Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-943/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızının cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:
1. ## ######## 2014-cü ildə Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı ilə Cavabdeh nikaha daxil olmuş və birgə nikahdan 3 uşaqları doğulmuşdur.
2. Tərəflər arasında bağalnmış nikaha Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsinə əsasən xitam verilmişdir.
3. ## #### 2013-cü il tarixli etibarnaməyə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh adına Abşeron rayonu, X2 ərazisində istifadəsində olan 0.02 ha torpaq sahəsinə dair zəruri sənədlər toplamağı, tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi, bütün idarə və təşkilatlara müraciət etməyi və.s və digər hərəkətləri etməyi etibar etmişdir.
4. Bakı Şəhəri, Xəzər Rayon İcra Hakimiyyətinin ## ###### 2025-ci il tarixli, ** saylı qısamüddətli mühafizə orderinə əsasən, Bakı şəhəri, Binə qəsəbəsi, X2 ərazisində yaşayan Cəfərova (Ağayeva) Nigar Mirhamil müraciət edərək keçmiş əri Cavabdeh tərəfindən məişət zorakılığına məruz qaldığını bildirmişdir. Bakı şəhəri, Xəzər Rayon icra Hakimiyyətində yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu tərəfindən aparılmış araşdırmaya əsasən müəyyən olunmuşdur ki, Cəfərova (Ağayeva) Nigar Mirhamil həqiqətən keçmiş əri Cavabdeh tərəfindən məişət zorakılığına məruz qalmışdır. Məişət zorakılığını törətmiş Cavabdeh qızı məişət zorakılığına məruz qalmış Cəfərovaya (Ağayeva) Nigar Mirhamil qızına qarşı məişət zəminində fiziki zorakılıq zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, qəsdən sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması; məişət zəminində psixi zorakılıq - qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər; məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi-məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsi, iqtisadi asılılıq yaradılması, belə asılılığın saxlanılması və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərin edilməsi qadağan edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binəqədi Südçülük sovxozu, Əli İsazadə küçəsində hal-hazırda yaşadıqları evin tikintisinə xərclənmiş 95.000 manatının 50.000 manatınının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, ## ##### 2009-cu il tarixdə tərəflər faktiki nikaha daxil olmuş və iddiaçı, Masallı rayonu Təzəkənd kəndinə gəlin köçmüşdür. ## ######## 2014-cü il tarixdə tərəflər rəsmi nikaha daxil olmuş və bu nikahdan uşaqları olmuşdur. Hal-hazırda nikahları pozulmuşdur. 2012-ci ilin may ayında Bakı şəhərinə köçərək orada kirayədə yaşamışlar. Bundan sonra ## #### 2013-cü il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yunus qızından 0,02 ha torpaq sahəsi almışlar. 2013-cü il ərzində həmin evi tikmişlər. 2014-cü ilin yanvar ayından başlayaraq birgə nikah dövründə tikdikləri evdə yaşamışlar. Evin tikintisi zamanı həmçinin ona cehiz gətirilmiş qızıl-zinət əşyaları satılmışdır. Cavabdehlə aralarındakı münasibətlər pozulandan və məhkəmə çəkişməsi olduğu dövrdə tikdikləri evin komunal ödəmələri cavabdehin adına keçirilmişdir ki, ona birgə nikah dövründə tikdikləri evdən heç bir pay çatmasın. Evin tikilməsinə sərf edilmiş 95.000 manatın 50.000 manatını mediasiya qaydasında istəsələr də, mediasiya razılaşmaları olmamışdır. ## ### 2024-cü il tarixdə nikahları Bakı Şəhəri, Xəzər Rayon Məhkəməsində pozulmuş və bu nikahdan üç uşaqları olmuşdur. Faktiki olaraq bu günədək uşaqları ilə birlikdə həmin evdə yaşamışlar.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, iddiaçı ilə 2009-cu ilin aprel ayında faktiki ailə münasibətlərinə daxil olmuş və həmin ilin iyul ayında Bakı şəhərində xalasının evində müvəqqəti yaşamışlar. 2011-2012-ci illərdən Həzi Aslanov ərazisində kirayədə yaşamağa başlamış və 2014-cü ildə iddiaçı ilə rəsmi nikaha daxil olmuşlar. Məlum olduğu kimi, qanuna görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak onların birgə mülkiyyəti sayılır. Yuxarıdakılardan aydın olur ki, əmlakın birgə mülkiyyət və ya ərin (arvadın) əmlakı olması üçün həmin əmlak qanunla müəyyən edilmiş qaydada qazanılmış əmlak olmalı və əmlaka dair mülkiyyət hüquqi mövcud olmalıdır. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddia ərizəsinə hər hansı sübutlar təqdim edilməmişdir. Hazırda mübahisələndirilən əmlakın mülkiyyət hüququ üzrə iddiaçıya və ona məxsus deyil. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən də görünür ki, mübahisələndirilən əmlak digər şəxsin mülkiyyətində olub və hal-hazırda həmin şəxsin mülkiyyətindədir.
8. Şahid şahid1 izahatında göstərmişdir ki, iddiaçının yaşadığı evi o tikmişdir. 2012-ci ildə iddiaçının atası ona müraciət edərək bildirmişdir ki, yeznəsi Cavabdeh torpaq sahəsi almış və orada orda ev tikmişdir. Cavabdehla görüşüb, qiymətlə bağlı razılaşmışlar. Evi tikmiş və damını örtmüşdür. Onları maliyyələşdirən Elgün olmuşdur. Ev onun idi. Torpaq sahəsini ona verən Dursun müəllim olmuşdur. O, riyaziyyat müəllimidir. 5-6 il sonra Nigargil orda yaşayarkən hasarın suvanmasını o etmişdir. Hətta sonra Elgün onun pulunu gecikdirmişdir. Həmin ev Elgünün olmuşdur. Evdə başqa işlər də görüləndə onunla məsləhətləşmişlər.
9. Masallı Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddiaçının cavabdehə qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi” tələbi barədə iddia təmin edilməmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikah dövründə rəsmi olmasa da, faktiki olaraq, Abşeron Rayonu, X2 üzrə ## ###### 2000-ci il tarixli, ** saylı əmrə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsində olan torpaq sahəsini almışlar və onun üzərində özbaşına fərdi yaşayış evi inşa etmişlər. Hazırda tərəflər arasında olan nikah pozulsa da, hər iki tərəf mübahisəli evdə yaşamışdır.
11. İşin tədqiq olunan faktiki və hüquqi hallarına əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan özbaşına tikintinin faydalı xassələrindən istifadə etdiyindən və istifadə etmək imkanlarından məhrum olmadığından, iddiaçının cavabdehə qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi” tələbi barədə iddiası rədd edilməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1, 36.3, 37.1-ci, Mülki Məcəllənin 180.1, 225.1-ci, habelə MPM-nin 14.2, 77.1 və 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, birgə nikah dövründə tərəflər Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 95.000 manat xərc çəkməklə özbaşına fərdi yaşayış evini inşa etmişlər. Məhkəmə, iddiaçı tərəfdən verilmiş evin real bazar qiyməti və likvid dəyərinin müəyyən edilməsi barədə vəsatəti təmin etməyərək mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bundan başqa, qeyd etmək lazımdır ki, iddiaçı mübahisə predmeti olan özbaşına tikintinin faydalı xassələrindən istifadə etdiyindən və istifadə etmək imkanlarından məhrum olmadığından, onun iddiasının rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, 2025ci ilin oktyabr ayından cavabdehlə mübahisəli evdə yaşamağı mümkün olmadığına görə ddiaçı evdən çıxmışdır.
