələbələrlə qrup çatına iddiaçı hüquqlarının bərpa olunmasını tələb etdikdən, müqavilənin qüvvədə olma müddəti, habelə, müqavilə üzrə müəyyən olunmuş tədris müddəti bitdikdən xeyli sonra yerləşdirilmişdir. X1 əvvəlcədən yazılmış video görüntüləri ilə və tələbəsi tərəfindən tədris olunduğunu nəzərə alınsa, proqramın əhəmiyyətli hissəsini təşkil edən mentor konsultasiyaları aparılmadan xidmətin lazımınca və keyfiyyətlə icra olunmasını iddia etmək olmaz. İddiaçı natamam xidmət göstərilməsi ilə bağlı çoxsaylı şikayətlərindən sonra cavabdehin rəsmi email ünvanına müraciət etmişdir. Cavabdeh email yazışmalarında (əlavə olunub) natamam xidmət göstərdiyini və konsultasiyaların baş tutmamasını etiraf etmiş, bunun müqabilində 500 (beş yüz) manat məbləğində ödənişi geri qaytarmağı təklif etmişdir. İddiaçı bununla razılaşmamış, ödənilmiş xidmət haqqına uyğun olaraq keyfiyyətli xidmət göstərilməsini, ya da ödənişin geri qaytarılmasını tələb etmişdir. İkincisi, birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Bundan başqa, iddiaçı dərslərin bilavasitə Aqşin Rəcəbov tərəfindən keçirilmədiyinə istinad etməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim olunmuş keçidlərdən görünür ki, iddiaçı dərslərdə davamlı olaraq iştirak etmişdir. Əgər iddiaçı qeyd etdiyi kimi dərslərin Aqşin Rəcəbov tərəfindən keçirilmədiyinə əsasən cavabdehin hərəkətlərindən narazı qalsa idi, o zaman ilk bir neçə dərsdən sonra bu barədə cavabdehə öz etirazını bildirər və qalan dərslərdə iştirak etməkdən imtina etmiş olardı. Halbuki, iddiaçı dərslərdə ardıcıl olaraq iştirak edərək, icraçının müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirdiyini qəbul etmiş sayılır.” Tərəflər arasında bağlanan ## ###### 2024cü il tarixli xidmət göstərilməsinə dair müqavilədə dərslərin konkret olaraq kim tərəfindən tədris olunması qeyd olunmamışdır. Yəni, dərslərin Aqşin Rəcəbov tərəfindən tədris olunması istisna edilməmişdir. Maraqlıdır görəsən, məhkəmə nəyə əsasən video görüntülərin izləndiyini təsdiq edən keçidlə iddiaçının icraçısının müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirdiyini qəbul etdiyi qənaətinə gəlmişdir. Hesab edir ki, məhkəmə iddia tələbini, iş materiallarını düzgün təhlil etmədən yanlış qənaətə gəlmişdir. Tərəflər arasında müqavilə bağlanmadan öncə aparılan danışıqlarda tədrisin Aqşin Rəcəbov tərəfindən aparılacağı bildirilmişdi. Belə ki, sözügedən tədris kursunun məbləğinin bazar qiymətindən yuxarı olması da məhz nüfuzlu təlimçi Aqşin Rəcəbovun təlimi olması ilə bağlıdır. Lakin, sonradan iddiaçı X1 video görüntüləri və onun tələbəsi tərəfindən keçirilən praktiki dərslər, eləcə də Aqşin Rəcəbovun bilavasitə konsultasiyaları ilə aparılacağını bilmiş və buna razı olmuşdur. Bir neçə dərsdən sonra iddiaçı əsas təlimçinin iştirakının olmaması barədə onun tələbəsinə, daha sonra şəxsən Aqşin Rəcəbovun özünə narahatlığını və etirazını bildirmiş, lakin, hər səfərində bunun aradan qaldırılacağı vəd edilmişdir. İddiaçı da bu vədlərə etibar etmiş və dərslərdə iştirakını davam etdirmişdir (narazılıq bildirilən video görüntülər, yazışmalar əlavə edilib). Bütünlükdə təlim proqramının (dərslər və praktiki tapşırıqlar) tələbə tərəfindən keçirildiyini, yalnız konsultasiyaların Aqşin Rəcəbov tərəfindən aparılmalı olduğunu nəzərə alınsa, təlimin əhəmiyyətli hissəsinin konsultasiyalar olduğu danılmaz faktdır. İddia tələbinin əsası iddia ərizəsində açıq və aydın şəkildə əks olunmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova- sədrlik edən, məruzəçi, Ziya Şirinov və Rəşid Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir və məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
21. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində konsultasiyaların baş tutmamasına, zəruri dəstək göstərilmədiyindən cavabdehə müraciət olunmasına, cavabdehin hərəkətsizliyinin nəticəsi olaraq diplom işi təqdim edilməməsinə və onun sertifikatla təmin olunmamasına istinad edərək qeyd etmişdir ki, iddia tələbinin əsasını keyfiyyətsiz, natamam xidmət göstərilməsi, öhdəliyin lazımınca icra olunmaması təşkil etmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilədə cavabdehin konsultasiya kimi bir öhdəlik götürməsi barədə qeyd olmamışdır.
