Məhkəmə qərarları › İş №2(1-8)-922/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-922/2026

20.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-922/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma və evə köçmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və X3 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. XXX rayonunun XXX qəsəbəsində yerləşən tikili Iddiaçı əri X4 tərəfindən inşa olunmuşdur.

2. X4 ## ###### 2021-ci il tarixdə ölmüşdür.

3. Iddiaçı həmin yaşayış sahəsi ilə bağlı ## ###### 2021-ci il tarixdə “Azəriqaz” IB ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə, eyni tarixdə “xxxx”xxxx“Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqavilə bağlamışdır.

4. Bərdə rayon Icra Hakimiyyəti Başçısının XXX kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ###### 2024-cü il tarixli Arayışına əsasən XXX rayonunun XXX kəndində qeydiyyatda olan Iddiaçı hazırda Bərdə rayon IHB-nın XXX kənd IƏD-s üzrə Icra Nümayəndəliyinin XXX (qəsəbəsi) kəndində yaşayır. XXX qəsəbəsində olan yaşayış evi Iddiaçı məxsusdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının XXX rayonunun XXX qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin əmlakı ilə birlikdə çıxarılmasına və iddiaçının həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının Bərdə rayon XXX qəsəbəsində xüsusi mülkiyyətində olan fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evi cavabdeh tərəfindən zəbt olunmuşdur. Belə ki, iddiaçının həyat yoldaşı X4 rayonundan məcburi köçkün kimi Bərdə rayonuna gəldikdən sonra Bərdə rayon XXX qəsəbəsində bir neçə sotdan olan torpaq sahəsində 1998-ci il tarixdə 1 otaqlı balaca bir fərdi yaşayış evi tikmişdir. Daha sonra, onlar 2001-ci ildə rəsmi olaraq ailə qurub həmin bir otaqlı evdə yaşadıqları zaman həmin evin otaqlarını artıraraq evi üç otaqlı etmiş və uzun illər orada yaşamışlar. X4 ## ###### 2021-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı, övladının olmadığından bir müddət həyat yoldaşının qardaşı oğlu ilə birlikdə həmin evdə yaşamışdır. 2023-cü ilin əvvəllərində xəstələndiyindən qayını oğlu iddiaçını öz evinə aparmışdır. Iddiaçı evi boş qalmaması üçün evi kirayə müqaviləsi olmadan ailə olan birinə vermək qərarına gəlmişdir. 2023-cü il tarixdən cavabdeh Cavabdeh onun evində qalmaq istədiyini bildirərək, iddiaçıya müraciət etmişdir. Iddiaçı razılıq əsasında müvəqqəti olaraq cavabdehin yaşaması üçün evini aylıq 100 manata kirayəyə vermişdir. Cavabdeh 2023-cü ilin iyun ayından onun evində yaşayır. 2024-cü ilin iyul ayında iddiaçı evinə qayıtmaq istədiyi üçün cavabdehə evindən çıxmasını bildirmişdir. Cavabdeh ilk öncə evdən çıxacağını bildirsə də, sonradan evdən çıxmaqdan imtina etmişdir. 2024-cü ilin avqust ayında iddiaçı bir daha cavabdehə evindən çıxmasını bildirsə də, cavabdeh onunla dalaşmış, onu təhqir etmiş və barələrində polis şöbəsinə şikayət etmişdir. 2024-cü ilin oktyabr ayından cavabdeh onun evində ödəniş etmədən qanunsuz olaraq qalır. Cavabdehin qaldığı fərdi yaşayış evin işıq və qaz sayğacları rəsmi olaraq iddiaçının adınadır. Cavabdeh onun evindən çıxmadığı üçün o, evin qazını və işığını dayandırmaq istəmir. Onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb.

