Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-890/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ##.##.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də “menecer” işinə qəbul edilmiş və əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətsiz bağlanılmışdır.
2. İddiaçı ilə bağlanılmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yetirmədikdə, yaxud 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ##.##.2021-ci il tarixdən xitam verilmişdir.
3. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə ##.##.2021-ci il tarixli, **/k saylı əmrdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə əmək müqaviləsinə xitam verilməsi əsasının əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin elektron informasiya sisteminə daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, sonuncunun üzərinə ödənilməyən əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya nəzərə alınmaqla son haqq-hesabın hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi qoyulmuşdur.
4. ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin Əliyev Anar Hüseyn oğluna ünvanladığı ## ###### 2025-ci il və ## ##### 2025-ci il tarixli məktublarında qeyd edilmişdir ki, onun “xxxx” MMC-də əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddasinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) üzrə xitam verilməsinin həmin dövrdə işə düzəlməsinə əngəl törətməsinin X2 Xidməti tərəfindən əsaslandırılmasını xahiş etmiş və müraciətdə qeyd olunan xitam əmrində dəyişiklik edilməsi ilə bağlı Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qətnaməsi əlavə olunub. Bildirilir ki, AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini hayata keçirən X2 Xidməti bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətlərinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Məlumat üçün bildirilib ki, AR Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsi əsasından asılı olaraq, başqa işəgötürən ilə əmək müqaviləsi bağlanmasında məhdudiyyət nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilib ki, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh MMC-nə (bundan sonracavabdeh) qarşı “əmək mübahisəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz işdən çıxarılmanın tanınması, məsul şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqi nəticələrin aradan qaldırılması, əmək hüquqlarının bərpa olunması, əllərində olan resursların gələcəkdə işçi rifahına yönəldilməsi, 4.800 manat kompensasiya və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi, iddianın bu əsasla hüquqi qiymətləndirilməsi, hüquqi prosedurlara maneəçilik törədilməməsi, vəzifədən sui-istifadə hallarına yol verilməməsi və dövlət orqanlarından planlaşdırdığı bir sıra layihənin həyata keçirilə bilməsinə maneəçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2020-ci il tarixdə cavabdehdə sistem administratoru vəzifəsində işə qəbul edilmiş, ##.##.2020-ci il tarixdə əmək münasibətləri rəsmiləşdirilərək əmək müqaviləsi bağlanmadan menecer kimi işə qəbul edilməyinə dair əmək müqaviləsi bildirişi sistemə yüklənmişdir. Həmin bildirişə əsasən müddətsiz əmək müqaviləsi üzrə cavabdehdə menecer vəzifəsində işə qəbul edilmiş və ##.##.2021-ci il tarixində işdən azad edilmişdir. İşdən azad olunma səbəbi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda qeyd edilmişdir. Onu da qeyd edir ki, 2021-ci ilin həm fevral, həm də aprel ayılarında işdən azad olunmağına dair ərizə yazmış olmasına baxmayaraq, sonradan ##.##.2021-ci il tarixdə öyrənmişdir ki, işdən pozuntu ilə azad edilmişdir. Cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsi bildirişinə əsasən aylıq əmək haqqı 300 manat olmuş olsa da, 600 manat əmək haqqı alırmışdır. İşlədiyi müddət ərzində onun funksional vəzifələrinin icrası zamanı ona həmin müddətədək hər hansı xəbərdarlıq, töhmət verilməmiş, buna baxmayaraq fəaliyyəti işçilər tərəfindən bir mənalı formada müsbət qarşılanmırdı. Gündəlik olaraq ona vəzifələrinin icrası zamanı işçilər tərəfindən qərəzli münasibət olunurdu. Nəticədə cavabdeh tərəfindən ona ciddi formada gündəlik olaraq işinin icrası ilə bağlı qərəzli mövqe tutulduğundan o, öz ərizəsi ilə səbəbləri göstərilməklə işdən azad olunmağı haqqında cavabdehə rəsmi formada müraciət etmək məcburiyyətində qaldı. Bu məcburiyyətin əsasını ona qarşı işçilərin həqiqətə uyğun olmayan şər və böhtanı ilə nəticələnən şikayəti olmuşdur və işçilər tərəfindən edilmiş şikayətin polis tərəfindən araşdırılması, sonda tərəfindən bütün bu haqsızlıqlara dözməyərək 2021-ci ilin aprel ayının əvvəllərində işdən azad olunmağı haqqında təkrar ərizə ilə müraciət etməyinə səbəb olmuşdur. İşdən azad olunmağı haqqında ərizəni cavabdehə təqdim etdikdən sonra ##.##.2021-ci ildə babası vəfat etdi. Babasının vəfatı, bir tərəfdən də işdə yaranmış gündəlik problemlər onun ciddi psixoloji sarsıntı keçirməyinə səbəb oldu. Cavabdehə işdən azad olumağı haqında ərizə 2021-ci ilin aprel ayının əvvəllərində müraciət etdikdən sonra, cavabdeh ona ərizəsinin yekun nəticəsi barədə heç bir formada məlumat vermədi. Babasının vəfatı və dəfn məsələlərinin həlli ilə bağlı müəyyən tamamlanma işlərini yekunlaşdırdıqdan sonra dəfələrlə əmək kitabçasını yazmalarını istəsə də, əmək kitabçası ##.##.2021-ci il tarixdə yazılaraq ona təhvil verilmiş və həmin anda o, pozuntu ilə, yəni AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarıldığını bilmişdir. Belə ki, həmin anadək işdən azad olunmaq üçün ərizə yazdığından o, öz xahişiylə işdən azad edildiyini bilmiş, kitabçanı əlinə aldıqda isə vəziyyətin tamam başqa cür olduğunu öyrənmişdir. O, cavabdehə bu barədə vaxtında məlumat verilməməyinin səbəbini soruşsa da, cavab ala bilməmiş, bu isə cavabdehə qarşı öz kəskin iradlarımı bildirməyinə səbəb olmuşdur. İşdən azad olunarkən ona mart ayının 15-dən sonrakı əmək haqqı ödənilməmiş, eyni zamanda istifadə edilməmiş məzuniyyətə görə son haqq hesab edilməmişdir. Belə ki, cavabdeh şirkətin ona 440 manat əmək haqqı və 160 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya borcu var. Eyni zamanda heç bir pozuntuya yol vermədiyi halda onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmələri nəticəsində 2021-ci ilin aprel ayından indiyədək işşizdir. Belə ki, qeyd edilən halın əmək kitabçasında öz əksini tapması, elektron sistemə daxil edilməsi onun gələcək karyerası üçün böyük zərbə olduğundan məhkəməyə müraciət edərək ##.##.2021-ci il tarixli, 8 k saylı işdən azad olumağı haqqında əmrin əsasının dəyişdirilərək AR Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndilə (öz xahişimlə) rəsmiləşdirilməsi, eyni zamanda həmin əsasın əmək müqaviləsinin xitam edilməsi haqqında bildirişin elektron sisteminə daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş 440 manat əmək haqqının və 160 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın, eyni zamanda 4.800 manat əldən çıxmış faydanın və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin ##.##.2022- ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə ##.##.2021-ci il tarixli, **/k saylı əmrdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə əmək müqaviləsinə xitam verilməsi əsasının əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin elektron informasiya sisteminə daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, cavabdehin üzərinə ödənilməyən əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya da nəzərə alınmaqla son haqq-hesabın hesablanaraq ona vəzifəsi qoyulması, cavabdehdən ödənilmiş mediasiyaya dair xərcin əvəzi kimi iddiaçının xeyrinə 50 manat pulun tutulması qət edilmişdir. Sözügedən qətnamə tam icra edilməmiş, buna baxmayaraq, onun karyerasına mənfi təsir etmiş, hazırki iddia da onun hüquqlarının sistematik şəkildə pozulması nəticəsində yaranmış zərərin hüquqi müstəvidə qiymətləndirilməsi və müvafiq kompensasiyanın təmin olunması məqsədilə hazırlanmışdır. Aşağıda bu iddianın əmək hüququ çərçivəsində qiymətləndirilməsinin hüquqi və faktiki əsasları göstərilir: 1. Əmək hüququnun pozulması faktı AR Əmək Məcəlləsinə əsasən, vətəndaşların sərbəst şəkildə əmək bazarına çıxış hüququ vardır. X1 Müfəttişliyi Xidməti tərəfindən verilmiş cavabda bu hüququn hüquqi cəhətdən məhdudlaşdırılmadığı qeyd edilsə də, faktiki reallıqda bu hüququn icrası mümkün olmamış, işə qəbul prosesi sistematik şəkildə əngəllənmişdir. Bu fakt əmək bazarından məqsədli kənarlaşdırılma nümunəsidir. 2. Rəsmi cavabda hüququn pozulmasının dolayı ilə etirafı X2 Xidməti öz cavab məktubunda kompensasiya tələbi ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmasını qeyd etmişdir. Bu, bir tərəfdən hüququn pozulmasının mövcudluğunu etiraf etmə, digər tərəfdən isə məsuliyyəti üzərindən atmaq cəhdidir. Belə bir yanaşma əmək hüquqlarının qorunmasında dövlətin passiv mövqe tutduğunu göstərir. 3. Qanunsuz mülk əldə edilməsi ilə əmək pozuntuları arasındakı əlaqənin olmaması. Bəzi hallarda qarşı tərəfin və ya əlaqəli şəxslərin qanunsuz yolla mülkiyyət və sərvət əldə etməsi ilə bağlı ehtimallar əmək münasibətlərindən qaynaqlanır və bu, tamamilə müstəqil bir mülki məsələ kimi dəyərləndirilə bilər. Lakin hazırkı vəziyyətdə əsas mübahisə əmək münasibətləri və onların pozulması ilə bağlıdır. Bu səbəbdən, bu cür şəxslərin mülki pozuntulara yol vermələri, əmək hüququnun pozulmasını ört-basdır edə və ya bu iddianın mahiyyətini dəyişdirə bilməz. 4. İctimai və dövlət əlaqəsi. Əmək hüququ pozuntusu yalnız fərdi deyil, eyni zamanda dövlətin əmək siyasətinə qarşı bir pozuntu kimi də qiymətləndirilə bilər. Səbəbi: Əmək Məcəlləsi ilə müəyyən olunmuş iş saatları və əmək haqqı ödənişi dövlət siyasətinin tərkib hissəsidir; Sahibkar və işəgötürənlər dövlətin hüquqi və iqtisadi xəttinə tabe olmalı, qanunları pozmamalıdır; Əmək bazarından sistemli şəkildə uzaqlaşdırılma yalnız fərdi məsələ deyil, həm də iqtisadi və sosial təhlükə yaradan amildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək münasibətləri – işçi ilə işəgötürən arasında əmək müqaviləsi əsasında yaranan, işin görülməsi və bunun əvəzində əmək haqqı verilməsini nəzərdə tutan münasibətlər sistemidir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, mülki münasibətlər, yalnız əmlak münasibətləri və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini əhatə edir. Buna əsaslanaraq, əmək müqaviləsi əsasında yaranan münasibət, əmək hüququnun predmetidir və mülki mübahisə kateqoriyasına aid edilə bilməz. Mübahisənin mahiyyəti iş saatlarının pozulması, əmək haqqının ödənilməməsi və ya işçinin qanunsuz olaraq əmək bazarından uzaqlaşdırılması ilə bağlıdırsa, bu sırf əmək hüququ ilə tənzimlənir. O, qanunsuz olaraq və böhtan xarakterli səbəblərlə işdən çıxarılmışdır. Bu, onun əmək hüquqlarının kobud şəkildə pozulmasıdır. Məhkəmə tərəfindən verilmiş qətnamədə bu fakt təsdiq olunmuşdur. Qanunsuz işdən çıxarılma nəticəsində o, əmək bazarından kənarda qalmış, 6 ay ərzində iş tapa bilməmiş və psixoloji sarsıntıya məruz qalmışdır. İşdən qanunsuz çıxarıldıqdan sonra 4-5 il ərzində çəkdiyi iqtisadi zərər və sosial geriləmə ona uzunmüddətli maddi çətinliklər yaratmışdır. Bundan əlavə, psixoloji təsirlər səbəbindən fəaliyyətlərində kəskin eniş baş vermiş, dövlət orqanları ilə planlaşdırdığı bir sıra layihələr həyata keçə bilməmişdir. Bu, həm onun karyera inkişafına, həm də cəmiyyətə fayda verə biləcək təşəbbüslərə mane olmuşdur. Buna görə də qanunsuz işdən çıxarılmağı tanınmalı və hüquqi nəticələri aradan qaldırılmalı, maddi ziyanın (itirilmiş qazanc, sosial imkanlar) ödənilməsi, mənəvi zərər kompensasiya olunmalı, əmək hüquqları bərpa olunmalı, əmək hüquqlarının qanunsuz pozuntusu mülki pozuntu ilə qarışdırılmamalıdır. Əmək hüquqlarının pozulması ilə bağlı qaldırdığı məsələ təkcə hüquqi deyil, həm də sosial və əxlaqi xarakter daşıyır. Əmək Müfəttişliyi tərəfindən verilmiş cavabda əmək müqaviləsi bağlama hüququnun formal olaraq mövcud olduğu qeyd edilsə də, reallıqda bu hüquqdan istifadə etməyi süni şəkildə mümkünsüz edilmişdir. Bu, onun əmək bazarından kənarlaşdırılmağa yönəlmiş məqsədli və ardıcıl addımların nəticəsidir. Sözügedən şəxslər və onların təmsil etdiyi qurumlar, əmək münasibətlərini məntiqli və peşəkar mühitdən təcrid etmək üçün bütün vasitələrə əl atmış, insan haqlarına zidd davranışlar sərgiləmişdir. Bu cür davranışlar, onların yalnız hüquqi deyil, həm də əxlaqi baxımdan məsuliyyətsiz və xəyanətkar mövqe tutduqlarını açıq şəkildə nümayiş etdirir. Bu şəxslərin əməlləri onların şəxsi bacarıqsızlıqlarından, kin və qərəzli münasibətlərindən, həmçinin peşə etikasına və cəmiyyətin rifahına qarşı olan laqeydliklərindən qaynaqlanır. Onların bu davranışları yalnız ona qarşı deyil, bütövlükdə əmək münasibətlərinin cəmiyyət tərəfindən dərk olunmuş prinsiplərinə qarşı yönəlmişdir. Bu səbəbdən onların məsuliyyətə cəlb olunması, həm hüquqi, həm də ictimai ədalətin bərpası baxımından vacibdir. Bu əsaslarla əmək hüquqlarının bərpası, onun əmək bazarından sistemli şəkildə uzaqlaşdırılmağının nəticəsi olaraq çəkdiyi maddi və mənəvi zərərin qarşı tərəfdən kompensasiya edilməsi, eyni zamanda bu halların gələcəkdə baş verməməsi üçün müvafiq hüquqi qiymətin verilməsi tələb olunur.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin edilməmişdir.
8. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri saymışdır ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ilə də müəyyən edildiyi kimi iddiaçı ilə bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinə ##.##.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elektron informasiya sisteminə yerləşdirilərkən texniki yanlışlığa yol verilməklə əmək müqaviləsinə xitam verilməsi əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd edilmişdir. İkincisi, həmin qətnamə ilə texniki səhv olsa da, iddiaçının cavabdeh tərəfindən pozulmuş hüquqları bərpa edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehin hərəkətlərinə görə əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində təmin edilə bilməz.
10. İddianın maddi ziyan hissəsi üzrə sübutlar təqdim edilmədiyindən, məhkəmə iddianın həmin hissədə də təmin edilməsini mümkün hesab etməmişdir.
11. Bundan başqa iddia tələblərinin digər hissələrdə qanuni əsası tapılmadığından, məhkəmə iddianın həmin hissələrdə də rədd edilməsi nəticəsinə gəlmişdir.
12. Məhkəmə öz hüquqi mövqeyini AR MPM-nin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.4-cü maddələrinə, “AR Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunu ## ### 2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən onun qanuni əmək haqqının tam ödənilməməsi, istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanın düzgün hesablanmaması, işdən çıxarılma əsasında qanunsuzluqlar və əmək kitabçamda yanlış qeyd aparılması fundamental hüquqlarının pozulmasıdır. Onun faktiki aldığı əmək haqqı 600 manat olduğu halda, işəgötürən bu ödənişləri 300 manatlıq rəsmi müqaviləyə əsaslanaraq hesablamağa cəhd etmişdir ki, bu da qanunun ruhuna və məqsədinə tamamilə ziddir. İşəgötürən son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməlidir. Lakin onun halında nəinki son