Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-930/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı3 və qeyrilərinin cavabdehlər cavabdeh3 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vicdanlı sahibin çəkdiyi yaxşılaşdırma xərclərinin əvəziin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçılar iddiaçı1, iddiaçı3, iddiaçı4, Məmmədova (Müseyibova) Türkan Intiqam qızının cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2 və cavabdeh4 qarşı “torpaq sahəsinin boşaldılması, orada tikilmiş tikililərin sökülməsi” tələbinə dair ilk, cavabdeh cavabdeh2 iddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı4, Məmmədova (Müseyibova) Türkan Intiqam qızına qarşı “mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin və əlavə tikililərin - ümumi dəyəri 32 000 manat və torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 ABŞ dollarının - indiki məzənnə ilə dəyəri 1700 manatın alınaraq ona verilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Balakən Rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli ** nömrəli qərarına əsasən 0.06 ha həyətyanı torpaq sahəsi iddiaçı iddiaçı1 və ailə üzvləri iddiaçı3, iddiaçı4, X3 birgə mülkiyyətinə verilmişdir.
2. ## ###### 2013-cü il tarixdə iddiaçı iddiaçı1 tərəfindən mübahisəli torpaq sahəsinin istifadəsi ilə bağlı X8 Vaqif oğluna 20 il müddətinə etibarnamə verilmiş, həmin tarixdən torpaq sahəsi cavabdehlərin sahibliyində və istifadəsində olmuş, qeyd edilən etibarnamə # ###### 2022-ci il tarixdə ləğv olunmuşdur.
3. Mübahisəli torpaq sahəsinin əldə edilməsi üçün iddiaçılara cavabdeh cavabdeh2 tərəfindən 1000 ABŞ dolları ödənilmiş, üzərində cavabdehlər tərəfindən su anbarı, talvar və 1 otaqlı ev inşa edilmişdir.
4. “xxxx” MMC tərəfindən qeyd edilən tikililər 32 600 manat dəyərində qiymətləndirilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı4 və Məmmədova (Müseyibova) X5 Rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli ** nömrəli qərarı ilə onların mülkiyyətinə verilmiş Balakən şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər cavabdeh3, cavabdeh1 Nəsrəddin qızı, cavabdeh2 və cavabdeh4 tərəfindən qanunsuz zəbt edildiyini bildirərək, həmin torpaq sahəsinin boşaldılması və üzərində inşa olunmuş tikililərin sökülməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişlər.
6. Iddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, Balakən Rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli ** nömrəli qərarı ilə onlara Balakən şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi ## ###### 2013-cü il tarixli etibarnamə əsasında müvəqqəti istifadə üçün cavabdeh3 verilmiş, lakin etibarnamə # ###### 2022-ci il tarixdə notariat qaydasında ləğv edilmişdir. Buna baxmayaraq, cavabdehlər torpaq sahəsindən istifadəni davam etdirmiş, iddiaçıların əraziyə sərbəst daxil olub-çıxmasına maneələr yaratmış və onların razılığı olmadan sahədə tikililər inşa etmişlər. Bu səbəbdən iddiaçılar mübahisəli torpaq sahəsinin boşaldılması və üzərində inşa edilmiş tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişlər.
7. Cavabdeh cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların mübahisəli 0,06 ha həyətyanı torpaq sahəsinin boşaldılması və həmin ərazidəki tikililərin sökülməsi tələbinin rədd edilməsini, ilkin iddia təmin ediləcəyi təqdirdə isə sözügedən torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi və əlavə tikililərin 32.000 manat məbləğində dəyərinin, habelə torpaq sahəsinin alınmasına görə ödədiyi 1.000 ABŞ dollarının cari məzənnə üzrə ekvivalenti olan 1.700 manatın iddiaçılardan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli 0,06 ha torpaq sahəsini 1998-ci ildə iddiaçı iddiaçı1 razılaşma əsasında 200 ABŞ dollarına almış, sonradan torpaq sahəsinin rəsmiləşdirilməsi məqsədilə iddiaçının tələbi ilə əlavə 1000 ABŞ dolları ödədikdən sonra oğlu Racunun adına ## ###### 2013-cü il tarixli etibarnamə verilmişdir. Cavabdehin iddiasına görə, həmin etibarnamə torpaq sahəsinə dair geniş sərəncam hüquqları nəzərdə tutmuş, o da bu əsasla torpaq sahəsində 32.000 manat dəyərində fərdi yaşayış evi və əlavə tikililər inşa etmişdir. O, iddiaçının uzun müddət tikintiyə etiraz etmədiyini, etibarnamənin sonradan əlavə pul tələbi təmin edilmədiyi üçün ləğv olunduğunu bildirərək, ilkin iddianın rədd edilməsini, təmin ediləcəyi halda isə torpaq sahəsinə görə ödədiyi vəsaitin və tikililərə çəkdiyi xərclərin əvəzinin ona ödənilməsini xahiş etmişdir.
9. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- *(***)-***/**** nömrəli iş üzrə ## ##### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Hümbət Səlimov) ilk iddia təmin edilmiş, cavabdehlər X1, X2, cavabdeh1 və X4 tərəfindən Balakən Rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli ** nömrəli qərarı ilə iddiaçılar iddiaçı1, iddiaçı3, iddiaçı4 və X3 mülkiyyətinə verilmiş Balakən şəhəri Ü. Hacıbəyov küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin boşaldılması, cavabdehlər X1, X2, cavabdeh1 və X4 tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikililər-su anbarı və talvarın onların öz hesabına sökülməsi qət edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək torpaq sahəsinə görə verilmiş 1000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnə ilə dəyəri-1700 manatın iddiaçılar iddiaçı1, iddiaçı3, iddiaçı4 və X3 alınıb cavabdeh2 verilməsi, iddiaçı iddiaçı1 tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərcinin cavabdehlər X4, X1, cavabdeh1 və X2 alınaraq iddiaçı iddiaçı1 verilməsi qət edilmişdir.
10. Iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının ## ###### 2025-ci il tarixli rəyinə əsasən, Balakən Rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş Balakən şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilmiş, həmin torpaq sahəsinin bütövlükdə cavabdehlər tərəfindən istifadə olunduğu təsdiq edilmişdir. Ekspertiza həmçinin müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsinin hüdudları daxilində talvar və su anbarı mövcuddur.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli 0,06 ha torpaq sahəsi iddiaçıların mülkiyyətindədir və cavabdehlər həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət və ya istifadə hüququnu təsdiq edən mötəbər sübut təqdim edə bilməmişlər. Məhkəmə etibarnamənin torpaq sahəsinin alqı-satqısını deyil, yalnız nümayəndəlik səlahiyyəti yaratdığını, bu səbəbdən cavabdehlərin torpaq sahəsi üzərində hüquq əldə etmədiklərini qeyd etmişdir. Buna görə də cavabdehlərin torpaq sahəsini boşaltmaları və həmin sahədə inşa etdikləri talvar və su anbarını öz hesablarına sökmələri nəticəsinə gəlinmişdir. Eyni zamanda, məhkəmə iddiaçıların cavabdehdən aldıqları 1000 ABŞ dollarını hüquqi əsas olmadan əldə etdiklərini müəyyən edərək həmin məbləğin manat ekvivalenti olan 1700 manatın cavabdehə qaytarılmasını əsaslı hesab etmiş, lakin tikililərin dəyərinin ödənilməsi tələbini rədd etmişdir.
12. Belə ki, mübahisəli 0,06 ha torpaq sahəsi Balakən Rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli qərarı ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdehlər torpaq sahəsindən istifadə etsələr də, həmin sahə üzərində mülkiyyət və ya digər əşya hüquqlarını təsdiq edən mötəbər sübut təqdim edə bilməmişlər. Məhkəmə hesab etmişdir ki, etibarnamə torpaq sahəsinin alqı-satqısını deyil, yalnız müəyyən hərəkətlərin həyata keçirilməsi üçün nümayəndəlik səlahiyyəti yaratdığından, cavabdehlərin torpaq sahəsinə dair hüquqlarının yaranması üçün əsas hesab edilə bilməz.
13. Məhkəmə qarşılıqlı iddia üzrə isə cavabdehin torpaq sahəsini satın almasına dair iddiasını sübuta yetirə bilmədiyini, torpaq sahəsinin mülkiyyət hüququnun iddiaçılara məxsus olaraq qaldığını müəyyən etmişdir. Bununla belə, məhkəmə iddiaçıların cavabdehdən torpaq sahəsi ilə bağlı aldıqları 1000 ABŞ dollarını hüquqi əsas olmadan əldə etdiklərini qiymətləndirərək, həmin məbləğin manat ekvivalenti olan 1700 manatın iddiaçılardan alınaraq cavabdeh Vaqif Isgəndərova ödənilməsini qərara almışdır. Cavabdehin tikililərin dəyərinin ödənilməsi barədə tələbi isə onun vicdanlı sahib hesab edilməməsi və tikililərin qanunsuz inşa olunması səbəbindən rədd edilmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, “Insan Hüquqları Bəyannaməsi”nin 17-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.7, 238.1, 238.3, 239.2, 140, 362.1, 567, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, habelə Torpaq Məcəlləsinin 66, 82, 84 və 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə hüquqdan sui-istifadə və vicdanlılıq prinsipləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Şikayət müəllifi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə istinad edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi 1998-ci ildən etibarən cavabdehin və ailə üzvlərinin faktiki istifadəsində olmuş, iddiaçılar isə bu vəziyyəti bildikləri halda uzun illər ərzində hər hansı tələb irəli sürməmişlər. Buna görə də, 26 ildən sonra torpaq sahəsinin geri tələb edilməsi iddiaçıların hüquqlarından vicdansız və ziddiyyətli şəkildə istifadə etməsi kimi qiymətləndirilməlidir. Apellyator həmçinin qeyd etmişdir ki, məhkəmə iddiaçıların uzun müddət susmasının səbəblərini, cavabdehin torpaq sahəsinə sahiblik və istifadə münasibətlərinin xarakterini, habelə mübahisəli ərazidə tikililərin mövcudluğu ilə bağlı sübutları tam araşdırmamışdır. Xüsusilə, Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ## ###### 2024-cü il tarixli arayışına lazımi hüquqi qiymət verilmədiyi və cavabdehin vicdanlı sahib hesab edilməməsinə dair nəticənin kifayət qədər əsaslandırılmadığı irəli sürülmüşdür.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Isayev Elman (sədrlik edən və məruzəçi), Məcidov Ələddin və Mehdiyev Elçin) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçılar iddiaçı1, iddiaçı3, iddiaçı4 və Məmmədova (Müseyibova) Türkan Intiqam qızından müştərək qaydada mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş tikililərin ümumi dəyəri olaraq 32 000 manat pulun alınaraq cavabdeh cavabdeh2 verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin əldə edilməsinə dair şifahi razılaşmanın mövcudluğu və cavabdeh cavabdeh2 tərəfindən bu məqsədlə iddiaçıya pul ödənilməsi iş materialları, o cümlədən şahid Akif Məmmədovun ifadəsi ilə təsdiq olunur. Bununla belə, torpaq sahəsinin alqı-satqısı qanunla nəzərdə tutulmuş notariat formasında rəsmiləşdirilmədiyindən həmin razılaşma hüquqi nəticə doğurmamış və cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmamışdır. Bu səbəbdən torpaq sahəsinin boşaldılması və üzərindəki tikililərin sökülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün hesab edilmişdir.
19. Bununla yanaşı, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın tikililərin dəyərinin ödənilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Kollegiya qeyd etmişdir ki, cavabdeh uzun müddət tərəflər arasındakı razılaşmaya əsaslanaraq torpaq sahəsində tikililər inşa etmiş, həmin tikililər torpaq sahəsinin ayrılmaz tərkib hissəsinə çevrilmiş və nəticədə torpaq sahəsinin dəyərini artırmışdır. Bu səbəbdən iddiaçılar həmin yaxşılaşdırmalar hesabına varlanmış sayılırlar və cavabdehin çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10, 152.1, 157.7, 238.1, 238.3, 239.2, 362.1, 567, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, habelə daşınmaz əmlakın alqı-satqısı və rəsmiləşdirilməsi ilə bağlı notariat formasının məcburiliyini müəyyən edən normalara, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq olaraq 66, 82, 84 və 111-ci maddələrini, mülkiyyət hüququnun müdafiəsi və qanunsuz sahiblikdən müdafiə ilə bağlı prinsipləri, eləcə də mülki hüquqda vicdanlılıq və əsassız varlanma institutuna dair müddəalara istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
21. Iddiaçı iddiaçı1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 157.2, 238.1, 238.2, 239.2, 362.1, 567, 1091.1 və 1091.2-ci maddələri, habelə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 82, 84, 111 və 140-cı maddələrinə istinad edilməklə əsaslandırılmış, şikayətdə göstərilmişdir ki, mübahisəli torpaq sahəsi uzun müddət cavabdehin faktiki istifadəsində olmuş, həmin müddət ərzində təsərrüfat fəaliyyəti aparılmış, torpaq sahəsində parnik, hasar, su anbarı və digər tikililər inşa edilmiş, iddiaçılar isə uzun müddət bu vəziyyətə etiraz etməmişlər. Məhkəmə bu faktı düzgün qiymətləndirməmişdir.
