Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-972/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İmanova Təranə İsa qızının və İmanıyeva Lalə İsa qızının cavabdehlər İmanıyeva Gülarə Binnət qızına, İmanıyeva Kəmalə İsa qızına və İmanıyev Çingiz İsa oğluna qarşı ilk iddiası, İmanıyeva Gülarə Binnət qızının İmanova Təranə İsa qızına və İmanıyeva Lalə İsa qızına qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: yaşayış sahəsinə köçürülmə; istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçılar İmanova Təranə İsa qızının və İmanıyeva Lalə İsa qızının cavabdehlər İmanıyeva Gülarə Binnət qızına, İmanıyeva Kəmalə İsa qızına və İmanıyev Çingiz İsa oğluna qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair ilkin iddiaları, İmanıyeva Gülarə Binnət qızının İmanova Təranə İsa qızına və İmanıyeva Lalə İsa qızına qarşı “istifadə hüququnun itirilmiş hesab olunması və əşyaların fərdi yaşayış evindən çıxarılması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Gülarə İmanıyeva (vəkil İsgəndərli Könül Teyyub qızı) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. ## ###### 2004-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İmanıyeva Gülarə Binnət qızı Bakı şəhəri, Zığ yolu küçəsi, ev 21, ** saylı mənzilini İsmayılov Mixail Əhədoviçə 45.787.000 manata satmış, həmin ünvanda qeydiyyatda olan İmanova Kəmalə İsa qızı və İmanıyeva Lalə İsa qızı notarial qaydada verilmiş ərizələrə əsasən evin satılmasına razı olduqlarını bildirmişlər.
2. ## ###### 2014-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İmanıyeva Gülarə Binnət qızı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71,6 kv.m., yaşayış sahəsi 48,8 kv.m., yardımçı sahəsi 22,8 kv.m. olan fərdi yaşayış evini X14, həmin ünvanda qeydiyyatda olan İmanova Kəmalə İsa qızı və İmanıyeva Lalə İsa qızı notarial qaydada verilmiş ərizələrə əsasən evin satılmasına razı olduqlarını bildirmişlər.
3. ## ###### 2014-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Tağı-zadə Zəminə Ziyatxan qızı ünvan 1 ünvanında yerləşən, istifadəsində olan 0,04236 ha torpaq üzərində yerləşən yaşayış sahəsi 210,46 kv.m., yardımçı sahəsi 105,6 kv.m. olan fərdi yaşayış evinin özünə məxsus N tikilisi-ni alıcı İmanıyeva Gülarə Binnət qızına satmışdır.
4. ünvan 1 (Yeni qaydalarla: AZ1042, ünvan 4) üzərində İmanıyeva Gülarə Binnət qızının mülkiyyət hüququ ## ####### 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
5. İmanova Təranə İsa qızı və İmanıyeva Lalə İsa qızı ünvan 6 ünvanda qeydiyyatdadır.
6. ## ###### 2023-cü il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqaviləsindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə İmanova Təranə İsa qızı (kodu: 101224501100020) arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Q/Ç-Ə Mehbalıyev (Surneft NQÇİ lab. yanı) ev 11 mənzil 2 ünvanında “Azəriqaz” İstehsalat Birliyi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
7. “Azəriqaz” İB-nin ## ###### 2024-cü tarixli məktubundan müəyyən olunur ki, İmanıyeva Lalə İsa qızı adında istehlakçı Birliyin istehlakçı bazasında qeydiyyata alınmamış və həmin şəxsin adına qaz sayğacı rəsmiləşdirilməmişdir. İmanova Təranə İsa qızı X15 İnformasiya Sistemində *************** nömrəli abonent kodu ilə qeydiyyatdadır və Birlik ilə istehlakçı arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısına” dair ## ###### 2023-cü il tarixli, AK*-****** nömrəli müqavilə bağlanmışdır.
8. “xxxx” ASC-nin ## ###### 2024-cü il tarixli məktubundan müəyyən olunur ki, cəmiyyətin elektron bazasında İmanova Təranə İsa qızının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində ## #### 2010-cu il tarixdə *************** nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır.
9. İmanov İlqar Şahlar oğlu və İmanova Təranə İsa qızı ilə olan nikah ləğv edilmiş bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ## ###### 2017-ci il tarixdə qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçılar İmanova Təranə İsa qızı və İmanıyeva Lalə İsa qızı cavabdehlər İmanıyeva Gülarə Binnət qızına, İmanıyeva Kəmalə İsa qızına və İmanıyev Çingiz İsa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 29 ünvanında (Yeni qaydalarla: AZ1042, ünvan 4 ünvanında) yerləşən fərdi yaşayış evində yerləşən analarının mülkiyyətində olan evin girişdən solda yerləşən ev əşyalarının yerləşdiyi otağa köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, Kəmalə İmanıyeva məişət problemləri ilə bağlı teztez onlarla mübahisə yaratmış, onları evdən çıxaracağı ilə hədələmişdir. Anası və qardaşı isə onun verdiyi yalan məlumatlara inanıb onlara qarşı pis münasibət saxlayır, onlar da bu səbəbdən onların (iddiaçıların) evdə yaşamalarına razılıq vermir, evə qayıtmamalarını tələb edirlər. Onlar məişət mübahisələrinə son qoymaq üçün ayrıca köməkçi sahə inşa etmək istəsələr də, cavabdehlər buna imkan verməmişlər. Aldıqları inşaat materiallarından istifadə etməyə icazə verməmişlər. Sonuncu dəfə ## ####### 2024-cü il tarixdə Kəmalə növbəti mübahisəni yaradaraq onlardan polisə şikayət etmiş və evdən qovmuşdur. Halbuki, onların ümumi razılıqları əsasında mənzilin otaqlarını aralarında bölərək ayrı-ayrılıqda otaqlardan təcrid olunmuş şəkildə istifadə edirlər. Onlar (iddiaçılar) evin girişində sol tərəfində hal-hazırda əşyaları yerləşən otaqda yaşamışlar. Hal-hazırda məcbur olub başqa ünvanda yaşayırlar. Ataları İmanıyev İsa İslam oğlu mənzil növbəsinə götürülmüş və ailə üzvləri sayı nəzərə alınmaqla 1997-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Sadıqcan küçəsi, ** saylı evin *** saylı mənzili order əsasında ailə üzvlərinin tərkibi göstərilməklə onun adına order verilmişdir. Ataları xəstə olduğuna görə ümumi razılıq əsasında mənzilin anaları Gülarə İmanıyevanın adına özəlləşdirilməsi barədə ərizələr təqdim edərək analarının adına özəlləşdirmişlər. Ataları 2004cü ildə vəfat etmişdir. 1998-ci ildə ailə üzvləri razılığı əsasında həmin mənzil satılmış və əldə olunan vəsait hesabına Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ** saylı evin ** saylı mənzili analarının adına alaraq, həmin mənzilə qeydiyyata alınmaqla orada yaşamağa başlamışlar. ## ###### 2004-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ** saylı evin ** saylı mənzili ümumi razılıq əsasında * saylı notariat kontorunda sataraq, əldə edilən pul vəsaiti hesabına Bakı şəhəri, Xətai rayonu, * nömrəli Zeytun sovxozu, Naximov 181 ünvanında anaların adına torpaq sahəsi alınaraq fərdi yaşayış evi tikilmiş, evi daşınmaz əmlakın dövlət reyestrində analarının adına qeydə aldıraraq evə qeydiyyata alınmaqla, orada yaşamağa başlamışlar. Bakı şəhəri, Xətai rayonu, * nömrəli zeytun sovxozu, Naximov 181 ünvandakı evi ümumi razılıq əsasında * saylı Bakı “Asan Xidmət” Mərkəzində ##.##.2014-cü il tarixdə sataraq, əldə olunan vəsait hesabına hazırda mübahisəsi gedən Bakı şəhəri, Suraxanı rayonu, Q.Qarayev küçəsi ** saylı evi ümumi razılıq əsasında analarının adına alaraq, ailəliklə həmin evə qeydiyyata alınmaqla orada yaşamağa başlamışlar. Hər ikisi və cavabdeh olan bacıları Kəmalə ailə qursa da, ailələri uğursuz alınmış və onlar mübahisəli evdə yaşamaqda davam etmişlər. Onların həmin evdən başqa daimi yaşayış yeri yoxdur. Hazırda məcbur olub müvəqqəti olaraq başqa ünvanda yaşayırlar. Onların mübahisəli evdən istifadə hüquqları cavabdeh olan bacıları İmanıyeva tərəfindən pozulmuşdur. Anaları da yaşlı olduğundan onun sözlərinə inanaraq həmin evdə yaşamalarına narazılıq edir. Qardaşları Gədəbəy rayonunun Qumlu kəndində yaşayır.
12. İmanıyeva Gülarə Binnət qızının (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) nümayəndəsi və vəkili İsgəndərli Könül Teyyub qızı İmanova Təranə İsa qızına və İmanıyeva Lalə İsa qızına (bundan sonra iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər)) qarşı qarşılıqlı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Təranə İmanovanın və Lalə İmanıyevanın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarının itirilmiş hesab olunması, Lalə İmanıyevaya məxsus əşyaların Gülarə İmanıyevaya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən ümumi sahəsi 61 kv.m. olan ** saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gülarə İmanıyevanın xüsusi mülkiyyətindədir. Belə ki, Gülarə İmanıyeva bir neçə il öncə daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında sözügedən daşınmaz əmlakı almışdır. Hazırkı mülki iş üzrə iddiaçılar Təranə İmanovanın və Lalə İmanıyevanın isə Gülarə İmanıyevaya məxsus ünvanda pasport qeydiyyatları formal xarakter daşıyır. İddiaçılar Təranə İmanova və Lalə İmanıyeva sözügedən əmlakı aldığı bir vaxtdan ümumiyyətlə orada yaşamamışlar. Belə ki, Təranə İmanova nikaha daxil olduqdan sonra ailəsi ilə birlikdə başqa ünvanda yaşamağa davam etmiş, hazırda Xankəndi şəhərindən məcburi köçkün olaraq Bakı şəhəri ərazisində məskunlaşmışdır. Digər cavabdeh Lalə İmanıyeva isə rəsmi nikaha daxil olmuşdur. Nikahı uğursuz olduqdan sonra, yəni boşandıqdan sonra əşyalarını qoyacağı bir yer olmadığından əşyalarını saxlanc olaraq Gülarə İmanıyevaya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən ümumi sahəsi 61 kv.metr olan ** saylı fərdi yaşayış evində yerləşdirmişdir. Hətta Gülarə İmanıyevanın fərdi yaşayış evində olmamağından istifadə edərək Gülarə İmanıyevanın razılığını almadan özbaşına şəkildə əşyaları Gülarə İmanıyevaya məxsus evdə yerləşdirmiş və evin bir otağını bağlayaraq Gülarə İmanıyevanın istifadəsini qadağan etmişdir. Göründüyü kimi, iddiaçıların Gülarə İmanıyevaya məxsus əmlak üzərində heç bir hüquqları olmadığı halda ona məxsus fərdi yaşayış evi üzərində qanunsuz hərəkətlər etmələri, əmlaka dair istifadə hüququnu həyata keçirən zaman məhdudiyyətlər yaratmaları azmış kimi, bu gün əsassız iddia tələbi ilə də məhkəməyə müraciət etmişlər. Onlar iddia ərizəsində guya Gülarə İmanıyevaya məxsus fərdi yaşayış evində yaşadıqlarını, Gülarə İmanıyevanın onların yaşamalarına imkan verilməməsini qeyd etmişlər. Bu fikir tam absurd olmaqla ədalət mühakiməsini yanıltmaqdan başqa bir şey deyildir. İddiaçılar Gülarə İmanıyevaya məxsus əmlakda yaşamamış, mülkiyyətçi kimi isə onun əmlakından istifadə etməyinə maneə yaratmışlar. Halbuki, Gülarə İmanıyevanın mülkiyyət hüququ qanunla qorunan konstitusion hüquqdur. Məhz belə olduğu təqdirdə qanunla müəyyən edilmiş mülkiyyət hüququ məhkəmə qaydasında bərpa edilməlidir.
14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## #### 2025-ci tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin olunmuş, iddiaçılar Təranə İmanovanın və Lalə İmanıyevanın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarının itirilmiş hesab olunması qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, birinci iddia tələbi iddiaçıların mübahisəli fərdi yaşayış evinə köçürülmələri, ikinci iddia tələbi isə iddiaçıların mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların çıxarılması ilə bağlıdır. Belə olan halda hər iki mübahisənin mahiyyəti üzrə həll edilə bilməsi üçün, ilk növbədə birinci iddia üzrə iddiaçıların mübahisəli mənzildən istifadə hüququnun olub-olmaması məsələsinə münasibət bildirilməlidir. Çünki yalnız həmin istifadə hüququ müəyyən edildiyi təqdirdə bu hüququn itirilməsindən (birinci iddia), yaxud tanınması və bu əsasla mənzilə köçürülmədən (ikinci iddia) söhbət gedə bilər.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilk növbədə, birinci iddia üzrə iddiaçı Təranə İmanovanın mübahisəli mənzildən istifadə hüququ araşdırılaraq müəyyən edilmiş ki, iddiaçı Təranə İmanova atasına order əsasında verilmiş evdə yaşamış, 1979-1980-cı illərdə Bakı şəhəri Ə.Abbasov adına *** saylı tam orta məktəbdə 3-cü sinfə qədər təhsil almışdır. İşin bu halını hər iki tərəf mübahisələndirmədən qəbul edir. Belə olan halda iddiaçı Təranə İmanova Azərbaycan SSR-in ##.##.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, ##.##.2009-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvü kimi mənzildən istifadə hüququ əldə etmişdir. Digər iddiaçı Lalə İmanıyevaya münasibətdə isə qeyd olunur ki, o, 19921993-cü illərdə Bakı şəhəri Ə.Abbasov adına *** saylı tam orta məktəbdə 9-cu sinfini bitirmişdir. Bu zaman o, icarədarın ailə üzvü kimi yuxarıda istinad edilmiş və artıq qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Beləliklə, birinci iddia üzrə iddiaçıların hər ikisi Azərbaycan SSR Mənzil Məcəlləsinə əsasən mənzildən istifadə hüququ əldə etmişdir.
17. Məhkəmə daha sonra qeyd etmişdir ki, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçılar mülkiyyətçi Gülarə İmanıyevanın qızlarıdır və mülkiyyətçi öz mülkiyyətində olan mənzilləri və fərdi yaşayış evini bir neçə dəfə satmış və sonuncu olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini əldə etmişdir. İddiaçılar Təranə İmanova və Lalə İmanıyeva alğı-satqı müqaviləsi nəticəsində özgəninkiləşdirilən həmin mənzillərin hamısında pasport qeydiyyatında olmuşlar və həmin evlərin alğı-satqısı zamanı mənzillərin satılmasına etiraz etməmələri barədə notarial qaydada ərizə təqdim etmişlər. İddiaçılar sonuncu dəfə əldə olunan və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində hal-hazırda pasport qeydiyyatındadırlar. İddiaçılar Təranə İmanova və Lalə İmanıyeva sözügedən mübahisəli mənzildə 2024-cü ilin oktyabr ayına kimi yaşadıqlarını və son olaraq bacıları İmanova Kəmalə İsa qızı ilə aralarında mübahisə yarandığını və buna görə də fərdi yaşayış evində yaşaya bilmədiklərini və onların həmin fərdi yaşayış evinin bir otağına köçürülmələrini xahiş etmişlər. İddiaçıların əvvəllər mülkiyyətçinin mülkiyyətində olmuş hansı mənzildən və hansı tarixdən dəqiq şəkildə çıxdığını müəyyən etmək mümkün deyil. Belə ki, cavabdeh qızı Təranə İmanovanın atasına order əsasında verilmiş evdə yaşadığını, 1979-1980-cı illərdə Bakı şəhəri Ə.Abbasov adına *** saylı tam orta məktəbdə 3-cü sinfə qədər təhsil aldığını, daha sonra onun Gədəbəy rayonunda yaşadığını və orada orta məktəbi bitirdiyini və sonradan ailə qurduğunu qeyd etmişdir. Bundan əlavə cavabdeh tərəf Təranə İmanova (kodu: 101224501100020) ilə “Azəriqaz” İstehsalat Birliyi arasında Q/Ç-Ə Mehbalıyev (Surneft NQÇİ lab. yanı) ev 11 mənzil 2 ünvanında yerləşən mənzilə dair müqavilə bağlandığını qeyd etməklə bununla bağlı sübut təqdim etmişdir. İddiaçılar ailə quraraq mənzildən könüllü olaraq başqa yaşayış yerində yaşamaq üçün çıxmışlar və hazırda həmin mənzilə ehtiyacları yoxdur. Bundan əlavə, iddiaçılar iddia edirlər ki, onlar mübahisəli mənzildən “çıxarıldıqları” vaxtdan mənzilə qayıtmağa çalışmış, lakin cavabdehlər buna mane olmuşlar. Buna baxmayaraq iddiaçılar mənzillərin satılmasına etiraz etməmələri barədə ərizə versələr də, satılan mənzillərə nə vaxt köçmələrini və orada yaşadıqlarını əsaslandıra bilməmişlər. Birinci iddia üzrə iddiaçılar ailə quraraq yaşayış yerlərini dəyişdikləri üçün mübahisəli mənzildən daimi çıxmışlar və mübahisəli mənzilə yaşayış yeri kimi heç bir ehtiyacları yoxdur. Onların sadəcə olaraq mənzil üzərində miras pay əldə etmək barədə gözləntiləri vardır və bu səbəbdən istifadə hüquqlarını saxlamaq istəyirlər. Halbuki bu gözləntinin iddiaçıların mənzildən istifadə hüququna heç bir aidiyyəti yoxdur.
18. İlk növbədə, qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən əldə edilmiş istifadə hüquqlarının itirilməsi məsələsinə münasibət bildirən məhkəmə qeyd etmişdir ki, həmin Məcəllənin müvafiq normalarından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından görünür ki, yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığı müəyyən edilmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmək isə icarə müqaviləsinin pozulması, beləliklə, yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirilmişdir. Lakin bu zaman həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin məhkəmə araşdırması nəticəsində müəyyən edilməsidir. Beləliklə, birinci iddia üzrə hər iki iddiaçı mənzildən istifadə hüququnu artıq qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən əldə etmişdir və bu hüquqları məhkəmə qətnaməsi ilə itirilmiş hesab edilmədiyindən hazırda qüvvədədir. Belə olan halda mülkiyyətçi yaşayış sahəsi ilə bağlı bütün hüquqlara, eləcə də qanunla müəyyən edildiyindən artıq müddətə başqa yerə getmiş şəxslərin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmuşdur.
19. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, birinci iddiaya ayrıca münasibət bildirməyə artıq zərurət qalmamışdır. Belə ki, artıq məhkəmə qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməli olduğu nəticəsinə gəldiyindən, onların mənzilə köçürülmələri istisna edilir. Birinci iddia üzrə iddiaçıların mübahisəli mənzil üzərində onsuz da istifadə hüquqları mövcud olmuş, bu hüququn mövcudluğunu qarşılıqlı iddia üzrə iddiaçı da inkar etməmiş, sadəcə olaraq bu hüququn itirilmiş hesab edilməsini xahiş etmişdir. Bu vəziyyətdə birinci iddia tələbinin mənzilə köçürülmə tələbi istənilən halda əsassız olmuşdur.
20. Qarşılıqlı iddia tələbinin Lalə İmanıyevaya məxsus əmlakların mübahisəli mənzildən çıxarılması məsələsində münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, bununla bağlı məhkəməyə hər hansı dəqiqləşmə təqdim olunmamışdır. Mübahisəli fərdi yaşayış evində yerləşdirilmiş əşyalarının hansının iddiaçıya, hansının isə cavabdehə məxsus olması qeyri-müəyyəndir və tərəflər arasında bununla bağlı olaraq mübahisə vardır.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in ##.##.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, ##.##.2009-cu il tarixdə qüvvədə düşmüşdür) 53, 54, 60, 87, 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.1999-cu il tarixli Qərarına “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokoluna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.3, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
22. Qətnamədən iddiaçı Təranə İmanovanın və Lalə İamnıyevanın nümayəndəsi və vəkili vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
23. Apellyasiya şikayətləri oxşar məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçıların atası 1997-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Sadıqcan küçəsi, ** saylı evin *** saylı mənzilini order əsasında ailə üzvlərinin tərkibini göstərilməklə əldə etmişdir. Ümumi razılıq əsasında iddiaçılar mənzili anaları Gülarə İmanıyevanın adına özəlləşdirilməsi barədə ərizələr təqdim edərək onun adına özəlləşdirmişlər. 1998-ci ildə ailə üzvlərinin razılığı əsasında həmin mənzil də satılmış və əldə olunan vəsait hesabına Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ** saylı evin ** saylı mənzili alınaraq, həmin mənzildə yaşamışlar. ##.##.2004-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ** saylı evin ** saylı mənzili ümumi razılıq əsasında satılaraq, əldə edilən pul vəsaiti hesabına Bakı şəhəri, Xətai rayonu, * nömrəli Zeytun Sovxozu, Naximov 181 ünvanında fərdi yaşayış evi tikilmiş, tərəflər həmin evə qeydiyyata alınaraq orada yaşamışlar. Daha sonra isə Bakı şəhəri, Xətai rayonu, * nömrəli Zeytun Sovxozu, Naximov 181 ünvanında yerləşən evi ümumi razılıq əsasında ##.##.2014-cü il tarixdə sataraq, əldə olunan vəsait hesabına hazırda mübahisəsi gedən Bakı şəhəri, Suraxanı rayonu, Q.Qarayev küçəsi ** saylı ev alınmış və iddiaçılar həmin evə qeydiyyata alınmaqla orada yaşamağa başlamışlar. Onlar həmin mənzilin girişdən solda yerləşən otağında, 2024-cü ilin oktyabr ayına kimi yaşamışlar. Belə ki, iddiaçılar həyətdə sanuzel tikmək istəsələr də, lakin buna imkan verilməmiş, bir neçə dəfə məişət mübahisələri baş vermişdir. Sonuncu dəfə isə iddiaçı tərəfin yaşadığı otağın qapısı sındırılmışdır. Mübahisə İmanıyeva ilə aralarında baş vermişdir. Mübahisə baş verən ərəfədə mülkiyyətçi (Gülarə İmanıyeva) evdə olmamış, belə ki, o həm sözügedən fərdi yaşayış evində, həmdə Gədəbəy rayonunda yaşamışdır. 2012-ci il tarixdə iddiaçının nikahı pozulub, 2014-cü il tarixə kimi övladları onunla yaşamış və eyni ünvanlarda, yəni anama məxsus evlərdə qeydiyyatda olmuş və yaşamışlar. Lakin 2014-cü ildə övladları nənələrinin və atalarının yanına, yəni Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində məcburi köçkünlər üçün olan yataqxanaya getmiş və orada yaşayaraq qeydiyyata düşmüşlər. İddiaçı isə davalı olduğu kimi hazırkı mübahisəli mənzildə 2024-cü ilin axırlarına qədər, yəni bacısı Kəmalə onları evdən qovana qədər yaşamışlar. Belə ki, iddiaçının qeyd etdiyi nüans işin mübahisəsiz halıdır və İcra nümayəndiliyindən verilən və şikayətə əlavə etdiyi arayışdan onun orada yaşamağı bilinir. Qəbul edilmiş qətnamənin məntiqsiz tərəfi odur ki, əvvəla işə səhv maddi hüquq normaları tətbiq edilmişdir və iş aidiyyəti olmayan sübutlar araşdırılmışdır. Həmin sübutlar belə qərəzli şəkildə və qeyri-obyektiv araşdırılmışdır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı 2014-cü il tarixdən mübahisəli mənzildə yaşamışdır. Belə ki, qarşı tərəfə təqdim edilmiş məktubdan görünür ki, Komitənin elektron məlumat bazasına əsasən məktubda qeyd edilən vətəndaş Təranə İmanova ünvan 6 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki olaraq məskunlaşmışdır. Qeyd edilən məktubda da Təranənin həmin evdə yaşamağı öz əksini tapmışdır. Lakin bu məktub da qərəzli şəkildə verilmiş və Təranənin müvəqqəti yaşaması qeyd edilərək, guya əsas yaşayış yerinin mübahisəli mənzil olmaması görüntüsünü yaratmışlar. Halbuki o, daimi qeydiyatdadır və “Yaşayış yeri haqqında” Qanunun müddəaları baxımdan həmin ünvanda da yaşayır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Belə ki, iddiaçılar mübahisəli mənzil alındığı tarixdən, yəni 2014-cü ildən həmin mənzildə yaşayır, qanunun müddəalarından da hasil olan mənaya əsasən, iddiaçılar mülkiyyətçinin ailə üzvləri sırasına daxil olduğundan orada yaşamaq və mənzildən istifadə hüququna malikdirlər ki, bu hüquq da 2014-cü il tarixdən, yəni iddiaçılar orada yaşamağa başladıqları andan yaranmışdır. İddiaçılar 2014-cü il tarixdə mübahisəli mənzil alındığı tarixdən 2024-cü ilin oktyabr ayınadək həmin mənzildə yaşamışlar. 2024-cü il tarixdə iddiaçılar ilə bacıları Kəmalə İmanova ilə aralarında mübahisə yarandığından və Kəmalənin onları zorla evdən qovmasından sonra İmanova ilə aralarında mübahisə yarandığından və Kəmalənin onları zorla evdən qovmasından sonra iddiaçılar evi tərk etmək məcburiyyətində qalmışlar. Bununla əlaqədar olaraq Lalə İmanıyeva tərəfindən 102 Xidmətinə müraciət olunmuş və həmin müraciətlə bağlı iddiaçılar tərəfindən AR Daxili İşlər Nazirliyi “102 Çağırı Mərkəzinə” sorğu verilmişdir, sorğuya gələn cavab iş materiallarına əlavə ediləcəkdir. Həmçinin, bildirilir ki, Təranə İmanova İmanov İlqar Şahlar oğlu ilə rəsmi nikaha daxil olmuş, tərəflər arasında bağlanmış nikah Suraxanı Rayon Məhkəməsində 2012-ci il tarixdə (hələ hazırkı mübahisəli mənzil alınmamışdan əvvəl) pozulmuşdur. Tərəflər (Təranə İmanova və İmanov İlqar Şahlar oğlu) nikahın pozulması haqqında şəhadətnaməni 2017-ci tarixdə əldə etdiyindən, məhkəmə kobud pozuntuya yol verərək işin hallarını dəqiq, hərtərəfli və tam araşdırmadan qətnamədə tərəflər arasında nikahın pozulmasını 2017-ci il tarixdə olduğunu qeyd edərək, mənzili könüllü olaraq tərk etdiyini və mənzilə artıq ehtiyacı olmadığını qeyd edir. Halbuki tərəflər arasında nikahın pozulması nikahın pozulması barədə məhkəmə aktının qanuni qüvvəsini aldığı tarixdən hesablanır. Bununla bağlı bildirilir ki, Təranə mübahisəli mənzil alarkən hüquqi və faktiki nikahda olmamışdır və həmin vaxt onun hər hansı əmlakı da olmamışdır. Bununla əlaqədar olaraq da tərəflər arasında nikahın pozulması barədə qəbul edilmiş qətnamənin sürətinin əldə edilməsi məqsədilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə sorğu verilmişdir, sorğuya cavab məktubu iş materiallarına əlavə ediləcəkdir. “xxxx” ASC tərəfindən ##.##.2024-cü il tarixdə sorğuya cavab məktubundan müəyyən olunur ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Səhmdar Cəmiyyətin elektron bazasında Təranə İmanovanın Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində ## #### 2010-cu il tarixdə *************** nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. Həmin vaxt o, ailəli olmuşdur və həmin ərazi məcbur köçkünlər məskunlaşan ərazidir. Həmin ərazi yataqxanadır və hazırda da orada abonent kodunun Təranənin adına çıxmağının səbəbi övladlarının həmin ünvanda ataları ilə birlikdə yaşamağı və abonentlər mexaniki sayğacdan smart tipli sayğaca keçərkən Təranənin vəsiqəsini verməkləri olmuşdur. Belə ki, 2012-ci il tarixdə Təranə İmanova və İmanov İlqar Şahlar oğlu arasında rəsmi nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş uşaqları İmanov Kamran İlqar oğlu və İmanova Aytən İlqar qızı əvvəl, yəni 2014-cü il tarixədək Təranə ilə yaşamış və onunla eyni ünvanlarda qeydiyyatda olmuşlar. Daha sonra onun övladları 2014-cü ildən atası və nənəsi ilə birgə, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada məskunlaşmışlar və həmin ünvanda qeydiyyata düşmüşlər. Bununla bağlı müvafiq orqana sorğu verilib və nəticəsi iş materiallarına əlavə ediləcək. Məhz həmin ünvanda övladları yaşadığından sayğac Təranə İmanovanın adına qeydiyyatdadır. Tərəflər arasında nikah pozulduqdan sonra Təranə İmanova mübahisəli mənzil alındığı tarixdən hazır yaşamağa başlamışdır, hansı ki, bunu da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin sorğuya qarşılıqlı iddiaçılara ünvanlanmış cavab məktubunda aydın görmək mümkündür. Təranənin 10-cu sinfi Gədəbəydə bitirməsi ilə bağlı iş materiallarında qeyd edilən arayışın isə hazırkı məhkəmənin predmetinə aidiyyəti yoxdur. Belə ki, hazırkı mübahisəli mənzil 2014-cü ildə alınmışdır və həmin mənzilə istifadə hüququ Təranənin orada yaşamağa başladığı andan yaranmışdır. Hazırkı işə 2009-cu il tarixdə qəbul edilmiş Mənzil Məcəlləsinin müddəaları tətbiq eidlməlidir. Belə ki, bununla bağlı Konstitusiya Məhkəməsinin qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yeni Mənzil Məcəlləsi qəbul edildiyi tarixdən yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçılar ailə quraraq mənzildən könüllü olaraq başqa yaşayış yerində yaşamaq üçün çıxmışlar və hazırda həmin mənzilə ehtiyacları yoxdur. Lakin qeyd edilməlidir ki, mübahisəli mənzil 2014-cü il tarixdə iddiaçıların və digər ailə üzvlərinin birgə razılığı ilə alınmışdır, iddiaçı Təranə İmanova ilə İlqar İmanov arasında isə 2012-ci il tarixdə rəsmi nikahı pozulmuşdur. Yəni mübahisəli mənzil alındıqda artıq Təranənin İlqar ilə nikah münasibətlərinə son qoyulmuş, mənzil alındığı tarixdən həmin mənzildə yaşamağa başlamışdır. Lakin məhkəmə qətnaməsində iddiaçının mənzilə ehtiyacı olmadığını vurğulayır, maraqlısı odur ki, iddiaçı ailəli deyil, 2014-cü il tarixdən mübahisəli mənzildə yaşayır, başqa yaşayış yeri yoxdur, bu halda şəxsin mənzilə ehtiyacı olmadığını bildirmək nə dərəcədə qanuni və əsaslıdır? Həmçinin, bildirilir ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Seyidzadə küçəsi (keçmiş Əliheydər Qarayev), ev 29 ünvanında qeydiyyatda olan Təranə İmanova və Lalə İmanıyeva həqiqətən 2014-cü ildən 2024-cü ilin noyabr ayına kimi həmin ünvanda yaşayıblar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Plenum Qərarına əsasən, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Yuxarıda göstərilən qanunvericilik aktlarının müddəalarından məlum olduğu üzrə mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin istifadə hüququ yalnız onların ehtiyacı olmadığı və mənzili könüllü sürətdə tərk etdikləri zaman itirilmiş olur. Lakin işin faktiki hallarından göründüyü üzrə onların ümumi razılıqları əsasında mənzilin otaqlarını aralarında bölərək, ayrıayrılıqda otaqlardan təcrid olunmuş şəkildə istifadə edirlər. Hər ikisi və cavabdeh olan bacıları Kəmalə ailə qursa da, ailələri uğursuz alınmış və onlar mübahisəli evdə yaşamalarına davam etmişlər. Onların həmin evdən başqa daimi yaşayış yeri yoxdur. Hazırda məcbur olub, müvəqqəti olaraq başqa ünvanda yaşayırlar. Onların mübahisəli evdən istifadə hüquqları cavabdeh olan bacıları İmanıyeva tərəfindən pozulmuşdur. Onlar Kəmalə tərəfindən zorla evdən çıxarılmışlar. Sonuncu dəfə ##.##.2024-cü il tarixdə iddiaçıların bacısı İmanova Kəmalə növbəti mübahisəni yaradaraq onlardan polisə şikayət etmiş və evdən qovmuşdur. Yəni məhkəmənin qətnaməsində qeyd etdiyi üzrə iddiaçıların mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi üçün ilk olaraq iddiaçıların mənzili zorla deyil, könüllü olaraq tərk etmələri gərəkli idi. Lakin işin hallarından göründüyü üzrə iddiaçılar mənzili məhz öz xoşları ilə deyil, bacıları İmanova Kəmalənin israrlı təkidləri, mübahisə yaratması və onları evdən qovması nəticəsində iddiaçılar evi tərk etmək məcburiyyətində qalmışlar. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermək hüququ) məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı). Lakin birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar nəzərə alınmamış, işə baxılarkən pozuntulara yol verilmiş, hakimin qərəzsizliyinə və obyektivliyinə əsaslı şübhələr doğuran davranışlar müşahidə olunmuşdur. İş üzrə iddiaçıların mübahisəli mənzildən əsassız olaraq çıxarılmaları, onların başqa yaşayış yerləri olmadığı halda istifadə hüquqlarının xitamı şübhəsiz ki, iddiaçıların maddi rifahına, gündəlik yaşayış şəraitinə və ləyaqətli həyat səviyyəsinə ciddi təsir göstərəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ toxunulmazdır və bu hüquq yalnız qanunla nəzərdə tutulan əsaslar və zərurət hallarında məhdudlaşdırıla bilər. Lakin hazırkı işdə məhkəmə tərəfindən iddiaçıların istifadə hüququnun xitam edilməsi üçün nə hüquqi, nə də faktiki əsaslar göstərilmədən onların mülkiyyət hüququna müdaxilə edilmişdir. Bu hal mülkiyyət hüququnun qanunla qorunan toxunulmazlığı prinsipinə və hüquqi müəyyənlik tələbinə zidd olmaqla, həm milli, həm də beynəlxalq hüququn fundamental normalarının pozulması kimi qiymətləndirilməlidir. İş üzrə mübahisəli mənzil 2014-cü il tarixdə alındığından və iddiaçılar həmin tarixdə orada yaşamağa başladığından yəni tərəflər arasında münasibətlər 2009-cu il #######ın #-dən sonra yarandığından bu münasibətlərə 2009-cu il tarixdə qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməli idi. Lakin məhkəmə qətnaməsindən göründüyü üzrə məhkəmə kobud pozuntuya yol verərək, iddiaçıların mübahisəli mənzilə hüququ olub-olmaması, onların mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi üçün yeni Mənzil Məcəlləsi deyil (2009-cu il tarixdə qüvvəyə minmiş) Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in ##.##.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, ##.##.2009-cu il tarixdə qüvvədə düşmüşdür) tətbiq edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Kamran Əkbərov) iddiaçı Təranə İmanova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı Lalə İmanıyeva tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ## #### 2025-ci tarixli qətnaməsi ilkin iddia üzrə Lalə İmanıyevanın iddiasının rədd olunduğu və qarşılıqlı iddianın Lalə İmanıyevaya münasibətdə təmin olunduğu hissələrdə ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılaraq, ilkin iddia qismən təmin olunaraq Lalə İmanıyeva Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi (Yeni qaydalarla: AZ1042, ünvan 4) ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüş, qarşılıqlı iddia Lalə İmanıyevanın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi (Yeni qaydalarla: AZ1042, ünvan 4) ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarının itirilmiş hesab olunması hissəsində rədd edilmiş, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə təsdiqini tapır ki, Təranə İmanova mübahisə predmeti olan mənzil alındığı vaxt evli olmuşdur, digər ünvanlarda kommunal xidmətlər üzrə qeydiyyata alınmışdır, hətta nikahları pozulduqdan sonra belə keçmiş həyat yoldaşı İmanov İlqar Şahlar oğlu ## ###### 2023-cü il tarixdə ASAN Kommunal Mərkəzinə ərizə (iş materiallarının 169-cu vərəqəsi) ilə müraciət edərək “Azəriqaz” İB-də ona məxsus abonent kodunun Təranə İmanovanın adına dəyişdirilməsinə və onunla yenidən müqavilə bağlanmasına etiraz etmədiyini bildirmiş, bundan sonra həmin tarixdə sonuncu ilə müqavilə (iş materiallarının 163-166-cı vərəqələri) bağlanmışdır.
26. Həmçinin, “xxxx” ASC-nin ## ###### 2024-cü il tarixli məktubundan müəyyən olunur ki, cəmiyyətin elektron bazasında Təranə İmanovanın Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində ## #### 2010-cu il tarixdə *************** nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. (iş materiallarının 160-cı vərəqəsi)
27. Təranə İmanova tərəfindən həmin ünvanda yaşaması ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır, əksinə, cavabdeh tərəfindən təqdim olunmuş sübutlara əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ev alındıqdan sonra o, həmin ünvanda deyil, digər ünvanlarda yaşamışdır, yəni, sonuncunun həmin evə istifadə hüququ yaranmamışdır. Məhkəmə tərəfindən evin yerində müayinəsi aparılarkən də həmin evdə Təranə İmanovaya məxsus hər hansı bir əşyanın olması müəyyən edilməmişdir.
28. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə Təranə İmanovanın mülkiyyətində müxtəlif daşınmaz əmlakların o cümlədən fərdi yaşayış evlərinin olması ilə bağlı sübutlar da təqdim olunmuşdur.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Təranə İmanovanın müəyyən müddət ərzində həmin ünvanda yaşaması qəbul edilsə belə, istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində və ya icarəsində başqa yaşayış sahəsinin olması, yaxud ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə həmin hüququn itirilməsinə əsas verə bilər. Belə hallar qiymətləndirilərkən istifadə hüququ sahibinin mənzildə yaşamamasının onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəni özünün prosessual fəallığının nədən ibarət olması (aidiyyəti orqanlara müraciət edib-etməməsi və s.), etməmişsə bunun səbəbləri, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurması, həmin yerdə qaldığı müddətin uzunluğu və sair diqqətəlayiq hallar nəzərə alınmalıdır.
30. Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair ## #### 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
31. Buna görə də məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarına istinad olunmasa da, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı, mahiyyəti üzrə düzgün nəticəyə gəlindiyindən MPM-nin 385.2-ci maddəsinə əsasən Təranə İmanovanın apellyasiya şikayəti təmin olunmayaraq bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Digər iddiaçı Lalə İmanıyevaya münasibətdə isə yuxarıda qeyd olunan hallar mövcud deyildir. Qarşılıqlı iddia ərizəsi üzrə əsaslandırma bu cür aparılır ki, Lalə İmanıyeva isə rəsmi nikaha daxil olmuş, nikahı uğursuz olduqdan, yəni boşandıqdan sonra əşyalarını qoyacağı bir yer olmadığından əşyalarını saxlanc olaraq ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən ümumi sahəsi 61 kv.metr olan ** saylı fərdi yaşayış evində yerləşdirmişdir, hətta onun fərdi yaşayış evində olmamasından istifadə edərək onun razılığını almadan özbaşına şəkildə əşyaları ona məxsus evdə yerləşdirmiş və evin bir otağını bağlayaraq onun istifadəsini qadağan etmişdir.
33. Məhkəmə kollegiyası bu arqumentləri inandırıcı hesab etməmişdir. Mübahisə predmeti olan evin kollegiya tərəfindən yerində müayinəsi aparılarkən müəyyən olunmuşdur ki, Lalə İmanıyevaya məxsus əmlaklar evin bir otağına yerləşdirilmişdir, həmin əşyalar gündəlik istifadə üçün nəzərdə tutulan əşyalardır, hətta ona məxsus geyim əşyaları da həmin otaqdadır. Qeyd olunan hallar isə mülkiyyətçinin əşyaların saxlanc yeri kimi evin bir otağına yerləşdirilməsi barədə arqumentinin əsassız olması qənaətinə gəlməyə əsas verir. Yerində müayinə zamanı evin mübahisə predmeti olan otağının qapısı mülkiyyətçi tərəfindən açılmazdan əvvəl Lalə İmanıyeva tərəfindən ona məxsus əşyaların nədən ibarət olması, otağın hansı hissəsində yerləşməsi və digər məlumatlar qapı açıldıqdan sonra təsdiqini tapmışdır.
34. Qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına bu qənaətə gəlməyə imkan verir ki, digər iddiaçıdan fərqli olaraq Lalə İmanıyevaya münasibətdə istifadə hüququnun yaranması üçün zəruri olan 2-ci şərt mövcuddur, yəni, onun mülkiyyətçi ilə birlikdə yaşaması təsdiqini tapır və iş materiallarından daimi olan digər yaşayış yeri seçməsi, başqa ünvanda yaşamasını təsdiq edən hər hansı bir sübut mövcud deyildir.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.4-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, 30.5, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 5.2, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ####### 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
36. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Gülarə İmanıyeva (vəkil İsgəndərli Könül Teyyub qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi öz mövqeyində bildirmişdir ki, sözügedən mənzilə baxış keçirilmiş və məlum olmuşdur ki, Lalə İmanıyevaya məxsus gündəlik istifadə üçün nəzərdə tutulan əşyalar, hətta, geyim əşyaları sözügedən mənzildə yerləşir və bu hal Lalə İmanıyevanın həmin ünvanda yaşamasını sübut edir. ##.##.2025-ci il tarixində sözügedən ünvanda yerli baxış aparılmışdır. Aparılmış yerli baxış zamanı məlum olmuşdur ki, ünvan 5 ünvanındakı mənzildə yerləşən iddiaçı Lalə İmanıyevaya aid olan əşyalar iddiaçı tərəfindən istifadə olunmayan əşyalardır və iddiaçının xahişi ilə saxlanc kimi həmin mənzilə yerləşdirilmişdir. Həmçinin, baxış zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzildəki əşyaların çox hissəsi Gülarə İmanıyevaya məxsusdur. Baxış zamanı Lalə İmanıyevaya məxsus yalnız bəzi köhnə əşyalar müəyyən edilmişdir. Hətta, Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxış keçirilən zaman sözügedən ünvanda təsadüfən yaranmış mübahisə zəminində mübahisə edən qonşular iddiaçıları, o cümlədən, Lalə İmanıyevanı tanımadığını və burda yaşamadıqlarını və onları qonşu kimi tanımadıqlarını bildirmişlər. Yəni mənzil alındığı vaxtdan etibarən Lalə İmanıyeva həmin mənzildə 1 gün belə yaşamamış, cavabdeh Gülarə İmanıyeva ilə birgə təsərrüfat aparmamışlar. Eyni zamanda, birinci instansiya məhkəməsində dəvət olunmuş şahidlərin ifadəsindən görünür ki, Lalə İmanıyeva sözügedən mübahisəli mənzildə yaşamamışdır.
38. ünvan 5 ünvanında yerləşən mənzil Gülarə İmanıyevanın xüsusi mülkiyyətindədir. Lalə İmanıyeva və Təranə İmanova müəyyən bir ünvanda pasport qeydiyyatına alınmaması onların şəxsiyyət vəsiqələrinin etibarsız hesab olunmasına səbəb olacağı üçün və onlar övladları olduğu üçün, Gülarə İmanıyeva onları sözügedən ünvanda pasport qeydiyyatına almışdır. Lakin, hal-hazırda onların qeydiyyatı formal xarakter daşıyır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi mülki işi tam və düzgün araşdırılmadan qəbul edilmişdir. Belə ki, məhkəmə öz mövqeyində yalnız Təranə İmanova ilə bağlı irəli sürülmüş sübutlara nəzər salmış və o hissədə iddia tələblərini qəbul etmişdir. Lakin, Lalə İmanıyeva ilə bağlı irəli sürülmüş sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Həmçinin, tərəflərindən təqdim olunmuş çıxarışlardan məlum olmuşdur ki, Lalə İmanıyevanın mülkiyyətində fərdi yaşayış evi və torpaq sahəsi mövcuddur. Beləliklə, tərəflərindən təqdim edilmiş sübutlar bir daha sübut edir ki, Lalə İmanıyevanın mülkiyyətində fərdi yaşayış evi və torpaq sahələri var, yəni onun yaşamaq üçün ayrı yaşayış yeri vardır. Lakin, məhkəmə Lalə İmanıyevanın mülkiyyətində ayrıca əmlakın olmasını nəzərə almamışdır.
39. Lalə İmanıyeva məhkəmə iclasında bildirmişdir ki, guya ki o ailə həyatı qurduqdan sonra 2024-cü ilin may ayından etibarən həmin ünvandan çıxmışdır və həmin vaxtdan etibarən yaşamır. Guya 2024-cü ilin oktyabr ayında sözügedən ünvana geri köçmək istədikdə ona icazə verilməmişdir. Hesab etsək ki, Lalə İmanıyevanın etirafı düzdür, bu halda belə istifadə hüququ itirilmiş hesab olunur. Çünki, sözügedən iş ilə bağlı münasibətlərə köhnə Mənzil Məcəlləsinin normaları tətbiq olunur və köhnə mənzil məcəlləsinə əsasən, ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Məhkəmə tərəflərindən təqdim olunmuş sübutları görməzdən gələrək Lalə İmanıyevanın istifadə hüququnu tanımaq istəsə belə, nəzərə almalı idi ki, artıq 6 aydan çoxdur ki, Lalə İmanıyeva həmin ünvanda yaşamamış və onun istifadə hüququ itirilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi bunu belə nəzərə almadan qərar qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
40. Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
41. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
42. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
45. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
46. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
47. Maddə 203.2. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir.
48. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
49. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
50. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
51. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
52. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
53. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
54. Maddə 30.1. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
55. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
56. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
57. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
58. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (2009-cu ilədək qüvvədə olan).
59. Maddə 123. Yаşаyış evi mülkiyyətçisinin özünə məxsus olаn evə köçürdüyü аilə üzvləri onlаrın köçməsi zаmаnı bаşqа qeyd-şərt göstərilməmişsə, evdə yаşаyış sаhəsindən onunlа bərаbər istifаdə etmək ixtiyаrınа mаlikdirlər. “A.M.Cavidanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının # ###### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli Qərarı.
60. ...Bu normaların düzgün tətbiq edilməsi üçün nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin mənasına görə mülkiyyətçi qeyd-şərt göstərmədən ailə üzvlərini özünə məxsus evə köçürdükdə, onlar bu evdən (onun yaşayış sahəsindən) istifadə etmək hüququna malik olurlar. Lakin ailə üzvlərinə bərabər tutulan şəxs bu hüququ o halda əldə edə bilər ki, evə mülkiyyətçinin hətta şifahi razılığı ilə köçürülsün və bundan sonra onunla ümumi təsərrüfat aparmış olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
69. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
70. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
72. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Gülarə İmanıyeva tərəfindən ilk iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırkı qərarın 25-34-cü paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır.
76. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
77. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
78. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
79. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
80. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
81. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
83. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.