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər İlham Əsədov sədrlik edən, məruzəçi, Aytən Novruzova və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Masallı Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər birgə nikah dövründə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsində olan torpaq sahəsini almışlar. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdi ki, tərəflər birgə nikahları dövründə həmin torpaq sahəsini almış və onun üzərində özbaşına fərdi yaşayış evi inşa etmişlər.
17. Məhkəmə kollegiyası iddiaçının mübahisə predmeti olan özbaşına tikintinin faydalı xassələrindən istifadə etdiyini və istifadə imkanlarından məhrum olmadığını nəzərə alaraq birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, izahatlardan və təqdim edilmiş sübutlardan göründüyü kimi, mübahisəli tikilinin inşa edildiyi torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2000-ci il tarixli, *** saylı sərəncamı və X2 Həmkarlar komitəsinin ## ###### 2000-ci il tarixli, ** saylı protokoluna əsasən sovxozda işləyən, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsinə ayrılmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflərin mübahisəli tikiliyə dair sərəncam vermək ixtiyarları olmasa da, tikilinin birgə nikah dövründə inşa edilməsi müəyyən edilmişdir. Həmin tikili fiziki obyekt olaraq ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir.
20. Bununla yanaşı, mübahisəli tikili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsinə verilən torpaq sahəsində inşa edildiyindən və ona məxsus torpaq sahəsinin dəyəri artdığından, sonuncu əsassız varlanan şəxs hesab edilmişdir.
21. Həyətyanı torpaq sahəsi cavabdehin istifadəsində və ya mülkiyyətində olmamış, eləcə də inşa edilmiş tikilinin mülkiyyətçisi cavabdeh olmamışdı. Bu baxımdan cavabdeh əsassız varlanan şəxs sayılmamış və iddiaçının əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etməsi üzrə əsl cavabdehə qarşı iddia vermədiyi müəyyən edilmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdı ki, torpaq sahəsi mülkiyyət olaraq qeydiyyatdan keçməmişdir. Buna görə də həmin torpaq sahəsi alqı-satqı predmeti ola bilməz və torpağa dair sərəncam verilə bilməzdi.
23. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 180.1, 225.1-ci, habelə MPM-nin 14.2, 77.1 və 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
26. Kassasiya şikayətinə AR MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi verilməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
28. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
29. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
30. Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
31. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
32. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
33. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
34. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
35. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun ## #### 2024-ci il tarixli, */**** saylı qərarının 4.11-ci bəndində göstərilir:
36. AR Mülki Məcəlləsinin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
44. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
45. İddiaçı kassasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
46. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz.
47. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər, ## ##### 2009-cu il tarixdə faktiki nikah münasibətinə, ## ######## 2014-cü il tarixdən isə rəsmi nikaha daxil olublar və onların birgə nikahından ## ##### 2010-cu ildə Rüqəyyə, ## ###### 2011-ci ildə Mirhüseyn, ## #### 2016-cı ildə Mirhəsən adlı, 3 övladları doğulub. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub, hər 3 uşaq anasının yanında saxlanılıb və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün atasından anasının xeyrinə hər ay, hər uşaq üçün 180 manat olmaqla, sabit pul məbləğində alimentin tutulması qət edilib.
48. Həmçinin işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2000-ci il tarixli, *** saylı sərəncamı və X2 Həmkarlar komitəsinin ## ###### 2000-ci il tarixli, ** saylı protokol-qərarına əsasən sovxozda işləyən, özünə məxsus evi, torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsinə 0.12 ha torpaq sahəsi ayrılıb. ## #### 2013-cü il tarixli etibarnaməyə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu, Südçülük sovxozu ərazisində istifadədə olan 0.02 ha torpaq sahəsinə dair zəruri sənədləri toplamağı, orada tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi, üzərində sərəncam verməyi və.s hərəkətləri etməyə dair ## #### 2083-cü il tarixədək (70 il müddətinə) qüvvədə olmaqla Cavabdeh adına etibarnamə verib.