23. Kassator eyni zamanda, torpaq sahəsində tikilmiş tikililərin (su anbarı, talvar və sonradan 1 otaqlı ev) real dəyərinin düzgün müəyyən olunmadığını, “xxxx” MMC-nin rəyinin qeyri-dəqiq və əsassız olduğunu, qanunsuz tikiliyə görə kompensasiyanın verilməsinin hüquqa zidd olduğunu göstərmiş, birinci instansiya məhkəməsinin isə sübutları tam və obyektiv araşdırmadığını və nəticədə qanunsuz qətnamə qəbul etdiyini bildirmişdir.
24. Həmçinin bildirmişdir ki, apellyasiya instansiya məhkəməsi MPM-nin 1.2, 1.3, 2.1, 4.1, 14.2, 76.1–76.2, 80, 81, 88, 106.1 maddələrinin və Konstitusiyanın 13, 29, 60, 71-ci maddələrinin tələblərini pozaraq işin hallarını tam və obyektiv araşdırmamış, apellyatorun dəlillərindən kənara çıxaraq mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin qiymətləndirilməsi üçün “xxxx” MMC-ni cəlb etmiş və 32 600 manatlıq qiymətləndirməni əsas götürmüşdür. Kassator həmin qiymətləndirməni əsassız və şişirdilmiş hesab edərək, tikilinin real dəyərinin düzgün müəyyən olunmadığını, hesabatda tikintinin xərcləri və materialları barədə məlumatların əks olunmadığını, həmçinin yeni inşa edilmiş 1 otaqlı tikilinin qanunsuz və özbaşına olduğu üçün ümumiyyətlə kompensasiya predmeti ola bilməyəcəyini bildirmişdir. Bundan əlavə, kassator hesab etmişdir ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 135.10-cu maddəsini və mülkiyyət hüququ ilə bağlı normaları düzgün şərh etməmiş, qanunsuz tikiliyə görə pul ödənilməsinin hüquqa zidd olduğu halda əsassız qətnamə qəbul etmişdir.
25. Iş üzrə mübahisənin düzgün həlli üçün Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipi, Mülki Məcəllənin 144.1, 152.1, 157.2, 238.1, 238.2, 239.2, 567, 1091.1, 1091.2 və 1092.1-ci maddələri, eləcə də Torpaq Məcəlləsinin 66, 82, 84 və 111-ci maddələrinin tələbləri tətbiq edilməlidir; həmin normalara əsasən torpaq sahəsinə dair hüquqlar yalnız qanunla və müvafiq dövlət qeydiyyatı əsasında yarandığından, özbaşına istifadə və qanunsuz tikililər hüquqi nəticə doğurmur və mülkiyyətçinin hüquqları məhkəmə qaydasında tam müdafiə olunmalıdır.
26. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60 və 71ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.2, 1.3, 2.1, 4.1, 14.2, 76.1–76.2, 80, 81, 88 və 106.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10, 140, 144.1, 152.1, 157.2, 238.1–238.2, 239.2, 567, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 82, 84 və 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
29. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
31. Maddə 157.6. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
32. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
33. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə qarşılıqlı iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
37. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdeh cavabdeh2 və ailə üzvlərinin sahibliyinə və istifadəsinə onların öz razılığı ilə verildiyi işin mübahisəsiz halı olduğundan qarşılıqlı iddia üzrə iddiaçı vicdanlı sahib olaraq Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər.
38. Hazırkı halda iddiaçılar tikililərin sökülməsini tələb etdiklərindən və məhkəmə tərəfindən ilk iddia bu hissədə təmin edildiyindən kollegiya iddiaçıların cavabdehin hesabına əsassız varlandıqlarına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmasa da hesab edir ki, qarşılıqlı iddianın təmin edildiyi hissədə apellyasiya məhkəməsinin mövqeyi MM-nin 157.7-ci maddəsinin tələbinə uyğun olduğundan mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
39. Yaxşılaşdırma xərcləri düzgün müəyyən edilmədiyinə dair kassatorun dəlilləri sübutların düzgün qiymətləndirilməməsi barədə dəlil olduğundan kassasiya baxışının predmeti deyil.
40. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Azərbaycan Respublikası MPM-in 119, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.