22. Belə ki, iddiaçının mütləq qaydada məhz Aqşin Rəcəbov tərəfindən konsultasiya ilə təmin edilməli olması barədə tərəflər arasında bağlanmış müqavilədə hər hansı bir qeyd şərt olmamışdır, buna görə də iddiaçının tədris müddətinin sonunda diplom ilə təltif edilməməsi halı cavabdeh tərəfindən keyfiyyətsiz, natamam xidmət göstərilməsi, öhdəliyin lazımınca icra olunmaması kimi qiymətləndirilə bilməzdi.
23. Apellyator şikayətində diplom işi təqdim etməməsini səbəbi kimi tədris proqramının mənimsənilməsini çətinləşdirməsini göstərmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı özü bu dəlilləri etiraf etmişdir ki, yarımçıq biliklərlə final işinin (diplom işi) təhvil verilməsinin mümkün olmayacağını dərk etmişdir, başqa sözlə, dərsin mənimsənilməməsi cavabdeh tərəfindən dərslərin keyfiyyətsiz, natamam göstərilməsi anlamına gəlmirdi. Çünki tədris əsasən video dərslər və praktiki tapşırıqlar əsasında qurulmuşdu və nəticədə qiymətləndirilmə zamanı iddiaçı 80 balın altında qiymət almışdır ki, bununla da cavabdeh tərəf müqavilədə qeyd edilən hüququnu istifadə edərək, iddiaçını diplom ilə təltif etməmişdir.
25. Bundan başqa, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, bir neçə dərsdən sonra iddiaçı əsas təlimçinin iştirakının olmaması barədə onun tələbəsinə, daha sonra şəxsən Aqşin Rəcəbovun özünə narahatlığını və etirazını bildirmişdir.
26. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, cavabdeh tərəfə göstərilənlərlə bağlı hər hansı etirazlarını dərs müddətində verilməli olduğu halda verməmiş, həmin məsələlər hazırkı iddiası və şikayətində əks edilmişdir. Konsultasiyaların məhz Aqşin Rəcəbov tərəfindən aparılması müqavilədə nəzərdə tutulmamışdır.
27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində cavabdeh 500 manat məbləğində ödənişi geri qaytarmağı təklif etməsi ilə bağlı qeyd etmişdir ki, qarşı tərəfin natamam xidmət göstərilməsi və ya konsultasiyaların baş tutmamasının etirafı kimi qiymətləndirilə bilməzdi.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bildirişi cavabdehə məxsus elektron kabinetə ##.##.2025-ci il tarixdə yüklənmiş, etiraz isə cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə təqdim edilmişdir. Beləliklə, qanunvericilikdə prosessual müddət olaraq nəzərdə tutulmuş 20 gün ötürülməmişdir.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, verilən etirazın müddəti ötürülmüş olsa belə, iddiaçının əvəzinə onun nümayəndəsi-vəkilinin adının yazılması kimi halların mövcudluğu mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas sayıla bilməzdi. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbinin “4.000 manat əldən çıxmış faydanın, 500 manat dəbbə pulunun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin bu hissəsi “1.850 manat pulun cavabdehdən tutulması” hissəsindən yarandığından və iddia həmin hissədə əsassız sayıldığından, təmin edilməməlidir.
30. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbinin və apellyasiya şikayətinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən apellyasiya şikayəti göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
31. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 324.1, 331.1,385.1, 405.1, 407.2, 417.2-ci, habelə MPM-nin 14.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən video sübutlara yalnız qismən baxılmış, qalan sübutların sonradan araşdırılacağı bildirilmiş, lakin növbəti iclasda həmin sübutlar araşdırılmadan qərar qəbul edilmişdir. Bundan əlavə, birinci instansiyanın məhkəmə iclasının video görüntüsünün məhkəmə zalında araşdırılması barədə vəsatətə baxılmamış, məhkəmə bunu özlərinin qiymətləndirəcəyini bildirmişdir. Qətnamədə də buna münasibət bildirməmişdir. Bu isə sübutların birbaşa və bilavasitə tədqiqi prinsipinin pozulmasıdır. Elektron məhkəmə sistemində işin nəticə hissəsində “qətnamə qismən ləğv edilərək yeni qətnamə çıxarıldı, iddia qismən təmin edildi” barədə qeyd aparılmışdır. Halbuki, məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın təmin edilmədiyi göstərilmişdir. Məhkəmə aktının nəticə hissəsinin hüquqi müəyyənliyi pozulmuşdur; məhkəmə aktının məzmunu ilə sistemdə göstərilən nəticə arasında uyğunsuzluq yaranmışdır; məhkəmə aktının düzgün və aydın tərtib edilməməsi baş vermişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
36. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
39. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
40. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri:
50. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
51. Hazırda apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılması təşkil edir. Kassasiya məhkəməsinin hüquqi mövqeyi
52. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. İddiaçı, kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
54. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında ## ###### 2024cü il tarixli “xxxx” bağlanmışdır. Müqavilə imzalandıqdan sonra iddiaçı tərəfindən MMC-nə 1.850 manat ödəniş edilmişdir.
55. Hazırda iddiaçı iddia edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyib və bu səbəbdən də cavabdehə ödədiyi məbləğ və çəkdiyi digər xərclər ona geri qaytarılmalıdır.
56. Həmçinin iddiaçı, iddia ərizəsində 2 əsasa istinad edərək qeyd etmişdir ki, cavabdeh öhdəliyini yerinə yetirməmişdir, yəni dərslər bilavasitə Aqşin Rəcəbov tərəfindən tədris edilməmiş və tədris müddətinin sonunda o, diplomla təltif edilməmişdir.
57. Apellyasiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əqddə dərslərin Aqşin Rəcəbov tərəfindən tədris ediləcəyi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, tərəflər arasında bağlanmış əqddə cavabdeh iddiaçıya müqavilədə göstərilmiş şərtlərlə Dizayn dərslərinin tədris ediləcəyini razılaşdırmış və bununla bağlı öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş keçidlərdən görünür ki, cavabdeh dərsləri təşkil etmiş və iddiaçıya müqavilə ilə razılaşdırılmış dizayn dərslərinin tədrisini həyata keçirmişdir.
58. Bundan başqa, apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı dərslərin bilavasitə Aqşin Rəcəbov tərəfindən keçirilmədiyinə istinad etməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim olunmuş keçidlərdən görünür ki, iddiaçı dərslərdə davamlı olaraq iştirak etmişdir. Əgər iddiaçı qeyd etdiyi kimi dərslərin Aqşin Rəcəbov tərəfindən keçirilmədiyinə görə cavabdehin hərəkətlərindən narazı qalsa idi, o zaman ilk bir neçə dərsdən sonra bu barədə cavabdehə öz etirazını bildirmiş və qalan dərslərdə iştirak etməkdən imtina etmiş olardı. Halbuki, iddiaçı dərslərdə ardıcıl olaraq iştirak etməklə cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirdiyini qəbul etmişdir.
59. Apellyasiya məhkəməsi “tədris müddətinin sonunda diplom ilə təltif edilmədiyinə” dair münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əqdə əsasən onlar razılaşdırmışlar ki, icraçı tədris müddətinin sonunda, sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda Sifarişçinin Diplom ilə təltif etməmək hüququna malikdir.
60. Göründüyü kimi, müqavilə ilə İcraçının Sifarişçini bütün hallarda tədris müddətinin sonunda diplom ilə təltif etməli olduğu barədə əqddə heç bir şərt mövcud deyil. Bunun əksinə olaraq, tərəflər razılaşdırmışlar ki, iddiaçı tədrisin sonunda keçiriləcək qiymətləndirmədə 80 balın altında qiymət alacağı təqdirdə diplom ilə təltif edilməyəcəkdir. Tədrisin sonunda keçirilən qiymətləndirmədə isə iddiaçı 80 balın altında qiymət aldığından cavabdeh tərəfindən diplom ilə təltif edilməmişdir.
61. Apellyasiya məhkəməsi iddia tələbinin “4.000 manat əldən çıxmış faydanın, 500 manat dəbbə pulunun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin bu hissəsi “1.850 manatın cavabdehdən tutulması” hissəsindən törəmə olduğundan, iddia həmin hissədə təmin edilməməlidir.
62. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.