Məhkəmə qərarları › İş №2(1-8)-906/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-906/2026

04.05.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-906/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Sumqayıt şəhəri, 17-ci mikrorayon, ** saylı evin ** saylı mənzili İddiaçı mülkiyyətindədir. Cavabdeh Cavabdeh iddiaçının qızıdır.

2. Cavabdeh 2000-ci ildə ailə qurduğu üçün həmin tarixdən hazıra kimi Sumqayıt şəhəri, 17-ci mikrorayon, ** saylı evin ** saylı mənzilində yaşamır, lakin qeydiyyatdadır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, 17-ci mikrorayon, ** saylı evin ** saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2000-ci ildə ailə quraraq, ərə getmişdir və həmin vaxtdan bu mənzildə yaşamır. Artıq 25 ildir ki, o, bu mənzili daimi olaraq tərk etmişdir. 2019-cu ilin sentyabr ayında cavabdeh ona müraciət edərək kredit şərti ilə ev almaq ücün pul lazım olduğunu bildirmiş, o isə qızına öz kartını vermişdir ki, kreditə ev alıb aylıq ödənişlərini etsin. Lakin cavabdeh onun kartından 2024-cü ilin dekabr ayına kimi hər ay 263 manat olmaqla vəsait çıxarmış və 15000 manata yaxın vəsaitini pensiya kartından çıxarmışdır. Cavabdehdən evdəki pasport qeydiyyatından çıxmasını tələb etsə də, o, nəinki qeydiyyatdan çıxmış, hələ üstəlik ona qarşı evə köçürülmə barədə iddia qaldırmışdır. Cavabdeh 26 ilə yaxındır ki, bu mənzildə yaşamadığı üçün mənzilə olan istifadə hüququnu itirmişdir. Onun formal qeydiyyatda qalmağı mülkiyyətçi kimi onun hüquqlarını pozur.

5. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin # ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilmişdir.

5. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan cavabdeh məhkəmə iclasında özü də etiraf etmişdir ki, 25 ildən artıqdır ki, ailə quraraq qeyd edilən mənzildən köçüb kirayədə, başqa ünvanda yaşayır, lakin həmin mənzildə formal olaraq qeydiyyatdadır. Işin bu halları mötəbər sübutlarla təsdiq olunmuşdur.

6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf etdiyindən, həmin münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin (köhnə) hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir . Həmin Məcəllənin 60-cı maddəsinə əsasən Icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

7. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə formal yanaşmış, işin əsl mahiyyətini araşdırmamış və müəyyən edilmiş hallar üzrə qanunsuz nəticəyə gəlmişdir. Belə ki, o, həmin mənzildə yaşamışdır, orderdə adı olmuş, həmin mənzildə qeydiyyatda olmuş, hal-hazırda da həmin mənzildə yaşayır. Məhkəmə isə yalnız onun 2000-ci ildə ailə qurduğunu əsas gətirərək, onun mənzildə olan istifadə hüququnu itirilmiş hesab etmişdir ki, bu zaman məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. O 2000-ci ildə gəlin getsə də, həmin mənzilin özəlləşdirilməsinə icazə vermiş və iddiaçı mənzili yalnız onun razılığı ilə özəlləşdirib. Əgər onun həmin mənzilə hüququ olmasaydı, 2014-cü ildə mənzil özəlləşdiriklərkən onun razılığı tələb edilməzdi. 2014-cü ildən ailə münasibətləri pozulduğu üçün o, mübahisəli mənzilə azyaşlı uşaqları ilə qayıtmışdır, iddiaçı onu bir ailə üzvü kimi qəbul edib və 2014-cü ildən 2024-cü ilin yayına qədər həmin mənzildə yaşamış və 2024-cü ildən iddiaçı onu mənzilə buraxmamışdır. O, bu barədə 2024-cü ilin sentyabrında məhkəmədə mənzilə köçürmə iddiası qaldırmış və həmin iş məhkəmədə baxılan ərəfədə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Buradan da görünür ki, o 2000-ci ildə gəlin köçsə də, 2014-cü ildə mənzilə qayıtmış və mübahisə yaranan 2024-cü ilə qədər 10 il ərzində mülkiyyətçinin hər hansı bir etirazı olmadan ailə üzvü kimi mənzildə yaşamışdır. Bu halda onun mülkiyyətçinin ailə üzvü, orderdə adı olan, həmin evdə qeydiyyatda olan və özəlləşməyə razılıq verən şəxs kimi mənzildə yaşayış hüququ var və onun hazırda yaşayış və istifadə hüququnun itirilməsi üçün hər hansı bir hüquqi əsas olmamışdır. Məhkəmə isə maddi və prosessual hüquq normalarını pozaraq, onun konstitusion mənzil hüququnu pozaraq, onu yeganə yaşayış yerindən məhrum etmişdir ki, bu halda məhkəmə qətnaməsini qanuni və əsaslı hesab etmək olmaz. 2014-cü ildə yenidən mənzilə mülkiyyətçinin öz razılığı ilə qayıdıb mülkiyyətçinin ailə üzvü kimi yaşamaqla bu mənzildə istifadə hüququ qazanmışdır. Məhkəmə isə yeni münasibətlərin 2014-cü ildə yaranmasına baxmayaraq, 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrini tətbiq etmişdir ki, bununla da kobud prosessual pozuntuya yol vermişdir. Belə ki, mübahisə zamanı münasibətlər yaranan zaman qüvvədə olan maddi normalar tətbiq edilməlidir. Məhkəmə onun mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün nəticəyə gələrkən iş üçün əhəmiyyətli olan bütün faktiki halları onun hazırda həmin mənzildə mülkiyyətçi ilə ailə üzvü kimi 10 ildən artıq yaşamağını, həmin mənzilin özəlləşdirilməsinə razılıq verməsini, mülkiyyətçinin ailə üzvü olmağını aydınlaşdırmamış, bu faktları nəzərə almadan, onlara hüquqi qiymət vermədən səhv nəticəyə gəlmişdir. Məhkəmə belə hesab etmişdir ki, guya o, 25 ildir mənzildə yaşamır. Lakin bu nəticə işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı özü də həm onun iddiası üzrə olan mülki işdə, həm də hazırkı işdə etiraf etmişdir ki, o həmin mənzildə əri ilə münasibətləri pozulan 2014-cü ildən 2 uşağı ilə birgə yaşamışlar. Bu da təsdiq edir ki, o, mülkiyyətçinin ailə üzvü kimi 10 ildir ki, mənzildə yaşayır. Belə olan halda onun həmin mənzildə yaşayış hüququ var. Bu hüququn itirilməsi üçün isə hər hansı bir əsas olmamışdır. Belə ki, o, 2000-ci ildə gəlin köçsə də, 2014-də mübahisəli mənzilə qayıdıb, mülkiyyətçi ilə bir ailə üzvü kimi yaşamaqla həmin mənzilə istifadə hüququnu yenidən bərpa etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ilqar Dəmirov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Ramin Xəlilov) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin # ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən cavabdehin hüquqlarının olub-olmaması halını araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin mənzilə istifadə hüququnun nə vaxtdan itirilməsi məsələsi araşdırılmalıdır. Belə hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Belə ki, cavabdeh Mənzil Məcəlləsinin 87 və 60-cı maddələrinin tələbləri baxımından 2000-ci ilin iyun ayından ər evinə köçdüyü vaxtdan mübahisələndirilən mənzilə olan yaşayış hüququnu itirmişdir. Buna görə iddiaçının tələbinə əsasən artıq 2000-ci ilin iyun ayından mənzilə istifadə hüququ itirildiyi halda hazırda mənzilə olan hüququn itirilmiş hesab olunması mənzilə dair olmayan hüququn itirilməsi baxımından qeyri-müəyyənliyə səbəb olur. Buna görə qətnamə ləğv olunmaqla cavabdehin mübahisəli mənzilə istifadə hüququ olmadığından, həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia təmin edilməməlidir.

13. Məhkəmə cavabdehin 2014-cü ildən mülkiyyətçi olan iddiaçının mənzilinə köçərək yenidən mənzilə istifadə hüququ əldə etməsinə dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarına əsasən cavabdehin ərindən boşandıqdan sonra daimi əsaslarla qeyd olunan mənzilə mülkiyyətçinin ailə üzvü kimi köçərək orada yaşaması iş materialları ilə öz təsdiqini tapmamışdır.

14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin (1982-ci ildə qüvvədə olan) 87, 60, Mülki Məcəllənin (hazırda qüvvədə olan) 30.1 və 30.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi cavabdehin iddiaçının mülkiyyətimdə olan mənzilə istifadə hüququnun olmaması qənaətinə gəlsə də, iddia tələbini rədd etmişdir, Halbuki şəxsin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi yalnız məhkəmə aktı ilə olmalıdır və bu halda məhkəmənin müəyyən etdiyi hallarla gəldiyi nəticə arasında uyğunsuzluq vardır. Hazırkı qətnamə ilə iddia tələbinin rədd edilməsi səbəbindən iddiaçı mülkiyyətində olan mənzil üzərində konstitusion hüquqlarını reallaşdırmaq imkanından məhrum olmuşdur, Bundan başqa, cavabdeh iddiaçının keçmiş ailə üzvü - qızı olduğu üçün onun istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məhkəmə qətnaməsinin olması mütləq şərtdir və buna görə də məhkəmə birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar əsasında iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamalı olduğu halda qətnaməni ləğv etmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. Bu da mənzilə hüququnu itirmiş cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasında bir sıra problemlərə yol açır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

20. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

21. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. Iddiaçı İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

35. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

36. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar