Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-891/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.1979-cu il tarixdə ölmüş X1 vərəsəsi İddiaçıdur (bundan sonra – “iddiaçı”) və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - X1 verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 4-cü Salyan döngəsi, 6 ünvanında yerləşən ümumi sahəsi 276,6 m2 yaşayış sahəsi 187,8 m2 yardımçı sahəsi 88,8 m2 olan 12 otaqlı fərdi yaşayış evindən (bundan sonra – “mübahisəli ev”) ibarətdir.
2. Mübahisəli ev iddiaçının adına ##.##.2025-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə X3 ilə Cavabdeh (bundan sonra – “cavabdeh”) arasında ##.##.2015-ci il tarixdə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan ##.##.2016-cı il təvəllüdlü X4 cavabdehin yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün müvafiq məbləğdə alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh və yetkinlik yaşına çatmamış övladı K.Buniyatov ilə mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatdadır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin övladı ilə birlikdə mübahisəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh qardaşı X2 ilə nikaha daxil olmuş və sonra boşanmışlar. Hal-hazırda onlar arasında yaranmış mübahisə nəticəsində qardaşı Kamran Buniyatov, ümumiyyətlə, həmin mənzilə gəlməməklə başqa evdə yaşayır. Cavabdehlə onun arasında heç bir qohumluq bağı qalmamışdır. Cavabdeh hal-hazırda evin bir hissəsindən istifadə etməklə iddiaçını faktiki olaraq mülkiyyətindən məhrum edir. Dəfələrlə cavabdehə evin boşaltması bildirilsə də, cavabdeh bundan imtina etmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, o, 10 ildən çoxdur mübahisəli evdə 9 yaşlı uşağı ilə birlikdə yaşayır. Həmin ev həyat yoldaşı Kamran Buniyatovun atasının babası Rüstəm Buniyatovun adına olmuş, 2025-ci ilin aprel ayına qədər Rüstəm Buniyatovun adına olan ev onun heç bir xəbəri olmadan müəmmalı qaydada iddiaçının adına rəsmiləşdirilmişdir. Sözügedən evdə onun istifadə hüququ rəsmiləşdirilmədən çox-çox əvvəl yaranmış, həyat yoldaşı bilərəkdən onu və azyaşlı oğlunu küçəyə atmaq üçün evi qardaşının adına rəsmiləşdirmişdir. Bu gün onu istifadə hüququ olan evdən çıxarsalar, o, kiçik uşaqla çöllərdə qalacaq, valideynlərinin heç bir mülkiyyəti yoxdur, məcburi köçkündürlər. Cavabdeh həmin evə qayınatasının sağlığında 2015-ci ildə qeydiyyata düşmüşdür və orada uşağı ilə birgə bu günə qədər yaşayır. Bir otaq onların evliliyi müddətində onların vəsaiti hesabına tikilmişdir. Evdə 15-20 min manata qədər təmir işləri aparmışdır. Ona görə də iddia rədd edilməlidir.
8. Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim - Ş.Abdullayev) iddia tələbi təmin edilərək cavabdehin övladı - ##.##.2016-cı il təvəllüdlü X4 ilə birlikdə mübahisəli evdən çıxarılması qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün, o evin mülkiyyətçisinin ailə üzvü olmalıdır. Lakin cavabdeh evin həm əvvəlki mülkiyyətçisinə (həyat yoldaşının babasına) və hazırda isə mülkiyyətçi olan iddiaçıya münasibətdə onun ailə üzvü olmadığından və onun həmin mənzilə istifadə hüquqları yaranmadığından, həmçinin cavabdehin qeydiyyatı mənzilə istifadə hüquqlarının yaranması üçün əsas olmadığından, qaldırılan iddia əsaslı hesab edilməlidir.
10. Məhkəmə, həmçinin qeyd etmişdir ki, uşaqların yaşayış yeri valideynlərindən birinin yaşayış yeri sayıldığından, həmçinin məhkəmə qətnaməsi ilə uşağın cavabdehin yanında saxlanılması müəyyən edildiyindən, eyni zamanda ananın mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyindən, iddia tələbi uşağa münasibətdə də təmin edilməlidir.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 27.2, 152.1, 157.2, 157.4, Mənzil Məcəlləsinin 30.1-30.4, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 217.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” ##.##.2003-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh 2015-ci ildə mübahisəli ünvanda qeydiyyata alınmış, onun qeydiyyata alınmasına əsas verən ərizə isə iddiaçının atası Sadıq Buniyatov tərəfindən verilmişdir. Cavabdeh artıq 10 il, azyaşlı övladı Kənan Buniyatov isə 9 il həmin ünvanda faktiki yaşayır. Mənzilin əvvəlki mülkiyyətçisi Rüstəm Bünyatov 1979-cu ildə vəfat etdiyindən, ona istifadə hüququ verilməsi ilə bağlı notarial qaydada müqavilə bağlana bilməzdi. Lakin cavabdehin 2015-ci ildə qayınatasının, əmlakın mülkiyyətçisinin isə nəvəsinin sağlığı dövründə, Kamran Buniyatovun atası Sadıq Buniyatovun yazılı razılığı ilə sözügedən mənzildə qeydiyyata alınması və artıq 10 ildir ki, orada faktiki olaraq yaşaması göstərir ki, ailə üzvləri cavabdehin həmin mənzilə istifadə hüququna razı olmuşdur. Bu iradə ifadələri cavabdehin mənzildən istifadə hüququnun tanınması, onun və övladının mənzildə yaşamağa davam etməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi tərəfindən onların mənzildən çıxarılması qət edilsə də, istifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiya məsələsi həll edilməmişdir. Mənzilin sonradan iddiaçının adına rəsmiləşdirilməsi cavabdeh və övladının istifadə hüququna xitam verilməsi üçün əsas hesab oluna bilməz. Bu baxımdan, Mülki Məcəllənin 228.3 və 228.4-cü maddələrinə istinadla onların mənzildən istifadə hüquqları tanınmalıdır. Iddiaçı və Kamran Buniyatov açıq-aydın şəkildə hüquqdan sui-istifadə edərək əmlakı sonuncuların ümumi paylı mülkiyyətinə yox, iddiaçının tam mülkiyyətinə rəsmiləşdirmişlər ki, Kamranın oğlu Kənan Buniyatov və keçmiş həyat yoldaşı cavabdehin mülkiyyətlə bağlı olan hüquqlarını məhdudlaşdırsınlar və onları evdən çıxarsınlar. Beləliklə, iddiaçı və Kamran Buniyatov üçüncü şəxslərin – cavabdeh və oğlunun hüquqlarını pozmuş, mülkiyyət hüquqlarından onlara ziyan vurmaq məqsədilə istifadə etmişdir. Həmçinin iddiaçı da xüsusi mülkiyyətində olan əmlakdan cavabdeh və övladının çıxarılmasını tələb etməklə hüquqdan sui-istifadə etmiş olur. Belə ki, o, əvvəldən cavabdehin həmin mənzildə qeydiyyatda olduğunu və mənzildən istifadə hüququnun olduğunu, o cümlədən əgər azyaşlı övladı ilə birlikdə o evdən çıxsa, başqa qalacaq yerlərinin olmadığını, çöldə qalmağa məcbur olduğunu bilir və sırf onların hüquqlarını pozmaq və ziyan vurmaq məqsədilə evdən çıxmalarını tələb edərək hüquqdan sui-istifadə edir. Işin hərtərəfli, tam və obyektiv araşdırılması və sübutlara ədalətli qiymət verilməsi məhkəmənin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə buna əməl etməmişdir. Belə ki, cavabdeh iddia ərizəsinə etirazda qeyd etmişdir ki, Kamran Buniyatov ilə cavabdeh rəsmi nikahda olduqları dövrdə sözügedən mənzildə onların birgə vəsaiti hesabına 2 otaqlı ev tikilmişdir və onların birgə vəsaiti hesabına 15.000- 20.000 manata qədər vəsait evin təmiri üçün xərclənmişdir. Cavabdehin məhkəməyə sübut qismində təqdim etdiyi sənədlərin içərisində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsindən alınmış, arxivdə saxlanılan evin və həyətin planında evin əvvəlki planı, quruluşu göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları ətraflı şəkildə araşdırmamışdır. Belə ki, məhkəmə qeyd olunan plan ilə evin hazırkı faktiki vəziyyətini müqayisə etsəydi, aşkarlayardı ki, evin hazırkı quruluşu əvvəlki plana uyğun deyildir. Bu isə sübut edir ki, cavabdehin iddia ərizəsində qeyd etdiyi, birgə nikahları dövründə onların birgə vəsaiti hesabına sözügedən mənzildə 2 otaqlı ev tikilməsi və mənzilə 15.000-20.000 manata qədər xərc çəkilməsi doğrudur. Bu faktı Səmra Hüseynova da şahid kimi təsdiqləyə bilər. Sözügedən mənzildə tikilmiş 2 otaqlı evə və evin təmirinə çəkilmiş 15.000-20.000 manata qədər xərc cavabdeh və Kamran Buniyatovun rəsmi nikahı dövründə onların birgə vəsaiti hesabına həyata keçirildiyinə görə həmin 2 otaqlı evə cavabdehin ikidə bir paylı mülkiyyət hüququ olmalıdır. Yəni cavabdehin 2 otaqlı evə mülkiyyət hüququ tanınmalıdır, eləcə də özü və övladı həmin 2 otaqlı evdən çıxarıla bilməzlər.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: E.Kazımov – sədrlik edən və məruzəçi, İ.Şirinov və N.Cəfərov).
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 2015-ci ildə yarandığından, hazırkı mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməli və mübahisə # ####### 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir. Düzdür, iddiaçı həmin mənzilə 2015-ci ildə köçərkən həmin vaxt mənzilin mülkiyyətçisi iddiaçının mərhum babası olmuş, başqa sözlə vərəsəlik qaydasında iddiaçının adına qeydə alınmamışdır.
16. Belə ki, cavabdehin çıxmaq istəmədiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal mənzilə cavabdehin, yəni iddiaçının qardaşının keçmiş arvadının hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Qeyd olunan evdə 2015-ci ildən köçərək yaşamış olsa belə, cavabdehin həmin evə hansısa subyektiv hüquqları yaranmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, cavabdehin keçmiş ərinin babasının və sonradan qardaşının mülkiyyətində olan evdə yaşaması onun iddiaya etirazının və apellyasiya şikayətinin əsaslı olmasına dəlalət etmir. Çünki cavabdeh qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan keçmiş qaynının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından çıxmaq istəmədiyi evin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz.
18. Bundan əlavə, cavabdehin qeyd olunan evə gəlin köçməsi və bir müddət orada yaşaması iddianın təmin edilməməsi üçün birbaşa əsas ola bilməz. Çünki bu vəziyyətdə də iddiaçının mülkiyyət hüququ pozulmuş olur.
19. Təbii ki, yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri valideynlərin yaşadığı yer hesab olunduğundan cavabdeh və keçmiş əri yetkinlik yaşına çatmayan uşağını özlərinin yaşadığı mənzilə(evə) köçürmək ixtiyarına malikdir. Bu mənada hazırkı iddianın uşağa münasibətdə təmin olunmasından yaxud olunmamasından asılı olmayaraq uşağın valideynlərinin yaşadıqları mənzildən(evdən) istifadə etmək səlahiyyəti mövcuddur və bu hüquq onlara heç bir halda qadağan edilə bilməz. Bununla yanaşı, hazırkı işdə uşağa münasibətdə iddianın təmin olunması da qanunsuz olmamışdır. Əvvəla ona görə ki, uşaq da məhkəmə qətnaməsinə əsasən cavabdehin yanında saxlanılıb və cavabdehin evdən çıxarılması uşağın da onunla bərabər çıxarılmasını labüd edir. Bununla yanaşı, uşağın da iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, demək qeyd olunan evdən çıxarılması da qanunsuz olmamışdır. Buna baxmayaraq uşağın valideynlərinin gələcəkdə yaşayacaqları mənzildən(evdən) istifadə etmək səlahiyyəti mövcuddur və bu hüquq onlara heç bir halda qadağan edilə bilməz.
20. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində keçmiş əri ilə nikahda olduqları dövrdə sözügedən mənzildə yaxud ondan kənarda birgə vəsaiti hesabına 2 otaqlı ev tikildiyini və birgə vəsaiti hesabına 15.000-20.000 manat evin təmiri üçün xərcləndiyini göstərsə də, əvvəla buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan evin sahəsindən çıxarılması qət olunub və onun inşa etdiyini iddia etdiyi ev çıxarıldığı qət olunan evin tərkib hissəsinə aid tikililərə aid deyilsə, bununla əlaqədar həm ayrıca, həm də gələcəkdə hazırkı qətnamənin icrası qaydasında yaranacaq mübahisə ilə əlaqədar məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.
21. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 228, Mənzil Məcəlləsinin 30.1-30.4, MPM-in 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia tələbinə qarşı etiraz ərizəsi və apellyasiya şikayəti (bax: bu qərarın §7 və §13) ilə eyni məzmunda əsaslandırılmış və şikayətin hüquqi əsası kimi Mülki Məcəllənin 152.5, 152.6, 228.1-228.4, 560 və MPM-in 14.1, 88 və 174.2-ci maddələrinə istinad edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
31. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
32. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
33. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
34. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
35. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
36. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir (bax: bu qərarın §15-20). Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
48. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
50. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.