49. Hazırda iddiaçı, ## ##### 2009-cu ildə cavabdehlə faktiki nikah münasibətinə daxil olub, sonuncunun yaşadığı Masallı rayonu, Təzəkənd kəndinə gəlin köçdüyünü, ## ######## 2014cü ildə cavabdehlə nikahlarını rəsmiləşdirdiyini, bu nikahdan 3 uşaqlarının doğulduğunu, 2012ci ilin may ayında Bakı şəhərinə köçərək orada kirayədə yaşadıqlarını, ## #### 2013-cü ildə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yunus qızından ev tikmək üçün 0,02 ha torpaq sahəsi aldıqlarını, 2013-cü ildə həmin evi inşa etdiklərini, 2014-cü ilin yanvar ayından başlayaraq birgə nikah dövründə tikdikləri evdə yaşadıqlarını, evin tikintisi zamanı həmçinin ona cehiz gətirilmiş qızıl-zinət əşyalarının satıldığını, evin bütün komunal ödəmələrinin evdən ona pay verilməməsi üçün X1 adına keçirildiyini, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulduğunu, evin tikintisinə bütövlükdə 95.000 manat vəsait xərc çəkildiyini göstərib, həmin vəsaitin cavabdehdən tutulub ona ödənilməsini iddia edir.
50. Cavabdeh isə iddiaçı ilə Bakı şəhərində əvvəl xalasının, 2011-2012-ci ildən isə Həzi Aslanov küçəsində kirayədə yaşadıqlarını, hazırda mübahisələndirilən əmlakın mülkiyyət hüququ üzrə nə ona, nə də iddiaçıya məxsus olmadığını, həmin əmlakın digər şəxsin mülkiyyətində olduğunu göstərib, iddiaya etiraz edir.
51. Apellyasiya icraatı mərhələsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə baxılmasına cəlb olunsa da, üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün onun hazırkı mübahisəli məsələyə münasibəti öyrənilməyib.
52. Apellyasiya məhkəməsi həmçinin işin faktiki hallarına əsaslanaraq müəyyən edib ki, tərəflərin mübahisəli tikiliyə dair sərəncam vermək ixtiyarları olmasa da, tikilinin birgə nikah dövründə inşa edilməsi müəyyən edilir. Həmin tikili fiziki obyekt olaraq ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Bununla yanaşı, mübahisəli tikili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsinə verilən torpaq sahəsində inşa edildiyindən və ona məxsus torpaq sahəsinin dəyəri artdığından, sonuncu əsassız varlanan şəxs hesab edilir. Belə olan halda sözügedən torpaq sahəsi cavabdehin istifadəsində və ya mülkiyyətində, habelə orada inşa edilmiş tikilinin mülkiyyətçisi cavabdeh olmadığı üçün o, əsassız varlanan şəxs sayılmır və iddiaçının əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etməsi üzrə əsl cavabdehə qarşı iddia vermədiyi müəyyən edillir.
53. Əvvəla, apellyasiya məhkəməsi bir tərəfdən mübahisəli tikilinin tərəflərin birgə nikahı dövründə inşa edildiyini, həmin tikilinin fiziki obyekt olaraq ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərə malik olduğunu qeyd etdiyi halda, digər tərəfdən tikilinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsinə verilən torpaq sahəsində inşa edildiyini, ona məxsus torpaq sahəsinin dəyərinin artdığını, onun əsassız varlanan şəxs olduğunu və beləliklə də hazırkı iddianın əsl cavabdehə qarşı verilmədiyini qeyd etməklə ziddiyyətli nəticəyə gəlib.
54. Digər tərəfdən, işin mübahisə olunmayan hallarına görə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qanuni istifadəsində olan torpaq sahəsinin 0,02 ha hissəsini ## #### 2013-cü il tarixli etibarnamə ilə ## #### 2083-cü il tarixədək (70 il müddətinə) qüvvədə olmaqla cavabdehin idarəçiliyinə, faktiki sahibliyinə verib və hazırda torpaq sahəsinə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə tərəflər arasında hər hansı mübahisə, fikir ayrılığı yoxdur.
55. Göründüyü kimi, son 13 ildir ki, 0,02 ha torpaq sahəsi tərəflərin faktiki sahibliyində, istifadəsində olub və məhz onlar birgə nikah dövründə həmin torpaq sahəsində tikili inşa ediblər. Belə olan halda həmin tikili fiziki obyekt olaraq tərəflərin, yəni ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərə malik olub.
56. Nəzərə alınmalıdır ki, sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktiki sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (Mülki Məcəllənin 159, 163, 164-cü maddələri).
57. Əşya hüquqları isə şəxsin konkret bir əşya üzərində birbaşa hakimiyyətini ifadə edən hüquqlardır (məsələn, istifadə hüququ, sahiblik hüququ və s).
58. AR Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
59. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, mübahisəli tikili üzərində tərəflərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, onların uzun illərdən bəri inşa etdikləri və faktiki sahiblik, istifadə (bu şəxsi istifadə yox, əmlak üzərində mübahisəsiz və tanınmış faktiki sahiblik, ondan irəli gələn istifadədir) hüquqlarını həyata keçirdikləri iqtisadi dəyərə malik həmin tikili üzərində əmlak maraqları, həmçinin hüquqi taleyi həll olunmamış əmlakla bağlı tələb hüquqları (gözlənti hüquqları) mövcuddur.
60. Belə olan halda, qeyd olunan tikili fiziki obyekt olaraq tərəflərin əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərə malik olduğu üçün iddiaçı, tikilinin faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini cavabdehdən tələb etməkdə haqlı olub.
61. Apellyasiya məhkəməsi qeyd olunan halları, habelə mübahisəli tikilinin son 13 ildə tərəflərin faktiki sahibliyində, istifadəsində olduğunu, nə torpaq sahəsi, nə də onun üzərində olan tikili ilə bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə tərəflər arasında mübahisənin olmadığını nəzərə almayıb.
62. Bu baxımdan, kassasiya məhkəməsi hesab edir ki, mübahisəli tiklinin yerləşdiyi torpaq sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsinə ayrılmış olsa belə, tərəflərin həmin tikili üzərində əmlak maraqları, habelə hüquqi taleyi həll olunmamış əmlakla bağlı tələb hüquqları (gözlənti hüquqları) mövcud olduğu üçün iddia açıqaşkar əsassız deyil.
63. Həmçinin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hüquqi əsas olmadan tərəflərin hesabına faktiki hər hansı əmlak əldə etməsi mülki iş materialları ilə müəyyən olunmur. Belə olan halda iddiaçı, mübahisəli tikilinin əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tələb edə bilməz. Hazırkı tələbə cavab verməli olan şəxs isə məhz cavabdehdir, yəni iddiaçının keçmiş əridir.
64. Lakin, iddiaçı mübahisəli tikilinin əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini keçmiş ərindən, yəni cavabdehdən o, halda tələb edə bilər ki, obyektiv səbəblərdən o, mübahisəli tikilinin faydalı xassələrindən istifadə etmək imkanından məhrum olsun, başqa sözlə, cavabdeh onu tikilidən çıxartsın və ya onun həmin tikiliyə köçüb yaşamasına mane olsun və.s.
65. Eyni hüquqi mövqe “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun ## #### 2024-ci il tarixli, */**** saylı qərarının 4.11-ci bəndində ifadə olunub.
66. Həmin bənddə göstərilir ki, AR Mülki Məcəlləsinin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ərarvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.
67. Bu baxımdan kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iddiaçının mübahisəli tikilidə faktiki yaşayıb-yaşamadığı, əgər yaşamırsa hansı obyektiv səbəblərdən tikilinin faydalı xassələrindən istifadə edə bilmədiyi aydınlışdırılmalı və yalnız bundan sonra hazırkı tələbin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Q ə r a r a aldı: İddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızının kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.