7. Cavabdeh Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı mülkiyyətçi deyil, həmin ev iddiaçıya məxsus deyil, fərdi yaşayış evi bələdiyyənin mülkiyyətindədir. Cavabdeh özü şəhid qızıdır, 8 ay erməni əsirliyində olmuşdur. Ona dövlət tərəfindən ev verildiyi təqdirdə yaşadığı fərdi yaşayış evini bələdiyyəyə təhvil verəcəkdir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində hər iki tərəfi tanıdığını, iddiaçı Iddiaçı əri X4 ilə birlikdə 1998-ci ildən Bərdə rayonu, XXX qəsəbəsində mübahisəli evi tikdirdiklərini, orada yaşadıqlarını, XXXin öldüyünü və iki ilə yaxın müddət ərzində həmin ünvanda cavabdehin yaşadığını, mübahisəli evdə usta işlədiyini, evin əvvəlcə bir otaq olduğunu, sonradan genişləndirildiyini, özünə məxsus yük maşını ilə iddiaçıya məxsus əşyaları həmin evə özünün daşıdığını bildirmişdir.

9. X2 məhkəməyə verdiyi ifadəsində hər iki tərəfi tanıdığını, iddiaçı Iddiaçı ilə qonşu olduğunu, iddiaçının mübahisə olunan evdə 1998-ci il tarixdən yaşadığını, sonradan əri XXXin öldüyünü, bir müddət qayını oğlunun Iddiaçıni öz evinə apardığını, bir-iki il sonra Cavabdehnin həmin evə yığışdığını, Iddiaçınin evinə qayıtmaq istədiyini, lakin Cavabdehnin evdən çıxmadığını bildirmişdir.

10. Bərdə Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim B.Məhərrəmov) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh ona məxsus əmlakla birlikdə Bərdə rayon XXX qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçı Iddiaçı həmin evə köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının məhrum ərinin fərdi yaşayış evinin tikilməsi, iddiaçının birgə nikah dövründə evin sahəsinin genişləndirilməsi, yəni həmin evə maliyyə vəsaitlərin və əməyin sərf edilməsi iddiaçının həmin evin faktik sahibinin olmasının göstəricisidir.

12. Məhkəmə hesab etmişdir ki, özbaşına tikiliyə mülkiyyət hüququ tanınmasa da, onun inşasına faktiki sərf olunmuş əmlak mülki hüquq tərəfindən qorunur. Avropa Məhkəməsinin yanaşmasına görə də, özbaşına tikililərin sökülməsi zamanı kompensasiyanın ödənilməməsi * saylı protokolun 1-ci maddəsinin – mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir.

13. Birinci instansiya məhkəməsi iddiaçının həmin özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı legitim gözləntisinin olduğu qənaətinə gəlmişdir. Belə ki, Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etdiyi kimi, * saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə * saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saginadze Gürcüstana qarşı, 18768/05, §103).

14. Iddiaçının fərdi yaşayış evi ilə davamlı əlaqə ## ###### 2021-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”xxxx“Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”nin iddiaçı Iddiaçı ilə bağlanılmasında, həmçinin ## ###### 2024-cü il tarixli Bərdə rayon Icra Hakimiyyəti Başçısının XXX kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş Arayış”da öz əksini tapır. Avropa Məhkəməsi özbaşına tikiliyə bütün kommunikasiya xətlərinin (işıq, qaz, su, telefon və s.) çəkilməsini və vətəndaşın uzun müddət ərzində orada yaşayıb kommunal ödənişlər etməsini, dövlət tərəfindən de-fakto Konvensiyanın 8-ci maddəsində qeyd olunan mənzil (yaşayış yeri) hüququnun tanınmasının əsası kimi qiymətləndirilir (Nafornita Moldova Respublikasına qarşı, 49066/12, §30,39,41).

