Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-950/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması,sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Tərəflər qardaşdırlar və bir-birinə qonşu olan fərdi yaşayış evlərində yaşayırlar.
2. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.036160 ha torpaq sahəsi və 65.20 kv.m.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ##.##.2021-ci il tarixdə 2/4 payla İddiaçı, ##.##.2023-cü il tarixdə isə 2/4 payla Cavabdeh adına qeydə alınmışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2023-cü il tarixli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində ünvan 2 ünvanında 0,01651 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 88,3 kv.m. olan fərdi yaşayış evi vardır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin evinin həyətində onun evinin həyətinə baxan hissəsində 1 metr aralıda iddiaçının hesabına divarın çəkilməsi, mülkiyyətində olan evinin üzərində cavabdehin qurduğu dəmir rəfin sökülüb, dəmirlərin onun evinin yanından uzaqlaşdırılması, aralarında olan divarın üstündən çənin götürülməsi, cavabdehin onlara qarşı dediyi təhqir, tənqid və eyhamlara son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, valideynlərindən miras qalmış ev bacıları tərəfindən edilmiş imtinalar nəzərə alınmaqla tərəflər arasında bərabər bölünmüş və hər birinin evə və həyətyanı sahəyə 1/2 pay hüququ yaranmışdır. Sonradan tərəflər arasında münasibətlər pisləşdiyindən evlər arasında mişar daşı ilə arakəsmə divar tikilmişdir. Cavabdeh iddiaçıya məxsus evin divarı üzərində dəmir rəflər quraraq ağır metal əşyalar yerləşdirmiş, pəncərəsinin qarşısını dəmir təbəqə ilə bağlamış, nəticədə evə günəş işığı və hava daxil olmasının qarşısı alınmışdır. Həmçinin həmin dəmir örtükdən axan yağış suları evin divarlarını nəmləndirərək yararsız hala salmışdır. Divarın üzərinə yerləşdirilmiş su çənindən axan sular da həyətə və evə zərər vurur. Iddiaçı dəfələrlə cavabdehdən bu maneələrin aradan qaldırılmasını xahiş etsə də, cavabdeh bundan imtina etmiş, hətta kobud ifadələr işlətmişdir. Buna görə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Iddiaçı müharibə veteranı və şəkər xəstəsidir. Cavabdehin hərəkətləri onun sağlamlıq vəziyyətinin ağırlaşmasına və evinin yaşayış üçün yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Iş üzrə əvvəl təyin olunmuş ekspertiza və mütəxəssis rəyində tərəflərin evləri arasında təxminən 65 kv.m sərbəst torpaq sahəsinin olduğu göstərilmişdir. Iddiaçının mövqeyinə görə həmin sahənin hesabına evdən müəyyən məsafədə yeni hasarın çəkilməsi cavabdehin müdaxilələrinin qarşısını alacaq və tərəflər arasında mübahisənin aradan qalxmasına səbəb olacaqdır.
6. Iddiaçı ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə etmişdir ki, dəmirlər götürülsə də, hasarın 1 metr içəri - Vaqifə tərəf çəkilməsini istəyir.
7. Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ona həyətindən 1 metr bağışlamağını istəyir. Bununla razı deyil. Iddiaçının evinin hasarı hündürdədir, dəmirləri qoymuşdur ki, onun həyətinə baxmasınlar. Mübahisənin bitməsi üçün ancaq həmin dəmirləri götürə bilər. Iddiaçı mümkün olmayanı istəyir. Əgər istəyirsə evini ona sata bilər. Texniki pasportu yoxdur, amma çıxarışı var.
8. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Iddiaçının yaşadığı evin həyətinə baxış keçirilərkən, həyətə daxil olan zaman sol tərəfdə iddiaçı və cavabdehin əmlaklarını ayıran hasar vardır. Hasarın üstü dəmir örtüklə bağlıdır. Həyətin düzünə istiqamətdə sonda üzbə-üzdə iddiaçıya məxsus yaşayış sahəsidir. Cavabdehin yaşadığı evin həyətinə baxış keçirilərkən, həyətə daxil olan zaman cavabdehə məxsus yaşayış sahəsi mövcuddur. Həyətin girişində sağ tərəfdə isə sanitar qovşağı mövcuddur. Bundan sonra cavabdeh və iddiaçının əmlaklarını ayıran hasar vardır. Hasarın üstü dəmir örtüklə bağlıdır. Eyni zamanda, hasarın üstündə cavabdehə məxsus plastik su çəni mövcuddur. Həyətin düzünə istiqamətdə sonda sol tərəfdə cavabdehə məxsus saxlanc yeri mövcuddur.
9. Iş üzrə verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi 192 kv.m. təşkil edir. Onun mülkiyyətindı olan torpaq sahəsi faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Cavabdeh Cavabdeh faktiki istifadəsində olan, tikinti altında olmayan, sərbəst qalan 65 kv.m torpaq sahəsi iddiaçı İddiaçı mülkiyyətində olan 165,10 kv.m. torpaq sahəsinin xaricində yerləşir. 65 kv.m sərbəst torpaq sahəsində yeni hasarın çəkilməsinin tikinti-texniki normalara uyğun olub-olmaması və bunun cavabdehin hüquqlarına məhdudiyyət yaradıb-yaratmaması yerquruluşu mütəxəssisinin səlahiyyətinə aid deyildir. 10.“Məhkəmə Ekspertizası Mərkəzi”nin mütəxəssis rəyi ilə eynilik təşkil edən rəyində əlavə olaraq qeyd olunmuşdur ki, mübahisə predmeti olan 13 metr uzunluğunda 2,2 metr hündürlüyündə yeni sərhəd hasarının, faktiki sərhəd hasarından 1 metr məsafədə (cavabdehin fərdi yaşayış evinə doğru) inşasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Həmçinin, yeni hasarın inşa olunduğu torpaq sahəsi iddiaçı İddiaçı mülkiyyətində olan 165,10 m2 torpaq sahəsinin xaricində yerləşir (iş materialları, vərəq 106). 11.Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmil edilmiş, Şamaxı şəhəri, 20 Yanvar küçəsində yerləşən iddiaçı ilə cavabdehin yaşadıqları ünvanda olan faktiki sərhəd hasarından 1 metr məsafədə, cavabdehin fərdi yaşayış evinə doğru, 13 metr uzunluğunda, 2,2 metr hündürlüyündə yeni sərhəd hasarının iddiaçının hesabına çəkilməsi, iddiaçıya məxsus evin üzərində cavabdeh Cavabdeh tərəfindən qurulmuş dəmir rəfin sökülməsi, dəmirlərin iddiaçının evinin yanından uzaqlaşdırılması və sərhəd hasarının üzərində olan su çəninin götürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim F.Yaqubov). 12.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus evin əsas divarında ağır dəmir konstruksiyalar yerləşdirilməklə, dəmir rəflər düzəldilmiş və eyni zamanda, iddiaçıya məxsus olan evə işıq düşən yeganə pəncərəsinin qarşısını dəmir təbəqə ilə örtməklə, cavabdeh tərəfindən, tərəflərin evləri arasında olan 1.2-1.5 metr məsafədə saxlanc yeri düzəldilmişdir. Həmçinin, cavabdehə məxsus su çəni də, iddiaçının divarı üstünə yerləşdirilmişdir. 13.Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin faktiki istifadəsində olan, tikinti altında olmayan, sərbəst qalan 65 kv.m. torpaq sahəsi iddiaçının mülkiyyətində olan 165,10 kv.m. torpaq sahəsinin xaricində yerləşir. Eyni zamanda, ekspert rəyi ilə 13 metr uzunluğunda 2,2 metr hündürlüyündə yeni sərhəd hasarının, faktiki sərhəd hasarından 1 metr məsafədə inşasının texniki cəhətdən mümkün olması müəyyən edilmişdir. Cavabdeh isə iddiaya qarşı etirazını bildirsə də, etirazının əsası kimi dəlillərini məhkəməyə təqdim etməmişdir. 14.Məhkəmə mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: 1) məhkəmə ekspert rəyinə istinad edərək yalnız hasarın texniki baxımdan inşasının mümkün olmasını nəzərə almış, lakin həmin hasarın cavabdehin istifadə hüquqlarını məhdudlaşdırıb-məhdudlaşdırmayacağını araşdırmamışdır 2) Ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, mübahisəli 65 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin xaricində yerləşir. Buna baxmayaraq iddiaçı həmin əraziyə dolayısı ilə müdaxilə etməyə çalışır. Iddiaçının əsas məqsədi guya maneələrin aradan qaldırılması deyil, “hasar çəkilməsi” adı altında cavabdehin istifadəsində olan torpaq sahəsindən əlavə pay əldə etməkdir 3) Iddiaçının evinin pəncərəsi cavabdehin həyətinə açıldığı üçün cavabdeh öz həyətinə aid hissədə həmin pəncərənin qarşısını bağlamışdır. Bu hərəkət cavabdehin öz istifadəsində olan sahədən istifadəsi ilə bağlı olmuş, iddiaçıya qəsdən maneə yaratmaq məqsədi daşımamışdır 4) Iddiaçı cavabdehin onun mülkiyyət hüququna real və hüquqi maneə yaratdığını sübut edə bilməmişdir 5) Iddiaçı əvvəllər də eyni tərəflər arasında, eyni predmet və eyni əsaslarla Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, lakin sonradan iddiadan imtina etmişdir. Bu səbəbdən Şamaxı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş və həmin qərardad qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi hazırkı iddianı icraata qəbul etmişdir.
17. Apellyasiya icraatı zamanı alınmış ekspert rəyində qeyd olunmuşdur ki, Şamaxı rayonu, Şamaxı şəhəri, 20 yanvar küçəsində yerləşən mübahisəli su çənin iddiaçı ilə cavabdehin arakəsmə divarının üzərində yerləşmədiyi, tədqiq olunan su çəninin plastik materialdan olmaqla, yerdən 2.4 metr hündürlükdə cavabdehə məxsus həyətyanı torpaq sahəsində quraşdırılmış talvarın alt hissəsinə bərkidilmiş metal künclüklər üzərində quraşdırıldığı müəyyən edilmişdir.Baxış zamanı həmin çəndən su axması müəyyən edilməmişdir. Iddiaçının həyətyanı sahəsinin talvar olmayan hissəsində hasarın üzərində nəmişlik olduğu müşahidə edilmişdir (baxış keçirilən tarixdə hava şəraiti yağmurlu idi).
18. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, əvvəllər iddiaçının evi ilə onların evi arasında məsafə var idi. Torpaq sahələri arasında arakəsmə divarı mövcud idi. Iddiaçı sonradan evini arakəsmə divarına qədər artırmışdır. Artıq evlər arasında məsafə qalmadığından yağış suyu hər iki həyətə ziyan vurur. Yağış sularının evə ziyan vurmasının qarşısını almaq üçün evin damından bir qədər artıq hissədə dəmir şit quraşdırmışdı. Iddiaçı tərəf bildirdi ki, həmin dəmir şit onların həyətinin ərazisinə düşür. Bu səbəbdən atası həmin dəmiri də kəsməli oldu. Hazırda iddia olunan dəmir şitlər cavabdehin öz ərazisindədir. Evin çardağından asılıb. Iddiaçı tərəf onların həyətinə pəncərə açdığından həmin yerdə dəmir şit quraşdırmışdır. Hazırda evlər arasında boş ərazi olmadığından orada hasarın çəkilməsinə etiraz edir. Çünki hasar yalnız onun torpaq sahəsində çəkilə bilər ki, bu yolverilməzdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iş üzrə verilmiş ekspert rəyini qəbul etmir. Belə ki, ekspert rəydə qeyd edib ki, tədqiqat zamanı hava şəraiti yağışlı olmuşdur. Halbuki həmin vaxt mübahisəli su çəni olan ərazi nəm, açıqda olan qalan ərazilər isə islanmamışdır. Buna səbəb su çənindən su axması olmuşdur. Yəni yağış suyu olsa, digər açıq ərazilərdə nəm olmalı idi. Bundan başqa cavabdeh tərəf ekspert gəlməzdən öncə həm su çəninin yerini dəyişdirmiş, həm də dəmir şitlərin vəziyyətini dəyişmişlər. Cavabdeh usta olduğundan bu kimi işləri rahat icra edə bilir. Hazırda iddiaçının tələbi torpaq sahəsi ilə bağlı deyil. Onlar mülkiyyətlərinin-evin müdafiəsindədirlər. Belə ki, həm su çəni, həm də ki, arada quraşdırılmış dəmir şitlər iddiaçının evinə ciddi ziyan vurur. Evdə ciddi şəkildə nəmişlik yaranmışdır. Yağış yağanda evi su basır. Nəticədə evin divarında ciddi çat yaranmışdır. Cavabdehin evinin çardağının ayağı, iddiaçının evinin damına qoyulub. Bütün bu vəziyyətə son qoyulması mütləqdir.Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş hissələrində ləğv edilmiş, həmin hissələrdə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir (hakimlər: A.Mahmudov – məruzəçi,A.Hüseynzadə, L.Rəhimli)
21. Məhkəmə kollegiyası ilk növbədə bildirmişdir ki, hazırkı iddia tələbi 3 hissədən ibarət olmaqla, faktiki olaraq iki qonşu torpaq sahəsi arasında iddiaçının hesabına hasarın çəkilməsi, iddiaçıya məxsus evin üzərində cavabdeh Cavabdeh tərəfindən qurulmuş dəmir rəfin sökülərək ərazidən uzaqlaşdırılması və sərhəd hasarının üzərində olan su çəninin götürülməsi barədədir.
22. Tərəflər qohum olmaqla yanaşı, faktiki vəziyyətdə qonşu olmaları işin mübahisəsiz halıdır. Iddiaçı bəyan edir ki, tərəflər arasında qohumluq münasibətləri pozulmuşdur. Valideynlərdən qalan miras əmlak-ev üzərində onların bərabər payları müəyyən edilmişdir. Faktiki olaraq ayrı-ayrı evlərdə yaşayırlar. Cavabdeh onun evinin divarı üzərində dəmir rəflər qurub, ağır dəmirləri orada saxlayır, pəncərəsinin qarşısına dəmir təbəqə tutulmaqla, evdən istifadəsinə imkan vermir. Dəmir təbəqədən yağış yağış evə axır, sular evin divarını yararsız hala salır. Divarın üstünə su çəni qoyulub, çəndən axan su həyətini pis vəziyyətə qoyur. Cavabdeh isə iddia tələbinə etiraz edir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə həll edilərkən, yəni iddiaçının mülkiyyətdən istifadə etmək hüququna müdaxilənin olub-olmadığı məsələsi araşdırılarkən, ilk növbədə şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərindəki hava məkanı da həmin şəxsin mülkiyyətinə aid olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir. Mülki Məcəllənin 238.3-cü maddəsinə müvafiq olaraq, torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.
24. Göründüyü kimi, Azərbaycan Respublikasında torpaq sahəsinin mülkiyyətçisinin həmin sahənin üzərindəki hava məkanına dair mütləq (tam) hüququ yoxdur, çünki qanunvericilik yalnız istifadə etmək imkanından bəhs edir. Belə olan halda, cavabdehin mülkiyyətində olan binanın divarında quraşdırılmış avadanlıqların iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxilində olması (o cümlədən cavabdehə məxsus torpaq sahəsində quraşdırılmış talvarın alt hissəsindəki su çəninin) belə qənaətə gətirməməlidir ki, həmin avandanlıqlar mütləq çıxarılmalıdır. Əksinə, bu avadanlıqların torpaq sahəsinin sahibi üçün bu sahənin üstündə olan hava məkanından istifadəsinə maneələr törədib-törətməməsi məsələsi araşdırılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən, iddiaçı cavabdeh tərəfindən qoyulmuş avadanlıqların onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə maneənin həqiqətən də onun hüquqlarını pozmasına dair hər hansı bir sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu halda, qeyd olunan avadanlıqların (su çəninin, dəmir rəfin) cavabdehə məxsus talvarın altında yerləşməsi və binanın divarında ağlabatan hündürlükdə yerləşməsi, hazırkı vəziyyətdə faktiki olaraq torpaq sahibinin hüquqlarını pozmur, torpaq sahəsinin istifadəsinə mane olmur, təhlükə və ya zərər riski daşımır.
26. Kollegiya, iddia tələbinin cavabdehin həyətində, onun evinin həyətinə baxan hissəsində 1 metr aralıda öz hesabına divarın çəkilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə də razılaşmamışdır. Belə ki, işin hallarından, həmçinin ekspert rəyindən görünür ki, hasarın çəkilməsi tələb olunan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində olması müəyyən edilməmişdir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin oluna bilməz.
27. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 152.1, 157.4, 170.1, 170.2, 173.1, 173.2, 173.3, 173.4, 176.2, 176.3, 238-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
28. Iddiçı (vəkil: Vəkil) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin təmin olunduğu hissədə ləğv olunmasını və iddia tələbinin birinci instansiya məhkəməsində təmin olunmuş hissədə təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh hüquqmüəyyənedici sənədi olmadan zəbt etdiyi 65 kv.m torpaq sahəsində talvar və metal konstruksiyalar quraşdırmış, həmin konstruksiyaların dirəklərini iddiaçıya məxsus evin və hasarın üzərinə yerləşdirmiş, yağış sularının iddiaçının evinə və hasarına axmasına şərait yaratmış, iddiaçının fərdi yaşayış evinin yeganə pəncərəsinin qarşısını dəmir təbəqə ilə bağlayaraq təbii günəş işığının və hava axınının qarşısını almışdır. Bu hallar yerli baxış protokolu, ekspert rəyləri, fotoşəkillər, tərəflərin izahatları, cavabdehin öz etirafları təsdiq olunsa da, apellyasiya məhkəməsi mübahisənin düzgün həll edilməsi üçün Mülki Məcəllənin 157.4 və 170.2-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrini tətbiq etməmiş, yekunda qanunsuz məhkəmə aktı qəbul edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh elektron kabinet vasitəsi ilə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin formal əsaslarla verildiyindən təmin edilməməsini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
33. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, su çəni və dəmir rəf cavabdehin istifadəsində olan tikilinin tərkib hissəsi kimi yerləşdirilmiş, iddiaçının torpaq sahəsindən istifadəsinə faktiki maneə yaratmamış, onun təhlükəsizliyi və ya əmlakı üçün hər hansı real risk doğurmamışdır. Iddiaçı isə bu qurğuların onun mülkiyyət hüquqlarını məhdudlaşdırdığını və ya əmlakdan istifadəsini əngəllədiyini təsdiq edən kifayət qədər sübut təqdim edə bilməmişdir. Hasarın çəkilməsi tələb olunan hissənin iddiaçının mülkiyyət sərhədləri daxilində yerləşməsi də iş materialları və ekspert rəyi ilə təsdiqlənməmişdir. Belə olan halda, apellyasiya məhkəməsi iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən etməmişdir.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.