haqqhesab tam aparılmamış, hətta mart ayının 15-dən sonrakı əmək haqqı belə ödənilməmişdir. Bu hal özü-özlüyündə işəgötürənin qanunsuz hərəkətlərini və məsuliyyətsizliyini təsdiqləyir. Eyni zamanda, işdən azad olunmağının əsası ilə bağlı ciddi hüquqi uyğunsuzluqlar mövcuddur. Onun işdən çıxarılması Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndinə ilə əsaslandırılsa da, faktiki iradəsi əsasında bu xitam 68-ci maddənin “a” bəndinə əsasən - yəni “işçinin öz ərizəsi ilə” xitam verilməli idi. Bu uyğunsuzluq əmək kitabçasında və elektron informasiya sistemində onun iradəsinə uyğun olmayan, hüquqi əsası zəif olan qeydin aparılmasına səbəb olmuşdur. Belə yanlış qeydlər isə uzun müddət karyerasına ciddi mənfi təsir göstərmişdir. İşə qəbul prosesində əmək kitabçası və elektron sistemdəki qeydlər əsas sənədlərdən biri olduğundan, həmin səhv qeyd əmək bazarındakı nüfuzunu, peşəkar imkanlarını və gələcək qazanc imkanlarını məhdudlaşdırmışdır. Göründüyü kimi, əmək hüquqlarının pozulması yalnız maddi öhdəliklərin yerinə yetirilməməsi ilə məhdudlaşmamış, eyni zamanda onun şəxsi hüquqlarına, işgüzar nüfuzuna və psixoloji durumuna da ciddi zərər vurmuşdur. Əmək kitabçasında qanunsuz olaraq “pozuntu ilə işdən azad olunma” barədə qeyd edilməsi onun karyera imkanlarını xeyli daraltmış, iş bazarında haqqında yanlış təəssürat yaratmışdır. Əgər işdən azad olunmağı “öz xahişimlə” kimi rəsmiləşdirilsəydi, bu, peşəkar nüfuzuna xələl gətirməz və gələcək fəaliyyətinə mane olmazdı. Qeyd edilən hal nəticəsində o, uzun müddət yeni iş tapmaqda çətinliklərlə qarşılaşmış, peşəsinə uyğun vakansiyalara müraciət etdikdə əmək kitabçasında göstərilmiş yanlış əsas onun işə qəbul olunma imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdır. Bununla da, o, yalnız faktiki əmək haqqını deyil, həm də əldən çıxmış faydanı - yəni normal mülki dövriyyə şəraitində əldə edə biləcəyi qazanc imkanlarını itirmişdir. Bu isə bir daha təsdiq edir ki, onun zərəri yalnız real maliyyə itkisi ilə məhdudlaşmır, həm də geniş mənada gələcək gəlirlərinin əldən çıxmasına səbəb olmuşdur. Əmək hüquqlarının pozulması ilə yanaşı, şəxsi həyatında da baş verən bu hadisələr nəticəsində o, həm mənəvi iztirab, həm də psixoloji gərginlik yaşamışdı. İşəgötürənin ərizəsini qəbul edib nəticəsi barədə vaxtında məlumat verməməsi, üstəlik qanunsuz olaraq əmək kitabçasında pozuntu ilə xitam barədə qeyd aparması ona qarşı göstərilmiş hörmətsizlik, etinasızlıq və məsuliyyətsizlikdir. Mülki qanunvericilik və məhkəmə təcrübəsi göstərir ki, mənəvi zərər işçinin şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır və bu halda işçiyə yalnız real itkilərinin deyil, həm də mənəvi əzab və iztirablarının əvəzi ödənilməlidir. AR Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarları da bu mövqeyi təsdiq edir. Məhz bu səbəbdən onun mənəvi zərərin ödənilməsi ilə bağlı tələbləri hüquqi əsasa malik olmaqla yanaşı, həm də ədalət prinsipinə uyğundur. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun həm əmək, həm də şəxsi hüquqları pozulmuş, ona həm maddi, həm də mənəvi zərər dəymişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Fuad Talışinski sədrlik edən, məruzəçi, Günel Abbasova və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə həmin dəlillər (formal mülahizələr) qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Belə ki, iddia tələbinin bir qismi eyni tərəflər arasında olan əmək hüquqlarının pozulması predmeti və əsasları ilə irəli sürülmüş tələbə baxılan zaman müzakirə edilən hallardır ki, onların yenidən müzakirəsi hüquqdan sui-istifadəyə şərait yaradan hallar kimi prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Digər hissəsinin isə qeyd edilən müstəvidə sübut əhəmiyyətli əsasları müəyyən edilmir.
18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR MPM-in 14.2, 77.1, 81,, 82.3, 233.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən tələb edilən 4.800 manat məbləğ apellyasiya məhkəməsi tərəfindən əsassız olaraq mənəvi zərər kimi qiymətləndirilmişdir. Halbukı, qeyd olunan məbləğ heç bir halda mənəvi zərər tələbi olmayıb, əksinə, əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi nəticəsində iddiaçının müəyyən müddət ərzində yeni işə qəbul olunmaması səbəbindən itirdiyi gəlirin hesablanmış ifadəsidir. Məhz əmək kitabçasında və elektron informasiya sistemində “pozuntu ilə işdən azad olunma” qeydi aparılması iddiaçının əmək bazarında real olaraq işə qəbul edilməsinə mane olmuş, bu isə onun adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum qalmasına səbəb olmuşdur. Sözügedən dövr üçün hesablanmış 4.800 manat birbaşa gəlir itkisini ifadə edir və iqtisadi məzmununa görə əldən çıxmış fayda olmaqla maddi zərər anlayışına daxildir. AR Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər, yəni əldən çıxmış fayda da başa düşülür. Bu baxımdan, iddiaçının tələb etdiyi 4.800 manatın mənəvi zərər kimi qiymətləndirilməsi qanunun məzmununa və mahiyyətinə ziddir. Beləliklə, 4.800 manat əmək hüquqlarının pozulması nəticəsində dəymiş maddi zərər olub, onun mənəvi zərər kimi qiymətləndirilməsi əsassız və qanunsuzdur və bu hal kassasiya məhkəməsi tərəfindən məhkəmə aktının ləğvi üçün müstəqil hüquqi əsas təşkil edir. İddiaçının barəsində əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi forması faktiki olaraq onun əmək bazarına çıxışını bloklamış, uzun müddət iş tapmaq imkanını aradan qaldırmışdır. Bu hal AR Konstitusiyasının 35-ci maddəsinin mahiyyətinə birbaşa ziddir. Burada söhbət yalnız “işdən çıxarılma” faktından deyil, əmək hüququnun faktiki olaraq iflic edilməsindən gedir. Hazırkı mübahisə yalnız AR Əmək Məcəlləsinin tətbiqi ilə məhdudlaşmır. İş üzrə yaranmış vəziyyət iddiaçının AR Konstitusiyası ilə təmin edilmiş əsas hüquq və azadlıqlarının real olaraq pozulması xarakteri daşıyır. Belə ki, bu işdə söhbət təkcə əmək müqaviləsinə xitam verilməsindən deyil, şəxsin azad əmək seçimi imkanının, əmək bazarına çıxış hüququnun, işgüzar nüfuzunun, məhkəməyə effektiv çıxış hüququnun və hüquqi müdafiənin nəticələrinin pozulmasından gedir. Bu səbəbdən iş kassasiya məhkəməsi tərəfindən formal normativ yoxlama ilə deyil, konstitusion hüquqların pozuntusu prizmasından araşdırılmalıdır. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işçinin təqsirli əsasla işdən azad edilməsini ifadə edir və bu hal əmək kitabçasında və elektron informasiya sistemində qeyd olunmaqla işçiyə münasibətdə mənfi hüquqi status yaradır. Bu status əmək bazarında işəgötürənlər tərəfindən obyektiv risk faktoru kimi qəbul olunur və işçinin yeni işə qəbul edilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Belə bir hüquqi vəziyyətdə iddiaçının hər bir işəgötürən tərəfindən yazılı şəkildə işə götürülməkdən imtina edildiyini sübut etməsi faktiki və hüquqi baxımdan mümkün deyildir və qanunla da tələb olunmur. Hüquqi maneənin mövcudluğu özü əldən çıxmış faydanın yaranması üçün kifayət edir. Məhkəmə işə səthi yanaşmışdır və yuxarıda qeyd olunan bütün halları araşdırmamış və tərəflərin münasibətini öyrənmədən, çəkişmə prinspinə riayət etmədən AR MPM-9-cu maddəsinin tələblərini pozaraq iş üzrə əsassız qətnamə qəbul etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 25.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 26.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 27.Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 28.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 29.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 30.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
33. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
35. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinə ##.##.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elektron informasiya sisteminə yerləşdirilərkən texniki yanlışlığa yol verilməklə əmək müqaviləsinə xitam verilməsi əsası kimi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd edilmişdir. İkincisi, həmin qətnamə ilə texniki səhv olsa da, iddiaçının cavabdeh tərəfindən pozulmuş hüquqları artıq bərpa edilmişdir.
36. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehin hərəkətlərinə görə əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini, bunun nədə ifadə olunduğunu, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində təmin edilə bilməz.
37. Eyni zamanda iddianın maddi ziyan hissəsi üzrə məhkəməyə sübutlar təqdim edilmədiyindən, apellyasiya məhkəməsi iddianın həmin hissədə də təmin edilməsini mümkün hesab etməmişdir.
38. Bundan başqa, hazırkı iddia tələb digər hissələrdə qanuni əsası tapılmadığından, iddianın həmin hissələrdə rədd edilməsi nəticəsinə gəlmişdir.
39. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.