Məhkəmə qərarları › İş №2(1-8)-893/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-893/2026

15.05.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-893/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı nun cavabdeh Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi) qarşı “mənzilin naturada bölgüsü, əvəzləşdirmə və əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan əşyanın bölünməsi, paylı mülkiyyətdə olan əşyanın hərracda satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. ünvan 1 məhəllə ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan *** nömrəli mənzil (yeni qaydalarla: ünvan 2) üzərində hər birinin payı ½ hissədə olmaqla Cavabdeh və Iddiaçı nun ümumi paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar Iddiaçı və X3, ## #### 2014-cü il təvəllüdlü X1 və ## ### 2016-cı il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 məhəllə, mənzil 199; Yeni qaydalarla: AZ 1060, ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 məhəllə, *** nömrəli mənzilin tərəflərin paylarına uyğun naturada real ayrılması, naturada ayrılma mümkün olmadığı təqdirdə payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi, cavabdeh Cavabdeh payın dəyərinə uyğun kompensasiya vermək imkanı olmadıqda və ya vermək istəmədikdə, ünvan 1 məhəllə, *** nömrəli mənzilin açıq hərracda satılaraq pulun paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 məhəllə, *** nömrəli mənzilin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Mübahisəli mənzilə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində 1124171062 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmaqla (reyestr nömrəsi: XXX-XXX-XXX) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Həyat yoldaşı və övladları ünvan 1 məhəllə, *** saylı mənzildə qeydiyyatdadır və müəyyən müddət həmin mənzildə yaşamışlar. Mənzildə anası və qardaşı ilə birlikdə yaşamağı demək olar ki, mümkün deyildir. Belə ki, iddiaçının qardaşı onu bıçaqla vuraraq öldürməyə cəhd etdikdən sonra, qardaşı cəzasını çəkib qayıtmış və yenidən həmin mənzildə yaşayır ki, bu da onun və ailəsinin həmin mənzildə yaşayış imkanlarını mümkünsüz edir. Hər zaman narahatlıq, söz-söhbət və mübahisənin alovlanması halı baş verə bilər ki, bu da onun və ailəsinin həyatı üçün olduqca təhlükəlidir. Bu səbəbdən, ünvan 1 məhəllə, *** nömrəli mənzilin tərəflərin paylarına uyğun naturada real ayrılması, naturada ayrılma mümkün olmadığı təqdirdə əvəzləşdirilməsi, bu da mümkün olmadığı təqdirdə mənzilin açıq hərracda satılması zərurəti yaranmışdır.

5. Cavabdeh Cavabdeh elektron qaydada iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Iddiaçı cavabdehlə arasında mənzildə yaşamağına dair mübahisə yaranmadığı halda ona qarşı məhkəmədə “mənzilə köçürülmə” tələbinə dair iddia qaldırmışdır. Mənzilə köçürmə barədə müvəqqəti təminat tədbiri haqqında ərizəsi də təmin edilmişdir. Cavabdeh və mənzildə yaşayan oğlu XXX də buna heç bir etiraz göstərmədən onu mənzilə könüllü buraxmışlar. Hazırkı tələblə bağlı isə mənzilin satılması ilə bağlı iddiaçı cavabdehə müraciət etməmişdir. Onun fikrini öyrənməmişdir. Ümumiyyətlə iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı cavabdehlə aralarında mənzilin satılaraq bərabər paylarda pulunun bölüşdürülməsi ilə bağlı heç bir müzakirələr aparmamışdır. Heç bir mübahisənin yaranmaması halında bir başa məhkəmədə əsassız tələblər irəli sürməsi qanuni hesab edilə bilməz. Cavabdehlə hazırkı tələblərlə bağlı razılıq əldə edilməməsinə dair və mübahisənin yaranmasına dair məhkəməyə hər hansı bir sübut da təqdim etməmişdir.

6. Birinci instansiya məhkəməsinin qərardadına əsasən təqdim olunmuş “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin ## #### 2025-ci il tarixli hesabatına əsasən ünvan 1 məhəllə ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan *** nömrəli mənzilin (yeni qaydalarla: ünvan 2) dəyəri 289.000 manat təşkil edir.

7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli rəyinə əsasən ünvan 1 məhəllə ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan *** nömrəli mənzilin (yeni qaydalarla: ünvan 2) Inşaat Norma və qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü və 2.9cu bəndlərində göstərilənlərə və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə uyğun qaydada ½ paylar üzrə təcrid mənzillər şəklində naturada bölünməsi texniki cəhətdən mümkün deyildir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia tələbinin qismən təmin olunması, iddiaçı Iddiaçı və cavabdeh Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 məhəllə ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan *** nömrəli mənzilin (yeni qaydalarla: ünvan 2) ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, əmlakın həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılması, satış pulunun tərəflərin paylarına uyğun bölünməsi, mənzilin ilkin satış qiymətinin 289.000 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mülki iş üzrə paylı mülkiyyətdə olan əmlakın iki mülkiyyətçisi olduğundan və onlardan birinin payının bölünməsi əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir.

10. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2025ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmış və ünvan 1 məhəllə ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan *** nömrəli mənzilini (yeni qaydalarla: ünvan 2) ½ paylar üzrə təcrid mənzillər şəklində naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə olan halda tərəflərin ümumi paylı mülkiyyətdə olan mənzilin naturada (fiziki) bölgüsü ekspert rəyinə əsasən mümkün olmadığından, həmin daşınmaz əmlak məhkəmə qərarı ilə hərracdan satılmalıdır. Belə ki, qanunvericiliyə əsasən əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçının tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. Iddiaçının əşyanın hərracdan satılmasını tələb etmədiyi halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.

11. Hazırkı mülki iş üzrə iddiaçı əmlakın naturada bölgüsü mümkün olmadığından mənzilin hərracdan satılaraq satış pulunun payına uyğun hissəsinin ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf mübahisəli mənzili satmaq niyyətində olduqlarını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan mənzil ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalıdır.

12. Məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsi həyata keçirilməklə, mütəxəssis rəyi alınmış və mübahisəli mənzilin hazırkı dəyəri 289.000 manat müəyyən edilmişdir. Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə daşınmaz əmlakın müəyyən edilmiş dəyərinə tərəflər etiraz etməmişdir. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə paylı mülkiyyətdə olan əşyanın hərracdan ilkin satış qiyməti mütəxəssis rəyinə uyğun olaraq, 289.000 manat məbləğində müəyyən edilməlidir. Həmin mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda mənzil açıq hərracda satılmalı və satışından əldə edilən pul vəsaiti tərəflərin paylarına uyğun bölünməlidir.

13. Məhkəmə eyni zamanda iddiaçının iddia tələbinin “naturada ayrılma mümkün olmadığı təqdirdə payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi, cavabdeh Cavabdeh payın dəyərinə uyğun kompensasiya vermək imkanı olmadıqda və ya vermək istəmədikdə hərracda satılması” hissəsi ilə bağlı bildirmişdir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir.

14. Məhkəmə cavabdeh tərəfin irəli sürdüyü “Ali Məhkəmənin Plenum qərarına əsasən iddiaçı tərəf cavabdehə pretenziya verməli olması, həm bölünmə, həm də ayrılma prosedurlarında razılıq olub-olmamasının müəyyən edilməsi, ondan sonra məhkəməyə müraciət edilməli olması” dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfin qarşı tərəfə pretenziya göndərməsinə zərurət yoxdur. Belə ki, məhkəmə iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsini cavabdeh ilə razılıq əldə etməməsi, aralarında mübahisənin olması kimi qiymətləndirir. Iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2022-ci il tarixli qərarı ilə də tərəflərin arasında mübahisəli mənzil və digər məsələlər ilə bağlı mübahisə olması öz təsdiqini tapmışdır. Hansı ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № **/****, ## ###### 2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur. (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Göründüyü kimi qanunvericilikdə tərəflərin razılığının olması nəzərdə tutulmuş, bununla bağlı yazılı pretenziyanın olması şərti göstərilməmişdir. Bununla da məhkəmə bildirmişdir ki, cavabdeh tərəfin arasında razılığın mövcud olmadığı tərəflərin izahatları ilə də müəyyən olunmuş, buna görə də iddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmək məcburiyyətində olmuşdur.

15. Məhkəmə eyni zamanda tərəflərə izah etmişdir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətlərində olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişəcəyi halında onlar MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzilin ilkin satış qiymətini yenidən müəyyənləşdirmək hüququna malikdirlər.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220, 221-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” № **/****, ## ###### 2024-cü il tarixli Qərardadına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin baxılmamış saxlanılması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosessual hüquqlarını pozmuşdur. Belə ki, məhkəmə hazırlıq iclası zamanı şahidlərin dəvət edilməsi ilə bağlı vəsatətini təmin etmiş olsa da şahidlərin üzrlü səbəbdən başqa vaxt gəlmələri ilə bağlı birinci baxış iclasının təxirə alınması ilə bağlı vəsatətini təmin etməyərək və eyni zamanda vəkil sorğusu ilə notariat işi tələb edildiyindən və sorğuya Notariat tərəfindən cavablandırılmaması səbəbindən işin təxirə alınmaması və cavabdehin iştirakı olmadan qətnamə qəbul etməsi də qanunsuz olmuş və tərəflərin bərabərliyi və çəkişmə prinsipinə zidd olmuşdur. Məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Isgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Səlimova və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi cavabdeh tərəfin irəli sürdüyü “Ali Məhkəmənin Plenum qərarına əsasən iddiaçı tərəf cavabdehə pretenziya verməli olması, həm bölünmə, həm də ayrılma prosedurlarında razılıq olub-olmamasının müəyyən edilməsi, ondan sonra məhkəməyə müraciət edilməli olması” apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfin qarşı tərəfə pretenziya göndərməsinə zərurət yoxdur.

21. Apellyasiya kollegiyası iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsini cavabdeh ilə razılıq əldə etməməsi, aralarında mübahisənin olması kimi qiymətləndirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2022ci il tarixli qərarı ilə də tərəflərin arasında mübahisəli mənzil və digər məsələlər ilə bağlı mübahisə olması öz təsdiqini tapmışdır. Hansı ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” № **/****, ## ###### 2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Göründüyü kimi qanunvericilikdə tərəflərin razılığının olması nəzərdə tutulmuş, bununla bağlı yazılı pretenziyanın olması şərti göstərilməmişdir.

22. Bununla da, apellyasiya kollegiyası bildirmişdir ki, cavabdeh tərəfin arasında razılığın mövcud olmadığı tərəflərin izahatları ilə də müəyyən olunmuş, buna görə də iddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmək məcburiyyətində olmuşdur.

23. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 213, 221-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” № **/****, ## ###### 2024-cü il tarixli Qərardadına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

24. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 213, 221-ci, Mülki Prosessual Məcəllənin 88, 149, 150, 152, 217, 259, 261-ci maddələrin tələbləri pozulmuşdur.

26. Belə ki, iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməmişdən öncə cavabdeh olan digər paylı mülkiyyətçi ilə aralarında razılıq əldə etməyə dair cəhd göstərməmiş və yaxud da belə bir razılığın olmamasına dair isə məhkəməyə sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın icraata qəbul etməyərək geri qaytarmalı olması ilə bağlı prosessual hüquq normalarının pozuntusuna apellyasiya məhkəməsi düzgün qiymət verməmişdir.

27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

28. Iddiaçı Iddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

29. Etiraz belə əsaslandırılmışdır ki, kassasiya şikayəti səthi, formal yazılmışdır. Həmin şikayətdə hansı maddi və prosessual hüquq normaların pozulması qeyd edilməmişdir.

Kassasiya baxışının hədləri:

30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

31. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli qərardadının nəticə hissəsində qeyd olunmuşdur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. Həmin qərardadın: 62-ci bəndinə əsasən Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.

66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, hazırkı iddia tərəflərin paylı mülkiyyətlərində olan mənzilin bölünməsi ilə bağlıdır. Işin faktiki hallarını araşdıran məhkəmələr mübahisəyə Mülki Məcəllənin 221-ci maddəsini düzgün tətbiq etməklə, həmin maddəyə dair məhkəmə təcrübəsinin vahidliyini təmin edən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının ## ###### 2024-cü il tarixli qərardadındakı hüquqi mövqeyə uyğun olaraq mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmamasını nəzərə alıb, onun ilkin olaraq tərəflərin iştirakı ilə qapalı hərracda, mənzil belə hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılması, satış pulunun tərəflərin paylarına uyğun bölünməsi barədə qətnamə qəbul etmişlər.

37. Hazırkı kassasiya şikayətinin dəlili iddiaçının cavabdehə pretenziya verməməsi ilə bağlıdır. Halbuki, mülki qanunvericilik bu mübahisələrlə bağlı məhkəmədən kənar pretenziya qaydasını müəyyən etməmişdir.

38. Mülki Məcəllənin 221-ci maddəsinin dispozisiyasında paylı mülkiyyətçilərin əşyanı bölməklə paylı mülkiyyətə xitam verilməsinə dair razılığa gəlmələri imkanı göstərilmişdir ki, hazırkı halda belə razılığın olmaması aşkardır. Belə ki, iddia ## #### 2025-ci il tarixdən məhkəmələrin icraatında olsa da, cavabdeh iddiaçı ilə mübahisəli mənzil üzərində paylı mülkiyyət hüquqlarına bu maddənin 1-ci cümləsində qeyd olunan hər hansı üsulla (fiziki bölgü; tərəflərin istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi; bütün əşyanın tərəflərin birinin adına qeydə alınması və digər tərəfə əvəz verilməsi ilə) xitamla bağlı qarşılıqlı razılığının mümkünlüyünə dair hər hansı sübut təqdim etməmişdir.

39. Belə olan halda, kassasiya məhkəməsi cavabdehin bu dəlilini açıq-aydın əsassız hesab etməklə, onun qətnamənin qüvvəyə minməsinə maneə yaratmaq məqsədi ilə prosessual hüquqdan sui-istifadə kimi qiymətləndirir.

40. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar