Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-925/2026 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qarşı “mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan 5,8526 hektar torpaq sahəsinin 2,0 ha hissəsindən çıxarılaraq iddiaçının mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması, iddiaçıya vurulmuş 140000 manat maddi zərərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim A.Mürsəlova) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.
3. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 26.2, 31.1, 152.1.3, 152.2-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli, ** saylı qərarına istinad edərək göstərmişdir ki, EMİS-dən əldə olunmuş çıxarışdan görünür ki, iddiaçı X1 ## ###### 2020-ci il tarixdən ********** saylı VÖEN-dən istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi isə hüquqi şəxsdir. İddia ərizəsi məhkəmə aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə düzgün verilmədiyindən iddiaçıya geri qaytarılmalıdır.
Şikayətin dəlilləri:
4. İddiaçı X1 şikayət və sonradan şikayətə əlavə verərək, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinə Ağdaş Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir.
5. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 39.1-ci maddələrinin tələbləri pozulmuşdur.
6. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini cavabdehin hüquqi ünvanının Bakı şəhərində yerləşməsi əsas gətirilərək iddiaçıya geri qaytarmışdır. Həmin qərardad qanunsuz və əsassızdır, çünki hazırkı mübahisə daşınmaz əmlaka dair mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən belə iddialar daşınmaz əşyanın yerləşdiyi yer üzrə verilməlidir. Torpaq sahəsi Ağdaş rayonu ərazisində yerləşir. İddia tələbi mahiyyət etibarı ilə torpaq sahəsinə qanunsuz müdaxilənin aradan qaldırılması (neqator tələb), torpaqdan qaz kəmərinin çıxarılması, maddi zərərin ödənilməsi ilə bağlıdır. Məhkəmə mübahisənin hüquqi təbiətini düzgün qiymətləndirməmiş, müstəsna aidiyyət qaydasını tətbiq etməmiş və ümumi aidiyyət qaydasına istinad etməklə iddia ərizəsini geri qaytarmışdır. Bundan əlavə, Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsində torpaq sahəsindən magistral qaz kəmərinin çıxarılması və mülkiyyət hüququnun müdafiəsi ilə bağlı işlərə daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmələrdə baxılmış və bu hal kassasiya instansiyası tərəfindən pozuntu kimi qiymətləndirilməmişdir.
7. Şikayətə əlavə belə əsaslandırılmışdır ki, tərəflərdən birinin fərdi sahibkar, digərinin isə hüquqi şəxs olması mübahisənin avtomatik olaraq kommersiya mübahisəsi hesab edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən kommersiya mübahisələri yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrdir. Bu baxımdan mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün yalnız tərəflərin statusu deyil, həm də mübahisənin predmeti və hüquq münasibətinin xarakteri əsas meyar hesab olunur. Hazırkı işdə iddia tələbi mülkiyyət hüququnun müdafiəsi, mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlıdır ki, bu da mahiyyət etibarı ilə mülki hüquq münasibətindən irəli gələn klassik mülki mübahisədir. Bu səbəbdən məhkəmənin mübahisəni yalnız tərəflərin statusuna istinad etməklə kommersiya mübahisəsi kimi qiymətləndirməsi hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Digər tərəfdən, hətta fərz edilsə ki, mübahisə kommersiya mübahisəsi hesab edilə bilər, bu halda belə məhkəmənin iddia ərizəsini geri qaytarması prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrinin sistemli təhlilindən göründüyü kimi, məhkəmə işin onun aidiyyətinə daxil olmadığını müəyyən etdikdə iddia ərizəsini geri qaytarmamalı, işi aidiyyəti üzrə müvafiq məhkəməyə göndərməlidir.
8. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının:
11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçının şikayətinin ilkin dəlilləri iddianın ərazi aidiyyəti üzrə düzgün verilməsi ilə bağlıdır. Halbuki, birinci instansiya məhkəməsi iddia ərizəsini ərazi aidiyyəti üzrə düzgün verilməməsi əsası ilə deyil, məhkəmə aidiyyətinin pozulması ilə verildiyi üçün geri qaytarmışdır. Odur ki, məhkəmə tərkibi bununla bağlı şikayətin dəlillərinə prosessual qənaət prinsipinə görə qiymətləndirmə aparılmasını zərurət bilmir.
14. Şikayətə əlavədəki dəlillərə münasibətdə isə izah olunur ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
15. Hazırkı işin hallarına görə, iddiaçı fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər, cavabdeh kommersiya hüquqi şəxsidir.
16. Həmçinin, müəyyən olunur ki, mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinə əsaslanmaqla, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqlarının iddia olunan pozuntusundan, habelə vurulması iddia olunan zərərdən (deliktdən) yaranmışdır.
17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il ## ######## tarixli ** saylı Qərarının 13-cü bəndində formalaşdırılmış hüquqi mövqeyə görə, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılan iddialara iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir.
18. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması istisna olunur.
19. Şikayətin digər dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddianın icraata qəbulu zamanı məhkəmə aidiyyəti qaydalarının pozulması ilə verilməsi müəyyən edildiyi halda, onun iddiaçıya qaytarılması imkanı Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələblərindən irəli gəlir.
20. İş icraata qəbul edildikdən sonra məhkəmə aidiyyət qaydalarının pozulması müəyyən edildikdə isə, hakim Mülki Prosessual Məcəllənin 32.4-cü maddəsinə əsasən onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
21. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddiaçı X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.