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh iddiaçı Iddiaçı özbaşına tikiliyə mülkiyyət hüququnun olmaması səbəbinə görə iddiaçının evindən çıxmaqdan imtina edilməsi əsassız hesab edilir. Iddiaçının həmin evin tikilməsinə və yaxşılaşdırılmasına maliyyə vəsaitlərin sərf edilməsi, gələcəkdə ona mülkiyyət hüququnun əldə edilməsinə legitim gözləntisinin olması, həmin əmlak üzrə kommunal xidmətlərin göstərilməsi müqavilələrin onunla bağlanılması, 20 ildən artıq müddətdə orada yaşaması həmin əmlakla davamlı əlaqənin sübutudur və onun faktiki sahibliyində olan əmlaka özbaşına müdaxilədən qorunması üçün əsasdır. Cavabdehin şəhid ailəsi üzvü, müharibə əsiri və məcburi köçkün olduğunu iddiaçıya məxsus fərdi yaşayış evində qalması üçün əsas gətirməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, xalqın və hər bir vətəndaşın rifahının yüksəltmək, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalmaq dövlətin vəzifələrindən biridir. Bununla belə, həssas qruplara aid vətəndaşların hüquqların həyata keçirilməsi digər şəxslərin əmlakına ziyan vurmaqla, onları həmin əmlakdan məhrum etməklə həyata keçirilə bilməz.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 43-cü, Mülki Məcəllənin 152.2, 157.8, 159, 164.2, 178.1, 178.6, 180.1, 180.2, 180.3, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 106.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən mülkün sahibi deyil, həmin ev ona məxsus deyil, mülk bələdiyyənin mülkiyyətidir. Cavabdeh şəhid qızıdır, 8 ay erməni əsirliyində olmuşdur. Dövlət tərəfindən ev verildikdə o, Bərdə rayon, XXX qəsəbəsində olan fərdi yaşayış evini bələdiyyəyə təhvil verəcək.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim R.Mamedovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Bayramov və A.Isgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan sənədlərlə qeyd olunan evin iddiaçıya məxsus olduğu təsdiq edilmişdir. Cavabdehin qeyd olunan evə dair heç bir hüquqları yoxdur. Cavabdeh iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Iddiaçının mübahisəli tikili üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməsə də, həmin tikilinin ona məxsusluğu və onun mərhum əri tərəfindən inşa edildiyi müəyyən edilmişdir. Cavabdehin isə həmin mübahisəli tikiliyə hər hansı hüququnun və aidiyyətinin olması müəyyən olunmur.

21. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətində qeyd edilənlər birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 14.1, 139.1, 152.1, 152.2, 152.7, 157.8, 180.1, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

23. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 68.1, 68.2-ci, Mülki Məcəllənin 228.5-ci, Mülki Prosessual Məcəllənin 88, 106-cı maddələrinin tələbləri pozulmuşdur.

25. Belə ki, iddiaçı tərəfindən mübahisəli tikili üzərində hüquqların dövlət reyestrində qeydə alınmasını təsdiq edən heç bir rəsmi sənəd (çıxarış) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəflər arasında kirayə münasibətlərinin olduğunu qeyd etsə də, tərəflər arasında hər hansı yazılı kirayə müqaviləsi bağlanmamışdır. Bu isə tərəflərin öhdəliklərinin və hüquqlarının dəqiq müəyyən edilməsini qeyri-mümkün edir.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırkı kassasiya şikayətinin dəlilləri ilə oxşar olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində işin hallarına hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası gəlinən nəticə ilə tam razılaşır.

34. Kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsi sənədsiz tikili olsa da, onun iddiaçı və mərhum ərinin əməyi və maliyyə xərcləri nəticəsində inşa olunması işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmuşdur. Belə olan halda, həmin tikili fiziki obyekt olaraq iddiaçıya məxsus olan maddi dəyər olmaqla, sonuncu hazırkı iddianı irəli sürməyə subyektiv hüquqa malik olmuşdur.

35. Əksinə, cavabdeh bu tikilidə hər hansı əsasla yaşamaq hüququna malik olmasını əsaslandırmamış və müvafiq sübutları aidiyyəti məhkəmələrə təqdim etməmişdir.

36. Cavabdehin şikayətinin dəlilləri onun məcburi köçkün olması və başqa yaşayış sahəsinə malik olmamasıdır ki, bu hallar iddiaçının evinin zəbt olunmasına haqq qazandırmır və iddianın rəddi üçün əsas deyildir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar